Məhkəmə qərarları › İş №1(054)-5/2024

Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-5/2024

07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-5/2024 07.05.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X14 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakı ilə xx xxxxxx 1981-ci il tarixdə Vartaşen rayonu Filfilli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, faktiki evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Oğuz rayonu Filfilli kəndində qeydiyyatda olmaqla, faktiki Göranboy rayonu Faxralı kəndində yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ona görə ki, o qəsdən Azərbaycan Respublikasinın mühafizə olunan dövlət sərhədini nəzarət buraxılış məntəqələrindən kənardan-qanunsuz olaraq Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçmişdir. Belə ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasına qanunsuz olaraq getmək məqsədi ilə 23 oktyabr 2023-cü il tarixdə saat 03 radələrində Azərbaycan Respublikasinin mühafizə olunan dövlət sərhədini qəsdən nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Oğuz rayonu Filfilli kəndində yerləşən 6-cı sərhəd zastavasının xidməti sahəsindən Azərbaycan Respublikasindan Rusiya Federasiyasina keçmiş, bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasi CM-in 318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli hesab etdi və ifadə verərək bildirdi ki, xx.xx.1981-ci ildə Vartaşen (indiki Oğuz) rayonunun Filfilli kəndində anadan olmuşdur. Təxminən 2003-cü ildən işləmək məqsədi ilə Rusiya Federasiyasının müxtəlif şəhərlərinə gedib-gəlmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə özünə məxsus C03875579 nömrəli pasportla X11 Hava Limanından dövlət sərhədini rəsmi qaydada keçərək Bakı-Minvod aviareysi ilə Rusiya Federasiyasının Minvod şəhərinə, oradan isə Dərbənd şəhərinə getmişdir. Bir müddət orada yaşayıb-işlədikdən sonra xx.xx.2022-ci il tarixdə Dərbənd-Tbilisi-Baki aviareysi ilə Bakı şəhərinə gəlib ailəsinin yaşadığı Goranboy rayonunun Faxralı kəndinə getmişdir. Bir müddət həmin kənddə yaşadıqdan sonra işləmək üçün yenidən Rusiya Federasiyasına qayıtmaq qərarına gəlmişdir. Lakin maddi imkanı ağır olduğu üçün Rusiya Federasiyasına getmək üçün aviabilet ala bilməmişdir. Aviabiletlərin qiyməti baha olduğundan dövlət sərhədini qanunsuz yolla keçib Rusiya Federasiyasına getmək qərarina gəlmişdir. xx.xx.2023-cü il tarixdə Gəncə-Oğuz istiqamətində hərəkət edən avtobusla doğulduğu Oğuz rayonu Filfilli kəndinə getmişdir.Gecəni yaxın qohumlarının evində qalmışdır. Onlara dövlət sərhədini qanunsuz olaraq keçəcəyini deməmişdir. xx.xx.2023-cü il tarixdə saat 03 radələrində evdən çıxaraq sərhədyanı əraziyə getmiş və Filfilli kəndinin ərazisindən Rusiya Federasiyasının Axtı rayonunun Fiy kəndinin ərazisinə keçmişdir. Oradan qarşısına çıxan avtomobillə Axtı rayonunun mərkəzinə, daha sonra isə Axtı-Dərbənd istiqamətində hərəkət edən mikroavtobusla Dərbənd şəhərinə getmişdir. Dərband şəhərində qaynaqçı işləmişdir. 2023-cü ilin noyabr ayında Azərbaycan Respublikasına qayıtmaq qərarına gəlmiş və sənədləri olmadığı üçün Rusiya Federasiyasının Moskva şəhərində yerləşən Azərbaycan Respublikasının Səfirliyinə müraciət edərək xx.xx.2023-cü il tarixdə özünə Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi alıb xx.xx.2023-cü il tarixdə Moskva-Bakı aviareysi ilə Bakı şəhərinə gəlmişdir. X11 Hava Limanında sərhəd nəzarəti şöbəsində özünə məxsus olan Qayıdış Şəhadətnaməsini dövlət sərhədindən keçmək məqsədi ilə sərhəd naryadına təqdim etmişdir. Təqdim etdiyi Qayıdış Şəhadətnaməsi dövlət sərhədindən keçməsi məqsədi ilə rəsmiləşdirilən zaman onun dövlət sərhədindən çıxışı müəyyən edilmədiyi üçün xx.xx.2023-cü il tarixdə saat 01:55 radələrində sərhəd naryadı tərəfindən saxlanılmışdır. Etdiyi əməldən səmimi peşmandır. Faktiki nikahda olmaqla himayəsində 2013, 2015 və 2016-cı il təvəllüdlü övladları vardır. Hökm çıxarılarkən səmimi etirafının və ailə vəziyyətinin nəzərə alınmasını xahiş etdi. Təqsirləndirilən şəxs yuxarıda təsvir olunan cinayət əməli onun özünün səmimi etirafından əlavə işin məhkəmə iclasında tədqiq edilən halları ilə də aşağıdakı qaydada sübuta yetir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş Sərhəd Nəzarətinin hərbi qulluqçusu X8 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20:00-dan xx.xx.2023cü il tarixdə saat 09:00-dək X11 X17 X4 1 gəlmə xəttində "sənədlərin yoxlanışı" sərhəd naryadı xidmətinə təyin olunmuşdur. Xidmətdə olduğu zaman xx.xx.2023-cü il tarixdə saat 01:55 radələrində R-0810 saylı Moskva-Bakı aviareysi ilə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn, Azərbaycan Respublikasının vətəndaşı -xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs təqdim etdiyi AA0259405 nömrəli "Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi"nin rəsmiləşdirilməsi zamani "Sərhədkeçmə əlaqələrinin pozuntusu"nu aşkar edib, bu barədə növbə rəisi sərhəd naryadı xidmətində olan kapitan Şahid1 məruzə etmişdir. Kapitan Şahid1 yanlarına gələrək Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs ləqdim etdiyi AA0259405 nömrəli "Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi"ni təkrar yoxlamiş, "Sərhədkeçmə əlaqələrinin pozuntusu"nun İAMAS-da tapılmadığı barədə aidiyyəti üzrə rəhbərliyə məruzə etmişdir. İbtidai istintaq vaxtı iş üzrə şahid qismində dindirilmiş şahid Sərhəd Nəzarətinin hərbi qulluqçusu Şahid1 X8 ilə oxşar ifadə vermişdir. Hər iki şahid dəfələrlə məhkəmə iclasına dəvət edilsələr də məhkəmə iclaslarında iştirak etməmiş, X8 xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqramla müraciət edərək səhhətilə bağlı (hamiləlik) məhkəmə iclasında iştirakının mümkün olmayacağını, ilkin istintaqda verdiyi ifadəsini bir daha təsdiq etdiyini təsdiq etdiyini bildirmişdir. Habelə Şahid1 xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş teleqramla xidməti zərurətlə əlaqədar məhkəmə iclasında iştirak etməyəcəyini, ilkin istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Qeyd olunanlara əsasən şahidlər X3 və Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilmişdir. Sərhəd Nəzarətinin rəisi general-leytenant Elsən Verdiyevin cinayət işində olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 01:55 radələrində 0810 saylı Moskva-Bakı aviareysi ilə Rusiya Federasiyasından Azərbaycan Respublikasina gələn xx.xx.1981-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs təqdim etdiyi AA0259405 nömrəli Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi sərhəd naryadı tərəfindən rəsmiləşdirilən zaman İAMAS-da sərhədkeçmə əlaqələrinin pozuntusu aşkar edildiyi üçün o saxlanılmış və 2023-cü ilin sentyabr ayında dövlət sərhədini qanunsuz yolla keçərək Azərbaycan Respublikasindan Rusiya Federasiyasına getdiyini bildirmişdir. (iş vər:04). Cinayət işində olan və məhkəmə iclasında tədqiq edilən 16 noyabr 2023-cü il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs dövlət sərhədini Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində qanunsuz olaraq kecdiyi ərazi N nömrəli hərbi hissənin 6-cı sərhəd zastavasının xidməti sahəsidir.(iş vər:26-27). Cinayət işində olan və məhkəmə iclasında tədqiq edilən İAMAS-dan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Tbilisi-Bakı aviareysi ilə X11 Aeroportundan ölkə ərazisinə giriş etmiş və ölkə ərazisindən çıxışı olmadan yenidən xx.xx.2023-cü il tarixdə saat 01:55-də Moskva-Baki aviareysi ilə X11 Aeroportuna giriş etmişdir. (iş vər:22). Azərbaycan Respublikası DİN BƏSİİ-nin cinayət işində olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında əvvəllər məhkum olunması ilə bağlı məlumat mövcud deyildir. Oğuz rayon İHB Filfilli kənd İƏD üzrə nümayəndəliyinin cinayət işində olan və məhkəmə iclasında tədqiq edilən xasiyyətnaməsindən görünür ki, Oğuz rayonu Filfilli kənd sakini Təqsirləndirilən şəxs 2001-ci ilin iyul ayında hərbi xidmətini başa vurduqdan sonra fərdi əməklə məşğul olmuşdur. Müxtəlif illərdə Rusiya Federasiyasına işləməyə getmişdir. Təqsirləndirilən şəxs nümayəndəliyin ərazisində qeydiyyatda olmaqla ailəsi-arvadı, 2 qızı və 1 oğlu ilə birgə Goranboy rayonu Faxralı kəndində yaşayır. Goranboy rayon İHB Fəxralı kənd İƏD üzrə nümayəndəliyinin cinayət işində olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli, 697 saylı arayışından, doğum haqqında İİİ-Aİ 875353 saylı, İV-Aİ 600681 saylı və İV-Aİ 800400 saylı şəhadətnamələrin rus dilindən tərcümə edilmiş və notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs Oğuz rayon Filfilli kəndində qeydiyyatda olmasına baxmayaraq halhazırda ailə üzvləri-1995-ci il təvəllüdlü arvadı X2, Rusiya Federasiyasında doğulmuş övladları-xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X7 birgə Goranboy rayon Fəxralı kəndində yaşayır. Təqsirləndirilən şəxs cinayət əməli özünün səmimi etirafı ilə yanaşı şahid ifadələri, sənədlər və iş üzrə araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və biri-digərini tamamlayan sübutlara obyektiv hüquqi qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirildiyindən əməli həmin maddə ilə düzgün tövsif olunmuş və ona həmin maddə ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcələsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cəza cinayətin hüquqi nəticəsi olub dövlət tərəfindən cinayət törətmiş şəxsə göstərilən reaksiyadır. Cinayət Məcəlləsinin cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəza məsələsini həll edərkən CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1- 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qsimində nəzərə alına bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. CM-nin cinayət qanununun ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs əməlini etiraf edib hərəkətindən peşmançılıq çəkməsini, habelə faktiki nikahda olmaqla himayəsində 2013, 2015 və 2016-cı il təvəllüdlü azyaşlı övladlarının olmasını CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cinayət və cinayət-prosessual qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən qanunvericiliyin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, onun məhkumluğunun olmamasını, cinayət əməlini etiraf edib səmimi peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı övladlarının olmasını, həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, şəxsiyyətini xarakterizə edən xüsusiyyətləri, təyin ediləcək cəzanın onun islah olunmasına təsiri imkanlarını nəzərə alaraq cəzanın səmərəliliyinə, məqsədəuyğunluğuna və məhkumun islah olunmasına təsirinə nail olmaq üçün hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan kifayət edən həddə cərimə cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulub saxlanılaraq faktiki azadlığı məhdudlaşdırıldığı vaxtdan – xx.xx.2023-cü il tarixdə saat 01:55-dən tutulmadan azad olunduğu xx.xx.2023-cü il tarixdə saat 11:55-dək olan iki gün nəzərə alınmaqla təyin ediləcək cərimə cəzasının yüngülləşdirilməli olması nəticəsinə gəlir. Cinayət işi üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 318.1-ci maddəsi ilə təqsirli bilinib 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs saxlanılaraq faktiki azadlığı məhdudlaşdırıldığı vaxtdan- xx.xx.2023- cü il tarixdə saat 01:55-dən tutulmadan azad olunduğu xx.xx.2023-cü il tarixdə saat 11:55- dək olan 2 (iki) gün müddət nəzərə alınmaqla ona təyin edilmiş 2500 (iki mim beş yüz) manat cərimə cəzası yüngülləşdirilsin, onun üzərində qəti olaraq 2300 (iki min üç yüz) manat məbləğində cərimə cəzası saxlanılsın. Barəsində olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə edilsin. İşdə maddi sübut, mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar