Məhkəmə qərarları › İş №1(054)-73/2025

Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-73/2025

17.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-73/2025 17.10.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs,onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1983-cü il tarixdə Oğuz rayonu Xalxal kəndində anadan olmuş, həmin kənddə yaşayan, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, Azərbaycan Respublikasının vətəndaşı, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, xx.xx.2025-ci il tarixdə saat 08 radələrindən axşam gün batanadək olan müddət ərzində Oğuz rayonu, Xalxal kəndində ehtiyyat fondu kateqoriyalı, meşə ilə örtülü kollu örüş dövlət mülkiyyətinə aid torpaq sahəsində özünə məxsus “İntereskul” markalı motorlu mişarla 1 ədəd diametri 24 sm, əmsalı 200 (iki yüz) manat dəyərində, 1 ədəd diametri 28 sm, əmsalı 250 (iki yüz əlli) manat dəyərində, 1 ədəd diametri 32 sm, əmsalı 300 (üç yüz) manat dəyərində, 1 ədəd diametri 36 sm, əmsalı 350 (üç yüz əlli) manat dəyərində, 1 ədəd diametri 40 sm, əmsalı 400 (dörd yüz) manat dəyərində, 2 ədəd diametri 48 sm, əmsalı hər biri 800 (dörd yüz) manat olmaqla 1600 (min altı yüz) manat dəyərində, 1 ədəd diametri 50 sm, əmsalı 900 (doqquz yüz) manat dəyərində, 1 ədəd diametri 52 sm əmsalı 1000 (bir min) manat dəyərində olan vələs cinsindən, 1 ədəd diametri 32 sm, əmsalı 300 (üç yüz) manat dəyərində və 1 ədəd diametri 44 sm, əmsalı 600 (altı yüz) manat dəyərində olan alma cinsindən ağaclar olmaqla ümumillikdə cəmi 5886,18 manat dəyərində 11 ədəd köküstə yaş ağacları torpağa bitişik kök boğazından aidiyyatı dövlət orqanlarının müvafiq icazəsi olmadan qanunsuz olaraq kəsərək, həmkəndlisi Şahid2 idarə etdiyi “Uaz-469 B” markalı **-BA-*** dövlət qeydiyyat nömrəli avtomobillə daşıyaraq, həmkəndliləri Şahid1 və Şahid4 satmaqla təbiətə xeyli miqdarda ziyan vurmuşdur. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, maddi vəziyyəti pis olduğu üçün ağac kəsərək satmaq qərarına gəlmiş və bu məqsədlə xx.xx.2025-ci il tarixdə səhər saat 08 radələrində Oğuz rayonu, Xalxal kəndində olan əraziyə gedərək, 11 ədəd kəsə biləcəyi ağac müəyyən etmiş, həmin gün axşama qədər yaş köküstə ağacların hamısını özünə məxsus “İntereskul” markalı motorlu mişarla kökündən kəsərək yerə aşırmışdır. Həmin gün həmkəndlisi Balaqardaşa məxsus “Uaz qaz 69” markalı **-BB-*** d.q.n-lı avtomobillə kəsdiyi ağacların az bir hissəsini həmkəndlisi Nofərin Oğuz rayonu Xalxal kəndində yerləşən bağ sahəsinə aparmışdır. Səhəri gün təkrarən həmin sahəyə gedərək odunları həmin formada daşımağa başlamışdır. Bəzi vaxtlarda isə köməklik etmək məqsədi ilə azyaşlı oğlu Şahid3 də yanında aparmışdır. Belə ki, oğlu yüngül kötükləri avtomobilə yükləmişdir. Oğlunun ağacları qanunsuz kəsməyindən xəbəri olmamışdır. Çünkü evdə həmin ağacları qırma sahəsindən aldığını bildirmişdir. xx.xx.2025-ci il tarixdək olan müddət ərzində Balaqardaşa məxsus avtomobillə odunların hamısını daşıyıb qurtarmışdır. Həmin odunları 7 gedişə daşımışdır. Həmin odunları 3 dəfə Nofərə, 4 dəfə isə həmkəndlisi Turala satmışdır. Turala satdığı odunları isə Oğuz rayonu, Xalxal kəndində çaylıq ərazi deyilən yerə aparmışdır. Hər dəfə daşıma haqqı olaraq Balaqardaşa 15 (on beş) manat pul vermişdir. Kəsdiyi yaş köküstə ağaclardan 9 ədədi vələs cinsindən olan ağaclar, 2 ədədi isə cır alma cinsindən olan ağaclar olmuşdur. Həmin ağacların diametrləri barədə konkret olaraq nə isə deyə bilməyəcəkdir, ancaq həmin ağacları tək kəsdiyi üçün diametri balaca olan ağaclar seçərək kəsmiş, həmin ağacların 1 maşınını 90 (doxsan) manat, qalan 6 maşınını isə 80 (səksən) manata satmış, ümumillikdə 570 (beş yüz yetmiş) manat pul əldə etmiş, həmin puldan hər dəfə 15 (on beş) manat avtomobil sahibi Balaqardaşa vermiş, (570-105=465), həmin puldan özünə qalan qazanc 465 (dörd yüz altmış beş) manat olmuş, Balaqardaş, Tural və Nofər adlı şəxslərin həmin ağacları qanunsuz olaraq kəsməyindən xəbərləri olmamış, Nofərə və Turala həmin ağacları xüsusi mülkiyyətində olan bağından kəsib gətirdiyini bildirmişdir. Balaqardaş isə hadisə yerinə gəldikdə həmin ərazinin bağı olmadığını başa düşdükdə, Balaqardaşa həmin ağacları qanunsuz kəsmədiyini, rəsmi olaraq qırma sahəsindən aldığını demişdir. O, ilk dəfədir ki, qanunsuz olaraq ağac kəsmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, çörəkpulu olmadığından və uşaqlarına paltar ala bilmədiyindən bu hərəkəti etməyə vadar olmuşdur. O, zərər çəkmiş şəxsə dəyiş ziyanlığı da ödəməmişdir, lakin təxminən, 1-1.5 il ərzində dəymiş ziyanı hissə-hissə ödəyəcəyinə söz verir. O əməlindən səmimi peşan olmuşdur və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs cinayət əməli törətməsi onun etirafı ilə yanaşı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspertiza rəyi, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş hüquqi şəxs Oğuz rayon İcra Hakimiyyəti başçısının Xalxal İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin nümayəndəsi Nümayəndə iştirak etdiyi məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, Oğuz rayonu, Xalxal kənd üzrə icra nümayəndəsi vəzifəsində çalışır. Təqsirləndirilən şəxs Xalxal kənd sakini kimi tanıyır, Səyavuşla hər hansı bir düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs Oğuz rayonu Xalxal kənd ərazisindən rəsmi qaydada heç bir orqandan icazə almadan 11 ədəd yaş köküstə ağacları qanunsuz olaraq kəsib satmışdır. Həmin vaxtı Səyavuşun törətdiyi cinayətdən məlumatı olmamışdır. Səyavuşun kəsdiyi ağacların bitdiyi torpaq sahəsi ehtiyyat fondu torpaqları olmaqla dövlət mülkiyyətinə aiddir. Təqsirləndirilən şəxs həmin ağacları kəsməsi nəticəsində dövlətə 5900,0 manat maddi ziyan dəymişdir. Onun konkret tələbi Səyavuşun dövlətə dəymiş maddi ziyanı ödəməsidir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Səyavuşla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Özünə məxsus “Uaz Qaz 69” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobillə pul müqabilində kənd sakinlərinin nə işi olsa görür və evinin dolanışığını qarşılayır. xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixdək olan müddət ərzində 7 dəfə həmkəndlisi Səyavuşun odunlarını daşımışdır. Həmin odunları 3 dəfə həmkəndlisi Şahid1 Oğuz rayonu Xalxal kəndində yerləşən bağ sahəsinə, 4 dəfə isə Şahid4 Oğuz rayonu Xalxal kəndində yerləşən çaylıq sahədə olan ərazisinə boşaltmışdır. Səyavuş hər dəfə gediş üçün ona 15 (on beş) manat pul vermişdir. Onun həmçinin Təqsirləndirilən şəxs həmin ağacları qanunsuz olaraq kəsməsindən xəbəri olmamış, Səyavuşdan ağacları kəsməsi barədə soruşduqda, Səyavuş ona bələdiyyə və meşədən həmin ağacları tenderdə qazandığı, rəsmi qaydada qırma sahəsindən kəsməsi barədə məlumat vermiş, bu vaxt Səyavuşa inanmış, bütün gedişlərini gündüz vaxtı həyata keçirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, belə ki, Səyavuş onun həmkəndlisidir. Səyavuşla hər hansı bir düşmənçiliyi və ədavəti yoxdur. Oğuz rayonu Xalxal kəndində yerləşən özünə məxsus bağ sahəsində kömür hazırlayır. Maddi vəziyyəti pis olduğundan həmin kömürü aylıq ərzağını təmin etmək üçün hazırlayır. Kənd sakinləri onun kömür hazırladığını bildiklərindən həyətlərində kəsdikləri ağacları ona satırlar. xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində 3 dəfə həmkəndlisi Səyavuş ona odun gətirmişdir. Səyavuş həmin odunları həmkəndlisi Balaqardaş adlı şəxsin “Uaz” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili ilə gətirmişdir. Həmin odunlara görə bir dəfə 90 (doxsan) manat, 2 dəfə isə 80 (səksən) manat Səyavuşa pul vermişdir. Onun həmçinin Təqsirləndirilən şəxs həmin ağacları qanunsuz olaraq kəsməsindən xəbəri olmamış, həmin ağaclar vələs cinsindən olan yaş ağaclar olmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, belə ki, Səyavuş onun həmkəndlisidir. Səyavuşla hər hansı bir düşmənçiliyi və ədavəti yoxdur. Oğuz rayonu Xalxal kəndində yerləşən çaylıq ərazi deyilən yerdə kömür hazırlayır. Maddi vəziyyəti pis olduğundan həmin kömürdən əldə etdiyi qazancla dolanışığını təmin edir. Kənd sakinləri onun kömür hazırladığını bildiklərindən həyətlərində kəsdikləri ağacları ona satırlar. xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində 4 dəfə həmkəndlisi Səyavuş ona odun gətirmişdir. Səyavuş həmin odunları həmkəndlisi Balaqardaş adlı şəxsin “Uaz” markalı dövlət qeydiyyat nişanlı xatırlamadığı avtomobili ilə gətirmişdir. Həmin odunlara görə hər dəfə 90 (doxsan) manat Səyavuşa pul vermişdir. Onun, həmçinin Təqsirləndirilən şəxs həmin ağacları qanunsuz olaraq kəsməsindən xəbərinin olmamış, həmin ağaclar vələs və alma cinsindən olan yaş ağaclar olmuşdur. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında iştirak etməmiş, tərəflərin razılığı ilə onların ifadəsi məhkəmə iclasında elan edilmişdir. Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. Atasının yaşadıqları Oğuz rayonu Xalxal kəndində yerləşən fərdi yaşayış evində “İntereskul” markalı motorlu mişarı vardır. Atası sözü gedən ağacları həmin mişarla kəsmişdir. O, atasının konkret olaraq həmin ağacları nə vaxt kəsdiyini deyə bilmir. Həmçinin konkret olaraq atasının həmin ağacları kəsməsini görməmişdir. Ancaq təxminən iyul ayının sonlarına doğru atasının evdən çıxarkən həmin motorlu mişarı götürüb çıxdığını görmüşdür. Həmin vaxtı atası ona tenderdən ağac aldığını və həmin ağacları doğrayaraq kömürçülərə satacağını demişdir. Hətta iki dəfə dəqiq xatırlamadığı tarixlərdə, yəni iyul ayının sonlarında atası ilə meşə ərazisinə gedərək, ona köməklik göstərmişdir. Belə ki, atası ona odun daşımağa kömək lazım olduğunu demişdir. O da atası ilə həmin əraziyə gedərək, xırda çəkidə olan odunları sonradan adı ona məlum olan Balaqardaş adlı həmkəndlisinin “Uaz” markalı dövlət qeydiyyat nişanlı xatırlamadığı avtomobilinin yük hissəsinə yığmışdır. Daha sonra isə sonradan adı ona məlum olan həmkəndlisi Nofər adlı şəxsin Oğuz rayonu Xalxal kəndində yerləşən bağ sahəsinə boşaltmaqda atasına köməklik göstərmişdir. O, həmçinin həmin əraziyə getdikdə bütün ağacların doğranmış vəziyyətdə olduğunu görmüş, bir sözlə atasının 11 ədəd yaş köküstə ağacları qanunsuz olaraq kəsməsindən xəbərinin olmadığını qeyd etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 9 saylı Qəbələ ərazi İdarəsinin 7 avqust 2025-ci il tarixli 3-21-3-42/2-3596/2025 nömrəli məktubundan görünür ki, Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən Xalxal kənd sakini Təqsirləndirilən şəxs Xalxal kəndində yerləşən meşəlik ərazidən kəsdiyi 11 ədəd köküstə yaş ağacların yerləşdiyi torpaq sahəsi X3 İnformasiya Sisteminə (TEKUİS) əsasən kateqoriyası Ehtiyat Fondu torpaqları, uqodiyası meşə ilə örtülü sahələr,islahat uqodiyası kollu örüş Dövlət mülkiyyətinə aiddir. (i.v. 102-104) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli Ç-HH/4625-047 nömrəli məktubuna əlavə olunmuş ziyanın hesablanmasına dair cədvəldən görünür ki, Oğuz rayonu Xalxal kənd ərazisində ağacların kəsildiyi əraziyə baxış keçirilmiş, həmin vaxt ərazidə vələs növündən olmaqla diamterləri 24, 28, 32, 36, 40, 48, 48, 50, 52 sm və cır alma növündən diamterləri 32, 44 sm olmaqla cəmi 11 ədəd ağacın dib kökündən kəsildiyi məlum olmuş, sözügedən ağacların bələdiyyə və X7 mülkiyyətində yerləşdiyi təqdirdə ( dövlət Meşə Fondu istisna) təbiətə dəymiş ziyan 27 oktyabr 2016-cı il tarixli 421 saylı qərara əsasən 5900,0 manat təşkil edir. ( i.v. 41-43) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Oğuz rayonu, Xalxal kəndində yerləşən dövlət fonduna aid torpaq sahəsindəki ağacları qanunsuz olaraq kəsmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs ağacları kəsdiyi yeri təqdim etmiş və həmin yerin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. (i.v. 14-40) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “şahidin ifadəsinin yerində yoxlanılması” haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünün və dəqiqliyinin müəyyən edilməsi üçün xx.xx.2025-ci il tarixdə onun ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ifadələrində göstərdiklərini bir daha təsdiq etmişdir. (i.v. 49-61) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan və həmin tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 82-86) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Oğuz Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CMnin 221.1-ci maddəsi ilə barəsində 200 saat ictimai işlər cəzası təyin olunmuşdur. Həmin höküm xx.xx.2008-ci il tarixdə qüvvəyə minmişdir. (i.v. 108-109) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Oğuz İcra və Probasiya Şöbəsinin məktublarından müəyyən edilir Təqsirləndirilən şəxs Oğuz Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 1-47/2007 saylı hökmünə əsasən ona təyin edilmiş 200 saat müddətinə ictimai işlər cəzasını tam çəkib qurtarmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Oğuz RİHB-nın Xalxal İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, X1 rayonu, Xalxal kəndində yaşayır, ailə üzvləri anası – xx.xx.1950-ci il təvəllüdlü Şəmiyeva Xanım osman qızı, oğlu – xx.xx.2007-ci il təvəllüdlü X2 və oğlu – Şahid3 ibarətdir, yaşadığı yerdə mənfi xarakterizə olunur. (i.v. 110-113) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Oğuz RMX PHŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, 18-1-64/2-840/2025 nömrəli məktubdan müəyyən edilmişdir ki, Oğuz rayonu, Xalxal kənd sakini xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Oğuz RMX-nın poliklinika şöbəsinin “Narkoloji” və “Ruhi əsəb” kabinetlərində qeydiyyatda yoxdur. (i.v. 115) Məhkəmə, təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinə əsasən ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin maddənin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Bu Məcəllənin 259.1-ci və 260.1ci maddələrində “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı, lakin iyirmi min manatdan artıq olmayan məbləğ, 259.2.4-cü, 260.1-1-ci və 260.3-cü maddələrində “külli miqdar” dedikdə iyirmi min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, 259.4-cü, 260.1-2-ci və 260.4-cü maddələrində isə “xüsusilə külli miqdar” dedikdə əlli min manatdan yuxarı olan məbləğ başa düşülür. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən bu Qanun, meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqlara şamil edilir; 13.1-ci maddəsinə əsasən dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə, şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda, ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda, texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda, ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda yaşıllıqların götürülməsinə yol verilir; 13.2-ci maddəsinə əsasən bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır; 13.4-cü maddəsinə əsasən yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının (bu halda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi) rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının (bu halda bələdiyyə mülkiyyətində olan torpaq sahələri istisna olmaqla yerli icra hakimiyyəti orqanları) və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı (bu halda Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır; 13.5-ci maddəsinə əsasən qərar qəbul olunan gün qərarı qəbul edən orqan müraciət edən şəxsə yaşıllığın götürülməsinin məqsədini, götürülmə haqqında qərarın tarixini, nömrəsini və digər məlumatları əks etdirən, forması və tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yaşıllığın götürülməsi vərəqi verməlidir. Yaşıllığın götürülməsi vərəqi olmadan yaşıllığın götürülməsi qadağandır; 13.6-cı maddəsinə əsasən yaşıllığın götürülməsi vərəqi yaşıllıqlara dövlət nəzarətini həyata keçirən orqanın və ictimai nəzarəti həyata keçirən şəxslərin tələbi ilə yaşıllığı götürən şəxs tərəfindən maneəsiz təqdim edilməlidir. Yaşıllığın götürülməsi vərəqi yaşıllığın götürüldüyü ərazidə hamının tanış ola biləcəyi yerdə yerləşdirilməlidir; 13.7-ci maddəsinə əsasən bu Qanunun 13.1.1-ci maddəsində göstərilən halda yaşıllıqların götürülməsi bunu zəruri edən layihənin hesabına həyata keçirilir; 13.8-ci maddəsinə əsasən yaşıllıqların götürülməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı (bu halda Azərbaycan respublikasının Nazirlər Kabineti) müəyyən edir; 19-cu maddəsinə əsasən yaşıllıqların mühafizəsinə dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaşıllıqların mühafizəsi sahəsində pozuntuların aradan qaldırılmasını fiziki və hüquqi şəxslərdən tələb etmək və pozuntulara yol verən şəxslər barəsində müvafiq tədbirlər görmək, yaşıllıqların mühafizəsi sahəsində inzibati xətalar haqqında işlərə baxmaq, şəxslərin əməlində daha ciddi qanun pozuntusu faktları müəyyən etdikdə onları aidiyyəti üzrə göndərmək hüququna malikdir; 24-cü maddəsinə əsasən bu Qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-ci maddəsinə uyğun olaraq hazırlanmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası” meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisindəki yaşıllıqların götürülməsi mexanizmini müəyyən edir. Sözügedən qaydalarda yaşıllıqların götürülməsinə rəyin verilməsi, yaşıllığın götürülməsi vərəqinin forması və tətbiqi qaydaları müəyyən edilmişdir. Həmin Qaydaların: 1.2-ci bəndinə əsasən yaşıllıqların götürülməsi bu Qaydanın 2.2-ci bəndində göstərilən hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərtilə kəsilməsinə yönəldilmiş tədbirdir; 2.2-ci bəndində yaşıllıqların götürülməsinə yol verilən hallar göstərilmişdir ki, həmin hallar “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsində nəzərdə tutulmuş hallarla eyniyyət təşkil edir; 2.4-cü bəndinə əsasən fiziki və hüquqi şəxslər bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər; 2.9-cu bəndinə əsasən istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin yaşıllığın götürülməsi haqqında qərarı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaşıllıqların götürülməsinə dair rəyi nəzərə alınmaqla, rəyin verilməsi ilə əlaqədar müddət də daxil olmaqla 10 (on) təqvim günündən gec olmayaraq qəbul edilir və bu Qaydanın əlavəsində göstərilən formada yaşıllığın götürülməsi vərəqəsi ilə birlikdə ərizəçiyə verilir. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Oğuz rayonu Xalxal Qışlaq kəndi ərazisindən ağacları kəsməsi nəticəsində Oğuz rayon İcra Hakimiyyəti başçısının Xalxal İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə 5900,0 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 259.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: ilk dəfə məhkum olunmasını; törətdiyi əməli etiraf edib peşman olmasını; Onun cinayət əməlini tamah niyyəti ilə törətməsi iş üzrə cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinin onun həyat tərzinə, maddi, fiziki və mənəvi cəhətdən mənfi təsir göstərəcəyini nəzərə alaraq, habelə təqsirləndirilən şəxslə davranışda ictimaiyyətin daha fəal iştirak etməsinin təmin edilməsi, onda cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərilməsi və onun islah edilməsi məqsədi ilə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddədə müəyyən edilmiş az ciddi cəza növü hesab olunan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır (CPM-198.1). İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia tələbi verilməmişdir. İş üzrə digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Oğuz rayon ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Oğuz rayonu Xalxal kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübutun olmaması, mülki iddia tələbinin verilmədiyi, digər məhkəmə xərclərinin olmadığı nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim : Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar