Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-5/2025 04.03.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1974-cü ildə Oğuz rayonu, Bayan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Oğuz rayonu, Bayan kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 228.1 və 229.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 228.1 və 229.1-ci maddələri ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, lüləsi və qundağını kəsməklə qanunsuz olaraq hazırlayıb saxladığı odlu silahdan istifadə etməklə şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə müşaiyət olunan qərəzli hərəkətlər etmişdir. Belə ki o, 28 aprel 2024-cü il tarixdə, saat 17 radələrində Oğuz rayonu, Bayan kəndində yerləşən yaşadığı evdə spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə evinin qonşuluğunda yerləşən, Zərərçəkmiş şəxs2 məxsus çayxanaya gələrək orada olan səsküyün onu narahat etdiyini bəhanə edib çayxanada olan müştərilərə məhəl qoymadan onlara qarşı laqeydlik və etinasızlıq göstərib özünü ətrafdakı şəxslərin fövqündə qoymuş, cəmiyyətdə insanlar arasında bərqərar olmuş ədəb qaydalarını qərəzli surətdə pozub heç bir əsaslı səbəb olmadan ictimai yerdə ucadan qışqırıb əvvəlcə Zərərçəkmiş şəxs2 ilə, daha sonra isə Zərərçəkmiş şəxs1 ilə mübahisə edərək onları nalayiq ifadələrlə təhqir etmiş, daha sonra bu hərəkətlərini davam etdirərək istintaqa məlum olmayan tarixdə və istintaqa məlum olmayan mənbədən əldə etdiyi və konstruktiv dəyişikliklərə məruz qoyaraq sonradan lüləsi və qundağını kustar üsulla kəsib ilkin təyinatı dəyişdirməklə qanunsuz olaraq hazırlayıb saxladığı zavod üsulu ilə istehsal edilmiş, 20 kalibirli, patronluğunun uzunluğu 70 mm olan, “2194M” nömrəli, xarici çaxmaqlı, təklüləli, yivsiz odlu silahı evindən götürüb yenidən çayxanaya qayıtmaqla Zərərçəkmiş şəxs2 və oğlu Zərərçəkmiş şəxs1 zor tətbiq edəcəyi hədəsi ilə hücum etmiş, əlindəki qeyd olunan odlu silahı davamlı olaraq nümayişkaranə şəkildə, ətrafdakı şəxslərə göstərib Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 öldürməklə hədələyərək xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3, 228.1 və 229.1-ci maddələrində nəzərdə tutulan cinayətləri törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Oğuz rayon Bayan kəndində 87 yaşlı anası ilə birlikdə yaşayır. Əvvəllər ailəli olmuş və boşanmışdır. Yaşadığı Oğuz rayon Bayan kəndində yerləşən həyət evinin qarşısında onunla qonşuluqda yaşayan Turan və onun atası Əlövsət çayxana tikmişlər. Çayxana tikiləndən sonra kənd sakinləri həmin çayxanaya mütəmadi olaraq toplaşır və orada səs-küy yaranır ki, o da bununla bağlı bir neçə dəfə Əlövsətə və oğlu Turana öz iradını bildirmişdir. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində evdə oturub spirtli içki qəbul edən zaman çayxanada səs-küy olduğunu eşitmiş, çayxanaya gələrək Əlövsət kişiyə öz narazılığını bildirmişdir. Daha sonra çayxana ilə yaşadığı həyətin hasarının arasındakı dəmirləri kənara çəkməyə başlamışdır. Həmin vaxt oraya Əlövsətin oğlu Turan gəlmiş və Turanla onun arasında mübahisə yaranmışdır, onlar bir-birilərinə qarşı nalayiq ifadələr işlətmişlər. Həmin ərazidə onun tərəfindən ətrafı bağlanmış yer var, həmin yeri Əlövsət kişi öz torpaq sahəsinə salaraq mənimsəmək istədiyindən onların arasında mübahisə ilkin olaraq Əlövsətlə yaranmışdır. Əlövsət sonradan evə gedib oğlu Turana mübahisə barədə məlumat vermiş və Turan ona yaxınlaşıb öz iradını bildirmişdir ki, “sən nə səbəbdən mənim atama qarşı nalayiq sözlər demisən”. Turana cavab olaraq bildirmişdir ki, “axı sənin atan mənə söyüş söyüb və bundan sonra mən ona qarşı söyüş söymüşəm”. Həmin vaxt onların arasında mübahisə yaranmış, əsəbi olduğu üçün yaşadığı evə geri dönüb evdə özünə məxsus uzun illər öncə meşədən tapmış olduğu lüləsi və qundağı kəsilmiş tüfəngi götürüb onların yanına qayıtmışdır. O, əlindəki tüfəngi Turana tərəf tuşlayaraq onu öldürməklə hədələmişdir. Lakin həmin vaxt onun fikri Turanı öldürmək olmamışdır, sadəcə olaraq hədələmək məqsədi ilə belə bir hərəkət etmişdir. Həmin vaxt tüfəngdə güllə olmamışdır. Eyni zamanda həmin vaxt Turanın əlində balta olduğunu görmüşdür. Turan onun əlində tüfəngi gördükdə evlərinə tərəf qaçaraq uzaqlaşmışdır. Sonra orada olan xatırlamadığı bir neçə nəfər şəxs onu sakitləşdirmişlər və o yaşadığı evə geri dönmüşdür. Həmin vaxt o spirtli içkinin təsiri altında olduğu üçün özünü idarə etməkdə çətinlik çəkmişdir. Evə qayıtdıqdan az müddət sonra isə yaşadığı evin həyətinə polis əməkdaşları gəlmiş və Zərərçəkmiş şəxs1 tüfənglə hədələməyi barədə onun DİN-nin 102 xidmətinə zəng etdiyini bildirmişlər. Həmin vaxt içkili olsa da hadisəni təsdiqləmiş və hadisə vaxtı istifadə etdiyi və polis əməkdaşları gəldikləri zaman əlində olan tüfəngi və həmçinin cibindəki bir ədəd patronu polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onu Oğuz RPŞ-yə dəvət etmişlər. Onlarla birlikdə şöbəyə gedərək orada sərxoşluq müayinəsindən keçirilmişdir. Sonradan isə hadisə ilə bağlı izahatı alınmış, onun iştirakı ilə tüfəngə və patrona baxış keçirilib protokol tərtib edilmiş, o həmin protokolla tanış olub onun düzgün tərtib edildiyini imzası ilə təsdiq etmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2la onun arasında düşmənçilik və ya ədavət olmamamışdır. O sadəcə olaraq evinin qarşısında çayxana açmalarına narazı olmuşdur və bu barədə onlara bir neçə dəfə irad bildirmişdir. Aralarında baş vermiş mübahisə xx.xx.2024-cü il tarixdə saat 17 radələrində yaşadığı evin qarşısında olan, Zərərçəkmiş şəxs2 məxsus çayxananın həyətində baş vermişdir. Həmin vaxt orda çayxanada çay içən bir neçə şəxs olmuşdur. Hadisə vaxtı əsəbi və içkili olduğundan orada olan şəxslərin kim olduğunu bilməmişdir. Aralarında olan mübahisə təxminən 5-10 dəqiqə davam etmişdir. Hadisə zamanı istifadə etdiyi silahı 10-11 il əvvəl “Malıx” adlanan ərazidə hazırda dəqiq xatırlamadığı ağacın dibindən tapmışdır və özü üçün ov etmək məqsədi ilə saxlamışdır. Tüfəngin lüləsini və qundağını kəsməmişdir, onu həmin vəziyyətdə tapmışdır. İlkin ifadəsi alınan zaman hadisənin təsiri altında olduğu üçün özünü düzgün ifadə edə bilməmiş və bu səbəbdən tüfəngin qundağını və lüləsini özünün kəsdiyini bildirmişdir. Halbuki qeyd etdiyi kimi silahı tapan zaman həmin vəziyyətdə olmuşdur. Həmçinin onun həmin silahın qundağını və lüləsini kəsmək üçün avadanlığı və bacarığı da olmamışdır. Hadisədən əvvəl tüfəngi gizlətdiyi yerdən, yəni evin zirzəmisindən götürüb çayxanaya qayıdan zaman tüfəngin içərisində patron olmuş, lakin həmin vaxt sərxoş olduğu üçün özünü idarə edə bilməyib tüfəngdən atəş açılmasından ehtiyat edib patronu tüfəngdən çıxarıb cibinə qoymuşdur.Turanın üzərinə gedərkən onun əlində balta olduğunu görsə də, onun tüfənglə üzərinə gəldiyini gördükdən sonra Turan qaçaraq uzaqlaşmışdır. Turan həmin balta ilə ona qarşı heç bir hərəkət etməmişdir. Zərərçəkmiş şəxslərin hazırda ondan şikayət və tələbləri yoxdur. 221.3-cü maddə ilə təqsirləndirilməsini tam olaraq başa düşmür,digər maddələr ona aydındır. Etdiyi əməldən peşmandır. Barəsində hökm çıxarılarkən nəzərə alınmasını, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməsi qismən özünün ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla təsdiq edilir. Belə ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs2 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Oğuz rayon Bayan kənd sakinidir. Kənddə özünə məxsus çayxana işlədir. Həmin çayxananı 2004-cü ildə almışdır. Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayır. Rəşadla əvvəllər heç bir ədavəti və düşmənçiliyi olmasa da, baş vermiş hadisəyədək aralarında narazılıq yaranmışdır. Belə ki, çayxananı istifadəyə verdikdən sonra Rəşad hər dəfə sərxoş vəziyyətdə gələrək çayxanada onunla və oğlu Turanla mübahisə etmişdir. Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələr irəli sürüb, guya çayxanada səs-küy olduğunu əsas gətirərək onlarla sözlü mübahisələr yaratmışdır. Əslində isə Təqsirləndirilən şəxs onunla torpaq iddiası edərək çayxananın arxasında yerləşən, öz evi ilə çayxanaya məxsus torpaq arasında qanunsuz hasar çəkmək istəmişdir. Rəşada irad bildirdiyi üçün Rəşad onunla ədavət aparmağa başlamışdır. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində çayxananın qarşısında olarkən Rəşad yüksək səslə qışqırmaqla ona qarşı söyüşlər söyərək çayxananın qarşısına gəlmişdir. Həmin vaxt çayxanada həmkəndliləri Qurban müəllim, Əliyusif, Azad və dəqiq xatırlamadığı başqa bir neçə şəxs domino oynamışlar. O da onların yanında dayanmışdır. Həmin vaxt Rəşad ona qarşı nalayiq ifadələr işlədərək söymüş, üzərinə hüçüm çəkmişdir. Orada olan insanlar onu sakitləşdirmişlər və Rəşad oradan uzaqlaşaraq çıxıb getmişdir. Bundan qısa müddət sonra onun oğlu Turan səs-küyü eşitdiyi üçün çayxanaya gəlmiş və ona qarşı Rəşadın etdiyi hərəkətləri bilmişdir. Oğlu Turan ona bildirmişdir ki, Rəşad yəqin ki, yenə sərxoş olub belə bir hərəkət etmişdir. Oğlu onun özünü sakitləşdirmişdir ki, Rəşada baş qoşmasın. Bundan sonra o, çayxanada təmizlik işləri görərkən ani bir vaxtda çayxananın qarşısında səs-küy yarandığını eşitmiş və nə baş verdiyini öyrənmək üçün çayxananın qarşısına keçmişdir. Bu zaman Rəşadın çayxananın qarşısında oğlu Turanla mübahisə etdiyini və Turana qarşı nalayiq söyüşlər söydüyünü görmüşdür. O, yenidən Rəşada yaxınlaşmaq istədikdə oğlu Turan onu sakitləşdirmiş və orada olan insanlar da Rəşadı sakitləşdirərək evlərinə tərəf aparmışlar. Az sonra Rəşadın təkrar olaraq əlində lüləsi kəsilmiş tüfənglə onların üzərinə gəldiyini görmüşdür. Rəşad çayxanaya yaxınlaşdıqda yüksək səslə nalayiq söyüşlər söyərək oğlu Turanın harada olduğunu soruşmuşdur. Rəşad uca səslə onları öldürəcəyini deyərək əlində tüfənglə onlara tərəf gəlmişdir. O, tüfəngi oğlu Turana tuşlayanda Turan qorxduğu üçün qaçıb evə getmişdir. Həmin vaxt orada olan kənd sakinləri onu sakitləşdirərək öz evinə yola salmışlar. Daha sonra oğlu Turan baş vermiş hadisə ilə əlaqədar DİN-nin 102 xidmət mərkəzinə zəng edərək məlumat vermişdir. Az sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və onlar Təqsirləndirilən şəxs yaşadığı evdən polis şöbəsinə aparmışlar. Həmin vaxt Rəşad sərxoş vəziyyətdə onun oğlu Turanı öldürəcəyi ilə hədələmişdir. Onun özü və oğlu Turan hadisə vaxtı heç bir xəsarət almamışlar. Təqsirləndirilən şəxsla aralarında hər hansı bir düşmənçilik olmamışdır. X10rşı heç bir hərəkət etməmiş və eyni zamanda Turanın əlində balta olmamışdır. Rəşad içkili olduğu üçün səbəbsiz yerə mübahisə etmişdir. O guya həmin vaxt çayxanadan onun evinə səsküy getdiyini əsas gətirib onlarla mübahisə etmişdir. O və oğlu Turan hazırki iş üzrə zərərçəkmiş şəxs kimi tanınsalar da Rəşadla heç bir ədavət aparmırlar. Turan hal-hazırda işləmək üçün Monteneqro Respublikasına gedib. Hər ikisi Rəşadla barışmışlar, ondan heç bir şikayət və tələbləri yoxdur. Onlara dəymiş maddi və mənəvi ziyan ödənilmişdir. Rəşadın ağır cəzalanmasını istəmir. Qanuni qərar qəbul edilməsini xahiş etmişdir. (Zərərçəkmiş şəxs2 eyni məzmunlu ərizəsi xx.xx.2025-ci il tarixdə iş materiallarına əlavə edilmişdir.) Zərərçəkmiş şəxs1 ölkə xaricində olduğundan məhkəmə iclaslarında iştirak etməmiş, onun cinayət işi materiallarında olan, atasının ifadəsi ilə eyni məzmunlu ifadəsi ilə də təqsirləndirilən şəxsin cinayət əməllərini törətməsi təsdiq edilmişdir. Zərərçəkmiş şəxs1 həm “votsap” sosial şəbəkəsi vasitəsi ilə canlı bağlantı zamanı, həm də xx.xx.2025-ci il tarixdə məhkəmənin elektron ünvanına göndərdiyi ərizəsi ilə təqsirləndirilən şəxslə barışdığını, ondan şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyanın ödənildiyini bildirmişdir. Şahid3 məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdi və bildirdi ki, Təqsirləndirilən şəxs tanıyır, onun həmkəndlisidir, onunla münasibəti bir həmkəndli kimi normal olub, aralarında ədavət və düşmənçilik yoxdur. Zərərçəkmiş şəxs2 da həmkəndlisidir, onunla münasibəti həmişə yaxşı olub, Zərərçəkmiş şəxs2 işlətdiyi “çay evinə” tez-tez gedib çay içir. 28 aprel 2024-cü il tarixdə, saat 17 radələrində o, Arif və Etibar adlı həmkəndliləri ilə birlikdə Əlövsətə məxsus “çay evi”ndə domino oynamışdır. Əlövsət də onlarla birlikdə domino oynamışdır. Həmin vaxt həmkəndlisi Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə nalayiq ifadələr işlədərək çayxanaya gəlmiş və Əlövsətə irad olaraq bildirmişdir ki, niyə söyüş söyürsüz, domino daşını möhkəmdən vurursunuz. Onlar da Rəşada yaşlı-başlı adam olduqlarını, söyüş söymədiklərini demişlər. Bu zaman Rəşad demişdir ki, “siznən deyiləm, Əlövsətnənəm”. Rəşad bunu deyərək heç bir səbəb olmadan Əlövsətin ünvanına nalayiq söyüş söymüş, onun üzərinə getmişdir. Bu zaman Əlövsət həmkəndlisi Rəşada bildirmişdir ki, sənin bu hərəkətin birinci dəfə deyil, sən hər dəfə gəlib burada səs-küy salırsan və mübahisə yaratmağa çalışırsan. Əlövsət ayağa durmaq istəyəndə onlar buna imkan verməmişlər ki, mübahisə böyüməsin. Həmin vaxt ora səsküyə gələn tanımadığı cavan şəxslər Rəşadı oradan uzaqlaşdırıb evinə tərəf aparmaq istəmişlər, lakin Rəşad səs-küy salmağa davam etmiş və nalayiq ifadələr işlədərək çayxanadan çıxmaq istəməmişdir. Buna baxmayaraq həmin vaxt orada olan tanımadığı şəxslər Rəşadı sakitləşdirməyə və onu evinə tərəf aparmağa çalışmışlar. Rəşad çayxanadan çıxdıqdan sonra da ucadan qışqırmış, nalayiq ifadələr işlətmişdir. Rəşad artıq həyətinə aparıldıqdan sonra o, Ariflə birlikdə çayxanadan çıxmışdır. Həmin vaxt həmkəndlisi Əliyusifin də çayxananın məhəccərinə söykənib dayandığını görmüşdür. Həmin günün səhəri eşitmişdir ki, həmkəndlisi Təqsirləndirilən şəxs çay evində mübahisə etdikdən sonra oradan uzaqlaşıb və qısa bir vaxtdan sonra əlində qundağı kəsilmiş tüfənglə Əlövsətin yanına gəlib və onu hədələyib, orada olan kənar şəxslər onu bir təhər sakitləşdiriblər. Hadisə çayxananın həyətində baş vermiş və təxminən 5 dəqiqə davam etmişdir. Hadisə zamanı çayxanada başqa şəxslər də olmuş, lakin onların kim olması yadında qalmamışdır. O, çayxanada olduğu müddətdə Əlövsətin oğlu Turan orada olmamışdır.Çayxanadan çıxanda Turanın ora gəldiyini görmüşdür. Səhəri gün Rəşadın axşam sonradan tüfənglə çayxanaya gəldiyini, həmin vaxt Turanın da orada olduğunu, Rəşadın tüfənglə onu da hədələdiyini eşitmişdir. Əvvəllər Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs2 və ya Zərərçəkmiş şəxs1 arasında çayxananın fəaliyyəti ilə bağlı və ya digər səbəbdən hər hansı mübahisə olmasının şahidi olmamışdır. Təqsirləndirilən şəxs hadisə zamanı yalnız Əlövsətlə mübahisə etmiş, çayxanaya gələndə elə birbaşa Əlövsətin üstünə gəlmiş, başqa heç kimə qarşı hər hansı hərəkət etməmişdir. Şahidlər Şahid1 və Şahid2 Əbülqasım oğlu məhkəmə iclasında Şahid3 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Şahid4 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs tanımışdır, belə ki, həmkəndlidirlər. Onunla münasibəti bir həmkəndli kimi normal olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs2 da tanımışdır, o da onun həmkəndlisidir. Onunla da münasibəti yaxşı olmuş, aralarında ədavət və ya düşmənçilik olmamışdır. 28 aprel 2024-cü il tarixdə, saat 17 radələrində o yaşadığı Bayan kəndinin qəbristanlığı tərəfdən piyada evə getmişdir.Zərərçəkmiş şəxs2 çayxanasının qarşısından keçəndə onun əsəbləşdiyini görmüşdür. Təqsirləndirilən şəxs ora gəlib nəsə dediyi üçün aralarında mübahisə olduğunu bilmişdir. Bildiyinə görə həmin vaxt çayxanada yaşlı adamlar olmuşdur. Orada olan həmin şəxslər də Rəşadı və Əlövsəti sakitləşdirməyə çalışmışlar. O, çayxananın qarşısında Rəşada yaxınlaşmış, onun içkili olduğu hiss etmişdir, lakin Rəşad sərxoş (piyan) olmamışdır. O, Rəşada evə getməsini demişdir. Rəşad o deyəndən sonra evlərinə tərəf getmişdir. O da oradan uzaqlaşıb öz evinə getmişdir. Həmin günün səhəri eşitmişdir ki, həmkəndlisi Təqsirləndirilən şəxs sonradan tüfənglə çayxanaya gəlmiş, Əlövsəti və onun oğlu Turanı hədələmişdir.O, mübahisənin nə vaxt başladığını bilməmiş, çayxanaya çatanda artıq Əlövsətlə Rəşad mübahisə etmiş, bundan sonra Rəşad evinə gedənə kimi təxminən 5 dəqiqə mübahisə olmuşdur. Hadisə zamanı çayxanada kəndin yaşlı adamları olmuş, üstündən xeyli vaxt keçdiyi üçün həmin vaxt orada kimlərin olduğunu xatırlamır. Zərərçəkmiş şəxs1 orada olmasının və Rəşadın onunla mübahisə etməsinin şahidi olmamışdır. X9 və ya onun oğlu Turan arasında çayxananın fəaliyyəti ilə bağlı və ya digər səbəbdən hər hansı mübahisə olmasının şahidi olmamışdır. Təqsirləndirilən şəxs mübahisə zamanı onun özünə və ya çayxanada başqa bir şəxsə qarşı hər hansı qanunsuz hərəkətlər etməmişdir. Şahid5 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs tanıyır, həmkəndlisidir, onunla münasibəti bir həmkəndli kimi normaldır, aralarında ədavət və düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs2 da tanıyır, həmkəndlisidir, onunla da münasibəti həmişə yaxşı olmuş, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Pandemiya vaxtı koronavirusa yoluxmuşdur, xəstəliyi ağır keçdiyindən, sonradan isə bu xəstəlik gözlərinə təsir etdiyi üçün görməsi çox zəifləmişdir. 28 aprel 2017-ci il tarixdə saat 16 radələrində Oğuz şəhərinə gəlib xəstəxananın qarşısında olan aptekdən gözündə olan narahatlıqla bağlı damcı dərman almışdır. Bundan sonra saat 17-18 radələrində kənd avtobusu ilə yaşadığı Bayan kəndinə gedib Əlövsətin çayxanasının qarşısında düşmüş və evə piyada getməli olduğundan əvvəlcə orada çay içmək qərarına gəlmişdir. Həmin vaxt onun özü tək olmuş, yanında heç kim olmamışdır. Çayxananın qarşısında olanda orada olan camaatın bir hissəsinin çayxanadan dağılışaraq çıxdığını görmüşdür. Çayxanada tək oturub çay sifariş etmişdir. Həmin vaxt çayxanada Əlövsətin əmisi oğlu Şahid6, Əlövsət özü, onun balaca oğlu Turan və onun özü olmuşlar. Orada ona məlum olmuşdur ki, qonşuluqda yaşayan Rəşad gəlib orada səs-küy salıb. Rəşadla mübahisənin səbəbini bilməmişdir. Çay içəndə kiminsə “durun qaçın, gəlir” sözlərini dediyini eşitmişdir. Çayxanadan çıxanda uzaqdan Rəşadın gəldiyini görmüşdür. Rəşadın əlində nəsə olsa da, gözü zəif gördüyü üçün əlində olanın nə olduğunu bilməmiş və oradan uzaqlaşıb piyada evinə tərəf getmişdir. Bundan sonra nə baş verməsi barədə məlumatı olmamışdır. Səhəri günü eşitmişdir ki, Rəşad ora gələndə əlində lüləsi kəsilmiş tüfəng olmuşdur. O istər həmin vaxt, istərsə də hal-hazırda Rəşad və Əlövsət arasında mübahisənin səbəbini bilməmiş, bu barədə də başqa heç bir məlumatı olmamışdır. Onun özü ora gəlməmişdən qabaq da Rəşad orada olmuş, Əlövsətlə mübahisə etmiş, çayxanaya gələndən sonra bu barədə eşitmiş, ora girəndə də, çayxanada olan bəzi şəxslər durub getmiş, gedənlərin arasında Elbrusun və Etibarın olmasını xatırlamış, çayxanaya girəndə isə orada ifadəsində göstəriyi şəxslər, yəni Əlövsət, onun oğlu Turan, qohumu Rövşən və onun özü olmuşdur. X9 və ya onun oğlu Turan arasında çayxananın fəaliyyəti ilə bağlı və ya digər səbəbdən hər hansı mübahisə olmasının şahidi olmamış, bu barədə heç bir məlumatı olmamışdır. Onun özü Rəşad çayxanaya çatmamış oradan uzaqlaşmış, ona qarşı heç bir hərəkət etməmişdir. Şahid6 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs tanıyır, həmkəndlisidr, onunla münasibəti bir həmkəndli kimi normal olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. Barəsində soruşulan Zərərçəkmiş şəxs2 onun əmisi oğludur və onların qohum kimi münasibəti yaxşıdır, aralarında ədavət və ya düşmənçilikləri yoxdur. 28 aprel 2017-ci il tarixdə saat 17 radələrində çay içmək üçün Əlövsətin Bayan kəndində, yol kənarında yerləşən çayxanasına getmişdir. Çayxanada Əlövsətlə birlikdə oturmuş, həmin vaxt başqa masada həmkəndlisi Şahid5 əyləşmişdir. Çay içərkən Rəşad çayxananın həyətində üç sıra hörülmüş mişar daşının üzərində olan şiferləri dartaraq hasara söykəmişdir. Bundan əvvəl Rəşad ora gəlib Əlövsətlə mübahisə etmiş, lakin o həmin vaxt orada olmamışdır. Bir qədər sonra Əlövsətin oğlu Turan çayxanaya gəlmiş, Turan Rəşada bir qonşu və böyük kimi ona hörmət etdiyini, lakin onun atası Əlövsəti təhqir etdiyini bildirmişdir. Rəşad isə Turanın dediklərinə qarşı ona kobud cavab vermiş və onlar arasında mübahisə böyümüşdür. Əvvəlcə Əlövsət onların arasına girmiş, lakin sakitləşdirə bilmədiyini görüb onun özü də müdaxilə etmiş və Turanı kənarlaşdırmışdır. Bundan sonra Rəşad oradan çıxıb getmişdir. Bir qədər sonra çöldən yenə Turanın səsi gəlmişdir. Çölə çıxanda Rəşadın əlində lüləsi və qundağı kəsilmiş tüfəng olmuşdur. Turan tüfəngi görüb yaxınlıqda yerləşən evlərinə qaçmışdır. Həmin vaxt çayxanada olan Əliyusif də çayxanadan çıxıb getmiş və orada yalnız Əlövsətlə onun özü qalmışdır. Rəşad tüfəngi Əlövsətin qarnına dirəmiş, onu və oğlu Turanı öldürəcəyi ilə hədələmişdir. Əlövsət də ona “neyniyəcəksən, öldürəcəksən məni, öldür canım qurtarsın sənin əlindən” sözlərini cavab olaraq demişdir. O dərhal Əlövsəti kənara itələyib onun qarşısına keçmişdir. Əlindəki silahı ya ona verməsini, ya da çıxıb getməsini xahiş etmişdir. Rəşad isə ona, “Rövşən qardaş, sənlik bir şey yoxdur, sən kənara çəkil” demişdir. O, Rəşadı sakitləşdirmiş və Rəşad onun sözünü eşidərək yaşadığı evə tərəf getmişdir. Sonradan ona məlum olmuşdur ki, Turan evdən polisə məlumat vermiş, bir qədər sonra polis əməkdaşları gəlib Rəşadı aparmışlar. Qeyd edilən hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. X5 və ya onun oğlu Turan arasında çayxananın fəaliyyəti ilə bağlı və ya digər səbəbdən hər hansı mübahisə olmasının şahidi olmamış, bu barədə heç bir məlumatı olmamış, lakin onların arasında torpaqla bağlı narazılıq olduğunu bilmişdir. Rəşad çayxanada ona və ya başqa birinə qarşı hər hansı hərəkət etməmiş, yalnız Əlövsət və onun oğlu Turanla mübahisə edib, əlində tüfənglə onların üzərinə gəlmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs əlində olan tüfəngin içərisində patron olub-olmamasını bilməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs atəş açmaq imkanı olmuş, lakin belə bir niyyəti olmamış, sadəcə Əlövsət və oğlu Turanla mübahisə etdiyi üçün onları qorxutmağa çalışmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan, ona əlavə edilmiş bir ədəd fotoşəkildən və xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, həmin tarixdə saat 09:40-dan 11:15-dək Təqsirləndirilən şəxs iştirakı ilə ondan götürülərək Oğuz RPŞ-nə təqdim edilmiş bir ədəd tüfəngə və bir ədəd patrona baxış keçirilərkən tüfəngin 20 kalibrli, yivsiz və təklüləli olduğu, üzərində “2194M” nömrəsinin qeyd olunduğu, silahın çaxmağının xaricdə olduğu, lüləsi və qundağının kəsildiyi, patronun isə 20 kalibrli silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş sursat olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs tüfəngi təxminən 10-11 il əvvəl Oğuz rayonunda hazırda yerini xatırlamadığı meşə ərazisindən tapdığını, sənədlərinin olmadığını, 2023-cü ilin yay aylarında tüfəngin lüləsini və qundağını məqsədsiz şəkildə kəsdiyini, tüfəngdən həmin ildə bir güllə atdığını, qanun pozuntusu olsa da silaha həvəsi olduğundan təhvil vermədiyini, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində baş vermiş mübahisə zamanı istifadə etdiyi silah olduğunu bildirmişdir. (iş vər: 15-18) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan, ona əlavə edilmiş altı ədəd fotoşəkildən görünür ki, baxış keçirilmiş yer Oğuz rayonu Bayan kəndi ərazisi olmaqla Zərərçəkmiş şəxs2 məxsus çayxana Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu Bayan kəndi ərazisindən keçən hissəsində Şəki rayonu istiqamətində avtomobil yolunun sağ kənarında yerləşməklə Təqsirləndirilən şəxs qundağı və lüləsi kəsilmiş tüfəngdən istifadə etməklə Zərərçəkmiş şəxs2 və oğlu Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə hədələdiyi yer olub, ictimai yer, yəni insanların istirahəti üçün nəzərdə tutulmuş çayxana olduğu müəyyən edilmişdir. (iş vər: 19-23) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan xx.xx.2024-cü il tarixli, 110 saylı tibbi müayinə protokolundan görünür ki, həmin tarixdə saat 20:50 radələrində Təqsirləndirilən şəxs müayinəsi aparılarkən onun orta dərəcədə alkoqol sərxoşluğunda (4,2 promil) olduğu müəyyən edilmişdir. (iş vər: 14) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli, 3- 16-16-2-17/407 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş, 20 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “2194M” nömrəli, xarici çaxmaqlı, tək lüləli yivsiz odlu ov tüfəngidir, lakin konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi və qundağı kustar üsulla kəsilmiş, ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyidir, odlu silah hesab edilir. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet 20 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz (hamarlüləli) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə hazırlanmış patrondur. Ekspertiza tədqiqatının dəyəri 30,60 manatdır.( iş vər: 31-34) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan və dörd ədəd fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs istintaq hərəkəti zamanı hadisə yerində hadisənin baş vermə şəraitini, silahı və patronu polis əməkdaşlarına təqdim etdiyi yeri əyani olaraq bir daha təsdiq etmişdir. ( iş vər: 81-84) Oğuz Rayon Məhkəməsinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli, 4(054)-5/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir.(iş vər: 85-88) Azərbaycan Respublikası TƏBİB publik hüquqi şəxs Oğuz Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli, 18-1-64/2-574/2024 saylı məktubundan görünür ki, Oğuz rayon Bayan kənd sakinləri Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Oğuz RMX-nin Poliklinika şöbəsinin “Narkoloji” və “Ruhi-əsəb” kabinetlərində qeydiyyatda deyildirlər. (iş vər. 127) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan xx.xx.2024cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1999-cu il tarixdə Oğuz RPŞ tərəfindən Azərbaycan Respublikası CM-nin 93-3-cü maddəsinin 2-ci hissəsi ilə məsuliyyətə cəlb edilmiş, həmin tarixdə CPM-nin 7-1 maddəsinə əsasən barəsində olan R/M-2 saylı material üzrə icraata xitam verilmişdir. (iş vər: 145-146). Oğuz rayon İHB-nın Bayan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli, 5- 68-12/2-80/2024 saylı arayışından və həmin tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Oğuz rayon Bayan kəndində qeydiyyatda olmaqla həmin ərazidə anası X4 ilə birlikdə yaşamışdır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. ( iş vər. 130, 134) İş materiallarına əlavə edilmiş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməsi onun özünün ifadələri ilə qismən, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, ekspertiza rəyləri və bütün iş materialları ilə tam təsdiq olunduğundan məhkəmə hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.3, 228.1 və 229.1-ci maddələri ilə tövsif edilmişdir. İş materiallarından göründüyü kimi törədilmiş əməllərin Azərbaycan Respublikası CM-nin 221.3, 228.1 və 229.1-ci maddələri ilə tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmadığından məhkəmə təqsirləndirilən şəxs barəsində ittiham hökmümün çıxarılmasını qanuna müvafiq hesab edir. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsini qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-nin Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 – 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda, məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr tərəfindən təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı İnsan Hüquqlarının və əsas Azadlıqlarının Müdafiəsi haqqında”, “X1 və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Presedentlərinin Tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli 5 saylı Qərarının 10-cu maddəsində göstərilir ki, hüququn aliliyi və insan hüquqlarına hörmət X2 3-cü maddəsində nəzərdə tutulan əsas dəyərlərdəndir. Konvensiyanın 6-cı maddəsi təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslığını təmin etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin Qutsardi İtaliyaya qarşı işində qeyd etmişdir ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində «azadlıq hüququ» bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur, məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq «azadlıqdan məhrum» edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin azadlıqdan məhrum edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn sözügedən tədbirin növünə, müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs şikayətçi olmamasını onun barəsində cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutaraq, onun əməllərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmadığını qeyd etməklə, zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamalarını, eyni zamanda təyin olunan cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 228.1 və 229.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, həmin maddələrlə kifayət edən həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin ediləcək cəzaların qismən toplanması yolu ilə onun üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılaraq cəza çəkməsının başlanğıcı onun tutularaq həbsə alındığı xx.xx.2024cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Oğuz RPŞ-nin “Maddi sübut” otağında saxlanılan maddi sübut: konstruktiv dəyişikliklərə məruz qoyularaq sonradan lüləsi və qundağı kustar üsulla kəsilmiş, zavod üsulu ilə istehsal edilmiş, 20 kalibirli, patronluğunun uzunluğu 70 mm olan, “2194M” nömrəli, xarici çaxmaqlı, təklüləli, yivsiz odlu silah və 01 ədəd 20 kalibirli olmaqla, həmin kalibrə malik yivsiz (hamarlüləli) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə hazırlanmış patron aidiyyəti üzrə təhvil verilməlidir. İş üzrə olan 30,60 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq müvafiq hesaba ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunması təklif edilən əmlak, alət və vasitə, mülki iddia tələbinin və digər məhkəmə xərclərinin olmadığı nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikasının CPM-nın 344-358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 228.1 və 229.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2(iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 229.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 4 (dörd) il 6(altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəza çəkməsinin başlanğıcı onun tutularaq həbsə alındığı xx.xx.2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Oğuz RPŞ-nin “Maddi sübut” otağında saxlanılan maddi sübut: konstruktiv dəyişikliklərə məruz qoyularaq sonradan lüləsi və qundağını kustar üsulla kəsilmiş, zavod üsulu ilə istehsal edilmiş, 20 kalibirli, patronluğunun uzunluğu 70 mm olan, “2194M” nömrəli, xarici çaxmaqlı, təklüləli, yivsiz odlu silah və 01 ədəd 20 kalibirli olmaqla, həmin kalibrə malik yivsiz (hamarlüləli) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə hazırlanmış patron xüsusi müsadirə olunaraq Azərbaycan Respublikası Daili İşlər Nazirliyinin Təchizat İdarəsinə aidiyyəti üzrə təhvil verilsin. İş üzrə cəmi 30,60 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM, VÖEN **********, X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SWİ F T Bik CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə xüsusi müsadirə olunması təklif edilən əmlakın, alət və vasitənin, mülki iddia tələbinin və digər məhkəmə xərclərinin olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində, həbsdə saxlanılan şəxs tərəfindən isə hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №1(054)-5/2025
Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-5/2025
04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver