Məhkəmə qərarları › İş №1(054)-7/2023

Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-7/2023

19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-7/2023 19.12.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, onun nümayəndəsi və vəkili Nümayəndə, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi2 iştirakı ilə xx.xx.1966-cı il tarixdə Oğuz rayon Xaçmaz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Oğuz rayonu Xaçmaz kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ona görə ki, o 15 noyabr 2022-ci il tarixdə saat 12 radələrində adına etibarnamə olmadan idarə etdiyi, X4 məxsus texniki cəhətdən saz olan “Traktor MTZ-82.1” markalı 48 T 500 dövlət qeydiyyat nişanlı qoşqulu traktorla Oğuz rayonu, Xaçmaz kənd avtomobil yolu ilə rayonun Sincan kəndi istiqamətində hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu və əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 üfiqi nişanlama xəttini kəsib keçmək qadağan olduğu halda, bunlara əməl etməyərək qarşıdan gələn həmkəndlisi Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 2107” markalı ** EC *** dövlət qeydiyyat nişanlı avtomobillə qarşı-qarşıya gələrək yolun hərəkət hissəsinin ortasında olan bütöv xətti kəsərək nəqliyyat vasitələrinin sol hissələrini qarşı sol hərəkət zolağına çıxartmaqla yolun hərəkət hissəsinin ortası ilə hərəkət etdirmiş, bu zaman Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 2107” markalı ** EC *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi traktorun qarşı hissəsi ilə toqquşmuş, nəticədə “VAZ 2107” markalı ** EC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs ağır açıq kəllə-beyin travması, baş beyin toxumasına və qişalarına qansızma, baş beyin toxumasının ağır dərəcəli əzilməsi, kəllə qapağı və kəllə əsası sümüklərinin sınığı, başın sağ gicgah və ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ bazunun bayır, sol bazunun arxa, sol və sağ kürək nahiyələrinin, hər iki əlin üst səthinin, hər iki baldırın ön səthinin, sol ayağının iç səthinin sıyrıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aid xəsarətlər alması və almış olduğu baş beyin toxumasına və qişalarına qansızma ilə müşaiyət olunan, baş beyin toxumasının ağır dərəcəli əzilməsi kimi xəsarətlərdən hadisə yerində ölmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməmiş və ifadə verərək göstərmişdir ki, Oğuz rayonu Xaçmaz kəndində yaşayır.xx.xx.2022-ci il tarixdə saat 12 radələrində idarə etdiyi “MTZ-82.1” markalı, 48 T 500 dövlət qeydiyyat nişanlı, arxasında fındıq təmizləyən qoşqusu olan traktorla Oğuz rayonu Xaçmaz kəndinin yuxarı hissəsindən Oğuz rayonu Sincan kəndinə doğru hərəkət edərkən Oğuz rayonu Xaçmaz kəndi ərazisində yerləşən Xaçmaz bələdiyyəsinə çatmamış əks istiqamətdə hərəkətdə olan “VAZ 2107” markalı ** EC *** dövlət qeydiyyat nişanlı avtomobil qəfil hərəkət yoluna çıxaraq onun idarə etdiyi traktorla toqquşmuş, nəticədə “VAZ 2107” markalı avtomobilin sürücüsü, əvvəllər tanıdığı Zərərçəkmiş şəxs aldığı xəsarətdən dünyasını dəyişmişdir. Həmin yol nəqliyyat hadisəsi zamanı özü heç bir xəsarət almamışdır. Traktoru saatda 10 km/saat sürətlə hərəkət etdirmişdir. “VAZ 2107” markalı avtomobilin sürəti təxminən 80-90 km/saat olmuşdur, amma tam dəqiq deyə bilmir. Hadisə baş verən yerdə “VAZ 2107” markalı avtomobilin əyləc izi olmamışdır. Hadisə baş verən zaman hava yağışlı olduğundan asfalt örtüklü yol yaş idi. Onun traktor idarə etmək üçün sürücülük vəsiqəsi var. İdarə etdiyi traktor istismara yararlı olub. Hadisə baş verən zaman traktorda heç kim olmayıb. Toqquşma onun, yəni traktorun hərəkət zolağında baş vermişdir. “VAZ 2107” markalı avtomobilin sağ tərəfi ilə onun idarə etdiyi traktorun sol hissəsi toqquşub. Hava dumanlı və asfalt yaş olduğundan yol sürüşkən idi. O, traktorun işığını yandırmış və eyni zamanda əyləcdən istifadə etmişdir. Yol-nəqliyyat hadisəsi “VAZ 2107” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs onun hərəkət zolağına 40 sm daxil olduğuna görə baş vermişdir. “VAZ 2107” markalı avtomobil idarəetməni itirərək onun traktoru ilə toqquşub. xx.xx.2022-ci il tarixdə video-çəkiliş aparılmaqla ifadəsinin yerində yoxlanılması zamanı həyəcanlı olmuş, buna görə də həmin vaxt qeyri-dəqiqliyə yol vermişdir. Bu səbəbdən çəkilişdə qeyd edilənləri təsdiq etmir. Ekspert rəyi ilə razı deyil, əməlində cinayət tərkibi yoxdur. Hadisə mərhum Zərərçəkmiş şəxs təqsiri səbəbli baş verdiyindən özünü təqsirli bilmir və onun barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda təsvir olunan cinayət əməli işin məhkəmə iclasında tədqiq edilən halları ilə aşağıdakı qaydada sübuta yetir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X5 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun həyat yoldaşı olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində yaşadığı evdə olarkən həyat yoldaşı Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi zamanı öldüyünü bilmişdir. Zərərçəkmiş şəxs Oğuz rayon Qaz İstismar İdarəsində çilingər işləmiş, qeyd edilən tarixdə işləri ilə əlaqədar idarə etdiyi “VAZ 2107” markalı ** EC *** dövlət qeydiyyat nişanlı avtomobillə Oğuz rayonu, Xaçmaz kəndində hərəkətdə olarkən Təqsirləndirilən şəxs idarə etdiyi “Traktor MT2-82.1” markalı 48 T 500 dövlət qeydiyyat nişanlı traktorla toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs hadisə yerində ölmüşdür. Hadisədən sonra Təqsirləndirilən şəxs ilə barışmamışdır, ondan şikayətçidir. Ona görə də onun qanunamüvafiq şəkildə cəzalanmasını xahiş etmişdir. İş üzrə Şahid ifadə verərək bildirmişdir ki, "xxxx" MMC-də daxili nəzarət-audit mütəxəssisi (qida sektoru) vəzifəsində işləyir. Oğuz rayonu Xaçmaz kəndində və digər yerlərdə olan mağazalara satış üçün qida məhsulları verirlər, şirkət əməkdaşı olaraq o da məhsulların satışının hansı vəziyyətdə olması və digər məsələlərlə bağlı mağazalara “yoxlama” kimi gedir. xx.xx.2022-ci il tarixdə təxminən saat 12 radələrində xidməti işi ilə əlaqədar Oğuz rayonu Xaçmaz kəndi ərazisində olarkən “VAZ 2107” markalı avtomobilin traktorun hərəkət yoluna daxil olaraq toqquşduğunu görmüşdür. Hadisə nəticəsində “VAZ 2107” markalı avtomobilin sürücüsü hadisə yerində ölmüşdür. Qoşqulu traktor Oğuz rayonu Xaçmaz kəndindən Oğuz rayonu Sincan kəndi istiqamətində aşağı sürətlə, “VAZ 2107” markalı avtomobil isə yüksək sürətlə hərəkət edirdi. Avtomobil sürüşərək traktorla toqquşmuşdur. Zərbənin təsirindən sürücü avtomobilin pəncərəsindən çölə çıxmışdı. Artıq ona kömək ediləsi vəziyyətdə deyildi, lakin o, 102 xidmətinə zəng etmişdir. Sonradan həmin yerə kənd camaatı yığılmışdır. Həmin vaxt onunla bərabər digər şirkətin əməkdaşları da olmuşdur. Onları tanımır, həmin şəxslərdən birinin adının Məhərrəm olduğunu xatırlayır. O, digər şirkətin əməkdaşları ilə birlikdə “VAZ 2106” markalı avtomobillə hərəkət etmişdir. O özü avtomobildə ön oturacaqda əyləşmişdir. Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 2107” markalı avtomobil yüksək sürətlə onları ötüb keçmiş, sürüşərək idarəetməni itirmiş, traktorun yoluna çıxaraq toqquşmuşdur. Traktorun sağ tərəfində çəpər var idi. Traktor öz hərəkət istiqamətində asfalt yolu “yarıdan bölən ağ xətt”i keçmədən və “VAZ 2107” markalı avtomobilin hərəkət istiqamətinə çıxmadan özünə aid hissə ilə hərəkət edirdi. Məsafəni deyə bilmir, hava dumanlı idi. “VAZ 2107” markalı avtomobilin sürüşməsini görmüşdür. Adını Məhərrəm kimi xatırladığı şəxs arxa oturacaqda oturmuşdu. Avtomobil soldan dəyməyib, ön tərəfdən dəymişdi, zərbənin təsirindən sürücü çölə çıxmışdı. İbtidai istintaqda “VAZ 2107” markalı avtomobilin traktorun hərəkət yoluna təxminən 0,40 metr daxil olduğunu bildirmişdir. “VAZ 2107” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs və traktorun sürücüsü Təqsirləndirilən şəxs əvvəllər tanımayıb, onlarla ədavət və düşmənçiliyi olmayıb. Həmin vaxt onunla birlikdə olan şəxsləri tanımadığına görə ibtidai istintaqda onların adını qeyd etməmişdir. Öz avtomobilini Xaçmaz kəndinin aşağı hissəsində saxladığından digər şirkətin əməkdaşlarının “VAZ 2106” markalı avtomobili ilə getmişdir. Müdafiə tərəfinin təqdim etdiyi şahid X1 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, işlə əlaqədar Oğuz rayonu Xaçmaz kəndinə getmişdir. İş yoldaşı Elşadın idarə etdiyi, ona məxsus “VAZ 2106” markalı avtomobillə Xaçmaz kəndinin mərkəzi yolu ilə hərəkətdə olarkən adını sonradan bildiyi Səxavət adlı şəxsin idarə etdiyi “VAZ 2107” markalı avtomobil sürətlə onları ötüb keçmişdir. Hava yağışlı olmuş, həmin avtomobil onları keçdikdən sonra idarəetməni itirmiş və qarşı tərəfdən gələn traktorla toqquşmuşdur. “VAZ 2107” markalı avtomobil onları ötüb keçdikdən neçə saniyə və ya dəqiqə sonra traktorla toqquşduğunu deyə bilmir. Həmin vaxt “VAZ 2107” markalı avtomobilin arxası “oynadı”, idarəetməni itirdi və traktorun yoluna çıxdı. Hava dumanlı idi, görüş məsafəsi təxminən 40-50 metr olardı. “VAZ 2107” markalı avtomobil onları təxminən 70 km/saat sürətlə ötüb keçmişdir. Onların sürəti təqribən 40-60 km/saat olardı. Toqquşma traktorun hərəkət istiqamətində “düz xətt”dən yolun traktorun hərəkət etməli olduğu hissəsində baş vermişdir. Düz xəttdən neçə santimetr içəridə olduğunu deyə bilmir. “VAZ 2107” markalı avtomobil onları döngədə otüb keçmişdir. Traktor öz yolunda sağ kənar ilə hərəkət edirdi. Təxmini olaraq deyə bilər ki, “VAZ 2107” markalı avtomobil yan tərəfdən traktora çırpılmışdır. Hava yağışlı və zəif dumanlı olsa da, getdikləri istiqamətdə görünüş məsafəsi aydın idi və traktor da görünürdü. Konkret məsafəni deyə bilmir. Məhkəmə iclasında müdafiə tərəfinin təqdim etdiyi şahid X7 ifadə verərək bildirmişdir ki, işlə əlaqədar Oğuz rayonu Xaçmaz kəndinə getmişdir. İdarə etdiyi, özünə məxsus “VAZ 2106” markalı avtomobillə Xaçmaz kəndinin mərkəzi yolu ilə hərəkətdə olarkən adını sonradan bildiyi Səxavət adlı şəxsin idarə etdiyi “VAZ 2107” markalı avtomobil sürətlə ötüb keçdi. Hava yağışlı idi, həmin avtomobil onun idarə etdiyi avtomobili keçdikdən sonra idarəetməni itirdi və qarşı tərəfdən gələn traktorla toqquşdu. Təqsirləndirilən şəxsi əvvəllər tanımayıb. Hadisə yerində dayanmışlar. Traktor öz yolunda idi.Traktor manevr edərək hər hansı istiqamətə dönmürdü. Səxavət adlı şəxsin idarə etdiyi “VAZ 2107” markalı avtomobil onları döngəyə çatmamış ötüb keçdi, döngəyə çatanda idarəetməni itirdi, öz hərəkət istiqamətində yolun tam qırağına çıxdı və sonra sol tərəfə qayıdaraq traktora çırpıldı. “VAZ 2107” markalı avtomobil onları ötüb keçəndən dərhal sonra hadisə baş verdi. Ayın neçəsi olduğunu dəqiq deyə bilmir. Onun idarə etdiyi avtomobilin sürəti 50-60 km/saat olardı. Səxavət adlı şəxsin idarə etdiyi “VAZ 2107” markalı avtomobil onları döngəyə daxil olduqda ötüb keçdi, onun sürətinin neçə olduğunu deyə bilmir. Səxavət adlı şəxsin idarə etdiyi “VAZ 2107” markalı avtomobil idarəetməni itirərək əvvəlcə öz hərəkət istiqamətində sağ tərəfə, sonra isə sol tərəfə istiqamət götürərək traktorun yoluna çıxdı və qəza baş verdi. Səxavət adlı şəxsin idarə etdiyi “VAZ 2107” markalı avtomobil qabaq sağ tərəfdən traktora dəydi. Təxminən 3-5 dəqiqə sonra ora digər şəxslər toplandı. Traktorun qoşqusu görünmürdü, lakin traktor aydın şəkildə görünürdü, duman maneə törətmirdi. Traktor öz hərəkət istiqamətində yolun tən ortasından keçən “düz ağ xətti” keçmədən və qarşıdan gələn nəqliyyat vasitələrinə maneə yaratmadan öz yolu ilə aşağı sürətlə hərəkət edirdi. Səxavət adlı şəxsin idarə etdiyi “VAZ 2107” markalı avtomobil onları ötüb keçəndən sonra da idarə etdiyi avtomobilin sürətini aşağı salmayıb. Onun avtomobilinin sürəti təxminən 50-60 km /saat olardı. Qəza traktorun hərəkət yolunda baş verdi, konkret olaraq qəza nöqtəsini deyə bilmir. Məhkəmə iclasında müdafiə tərəfinin təqdim etdiyi şahid X3 ifadə verərək bildirmişdir ki, Etibarı əvvəldən Xaçmaz kəndinin sakini kimi tanıyır. Həmin gün Xaçmaz kəndinin yuxarı hissəsindən qohumlarının evindən qayıdarkən hadisənin şahidi olmuşdur. Belə ki, həmin vaxt Səxavət adlı şəxsin idarə etdiyi “VAZ 2107” markalı avtomobil idarəetməni itirdi və traktorla toqquşdu. Həmin gün hava yağıntılı və dumanlı idi. Hadisə baş verdikdən bir qədər sonra kənd camaatı həmin yerə yığıldı. Ayın tarixini xatırlamır. Traktordan təxminən 50-60 metr arxada getmişdir. “VAZ 2107” markalı avtomobil fırlanaraq traktorun yoluna çıxdı və avtomobilin sağ tərəfi traktora çırpıldı. O, traktor hərəkət edən istiqamətdə getmişdir. Traktorun sürəti təxminən 10 km/saat olardı. Toqquşma yerindən təxminən 15-20 metr qabaqda döngə var. “VAZ 2107” markalı avtomobil döngədən çıxdı və sürüşərək traktora dəydi. Traktor öz hərəkət istiqamətində yolun tam qırağı ilə gedirdi. Toqquşmadan sonra traktor yerini dəyişmədən olduğu yerdə dayandı. Traktor əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin yoluna çıxmamışdı. O özü hadisə yerində təsadüfən olmuşdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş 15 noyabr 2022-ci il tarixdə yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan müəyyən edilmişdir ki, hadisə Oğuz rayonu, Xaçmaz kəndi ərazisində, kəndin mərkəzi yolunda baş vermişdir, hadisə baş verdiyi yer yaşayış məntəqəsidir. Hadisədən əvvəl Təqsirləndirilən şəxs idarə etdiyi 48 T 500 dövlət nömrə nişanlı qoşqulu traktorla Oğuz rayonu, Sincan kəndi istiqamətində, Zərərçəkmiş şəxs isə idarə etdiyi “VAZ 2107” markalı ** EC *** dövlət qeydiyyat nişanlı avtomobillə ona əks istiqamətdə hərəkətdə olmuşdur. Hadisə baş verdiyi yerdə yol asfalt örtüklüdür və yol yaşdır, qeyd edilən yol düzdür, yolda hərəkət hissəsinin eni ümumilikdə 7 metrdir, qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa nişanlanma xətti vardır, yol nəqliyyat hadisəsi baş vermiş ərazi yaşayış massivi olmaqla maksimum sürət həddi 60 km/saat-dır, yolda tormozlama izi müşahidə edilməmişdir. Sincan kəndi istiqamətində sağ hərəkət zolağının eni 3,70 metr, sol zolağın eni 3,30 metr, yolun sağ ehtiyat hissəsi 3 metr, sol ehtiyat hissəsi isə 2 metrdir. Toqquşma nöqtəsindən “Vaz 2107” markalı ** EC *** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu yerə qədər olan məsafə 4,20 metr, “Traktor MT2-82.1” markalı 48 T 500 dövlət qeydiyyat nişanlı qoşqulu traktora isə məsafə 2,70 metrdir. Toqquşma nöqtəsi traktorun hərəkəti istiqamətində yolun orta xəttindən sağa doğru 0,4 metr məsafədə yerləşir. Hadisədən əvvəl hər iki nəqliyyat vasitəsi saz vəziyyətdə olmuşdur. Hadisə zamanı qeyd edilən nəqliyyat vasitələrində adları qeyd olunan sürücülərdən başqa heç kim olmamışdır. Hadisə yerinə baxış keçirilməsi ilə əlaqədar fotoşəkillər və hadisə yerinin sxemi tərtib çəkilmiş və tərtib edilmiş protokola əlavə olunmuşdur.(iş vərəqə 06-15). İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş 03 dekabr 2022-ci il tarixdə ibtidai istintaq orqanı tərəfindən təyin edilmiş yol-nəqliyyat hadisəsi ekspertizası qərarına uyğun olaraq verilmiş məhkəmə ekspertizasının 09 yanvar 2023-cü il tarixli, 8/3470 saylı rəyi ilə bildirilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumata əsasən “VAZ 2107” markalı ** EC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət eməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Qeyd olunan rəydə həmçinin göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “MTZ-82.1” markalı 48 T 500 dövlət qeydiyyat nişanlı traktorun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət eməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (iş vərəqə 75-78). İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş 15 dekabr 2022-ci il tarixdə ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs hadisə yerində əyani olaraq göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində idarə etdiyi “Traktor MT2-82.1” markalı, 48 T 500 dövlət qeydiyyat nişanlı qoşqulu traktor ilə Xaçmaz kəndinin yuxarı hissəsindən Sincan kəndi istiqamətində saatda 10 km/saat sürətlə hərəkətdə olarkən əks istiqamətdə qarşıdan 60 km/saat sürətlə gələn “VAZ 2107” markalı ** EC *** dövlət qeydiyyat nişanlı avtomobilin təxminən 60 metr məsafədən idarəetməni itirərək onun üzərinə gəldiyini görmüş, həmin vaxt təhlükə hiss etmiş və traktor təxminən 10 metr məsafə qət etdikdən sonra “VAZ 2107” markalı avtomobil yolun orta hissəsində olan nişanlanma xəttindən onun yoluna 40 sm çıxaraq onun idarə etdiyi “Traktor MT2-82.1” markalı 48 T 500 dövlət qeydiyyat nişanlı qoşqulu traktor ilə toqquşmuşdur. Toqquşma nəticəsində idarə etdiyi traktor öz hərəkət istiqamətindən yolun sağ kənarına doğru 60 sm sürüşmüşdür. İfadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilərkən video-çəkilişdən istifadə olunmuş və həmin video-çəkilişin görüntüləri 1 ədəd diskə köçürülərək tərtib edilmiş protokolla birgə iş materiallarına əlavə olunmuşdur. (iş vərəqə 53-55). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA Birliyinin” Qəbələ rayon şöbəsinin işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş meyitin məhkəmə-tibbi ekspertizasının 15 noyabr 2022-ci il tarixli 10 saylı rəyinə əsasən mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertizası zamanı aşağıdakılar aşkar edilmişdir - ağır açıq kəlləbeyin travması, baş beyin toxumasına və qişalarına qansızma, baş beyin toxumasının ağır dərəcəli əzilməsi, kəllə qapağı və kəllə əsası sümüklərinin sınığı, başın sağ gicgah və ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ bazunun bayır, sol bazunun arxa, sol və sağ kürək nahiyələrinin, hər iki əlin üst səthinin, hər iki baldırın ön səthinin, sol ayağının iç səthinin sıyrıqları kimi xəsarəti vardır. Qeyd olunan xəsarətlər küt alətin (əşyaların) təsirindən qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni 15 noyabr 2022-ci ildə törənə bilərlər. Dərəcəsinə görə həmin xəsarətlər canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir. Rəyə əsasən mərhum Zərərçəkmiş şəxs bədəni üzərində qeyd olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni 15 noyabr 2022-ci ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilərlər. Mərhum Zərərçəkmiş şəxs bədəni üzərində qeyd olunan xəsarətlərin hamısı həyatidirlər, həyati olmayan xəsarətlər qeyd edilməmişdir. Həmçinin qeyd olunan rəyə əsasən mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb baş beyin toxumasına və qişalarına qansızma ilə müşayət olunan baş beyin toxumasının ağır dərəcəli əzilməsi olmuşdur və yol nəqliyyat hadisəsi vaxtı aldığı ağır bədən xəsarətlərilə ölümü arasında birbaşa səbəbli əlaqə vardır. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda və sidikdə məhkəmə-kimya tədqiqatları nəticəsində spirtli içki, narkotik, psixotrop və digər güclü təsir edici maddələr aşkar edilməmişdir. (iş vərəqə 69-72). İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş xx.xx.2022-ci il tarixli 459 nömrəli tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ayıq vəziyyətində olmuşdur. (iş vərəqə 16). İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş AE 724180 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2017-ci il tarixdən xx.xx.2027-ci il tarixədək BC dərəcəsi ilə avtomobil idarə etmək hüququ verilmişdir. (iş vərəqə 28). İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş SV 008031 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu ildən xx.xx.2029-cu ilədək traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək hüququ verilmişdir. (iş vərəqə 30). İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş TŞ 040902 №-li qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “MTZ-82.1” markalı, 48 T 500 dövlət qeydiyyat nişanlı traktor X4 məxsusdur. (iş vərəqə 31). Azərbaycan Respublikası TƏBİB Oğuz RMX PHŞ-in işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş 08 dekabr 2022-ci il tarixli PHŞ/6.64-2-2022-155 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs Oğuz Rayon Mərkəzi Xəstəxanası Poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. (iş vərəqə 50). İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş cinayət işi üzrə yoxlamalara dair tələbnaməyə Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2022-ci il tarixli cavabından görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs barəsində heç bir məlumat yoxdur (iş vərəqə 82). Oğuz rayon İHB Xaçmaz İƏD üzrə nümayəndəliyinin işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş xx.xx.2022-ci il tarixli, 880 saylı arayışından və xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Oğuz rayon Xaçmaz kəndində qeydiyyatda olmaqla yaşayır, ailəlidir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (iş vərəqə 56,60). İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “VAZ 2107” markalı, ** EC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olsa da nəqliyyat vasitələrinin istismarı qaydalarının və ya yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan başqa şəxslərin sağlamlığına az ağır, ağır dərəcəli bədən xəsarətləri yetirildikdə və ya ölümlə nəticələndikdə cinayət məsuliyyətinə səbəb olduğundan, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar mərhum Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin toqquşduğu traktorun sürücüsü Təqsirləndirilən şəxs heç bir bədən xəsarəti almadığı müəyyən edildiyindən və buna görə də mərhumun əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət təqibinə xitam verilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 vəsatətinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş psixoloji və yol-nəqliyyat ekspertizasına cavab olaraq xx.xx.2023-cü il tarixdə Oğuz Rayon Məhkəməsinə daxil olmuş, işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş xx.xx.2023-cü il tarixli, 8/2375-11/438 nömrəli ekspert rəyindən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə “ifadənin yerində yoxlanılması” zamanı çəkilmiş video-görüntüyə baxış zamanı Təqsirləndirilən şəxs emosional halinda iş üçün əhəmiyyət kəsb edən hər hansı ekstremal dəyişikliklərin (frustrasiya, stres, emosional gərginlik və s.) baş verməsi müəyyən olunmur.Təqsirləndirilən şəxs video-çəkiliş zamanı keçirdiyi emosional halina görə hadisəni düzgün təsvir etməməsi mümkün deyildir. Rəydə daha sonra bildirilir: İlkin kontakt anında nəqliyyat vasitələri arasinda toqquşma “VAZ- 2107” markali avtomobilin qabaq sağ hissəsi ilə “MTZ-82.1” markalı traktorun qabaq oxunun orta tərəfində yerləşən tarazlığı saxlayan hissənin sol tərəfi arasında təxminən 20-25 dərəcə bucaq altında baş vermişdir. Toqqusma yerinin “MTZ-82.1” markalı traktorun hərəkəti istiqamətində hərəkət axınlarını ayıran bütöv xətdən sağa doğru 0,4 metrlik məsafədə yerləşməsi və ilkin kontaktın “MTZ- 82.1” markalı traktorun qabaq oxunun orta tərəfində yerləşən, tarazlığı saxlayan hissənin sol tərəfi ilə baş verməsi nəzərə alınmaqla toqquşma anında trakforun sol tərəfi qarşı sol hərəkət zolağına çıxmış vəziyyətdə olmuş, yəni hadisədən əvvəl “MTZ-82.1” markalı traktorun sol hissəsi qarşı sol hərəkət zolağına çıxmış vəziyyətdə hərəkətdə olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə əsasən müdafiə tərəfinin təqdim etdiyi hadisə mexanizmi real hadisə mexanizminə uyğun deyildir və real hadisə mexanizminə uyğun olmayan hadisə mexanizmi üzrə tədqiqat aparılmır. İstintaq tərəfindən müəyyən edilən hadisə mexanizmi isə real hadisə mexanizminə uyğundur. İstintaq tərəfindən müəyyən edilən hadisə mexanizminə əsasən “VAZ-2107” markalı ** EC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasi Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəydə daha sonra bildirilir ki, istintaq tərəfindən müəyyən edilən hadisə mexanizminə əsasən “MTZ-82.1” markali 48 T 500 dövlət qeydiyyat nişanli traktorun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasi Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkan olmuşdur. Beləliklə məhkəmə icraatı zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi traktorla Zərərçəkmiş şəxs idarə etdiyi minik avtomobili toqquşmuş, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs hadisə yerində ölmüşdür. İbtidai istintaq zamanı təyin edilmiş yol-nəqliyyat hadisələri ekspertizası ilə hər iki sürücünün hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasi Qanununun 36cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olduğu və onların həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanlarının olduğu bildirilmişdir. İbtidai istintaqla Təqsirləndirilən şəxs heç bir bədən xəsarəti almadığı müəyyən edildiyindən və buna görə də mərhumun əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək məhkəmə məsuliyyətinə verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadə verərək bildirmişdir ki, toqquşma onun, yəni traktorun hərəkət zolağında baş vermişdir. “VAZ 2107” markalı avtomobilin sağ tərəfi ilə onun idarə etdiyi traktorun sol hissəsi toqquşub. Hava dumanlı və asfalt yaş olduğundan yol sürüşkən idi. O, traktorun işığını yandırmış və eyni zamanda əyləcdən istifadə etmişdir. Yolnəqliyyat hadisəsi “VAZ 2107” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs onun hərəkət zolağına 40 sm daxil olduğuna görə baş vermişdir. “VAZ 2107” markalı avtomobil idarəetməni itirərək onun traktoru ilə toqquşub. xx.xx.2022-ci il tarixdə video-çəkiliş aparılmaqla ifadəsinin yerində yoxlanılması zamanı həyəcanlı olmuş, buna görə də həmin vaxt qeyri-dəqiqliyə yol vermişdir. Bu səbəbdən çəkilişdə qeyd edilənləri təsdiq etmir. Ekspert rəyi ilə razı deyil, əməlində cinayət tərkibi yoxdur. Hadisə mərhum Zərərçəkmiş şəxs təqsiri səbəbli baş verdiyindən özünü təqsirli bilməmiş və barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 təqsirləndirilən şəxsin, cinayət işi üzrə ifadə vermiş şahidlərin ifadələrinə istinad edərək və hadisə yerindən Youtube “Kanal 10” tərəfindən çəkilmiş fotoşəkilləri təqdim edərək, yazılı vəsatət vermiş, iş üzrə hadisənin vəsatətdə şərh olunan başvermə mexanizmi üzrə əlavə yol nəqliyyat hadisələri ekspertizasının təyin edilib keçirilməli, yalnız bundan sonra Təqsirləndirilən şəxs əməllərinə hüquqi qiymət verilməli olduğunu bildirərək iş üzrə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilməsini xahiş etmiş, həll edilməsi üçün ekspertiza qarşısında qoyulacaq sualları təqdim etmişdir. Vəsatətə qiymət verərək məhkəmə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı həyəcanlı olması ilə bağlı söylədiklərini də nəzərə almaqla iş üzrə psixoloji və yolnəqliyyat hadisələri ekspertizası təyin etmiş, hadisənin həm cinayət işi materialları, həm də ona əlavə edilmiş, Youtube “Kanal 10” tərəfindən çəkilmiş fotoşəkillər, həm ittiham, həm də müdafiə tərəfinin təqdim etdiyi mexanizm üzrə, eləcə də şahidlərin verdiyi ifadələr əsasında baş vermə səbəbləri qarşılıqlı və kompleks şəkildə araşdırılmaqla ekspertizanın keçirilməsi üçün işi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərmişdir. Məhkəməyə daxil olmuş ekspert rəyi ilə məhkəmənin qərarında göstərilən hallar ətraflı araşdırılmaqla baş vermiş yol-nəqliyyat hadisəsinə qiymət verilmiş, hər iki sürücünün hadisənin qarşısını almağa texniki imkanlarının olduğu bildirilmişdir. Bundan əlavə ekspert rəyi ilə ifadənin yerində yoxlanması zamanı çəkilmiş video-görüntüdə Təqsirləndirilən şəxs emosional halinda iş üçün əhəmiyyət kəsb edən hər hansı ekstremal dəyişikliklərin (frustrasiya, stres, emosional gərginlik və s.) baş verməsinin müəyyən olunmadığı, onun video-çəkiliş zamanı keçirdiyi emosional halina görə hadisəni düzgün təsvir etməməsinin mümkün olmadığı bildirilmişdir. Beləliklə məhkəmə ekspert rəyini sübut kimi qəbul edərək bildirir ki, Təqsirləndirilən şəxs özünün ifadəsi ilə qismən, ekspertiza rəyləri və digər iş materialları ilə onun Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir.Buna görə də məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq onun əməli CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir və ona həmin maddə ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. CM-nin cinayət qanununun ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının 13-cü bəndinə əsasən, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyətini göstərən konkret halların nəzərə alındığı göstərilməlidir. Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində göstərilir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları o, cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında, nəqliyyat vasitəsindən idarə etmə hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol nəqliyyat hadisəsinin baş verməsində zərər çəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərər çəkmişə tibbi və ya digər yardım göstərməsi, yol nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmaması, hadisəni törətdikdən sonrakı davranışı, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayətçi olması nəzərə alınmaqla təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla, onun şəxsiyyətinə və cəzanın məqsədinə uyğundur. Məhkəmə cəzanın həddinə münasibətdə aşağıdakıları bildirir: iş materialları ilə müəyyən edildiyi kimi sözügedən iş üzrə təyin edilmiş yol-nəqliyyat hadisələri ekspertizaları ilə hər iki sürücünün hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasi Qanununun 36cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olduğu və onların həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanlarının olduğu bildirilmişdir. Deməli təqsirləndirilən şəxslə birlikdə mərhum Zərərçəkmiş şəxs hərəkətləri ilə də hadisənin baş verməsində səbəbli əlaqə olduğundan təqsirləndirilən şəxsə cəza təyin edilərkən həmin xüsusatlar cəzanın həddinə münasibətdə nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmaqla dəyişdirilməməlidir. İş üzrə maddi sübut olmaqla Oğuz RPŞ-nin duracağında saxlanılan “VAZ-2107” markalı ** EC *** dövlət qeydiyyat nişanlı minik avtomobil və “MTZ-82.1” markali 48 T 500 dövlət qeydiyyat nişanli traktor hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibinə qaytarılmalıdır. İşdə mülki iddia yoxdur. Ekspertiza tədqiqatının dəyəri olan 385 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinın 344-358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesab edilsin. Hökmün icrası Oğuz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmaqla dəyişdirilməsin. İş üzrə maddi sübut olmaqla Oğuz RPŞ-nin duracağında saxlanılan “VAZ-2107” markalı ** EC *** dövlət qeydiyyat nişanlı minik avtomobil və “MTZ-82.1” markali 48 T 500 dövlət qeydiyyat nişanli traktor hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibinə qaytarılsın. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 385 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar