Məhkəmə qərarları › İş №1(054)-9/2023

Oğuz Rayon Məhkəməsi Hökm — İş №1(054)-9/2023

11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Oğuz rayonu İş № 1(054)-9/2023 11.04.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X2 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1975-ci ildə Şuşa şəhərində anadan olan, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2atla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinməklə məhkəməyə verilmişdir, ona görə ki, o, qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə 14 dekabr 2022-ci il tarixdə saat 02:40 radələrində Zərərçəkmiş şəxs məxsus, Oğuz şəhəri H.Əliyev prospektində yerləşən “Kompyüter təmiri” mağazasının qapısını açma yolu ilə qanunsuz olaraq içəri daxil olaraq orada olan, saxlanc yeri kimi istifadə edilən masanın dolabından 1500 manat pulu gizli olaraq talayaraq Zərərçəkmiş şəxs 1500 (bir min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş, həmin hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittihamda özünü təqsirli bildi, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdi və ifadə verərək bildirdi ki, Oğuz şəhər sakini Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla arasında ədavət və düşmənçiliyi olmamışdır. Heç bir yerdə işləmədiyi üçün oğurluq etmək qərarına gəlmişdir. Bunun üçün 14 dekabr 2022ci il tarixdə saat 02:40 radələrində Oğuz şəhəri H.Əliyev prospektində yerləşən “Kompyuter təmiri” mağazasının qapısını açma yolu ilə içəri daxil olaraq orada olan stolun dolabından 1500 manat pulu oğurlayıb həmin yerdən uzaqlaşmışdır. xx.xx.2022-ci il tarixdə Oğuz şəhəri ərazisində olarkən polis əməkdaşı ona yaxınlaşmış və Oğuz şəhəri H.Əliyev prospektində yerləşən “Kompyuter təmiri” mağazasından pul oğurlamasında şübhəli olduğunu deyərək onu polis şöbəsinə dəvət etmişdir. Polis şöbəsində o etdiyi oğurluq hadisəsini etiraf etmişdir. Qeyd etdiyi yerdən başqa heç yerdən oğurluq etməmişdir, etdiyi oğurluq hadisəsini tək etmişdir, oğurluq edərkən heç kimin köməyindən istifadə etməmiş, bu barədə heç kimin məlumatı olmamışdır. Maddi imkanı aşağı olduğu üçün oğurluq etmiş və əldə etdiyi pulları xərcləmişdir. Törətdiyi cinayət əməlini könüllü olaraq etiraf etmiş və əməlindən səmimi peşman olmuşdur. Maddi ehtiyacı olduğuna görə oğurluq etsə də, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam şəkildə aradan qaldırmışdır. Zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Bununla bağlı notarial qaydada imzası təsdiq edilmiş ərizə məhkəməyə təqdim edilmişdir. Ailəlidir, himayəsində 2008-ci il təvəllüdlü övladı vardır. Qeyd edilən halların cəza təyin edilən zaman nəzərə alinmasını və ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi onun özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadə verərək bildirdi ki, Oğuz şəhəri H.Əliyev prospektində yerləşən “Kompyüter təmiri” mağazası vardır, həmin mağazanı hər gün səhər saat 09:00-da açıb axşam saat 23:00 radələrində bağlayır. xx.xx.2022-ci il tarixdə mağazada alış-veriş edərək əldə etdiyi 1500 manat pulu kassa kimi istifadə etdiyi stolun dolabına qoyaraq həmişəki qaydada saat 23:00 radələrində mağazanı bağlayıb evə getmişdir. Səhəri gün mağazaya gələrkən mağazanın kilidinin açıq vəziyyətdə olduğunu görmüş və dərhal mağazaya girib baxdıqda saxlanc yeri kimi istifadə etdiyi masanın dolabında olan 1500 manat pulun oğurlandığını görmüşdür. Həmin vaxt o, mağazanın təhlükəsizlik kamerasına baxdıqda naməlum şəxsin xx.xx.2022-ci il tarixdə saat 02:40 radələrində ona məxsus mağazaya girdiyini və oğurluq etdiyini müşahidə etmişdir. Bundan sonra həmin şəxsi özü axtarsa da, tapa bilmədiyi üçün xx.xx.2022-ci il taixdə polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Daha sonra ona məlum olmuşdur ki, ona məxsus mağazadan oğurluq edən şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs üzdən tanımışdır, onunla arasında ədavət və düşmənçiliyi olmayıb və yoxdur. Baş verən oğurluq hadisəsi zamanı ona 1500 manat maddi ziyan dəymişdir.Həmin məbləğ ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs tərəfindən ona ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Bu barədə notarial qaydada təsdiq olunmuş ərizəni məhkəməyə təqdim etmişdir. Qanuni qərar çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən “Baxış keçirilməsi haqqında” 16 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Oğuz RPŞ-nin TQ-nun baş təhqiqatçısı Səid Abbasi tərəfindən hadisə yerinə baxış keçirilmiş və fotoşəkillər çəkilərək tərtib edilmiş protokola əlavə olunmuşdur.Fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs Oğuz şəhəri H.Əliyev küçəsində yerləşən, ona məxsus “kompyüter təmiri” mağazasına Təqsirləndirilən şəxs daxil olduğu yeri, həmin məntəqədə pulun saxlanıldığı yeri əyani şəkildə göstərmişdir. (iş vərəqə 06-10) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 12 yanvar 2023-cü il tarixli və “zərər çəkmiş şəxsin ifadələrinin yerində yoxlanılması haqqında” 06 fevral 2023-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə zərər çəkmiş şəxs ona məxsus, Oğuz şəhəri, H.Əliyev prospektində yerləşən “kompyüter təmiri” mağazasından oğurlanmış pulların yerini göstərərək ifadəsində göstərdiyi xüsusatları təsdiq etmiş, fotoşəkillər çəkilməklə protokola əlavə edilmişdir. (iş vərəqə- 61-63, 85-87) “Oğuz Rayon Mərkəzi Xəstəxanası” X5 tərəfindən verilmiş, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli, PHŞ-6-64/2-44/2023 nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Oğuz Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin “Ruhi-əsəb” və “Narkoloji” kabinetlərində qeydiyyatda yoxdur. (iş vərəqə 65). Oğuz rayon İcra Hakimiyyəti başçısının Oğuz şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli, 10-0/063 saylı və 10-0/064 saylı arayışlardan və həmin tarixli xasiyyətnamədən, nikahın bağlanması haqqında AZ-İ 011178 saylı, doğum haqqında AZ-İ 461570 saylı və AZ-İİ 065785 saylı şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri-arvadı, 2002 və 2008-ci il təvəllüdlü iki övladı ilə birlikdə ünvan 3 ünvanında yaşayır, onun barəsində yaşadığı ərazi üzrə İcra Nümayəndəliyinə yazılı və ya şifahi şikayət daxil olmamışdır. (iş vərəqə 68-70, 75-77) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən tələbnaməyə Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməklə üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2014cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. ( iş vərəqə 71-72). Zərərçəkmiş şəxs iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən, xx.xx.2023-cü il tarixdə notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş maddi ziyan tam olaraq ödənilmiş, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, ondan şikayət və tələbi yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş, onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün tövsüf edilmişdir və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dəymiş maddi ziyanı tamamilə ödəməsi və zərərçəkmiş şəxslə barışması CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs digər şəxsə məxsus pulu gizli olaraq talasa da, onun törətdiyi cinayət əməlini könüllü olaraq etiraf etdiyini, həmin əmələ görə səmimi peşmançılıq hissləri keçirdiyini, yaşayış yerindən müsbət xarakterizə olunmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini başa düşmüş və öz əməlinə tənqidi yanaşmaqla artıq islah olunmağa başladığını nümayiş etdirmişdir. Həmin əsaslara görə məhkəmə qeyd olunanları CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61.1.-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən qanunvericiliyin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, onun cinayət əməllərini etiraf edib səmimi peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, şəxsiyyətini xarakterizə edən xüsusiyyətləri, kənar şəxslərin ona təsirini, təyin ediləcək cəzanın onun islah olunmasına təsiri imkanlarını nəzərə alaraq cəzanın səmərəliliyinə, məqsədəuyğunluğuna və məhkumun islah olunmasına təsirinə nail olmaq üçün hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan kifayət edən həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək bir gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 gün nəzərə alınaraq, ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə mülki iddia, ekspertiza xərci və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-358, 381,384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1(bir) il 1(bir) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 gün azadlıqdan məhrum etmənin bir gününün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulması hesabı ilə hesablanmaqla 2 gün cəzası çəkilmiş hesab edilərək ona təyin edilmiş 1(bir) il 1(bir) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 4 ünvanında yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, Oğuz rayonu ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Oğuz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə mülki iddia, ekspertiza xərci və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar