Məhkəmə qərarları › İş №1(054)-57/2025

Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-57/2025

07.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-57/2025 07.07.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1994-cü ildə Oğuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Oğuz rayonu Kərimli kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmə, saxlama, daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda - 5,58 qram narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə əldə edib, qanunsuz olaraq üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə Oğuz rayonu Kərimli kənd ərazisində üzərində narkotik vasitə daşıyarkən, Oğuz RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 21:19-da Oğuz rayonu Kərimli kənd ərazisində saxlanılaraq, dərhal üzərinə video kamera çəkilişi ilə şəxsi axtarış keçirilən zaman onun əynindəki açıqqəhvəyi rəngli gödəkcənin sol iç cibindən 01 (bir) ədəd şəffaf sellefon bükümdə xeyli miqdarda 5,58 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq, sonradan Oğuz RPŞyə gətirilib qanunamüvafiq qaydada rəsmiləşdirilərək, qablaşdırılıb götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər bir neçə dəfə narkotik vasitə olan marixuanadan istifadə etmişdir. xx.xx.2025-ci il tarixdə səhər radələrində təxminən saat 10:00-da yaşadığı kənd ərazisində olan zibil qutusunun yanından keçərkən şəffaf sellefon bükümdə bükülü diqqətini cəlb etmiş və həmin bükülünü götürmüşdür. Həmin bükülünün içərisini açdıqda içərisində narkotik vasitə olan marixuana olmasını aşkar etmişdir. Əvvəllər də narkotik vasitə istifadə etdiyi üçün həmin kütlənin qoxusundan marixuana olduğunu başa düşmüş və həmin kütləni əynindəki açıq-qəhvəyi rəngində olan gödəkçənin sol iç cibinə qoymuşdur. Bundan sonra dəqiq xatırlamadığı axşam saatlarında yolun kənar ilə piyada hərəkətdə olduğu vaxt polis əməkdaşları videoçəkiliş apararaq ona yaxınlaşmış, polis əməkdaşları olduqlarını və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib, üzərində olan narkotik vasitəni onlara təqdim etməyini istəmişlər. Həmin vaxt üzərində olan narkotik vasitəni polislərə təqdim etmişdir. Həmin sellefon bükümdə olan narkotik vasitə polis əməkdaşları tərəfindən tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Bundan sonra Oğuz RPŞ-nə gətirilmişdir. Polis şöbəsində həmin narkotik vasitəyə yenidən baxış keçirilmiş və narkotik vasitə yenidən tərəzidə çəkilmiş, həmçinin qablaşdırılaraq götürülmüşdür. Bütün bu prosesler video çəkilişlə həyata keçirilmiş, şübhəli şəxs qismində tutulmuş və Araz adlı müdafiəçi ilə təmin edilmişdir. O, həmçinin ondan aşkar olunaraq götürülmüş narkotik vasitəni gələcəkdə özü istifadə etmək üçün üstündə saxlamış, heç vaxt narkotik vasitə satmamış, heç vaxt heç kimə narkotik vasitə verməmiş, həmçinin heç kimlə birlikdə narkotik vasitə istifadə etməmişdir. Bundan əlavə heçkimə narkotik vasitə istifadə etməyi də təklif etməmişdir. O, üstündə aşkar olunandan başqa heç bir yerdə narkotik vasitə saxlamamış, narotik vasitəni tapmağı və həmin narkotik vasitəni üzərində saxlamağı barədə heçkimə heçnə deməmişdir. Eyni zamanda xx.xx.2025-ci il tarixli 17/199 nömrəli eskpertizanın rəyi ilə tanış olmuşdur və heç bir etirazı yoxdur. Yekunda Təqsirləndirilən şəxs bildirdi ki, etdiyi əməldən peşmandır. O, hazırda talasemiya xəstəliyindən əziyyət çəkir. Göstərilənləri nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Oğuz rayonu, Kərimli kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs şəxsən tanımır, onunla hər hansı bir düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı tərəfindən rəhbərliyə raportla məruzə edilmiş və verilmiş əmrlə əlaqədar əməliyyat qurupunun yardılması barədə qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə Oğuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2la birlikdə həyəta keçirdikləri əməliyyat tədbirləri nəticəsində Oğuz rayonu, Kərimli kənd sakini Təqsirləndirilən şəxs Oğuz rayonu, Kərimli kənd ərazisində tərəflərindən saxlanaraq üzərinə video görüntü ilə baxış keçirilmişdir. Həmin video görüntünü isə Oğuz RPŞ-nin KTQ-nin baş inspektoru krimnalisti polis leytenantı Vasif Qurbanlı çəkmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən 1 ədəd narkotik vasitə marixuanaya bənzər kütlə olan sellefon büküm aşkar edilmiş və həmin büküm tərəzidə çəkildikdə 5.70 qram olmuşdur. Bu barədə tərəfindən protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 iş üzrə digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etdilər. İş üzrə şahid Oğuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 üzürlü səbəbdən məhkəmə iclasına gələ bilmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:40-da şübhəli şəxs qismində tutulmuşdur; “Əməliyyat-axtarış tədbirinin gedişatının rəsmiləşdirilməsi, saxlanılan şəxsin üstünün yoxlanılması, nəqliyyat vasitəsinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 21:19-da Oğuz rayonu Kərimli kəndi ərazisində saxlanılmış Təqsirləndirilən şəxs əynində olan ağ rəngli gödəkçənin sol yan cibində 1 ədəd “Viniston” markalı siqaret qutusunu və əynində olan cins şalvarın sağ yan cibindən “Xiaomi” markalı mobil telefonu, həmin gödəkçənin sol içəri döş cibindən 1 ədəd sellafonda olan narkotik vasitə marixuanaya bənzər bükümü çıxardaraq təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmış, bundan başqa üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs Sellofon bükümdə olan kütlələrin narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olan 1 ədəd sellofon büküm tərəziyə qoyularaq çəkilmiş və kütlənin ümumi çəkisinin 5,70 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər 1 ədəd sellofon büküm 1 ədəd zərfə qoyularaq iştirakçılar tərəfindən imzalanıb RPŞ-nin 95 saylı möhürü ilə möhürlənərək bağlanmışdır. Mənsur Salamovun özünün iştirakı ilə elektron tərəzidə çəkilərək çəkisinin 200,00 qram olduğu müəyyən edilmişdir. Bundan sonra həmin kütlə zərfə qoyularaq möhürlənmişdir.; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin xx.xx.2025-ci il tarixli, 17/199 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşlarına təqdim etdiyi və ekspertiza tədqiqatına təqdim olunmuş, üzərində adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 5,58 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34,55 (otuz dörd manat əlli beş qəpik) manatdır; “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan və müvafiq iltizamdan görünür ki, Təqsirləndirilən şəxs həbsdən azad edilmiş və onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və xx.xx.2025-ci il tarixdə saat 17:50-də Oğuz RPŞ-dən sərbəst buraxılmışdır; “Maddi sübut kimi tanımaq” barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə və təqdim edilmiş əşyaya keçirilmiş şəxsi axtarışa dair 02 ədəd kompakt disk maddi sübut kimi tanınmış və işin materiallarına əlavə edilmişdir. Həmçinin, təqsirləndirilən şəxsin üzərində aşkar edilib götürülmüş, təmiz çəkisi-5,58 qramdan qalıq qalan 5,56 qram marixuana iş üzrə maddi sübut kimi tanınmışdır və Oğuz RPŞ-də maddi sübutların saxlanma otağına təhvil verilmişdir; “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Oğuz RPŞ-nin İB-nin müstəntiqi X5 müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadəsini yerində yoxlamışdır. Bu zaman Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Oğuz Rayon İcra Hakimiyyəti başçısının Kərimli İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-68-9/2-109/2025 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən anası və qardaşları ilə birlikdə Oğuz rayonu Kərimli kəndində yaşayır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X2 məcburi narkoloji-tibbi yoxlama haqqında xx.xx.2025-ci il tarixli, 839 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür; Oğuz rayon X4 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 18-1-64/2- 258/2025 nömrəli sorğuya cavab məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Oğuz rayon X1 şöbəsinin “Narkoloji” və “Ruhi əsəb” kabinetlərində qeydiyyatda deyildir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir); 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; 21-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının: 2-ci bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 959-İİQ nömrəli Qanununun 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir; 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur; 5-ci bəndinə əsasən narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir; 6-cı bəndinə əsasən istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın “Narkotik vasitələr” adlı İ siyahısının 109.1-ci qrafasına əsasən təmiz halda 5 qram qurudulmuş marixuana xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 5,58 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; - törətdiyi əməli etiraf edib peşman olmasını; - yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Oğuz Rayon İcra Hakimiyyəti başçısının Kərimli İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-68-9/2-111/2025 nömrəli xasiyyətnamə). İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (05-07 mart 2025-ci il, 24 saatdan artıq saxlanılması nəzərə alınmaqla), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM - 69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərinə və təqdim edilmiş əşyaya keçirilmiş şəxsi axtarışa dair 02 ədəd kompakt disk iş materiallarında saxlanılmalı, OğuzRPŞ-nin maddi sübutlar saxlanılan otağında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 5,56 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli (CPM - 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM - 198.1). Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq faktiki azadlığı məhdudlaşdırıldığı vaxtdan-xx.xx.2025-ci il tarixdə saat 22:40-dan şübhəli şəxs qismində tutulmadan azad olunduğu vaxtadək – xx.xx.2025-ci il tarixdə saat 17:50-dək olan müddət 2 (iki) gün kimi nəzərə alınaraq həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə yerləşən, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - Oğuz Rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 5,56 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman videoçəkiliş aparılmasına dair 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 34,55 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra məhkum Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM, VÖEN **********, X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SWİ F T Bik CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə mülki iddia və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim : Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar