Məhkəmə qərarları › İş №1(054)-42/2025

Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-42/2025

01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-42/2025 01.07.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Rusiya Federasiyasının Sverdlovsk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali hərbi təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ona görə ki, o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 15 iyul 2020-ci il tarixdən başlayaraq 24 yanvar 2007-ci il tarixdə anadan olmuş X3, 17 avqust 2009-cu il tarixdə anadan olmuş X2, 09 fevral 2011-ci il tarixdə anadan olmuş X4 və 23 fevral 2012-ci il tarixdə anadan olmuş X1 18 yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 100 (bir yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat məbləğində alimentin tutularaq Abdullayeva (Cəlilova) Aynurə Çingiz qızına verilməsinə dair Ağdaş Rayon Məhkəməsinin 2(014)-1174/2020 saylı 25 noyabr 2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə sonuncu dəfə Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(054)-24/2024 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə xx.xx.2024-cü il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 02 avqust 2024-cü il tarixədək şəxsi maraq niyyətilə 15470 (on beş min dörd yüz yetmiş) manat məbləğində aliment borcunu ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq və qəsdən icra etməməklə zərər çəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı dindirilmİŞ Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli hesab etdi və ifadə verərək bildirdi ki, həqiqətən o, Ağdaş rayon sakini Abdullayeva (Cəlilova) Aynurə Çingiz qızı ilə əvvəlcə rəsmi nikah olmadan evlənmiş, nikahlarını isə 17 aprel 2012-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 24 yanvar 2007-ci il tarixdə Hüseyn, 17 avqust 2009-cu il tarixdə Gülşən, 09 fevral 2011-ci il tarixdə Nazlı, 23 fevral 2012-ci il tarixdə isə Vaqif adlı övladları anadan olmuşdur. Ailə qurduqdan sonra uzun müddət səmimi ailə münasibətləri olsa da, sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Bir müddət ayrı yaşadıqdan sonra Aynurə nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Ağdaş Rayon Məhkəməsi aralarında bağlanmış nikahın pozulması, həmçinin ondan cavabdeh kimi 15 iyul 2020-ci il tarixdən başlayaraq 24 yanvar 2007-ci ildə anadan olmuş X3, 17 avqust 2009-cu ildə anadan olmuş X2, 09 fevral 2011-ci ildə anadan olmuş X4 və 23 fevral 2012-ci ildə anadan olmuş X1 18 yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 100 (bir yüz) manat olmaqla, cəmi 400(dörd yüz) manat məbləğində alimentin tutularaq Abdullayeva (Cəlilova) Aynurə Çingiz qızına verilməsinə dair 25 noyabr 2020-ci il tarixli qətnamə çıxarmışdır. Qətnamənin icrası icra məmurları tərəfindən dəfələrlə ondan tələb olunmuşdur. Həmçinin alimenti ödəmədiyinə görə dörd dəfə inzibati məsuliyyətə cəlb edilərək inzibati qaydada həbs edilmişdir. O, dülgərliklə məşğul olur və aylıq qazancı gördüyü işə uyğun olaraq dəyişir. Hazırda işi zəif olduğuna görə aylıq gəliri 400-500 manatdır. Qətnamə çıxdıqdan sonra yəni- 2020-ci ildən indiyədək Zərərçəkmiş şəxs(Cəlilova) təxminən 6000(altı min) manata yaxın aliment ödəyib. Maddi imkanı zəif olduğundan, həmçinin məsuliyyətsizlik edərək məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini tam olaraq ödəməmişdir. Qətnamə üzrə xx.xx.2024-cü il tarixə 15470,00 manat məbləğində aliment borcunun yarandığını bilir. Hazırda uşaqlardan biri yetkilnlik yaşına çatsa da o, 400,0 manat aliment öpdəyəcək. Alimentin 300,0 manatı uşaqlara görə 100,0 manatını isə əvvəlki borcundan ödəyəcək. Eyni zamanda bildirdi ki, Yanvardan hazırki tarixədək zərəçəkmişə 1000,0 manat ödəmişdir. Qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Təqsirləndirilən şəxs yuxarıda təsvir olunan cinayət əməli onun özünün səmimi etirafından əlavə işin məhkəmə iclasında tədqiq edilən halları ilə də aşağıdaki qaydada sübuta yetir. Belə ki, iş üzrə zərərçəkmiş şəxs Abdullayeva (Cəlilova) Aynurə Çingiz qızı iştirak etdiyi məhkəmə iclasında ifadə verərək bilmişdir ki, həqiqətən o, Oğuz rayon sakini Təqsirləndirilən şəxslə əvvəlcə rəsmi nikah olmadan evlənmiş, nikahlarını isə 17 aprel 2012-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə yaşayışdan 24 yanvar 2007-ci il tarixdə Hüseyn, 17 avqust 2009-cu il tarixdə Gülşən, 09 fevral 2011-ci il tarixdə Nazlı, 23 fevral 2012-ci il tarixdə isə Vaqif adlı övladları anadan olmuşdur. Ailə qurduqdan sonra uzun müddət səmimi ailə münasibətləri olsa da, sonradan Ruslanın təqsiri ucbatından münasibətləri pozulmuş və ayrılmaq məcburiyyətində qalmışdır. Faktiki olaraq ayrılıb bir müddət ayrı yaşasalar da, Ruslan həmin müddətdə uşaqlarla maraqlanmamış və onların saxlanılmasına köməklik göstərməmişdir. Həmçinin barışıb bir ailə kimi yaşamaqları da mümkünsüz olmuşdur. Odur ki, nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Ağdaş Rayon Məhkəməsi aralarında bağlanmış nikahın pozulması, həmçinin Təqsirləndirilən şəxs 15 iyul 2020-ci il tarixdən başlayaraq 24 yanvar 2007-ci ildə anadan olmuş X3, 17 avqust 2009-cu ildə anadan olmuş X2, 09 fevral 2011-ci ildə anadan olmuş X4 və 23 fevral 2012-ci ildə anadan olmuş X1 18 yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 100(bir yüz) manat olmaqla, cəmi 400(dörd yüz) manat alimentin tutularaq ona verilməsinə dair 25 noyabr 2020ci il tarixli qətnamə çıxarmışdır. Alimentin müəyyən edilməsindən dörd ilə yaxın müddətin keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs ötən müddətdə məhkəmə qətnaməsinə məhəl qoymamış və müəyyən edilmiş aliment məbləğini vaxtı-vaxtında ödəməmişdir. Halbuki, Ruslan Bakı şəhərində dülgərliklə məşğul olduğundan onun alimenti ödəməyə maddi imkanı vardır. Buna baxmayaraq o, qazancını spirtli içkilərə xərcləyir, alimenti isə ödəmir. Uşaqlar böyüdüyündən onların maddi tələbatı da xeyli artmışdır. Təkbaşına uşaqların zəruri xərclərini ödəməkdə çətinliklər çəkir. Maddi vəziyyətləri ağır olduğundan müəyyən edilmiş aliment məbləğinə ehtiyacı var. Alimenti ala bilmədiyinə görə dəfələrlə icra məmurlarına da müraciət etmişdir. İcra məmurları tərəfindən zəruri tədbirlər görülsə də, Ruslan yenə də alimenti ödəməkdən yayınmaqda davam edir, ümumiyyətlə uşaqlarla maraqlanmır. Bir neçə dəfə Ruslanla telefon əlaqəsi saxlayıb maddi çətinliklərini ona bildirərək ondan alimenti ödəməsini tələb etmiş, Ruslan isə hər dəfə alimenti ödəyəcəyinə vədlər versə də, bundan sonra da ödəniş etməmişdir. Hazırda Ruslan yığılmış borcundan 5000(beş min) manat nağd şəkildə və hər ay 500(beş yüz) manat pul ödəsə razılaşar. Əks halda Təqsirləndirilən şəxs şikayətçidir. O, uşaqların maddi təlabatının ödənilməsində çətinliklər çəkdiyini və maddi vəziyyətlərinin ağır olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs 02 avqust 2024-cü il tarixədək yaranmış aliment borcunun alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş edir. Hazırda Təqsirləndirilən şəxs borcu ödəmədiyinə görə ondan şikayətçidir. Bunu nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində qanuni qərar çıxarılmasını xahiş edir. Şahid2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, 09 dekabr 2020-ci il tarixli qərarla icraata başlanılmış Ağdaş Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli 2(014)-1174/2020 saylı qətnaməsi əsasında verilmiş icra sənədlərinə əsasən Təqsirləndirilən şəxs 15 iyul 2020-ci il tarixdən başlayaraq 24 yanvar 2007-ci ildə anadan olmuş X3, 17 avqust 2009-cu ildə anadan olmuş X2, 09 fevral 2011-ci ildə anadan olmuş X4 və 23 fevral 2012-ci ildə anadan olmuş X1 18 yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 400,00 manat aliment tutularaq Abdullayeva (Cəlilova) Aynurə Çingiz qızına verilməlidir. İcra sənədi icraata qəbul edilərək tələbin könüllü icrası barədə borcluya bildiriş verilmiş, lakin müəyyən edilmiş müddətdə tələbin icrası təmin edilmədiyindən məcburi icra tədbirlərinə başlanılmışdır. Borclunun adına tələbin yönəldə biləcək əmlak və gəlirlərinin olub-olmamasını müəyyən etmək məqsədilə müvafiq sorğular verilmiş, nəticədə hər hansı əmlak və ya gəlirləri aşkar edilməmişdir. Həmçinin icra müddətində görülmüş icra tədbirləri nəticəsində borclunun olduğu yeri müəyyən etmək mümkün olmadığından barəsində dəfələrlə axtarış elan edilmiş və borclu hər dəfə Oğuz RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Oğuz rayon İcra və Probasiya şöbəsinə gətirilmişdir. İcra şöbəsində icra sənədinin mahiyyəti borcluya izah olunmuş və müəyyən edilmiş aliment məbləğinin ödənilməsi ondan tələb edilmiş, həmçinin məsuliyyəti barədə xəbərdarlıqlar verilmişdir. Borclu izahatlarında Bakı şəhərində dülgərlik fəaliyyəti ilə məşğul olduğunu bildirsə də yaranmış aliment borcunu ödəməmişdir. Odur ki, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu barəsində inzibati protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib Oğuz Rayon Məhkəməsinin müvafiq qərarları ilə xx.xx.2021-ci il tarixdə 10 gün, xx.xx.2021-ci il tarixdə 20 gün, xx.xx.2023-cü il tarixdə isə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra da məcburi icra tədbirləri davam etdirilmiş, aliment borcunun ödənilməsi dəfələrlə borcludan tələb olunmuşdur. Həmçinin məsuliyyəti barədə rəsmi xəbərdarlıq verilmişdir. Lakin borclu alimenti ödəməkdən yayınmaqda davam etdiyindən və yenidən olduğu yeri müəyyən etmək mümkün olmadığından barəsində 24 may 2023-cü il tarixli qərarla axtarış elan edilmişdir. Borclu 13 fevral 2024-cü il tarixdə Oğuz RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Oğuz rayon İcra və Probasiya şöbəsinə gətirilmişdir. İcra şöbəsində aliment borcunun ödənilməsi bir daha borcludan tələb olunmuşdur. Borclu müəyyən edilmiş aliment məbləğini ödəməkdən yayındığı üçün barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Oğuz Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli 3(054)-24/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inziabti qaydada həbs edilmişdir. Sonuncu dəfə inzibati məsuliyyətə cəlb edildikdən sonra da qətnamənin icrası borcludan tələb edilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Eyni zamanda icra sənədinin icrası istiqamətində borclu ilə fərdi söhbətlər aparılmış, məsuliyyəti şəxsən diqqətinə çatdırılmışdır. Borclu hər dəfə alimentin ödənilməsi ilə bağlı müxtəlif vədlər versə də, bundan sonra da ödəniş etməmişdir. Məcburi icra tədbirləri çərçivəsində Elektron icra sistemindən edilmiş çıxarışdan Təqsirləndirilən şəxs vergi ödəyicisi kimi qeydiyyatda olduğu, onun Bakı şəhərində xarratlıq və dülgərlik işləri üzrə fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Lakin icra sənədinin icraya yönəldilməsindən uzun müddətin keçməsinə, işlədiyi və gəlirlərinin olmasına baxmayaraq Təqsirləndirilən şəxs barəsində görülmüş məcburi icra tədbirlərindən nəticə çıxarmamış və 02 avqust 2024-cü il tarixədək 15470,00 manat aliment borcunu ödəməməklə qətnamənin icrasından yayınmışdır. İcra müddətində tələbkar Abdullayeva (Cəlilova) Aynurə Çingiz qızı isə dəfələrlə İcra və Probasiya şöbəsinə müraciət edərək uşaqlara baxmaqda çətinliklər çəkdiyini və maddi vəziyyətinin olduqca ağır olduğunu bildirərək Təqsirləndirilən şəxs yaranmış aliment borcunun alınaraq ona verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması məqsədəmüvafiq hesab edildiyi üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müvafiq təqdimat göndərilmişdir. İş üzrə şahid qismində dindirilmiş Oğuz rayon İcra və Probasiya şöbəsinin rəisi Şahid1 şahid qismində dindirilmiş Oğuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 ifadəsinə uyğun ifadə verdi. İstintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 səhhəti ilə bağlı məhkəmə iclaslarında iştirak edə bilməmiş, məhkəmə iclasında onun ifadəsi elan edilmişdir. Cinayət işində olan və məhkəmə iclasında tədqiq edilən tələbin könüllü icrası haqqında xx.xx.2020-ci il tarixli bildirişin, ona əlavə edilmiş icraata başlamaq haqqında qərarın, xx.xx.2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, Təqsirləndirilən şəxs qətnamənin icrası barədə xəbərdarlıq edilmiş və məsuliyyət daşıdığı ona bildirilmişdir. (iş vər: 13;115) Cinayət işində olan və məhkəmə iclasında tədqiq edilən borclunun axtarışı haqqında xx.xx.2022-ci il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli qərarların surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmiş, qərarlar icra edilməsi üçün Oğuz rayon Polis şöbəsinə göndərilmişdir. (cinayət işi vər: 73, 93,186) Cinayət işinin materiallarına əlavə edilmiş Oğuz Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 2(014)- 1174/2020 saylı 25 noyabr 2020-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək xx.xx.2021-ci il tarixdə 10 gün, xx.xx.2021-ci il tarixdə 20 gün, xx.xx.2023-cü il və 13 fevral 2024-cü il tarixlərdə isə hər dəfə 10 gün müddətinə inzibati qayda həbs edilmişdir. (iş vər. 27-28, 51-52, 85-87, 109-111) Cinayət işində olan və məhkəmə iclasında tədqiq edilən tələbnaməyə Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Qazax Hərbi Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 342.2 və 347-ci maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Apellyasiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı ilə cəzası 02 ilə endirilmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarı ilə amnistiya haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2003-cü il tarixli qərarının 7.3-cü bəndinə əsasən cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuşdur. xx.xx.2004-cü ildə cəzanın sonu ilə azad olunmuş, məhkuluğu ödənilmişdir. (iş vər: 159). Cinayət işində olan və məhkəmə iclasında tədqiq edilən Oğuz rayon İHB Oğuz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-68-12/2-095/2024 saylı məktubdan və həmin tarixli xasiyyətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olsa da, hazırda Oğuz şəhəri ərazisində yaşamır, Oğuz şəhərində yaşadığı müddətdə onun barəsində nümayəndəliyə yazılı və şifahi şikayət daxil olmamışdır. (iş vər. 151-152) Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, sənədlər və iş üzrə araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və biri-digərini tamamlayan sübutlara obyektiv hüquqi qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirildiyindən əməli həmin maddə ilə düzgün tövsif olunmuş və ona həmin maddə ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. CM-nin cinayət qanununun ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının 13-cü bəndinə əsasən, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyətini göstərən konkret halların nəzərə alındığı göstərilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimaitəhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın səmərəliliyini, məqsədəuyğunluğunu və məhkumun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci (hazırki İXM-nə əsasən 528.1-ci) maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 2(014)-1174/2017 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə tələbi icra etmədiyi üçün icra məmuru tərəfindən onun barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək məhkəməyə təqdim edilmiş və Oğuz rayon Məhkəməsinin 3(054)-21/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə 10 gün, 3(054)-193/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə 20 gün, 3(054)-19/23 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə 10 gün və 3(054)-24/2024 saylı xx.xx.2024-cü tarixli qərarı ilə 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. (iş vər. 27,51,85,109) İş materiallarına əlavə olunmuş Oğuz rayon İcra Şöbəsinin (İcra şöb.rəisi Şahid1) xx.xx.2024-cü il tarixli bildirişinin surətindən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 1174/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə tələbin icrası məqsədi ilə Təqsirləndirilən şəxs “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 82-ci maddəsinə əsasən 10 gün müddətinə yeni icra müddəti təyin edilmişdir. Əks halda onun Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinə təqdimat veriləcəyi qeyd edilmişdir. Bildiriş Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə rəsmi olaraq qəbul edilmişdir.(iş vər. -115) Göründüyü kimi Ağdaş Rayon Məhkəməsinin 2(014)-1174/2020 saylı, 25.11. 2020-ci il tarixli icra sənədi üzrə tələbin icra edilməsi üçün təyin edilmiş yeni icra müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir. Təqsirləndirilən şəxs ona təyin edilmilş yeni icra müddəti ərzində icra sənədi üzrə tələbin icrasından qərəzli olaraq yayınaraq, aliment borcundan heç bir ödəniş etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən mövqeyindən çıxış edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən hazırki cinayət işi üzrə cinayət əməlinin törədilmə anı məhkəmə aktının icrası ilə bağlı qanunla müəyyən edilmiş müddət bitdiyi tarix, yəni xx.xx.2024-cü il tarixi hesab edilməlidir. Belə ki, təqsirləndirilən şəxs tərəfindən xx.xx.2024-cü il tarixdən etibarən icra sənədi yenidən qərəzli olaraq icra edilmədiyi müəyyən edilmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs Qazax Hərbi Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmünə əsasən AR CM-nin 347,342.2-ci maddələrinə əsasən təqsirli bilinərək, barəsində 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Apellyasiya Məhkəməsinin xx.xx.2002-ci tarixli qərarı ilə onun azadlıqdan məhrum etmə cəzası 02 ilə endirilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2003-cü il tarixli amnistiya qərarının 7.3-cü bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuşdur. xx.xx.2004-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən “Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.” Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinə əsasən iki il müddət keçdiyindən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən “Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Beləliklə, məhkəmə iş üzrə bütün halları qiymətləndirməklə hesab edir ki, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hallar, onun törətdiyi cinayət əməlinin xarakteri, dəymiş zərəri ödəməməsi, zərərçəkmiş şəxsin ondan şikayətçi olması nəzərə alınmaqla Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi həm cəzanın məqsədinin təmin edilməsi baxımından, həm də təqsirləndirilən şəxsin törətdiyi əmələ və şəxsiyyətinə uyğun olduğundan Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün (10-12 fevral 2025-ci il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu, faktiki azadlığı məhdudlaşdırıldığı vaxtdan- xx.xx.2025-ci il tarixdən tutulmadan azad olunduğu vaxtadək – xx.xx.2025-ci il tarixədək olan müddət 2 (iki) gün kimi nəzərə alınaraq həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 1(bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 11(ay) 28(iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan – xx.xx.2025-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut, mülki iddia tələbi, ekspertiza xərci və digər məhkəmə xərclərinin olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün keçdikdə qanuni qüvvəyə minir. Hakim : Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar