Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-9/2020 18.08.2020 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Əzizov Taleh Nazim oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1970-ci il tarixdə Oğuz rayonu Tayıflı kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Azərbaycan Respublikasının vətəndaşı, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi, şəxsi istehlak miqdarından artıq miqdarda - cəmi 107,12 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı özündə saxlamış, xx.xx.2020-ci il tarixdə saat 09 radələrində şübhəli şəxs qismində Oğuz rayon Polis Şöbəsinə gətirilərək onun üzərinə baxış keçirilərkən əynində olan gödəkçəsinin sağ iç cibindən bir ədəd sellofan kisədə ümumi təmiz çəkisi 107,12 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadə verərək göstərdi ki, o, Oğuz rayonu Tayıflı kəndində ailə üzvləri ilə birlikdə yaşayır və daimi olaraq heç yerdə işləmir. Təxminən, beş ildir ki, narkotik vasitələrdən istifadə edir. xx.xx.2020-ci il tarixdə yaşadığı Oğuz rayonu Tayıflı kəndində kəndarası yolla piyada gedən zaman yerdə bir ədəd sellofan kisə olmasını görmüşdür. Kisədə nə olduğunu bilmək üçün açıb baxanda içərisindən narkotik vasitəyə oxşar bitki kütləsi olduğunu müəyyən etmişdir. Əvvəllər narkotik vasitələrdən istifadə etdiyindən həmin bükülüdəki maddənin narkotik vasitə olan marixuana olduğunu bilmiş və özü istifadə etmək üçün götürərək cibinə qoymuşdur. xx.xx.2020-ci il tarixdə saat 09 radələrində Oğuz şəhəri H.Əliyev prospektində avtovağzalın yaxınlığında yol ilə gedərkən polis əməkdaşları tərəfindən saxlanılaraq Polis Şöbəsinə gətirilmişdir. Polis Şöbəsində onun özünün seçdiyi vəkil dəvət olunduqdan sonra polis əməkdaşları tərəfindən üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman gödəkcəsinin cibinə qoyduğu, sellofan kisədə olan narkotik vasitəni könüllü olaraq təqdim etmişdir. O həmin narkotik vasitənin özünə məxsus olmasını, özü istifadə etmək üçün saxladığını və üzərində gəzdirdiyini etiraf etmişdir. Onun üzərindən aşkar edilmiş narkotik vasitə elektron tərəzidə çəkilərək çəkisinin 110 qram olması müəyyən edildikdən sonra qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib edilmişdir. O özü də həmin protokola imza etmişdir. Təqsirləndirilən şəxs ifadəsində, eyni zamanda, göstərdi ki, törətdiyi cinayət əməlini könüllü etiraf edir. Narkotik vasitəni əldə etdiyinə, saxladığına, üzərində gəzdirdiyinə görə əməlindən səmimi peşman olmuşdur. Qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı və ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı şahidlərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Şahid Oğuz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərdi ki, Oğuz rayonu Tayıflı kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində nakotik vasitə gəzdirməsi və özünün də narkotik vasitələrdən istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə saat 09 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli bilindiyi üçün Oğuz şəhəri H.Əliyev prospektində avtovağzalın yaxınlığında saxlanılaraq Oğuz rayon Polis Şöbəsinə gətirilmişdir. Polis Şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutuluraq özünün seçdiyi vəkilin iştirakı ilə onun üzərinə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ iç cibindən bir ədəd sellofan kisəni çıxararaq könüllü olaraq təqdim etmişdir. Kisəyə baxış keçirilən zaman içərisində spesifik iyli, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsinin olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin narkotik vasitəni hardan əldə etməsini soruşduqda o, həmin narkotik vasitəni Oğuz rayonu Tayıflı kəndi ərazisində yolun kənarında aşkar etdiyini, özü istifadə etmək məqsədilə götürərək saxladığını və üzərində gəzdirdiyini bildirmişdir. Aşkar edilmiş bitki kütləsi elektron tərəzidə çəkilərək çəkisinin 110 qram olması müəyyən edilmiş, daha sonra həmin kütlə zərfə qoyulmaqla qablaşdırılaraq götürülmüş və zərf möhürlənmişdir. Qeyd olunan hərəkətlər barədə protokol tərtib olunmuş, Təqsirləndirilən şəxs özü və vəkili də həmin protokola imza etmişlər. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Oğuz rayon Polis Şöbəsinin əməkdaşları Şahid2 və Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Şahid5 ifadə verərək göstərdi ki, o, Mingəçevir şəhərində yaşayır və fərdi əmək fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır və onunla heç bir münasibəti olmamışdır. 2020-ci ilin fevral ayının ortalarında, dəqiq tarixini xatırlamadığı bir gündə səhər saat 09 radələrində Oğuz şəhərində yerləşən bazarın yaxınlığında olduğu zaman, təxminən, bir nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduğunu bildirmiş və onu hal şahidi qismində iştirak etmək üçün Oğuz rayon Polis Şöbəsinə dəvət etmişdir. O, könüllü olaraq polis əməkdaşına razılıq vermiş və onunla birlikdə Polis Şöbəsinə getmişdir. Hal şahidi qismində iştirak etməzdən əvvəl ona, həmçinin hal şahidi qismində iştirak etmək üçün dəvət edilmiş Şahid4 adlı digər şəxsə hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra onların, polis əməkdaşlarının və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin cibindən bir ədəd sellofan kisəni çıxararaq könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Kisəyə baxış keçirilən zaman içərisində bitki kütləsinin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bitki kütləsinin narkotik vasitə olan marixuana olmasını, həmin narkotik vasitəni Oğuz rayonu Tayıflı kəndi ərazisində yolun kənarında aşkar etdiyini, özü istifadə etmək məqsədilə götürərək saxladığını və üzərində gəzdirdiyini bildirmişdir. Aşkar edilmiş bitki kütləsi elektron tərəzidə çəkilmiş, bundan sonra həmin bitki kütləsi qablaşdırılaraq möhürlənmişdir. Qeyd olunan hərəkətlər barədə müvafiq protokol tərtib edilmiş və Təqsirləndirilən şəxs da protokola imza etmişdir. O özü və Şahid4 isə hal şahidi kimi protokolu imzalamışlar. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Şəxsi axtarış və götürmə barədə” xx.xx.2020-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, həmin tarixdə saat 09:20-də Oğuz rayon Polis Şöbəsinin inzibati binasında Oğuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən o, əynində olan qara rəngli gödəkcəsinin sağ iç cibindən bir ədəd sellofan kisə çıxarıb masanın üzərinə qoyaraq könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan kisə açıldıqda içərisində spesifik iyə malik, narkotik maddə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və onun özünə aid olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs, həmçinin, narkotik vasitəni Oğuz rayonu Tayıflı kəndi ərazisində yol kənarından tapdığını qeyd etmişdir. Narkotik vasitəyə bənzər kütlə Təqsirləndirilən şəxs özünün iştirakı ilə elektron tərəzidə çəkilərək çəkisinin 110 qram olduğu müəyyən edilmişdir. Bundan sonra həmin kütlə zərfə qoyularaq möhürlənmişdir. Qeyd olunan hərəkətlər barədə protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs özü də protokola imza etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli 111 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş bir ədəd sellofan torbada, təmiz çəkisi 107,12 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqat obyektinin 0,05 qramdan ibarət hissəsi tədqiqata istifadə olunduqdan sonra çəkisi 107,07 qram olan maddə qalığı bağlamaya qoyularaq möhürlənmişdir (Aparılmış ekspertiza tədqiqatının dəyəri 35,97 manat təşkil edir). İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2020-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı tapdığı yeri əyani şəkildə göstərmişdir. İş materiallarına əlavə edilmiş Oğuz rayon Polis Şöbəsinin İstintaq Qrupunun baş müstəntiqi Elçin İsmayılovun sübutların qiymətləndirilməsi barədə xx.xx.2020-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatı zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 107,07 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınaraq saxlanılması üçün Oğuz rayon Polis Şöbəsinə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 349 nömrəli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olmuşdur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Oğuz rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 141 nömrəli arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Oğuz rayon Mərkəzi Xəstəxanasının “Ruhi-əsəb”, “Narkoloji” kabinetlərində qeydiyyatda deyildir. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə xx.xx.2020-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 09:10-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Oğuz rayon Polis Şöbəsinin İstintaq Qrupunun baş müstəntiqi Elçin İsmayılovun xx.xx.2020-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 19:05-də şübhəli şəxs qismində tutulmadan azad edilməklə onun barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının X3 Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 10-25/344 nömrəli arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin Nümayəndəliyin Tayıflı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının X3 Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində yaşadığı ərazi üzrə İcra Nümayəndəliyinə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib özündə saxlasa da, polis əməkdaşları tərəfindən üzərinə baxış keçirilərkən onun könüllü olaraq narkotik vasitəni təqdim etdiyini, həmin narkotik vasitənin özünə məxsus olduğunu dərhal etiraf etdiyini və narkotik vasitəni əldə etdiyinə, saxladığına, üzərində gəzdirdiyinə görə səmimi peşmançılıq hissləri keçirdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini artıq başa düşmüşdür. Qeyd olunan əsaslara görə məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halın olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinin özünün həyat tərzinə, ailəsinin vəziyyətinə maddi, fiziki və mənəvi cəhətdən mənfi təsir göstərəcəyini nəzərə alaraq, habelə təqsirləndirilən şəxslə davranışda ictimaiyyətin daha fəal iştirak etməsinin təmin edilməsi, onda cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərilməsi və onun islah edilməsi məqsədi ilə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddədə müəyyən edilmiş az ciddi cəza növü hesab olunan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, həmin cəzanın 1 (bir) il 6 (altı) ay müddətində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 09:10-dan xx.xx.2020-ci il tarixdə saat 19:05-dək şübhəli şəxs qismində saxlanıldığı müddət 2 (iki) gün kimi nəzərə alınaraq həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görüldüyündən o,narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Məhkəmə iş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli 111 nömrəli rəyinin və Təqsirləndirilən şəxs barəsində polis əməkdaşlarının tərtib etdiyi “Şəxsi axtarış və götürmə barədə” xx.xx.2020-ci il tarixli protokolun nəticələrini müqayisə edərək narkotik vasitənin çəkisinin məhkəmə-bioloji ekspertizası tərəfindən daha dəqiq müəyyən edilməsini nəzərə almaqla Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş narkotik vasitənin xalis çəkisinin ona qarşı irəli sürülmüş ittihamda göstərilən miqdarda - 107,12 qram olmasını qəbul edir. İş üzrə maddi sübut - Oğuz Rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 107,07 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 35,97 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 09:10-dan xx.xx.2020-ci il tarixdə saat 19:05-dək şübhəli şəxs qismində saxlanıldığı müddət 2 (iki) gün kimi nəzərə alınaraq həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün müddət ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Oğuz rayon ərazisini, eləcə də saat 22:00-dan saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Oğuz rayonu Tayıflı kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə yerləşən, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - Oğuz Rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 107,07 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə cəmi 35,97 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə mülki iddia tələbinin olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №1(054)-9/2020
Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-9/2020
18.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver