Məhkəmə qərarları › İş №1(054)-43/2025

Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-43/2025

14.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-43/2025 14.07.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Ağdərə rayonu Manikli kəndində anadan olmuş, təhsilsiz, fəhlə işləyən, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, beş azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş, Kəlbəcər rayonu Keşdək kəndində qeydiyyatda olmaqla, Oğuz rayonu Kərimli kəndində yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra–CM) 177.2.3-cü maddəsidə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxsin əmlakını gizli olaraq talayaraq oğurlamışdır. Belə ki, o, tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə Oğuz rayonu, Bayan kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus, əvvəllər kafe kimi istifadə olunmuş, hazırda sonuncunun anbar kimi istifadə etdiyi tikilidə arpa olmasını əvvəlcədən bilərək, həmin arpanı gizli yolla talamaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə cinayətdən xəbərsiz olan qonşusu Şahid3 razılığı ilə onun həyətindən at arabasını götürərək, həmin gün saat 21 radələrində Oğuz rayonu, Bayan kəndində yerləşən Zərərçəkmiş şəxs məxus anbar kimi istifadə etdiyi tikilinin yerləşdiyi həyətə daxil olaraq, orada yardımçı tikilidə olan Zərərçəkmiş şəxs məxus “Qarabağ” cinsli atı oğurluq cinayətini törətməkdə istifadə etmək məqsədi ilə götürərək, əvvəlcədən planlaşdırdığı kimi atı arabaya qoşduqdan sonra, həmin həyətdə olan əvvəllər kafe kimi istifadə olunmuş tikilinin pəncərəsinin şüşəsini sındırmaqla, tikilinin içərisinə qanunsuz olaraq daxil olub, orada 1 ton 46 kq arpanı şəxsən kisələrərə yığaraq, at arabasına yüklədikdən sonra həmin ərazidən uzaqlaşaraq gizli yolla talamış, Zərərçəkmiş şəxs 500 (beş yüz ) manat dəyərində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 5 övladı vardır. Azyaşlı övladı xərçəng xəstəliyindən əziyyət çəkir. Övladını müalicə etdirməyə imkanı çatmır. Övladının dərmanlarını almaq üçün anası Elmira qonşuları Bəkirə müraciət edərək onun oğlu Camaləddindən 100 (yüz) manat borc pul almışdır. Ancaq həmin pul uşağının dərmanlarını almağa çatmamışdır. Ona görə də Oğuz rayonu Bayan kəndində yerləşən kimə məxsus olduğunu bilmədiyi tikilidən oğurluq etmək qərarına gəlmişdir. Həmin tikili əvvəllər kafe kimi fəaliyyət göstərmişdir. Son vaxtlar kafe fəaliyyət göstərməmiş və anbar kimi istifadə olunduğundan məlumatı olmuşdur. Arpanı oğurlamamışdan öncə qonşuları Bəkirin yanına getmiş və arpa satdığını bildirmişdir. Belə ki, arpanın bazarda 40 (qırx) qəpik olduğunu, ona 30 (otuz) qəpiyə satacağını bildirmişdir. Həmin vaxt Bəkirə arpanı oğurlayacağını deməmişdir. xx.xx.2024-cü il tarixdə Bəkirə arpanı axşam gətirəcəyini bildirmişdir. Bundan sonra anasıgillə qonşuluqda yaşayan Zöhrabgilə getmiş və Zöhrabın arvadından at qoşqusunu (araba) götürmüşdür. Həmin gün saat 21 radələrində tikiliyə (kafeyə) gedərək, pəncərəni sındırmış, içəri daxil olduqdan sonra vedrə ilə arpanı kisələrə yığmağa başlamışdır. İlk öncə arpanın yarısını at arabasına yığmış və saat 23:45 radələrində Bəkirgilə gətirmişdir. Bəkiri nə qədər çağırsada səs verməmişdir. Ona görə də arpanı Bəkirin həyətinə boşaltmış və təkrar Oğuz rayonu, Bayan kəndində yerləşən tikiliyə getmişdir. O, ora çatdığı vaxt saata baxmadığı üçün saatı dəqiq xatırlamır. O, yenidən arpanı kisəyə yığaraq, at arabasına yükləmiş və yenidən Bəkirin yaşadığı ünvana gəlmişdir. Həmin vaxt xx.xx.2024-cü il tarixdə gecə saat 02:50 olmuşdur. Bu dəfə Bəkiri çağırdıqda Bəkir həyətə çıxmışdır. O, Bəkirə arpanı gətirdiyini demiş, Bəkir arpanı gecə gətirdiyindən şübhələnmiş və ondan arpanı nə üçün gecə daşıdığını soruşmuşdur. Bu vaxt Bəkirə arpanı qaynatasından aldığını, yolu uzaq olduğu üçün ancaq daşıyıb qurtara bildiyini demişdir. Bəkir ona “indi gecdir, get səhər tezdən gələrsən çəkərik, sənə 30 (otuz) qəpikdən pulunu verərəm” demişdir. Bundan sonra o çıxıb getmiş və xx.xx.2024-cü il tarixdə günorta radələrində Bəkirin yaşadığı ünvana getmişdir. Həmin vaxtı Bəkir evdə olmamışdır. Bəkirin arvadı Sabirə arpanı çəkməyə başlamışdır. Arpa 1 ton 46 kq çəkidə olmuşdur. 6 kq arpanı Bəkirə pay vermişdir. Sabirə 30 (otuz) qəpikdən hesablayaraq, arpanın 313 (üç yüz on üç) manat etdiyini bildirmiş, ona 200 manat pul verərək, qalan 113 (yüz on üç) manat pulu sonra verəcəklərini demişdir. Bundan sonra o çıxıb getmişdir. xx.xx.2024-cü il tarixdə yenidən Bəkirin yaşadığı ünvana gedərək, Sabirədən 113 (yüz on üç) manat pulu götürmüşdür. xx.xx.2024-cü il tarixdə Bəkir ona zəng edərək, arpanın oğurluq olduğunu, polisin kənddə at arabalarını yoxladığını bildirmiş və ona “gəl arpanı başqa yerə apar” sözlərini demişdir. Həmin gün arpanı Bəkirin yaşadığı ünvanla qonşuluqda yaşayan dayısı Nüsrəddinin həyətinə daşımışdır. Belə ki, Nüsrəddinə məxsus evdə heç kim yaşamadığı üçün, o, həmin evə nəzarət etmişdir. Buna görə də, o, arpanı həmin evin həyətinə daşımışdır. Bu vaxt onun digər dayısı Mirağa Bəkirə müraciət edərək, ondan polisə şikayət etməməyi xahiş etmiş, Bəkir də, şikayət etməyəcəyini bildirmişdir. Bəkirin həmin arpanı alarkən oğurluq olmasından xəbəri olmamışdır. O, əvvəllərdə oğurluq hadisəsi törətdiyi üçün məhkum edilmişdir. Sonradan o, həmin arpanı adını bilmədiyi Qəbələ rayon sakininə satmışdır. Belə ki, həmin şəxs tez-tez özünə məxsus dövlət qeydiyyat nişanını xatırlamadığı ağ rəngli “Ford” markalı yük avtomobili ilə kəndə gələrək arpa və buğda alırdı. O, həmin arpanı həmin şəxsə 300 (üç yüz) manata satmışdır. O, oğurluq etmək üçün atı oğurluq etdiyi kafenin həyətindəki tövlədən götürmüş, daha sonra, yəni oğurluğu başa çatdırandan sonra həmin atı kafenin həyətinə qaytarmışdır. Azyaşlı övladına dərman almaq üçün pula ehtiyacı olduğuna və maddi vəziyyəti pis olduğundan oğurluq etmişdir. Əməlindən peşmandır. Hazırda Zərərçəkmiş şəxs ilə barışıb, ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir. Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbi yoxdur. Ona cəza təyin edilərkən qeyd etdiklərinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs şəxsən tanımır, sadəcə onu bir iki dəfə rayon ərazisində görmüşdür. Ceyhunla hər hansı bir düşmənçiliyi və ədavəti yoxdur. Oğuz rayonu, Bayan kəndində adsız kafesi vardır. Ancaq həmin kafeni-tikilini anbar kimi istifadə edir. xx.xx.2024-cü il tarixdə həmin tikilinin həyətyanı sahəsindən arpa biçdirərək, tikilinin içərisinə yığdırmışdır. Həmin arpanı açıq formada anbara yığdırmışdır. Tez-tez həmin tikiliyə gedərək, anbarı yoxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində həmin tikiliyə gedərək baxmış, bu vaxt hər şeyin qaydasında olduğunu görmüşdür. Yəni həmin vaxt arpa yerində olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində heyvanlarına yem üyütdürmək üçün özünə məxsus tikiliyə gəldikdə, arpanın ona az gəldiyini hiss etmişdir. Bundan sonra ətrafa baxış keçirdikdə, anbarın pəncərəsinin kimsə tərəfindən sındırıldığını aşkar etmişdir. Belə ki, oğurluq etmiş şəxs pəncərəni sındırdıqdan sonra əlini içəri salaraq, pəncərəni açmış, daha sonra içəri daxil olaraq içəridən qapını açaraq arpanı daşımışdır. Təxminən 1 ton arpası oğurlanmışdır. Bundan sonra ətrafa baxış keçirdikdə, ətrafda at arabası izləri olduğunu aşkar etmiş, özü axtarıb həmin şəxsi tapaq istəmişdir. Ona görə də ilk öncə polisə bu barədə məlumat verməmişdir. Həmin tikilinin həyətində o, özünə məxsus “Qarabağ” cinsli atını saxlayır. Tikilinin həyətyanı sahəsində həmin at olmaqla 3 at olmuşdur. “Qarabağ” cinsli at ancaq yarış üçün atdır və onu qoşquya bağlamaq olmaz. Həmin atın boyun nahiyəsinə baxdıqda yara olmasını görmüş və atın qoşquya bağlandığını bilmişdir. Belə ki, oğurluq edən şəxs həmin atı qoşquya bağlayaraq arpanı daşımışdır. İki gün həmin şəxsi axtarıb tapmadıqda sonradan xx.xx.2024-cü il tarixdə Oğuz RPŞ-yə gələrək ərizə ilə müraciət etmişdir. O, həmçinin hadisənin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə baş verdiyini, hadisə nəticəsində ona 500 (beş yüz) manat maddi ziyan dəydiyini qeyd etdi. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın tam ödənildiyini, onunla barışdığını və ondan şikayət və tələbinin olmadığını bildirdi. Zərərçəkmiş şəxs bununla bağlı yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaqdan əlavə ifadəsində göstərmişdir ki, ilk ifadəsində göstərdiyi xüsusatları təsdiq edir. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizsının 14 fevral 2025-ci il tarixli, 9/160 nömrəli rəyi ilə razılaşmır. Belə ki, həmin arpanın qiyməti 500 manatdır. O, həmçinin təkrar ekspertiza təyin edilməsini istəmədiyini, ona ümumillikdə 500 (beş yüz beş) manat maddi ziyan dəydiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2024-cü ilin noyabrın əvvəllərində qonşusu Elmira Oğuz rayonu Calud kəndində yerləşən yaşadığı fərdi yaşayış evinə gələrək, onunla birlikdə yaşayan oğlu Camaləddindən 100 (yüz) manat borc pul istəmişdir. Belə ki, Elmira oğlu Ceyhunun övladının, yəni nəvəsinin xəstə olduğunu bildirib, həmin pulu qonşu kimi borc istəmiş və pensiyalar veriləndə qaytaracağını demişdir. Həmin vaxt Camaləddin Elmiraya borc olaraq 100 (yüz) manat pul vermişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə günorta saatlarında yaşadığı kəndin mərkəzində Ceyhunla qarşılaşmışdır. Bu vaxt Ceyhun ona “Bəkir dayı övladım xəstədir, satlıq arpam var, almaq istəmirsən? Uşağımı xəstəxanaya aparmalıyam.” demişdir. Ceyhundan arpanı neçəyə satdığını soruşduqda, Ceyhun ona arpanın bazarda 35-40 (otuz beş-qırx) qəpik olduğunu, ancaq ona 30 (otuz) qəpiyə satacağını bildirmişdir. O, Ceyhuna arpanı almaq istədiyini, ancaq pulunun olmadığını demişdir. Bundan sonra çıxıb evə getmişdir. Sabahı təxminən Ceyhunla təkrarən kəndin mərkəzində qarşılaşmışdır. Bu vaxt Ceyhun ona “axşam arpanı gətirəcəm, pulun varsa yarısını ver, digər yarsını sonra verərsən” sözlərini demiş və təkrarən uşağının xəstə olduğunu bildirmişdir. Bu vaxt o, Ceyhunla razılaşmışdır. Həmin günü axşam xatırlamadığı saatda Ceyhun onun yaşadığı ünvana at arabası ilə gəlmişdir. Həyətə çıxdıqda Ceyhunun kisələrə yığılmış arpanı həyətinə boşaltdığını görmüşdür. Bundan sonra Ceyhun “gedim arpanın qalanını gətirim gəlirəm “ sözlərini demiş və çıxıb getmişdir. Təxminən iki saat sonra Ceyhun yenidən at arabası ilə gəlmişdir. Həmin vaxt at arabasında kisələrə yığılmış arpa olmuşdur. Ceyhun həmin arpanıda həyətinə boşlatmışdır. Bu vaxt Ceyhuna gecə olduğunu indi arpanı çəkə bilməyəcəyini bildirmiş, ona səhər gəlməsini demişdir. Ceyhunda onunla razılaşaraq çıxıb getmiş və səhəri gün saat 12 radələrində evinə gəlmişdir. Həmin vaxtı özü evdə olmamışdır. Həmin arpanı arvadı Sabirə çəkmiş və arpanın çəkisi 1 ton, 46 kq olmuşdur. Arpanın kiloqramı 30 (otuz) qəpikdən hesablandıqda 313 (üç yüz on üç) manat pul etmişdir. Ceyhun 6 kq arpanın pulunu isə istəməmişdir. Həmin vaxt Sabirə Ceyhuna 200 (iki yüz) manat pul vermiş, qalanını isə sonra verəcəyini bildirmişdir. Xatırlamadığı tarixdə təxminən saat 15 radələrində Ceyhun yaşadığı ünvana gələrək, Sabirədən qalan 113 (yüz on üç) manatı almışdır. Təxminən 2-3 gün sonra kənddə at arabası ilə oğurluq olduğunu, polis əməliyyatçılarının kənddə “daşqaları” (at arabasının qoşqusu) yoxladığını eşitmişdir. Bu vaxt arpanın oğurluq olmasından şübhələnmişdir. Çünki Ceyhun arpanı gecə gətirmişdir. Həmin vaxt Ceyhundan nə üçün arpanı gecə gətirdiyini soruşduqda, Ceyhun ona “gündüz iş götürmüşəm, fəhlə kimi daş daşımışam. Ancaq axşam vaxtım olur” sözlərini demişdir. Bundan sonra Elmiranın yanına getmiş və hadisə barədə danışmışdır. Elmira xəbəri olmadığını bildirmişdir. Elmira qadın olduğundan tam söhbət edə bilməmiş, Ceyhunun dayısı Mirağanı yaşadığı evə çağırmış və arpanın oğurluq olmasından şübhələndiyini demişdir. Mirağa ona dəqiqləşdirib deyəcəyini bildirmişdir. Təxminən 2 saat sonra Mirağa Ceyhunla birlikdə yaşadığı ünvana gəlmiş, həmin vaxt Ceyhun arpanın oğurluq olduğunu etiraf etmişdir. Ceyhuna bu barədə polisə məlumat verəcəyini demişdir. Bu vaxt Ceyhun ona 5 azyaşlı övladı olduğunu bildirmiş və şikayət etməməsini xahiş etmişdir. Mirağa da, ondan xahiş etdiyi üçün bu barədə polisə məlumat verməmişdir.Ceyhundan arpanı yığıb aparmasını və pulunu geri qaytarmasını tələb etmişdir. Həmin vaxt Ceyhun arpanı qonşuluqda yerləşən heç kimin yaşamadığı qohumunun evinə aparmışdır. Sonradan isə Ceyhun onun pulunu geri qaytarmamışdır. Həmçinin onun arpanın oğurluq olmasından xəbəri olmamışdır. Hal-hazırda Ceyhun onun pulunu qaytarmasa da, ondan heç bir şikayəti yoxdur. İttiham aktının siyahısında şahid kimi göstərilən Şahid1 və Şahid3 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişlər. Şahidlərin məhkəmə iclasında iştiraklarının təmin edilməsi məqsədi ilə onlar barəsində məcburi gətirilmə qərarı çıxarılmışdır. Qərarın icrası Oğuz Rayon Polis şöbəsinə həvalə edilmişdir. Şahidlərin Oğuz rayonu ərazisində yaşamaması əsası ilə onların məhkəmə iclasına gətirilmələri polis şöbəsi tərəfindən təmin edilməmişdir. (Oğuz RPŞ-nin 3-13101/2- 6545/25 nömrəli məktubu) İş üzrə Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunarkən məlum olmuşdur ki, o, Ceyhunun dayısıdır. Şahid2 arpanın oğurluq olmasından şübhələndiyi üçün onu yaşadığı evə çağırmış və bu barədə ona demişdir. O da Bəkirə məsələni dəqiqləşdirib ona deyəcəyini bildirmişdir. Təxminən 2 saat sonra Mirağa Ceyhunla birlikdə Bəkirin yaşadığı ünvana gəlmiş, həmin vaxt Ceyhun arpanın oğurluq olduğunu etiraf etmişdir. Ceyhun Bəkirə 5 azyaşlı övladı olduğunu bildirmiş və şikayət etməməsini xahiş etmişdir. Mirağa özü də Bəkirdən xahiş etdiyi üçün Bəkir bu barədə polisə məlumat verməmişdir. Bəkir Ceyhundan arpanı götürüb aparmasını və pulunu geri qaytarmasını tələb etmiş və Ceyhun da arpanı qonşuluqda yerləşən heç kimin yaşamadığı qohumunun evinə daşımışdır. İş üzrə Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunarkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs tanıyır, belə ki, Ceyhunun anası Elmira ilə qonşudur. Ceyhunla hər hansı bir düşmənçiliyi və ədavəti yoxdur. O, Ağdam rayonunda fəhlə işləyir. Ceyhun onların evindən at arabasını götürürkən Ağdamda olmuşdur. Ceyhun həmin tarixdə onların evinə gələrək arvadı Kifayətdən at arabasını istəmiş, Kifayət isə at arabasını Ceyhuna vermişdir. O, həmçinin arvadı Kifayətin Ceyhunun arabanı oğurluq etmək üçün almasından xəbəri olmadığını bildirmişdir. Ceyhun Kifayətə araba ilə ot daşıyacağını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 18 noyabr 2024-cü il tarixli baxış keçirilməsi barədə protokolundan görünür ki, Oğuz rayonu, Bayan kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus anbar kimi istifadə olunan adsız kafenintikilinin həyətyanı sahəsinə və içərisinə baxış keçirilmişdir. (i.v. 7-11) “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus anbar kimi istifadə olunan kafenin-tikilinin həyətinə, sonra isə içərisinə haradan və necə daxil olmasını, orada olan arpanı kisələrə yığaraq necə götürməsini, Zərərçəkmiş şəxs məxsus atı hardan götürdüyünü, Şahid3 məxsus qoşqunun ümumi görünüşünü göstərərək, ifadəsində göstərdiyi xüsusatları yerində əyani olaraq təsdiq etmişdir. (i.v. 132-140) İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizsının təyin edilməsi barədə qərardan və məhkəmə ekspertizsı mərkəzinin 14 fevral 2025-ci il tarixli, 9/160 nömrəli rəyindən görünür ki, qərarda göstərilən 1 ton 46 kq arpanın orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 418,40 manat (1046 x 0,40) müəyyən edilir. (i.v. 75-76, 124-126) Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarının 27-ci bəndinin son abzasında göstərilmişdir ki, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Lakin iş üzrə təyin edilmiş 14 fevral 2025-ci il tarixli, 9/160 nömrəli ekspertizanın rəyindən görünür ki, 1 ton 46 kq arpanın orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 418,40 manat (1046 x 0,40) müəyyən edilmişdir. Zərərçəkmiş şəxs ekspertiza rəyində göstərilən məbləğlə razılaşmayaraq ona dəymiş maddi ziyanın özünün qeyd etdiyi kimi götürülməsini xahiş etmişdir. Odur ki, 14 fevral 2025-ci il tarixli, 9/160 nömrəli ekspertiza rəyi ilə arpanın qiyməti zərərçəkmiş şəxsə dəymiş ziyanın məbləği kimi onun dediyi qiymətlər əsas götürülməlidir. xx.xx.2025-ci il tarixli qərarla iş üzrə Təqsirləndirilən şəxs vurduğu maddi ziyanın iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi kimi 500 (beş yüz) manat olması nəzərə alınmışdır. (cinayət işinin materialları) Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən və Oğuz rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli 18- P nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Füzuli-Qubadlı hərbi məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 332.2.5 və 62-ci maddələri ilə N il intizam xarakterli hərbi hissədə saxlama cəzasına, Oğuz rayon məhkəməsinin xx.xx.2016cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 70-ci maddələri ilə 04 il azadlıqdan məhrum etmə cazasına məhkum edilmiş, barəsində 03 il şərti sınaq müddəti müəyyən edilmiş, xx.xx.2019-cu il tarixdə cəza müddəti bitmişdir. Bundan başqa Oğuz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.3, 71.5 və 67.1-ci maddələri ilə 03 il 06 ay azadlıqdan məhrum etmə cəzsına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə Şəki apellyasiya məhkəməsinin qərarı ilə xx.xx.2019 il tarixli hökm dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa xx.xx.2023-cü il tarixdə Şəki rayon məhkəməsinin qərarı ilə 02 ay 18 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Təqsirləndirilən şəxs cəza müddəti xx.xx.2023-cü il tarixdə başa çatmış və İcra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır.(i.v. 94-95, 100, 110) Oğuz RMX PHŞ-dən daxil olmuş 26 dekabr 2024-cü il tarixli, 18-1-64/2-1520/2024 nömrəli məktubdan görünür ki, Oğuz rayon Kərimli kənd sakini xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Oğuz RMX-nın poliklinika şöbəsinin “Narkoloji” və “Ruhi əsəb” kabinetlərində qeydiyyatda yoxdur. (i.v. 84, 91) Cinayət işi üzrə Oğuz RİHB-nın Kərimli İƏD üzrə nümayəndəliyi tərəfindən Oğuz RPŞ-nə daxil olmuş 25 dekabr 2024-cü il tarixli 5-68-12/2-313/2024 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Quliyev X5 rayonundan məcburi köçkün düşüb, Oğuz rayonu Calud kəndində qeydiyyata alınmış, hazırda Oğuz rayonu Kərimli kəndində nikahdan kənar arvadı 1987-ci il təvəllüdlü - X3, 2012-ci il təvəllüdlü oğlu-X6, 2014-cü il təvəllüdlü qızı- X4, 2016-cı il təvəllüdlü oğlu- X7, 2019-cu il təvəllüdlü oğlu-X2, 2024-cü il təvəllüdlü oğlu- X1 ibarət ailə üzvləri ilə birlikdə yaşayır və onun barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. (i.v. 85-86) İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə barışmış, ona dəymiş maddi ziyan ödənilmiş və ondan şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqında araşdırılan sübutlarla təsdiq edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə Təqsirləndirilən şəxs istintaq zamanı təqsirini etiraf edərək, özünü müdafiə üçün heç bir dəlil irəli sürməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Həmin Qərarda həmçinin götərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-in 16.2-ci maddəsinə müvafiq olaraq, CM-in 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-in 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. CM-in: 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 177.2.3-cü maddəsinə müvafiq olaraq eyni əməllər yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayəthüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Beləliklə, sadalananları nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs oğurluq etməsi tam təsdiqini tapır. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59-cu maddəsini rəhbər tutaraq təqsirləndirilən şəxsin himayəsində 5 yetkinlik yaşına çatmayan uşaqlarının olmasını (əsas: iş materiallarında olan arayış -i.v. 85-86) törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanlığı ödəməsini və onunla barışmasını (Zərərçəkmiş şəxs ərizəsi) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində təhlükəli residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, CM-in: 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, cinayətlərin residivi təhlükəli sayılır; 83.3.3 və 83.3.4-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarına əsasən CM-in 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. CM-in 83-cü maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, CM-in 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Füzuli-Qubadlı hərbi məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 332.2.5 və 62-ci maddələri ilə N il intizam xarakterli hərbi hissədə saxlama cəzasına, Oğuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 70-ci maddələri ilə 04 il azadlıqdan məhrum etmə cazasına məhkum edilmiş, barəsində 03 il şərti sınaq müddəti müəyyən edilmiş, xx.xx.2019-cu il tarixdə cəza müddəti bitmişdir. Bundan başqa Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CMnin 177.2.3, 71.5 və 67.1-ci maddələri ilə 03 il 06 ay azadlıqdan məhrum etmə cəzsına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə Şəki apellyasiya məhkəməsinin qərarı ilə xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa xx.xx.2023-cü il tarixdə Şəki rayon məhkəməsinin qərarı ilə 02 ay 18 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Təqsirləndirilən şəxs cəza müddəti xx.xx.2023-cü il tarixdə başa çatmış və İcra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə münasibətdə Təqsirləndirilən şəxs məhkumluğu hazırki cinayət əməllərini törədərkən ödənilməmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə 2 dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, yenidən qəsdən cinayət əməli törətmişdir. Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət əməlini törədərkən onun məhkumluğu hər iki cinayət üzrə ödənilmədiyindən (CM-in 83.4-cü maddəsi) onun əməlində cinayətlərin təhlükəli residivi yaranmış olur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət əməli törətdiyi üçün (sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanır) Oğuz Rayon Məhkəməsinin 27 sentyabr 2016-cı il tarixli 1(054)-25/2016 nömrəli hökmü ilə təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası 3(üç) il sınaq müddəti müəyyən edilməklə şərti məhkum edilmiş, Oğuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 7(054)-7/2018 nömrəli qərarına əsasən cəzası yüngülləşdirilərək azadlıqdan məhrumetmə cəzasının müddəti 4(dörd) ildən 3 (üç) ilə,sınaq müddəti isə 3(üç) ildən 2(iki) il 6(altı) aya endirilmiş, cəzasını çəkib qurtarmamış və məhkumluğu ödənilməmiş, yenidən qəsdən cinayət törətdiyinə görə Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(054)-21/2019 nömrəli hökmü ilə Oğuz Rayon Məhkəməsinin 27 sentyabr 2016-cı il tarixli 1(054)-25/2016 nömrəli hökmü və xx.xx.2018-ci il tarixli 7(054)-7/2018 nömrəli qərarına əsasən şərti məhkum etmə cəzası CM-nin 71.5-ci maddəsinə əsasən ləğv edilmiş, ona təyin edilmiş cəza CM-nin 67.1-ci maddəsinə əsasən qismən toplanaraq qəti olaraq 3(üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. (cəzasının əvvəli xx.xx.2019-cu il) Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə o, 2 ay 18 gün vaxtından əvvəl şərti azad edilmişdir. Cəzasını çəkib qurtardığı üçün xx.xx.2023-cü il tarixdə Oğuz Rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmış, xx.xx.2024-cü tarixdə yenidən qəsən hazırki oğurluq cinayətini törətmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər iki dəfə qəsdən cinayət törətməyə görə iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cinayətlər üzrə məhkumluğu ödənilmədən və qanunla müəyyəın edilmiş qayda da götürülmədən yenidən qəsdən oğurluq cinayətini törətmişdir. CM-in: 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən CM-in 65.1-ci maddəsində sadalanan hallarla yanaşı, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-in 177.2.3 -cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, CM-in 65.1-ci maddəsində sadalanan hallar, həmçinin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, ona qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6, CM-69.3), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübutun, xüsusi müsadirə olunması təklif edilən əmlakın, alət və vasitənin, mülki iddia tələbinin və digər məhkəmə xərclərinin olmadığı nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan – xx.xx.2025-ci il tarixdən hesablansın. İş üzrə cəmi 50 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə maddi sübutun, xüsusi müsadirə olunması təklif edilən əmlakın, alət və vasitənin, mülki iddia tələbinin və digər məhkəmə xərclərinin olmadığı nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində, həbsdə saxlanılan şəxs tərəfindən isə hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində həmin hökmdən Oğuz Rayon Məhkəməsi vasitəsilə, bilavasitə və ya həbsdə saxlanılma yeri vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim : Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar