Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-53/2025 08.07.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, xx.xx.1966-cı il tarixdə Oğuz rayonu Xaçmaz kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, 2025-ci ilin yanvar-fevral aylarında Oğuz rayonu, Xaçmaz kəndində yerləşən Oğuz RİHB-nin Xaçmaz kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin mülkiyyətinə aid olan ehtiyat fondu, malqara düşərgəsi, uqodiyası tikinti təyinatlı torpaq sahəsində bioloji inkişafda olmuş, meşə fonduna daxil olmayan ərazidən, 2 ədəd diamteri 20 sm, 1 ədədinin əmsalı 180 manat olmaqla ümumilikdə 360 manat dəyərində cır gilas ağacı, 1 ədəd diametri 28 sm, əmsalı 250 manat dəyərində cır gilas ağacı, 1 ədəd diametri 32 sm, əmsalı 300 manat dəyərində cır gilas ağacı, 2 ədəd diametri 8 sm, 1 ədədinin əmsalı 8 manat olmaqla ümumilikdə 160 manat dəyərində vələs ağacı, 2 ədəd diametri 12 sm, 1 ədədinin əmsalı 120 manat olmaqla ümumilikdə 240 manat dəyərində vələs ağacı, 2 ədəd diametri 16 sm, 1 ədədinin əmsalı 150 manat olmaqla ümumilikdə 300 manat dəyərində palıd ağacı, 2 ədəd diametri 24 sm, 1 ədədinin əmsalı 200 manat olmaqla ümumilikdə 400 manat dəyərində palıd ağacı, 2 ədəd diametri 36 sm, 1 ədədinin əmsalı 350 manat olmaqla ümumilikdə 700 manat dəyərində palıd ağacı, 2 ədəd diametri 60 sm, 1 ədədinin əmsalı 1200 manat olmaqla ümumilikdə 2400 manat dəyərində palıd ağacı, 1 ədəd diametri 24 sm, əmsalı 200 manat dəyərində qarağac ağacı, 1 ədəd diametri 24 sm, əmsalı 200 manat dəyərində qovaq ağacı olmaqla, ümumillikdə 18 ədəd köküstə yaş ağacları qanunsuz olaraq kəsib, satmaqla təbiətə cəmi 5510 (beş min beş yüz on) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, xx.xx.1992-ci il tarixdə Oğuz rayonu, Xaçmaz kənd komsomolunun kolxoz aktına əsasən ona 12 sot torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində əkin işləri görmüşdür. 1997-ci il tarixdə keçirilmiş torpaq islahatına əsasən ona Oğuz rayonu, Xaçmaz kənd bələdiyyəsi tərəfindən 50 sot pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində də əkin işləri görmüşdür. Bundan başqa yaşadığı evin yaxınlığında torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsində yaz fəslində yonca əkmək istəmiş, lakin həmin torpaq sahəsində müxtəlif növ cır gilas, vələs, palıd, qarağac və qovaq ağacları olmuşdur. 2025-ci ilin yanvar ayının əvvələrindən fevral ayının 9-nə kimi olan müddət ərzində həmin torpaq sahəsində olan cır gilas, vələs, palıd, qarağac və qovaq ağaclarını mişar ilə kəsmişdir. Həmin ağacların əksəriyyətini həyətyanı sahəsindəki təndirxanada və evində istilik məqsədilə odun qismində istifadə etmişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə həmin torpaq sahəsində olan 2 ədəd böyük ölçülü palıd ağacını kəsmişdir. Həmin ağacları kəsdikdən sonra doğramışdır. Palıd ağacının kiçik ölçüdə olan budaqlarını qıraraq evinə gətirmişdir. Palıd ağacının digər oduncaqlarını satmaq qərarına gəlmişdir. Kənd sakinlərindən həmkəndlisi Şahid2 yaşadığı evin həyətində tövlə tikdiyini və bunun üçün ona taxta lazım olduğunu eşitmişdir. Axşam saatlarında Oğuz rayonu, Xaçmaz kəndi ərazisində olan zaman Şahid2la görüşərək 2 ədəd doğranmış vəziyyətdə olan palıd ağaclarının olduğunu bildirmişdir. Şahid2 həmin ağacları 500 manata satacağını bildirmişdir. Şahid2 da onunla razılaşmış və həmin ağaclara baxmaq istədiyini bildirmişdir. Şahid2 palıd ağaclarının olduğu yerə aparmışdır. Şahid2 həmin ağaclara baxdıqdan sonra ertəsi gün gəlib aparacağını bildirmişdir. xx.xx.2025-ci il tarixdə günorta saatlarında torpaq sahəsində olan zaman günorta saatlarında həmkəndlisi Şahid3 palıd ağacları olan yerə özünə məxsus traktorla gəlmiş və ona Şahid2 məxsus palıd ağaclarını aparmağa gəldiyini bildirmişdir. Bir müddət sonra Şahid2 həmkəndlisi X10 ilə birlikdə palıd ağacları olan sahəyə gəlmişdir. Rafail Cəbilinin konu olduğunu və həmin kon ilə doğradığı palıd ağaclarını Şahid3 məxsus traktora yüklədiyini bildirmişdir. Şahid3 də, həmin ağacları Şahid2 evinin həyətyanı sahəsinə aparmışdır. Şahid2 torpaq sahəsində ona 500 manat pul vermişdir. Həmin pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Təqsirləndirilən şəxs ifadəsində, eyni zamanda, göstərdi ki, ağacları qanunsuz olaraq kəsməsi nəticəsində təbiətə dəymiş maddi ziyana görə ödənilməli olan məbləği də maddi imkansızlıq üzündən indiyədək könüllü olaraq ödəyə bilməmişdir. Onun himayəsində azyaşlı uşağı vardır və ailəsində ondan başqa əmək qabiliyyətli olan şəxs yoxdur. Digər ailə üzvlərinə də onun özü tərəfindən diqqət və qayğı göstərilir. Qeyd etdiklərini cəza təyin edilən zaman nəzərə almağı və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs cinayət əməli törətməsi onun etirafı ilə yanaşı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspertiza rəyi, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş hüquqi şəxs Oğuz rayon İcra Hakimiyyəti başçısının Xaçmaz İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ifadə verərək göstərdi ki, o, xx.xx.2012-ci il tarixdən Oğuz rayonu, Xaçmaz İƏD nümayəndəsinin müavini vəzifəsində işləyir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 X12 və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının tərtib etdikləri aktla tanış olmuşdur. Təqsirləndirilən şəxs heç bir icazə olmadan dövlət mülkiyyətinə aid torpaq sahəsindən cır gilas ağacları, palıd ağacları, qaraağac ağacı və qovaq ağacı kəsmişdir. Təqsirləndirilən şəxs ağacları kəsməyi barədə icra nümayəndəliyinə rəsmi müraciət etməmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində eyni zamanda göstərdi ki, Oğuz rayon İcra Hakimiyyəti başçısının Xaçmaz İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə dəymiş 5510 manat maddi ziyan məbləği indiyədək ödənilməmişdir. Hazırda Nümayəndəliyin təqsirləndirilən şəxsə qarşı hər hansı tələbi yoxdur və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, o Oğuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə Oğuz rayonu, Xaçmaz kəndi ərazisində xidmətdə olan zaman əvvəllər tanımadığı, lakin adını sonradan bildiyi Təqsirləndirilən şəxs kənd ərazisində olan torpaq sahəsində işlədiyini görmüşdür. Onun yanına yaxınlaşan zaman torpaq sahəsində ağac gövdələrinin olmasını görmüşdür. Həmin ərazidə ağac budaqları və oduncaqlarının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ağacları kimin kəsdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs da ağacları özünün kəsdiyini, başqa heç kimin köməyindən istifadə etmədiyini, ağacların oduncaqlarını əksəriyyətini həyətyanı sahəsindəki təndirxanada və evində istilik məqsədilə yandırdığını, qalan hissəsini isə satdığını bildirmişdir. Təqsirləndirilən şəxs ağacları kəsən zaman rəsmi qaydada icazə almadığını bildirmişdir. Bundan sonra ağacların kəsilməsi ilə bağlı Oğuz RPŞ-nin rəhbərliyinə raportla müraciət etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərdi ki, o, yaşadığı evin həyətində tövlə tikmişdir. Tövlə tikintisində istifadə etmək üçün odun kötükləri lazım olmuşdur. xx.xx.2025-ci il tarixdə axşam saatlarında Oğuz rayonu, Xaçmaz kəndi ərazisində olan zaman həmkəndlisi Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Söhbət zamanı Təqsirləndirilən şəxs 2 ədəd doğranmış vəziyyətdə olan palıd ağaclarının olduğunu və həmin ağacları 500 manata satacağını bildirmişdir. Həyətyanı sahədə tövlə tikdiyini, bunun üçün də odun kötüklərinin lazım olduğunu və həmin kötükləri almaq istədiyini bildirmişdir. Bundan sonra həmin doğranmış ağaclara baxmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs onunla razılaşmış və onu palıd ağaclarının kəsildiyi torpaq sahəsinə aparmışdır. Həmin ağaclara baxdıqdan sonra ertəsi gün gəlib aparacağını bildirmişdir. Daha sonra həmin torpaq sahəsindən çıxaraq kəndin mərkəzi hissəsinə gəlmişdir. Orada həmkəndlisi Şahid3 ilə görüşmüşdür. Söhbət zamanı Teymur Məhtiyevə xx.xx.2025-ci il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs məxsus torpaq sahəsində doğranmış vəziyyətdə olan palıd ağaclarının oduncaqlarını ona məxsus traktor ilə həyətyanı sahəyə aparmaq istədiyini və bunun qarşılığında 20 manat pul verəcəyini bildirmişdir. Şahid3 də, onunla razılaşmış və ertəsi gün həmin oduncaqları özünə məxsus olan traktor ilə aparacağını bildirmişdir. Bir müddət sonra kənd ərazisində həmkəndlisi Şahid4 ilə görüşmüş və həmkəndlisi Təqsirləndirilən şəxs məxsus torpaq sahəsində doğranmış vəziyyətdə olan palıd ağaclarının oduncaqlarını ona məxsus kon ilə həmkəndlisi Şahid3 məxsus traktora yükləməsini və bunun qarşılığında ona 20 manat pul verəcəyini bildirmişdir. Şahid4 onunla razılaşmışdır. xx.xx.2025-ci il tarixdə günorta saatlarında Şahid4 ilə birlikdə palıd ağaclarının kəsildiyi torpaq sahəsinə gəlmişdir. Həmin vaxt həmkəndliləri Şahid3 və Təqsirləndirilən şəxs həmin torpaq sahəsində olmuşdur. Özünə məxsus kon ilə palıd ağaclarının doğranmış vəziyyətdə olan oduncaqlarını Şahid3 məxsus traktora yükləmişdir. Palıd ağaclarının doğranmış vəziyyətdə olan hissələrini traktora yüklədikdən sonra Şahid3 odun hissələrini Şahid2 məxsus evin həyətyanı sahəsinə aparmışdır. Daha sonra Şahid2 ona 20 manat pul vermişdir. Pulu götürüb evinə gəlmişdir. Palıd ağaclarının oduncaqlarını traktora yüklədiyi torpaq sahəsində cır gilas, vələs, qarağac və qovaq ağaclarının kəsilməsini və ya doğranmasını görməmişdir. Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin özünə məxsus olmasını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə axşam saatlarında Oğuz rayonu, Xaçmaz kəndi ərazisində olan zaman həmkəndlisi Şahid2 kənd ərazisində onunla görüşmüşdür. Söhbət zamanı Şahid2 ona ertəsi gün həmkəndlisi Təqsirləndirilən şəxs məxsus Oğuz rayonu, Xaçmaz kəndi ərazisində yerləşən torpaq sahəsindən doğranmış palıd ağaclarının oduncaqlarınıona məxsus olan traktor ilə yaşadığı evin həyətyanı sahəsinə gətirmək istədiyini və bunun müqabilində ona 20 manat pul verəcəyini bildirmişdir. Onunla razılaşmışdır. xx.xx.2025-ci il tarixdə günorta saatlarında özünə məxsus traktor ilə Şahid2 ona bildirdiyi torpaq sahəsinə gəlmişdir. Həmin vaxtı həmkəndlisi Təqsirləndirilən şəxs torpaq sahəsində olmuşdur. Həmin torpaq sahəsində doğranmış vəziyyətdə olan palıd ağaclarının oduncaqları olmuşdur. Həmkəndlisi Təqsirləndirilən şəxs palıd ağaclarının oduncaqlarını aparmağa gəldiyini bildirmişdir. Bir müddət sonra həmkəndlisi X1 Səmədov ilə birlikdə palıd ağacları olan sahəyə gəlmişdir. Rafail Cəbilinin konu var olduğunu və həmin palıd ağaclarının oduncaqlarını ona məxsus traktora yükləmişdir. Şahid2 ona 20 manat pul vermişdir. Bundan sonra həmin oduncaqları Şahid2 evinin həyətyanı sahəsinə gətirmişdir. Palıd ağaclarının oduncaqlarını daşıdığı torpaq sahəsində cır gilas, vələs, qarağac və qovaq ağaclarının kəsilməsini və ya doğranmasını görməmişdir. Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin özünə məxsus olmasını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 da oğlu ifadə verərək göstərdi ki, o, xx.xx.2025-ci il tarixdə axşam saatlarında Oğuz rayonu, Xaçmaz kəndi ərazisində olan zaman həmkəndlim Şahid2 kənd ərazisində mənimlə görüşdü. Söhbət zamanı Şahid2 mənə ertəsi gün həmkəndlim Təqsirləndirilən şəxs məxsus Oğuz rayonu, Xaçmaz kəndi ərazisində yerləşən torpaq sahəsindən doğranmış palıd ağaclarının oduncaqlarını həmkəndlim Şahid3 məxsus traktor ilə yaşadığı evin həyətinə aparmaq istədiyini, palıd ağacının oduncaqlarını isə mənə məxsus kon ilə traktora yükləmək istədiyini bildirdi. Mən də heç bir problem olmadığını bildirdim. Həmçinin Şahid2 mənə 20 manat pul verəcəyini bildirdi. xx.xx.2025-ci il tarixdə günorta saatlarında Şahid2la birlikdə özümə məxsus kon ilə Təqsirləndirilən şəxs palıd ağaclarını kəsdiyi yerə gəldik. Həmin vaxtı həmkəndlim Şahid3 və Təqsirləndirilən şəxs torpaq sahəsində idi. Həmin torpaq sahəsində doğranmış vəziyyətdə olan palıd ağaclarının oduncaqları var idi. Mən kon ilə palıd ağaclarının oduncaqlarını Şahid3 məxsus traktora yüklədim. Daha sonra isə Şahid2 mənə 20 manat pul verdi və mən sağollaşaraq evimə gəldim. palıd ağaclarının oduncaqlarını traktora yüklədiyim torpaq sahəsində cır gilas, vələs, qarağac və qovaq ağaclarının kəsilməsini və ya doğranmasını görməmişəm. Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin özünə məxsus olmasını bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Baxış keçirilməsi və götürmə aparılması barədə” xx.xx.2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Oğuz rayonu Xaçmaz kəndi ərazisində köküstə yaş ağacların qanunsuz olaraq kəsdiyi yerə baxış keçirilərək protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs 2025-ci ilin yanvarfevral aylarında Oğuz rayonu Xaçmaz kəndi Oğuz rayon İcra Hakimiyyəti başçısının Xaçmaz İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin mülkiyyətində olan torpaq sahəsindən yaş köküstə ağacları qanunsuz olaraq kəsdiyi yeri əyani şəkildə göstərmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 X12 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan, həmin məktuba əlavə edilmiş aktlardan və hesablama cədvəllərindən müəyyən edilir ki, Oğuz rayonu Xaçmaz kəndi ərazisindən, Oğuz rayon İcra Hakimiyyəti başçısının Xaçmaz İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin mülkiyyətində olan torpaq sahəsindən cəmi 18 ədəd müxtəlif cinsdə və müxəlif diametrdə olan ağacların qanunsuz olaraq kəsməsi nəticəsində təbiətə cəmi 5510 manat miqdarında maddi ziyan dəydiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X17nin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-42/2- 1887/2025 saylı sorğuya cavab məktubundan müəyyən edilir ki, məktubdan qeyd edilmiş, Oğuz rayonu Xaçmaz kəndində yerləşən torpaq sahəsinə baxış keçirilmiş, sərhədlərinin döngə nöqtələrinin koordinatları təyin edilmişdir. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, Xaçmaz kəndi ərazisində X2 tərəfindən kəsilmiş ağacların yerləşdiyi torpaq sahəsi həm torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG), həm də X6 X7 (TEKUİS) əsasən Xaçmaz kənd inzibati ərazi dairəsinin srhəddi daxilində kateqoriyası ehtiyat fondu torpaqları, mal-qara düşərgəsi, uqodiyası tikinti altında torpaqlar olmaqla dövlət mülkiyətinə aid ərazidə yerləşir. İş materiallarına əlavə edilmiş Oğuz rayon X13 Bölməsinin müstəntiqi Bədrəddin Yasərlinin “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarından müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokol, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin dindirilməsi haqqında protokol, şahidlərin dindirilməsi haqqında protokollar, hadisə yerinə baxış keçirilməsi haqqında protokol, ifadələrin yerində yoxlanılması haqqında protokol, həmin protokollara əlavə edilmiş fotoşəkillər, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X17 9 saylı Qəbələ Ərazi İdarəsinin məktubu sübut kimi qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan və həmin tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqıda iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş “Oğuz rayon Mərkəzi Xəstəxanası” X17 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 18-1-64/2-402/2025 nömrəli sorğuya cavab məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Oğuz rayon Mərkəzi Xəstəxanasının “Ruhi-əsəb” və “Narkoloji” kabinetlərində qeydiyyatda deyildir. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının Xaçmaz İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilən xx.xx.2025-ci il tarixli 5-68-14/2- 152/2025 nömrəli arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs evlidir, onun ümumilikdə 3 övladı olmaqla onlardan 2011-ci il təvəllüdlü X3 azyaşlıdır. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının Xaçmaz İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilən xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Məhkəmə, təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinə əsasən ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin maddənin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Bu Məcəllənin 259.1-ci və 260.1-ci maddələrində “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı, lakin iyirmi min manatdan artıq olmayan məbləğ, 259.2.4-cü, 260.1-1-ci və 260.3-cü maddələrində “külli miqdar” dedikdə iyirmi min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, 259.4-cü, 260.1-2-ci və 260.4-cü maddələrində isə “xüsusilə külli miqdar” dedikdə əlli min manatdan yuxarı olan məbləğ başa düşülür. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən bu Qanun, meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqlara şamil edilir; 13.1-ci maddəsinə əsasən dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə, şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda, ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda, texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda, ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda yaşıllıqların götürülməsinə yol verilir; 13.2-ci maddəsinə əsasən bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır; 13.4-cü maddəsinə əsasən yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının (bu halda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi) rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının (bu halda bələdiyyə mülkiyyətində olan torpaq sahələri istisna olmaqla yerli icra hakimiyyəti orqanları) və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı (bu halda Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır; 13.5-ci maddəsinə əsasən qərar qəbul olunan gün qərarı qəbul edən orqan müraciət edən şəxsə yaşıllığın götürülməsinin məqsədini, götürülmə haqqında qərarın tarixini, nömrəsini və digər məlumatları əks etdirən, forması və tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yaşıllığın götürülməsi vərəqi verməlidir. Yaşıllığın götürülməsi vərəqi olmadan yaşıllığın götürülməsi qadağandır; 13.6-cı maddəsinə əsasən yaşıllığın götürülməsi vərəqi yaşıllıqlara dövlət nəzarətini həyata keçirən orqanın və ictimai nəzarəti həyata keçirən şəxslərin tələbi ilə yaşıllığı götürən şəxs tərəfindən maneəsiz təqdim edilməlidir. Yaşıllığın götürülməsi vərəqi yaşıllığın götürüldüyü ərazidə hamının tanış ola biləcəyi yerdə yerləşdirilməlidir; 13.7-ci maddəsinə əsasən bu Qanunun 13.1.1-ci maddəsində göstərilən halda yaşıllıqların götürülməsi bunu zəruri edən layihənin hesabına həyata keçirilir; 13.8-ci maddəsinə əsasən yaşıllıqların götürülməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı (bu halda Azərbaycan respublikasının Nazirlər Kabineti) müəyyən edir; 19-cu maddəsinə əsasən yaşıllıqların mühafizəsinə dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaşıllıqların mühafizəsi sahəsində pozuntuların aradan qaldırılmasını fiziki və hüquqi şəxslərdən tələb etmək və pozuntulara yol verən şəxslər barəsində müvafiq tədbirlər görmək, yaşıllıqların mühafizəsi sahəsində inzibati xətalar haqqında işlərə baxmaq, şəxslərin əməlində daha ciddi qanun pozuntusu faktları müəyyən etdikdə onları aidiyyəti üzrə göndərmək hüququna malikdir; 24-cü maddəsinə əsasən bu Qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-ci maddəsinə uyğun olaraq hazırlanmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası” meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisindəki yaşıllıqların götürülməsi mexanizmini müəyyən edir. Sözügedən qaydalarda yaşıllıqların götürülməsinə rəyin verilməsi, yaşıllığın götürülməsi vərəqinin forması və tətbiqi qaydaları müəyyən edilmişdir. Həmin Qaydaların: 1.2-ci bəndinə əsasən yaşıllıqların götürülməsi bu Qaydanın 2.2-ci bəndində göstərilən hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərtilə kəsilməsinə yönəldilmiş tədbirdir; 2.2-ci bəndində yaşıllıqların götürülməsinə yol verilən hallar göstərilmişdir ki, həmin hallar “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.1ci maddəsində nəzərdə tutulmuş hallarla eyniyyət təşkil edir; 2.4-cü bəndinə əsasən fiziki və hüquqi şəxslər bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər; 2.9-cu bəndinə əsasən istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin yaşıllığın götürülməsi haqqında qərarı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaşıllıqların götürülməsinə dair rəyi nəzərə alınmaqla, rəyin verilməsi ilə əlaqədar müddət də daxil olmaqla 10 (on) təqvim günündən gec olmayaraq qəbul edilir və bu Qaydanın əlavəsində göstərilən formada yaşıllığın götürülməsi vərəqəsi ilə birlikdə ərizəçiyə verilir. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Oğuz rayonu Xaçmaz kəndi ərazisindən, Oğuz rayon İcra Hakimiyyəti başçısının Xaçmaz İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin mülkiyyətində olan torpaq sahəsindən cəmi 18 ədəd müxtəlif cinsdə və müxəlif diametrdə olan ağacların qanunsuz olaraq kəsməsi nəticəsində təbiətə cəmi 5510 manat miqdarında maddi ziyan dəydiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X4 əməli CM-in 259.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin X4 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, X5 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; törətdiyi əməli etiraf edib peşman olmasını; himayəsində azyaşlı uşağının olması qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Oğuz rayon İcra Hakimiyyəti başçısının Xaçmaz İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamə). İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, onun yaşayış yerindən müsbət xarakterizə olunmasını, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinin özünün həyat tərzinə, ailəsinin vəziyyətinə maddi, fiziki və mənəvi cəhətdən mənfi təsir göstərəcəyini nəzərə alaraq, habelə təqsirləndirilən şəxslə davranışda ictimaiyyətin daha fəal iştirak etməsinin təmin edilməsi, onda cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərilməsi və onun islah edilməsi məqsədi ilə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddədə müəyyən edilmiş az ciddi cəza növü hesab olunan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 259.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır (CPM-198.1). İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia tələbi verilməmişdir. İş üzrə digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Oğuz rayon ərazisini, eləcə də saat 21:00-dan saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Oğuz rayonu Xaçmaz kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübutun olmaması, mülki iddia tələbinin verilmədiyi, digər məhkəmə xərclərinin olmadığı nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim : Emin Məmmədli
Məhkəmə qərarları › İş №1(054)-53/2025
Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-53/2025
08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver