Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-79/2025 31.10.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 iştirakı ilə xx.xx.1993-cü il tarixdə Oğuz rayonu Filfilli kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, qanunsuz, yəni qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan və şərtləri pozmaqla, meşəqırma bileti, order və meşə bileti əldə etmədən, eləcə də zəruri icazə və sənədləri əldə etmək üçün müvafiq dövlət orqanlarına müraciət etmədən vahid niyyətlə əhatə olunan qəsdlə 14 oktyabr 2024-cü il tarixdə, saat 10 radələrindən 2024-cü ilin noyabr ayının əvvəllərinə qədər olan müddət ərzində istintaqla müəyyən edilməyən tarix və saatda zəncirli mişardan istifadə etməklə Oğuz rayonu Filfilli kənd inzibati ərazi dairəsinin sərhədləri daxilində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X6 Mərkəzinin Xaçmaz meşəbəyliyinin 1 saylı meşə dolayının ərazisində X- 719762 Y-4555096 koordinatlarında yerləşən dövlət mülkiyyətinə aid olmaqla, kateqoriyası meşə fondu torpaqları olan ərazidə dəyəri 54 manat olan 36 sm diametrli 3 ədəd, dəyəri 22 manat olan 40 sm diametrli 1 ədəd, dəyəri 33 manat olan 44 sm diametrli 1 ədəd olmaqla, ümumi nırx dəyəri 16,23 manat olan cəmi 5 ədəd fıstıq cinsindən, Oğuz rayonu Filfilli kənd inzibati ərazi dairəsinin sərhədləri daxilində X-717306 Y-4554337, X- 717315 Y-4554314, X-717266 Y-4554329, X-717237 Y-4554360, X-717300 Y-4554361 koordinatlarında yerləşən Oğuz rayonu Xaçmaz bələdiyyəsinin mülkiyyətinə aid, kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar olan ərazidə dəyəri 150 manat olan 14 sm diametrli 1 ədəd, dəyəri 150 manat olan 16 sm diametrli 1 ədəd, dəyəri 180 manat olan 19 sm diametrli 1 ədəd, dəyəri 360 manat olan 20 sm diametrli 2 ədəd, dəyəri 200 manat olan 22 sm diametrli 1 ədəd, dəyəri 350 manat olan 36 sm diametrli 1 ədəd, dəyəri 800 manat olan 48 sm diametrli 1 ədəd, dəyəri 1000 manat olan 52 sm diametrli 1 ədəd, dəyəri 2000 manat olan 72 sm diametrli 1 ədəd olmaqla, cəmi 10 ədəd fıstıq, habelə dəyəri 180 manat olan 20 sm diametrli 1 ədəd, dəyəri 200 manat olan 22 sm diametrli 1 ədəd və dəyəri 300 manat olan 32 sm diametrli 1 ədəd olmaqla, cəmi 3 ədəd vələs ağacını vahid niyyətlə əhatə olunan qəsdlə qanunsuz olaraq kəsib götürməklə təbiətə ümumilikdə xeyli miqdarda 5995,23 manat məbləğində ziyan vurmuşdur. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, Oğuz rayonunun Filfilli kəndində anadan olmuş və orada yaşamışdır. Heç bir yerdə rəsmi iş yeri olmadığı üçün kənd təsərrüfatı ilə məşğul olaraq qazanc əldə edir. Filfilli kəndi ucqar dağlıq relyefi olan ərazidə yerləşir. Qış aylarında bəzən qaz olmadığı üçün təbii sosial ehtiyaclarını qarşılamaq məqsədilə odun sobasından istifadə edirlər. Yandırmaq üçün odunları, əksərən, rayon mərkəzindəki bazardan alırmış. Lakin son zamanlar maddi durumu zəif olduğu üçün odun almağa pulu olmamışdır. Buna görə də yaşadığı əraziyə yaxın meşə sahəsinə gedib, qışda yandırmaq üçün odun tədarükü görmək məqsədilə ağac kəsmək qərarına gəlmişdir. 2024-cü ilin oktyabr ayının sonlarında, dəqiq xatırlamadığı tarixdə Oğuz rayonu Filfilli kəndinin ərazisində yerləşən meşə sahəsinə getmişdir. Gedərkən özü ilə ağackəsən mişar, yəni motopila da aparmışdır. Ümumilikdə 13 ədəd fıstıq və vələs ağacı kəsmişdir. Həmin ağacların hamısını bir gündə deyil, bir neçə gün ərzində, təxminən 2024-cü ilin noyabr ayının əvvəllərində dəqiq xatırlamadığı tarixə qədər olan müddət ərzində hissə-hissə kəsmişdir. Kəsdiyi ağacların bəziləri bir-birindən aralı məsafədə yerləşmişdir. Xatırladığına görə, əvvəlcə bir yerdən 6 ədəd fıstıq, sonra bir qədər aralıdan 3 ədəd fıstıq, sonra başqa bir yerdən 1 ədəd vələs, bundan sonra isə bir qədər aralıdan 2 ədəd vələs və ən sonda 1 ədəd fıstıq ağacını kəsmişdir. Ağacları ağackəsən mişar, yəni motopila ilə kəsmiş və onları oduncaq formasında kəsərək meşənin içərisində dərə kimi yerdə saxlamışdır ki, lazım olduqca götürüb evə aparsın. Çox olduğu üçün hamısını bir dəfəyə apara bilməmişdir. Həmçinin, bəzən gəlib kəsdiyi ağacların oduncaqlarına nəzarət edirmiş, ki, oğurlayan olmasın. 04 aprel 2025-ci il tarixdə həmin meşədə olduğu zaman, özlərini Daxili İşlər Nazirliyinin əməkdaşları kimi təqdim edən şəxslər ona yaxınlaşmış və özlərini təqdim etmişlər. Onlar ona bildirmişlər ki, onlara onun həmin meşədə qanunsuz ağac kəsməsi ilə bağlı məlumat daxil olmuşdur. O da hər şeyi etiraf edərək kəsdiyi 13 ədəd fıstıq və vələs ağaclarının oduncaqlarını, daha sonra isə ağacların kötüklərini göstərmişdir.Eyni zamanda bildirir ki, 14 oktyabr 2025-ci il tarixdə yaşadığı Filfilli kəndinə aid meşə sahəsinin digər hissəsindən 5 ədəd fistıq ağacı kəsmişdir. Həmin ağacları kəsəndən sonra oduncaqlarını meşədən yolun kənarına daşımış, daha sonra onları yaşadığı evə aparması üçün həmkəndlisi X7 zəng edib xahiş etmişdir ki, həmin odunları özünə məxsus olan traktorla onun evinə aparsın. Elçinə həmin ağacları gizli yolla, qanunsuz kəsdiyini deməmişdir. Desəydi, Elçin oduncaqları aparmağa razı olmazdı. Elçinə demişdir ki, ağacları kəsməklə bağlı Meşə İdarəsindən icazə almışdır. Elçin həmin oduncaqları yaşadığı evə aparandan sonra evdə qaz olmadığı üçün həmin odunların bir hissəsini yandıraraq istifadə etmişdir. Qalanlarını da həyətində saxlamışdır. Bir neçə gün ərzində onların hamısından istifadə etmişdir. Həmin gün onu Meşə İdarəsinə dəvət etmişlər. Onların meşədən ağac kəsdiyindən məlumatları olmuşdur. Lakin o, həmin yerə baxış keçirilməsi üçün getməmişdir. Daha sonra izahatının alınması üçün onu Oğuz Rayon Polis Şöbəsinə dəvət etmişlər. O, orada izahatında 5 deyil, yalnız 1 ağac kəsdiyini bildirmişdir. Çünki kəsdiyim ağaclar bir-birinə çox yaxın olmuşdur. Lakin sonradan ona aydın olmuşdur ki, ağaclar bir-birinə yaxın olsa da, kötükləri ayrı imiş, yəni hər biri ayrıca ağac imiş. Bunu sonradan həmin meşəyə gedib kəsdiyi ağaclara baxandan sonra anlamışdır. Lakin həmin vaxt barəsində araşdırma sonlandığı üçün izahatını yeniləyə bilməmişdir. O, ilk dəfə 14 oktyabr 2024-cü il tarixdə Oğuz Rayonunun Filfilli kəndindəki meşə sahəsindən 5 ədəd fıstıq ağacı kəsmiş və onların oduncaqlarının hamısını yandırıb istifadə etmişdir. Təxminən oktyabr ayının 20-sindən sonra həmin kəndin ərazisindəki meşənin digər hissəsindən 13 ədəd fıstıq və vələs ağacı kəsmişdir. Həmin ağacların oduncaqlarını isə çox olduğu üçün meşənin içərisində saxlamışdır ki, birinci kəsdiyi ağacların oduncaqları qurtaranda onları yavaş-yavaş aparıb istifadə etsin. Həmin ağacları bir neçə gün ərzində hissə-hissə kəsmişdir. Dəqiq tarixi bilməsə də, 2024-cü ilin noyabr ayının əvvəllərinə qədər bu prosesin davam etdiyini xatırlayır. Həmin ağacları kəsmək üçün icazəsi olmamış və icazə almaq üçün də heç bir quruma müraciət etməmişdir. Lakin bilirmiş ki, meşədə ağac kəsmək üçün mütləq icazə almaq lazımdır. O, həmin ağacları yalnız yaşadığı evi isitmək üçün kəsmişdir. Hər hansı başqa bir niyyəti olmamışdır. Bu işi tək özü görmüşdür. Ümumiyyətlə, onun qanunsuz ağac kəsməyindən heç kimin məlumatı olmamışdır. Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X6 Mərkəzinin Xaçmaz meşəbəyliyinin 1 saylı meşə dolayının ərazisində kəsdiyi ağaca görə dəymiş ziyanlığı, yəni 125,23 manatı meşə fondunun hesabına 127 manat köçürməklə ödəmişdir. Lakin digər zərər çəkmiş şəxsə dəymiş ziyanlığı ödəməyə maddi imkanı yoxdur. Onun əməlindən səmimi peşan olması və himayəsində azyaşlı övladının olması nəzərə alınmaqla ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs cinayət əməli törətməsi onun etirafı ilə yanaşı zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin, şahidlərin ifadələri, ekspertiza rəyi, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs Oğuz rayon Xaçmaz Bələdiyyəsinin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında ifadə verərək göstərdi ki, Oğuz Rayonu Xaçmaz Bələdiyyəsi sədrinin müavini vəzifəsində çalışır. Azərbaycan Respublikasının 7 dekabr 1999-cu il tarixli "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" 771-İQ nömrəli Qanunun 1 nömrəli Əlavəsində Azərbaycan Respublikasındakı Bələdiyyələrin Siyahısı və onların əhatə etdiyi ərazi vahidləri qeyd olunmuşdur. Həmin Siyahıda qeyd olunmuşdur ki, Oğuz Rayonu Xaçmaz Bələdiyyəsinin əhatə etdiyi ərazi vahidləri Oğuz rayonunun Abdallı, Filfili, Xaçmaz və Xaçmazqışlaq kəndləridir. Bələdiyyənin inzibati binası Xaçmaz kəndində yerləşir. Adları qeyd olunan kəndlər bir-biri ilə sərhəddə yerləşir. Lakin Xaçmaz, Xaçmazqışlaq və Abdallı kəndləri bir-birinə daha yaxın ərazidə yerləşir. Filfilli kəndi isə nisbətən uzaqda yerləşir. Oğuz rayon Filfili kəndinin ərazisindəki meşə sahəsi Xaçmaz bələdiyyəsinin mülkiyyətindədir. Təqsirləndirilən şəxs tanımır. Həmin şəxs bələdiyyə mülkiyyətində olan qeyd olunan ərazidə ağac kəsməsi ilə bağlı Xaçmaz bələdiyyəsinə hər hansı müraciət etməmişdir. Onlar sonradan eşitmişlər ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin əməkdaşları tərəfindən 04 aprel 2025-ci il tarixdə Oğuz rayonu, Filfilli kəndinin ərazisində yerləşən meşə sahəsinə keçirilmiş baxış zamanı orada Xaçmaz bələdiyyəsinin mülkiyyətində olan ərazidə qanunsuz ağac kəsilməsi faktı müəyyən edilmişdir. Həmçinin bildirmişdir ki, Xaçmaz Bələdiyyəsinin şəxsi heyəti 11 nəfərdən, yəni sədr, sədr müavini və 9 nəfər üzvdən ibarətdir. Bələdiyyənin ərazi torpaqları isə 4 böyük kəndi əhatə edir. Həmin ərazilərin demək olar ki, böyük hissəsini meşə sahələri təşkil edir. Həmçinin kəndlər dağlıq relyefli ərazidə yerləşir. Xaçmaz Bələdiyyəsinin üzvləri olaraq bacardıqları qədər ərazidəki yaşıllıqların mühafizəsinə nəzarət etmiş, bu barədə kənd əhalisini maarifləndirmişlər. Lakin xüsusilə də Filfilli kəndinin meşə sahələrinin yerləşmə yeri çətin relyefli olduğu üçün həmin meşələrə tam nəzarətin həyata keçirilməsi imkanları xaricində olmuşdur. Bundan başqa, təqsirləndirilən şəxs bələdiyyəyə vurduğu ziyanlığı ödəmədiyindən onlar arasında hər hansı razılaşma əldə edilməmişdir. Zərər çəkmiş şəxs ziyanlığın ödənilməsini tələb edir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X6 Mərkəzinin nümayəndəsi Nümayəndə2 iştirak etdiyi məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, 2023-cü ilin 07 iyul tarixindən etibarən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X6 Mərkəzində baş mütəxəssishüquqşünas vəzifəsində çalışır. Meşələrin İnkişafı Xidmətinin 15 saylı X6 Mərkəzində araşdırılmış material zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2024-cü il tarixdə Oğuz rayonu Xaçmaz meşəbəyliyinin 01 saylı meşə dolayının 20-ci kvartalının ərazisində X-719762 Y-4555096 koordinatlar daxilində yerləşən dövlət mülkiyyətinə aid olmaqla, kateqoriyası meşə fondu torpaqları olan ərazidə diametri 36 sm olan 3 ədəd, diametri 40 sm olan 1 ədəd və diametri 44 sm olan 1 ədəd fıstıq cinsindən olan ağacları qanunsuz olaraq kəsmişdir. Mərkəzin mütəxəssisləri tərəfindən aparılmış qiymətləndirmə zamanı qeyd olunan ağacların qanunsuz kəsildiyinə görə təbiətə dəymiş maddi ziyanın dəyəri 125 manat 23 qəpik məbləğində müəyyən edilmişdir. Ağacların kəsildiyi sahə dövlət mülkiyyətinə aid, kateqoriyası meşə fondu torpaqları olan ərazidə yerləşdiyi üçün həmin ağacların kəsilməsinə görə təbiətə dəymiş ziyanın hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 30 saylı qərarına əsasən hesablanmışdır. Eldar Muradov qeyd olunan ağacları qanunsuz olaraq kəsmişdir. Ona həmin ağacları kəsmək üçün 15 saylı X6 Mərkəzi və ya başqa hər hansı səlahiyyətli qurum tərəfindən icazə verilməmişdir. Həmin şəxsdə ağacları kəsmək üçün məşəqırma bileti və order olmamışdır. Lakin qeyd olunan fakt Mərkəzin əməkdaşları tərəfindən aşkar edilən zaman Eldar Muradov kəsdiyi ağacların oduncaqlarını daşıyıb apardığı üçün onların yerini müəyyən etmək və Mərkəzin anbarında saxlanılaraq mühafizəsini təmin etmək mümkün olmamışdır. Həmçinin Mərkəzdə araşdırma aparılan zaman Eldar Muradov yalnız 1 ağac kəsdiyini bildirmişdir. Lakin araşdırma zamanı müəyyən edilmişdir ki, Eldar Muradov bir-biri ilə yanaşı olan 5 ədəd fıstıq ağacını qanunsuz olaraq kəsmişdir. Mərkəzin əməkdaşları tərəfindən əraziyə keçirilmiş baxış zamanı Eldar Muradov tərəfindən 5 ağacın kəsildiyi aşkar edilmişdir. Qeyd olunan ağacların kəsildiyi təyinat nöqtəsinin koordinatlarının müəyyən edilməsi məqsədilə 15 saylı X6 Mərkəzinə ünvanlanmış xx.xx.2025-ci il tarixli 6/171-205 nömrəli məktuba cavab olaraq Mərkəzdən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-14-27-2/2-216/2025 nömrəli məktubda ərazinin koordinatları texniki səhvə yol verilərək X-719762 Y-455096 kimi qeyd edilmişdir. Belə ki, düzgün koordinatların X-719762 Y-4555096 olduğu nəzərə alınmalıdır. Bundan başqa, təqsirləndirilən şəxs Mərkəzə vurmuş olduğu 125,23 manat məbləğində maddi ziyanlığı ödəmişdir. Bu səbəbdən zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsdən hər hansı şikayət və ya tələbi yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid ifadə verərək göstərdi ki, 2017-ci ildən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətində Meşələrin mühafizəsi üzrə baş mühəndis vəzifəsində çalışır. 04 aprel 2025-ci il tarixdə Oğuz Rayonunun Filfilli kəndinin ərazisində yerləşən meşə sahəsində ağacların qanunsuz olaraq kəsilməsi faktı ilə bağlı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş baxışda iştirak etmək üçün mütəxəssis qismində dəvət edilmişdir. Həmin tarixdə onun da iştirakıyla Baş İdarənin əməkdaşları tərəfindən qeyd olunan ərazidəki kəsilmiş ağacların kötüklərinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, Oğuz rayonu Filfilli kəndində yaşayan xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs həmin meşədə sağlam köküstə vəziyyətdə olan fıstıq və vələs ağaclarını qanunsuz olaraq dibindən kəsmişdir. Daha sonra həmin kötükləri hansı ağaclardan kəsmişdirsə, həmin ağacların köklərinin olduğu yerə baxışlar keçirilmişdir. Tərəfindən kəsilmiş fıstıq və vələs ağaclarının kötüklərinin diametri ölçülərək müəyyən edilmişdir. Təqsirləndirilən şəxs kəsdiyi ağaclar bir-birindən bir qədər aralıda yerləşdiyindən kəsilmiş ağacların köklərinin müəyyən edilməsi üçün beş fərqli yerə baxış keçirilmişdir. Belə ki, ilk olaraq 16-48 diametr aralığında olan 6 ədəd fıstıq, daha sonra 20- 52 diametr aralığında olan 3 ədəd fıstıq, daha sonra bir qədər aralıda 32 diametr olan 1 ədəd vələs, sonra bir qədər aralıda 20-22 diametr aralığında olan 2 ədəd vələs və ən sonda 72 diametr olan 1 ədəd fıstıq ağacına baxış keçirilmiş və ölçmə işləri aparılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş "Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında" xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, 4 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Oğuz Rayonu Filfilli kəndinin ərazisində yerləşən meşə sahəsinə baxış keçirilmiş və orada Təqsirləndirilən şəxs tərəfindən diametri 14-72 sm olan 10 ədəd fıstıq və 3 ədəd vələs cinsindən olan ağacların qanunsuz olaraq kəsildiyi müəyyən edilmişdir. Eldar Muradov baxış zamanı həmin ağacları odun kimi istifadə etmək məqsədi ilə kəsdiyini, həmin kötüklərin meşə ağacı olan fıstıq və vələs ağaclarına aid olduğunu, onları heç bir icazə sənədi və heç kimin köməyi olmadan elektrikli mişar vasitəsilə kəsdiyini, həmin ağacları öz evində odun kimi yandırmaq məqsədi ilə kəsdiyini, lakin hava şəraiti uyğun olmadığı üçün onları daşımağa imkanının olmadığını bildirmişdir. ( i.v. 10-12) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 5(054)-42/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili X2 xx.xx.2025-ci il tarixli qərarı qanuni hesab edilmişdir. ( i.v. 23-24) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli Ç-HM/4625-032 nömrəli məktubundan görünür ki, Oğuz Rayonu Filfilli kəndinin ərazisində yerləşən meşə sahəsində ağacların kəsilməsi ilə bağlı Təqsirləndirilən şəxs tərəfindən 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə heç bir müraciət daxil olmamışdır. Həmin ağaclarını kəsildiyi ərazi bələdiyyə mülkiyyətinə aid olduğu təqdirdə ağacların kəsilməsinə görə təbiətə dəymiş maddi ziyanın məbləği 5870 manat təşkil edir ( i.v.19-20 ). İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X6 Mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-14-27-2/2-137/2025 nömrəli məktubdan görünür ki, Oğuz Rayonu Filfilli kəndinin ərazisində Təqsirləndirilən şəxs tərəfindən 10 ədəd fıstıq və 3 ədəd vələs cinsindən olan ağacların qanunsuz kəsildiyi 5 fərqli təyinat nöqtələrinə Mərkəzin aidiyyəti əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı qeyd olunan nöqtələrin koordinatları "GARMEN ETREX 22X GPS" əl aləti vasitəsilə götürülmüşdür. Belə ki, diametri 20-52 sm aralığında olan 3 W ədəd fıstıq X- 717306 Y-4554337, diametri 16-48 sm aralığında olan 6 ədəd fıstıq X-717315 Y-4554314, diametri 20-22 sm aralığında olan 2 ədəd vələs X-717266 Y-4554329, diametri 32 sm olan 1 ədəd vələs X-717237 Y-4554360 və sonda diametri 72 sm olan 1 ədəd fıstıq cinsindən olan ağac X-717300 Y-4554361 koordinatında qanunsuz olaraq kəsilmişdir. Qeyd olunan ərazi Mərkəzdə mövcud olan 1985-ci il və 2007-ci ilə aid meşə quruluşu xəritələrinə əsasən Oğuz meşəbəyliyinin 8 saylı meşə dolayının 43-cü kvartalı və Xaçmaz meşəbəyliyinin 01 saylı meşə dolayının 23-cü kvartalı ilə həmsərhəd olmaqla meşə fonduna aid edilməmişdir ( i.v.60-61 ). İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan və həmin tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 216) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 63) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-2005/2025 nömrəli məktubdan görünür ki, Oğuz rayonu Filfili kəndinin ərazisində Təqsirləndirilən şəxs tərəfindən ağacların qanunsuz olaraq kəsildiyi X-717306 Y-4554337, X-717315 Y-4554314, X- 717266 Y-4554329, X-717237 Y-4554360, X-717300 Y-4554361 koordinatlar daxilində yerləşən torpaq sahəsinin torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası kollu örüş olmaqla Oğuz rayon Filfili kənd inzibati ərazi dairəsinin sərhədləri daxilində Xaçmaz bələdiyyəsinin mülkiyyətinə aid ərazidə yerləşir. X3 X4 (TEKUİS) əsasən sözügedən torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı, uqodiyası kolluq, islahat uqodiyası kollu-örüş olmaqla, Xaçmaz bələdiyyəsinin mülkiyyətinə aid ərazi göstərilmişdir ( i.v.66-67 ). İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş "Təbii sərvətlərin qiymətləndirilməsi haqqında" xx.xx.2025-ci il tarixli QT-0067 nömrəli qiymətləndirmə hesabatından görünür ki, cədvəldə göstərilən ağacların kəsildiyi ərazi bələdiyyə mülkiyyətinə aid olduğu təqdirdə həmin ağacların kəsilməsinə görə təbiətə dəymiş maddi ziyanın məbləği 5870 manat təşkil edir. ( i.v.27-45 ). İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli 3-14-46/2-277/2025 nömrəli məktubundan görünür ki, Oğuz rayonu Xaçmaz bələdiyyəsinin mülkiyyətinə aid ərazidən Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq kəsilmiş ağacların oduncaq hissələri ərazidən götürülərək müvəqqəti saxlanılması üçün 15 saylı X6 Mərkəzinin anbarına təhvil verilmişdir. ( i.v.98 ). İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X6 Mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-14-27-2/2-142/2025 nömrəli məktubdan görünür ki, Oğuz rayonu Filfili kənd V sakini Təqsirləndirilən şəxs 15 saylı X6 Mərkəzinin Xaçmaz meşəbəyliyinin 01 saylı meşə dolayından qanunsuz yaş ağacları kəsdiyi üçün barəsində 14 noyabr 2024-cü il tarixdə tərtib edilmiş 003594 nömrəli akt və müvafiq sənədlər aidiyyəti üzrə baxılması üçün Oğuz Rayon Polis Şöbəsinə göndərilmişdir. ( i.v.69-77 ). İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Oğuz Rayon Polis Şöbəsindən daxil olmuş № HK-743 nömrəli materialdan görünür ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2024-cü il tarixdə Oğuz rayonu Xaçmaz meşəbəyliyinin 01 saylı meşə dolayının 20-ci kvartalının ərazisində X-719762 Y-4555096 koordinatlar daxilində yerləşən dövlət mülkiyyətinə aid olmaqla, kateqoriyası meşə fondu torpaqları olan ərazidə diametri 36 sm olan 3 ədəd, diametri 40 sm olan 1 ədəd və diametri 44 sm olan 1 ədəd fıstıq cinsindən olan ağacları qanunsuz kəsərək təbiətə ümumilikdə 125 manat 23 qəpik məbləğində maddi ziyan vurmuşdur. 28 noyabr 2024-cü il tarixdə Oğuz Rayon Polis X1 material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və xx.xx.2025-ci il tarixdə həmin qərar Oğuz Rayon Prokurorluğunda ləğv edilmişdir. ( i.v. 103-129 ). İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X6 Mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-14-27-2/2-398/2024 nömrəli məktubdan görünür ki, 15 saylı X6 Mərkəzinin Xaçmaz meşəbəyliyinin 01 saylı meşə dolayının meşə gözətçisi X5 14 oktyabr 2024-cü il tarixdə məlumat yazaraq mühafizə etdiyi dolayın 20-ci kvartalından Oğuz rayon Filfilli kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq 05 ədəd V fıstıq cinsindən müxtəlif diametrdə köküstə yaş ağacları kəsdiyini bildirmişdir. Mərkəzin əməkdaşları tərəfindən məlumat əsasında əraziyə baxış keçirilən zaman, həqiqətən də, 01 saylı dolayın qovaqlıq adlanan ərazisindən 5 ədəd fıstıq cinsindən müxtəlif diametrdə ağacların kəsildiyi və nəticədə dövlət meşə fonduna 125,23 manat məbləğində ziyan vurulduğu müəyyən edilmişdir. ( i.v. 77 ). İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X6 Mərkəzində tərtib edilmiş 14 noyabr 2025-ci il tarixli 003594 nömrəli aktdan görünür ki, 15 saylı X6 Mərkəzinin Xaçmaz meşəbəyliyinin 01 saylı meşə dolayının meşə gözətçisi X12 V oğlu 14 oktyabr 2024-cü il tarixdə məlumat yazaraq mühafizə etdiyi dolayın 20-ci kvartalından Oğuz rayon Filfilli kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq köküstə yaş ağacları kəsdiyini bildirmişdir. Əraziyə keçirilmiş baxış zamanı diametri 36 sm olan 3 ədəd, diametri 40 sm olan 1 ədəd və diametri 44 sm olan 1 ədəd olmaqla, ümumilikdə 5 ədəd fıstıq cinsindən olan ağacların kəsildiyi müəyyən edilmişdir. Oğuz rayon Filfilli kənd sakini Təqsirləndirilən şəxs əraziyə baxış keçirilməsində iştirak etməsi üçün dəvət edilsə də, o, bundan imtina etmişdir. Həmin əraziyə yaxın çay kənarında Təqsirləndirilən şəxs əlində motorlu mişarla fotoşəkli çəkilmişdir. Həmin ərazidəki 5 ədəd fıstıq cinsindən olan ağaclar eyni vaxtda kəsilmişdir. ( i.v. 70-72 ). İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 24911 nömrəli ödəniş qəbzinin surətindən görünür ki, 12 dekabr 2024-cü il tarixdə saat 14:29-da "xxxx" ASC-nin Baş Ofisində K0100987 nömrəli terminal vasitəsilə Təqsirləndirilən şəxs tərəfindən 15 saylı X6 MərkəzininAZ19CTRE******************** nömrəli hesabına "meşə ziyanlığı 2024" təyinatı üzrə 127 manat məbləğində pul vəsaiti köçürülmüşdür. ( i.v. 76 ). İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 sayı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 07 iyul 2025-ci il tarixli 3-14-46/2-309/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Meşələrin İnkişafı Xidmətinin 15 W saylı X6 Mərkəzinin Xaçmaz meşəbəyliyinin 01 saylı meşə dolayının 20-ci kvartalında qanunsuz olaraq kəsilmiş diametri 36 sm olan 3 ədəd, diametri 40 sm olan 1 ədəd və diametri 44 sm olan 1 ədəd fıstıq cinsindən olan ağaclara görə təbiətə ümumilikdə 125 manat 23 qəpik məbləğində maddi ziyan dəymişdir. ( i.v. 134 ). İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X6 Mərkəzindən daxil olmuş 04 iyul 2025-ci il tarixli 3-14-27-2/2-216/2025 nömrəli məktubdan görünür ki, Oğuz Rayonu Filfilli kənd sakini Təqsirləndirilən şəxs tərəfindən 5 ədəd fıstıq cinsindən ağacların qanunsuz kəsildiyi əraziyə Mərkəzin əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı ağacların kəsildiyi ərazidən koordinat "GARMEN ETREX 22X GPS" əl aləti vasitəsilə götürülmüşdür. V Həmin ərazi 15 saylı X6 Mərkəzinin Xaçmaz meşəbəyliyinin 01 saylı meşə dolayının ərazisində, X-719762 Y- 4555096 koordinatlarında yerləşməklə dövlət meşə fonduna aiddir. ( i.v. 132 ). İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsindən daxil olmuş 21 iyul 2025-ci il tarixli 3-21-3-42/2-3176/2025 nömrəli məktubdan görünür ki, X-719762 Y-4555096 koordinatlar daxilində yerləşən torpaq sahəsi, dövlət mülkiyyətinə aid olmaqla, kateqoriyası meşə fondu torpaqları olan ərazidə yerləşir. ( i.v. 140 ). İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X6 Mərkəzindən daxil olmuş 14 avqust 2025-ci il tarixli 3-14-27-2/2-242/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Meşələrin İnkişafı Xidmətinin 15 saylı X6 Mərkəzinin Xaçmaz meşəbəyliyinin 01 saylı meşə dolayının 20-ci kvartalında qanunsuz olaraq kəsilmiş diametri 36 sm olan 3 ədəd, diametri 40 sm olan 1 ədəd və diametri 44 sm olan 1 ədəd fıstıq cinsindən olan ağaclar Mərkəzdə saxlanılmır və mühafizəsi təmin edilmir. ( i.v. 142 ). İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsindən daxil olmuş 21 iyul 2025-ci il tarixli 3-21-3-42/2-3176/2025 nömrəli məktubdan görünür ki, X-719762 Y- 4555096 koordinatlar daxilində yerləşən torpaq sahəsi, dövlət mülkiyyətinə aid olmaqla, kateqoriyası meşə fondu torpaqları olan ərazidə yerləşir. ( i.v. 179-190 ). İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-28-29/2-4570/2025 nömrəli məktubdan müəyyən edilmişdir ki, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. (i.v. 65) İş materiallarına əlavə edilmiş “Elektron məhkəmə” informasiya sistemi üzrə çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2022ci il təvəllüdlü X9 adlı iki işağı vardır. İş materiallarına əlavə edilmiş “Elektron məhkəmə” informasiya sistemi üzrə çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Oğuz rayonu Filfilli kəndində yaşayır. Məhkəmə, təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət əməlini vahid niyyətlə 14 oktyabr 2024-cü il tarixdən 2024-cü ilin noyabr ayının əvvəllərinə qədər olan müddət ərzində törətdiyindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinin xx.xx.2024-cü il tarixli dəyişiklikdən əvvəl qüvvədə olmuş redaksiyasına əsasən qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinə əsasən meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (14 oktyabr 2024-cü il tarixdən 2024-cü ilin noyabr ayının əvvəllərinə qədər olan müddət ərzində, yəni cinayət hadisəsi törədilən zaman qüvvədə olan əvvəlki redaksiya). Həmin maddənin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Bu Məcəllənin 259.1-ci və 260.1ci maddələrində “xeyli miqdar” dedikdə min manatdan yeddi min manatadək olan məbləğ, 259.2.4-cü, 260.1-1-ci və 260.3-cü maddələrində “külli miqdar” dedikdə yeddi min manatdan artıq olan məbləğ başa düşülür.( 14 oktyabr 2024-cü il tarixdən 2024-cü ilin noyabr ayının əvvəllərinə qədər olan müddət ərzində, yəni cinayət hadisəsi törədilən zaman qüvvədə olan əvvəlki redaksiya) “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən bu Qanun, meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqlara şamil edilir; 13.1-ci maddəsinə əsasən dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə, şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda, ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda, texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda, ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda yaşıllıqların götürülməsinə yol verilir; 13.2-ci maddəsinə əsasən bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır; 13.4-cü maddəsinə əsasən yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının (bu halda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi) rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının (bu halda bələdiyyə mülkiyyətində olan torpaq sahələri istisna olmaqla yerli icra hakimiyyəti orqanları) və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı (bu halda Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır; 13.5-ci maddəsinə əsasən qərar qəbul olunan gün qərarı qəbul edən orqan müraciət edən şəxsə yaşıllığın götürülməsinin məqsədini, götürülmə haqqında qərarın tarixini, nömrəsini və digər məlumatları əks etdirən, forması və tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yaşıllığın götürülməsi vərəqi verməlidir. Yaşıllığın götürülməsi vərəqi olmadan yaşıllığın götürülməsi qadağandır; 13.6-cı maddəsinə əsasən yaşıllığın götürülməsi vərəqi yaşıllıqlara dövlət nəzarətini həyata keçirən orqanın və ictimai nəzarəti həyata keçirən şəxslərin tələbi ilə yaşıllığı götürən şəxs tərəfindən maneəsiz təqdim edilməlidir. Yaşıllığın götürülməsi vərəqi yaşıllığın götürüldüyü ərazidə hamının tanış ola biləcəyi yerdə yerləşdirilməlidir; 13.7-ci maddəsinə əsasən bu Qanunun 13.1.1-ci maddəsində göstərilən halda yaşıllıqların götürülməsi bunu zəruri edən layihənin hesabına həyata keçirilir; 13.8-ci maddəsinə əsasən yaşıllıqların götürülməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı (bu halda Azərbaycan respublikasının Nazirlər Kabineti) müəyyən edir; 19-cu maddəsinə əsasən yaşıllıqların mühafizəsinə dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaşıllıqların mühafizəsi sahəsində pozuntuların aradan qaldırılmasını fiziki və hüquqi şəxslərdən tələb etmək və pozuntulara yol verən şəxslər barəsində müvafiq tədbirlər görmək, yaşıllıqların mühafizəsi sahəsində inzibati xətalar haqqında işlərə baxmaq, şəxslərin əməlində daha ciddi qanun pozuntusu faktları müəyyən etdikdə onları aidiyyəti üzrə göndərmək hüququna malikdir; 24-cü maddəsinə əsasən bu Qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-ci maddəsinə uyğun olaraq hazırlanmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası” meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisindəki yaşıllıqların götürülməsi mexanizmini müəyyən edir. Sözügedən qaydalarda yaşıllıqların götürülməsinə rəyin verilməsi, yaşıllığın götürülməsi vərəqinin forması və tətbiqi qaydaları müəyyən edilmişdir. Həmin Qaydaların: 1.2-ci bəndinə əsasən yaşıllıqların götürülməsi bu Qaydanın 2.2-ci bəndində göstərilən hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərtilə kəsilməsinə yönəldilmiş tədbirdir; 2.2-ci bəndində yaşıllıqların götürülməsinə yol verilən hallar göstərilmişdir ki, həmin hallar “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsində nəzərdə tutulmuş hallarla eyniyyət təşkil edir; 2.4-cü bəndinə əsasən fiziki və hüquqi şəxslər bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər; 2.9-cu bəndinə əsasən istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin yaşıllığın götürülməsi haqqında qərarı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaşıllıqların götürülməsinə dair rəyi nəzərə alınmaqla, rəyin verilməsi ilə əlaqədar müddət də daxil olmaqla 10 (on) təqvim günündən gec olmayaraq qəbul edilir və bu Qaydanın əlavəsində göstərilən formada yaşıllığın götürülməsi vərəqəsi ilə birlikdə ərizəçiyə verilir. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs vahid niyyətlə əhatə olunan qəsdlə Oğuz rayonu Filfilli kəndi ərazisindən ağacları kəsməsi nəticəsində Oğuz rayon Xaçmaz Bələdiyyəsinə 5870 manat manat, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X6 Mərkəzinə isə 125,23 manat olmaqla, təbiətə ümumilikdə xeyli miqdarda 5995,23 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 259.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: ilk dəfə məhkum olunmasını; törətdiyi əməli etiraf edib peşman olmasını; təbiətə dəymiş maddi ziyanın qismən, 125,23 manat məbləğində hissəsinin ödənilməsini; himayəsində 2 azyaşlı uşağı olmasını; İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinin onun həyat tərzinə, maddi, fiziki və mənəvi cəhətdən mənfi təsir göstərəcəyini nəzərə alaraq, habelə təqsirləndirilən şəxslə davranışda ictimaiyyətin daha fəal iştirak etməsinin təmin edilməsi, onda cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərilməsi və onun islah edilməsi məqsədi ilə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddədə müəyyən edilmiş az ciddi cəza növü hesab olunan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır (CPM-198.1). İş üzrə maddi sübut - saxlanılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 15 saylı X6 Mərkəzinin anbarına təhvil verilmiş, baxış zamanı aşkar edilən kəsilmiş ağacların oduncaqları hökm qanuni qüvvəsini aldıqdan sonra Oğuz rayonu Xaçmaz Bələdiyyəsinə verilməlidir. İş üzrə maddi sübut – baxış keçirilməsi haqqında videoçəkilişin əks olunduğu 01 ədəd və Təqsirləndirilən şəxs videoçəkiliş vasitəsilə dindirilməsinin əks olunduğu 01 ədəd olmaqla, ümumilikdə 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia tələbi verilməmişdir. İş üzrə digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Oğuz rayon ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Oğuz rayonu Filfilli kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut - saxlanılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 15 saylı X6 Mərkəzinin anbarına təhvil verilmiş, baxış zamanı aşkar edilən kəsilmiş ağacların oduncaqları hökm qanuni qüvvəsini aldıqdan sonra Oğuz rayonu Xaçmaz Bələdiyyəsinə verilsin. İş üzrə mülki iddia tələbinin verilmədiyi, ekspertiza xərci və digər məhkəmə xərclərinin olmadığı nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim : Emin Məmmədli
Məhkəmə qərarları › İş №1(054)-79/2025
Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-79/2025
31.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver