Məhkəmə qərarları › İş №1(054)-87/2025

Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-87/2025

13.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-87/2025 13.03.2026 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Rəşad Ayıl oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Oğuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Oğuz rayonu, Bayan kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 02 mart 2017-ci il tarixdən başlayaraq hər ay 120,00 manat, xx.xx.2022-ci il tarixdən başlayaraq isə hər ay 170,00 manat sabit pul məbləğində alimentin tutularaq 07 oktyabr 2014-cü il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Zərərçəkmiş şəxs verilməsinə dair Oğuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(054)-298/2017 saylı və xx.xx.2022-ci il tarixli 2(054)-309/2022 saylı qanuni qüvvəyə minmiş qətnamələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerine yetirmədiyinə görə sonuncu dəfə Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(054)- 100/2024 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə, həmçinin əvvəllər eyni xarakterli cinayət törətdiyinə görə məhkəmə məsuliyyətinə verilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün üçün ilkin təqdimat verilən xx.xx.2020-ci il tarixdən hazırki təqdimat verilənədək, yəni 21 aprel 2025ci il tarixədək Oğuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(054)- 298/2017 saylı qətnaməsi üzrə 1500,00 manat, Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(054)- 309/2022 saylı qətnaməsi üzrə isə 5270,00 manat olmaqla, cəmi 6770,00 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxsə qeyd edilən məbləğdə maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, illər əvvəl avtoqəzada ağır xəsarət almışdır və buna görə ağır işlərdə işləyə bilməmişdir və bu səbəbdən maddi qazancı yaxşı olmamışdır. Bundan başqa ikinci dəfə ailə qurmasını və həmin nikahdan da iki uşağının olmasını bildirmişdir və həmin ailənin də onun himayəsində olmasını və onlara da onun baxmasını demişdir. Həbsdə olması ilə bağlı hazırda ödənişlər edə bilməməsini, azadlıqda olduğu təqdirdə ümumi birgə pay torpağı kimi ailəsinə verilmiş torpaqdan ona düşən payı satmaqla aliment borcunu ödəyə biləcəyini demişdir. Sağlamlıq vəziyyəti yaxşı olmadığı üçün işləyə bilmədiyi və bu səbəbdən aliment məbləğini vaxtında ödəyə bilməməsini demişdir. Son üç il ərzində müxtəlif vaxtlarda ödənişlər etməsini və ödəniş qəbzlərini icra məmuruna təqdim etməsini və ibtidai istintaq zamanı aliment borcu üzrə ümumilikdə 1300 manat ödəniş etməsini demişdir. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasının, avtoqəza nəticəsində xəsarət alması və bundan sonra uzun müddət xəstə olmasını və aliment borcu üzrə qismən ödənişlər etməsini barəsində yekun məhkəmə qərarı qəbul olunan zaman nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 22 oktyabr 2013-cü ildə Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi qaydada ailə qurmuşdur və bu nikahdan 07 oktyabr 2014-cü il tarixdə bir uşaqları doğulmuşdur. Ailə qurduqdan bir müddət sonra münasibətləri pozulduğundan həmin uşağı da götürüb öz ata evinə qayıtmışdır və ayrı yaşadıqları müddətdə Təqsirləndirilən şəxs uşaqla maraqlanmamış və ona maddi köməklik göstərməmişdir, ona görə də aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir və iddia tələbi təmin olunmuşdur. Təqsirləndirilən şəxs məhkəmədə hazırda danışdıqlarının yalan olmasını, onun həqiqətəndə illər əvvəl avtoqəza keçirməsini, cəmi bir həftə xəstəxanada qalmasını, lakin hazırda heç bir xəstəliyinin olmamasını, onun sağlamlığının tam yerində olmasını və əmək qabiliyyətli olmasını və işləməyi ilə bağlı heç bir problemin olmadığını demişdir. Təqsirləndirilən şəxs onunla ailəli olduğu halda başqa bir xanımla da ailə qurmasını və həmin nikahdan da iki uşağının olmasını demişdir. Təqsirləndirilən şəxs müxtəlif işlər üzrə usta və ya fəhlə kimi işləməsini, lakin qumar oynamaqla qazancını həmin oyunlara xərcləməsini, hətta qayınanası tərəfindən uşağın saxlanması üçün ona göndərilmiş aliment pulunun da bir hissəsinin Təqsirləndirilən şəxs tərəfindən götürülməklə ona pulun əksik halda çatdırılmasını və götürülmüş məbləğin qumar oyunlarına xərclənməsini demişdir. Belə ki, onunla ailəli olan zaman ona və uşağa Təqsirləndirilən şəxs deyil məhz qayınanasının baxmasını demişdir. Belə ki, bugünədək də aliment məbləği üzrə bütün ödənişlərin Təqsirləndirilən şəxs anası tərəfindən ona ödənilməsini bildirmişdir. Hesab edir ki, Təqsirləndirilən şəxs qərəzli şəkildə aliment məbləğini ona ödəməmiş və bununla belə ikincə dəfə ailə qurmuş və həmin nikahdan da iki uşağı olmuşdur, maddi imkanı olmadığı halda ikinci dəfə ailə qurması Təqsirləndirilən şəxs hazırda düzgün ifadə verməməsini əks etdirir. Aliment borcu üzrə 2025-ci ilin sentyabr ayında 1300 manat ödəniş olmasını və başqa heç bir ödəniş olmadığını demişdir. Təqsirləndirilən şəxs ona heç bir zaman könüllü ödəniş etmədiyini, onunla heç bir razılığa gəlməyin mümkün olmamasını və həmçinin Təqsirləndirilən şəxs tərəfindən ona borcun ödənilməsi ilə bağlı hər hansı təklif irəli sürülmədiyini, yalnız Təqsirləndirilən şəxs anasının ona şikayət ərizəsini geri götürməsini təklif etməsini və onun bu təklifi rədd etməsini demişdir. Zərərçəkmiş şəxs aliment məbləğinin tam ödənilməsi ilə bağlı qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Oğuz rayon icra və probasiya şöbəsinin böyük icra məmuru vəzifəsində işləyir və Oğuz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(054)-298/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 02 mart 2017-ci il tarixdən başlayaraq 07 oktyabr 2014-cü il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Həmin icra sənədi üzrə xx.xx.2017-ci il tarixli qərarla icraata başlanılmış və tələbin könüllü icrası barədə borclu Təqsirləndirilən şəxs bildiriş göndərilmişdir, lakin borclu verilmiş könüllü icra müddətində tələbin icrasını təmin etmədiyindən onun barəsində məcburi icra tədbirlərinə başlanılmışdır. Aparılmış zəruri icra tədbirlərinə baxmayaraq borclu xx.xx.2020-ci il tarixədək cəmi 3390,00 manat aliment borcunu ödəməməklə qeyd edilən məhkəmə qətnaməsinin icrasından qərəzli olaraq yayınmışdır. Odur ki, borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində tədbirlər görülmüş və Oğuz Rayon Məhkəməsinin 1(054)-16/2021 sayl xx.xx.2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 09 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan sonra da məcburi icra tədbirləri davam etdirilmiş, qətnamənin icrası borcludan tələb olunmuşdur, lakin borclu qeyd edilən qətnamə ilə müəyyən edilmiş aliment borcunu tam olaraq ödəməmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə şöbənin icraatına Təqsirləndirilən şəxs tutulan aliment məbləğinin artırılaraq qətnamənin qanuni qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay 170,00 manat sabit pul məbləğində alimentin tutularaq 07 oktyabr 2014-cü il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Zərərçəkmiş şəxs verilməsinə dair Oğuz Rayon Məhkəməsinin 2(054)-309/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi daxil olmuşdur. İcra səndi icraata qəbul edilərək eyni tarixli qərarla icraata başlanılmış və tələbin könüllü icrası barədə borcluya bildiriş verilmişdir, hər iki icra sənədi üzrə icraat xx.xx.2022-ci il tarixli qərarla ümumi icraatda birləşdirilərək icra tədbirləri davam etdirilmişdir. Belə ki, görülmüş icra tədbirləri nəticəsində borclunun olduğu yeri müəyyən etmək mümkün olmadığından barəsində xx.xx.2022-ci il xdi qərarla axtarış elan edilmişdir. Borclu C.Cavadov xx.xx.2023cü il tarixdə Oğuz RPŞmin əməkdaşları tərəfindən saxlanılaraq icra şöbəsinə gətirilmişdir. İcra şöbəsində borcluya icra sənədinin mahiyyəti izah olunmuş, müəyyən edilmiş aliment məbləğlərinin ödənilməsi teləb edilmiş, izahatı alınmışdır. Borclu izahatında işlədiyini və qazancının olduğunu bildirsə də, ödəniş etməmişdir. Odur ki, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə verilmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 3(054)-30/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 gün müddətinə inzibatı qaydada həbs edilmişdir. Bundan sonra da borcludan qətnamələrin icrası tələb olunmuş, məsuliyyəti barədə xəbərdarlıqlar verilmişdir. Lakin xeyli müddətin keçməsinə baxmayaraq borclu alimentin ödənilməsini təmin etməmiş, həmçinin yenidən onun olduğu yeri müəyyən etmək mümkün olmamışdır. Odur ki, borclu barəsində xx.xx.2023-cü il tarixli qərarla axtarış elan edilmişdir. Borclu C.Cavadov xx.xx.2024-cü il tarixdə Oğuz RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq icra şöbəsinə gətirilmişdir. İcra şöbəsində bir daha yaranmış aliment borcunun ödənilməsi borcludan tələb edilmiş, məsuliyyəti barədə xəbərdarlıq verilmişdir. Borclu izahatında Bakı şəhərində fərdi qaydada qaynaqçı işlədiyini və gündəlik 25-30 manat qazancının olduğunu bildirsə də, aliment borcundan ödəniş etməmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu barəsində yenidən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(054)-100/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra da qətnamələrin icrası üçün yeni icra müddəti təyin edilərək yaranmış aliment borcunun ödənilməsi borcludan tələb edilmiş, məsuliyyəti barədə xəbərdarlıqlar verilmişdir. Həmçinin icra sənədinin icrası ilə bağlı borclu ilə fərdi söhbətlər aparılmış, məsuliyyəti şəxsən diqqətinə çatdırılmışdır. Lakin görülmüş məcburi icra tədbirləri nəticəsiz qalmış, icra sənədlərinin icraya yönəldilməsindən uzun müddətin keçməsinə, məsuliyyəti barədə xəbərdarlıqların verilməsinə, həmçinin əvvəllər eyni xarakterli cinayət törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsinə baxmayaraq Təqsirləndirilən şəxs 21 aprel 2025-ci il tarixədək Oğuz Rayon Məhkəməsinin 2(054)- 298/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə 1500,00 manat, Oğuz Rayon Məhkəməsinin 2(054)-309/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə isə 5270,00 manat olmaqla, cəmi 6770,00 manat aliment borcunu ödəməməklə qətnamələrin icrasından qərəzli olaraq yayınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ondan əvvəl məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyini bildirmişdir. Cinayət işi üzrə materiallara əlavə olunmuş 21 aprel 2025-ci il tarixli təqdimatdan görünür ki, Oğuz Rayon Məhkəməsinin 2(054)-298/2017 nömrəli, xx.xx.2017-ci il tarixli və Oğuz Rayon Məhkəməsinin 2(054)-309/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədləri üzrə aliment borcu ilə bağlı hər iki icra sənədi üzrə cəmi, 6770 manat borcun ödənilməsi borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq təmin edilməmişdir. Ona görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması məsələsi xahiş edilmişdir. Cinayət işi üzrə materiallara əlavə olunmuş Oğuz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(054)-298/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 02 mart 2017-ci il tarixdən başlayaraq 07 oktyabr 2014-cü il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Cinayət işi üzrə materiallara əlavə olunmuş Oğuz Rayon Məhkəməsinin 2(054)- 309/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən aliment məbləğinin artırılaraq qətnamənin qanuni qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay 170,00 manat sabit pul məbləğində alimentin tutularaq 07 oktyabr 2014-cü il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Cinayət işi üzrə materiallara əlavə olunmuş Oğuz rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən müəyyən olunur ki, Oğuz Rayon Məhkəməsinin 2(054)-298/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icrası barədə borclu Təqsirləndirilən şəxs bildiriş göndərilmişdir. Cinayət işi üzrə materiallara əlavə olunmuş Oğuz rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən müəyyən olunur ki, Oğuz Rayon Məhkəməsinin 2(054)-309/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icrası barədə borclu Təqsirləndirilən şəxs bildiriş göndərilmişdir və hər iki icra sənədi üzrə icraat xx.xx.2022-ci il tarixli qərarla ümumi icraatda birləşdirilərək icra tədbirləri davam etdirilmişdir. Cinayət işi üzrə materiallara əlavə olunmuş Oğuz rayon İcra və Probasiya Şöbəsinin tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış xx.xx.2022-cü il tarixli bildirişdən görünür ki, həmin bildirişlə ona Oğuz Rayon Məhkəməsinin 2(054)-309/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbin yerinə yetirilməsi üçün 10 gün müddət verilmişdir. Cinayət işi üzrə materiallara əlavə olunmuş Oğuz rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, borclu Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işi üzrə materiallara əlavə olunmuş Oğuz Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 3(054)-30/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilmişdir. Cinayət işi üzrə materiallara əlavə olunmuş Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış xx.xx.2025-cü il tarixli rəsmi xəbərdarlıqdan görünür ki, Oğuz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(054)-298/2017-ci il saylı xx.xx.2017-ci il tarixli və 2(054)-309/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədləri üzrə tələbin dərhal təmin edilməsi tələb olunmuşdur. Cinayət işi üzrə materiallara əlavə olunmuş Oğuz Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 3(054)-100/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilmişdir. Cinayət işi üzrə materiallara əlavə olunmuş Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış 11 may 2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli məktublardan görünür ki, ona cinayət məsuliyyətinə cəlb olunması barədə xəbərdarlıq göndərilmişdir. Cinayət işi üzrə materiallara əlavə olunmuş Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli aktlara əsasən qanunla tələbin üzərinə yönəldilə biləcəyi əmlakın aşkar edilməməsi müəyyən olunur. Cinayət işi üzrə materiallara əlavə olunmuş xx.xx.2025-ci il tarixdə qəbul olunmuş qərardan görünür ki, Ədliyyə Nazirliyinin Şəki regional ədliyyə idarəsinin müstəntiqi X11 tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar çıxarılmış, lakin sonuncu istintaq orqanından gizləndiyi üçün ona ittiham elan etmək mümkün olmamış və həmin tarixdə Azərbaycan Respublikası CPM-in 53.1.3-ü maddəsi ilə cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işi üzrə materiallara əlavə olunmuş Oğuz RPŞ-nin xx.xx.2025-ci il tarixli protokoluna əsasən müəyyən olunur ki, axtarışda olan şəxs Təqsirləndirilən şəxs Oğuz RPŞ-nin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə tutularaq Bakı şəhəri Yasamal RPİ-nin MSY-nə təhvil verildiyindən, cinayət işi üzrə dayandırılmış icraat xx.xx.2025-ci il tarixdə təzələnmiş və həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə materiallara əlavə olunmuş Oğuz Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında məhkəmə iclaslarından yayındığı üçün axtarış elan edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmiş və sonuncu tapılanadək iş üzrə icraat dayandırılmışdır. Cinayət işi üzrə materiallara əlavə olunmuş X4 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Oğuz RPŞ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci ildə saxlanılması üçün X5 gətirilmişdir. Cinayət işi üzrə materiallara əlavə olunmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən təqsirli bilinib 01 il 09 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işi üzrə materiallara əlavə olunmuş Oğuz rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 5-ci bəndi əsas götürülməklə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsi 01 (bir) il azaldılmışdır. Təqsirləndirilən şəxs cəzası xx.xx.2022-ci il tarixdə başa çatmış və o, Oğuz rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. Cinayət işi üzrə materiallara əlavə olunmuş Oğuz RİHB-nın Bayan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunan şəxsdir. Cinayət işi üzrə materiallara əlavə olunmuş Azərbaycan Respublikası ƏƏSMN-nin tebeliyində X6 X3 Filialının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cabbarov X1 elektron informasiya sisteminin "Məşğulluq" altsistemində qeydiyyatdadır. İş materiallarına və həmçinin “Elektron məhkəmə” İnformasiya Sistemi üzrə sorğu edilərək əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü X12, xx.xx.2016-cı il təvəllüdülü X9 və xx.xx.2020-ci il təvəllüdlü X10 olmaqla üç azyaşlı uşağının olması müəyyən edilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə və digər iş materialları ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə Qərarında vurğulayır ki, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. Dövlətin pozitiv öhdəliyi təkcə məhkəməyə müraciət imkanı yaratmaqla deyil, həm də qəbul edilmiş qərarların effektiv icrasını təmin etməklə reallaşır. Təqsirləndirilən şəxsin qərəzli hərəkətsizliyi nəticəsində məhkəmə qərarı uzun müddət kağız üzərində qalmış, zərərçəkmişin və ən əsası, onun yetkinlik yaşına çatmayan övladlarının hüquqları kobud şəkildə pozulmuşdur. Bu isə BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasının 3-cü (uşağın mənafelərinin üstünlüyü) və 27-ci (hər bir uşağın layiqli həyat səviyyəsinə malik olmaq hüququ və valideynlərin bu hüququ təmin etmək üçün əsas məsuliyyəti) maddələrinin ruhuna ziddir. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər, amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsi haqqında” Qərarına əsasən ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarda məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs üç azyaşlı uşağının olmasını və ibtidai istintaq zamanı icra sənədi üzrə qismən ödənişlər etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halı, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bu qənaətə gələrkən məhkəmə həmçinin icra edilməyən məhkəmə qərarının mahiyyətinə diqqət etməklə vurğulayır ki, qətnaməyə əsasən təqsirləndirilən şəxsdən uşağın saxlanılması üçün hər ay aliment tutulmalıdır, lakin, Təqsirləndirilən şəxs uşağın saxlanılmasında iştirak etməməklə məhkəmə qərarını icra etmir və övladı ilə maraqlanmamışdır. Təqsirləndirilən şəxsə icra orqanı tərəfindən dəfələrlə tələbin icrası ilə bağlı bildiriş, xəbərdarlıq məktubları göndərilmişdir, lakin icra sənədi üzrə ödəniş icra olunmamışdır. Bu hal onu göstərir ki, təqsirləndirilən şəxs məhkəmə qərarının icrasında ümumiyyətlə maraqlı olmamışdır. Təqsirləndirilən şəxs ilk əvvəl inzibati məsuliyyətə, daha sonra isə cinayət məsuliyyətinə də cəlb edilmiş, lakin bundan sonra da ödənişləri etməkdən yayınmışdır. İllər ərzində 02 mart 2017-ci il tarixdən başlayaraq hər ay 120,00 manat, xx.xx.2022-ci il tarixdən başlayaraq isə hər ay 170,00 manat sabit pul məbləğində alimentin, yəni ümumilikdə 6770 manat aliment borcunun yaranması təqsirləndirilən şəxsin məhkəmə qərarını qərəzli olaraq qəsdən icra etməməsini təsdiq edir. Ona görə də məhkəmə hesab edir ki, onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun məhkəməyədək icraat zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı xx.xx.2025-ci il tarixdən hesablanmalı və barəsində Oğuz Rayon Məhkəməsinin 1(054)-87/2025 saylı xx.xx.2025-ci il tarixli qərarına əsasən seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak, maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 sentyabr 2025-ci il tarixdən 04 sentyabr 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün, təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 25 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməsi təklif edilən əmlak olmaması, maddi sübut və mülki iddia olmaması nəzərə alınsın. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar