Məhkəmə qərarları › İş №1(054)-63/2025

Oğuz Rayon Məhkəməsi Qərar — İş №1(054)-63/2025

28.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 1(054)-63/2025 28.10.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Süleymanova (Nəbiyeva) Bəsti Mahir qızının, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, xx.xx.1988-ci ildə Oğuz rayon Xaçmaz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Oğuz rayonu Xaçmaz kəndində qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ona görə ki, o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 31 yanvar 2022-ci il tarixdən hesablanmaqla 18 fevral 2012-ci il tarixdə anadan olmuş X2 və 10 fevral 2020-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 140,00 manat, cəmi 280,00 manat sabit pul məbləğində aliment tutularaq Süleymanova (Nəbiyeva) Bəsti Mahir qızına verilməsinə dair Oğuz Rayon Məhkəməsinin 2(054)-100/2022 saylı 30 iyun 2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib həmin rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(054)- 31/2023 saylı qərarına əsasən 08 gün müddətinə, xx.xx.2024-cü il tarixli 3(054)-116/2024 saylı qərarına əsasən isə 12 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə sonuncu dəfə xx.xx.2025-ci il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 10 aprel 2025-ci il tarixədək şəxsi maraq niyyətilə 7580,00 manat məbləğində aliment borcunu ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq və qəsdən icra etməməklə zərər çəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ona elan edilmis ittihamda özünü təqsirli bilməklə göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, həqiqətən o, 2010-ci ilin əvvəllərində Süleymanova (Nəbiyeva) Bəsti Mahir qızı ilə faktiki nikah münasibətlərinə girərək ailə qurmuşdur. Nikahlarını isə xx.xx.2011-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2012-ci il tarixdə Nuray, xx.xx.2020-ci il tarixdə isə Humay adını verdikləri övladları anadan olmuşdur. Ailə qurduqdan sonra uzun müddət səmimi ailə münasibətləri olsa da, sonradan münasibətləri pozulduğundan 2021-ci ilin yanvar ayında Bəsti uşaqları da götürüb atası evinə qayıtmışdır. Bir müddət ayrı yaşadıqdan sonra Bəsti aralarında bağlanmış nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Oğuz Rayon Məhkəməsi nikahın pozulması, həmçinin ondan cavabdeh kimi 31 yanvar 2022-ci il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 140,00 manat, cəmi 280,00 manat sabit pul məbləğində alimentin tutularaq 18 fevral 2012-ci il tarixdə anadan olmuş X2 və 10 fevral 2020-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Süleymanova (Nəbiyeva) Bəsti Mahir qızına verilməsinə dair xx.xx.2022-ci il tarixli qətnamə çıxarmışdır. Qətnamənin icrası icra məmurları tərəfindən dəfələrlə ondan tələb olunmuşdur. Həmçinin alimenti ödəmədiyinə görə iki dəfə inzibati qaydada məsuliyyətə cəlb edilərək həbs edilmişdir. Lakin maddi imkanı zəif olduğuna görə müəyyən edilmiş alimenti tam olaraq ödəməmişdir. O, iş olanda fərdi qaydada fəhləliklə məşğul olur və aylıq qazancı 300-350 manat təşkil edir. Həmçinin ailələrinə məxsus fındıq bağından tədarük etdikləri fındıq məhsulunu satmaqla qazanc əldə edir. Qətnamə üzrə 10 aprel 2025-ci il tarixədək 7580,00 manat aliment borcunun yarandığını bilir. Təqsirləndirilən şəxs ifadəsində, eyni zamanda, göstərdi ki, o, ilk dəfədir ki, cinayət törədir və əməlindən səmimi peşman olmuşdur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə zərərçəkmiş şəxsə ödənilməmiş qalan 7580,0 manat borcunu hazırda tam şəkildə ödəmişdir. Zərərçəkmiş şəxslə barışıb razılıq əldə etmişdir, zərərçəkmiş şəxs də onunla barışaraq onu bağışlamışdır və hazırda ondan şikayəti və tələbi yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla barəsində olan iş üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Süleymanova (Nəbiyeva) Bəsti Mahir qızı ifadəsində göstərmişdir ki, həqiqətən o, 2010-cu ilin əvvəllərində Təqsirləndirilən şəxs ilə faktiki nikah münasibətlərinə girərək ailə qurmuşdur. Nikahlarını isə xx.xx.2011-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2012-ci il tarixdə Nuray, xx.xx.2020-ci il tarixdə isə Humay adını verdikləri övladları anadan olmuşdur. Ailə qurduqdan sonra uzun müddət səmimi ailə münasibətləri olmuş, lakin sonradan münasibətləri pozulmuş və 2021-ci ilin əvvəllərindən Anarla faktiki olaraq ayrılmışlar. Ayrı yaşadıqları müddətdə Anar uşaqlarla maraqlanmamış və onların saxlanılmasına maddi köməklik göstərməmişdir. Həmçinin barışıb bir ailə kimi birgə yaşamaqları da mümkünsüz olmuşdur. Odur ki, aralarında bağlanmış nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Oğuz Rayon Məhkəməsi iddiasını qismən təmin edərək nikahın pozulması, həmçinin Təqsirləndirilən şəxs cavabdeh kimi 31 yanvar 2022-ci il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 140,00 manat, cəmi 280,00 manat sabit pul məbləğində alimentin tutularaq 18 fevral 2012-ci il tarixdə anadan olmuş X2 və 10 fevral 2020-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ona verilməsinə dair xx.xx.2022-ci il tarixli qətnamə çıxarmışdır. Qətnamənin çıxarılmasından üç ilə yaxın müddətin keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs müəyyən edilmiş aliment məbləğini vaxtı- vaxtında və tam olaraq ödəməmişdir. Halbuki, Anar birgə yaşadıqları müddətdə və hazırda da fərdi qaydada işləyir, həmçinin təsərrüfatla məşğul olur və onun alimenti ödəməyə maddi imkanı vardır. Buna baxmayaraq o, qərəzli olaraq alimenti ödəmir. Uşaqlar böyüdüyündən onların maddi tələbatı xeyli artmışdır. Təkbaşına uşaqların zəruri xərclərini ödəməkdə çətinliklər çəkir. Maddi vəziyyətləri ağır olduğundan müəyyən edilmiş aliment məbləğinə ehtiyacı çoxdur. Alimenti ala bilmədiyinə görə dəfələrlə icra məmurlarına da müraciət etmişdir. İcra məmurları tərəfindən zəruri tədbirlərin görülməsinə baxmayaraq Təqsirləndirilən şəxs yenə də qətnamənin icrasından yayınmaqda davam edir. Buna görə də ondan şikayətçidir. Odur ki, uşaqların maddi təlabatının ödənilməsində çətinliklər çəkdiyini və maddi vəziyyətlərinin ağır olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixədək yaranmış 7580,00 manat məbləğində aliment borcunun alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs Süleymanova (Nəbiyeva) Bəsti Mahir qızı ifadəsində, eyni zamanda, göstərdi ki, Təqsirləndirilən şəxs qarşı heç bir iddiası və tələbi yoxdur. Ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Onunla barışmışdır və şikayətçi deyildir. Qeyd etdikləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Bu barədə müvafiq ərizəni məhkəməyə təqdim etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; “Qətimkan tədbiri seçmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan və müvafiq iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Zərərçəkmiş şəxs Süleymanova (Nəbiyeva) Bəsti Mahir qızının məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir iddiası və tələbi yoxdur. Ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Onunla barışmışdır və şikayətçi deyildir. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə, proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs Oğuz Rayon Məhkəməsinin 2(054)-100/2022 nömrəli, xx.xx.2022ci il tarixli qətnaməsini tam icra etdiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 306.1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır; 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən Goranboy Rayon Məhkəməsinin 2(054)-100/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin tam icra edildiyini, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-in 306.1ci maddəsinin “Qeyd” hissəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. CPM-in 175.5-ci maddəsini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin “Qeyd” hissəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 306.1-ci maddəsi ilə cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia tələbinin verilmədiyi, maddi sübut, ekspertiza və digər məhkəmə xərclərinin olmadığı nəzərə alınsın. Qərardan elan olduğu andan 20 gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar