Məhkəmə qərarları › İş №1(054)-62/2025

Oğuz Rayon Məhkəməsi Qərar — İş №1(054)-62/2025

31.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 1(054)-62/2025 31.07.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X2 iştirakı ilə, X2 X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147-ci və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması və ona vurulmuş 90000 manat dəyərində maddi və mənəvi zərərin ondan tutulması barədə xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Camal Mürvət oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini, ciddi cəzalandırılmasını və ona vurulmuş 90000 (doxsan min) manat dəyərində maddi və mənəvi zərər Camal Orduxanovdan tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 bildirdi ki, X6 adlı şəxs ümumi tanışları vasitəsi ilə oğlu X7 ABŞ-dan avtomobil gətirməkdə köməklik etməsini xahiş etmişdir. Onların aralarında olan razılaşmaya əsasən Camal avtomobilin gömrük rüsumunun ödənilməsi üçün oğlu Elvinə 8200 (səkkiz min iki yüz) azn pul göndərmişdir. X13 sifariş verdiyi "Ford" markalı avtomobili ABŞ-dan gətirzdirmiş, ancaq həmin avtomobilin gömrük rüsumunun ödənilməsini ödəmək üçün əlində lazımı məbləğ pulu olmamışdır. Belə ki, X13 avtomobilinin ölkəyə gətirildiyi ərəfədə özünə məxsus "BMV" F-10 markalı avtomobili ilə avtoqəza keçirmiş və bunun nəticəsində xeyli ziyana düşmüşdür. Bundan əlavə həmin ərəfədə oğlunun maddi durumu qəflətən xeyli pisləşdiyindən kreditə götürüb icarəyə verdiyi "Chevrolet" markalı avtomobili də banka qaytarmaq məcburiyyətində qalmışdır. Bütün bunların nəticəsində Camala 8200 manat borclu qalmışdır. Camal avtomobilin gömrük rüsumunu özü ödəyərək avtomobilini götürmüşdür. Camal oğlundan pulunu tələb etdikdə oğlu pulu verməyə söz verdiyi vaxt keçdiyi üçün Camal bizim Ceyranbatan qəsəbəsində yerləşən evimizə gələrək həmin məbləği onlardan tələb etməyə başlamışdır. Camalın azğın və gözüdönüş biri olduğunu gördüyündən o Elvinin anası kimi Camala bildirmişdir ki, əğər həqiqətən də oğlunun onaborcu varsa, son qəpiyinədək həmin pulu o özü Camala ödəyəcək. Bundan sonra Camal ona üç gün vaxt verdiyini deyib getmişdir. O oğlu Elvinə Camal adlı şəxsin onu axtardığını deyib nə baş verdiyini soruşduqda oğlu ona xeyli ziyana düşdüyünü, qurmaqda olduğu işin iflasa uğradığını, nəticədə bütün pullarını və maşınını itirdiyini və bu səbəbdən də Camalın pulunu qaytarmaq iqtidarında olmadığını, Camalın isə onu müxtəlif üsul və vasitələrlə hədələdiyini bildirmişdir. Bundan sonra Camal yanında 4-5 nəfər cavan oğlanlar olmaqla onlara gəlmiş və ondan həmin məbləği dərhal ödəməyini tələb etməyə başlamışdır. Əks təqdirdə ağır nəticələrə qatlaşacaqları ilə onu hədələmişdir. O Camala onunla gələn adamların yanıda " oğul, bizə kimsənin bir manatı lazım deyil. Elvinin də sənin pulunu qaytarmamaq kimi bir fikri olmayıb. Sadəcə ziyana düşüb. Tezliklə sənin pulunu qaytaracağımıza mən sənə söz verirəm" demişdir. Camal isə nə vaxt və haradan verəcəyini soruşmuşdur. O isə oğlunu gözüdönmüş bu adamdan qorumaq və onu əmin etmək üçün "Lap lazım olsa böyrəyimi satıb verəcəm!" demişdir. Camal isə" Lap yaxşı! Mənim professor dostum var və o orqan trasplantasiyası ilə məğuldur. Mən onunla danışım, sən böyrəyini ver. Mən öz pulumu götürüm və yerdə qalan pulu da sənin özünə verim"-demişdir. O isə, bunu son variant kimi dediyini bildirmişdir. Bu dəfə də Camal bir neçə gün ərzində pulunun bütöv şəkildə verilmədiyi təqdirdə onların çox pis peşman olacaqlarını deyib getmişdir. Bundan sonra bir neçə dəfə yanında müxtəlif sayda adamlarla onların evinə gələrək onu, qızını, gəlinini ağır ifadələrlə təhqir etmişdir. Bir dəfə onlar onun kartına 500 manat pul göndərmiş və hər ay ən azı 500 manat göndərəcəklərini bildirmişlər. Növbəti gün, xx.xx.2024-cü il tarixdə 96 yaşlı anası X9 vəfat etmişdir. O, anasının dəfni və yas mərasimi üçün Oğuz rayonuna getməli olmuşdur. Anasın yeddisini verib qayıdanda ona məlum olmuşdur ki, o olmayan müddətdə də Camal onların evinə gəlmiş və həmin vaxtda evdə olan olan gəlininə və səkkiz yaşlı nəvəmə hədə-qorxu gələrək onları ağır ifadələrlə təhqir edib getmişdir. Bundan sonra "Tik Tok" sosial şəbəkəsində oğlu Elvinin, yenicə dünyasını dəyişmiş anasın və hətta səkkiz yaşlı nəvəsin şəkillərini montaj edərək üzərlərinə nalayiq sözlər yazaraq paylaşmışdır. Bunun üçün o onların yaşadıqları ərazi üzrə xeyli sayda insana "dostluq atmış" və həmin şəkilləri onlara göndərmişdir. Bir günün içində demək olar ki, bütün qəsəbədə bu məlumatlar sürətlə yayılmış və onları tanıyan hər kəs onların ailə üzvlərinə zənglər edərək və sms-lər yazaraq bu məsələnin nə olduğu ilə maraqlamışlar. Bütün bunlardan gözü doymayan Camal onun mobil nömrəsinə zəng vurmuş və dəstəyi gəlini Gülşən götürmüşdür. Elvinin hər şeyini söyüb təhqir edən Camal bildirmişdir ki, gəlin hazırlaşsın gəlir onu aparmağa. Çox ədəbsiz ifadələrlə bildirmişdir ki, Elvinin borcunu gəlini istifadə etdirib ödətdirəcəkdir. Onun bu hədə-qorxu və təhqirlərindən dərin ruhi həyəcan keçirən gəlini Gülşənin səhhəti qəflətən pisləşmiş, onlar Gülşəni Mərkəzi Respublika Xəstəxanasına çatdırsaq da nəticədə hamiləliyi pozulmuşdur. Uşağı düşəndən sonra isə gəlini onların evinə qayıtmaqdan imtina etmiş və nəticədə oğlunun yeni qurmuş olduğu ailəsi də dağılmışdır. Həmin vaxtdan isə oğlu evi tərk etmiş və “bu biabırçılıqlardan sonra mən bir də bu qəsəbədə adam arasına çıxa bilmərəm” deyib getmişdir. Hazırkı vaxta qədər də oğlunun harada olmasından bir xəbəri yoxdur. Bütün bu hadisələrdən sonra, adətən günü bizdə keçən nəvəsi də onlara gəlməkdən imtina etmişdir. Səbəbini isə " birdən həmin adamlar yenə sizə gələr" kimi göstərir. Göründüyü kimi bir nəfərin azğınlığı nəticəsində bir yeni qurulmuş ailə dağılmış, dünyaya gəlişini bir neçə ailənin səbirsizliklə gözlədiyi uşaq məhv olmuş, bir neçə ailənin həyatına ağır zərbə vurulmuş, heç bir günahı olmayan ailə üzvlərinin şəkilləri montaj edilərək üzərlərinə əxlaqsız-tərbiyyəsiz ifadələr yazılmaqla sosial şəbəkə vasitəsi ilə ağır təhqir edilmişdir. Bütün bunlar onların hamısına dərin psixoloji və fiziki əzablar yaşatmışdır. Camalın onlara qarşı belə bir qəbih hərəkətindən o çox böyük mənəvi əzab çəkmiş, yüksək əsəb gərginliyi və stress keçirmişdir, səhhəti ağırlaşmış və 3 gün yataq xəstəsi olmuşdur. Camalın yalan olduğunu bilə-bilə belə bir məlumatları paylaşması onun mənəviyyatına şərəf və ləyaqətinin ləkələnməsi üçün edilmiş qəsddən başqa bir şey deyildir. Camal bu hərəkəti ilə, onun şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən yalan məlumatların Ceyranbatan qəsəbə əhalisi arasında yayılmasına səbəb olmuşdur. Onun özü də insanların ona baxışlarında bir kinayə hiss edir. Camalı qanunların gücüylə cəzalandırmaq istəyir. Qeyd etdikləri nəzərə alınmaqla xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, Camal Orduxanov tərəfindən edilmiş hərəkətlərin nə zaman başladığını bilmir, lakin xx.xx.2024-cü il tarixədək davam etmişdir. Həmçinin, yalnız Elvinin dostları təkid etdikdən sonra Camal videoları sosial şəbəkədən silmişdir. O, eyni zamanda sosial şəbəkədə yayılan şəkillərin hansı istifadəçi adı ilə, dəqiq hansı tarixdə paylaşıldığını bilmir. Həmçinin bildirdi ki, sosial şəbəkədə şəkillər yayıldıqdan sonra X6 onun gəlnini və nəvəsini təhqir etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmuş barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 məhkəmə hazırlıq iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 299.11-ci maddəsinə əsasən məhkəmə hazırlıq iclasını barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, xüsusi ittiham qaydasında şikayət vermiş X2 izahatını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə olunmuş sənədləri, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 etirazını araşdıraraq hesab edir ki, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 302.1.2 və 302.1.3-cü maddələrinə əsasən şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə və şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən xüsusi ittiham qaydasında şikayət buna hüququ olan şəxs tərəfindən verilməlidir. Lakin, X5 şikayət ərizəsində və məhkəmə iclasında verdiyi izahatında X4 oğlunun onun gəlninə hədə qorxu gələrək onu təhqir etməsini, oğlu Elvinin, nəvəsinin və təzə rəhmətə getmiş anasının şəkillərini “Tik- Tok” sosial şəbəkəsində şəkillərini montaj edərək üzərlərinə nalayiq sözlər yazılaraq paulaşmasınıbildirmişdir. Belə olan halda barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 CM-in 147-ci və 148-ci maddələri ilə məsuliyyətə cəlb olunması ilə bağlı şikayət etmək hüququ da məhz onun gəlninə və oğluna məxsus olmalıdır. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 nömrəli Qərarının 11-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Həmçinin, xüsusi ittiham qaydasında şikayətin məzmunu CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır.Nəzərə alınmalıdır ki, şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmaması xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina olunması üçün əsasdır (CPM-in 302.1.3-cü maddəsi). CPM-in 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: - şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); - törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); - cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; - şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; - cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; - şikayətin verildiyi tarix (il, ay və gün) və yer; - şikayəti vermiş şəxsin imzası. Göründüyü kimi şikayətdə xüsusi ittiham qaydasında şikayətin verilmə qaydasına riayət edilməyərək törədilmiş cinayət barədə məlumatlar açıqlanmamış (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin yaşayış yeri göstərilməmiş, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi müəyyən olunmamış, konkret olaraq hansı əməlin hansı tarixdə və “Tiki-Tok” sosial şəbəkəsində kim tərəfindən törədildiyi göstərilməmişdir. Nəzərə alınmalıdır ki, şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin harada və nə vaxt törədilməsinin göstərilməməsi işin məhkəmə aidiyyatını və cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçib-keçməməsini də qeyri-müəyyən edir. Belə ki, X5 ifadəsində Camal Orduxanov tərəfindən törədilmiş əməllərin xx.xx.2024-cü il tarixədək törədildiyini bildirsə də, bu hərəkətlərin nə zaman edilməyə başlanıldığı, eyni zamanda sosial şəbəkədə nə zaman, hansı istifadəçi adı ilə paylaşdığı və s. kimi iş üçün əhəmiyyətli olan halları göstərməmişdir. Eyni zamanda şikayət Nümayəndə adlı şəxs tərəfindən imzalanmışdır ki, onun da ərizəçinin yaxın qohumu və ya vəkil olması iş materiallarından müəyyən edilmir. Beləliklə şikayət səlahiyyəti olmayan şəxs tərəfindən imzalanaraq məhkəməyə göndərilmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 11-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Beləliklə, qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildiyindən, həmçinin şikayət CPM-in 293.3.1-293.3.7-cü maddəsində göstərilən xüsusi ittiham qaydasında verilmiş şikayətin forma və məzmununa dair tələblərə riayət edilmədən verildiyindən şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və CPM-in 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147-ci və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması və ona vurulmuş 90000 manat dəyərində maddi və mənəvi zərərin ondan tutulması barədə xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar