Məhkəmə qərarları › İş №1(054)-85/2025

Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-85/2025

13.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-85/2025 13.02.2026 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Rəşad Ayıl oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1997-cı ildə Sabirabad rayonu Qalağayın kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Qalağayın kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını qəsdən ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, 2025-ci ilin iyun ayında tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə "Tap.az" elektron saytında ev quşu satışına dair elan yerləşdirərək, Oğuz rayon sakini Zərərçəkmiş şəxs Ráhman oğlunun hind quşu satın alınması ilə bağlı ona müraciət etməsinə nail olub, ona ədədinin qiyməti 7 manat olmaqla, 150 ədəd hind quşu göndərəcəyini yalandan bildirib, sonuncunu inandırmaq üçün 1148,0 (bir min yüz qırx səkkiz) manat məbləğində pul verilməsi müqabilində ona 190 ədəd hind quşu verəcəyinə yalandan vəd verib inandıraraq, həmin adla Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə saat 21:20- də ünvan 2 ünvanında yerləşən mağazada olan "Milliön" ödəmə terminalı vasitəsi ilə özünün adına olan "xxxx" ASC-yə məxsus 4169 **** **** 0106 nömrəli bankomat kart hesabına 1148,0 (min yüz qırx səkkiz) manat məbləğində pulun göndərilməsinə nail olaraq həmin pulu ələ keçirərək zərərçəkmiş şəxsə ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, etdiyi əmələ görə peşmandır və əslində zərərçəkmiş şəxsi aldatmaq fikri olmamışdır, ona hind quşu, yem və dərman satacağını söz vermişdir. Zərərçəkmiş şəxsin pulunu bir və bir ay yarıma qaytarmaq fikri olduğunu, lakin yaxın qohumu xəstə olduğu üçün bunu edə bilmədiyini və bu səbəbdən bu hərəkəti etməyə məcbur qalmasını bildirmişdir. Hind quşunun satmaq üçün 1 ədədini 7 manatdan olmaqla 150 ədəd hind quşu, yem və dərman satmağı razılaşdıqlarını, daha sonra isə 1 ədədinin qiymətini 5 manata razılaşdıqlarını demişdir. Zərərçəkmiş şəxsə 190 ədəd hind quşu verməli olduğunu, lakin həmin ərəfədə quş çıxarmaq üçün istifadə olunan avadanlıq xarab olduğu üçün vaxtında sözünə əməl edə bilməmişdir, həmçinin yaxın qohumu xəstə olduğu üçün məcbur qalıb zərərçəkmiş şəxsi aldatmışdır və vədinə əməl edə bilməmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyan üzrə tərəfindən 400 manat ödənildiyini və işləyib qalıq qalan ziyanı da tam ödəcəyini və göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, yaxın qohumunun səhhətində olan ciddi problemlər ilə bağlı bu hərəkətləri etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərəçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ev quşlarının alqı-satqısı ilə məşğul olur və bu məqsədlə tez-tez sosial şəbəkələrdə və bazarlarda ev quşlarının qiymətləri ilə maraqlanır. xx.xx.2025-ci il tarixdə "Tap.az" saytında ev quşlarının satışı ilə bağlı elanlara baxarkən bir nəfər şəxsin sərfəli qiymətə ev quşları satdığını görmüşdür. Bundan sonra elana qoyulmuş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrlə əlaqə saxlayaraq hind quşu balalarının qiyməti ilə bağlı məlumatı həmin şəxsdən maraqlanmışdır. Bu zaman telefonda danışan şəxs ona adının Orxan olduğunu və Hacıqabul şəhərində yaşadığını bildirmişdir. Bundan sonra Orxan adlı həmin şəxslə qiymət və almaq istədiyi quşların çatdırılması ilə bağlı razılaşmışlar. Belə ki, Orxan biri 7 (yeddi) manatdan ona 150 ədəd hind quşu balası göndərməli imiş, lakin bundan sonra Orxan çox sayda hind quşu balası aldığı üçün ona endirim edəcəyini bildirmişdir. Belə ki, Orxan ona əgər pulu tez göndərəcəyi təqdirdə 150yox 190 hind quşu balası, həmçinin hədiyyə olaraq 100 (yüz) manatlıq yem və 190 ədəd hindquşunun dərmanını davgöndərəcəyini demişdir. Bundan sonra Orxanla hind quşları balalarının çatdrılması xərci də daxil olmaqla 1148 manata razılaşmışdır. Həmin gün saat 21:20-də Oğuz şəhəri S.Vurğun küçəsi 2-də yerləşən mağazada olan "Milliön" terminal aparatından Orxanın ona bildirmiş olduğu "xxxx" ASC-yə məxsus 4169 7388 6295 0106 nömrəli kart hesabına 1148 manat pul köçürmüşdür. Orxan ona xx.xx.2025-ci il tarixdə axşam saatlarında quşların Oğuz rayonunda olacağını demişdir. Bundan sonra danışılan vaxtda Orxanla əlaqə saxladıqda Orxan müxtəlif bəhanələr gətirərək ona quşları daha sonra göndərə biləcəyini demişdir. Orxanın onu aldatdığını başa düşmüş və bu barədə polisə şikayət etmək qərarına gəlmişdir. O, həmçinin hadisə nəticəsində ona 1148 manat maddi ziyan dəydiyini, həmin ziyandan 400 manatın təqsirləndirlən şəxs tərəfindən ödənildiyini demişdir, qalıq qalan pulun ödənilməsini təqsirləndirilən şəxsdən tələb etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona qeyd edilən maddə ilə ittiham elan olunmuş və həmin tarixdə barəsində "başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbiri seçilmiş və həmin tarixdə Oğuz RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs məhkəmə iclaslarından yayındığı üçün Təqsirləndirilən şəxs axtarışı elan edilmiş və barəsində seçilmiş “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs tutulub məhkəmə iclasına gətirilənədək cinayət işi üzrə icraat dayandırılmışdır. Oğuz Rayon Məhkəməsində təqdim olunmuş Oğuz RPŞ-nin xx.xx.2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, xx.xx.1987-ci il tarixdə Sabirabad rayonu, Qalağayın kəndində anadan olmuş, həmin kənddə daimi qeydiyyatda olan, barəsində xx.xx.2025-ci il tarixdə 330123 nömrəli axtarış işi açılmış, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatına əsasən xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində gizləndiyi yer müəyyən olunaraq Oğuz RPŞ-yə gətirilərək X9 təhvil verilmişdir. Məktuba əlavə olunmuş protokola əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi RPİ-nin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə saxlanılaraq Oğuz RPŞ-nin əməkdaşlarına təhvil verməsi müəyyən olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 xx.xx.2025-ci il tarixli məktubunda qeyd olunur ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinən şəxs Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Oğuz RPŞ-nin əməkdaşları tərəfindən tutularaq saxlanılması üçün xx.xx.2025-ci il tarixdə X4 gətirilmişdir. Oğuz Rayon Məhkəməsinin 1(054)-85/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Şirvan ŞRPŞ-i tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1ci maddəsi ilə məsuliyyətə cəlb olunmuş,xx.xx.2024-cü il tarixdə CPM-nin 40.3, CM-nin 73-1.1-ci maddələrinə əsasən xitam verilmişdir. xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd qəbzə və 23 vərəqədən ibarət Təqsirləndirilən şəxs ilə aralarında "Whatsapp" sosial şəbəkəsində olan yazışmaların surətlərinə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, "Mpay" MMС-yə məxsus "Milliön" elektron ödəmə sistemi vasitəsi ilə Oğuz şəhəri S.Vurğun küçəsi 2-də yerləşən marketdə olan 00741 nömrəli terminal aparatı vasitəsi ilə H***** 0***** E***** oğlu adına olan "xxxx" ASC-yə məxsus 416973*****0106 nömrəli kart hesabına xx.xx.2025-ci il tarixdə saat 21:20:03-də 1148.00 AZN göndərilməsi və həmin əməliyyatın **********1 nömrə ilə qeydiyyata düşməsi əks olunur. Sabirabad RMX PHŞ-dən daxil olmuş 02 oktyabr 2025-ci il tarixli, 580 nömrəli məktubla müəyyən edilmişdir ki, Hüseynov X7 RMX-nın poliklinika şöbəsinin "Narkoloji" və "Ruhi əsəb" kabinetlərində qeydiyyatda yoxdur. Oğuz RİHB-nın Sabirabad rayonu, Qalağayın İƏD üzrə nümayəndəliyi tərəfindən 02 oktyabr 2025-ci il tarixli, 5-70-22/2A-12/2-28 saylı məktubla daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Hüseynov X7 rayonu Qalağayın kəndində qeydiyyatdadır, ailə tərkibi atası - 1976-cı il təvəllüdlü X1, anası - 1975-ci il təvəllüdlü X3, bacısı – 2001-сі il təvəllüdlü X6 və 2002-ci il təvəllüdlü X5 ibarətdir və yaşadığı yer üzrə Qalağayın İƏD üzrə nümayəndəliyə onun barəsində dəfələrlə hüquq mühafizə orqanlarından şifahi və rəsmi şikayətlər daxil olmuşdur. “Elektron məhkəmə” İnformasiya Sistemi üzrə sorğu edilmiş məlumata əsasən Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” olmaqla 80 manat təqaüd alması müəyyən olumuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Prezidentinin 24 iyun 2021-ci il tarixli, 2713 nömrəli Sərəncamı ilə “Zəngilanın azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli, 2715 nömrəli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli, 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medallarına layiq görülmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin ifadələri və digər iş materialları ilə onun törətdiyi cinayət əməli, yəni onun aldatma və etibardan sui-istifadə etməklə özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir, onun əməli Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini, “Vətən müharibəsi iştirakçısı” olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs saxlanılaraq faktiki azadlığı məhdudlaşdırıldığı vaxtdan xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci tarixədək olan olan müddət 02 (iki) gün, onun məhkəmə baxışı zamanı tutularaq həbsə alındığı xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək olan müddət, yəni 02 ay 14 gün, ümumilikdə 02 ay 16 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, yəni 05 (beş) ay 02 (iki) gün ona təyin olunmuş müddət cəzadan çıxılmaqla onun üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilərək o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat hər gün gecə saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sabirabad rayonu, Qalağayın kəndi ünvanında yerləşən evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun ərazi hüdüdlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs saxlanılaraq faktiki azadlığı məhdudlaşdırıldığı vaxtdan xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci tarixədək olan olan müddət 02 (iki) gün, onun tutularaq həbsə alındığı xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək olan müddət 02 (iki) ay 14 (on dörd) gün, ümumilikdə 02 (iki) ay 16 (on altı) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, yəni 05 (beş) ay 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün gecə saat 23:00-dan növbəti gün, saat 07:00dək yaşayış yeri Sabirabad rayonu, Qalağayın kəndi ünvanında yerləşən evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia tələbi, ekspertiza xərci və digər məhkəmə xərclərinin olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar