Məhkəmə qərarları › İş №1(054)-40/2025

Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-40/2025

16.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-40/2025 16.09.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Cəbrayıl oğlu və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs hüquqi varisi X3, Müdafiəçi iştirakı ilə, xx.xx.1987-ci ildə Oğuz rayonu, Ərmənət kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Oğuz rayonu, Ərmənət kəndində qeydiyyatda olmaqla yaşamış və xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai araşdırma orqanın mövqeyinə əsasən Təqsirləndirilən şəxs alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda olarkən avtomobil nəqliyyat vasitəsini idarə edib, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla, ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlığına az ağır və ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, xx.xx.2024-ci il tarixdə saat 15:30 radələrində sərxoş vəziyyətdə idarə etdiyi, “VAZ-21074” markalı, ** BT *** dövlət qeydiyyat nömrəli minik avtomobili ilə Oğuz şəhərindən Oğuz rayonu, Bayan kəndi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, üfiqi nişanlama xəttini (hərəkət istiqamətlərini ayıran ağ bütöv üfiqi nişanlama xətti) kəsib keçmək qadağan olduğu olduğu halda, bunlara əməl etməmiş və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, ehtiyatsızlıqdan idarə etdiyi avtomobili üfiqi nişanlama xəttini kəsib keçərək, həmin vaxt yolun əks istiqamətdə hərəkət edən Zərərçəkmiş şəxs1 Cəbrayıl oğlunun idarə etdiyi “Mercedes Benz 190” markalı, ** UV *** dövlət qeydiyyat nömrəli avtomobillə sonuncunun hərəkət yolunda qarşı-qarşıya toqquşmuş, nəticədə özü daxili qanaxma, ağ ciyərlərin cırılması, qabırğaların çoxsaylı sınıqları, bağırsaqların müsariqəsinə qansızma, travmatik və kəsgin qan itirmədən sonrakı şok, sağ said sümüklərinin qapalı yerini dəyişən qəlpəli sınığı, sol ayağın İ daraq sümüyünün açıq yerini dəyişən sınığı, sol ayağın İ daraq sümüyü nahiyəsinin əzilmişcırılmış yarası, başın sağ gicgah nahiyəsinin, alt çənənin ön sağ tərəfinin, sağ çiyinin ön yuxarı səthinin, döş qəfəsinin ön sol tərəfinin, sağ budun içəri səthinin, sol budun bayır yuxarı oynağa yaxın hissəsinin, sağ dizin ön və iç səthinin, sol dizin ön səthinin, sol baldırın ön orta 1/3-nin və sağ əlin üst səthinin sıyrıqları kimi dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətərinə aid bədən xəsarətləri almış, daxili orqanların zədələnməsi nəticəsində baş verən daxili qanaxmadan şok nəticəsində Şəki rayon Mərkəzi Xəstəxanasında ölmüş, onun ehtiyyatsızlığı nəticəsində “Mercedes Benz 190” markalı, ** UV *** dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 Cəbrayıl oğlunun - qara ciyərin cırılması, daxili qanaxma, sağ bud sümüyünün orta 1/3-nin açıq yerdəyişən sınığı və sağ budun bayır orta 1/3-nin əzilmiş-cırılmış yarası kimi sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aid, sonuncunun idarə etdiyi avtomobildə olan sərnişinlər – Zərərçəkmiş şəxs2 - sağ qamış sümüyünün yuxarı 1/3-nin qapalı yerini dəyişən sınığı, döş sümüyünün və döş qəfəsinin soldan qabırğaların çoxsaylı sınığı kimi sağlamlığa az ağır zərər vurmanın əlamətlərinə aid, X5 sol baldırın ön orta 1/3-nin, sol gözün bayır bucağı nahiyəsinin və sağ əlin İİ barmağının əsas falanqasının üst səthinin əzilmiş-cırılmış yarası kimi sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə aid və X1 çiyinin ön səthinin sıyrığı və üst dodağın ön səthinin əzilmiş səthi yarası kimi sağlamlığa zərər vurmayan bədən xəsarətləri almalarına səbəb olmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə öldüyündən, arvadı X9 xx.xx.2024-cü il tarixdə Oğuz rayon X10 Bölməsinə ünvanladığı ərizəyə əsasən ərinin hüquqi varisi qismində tanınmasını xahiş etmişdir. O, müstəntiqin xx.xx.2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxsin hüquqi varisi kimi tanınmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin hüquqi varisi X9 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. O, xx.xx.2024-cü il tarixdə günorta saatlarında ərinə zəng etmiş, lakin onun telefonuna zəng çatmamışdır. Sonradan isə ərinin qəza keçirməsi barədə ona məlumat vermişlər. Onun ərinin avtomobilində videoregistrator olduğu halda polis əməkdşları həmin qurğunu hadisə yerində tapa bilməmişlər. Həmin qurğu olarsa hadisəyə daha düzgün qiymət verilə bilər. Hazırda cinayət işinə xitam verilməsini istəmir. Hesab edir ki, mərhum əri Təqsirləndirilən şəxs cinayətin törədilməsində heç bir təqsiri yoxdur. Odur ki, məhkəmədən ifadəsində göstərilən halları nəzərə alaraq təqsirləndirilən şəxsə bəraət verilməsini xahiş edir. Belə ki, Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Cəbrayıl oğlu ifadəsində göstərdi ki, Oğuz rayonu, Top kəndində arvadı Zərərçəkmiş şəxs2 və iki azyaşlı övladı ilə birlikdə yaşayır və fərdi əmək fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. “Mercedes Benz 190” markalı, ** UV *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. 08 sentyabr 2024-cü il tarixdə saat 15:30 radələrində qeyd etdiyi avtomobillə yaşadıqları Top kəndindən Oğuz şəhərinə, azyaşlı uşaqlarına məktəbli paltarı almağa gedirmişlər. Nazxanım qabaq sağ oturacaqda, uşaqlar isə arxa oturacaqda əyləşmişlər. O, rayonun Bayan kəndindən Oğuz şəhəri istiqamətində təxminən 60 km/saat sürətlə hərəkət edərkən, anidən Oğuz şəhəri istiqamətindən ona əks istiqamətdə yolun döngəli hissəsindən ağ rəngli VAZ 21074 markalı avtomobilin çıxıb onun hərəkət yolu ilə üzərinə gəldiyini görmüşdür. Həmin avtomobil bir-iki dəfə sağa-sola oynayaraq onun hərəkət yolundan çıxmamış və yolun həmin hissəsində qabaq sol tərəfi ilə onun avtomobilinin qabaq sağ hissəsi toqquşmuşdur. Əks istiqamətdə hərəkət edən və onunla toqquşan VAZ 21074 markalı avtomobil hadisədən əvvəl ötmə əməliyyatı etməmiş, onun hərəkət yolunda heç bir maneə olmamış, buna baxmayaraq həmin avtomobil yolun onun hərəkətinə aid hissəsi ilə gəlmişdir. Həmin avtomobilin hadisədən əvvəl hərəkət sürətinin nə qədər olmasını dəqiq bilməmiş, lakin həmin avtomobil yüksək sürətlə idarə olunmuş və onu görən kimi tormozlama etməyə çalışsa da, ani müddət sonra avtomobillər toqquşmuş və hadisənin qarşısını almaq üçün heç bir hərəkət edə bilməmişdir. Hadisədən sonra özünə gələndə camaatın onlara kömək etməyə çalışdıqlarını görmüşdür. Onların arasında həmkəndlisi Elman Umarovun, qonşu kəndlər olan Zərrab kəndində yaşayan Ziyadxan, Yenikənd kəndində yaşayan Əjdər və Yaqublu kəndində yaşayan İsgəndər adlı şəxslərin olduğunu görmüşdür. Hadisədən əvvəl isə onun arxasınca Kərimli kənd sakini Tağı adlı şəxsin idarə etdiyi ağ rəngli, “Mercedes Benz” markalı avtomobili gəlirmiş. Həmin şəxs də onlara kömək etməyə çalışan şəxslərin arasında olmuşdur. Orada olan digər şəxsləri isə tanımamışdır. Bundan sonra təcili yardım avtomobili gəlib onları xəstəxanaya aparmış və orada onlara tibbi yardım göstərilmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 mahiyyət etibarı ilə Zərərçəkmiş şəxs1 Cəbrayıl oğlu ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdi və əlavə olaraq bildirdi ki, hadisə vaxtı o, əri Turana məxsus avtomobilin qabaq sağ oturacağında oturmuşdur. Bu zaman avtomobillərinin əks istiqamətdə hərəkət edən avtomobillə toqquşduğunu görmüş, qışqırmış və qorxudan özünü itirmişdir. O özünə gələn zaman isə digər insanların onlarını ətrafında olduğunu görmüş və “kəməri kəsin” kimi ifadələr eşitmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 08 sentyabr 2024-cü il tarixdə saat 15:30 radələrində özünə məxsus, etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz” markalı, ** DK *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Oğuz rayon Kərimli kəndindən Oğuz şəhərinə gəlirmiş. Avtomobildə həyat yoldaşı Sona Məmmədova olmuş və o avtomobilin qabaq sağ oturacağında əyləşmişdir. O, Bayan kəndində olan dairədən Oğuz şəhərinə tərəf döndükdən sonra “Mercedes Benz 190” markalı, ** UV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun qarşısında hərəkət etmişdir, həmin avtomobilin arxası ilə hadisə yerinə qədər təxminən 2-3 kilometr məsafə getmişdir və onların arasında təxminən 50-60 məsafə olmuşdur. Həmin vaxt o, avtomobili 60 km/saat sürətlə idarə etmiş, qarşısında hərəkət edən “Mercedes Benz 190” markalı, ** UV *** dövlət qeydiyyat nişanlı avtomobil də həmin sürətlə hərəkət etmişdir. “VAZ 21074” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yolun əks hərəkət hissəsi ilə, yəni onun və “Mercedes Benz 190” markalı avtomobilin hərəkət yolu ilə gəlmişdir və o yolun tamamilə onların hərəkət hissəsində qabaq sol tərəfi ilə “Mercedes Benz 190” markalı avtomobilin qabaq sağ hissəsinə çırpılmışdır. “VAZ 21074” markalı avtomobil yüksək sürətlə gəlmiş, lakin onun dəqiq olaraq hansı ürətlə hərəkət etməsini bilməmişdir. Hadisədən əvvəl yolda hərəkət edən və ya dayanmış vəziyyətdə heç bir nəqliyyat vasitəsi olmamış və hadisənin baş vermə anını onlardan başqa heç kim görməmiş, hadisə onun gözünün qarşısında olmuşdur. Hadisədən əvvəl “VAZ 21074” markalı avtomobilin qarşısına heç bir maneə çıxmamışdır. O, hadisəni görən kimi dərhal idarə etdiyi avtomobili saxlamışdır. Bir neçə saniyə sonra Oğuz şəhəri istiqamətində göy rəngli mikroavtobus da gəlib orada dayanmışdır. O, əvvəlcə “VAZ 21074” markalı nəqliyyat vasitəsinə yaxınlaşmış, həmin avtomobilin sürücüsü özündə olmamış və sükanın arxasında sıxılmış vəziyyətdə olmuş, nə qədər cəhd etsə də həmin avtomobilin qapısını aça bilməmişdir. Bundan sonra “Mercedes Benz” markalı avtomobilə yaxınlaşmışdır. Həmin avtomobilin əvvəlcə qabaq sağ, sonra isə arxa sağ qapılarını açmışdır. Avtomobilin arxa hissəsində bir oğlan və bir qız uşağı olmuşdur. Oğlan uşağının vəziyyəti yaxşı olmuş, qız uşağının isə ağzından qan gəlmiş və halsız vəziyyətdə olmuşdur. O, dərhal həmin uşağı avtomobildən çıxarmışdır. Qabaqda sağda oturan xanımı da avtomobildən çıxarmağa çalışmış, lakin kəməri aça bilmədiyinə görə onu çıxarda bilməmişdir. Sonradan oran gələn digər şəxlərdən kimsə kəməri bıçaqla kəsmişdir. O və yoldaşı isə “Mercedes Benz” markalı avtomobilin sürücüsündən icazə alıb onun qızını öz avtomobili ilə Oğuz rayon xəstəxanasına gətirmişdir. Onlar xəstəxanaya çatandan bir müddət sonra təcili yardım avtomobilləri xəsarət alan digər sürücüləri və sərnişinləri xəstəxanaya gətirmişlər, lakin onların vəziyyəti ağır olduğu üçün Şəki rayon xəstəxanasına yola salmışlar. Həmin vaxt təcili yardım maşınlarında yer olmadığı üçün xəstəxanaya gətirdiyi qız uşağını nənəsi və əmisi ilə birlikdə, onların xahişi ilə öz avtomobililə Şəki rayon xəstəxanasına aparmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olur və Oğuz şəhərindən Bayan kəndinə gedən marşurutla özünə məxsus Mercedes Benz markalı, 210D mikroavtobus modelli, Vaqon tipli, ** BB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə sərnişin daşıma həyata keçirir. 08 sentyabr 2024-cü il tarixdə saat 15:30 radələrində Oğuz şəhərindən çıxıb Bayan kəndinə gedərkən Oğuz şəhərinin çıxacaq hissəsində, əvvəllər “Çinar” adlanan restoranın qarşısında “VAZ 21074” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobillə “Mercedes Benz” markalı, ** DK *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı-qarşıya toqquşduğunu və yolun bağlı olduğunu görmüşdür. Vaz-21074 markalı avtomobil yolun sol hərəkət hissəsində, Mercedes Benz markalı avtomobil isə öz hərəkət hissəsində, sol təkərləri yolun hərəkət hissəsini ayıran xəttin üzərində dayanmış vəziyyətdə olmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsini görməmişdir. Hadisəni kənar şəxslərdən kimlərin görməsini bilmir, həmin vaxt idarə etdiyi mikroavtobusda 7-8 nəfər sərnişin olmuş, lakin onları tanımır. Hadisə yerinə çatanda artıq orada bir neçə avtomobil dayanmışdır, onların arasında da tanıdığı heç kim olmamışdır. O, Oğuz şəhərində avtovağzalın qarşısındakı işıqforda dayanarkən orada bir VAZ 21074 markalı avtomobil yanından sürətlə keçmişdir. Lakin həmin avtomobilin qəza törədən ** BT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi olub-olmadığını bilmir. Həmin yerdən də hadisə yerinə təxminən 1 kilometr məsafə var və hadisə baş verən yerə çatana kimi də onu başqa VAZ 21074 markalı avtomobil ötməmişdir. Həmin vaxt orada bir nəçə başqa avtomobil də dayanmışdı və onlar da qəza edən avtomobillərdə olan şəxslərə kömək göstərməyə çalışmışdır. O və idarə etdiyi mikroavtobusda olan digər şəxslər də onlara kömək etmişdir. Qəza edən Mercedes Benz markalı avtomobildə olan bir uşaq həmin vaxt orada olan “Mercedes Benz” markalı, ** DK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs tərəfindən xəstəxanaya aparılmışdır. Bir qədər sonra həmin yerə polis əməkdaşları və təcili yardım avtomobilləri gəlmişdir. Qəza edən avtomobillərin sürücüləri və sərnişinlər təcili yardım avtomobilləri ilə aparılmış, polis əməkdaşları isə yolu açaraq hərəkəti təmin etmişlər. Bundan sonra o Bayan kəndinə getmişdir. Oğuz şəhərinə geri qayıdarkən də hadisə yerinin müayinəsi davam etdiyini görmüşdür. Bu hadisə barədə bildiklərim bundan ibarətdir. Şahid X4 üzürlü səbəbdən məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə göndərdiyi teleqramda ibtidai istintaqda verdiyi ifadəsini təsdiqlədiyini bildirmişdir. Onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. İbtidai istintaqda X4 ifadəsində göstərmişdir ki, 08 sentyabr 2024-cü il tarixdə saat 15:30 radələrində idarə etdiyi özünə məxsus “Chevrolet Cruz” markalı, ** XH *** dövlət qeydiyyat nişanlı avtomobillə rayonun Bayan kəndindən Oğuz şəhərinə gələrkən əvvəllər “Çinar” adlanan restoranın qarşısında yol-nəqliyyat hadisəsinin baş verdiyini, Vaz 21074 markalı avtomobillə Mercedes Benz markalı avtomobilin toqquşduğunun və yolu bağlı olduğunun şahidi olmuşdur. Həmin vaxt orada başqa bir neçə avtomobil də qəza baş verdiyini görüb dayanmışdı. O da dayanıb qəza edən avtomobillərə yaxınlaşanda hər iki avtomobildə olan şəxslərin xəsarət aldıqlarının, onların içərisidə azyaşlı uşaqların da olmasının və ora toplaşan insanların avtomobildə olan şəxslərə kömək etməyə, onları avtomobillərdən çıxarmağa çalışdıqlarının şahidi olmuş, dərhal baş vermiş hadisə barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat vermişdir. Baş vermiş yol nəqliyyat hadisəsini görməmiş, həmin yerə çatanda artıq avtomobillər toqquşmuş vəziyyətdə olmuş və “Mercedes Benz” markalı avtomobil Oğuz şəhəri istiqamətində, Vaz- 21074 markalı avtomobil isə əks istiqamətdə, yəni Bayan kəndi istiqamətində, yolun “Mercedes Benz” markalı avtomobilin hərəkət hissəsində qarşı-qarşıya dayanmış vəziyyətdə olmuşdur. Hadisənin baş vermə anını kimlərinsə görməsini bilməmiş, həmin yerə çatanda orada bir çox nəqliyyat vasitəsi, həmçinin Oğuz şəhəri ilə Bayan kəndi arasında marşurut xətti ilə hərəkət edən göy rəngli mikroavtobus olmuş, hadisə yerində olan şəxslər arasında tanıdığı heç kim olmamışdır. VAZ 21074 markalı avtomobilin sürücü Təqsirləndirilən şəxs və Mercedes Benz markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 Cəbrayıl oğlunu əvvəlcədən tanımamış və onlarla heç bir münasibəti olmamışdır. Şahid2 yataq xəstəsi olduğu üçün məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə verdiyi şifahi məlumatla ibtidai istintaqda verdiyi ifadəsini təsdiqlədiyini bildirmişdir. Onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. İbtidai istintaqda Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 Cəbrayıl oğlunu qonşu kənd olan Top kəndində yaşadığı üçün tanıyır. Təqsirləndirilən şəxs isə ümumiyyətlə tanımır. 08 sentyabr 2024-cü il tarixdə sinif yoldaşları, Zərrab kənd sakini Ziyadxan Vəliyev, Yaqublu kənd sakini Ayaz Heydərov, Top kənd sakinləri Allahverdi Allahverdiyev və Elman Umarovla birlikdə Oğuz şəhərinə yeyib-içməyə gəlmişlər. Onlar həmin gün saat 15:30 radələrində özünə məxsus Mercedes Benz C 180 markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadıqları kəndə qayıtmışlar və avtomobili özü idarə etmişdir. Oğuz şəhərini çıxdıqdan sonra “qoşa yolun” qurtaracağında, “Soyuq bulaq” adlanan restoranın qarşısında ağ rəngli, VAZ-2107 markalı avtomobil yüksək sürətlə onun yanından ötmüş və yolun döngəli hissəsində gözdən itmişdir. Həmin vaxt öz avtomobilini təxminən 70-80 km/saat sürətlə idarə etmişdir. VAZ-2107 markalı avtomobilin dəqiq olaraq hansı sürətlə getməsini bilmir. Həmin avtomobil onu ötdükdən və təxminən 300 metr məsafə qət etdikdən sonra əvvəllər “Çinar” adlanan restoranın qarşısında toz-duman olduğunu görmüş və dərhal avtomobili saxlamışdır. O, baş vermiş yol nəqliyyat hadisəsini görməmiş, həmin yerə çatanda artıq avtomobillər toqquşmuş vəziyyətdə olmuşdur. Hadisə yerində görmüşdür ki, Vaz 21074 markalı avtomobil Oğuz şəhərindən Bayan kəndi istiqamətində, Mercedes Benz markalı avtomobil isə Oğuz şəhəri istiqamətində qarşıqarşıya toqquşublar. Vaz-21074 markalı avtomobil yolun sol hərəkət hissəsində, Mercedes Benz markalı avtomobil isə öz hərəkət hissəsində, sol təkərləri yolun hərəkət hissəsini ayıran xəttin üzərindədir. Hadisəni kənar şəxslərdən kimlərin görməsini bilmir, həmin yerə çatanda artıq orada bir nəfər cavan oğlan olmuş, avtomobildə olan şəxslərə kömək etməyə çalışmışdır. Lakin həmin şəxsin kim olduğunu bilmir. Həmin şəxsdən sonra hadisə yerinə o çatmış, ondan sonra isə Oğuz şəhərindən Bayan kəndinə gedən mikroavtobus gəlmişdir. Sonradan isə yoldan keçən bütün maşınlar yol bağlı olduğu üçün orada dayanmışdır. O, avtomobilini saxladıqda Bayan kəndinə gedən mikroavtobus da gəlib orada dayanmışdır. Onlar və hadisə yerinə gələn digər şəxslər Turana, onun həyat yoldaşına və uşaqlarına kömək edib avtomobildən çıxarmışlar. Həmçinin VAZ-2107 markalı avtomobilin sürücüsü də sükan arxasından çıxarılmış, onun huşu özündə olmamış, ağzından qan gəlmişdir. Daha sonra ora polis əməkdaşları və təcili yardım avtomobili gəlmiş, xəsarət alan şəxslər xəstəxanaya aparılmışdır. İş materiallarına əlavə edilmiş “baxış aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən, yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 15:45-dən 16:35-dək Oğuz şəhərindən Bayan kəndinə gedən avtomobil yolunda baş vermiş yol nəqliyyat hadisəsinin sxemi çəkilmiş, hadisənin baş vermə şəraiti, vaxtı və yeri barədə müvafiq sənədlər tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 244A nömrəli tibbi müayinə protokolundan müəyyən edilir ki, “Mercedes Benz 190” markalı, ** UV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 Cəbrayıl oğlu xx.xx.2024-cü il tarixdə tibbi müayinədən keçirilərkən onun ayıq olduğu, alkoqol qəbul etmədiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 Cəbrayıl oğlu xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinin baş vermə şəraitini əyani şəkildə izah etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixdə verilmiş BD709897 nömrəli sürücülük vəsiqəsinin surətindən müəyyən edilir ki, “Mercedes Benz 190” markalı, ** UV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 Cəbrayıl oğlunun adına etibarlılıq müddəti xx.xx.2032-ci il tarixədək müəyyən edilmiş sürücülük vəsiqəsi verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 Cəbrayıl oğlunun idarə etdiyi “Mercedes Benz 190” markalı, ** UV *** dövlət qeydiyyat nişanlı avtomobil onun özünə məxsusdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 05 nömrəli rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun meyitində daxili qanaxma, ağ ciyərlərin cırılması, qabırğaların çoxsaylı sınıqları, bağırsaqların müsariqəsinə qansızma, travmatik və kəsgin qan itirmədən sonrakı şok, sağ said sümüklərinin qapalı yerini dəyişən qəlpəli sınığı, sol ayağın İ daraq sümüyünün açıq yerini dəyişən sınığı, sol ayağının İ daraq sümüyü nahiyyəsinin əzilmiş-cırılmış yarası, başın sağ gicgah nahiyyəsinin, alt çənənin ön sağ tərəfinin, sağ çiyinin ön yuxarı səthinin, döş qəfəsinin ön sol tərəfinin, sağ budun içəri səthinin, sol budun bayır yuxarı oynağa yaxın hissəsinin, sağ dizin ön və iç səthinin, sol dizin ön səthinin, sol baldırın ön 1/3-nin və sağ əlin üst səthinin sıyrıqları kimi xəsarəti vardır. Həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni 08 sentyabr 2024-cü ildə törənə bilər. Dərəcəsinə görə həmin xəsarətlər canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir. Təqsirləndirilən şəxs meyiti üzərində olan xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni 08 noyabr 2024-cü ildə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində VAZ- 21074 markalı minik avtomobilinin sükanı arxasında olan sürücüdə törənə bilərlər. Təqsirləndirilən şəxs bədəni üzərində qeyd olunan xəsarətlərin hamısı həyati olub onun ölümündən əvvəl törənmişlər və onun meyiti üzərində həyati olmayan xəsarət(lər) aşkar edilmədi. Təqsirləndirilən şəxs ölümünə səbəb daxili orqanların zədələnməsi nəticəsində baş verən daxili qanaxmadan sonrakı şok olmuşdur və hadisə vaxtı aldığı xəsarətlərlə ölümü arasında birbaşa səbəbli əlaqə vardır. Ölümü aldığı ağır bədən xəsarətlərindən bir qədər sonra baş vermişdir. Təqsirləndirilən şəxs meyitindən götürülmüş qanda məhkəmə tibbi kimya tədqiqatları nəticəsində etil spirti aşkar edilmişdir. Aşkar edilən etil spirtinin qatılığı canlı şəxslərdə yüngül dərəcəli sərxoşluq törəməsi kimi qiymətləndirilir. Narkotik, psixotrop və güclü təsir edici maddələr aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 113 nömrəli rəyi ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 Cəbrayıl oğlunun məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində qara ciyərin cırılması, daxili qanaxma, sağ bud sümüyünün ora 1/3-nin açıq yerdəyişən sınığı və sağ budun bayır orta 1/3-nin əzilmiş-cırılmış yarası küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni 08 sentyabr 2024-cü ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilər. Həmin xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 114 nömrəli rəyi ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində sağ qamış sümüyünün yuxarı 1/3-nin qapalı yerini dəyişən sınığı, döş sümüyünün və döş qəfəsinin soldan qabırğaların çoxsaylı sınığı küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni 08 sentyabr 2024-cü ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilər. Həmin xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmanın əlamətlərinə aiddir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 115 nömrəli rəyi ilə müəyyən edilir ki, X5 məhkəmətibbi ekspertizası zamanı onun bədəni üzərində sol baldırın ön orta 1/3-nin, sol gözün bayır bucağı nahiyyəsinin və sağ əlin İİ barmağının əsas falanqasının üst səthinin əzilmişcırılmış yarası küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni 08 sentyabr 2024-cü ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilər. Həmin xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə aiddir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 116 nömrəli rəyi ilə müəyyən edilir ki, X6 məhkəmətibbi ekspertizası zamanı onun bədəni üzərində sağ çiyinin ön səthinin sıyrığı və üst dodağın ön səthinin əzilmiş səthi yarası küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni 08 sentyabr 2024-cü ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilər. Həmin xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətlərinə aiddir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli 8/3084 nömrəli rəyindən müəyyən edilir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, Mercedes Benz 190 markalı ** UV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 Cəbrayıl oğlunun hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, VAZ 21074 markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat təşkil edir. İş materiallarına əlavə edilmiş cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2022ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə əməl həmin Məcəllənin 263-1.2-ci maddəsinə tövsif edilməklə ibtidai istintaqı davam etdirilmişdir. İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X9 ölmüş Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanınmışdır. İş materiallarına əlavə edilmiş cinayət təqibinə xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraata xitam verilmişdir. İş materiallarına əlavə edilmiş cinayət təqibinə xitam verilməsi haqqında qərarların ləğv edilməsi və icraatın təzələnməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi haqqında Oğuz RPŞ-nin istintaq bölməsinin müstəntiqi, polis mayoru X2 xx.xx.2025-ci il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında xx.xx.2025ci il tarixli qərardan görünür ki, VAZ 21074 markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin arxa yük yerinin qapısında video qeydiyyat kamerasının olması, həmin kameradan naqilin avtomobilin damı ilə qabaq alın şüşəsinə qədər gəlməsi və çölə sallanması müəyyən edilsə də, avtomobilin qabaq alın şüşəsi tamamilə sındığından videoregistratorun yerində olmadığı müəyyən edilmişdir. Həmçinin avtomobilin salonunda, salonda olan saxlanc və arxa yük yerlərində saz və ya sınmış vəziyyətdə videoregistratorun olması aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından müəyyən edilir ki, “VAZ-21074” markalı , ** BT *** dövlət qeydiyyat nömrəli minik avtomobili və “ Mercedes Benz 190” markalı, ** UV *** dövlət qeydiyyat nömrəli minik avtomobili maddi sübut kimi tanınmışdır. İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının 263.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Görünür ki, o məhkum olunmuş və məhkumluq ödənilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması şahid ifadələri, ekspert rəyi və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs hüquqi varisi X3 ifadəsində göstərdiyi xüsusata, yəni onun ərinin avtomobilində videoregistrator olduğu halda polis əməkdaşları həmin qurğunu hadisə yerində tapa bilməməsini, həmin qurğu olarsa hadisəyə daha düzgün qiymət verilə bilər məsələsinə tənqidi yanaşır. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər sübutlarla tam təkzib edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, avtomobilə baxış keçirilmiş, qeyd olunan avtomobildə əvvəllər quraşdırılmış videoregistratorun olması müəyyən edilmiş, lakin avtomobilin qabaq alın şüşəsi tamamilə sındığından videoregistratorun yerində olmadığı müəyyən edilmiş, həmçinin avtomobilin salonunda, salonda olan saxlanc və arxa yük yerlərində videoregistrator aşkar olunmamışdır. Hazırki vəziyyətdə isə işdə olan digər sübutlarla cinayət əməlinin mərhum Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam şəkildə təsdiq olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə ölmüş təqsirləndirilən şəxs barəsində ittiham hökmünün çıxarılması ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxsin hüquqi varisi X9 cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsinə razılıq verməmişdir. Azərbaycan Respublikası CPM–in 39.1.5–ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə), cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3–1–ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5–ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106–1.4–cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, ehtiyatsızlıqdan törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini onun barəsində cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–in BƏSİİ tərəfindən xx.xx.2025–ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinib cəzaya məhkum edilsə də, məhkumluq ödənilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs öldüyündən, onun barəsində ittiham hökmü çıxarılaraq, təqsirli bilinsə də, cəza təyini istisna edilməlidir. Belə ki, işdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası CPM–in 44.2.1–1–ci maddəsinə əsasən bu Məcəllənin 39.1.5–ci maddəsində nəzərdə tutulmuş halda – ölmüş təqsirləndirilən (şübhəli) şəxsə və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsə cəza təyin etməməklə məhkəmə ittiham hökmü çıxarır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və CPM-in 44.2.1-1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyünə görə ona cəza təyin edilməməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub– olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə şəxsin cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.1–ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak yoxdur. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs vəfat etdiyindən onun barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələyə qiymət verilməsinə zərurət yoxdur. İş üzrə ekspertiza xərci olan 128 (yüz iyirmi səkkiz) manat hökm qanuni qüvvəyə mindikdən sonra dövlət büdcəsindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut – Oğuz rayon Polis Şöbəsində saxlanılan “VAZ 21074” markalı ** BT *** qeydiyyat nişanlı minik avtomobili hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs hüquqi varisi X7 qaytarılmalıdır. İş üzrə maddi sübut - Oğuz rayon Polis Şöbəsində saxlanılan “MERCEDES BENZ 190” markalı ** UV *** dövlət qeydiyyat nişanlı minik avtomobili hökm qanuni qüvvəsini aldıqdan sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Cəbrayıl oğluna qaytarılmalıdır. İş üzrə mülki iddia və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və CPM-in 44.2.1-1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyünə görə ona cəza təyin edilməsin. İş üzrə 128,00 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra dövlət büdcəsindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə maddi sübut – Oğuz rayon Polis Şöbəsində saxlanılan “VAZ-21074” markalı ** BT *** dövlət qeydiyyat nişanlı minik avtomobili hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs hüquqi varisi X7 qaytarılsın. İş üzrə maddi sübut - Oğuz rayon Polis Şöbəsində saxlanılan “MERCEDES BENZ 190” markalı ** UV *** dövlət qeydiyyat nişanlı minik avtomobili hökm qanuni qüvvəsini aldıqdan sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Cəbrayıl oğluna qaytarılsın. İş üzrə mülki iddia və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar