Məhkəmə qərarları › İş №1(055)-10/2024

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-10/2024

31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-10/2024 31.01.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs iştirakı ilə Saat: 15:15 xx xxxx 1985-ci ildə Saatlı rayonu Potubəyli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Saatlı rayonu Potubəyli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, 03 mart 2023-cü il tarixdə saat 23:30 radələrində Saatlı rayonu Əlisoltanlı kəndində yaşayan Zərərçəkmiş şəxs1 əmlakını tamah niyyəti ilə götürməkdən ötrü sonuncunun yaşadığı evin həyətindəki saxlanc yeri hesab olunan tövləyə qapısını açaraq qanunsuz daxil olub, oradan 1 baş 40 kiloqram çəkidə 250 manat dəyərində ana qoyunu və 1 baş 20 kiloqram çəkidə 150 manat dəyərində dişi quzunu tutub aparıb oğurlamaqla, özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 400 manat məbləğdə maddi ziyan vurmuş, yəni saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 07 mart 2023-cü il tarixdə saat 01 radələrində Saatlı rayonu Əlisoltanlı kəndində yaşayan Zərərçəkmiş şəxs2 əmlakını tamah niyyəti ilə götürməkdən ötrü sonuncunun yaşadığı evin həyətindəki saxlanc yeri hesab olunan tövləyə pəncərəsini açaraq qanunsuz daxil olub, oradan 1 baş 35 kiloqram çəkidə 250 manat dəyərində qoçu tutub aparıb oğurlamaqla, özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs2 250 manat məbləğdə maddi ziyan vurmuş, yəni saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən 12 mart 2023-cü il tarixdə saat 00:30 radələrində Saatlı rayonu Əlisoltanlı kəndində yaşayan Zərərçəkmiş şəxs3 əmlakını tamah niyyəti ilə götürməkdən ötrü sonuncunun yaşadığı evin həyətindəki saxlanc yeri hesab olunan tövləyə qapısını açaraq qanunsuz daxil olub, oradan 1 baş 35 kiloqram çəkidə 250 manat dəyərində qoyunu tutub aparıb oğurlamaqla, özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs3 250 manat məbləğdə maddi ziyan vurmuş, yəni saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən 15 mart 2023-cü il tarixdə saat 01:30 radələrində Saatlı rayonu Əlisoltanlı kəndində yaşayan Zərərçəkmiş şəxs4 əmlakını tamah niyyəti ilə götürməkdən ötrü sonuncunun yaşadığı evin həyətindəki saxlanc yeri hesab olunan tövləyə qapısının ipini açaraq qanunsuz daxil olub, oradan 1 baş 45 kiloqram çəkidə 400 manat dəyərində qoyunu tutub aparıb oğurlamaqla, özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs4 400 manat məbləğdə maddi ziyan vurmuş, yəni saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən 23 aprel 2023-cü il tarixdə saat 01 radələrində Saatlı rayonu Seyidlər kəndində yaşayan Zərərçəkmiş şəxs5 əmlakını tamah niyyəti ilə götürməkdən ötrü sonuncunun yaşadığı evin həyətindəki saxlanc yeri hesab olunan tövləyə qapısını açaraq qanunsuz daxil olub, oradan 1 baş 40 kiloqram çəkidə 300 manat dəyərində qoçu və 1 baş 35 kiloqram çəkidə 250 manat dəyərində qoyunu tutub aparıb oğurlamaqla, özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs5 cəmi 550 manat məbləğdə maddi ziyan vurmuş, yəni saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən 29 iyul 2023-cü il tarixdə saat 00:30 radələrində Saatlı rayonu Əlisoltanlı kəndində yaşayan Zərərçəkmiş şəxs6 əmlakını tamah niyyəti ilə götürməkdən ötrü sonuncunun yaşadığı evin həyətindəki saxlanc yeri hesab olunan hinə qapısını açaraq qanunsuz daxil olub, oradan 1 ədədi 10 manat dəyərində olan ümumilikdə 30 ədəd 300 manat dəyərində hinduşkaları tutub aparıb oğurlamaqla, özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs6 cəmi 300 manat məbləğdə maddi ziyan vurmuş, yəni saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən 07 avqust 2023-cü il tarixdə saat 01 radələrində Saatlı rayonu Potubəyli kəndində yaşayan Zərərçəkmiş şəxs8 əmlakını tamah niyyəti ilə götürməkdən ötrü sonuncunun yaşadığı evin həyətindəki saxlanc yeri hesab olunan hinə qapısını açaraq qanunsuz daxil olub, oradan 1 ədədi 10 manat dəyərində olan ümumilikdə 32 ədəd 320 manat dəyərində toyuqları və 1 ədədi 20 manat dəyərində olan ümumilikdə 2 ədəd 40 manat dəyərində hinduşkaları tutub aparıb oğurlamaqla, özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs8 cəmi 360 manat məbləğdə maddi ziyan vurmuş, yəni saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən 07 avqust 2023-cü il tarixdə saat 02:30 radələrində Saatlı rayonu Potubəyli kəndində yaşayan Zərərçəkmiş şəxs7 əmlakını tamah niyyəti ilə götürməkdən ötrü sonuncunun yaşadığı evin həyətindəki saxlanc yeri hesab olunan hinə qapısını açaraq qanunsuz daxil olub, oradan 1 ədədi 8 manat dəyərində olan ümumilikdə 20 ədəd 160 manat dəyərində toyuqları tutub aparıb oğurlamaqla, özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs7 cəmi 160 manat məbləğdə maddi ziyan vurmuş, yəni saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Saatlı rayonu Seyidlər kəndində yaşayan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Saatlı rayonu Əlisoltanlı kəndində yaşayan Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və X2, Zərərçəkmiş şəxs6 qonşu kənddə yaşadığından, Saatlı rayonu Potubəyli kəndində yaşayan Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs7 bir kənddə yaşadığından tanıyır, onlarla münasibəti normal olmuş, düşmənçilik və ədavəti olmamışdır. Maddi imkanı zəif olduğundan oğurluq etmək qərarına gəlmiş və bu səbəbdən də 03 mart 2023-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı evin qarşısına gəlib tövləyə yaxınlaşmış və tövlənin içərisində 1 baş dişi və yanındakı 1 baş erkək xırdabuynuzlu heyvanları götürüb küçəyə çıxartmışdır. Həmin xırdabuynuzlu heyvanları götürüb yaşadığı evə tərəf qayıtmış və həyətindəki tövlədə saxladığı digər xırdabuynuzlu heyvanların içərisinə buraxmış və heyvan bazarı olarkən aparıb satmağı üçün saxlamışdır. 06 mart 2023-cü il tarixdə Saatlı rayonu Əlisoltanlı kəndinə getmiş və saat 01 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı evin qarşısına çatmışdır. Mirqiyasın yaşadığı evin yan tərəfində tövlənin olduğunu görüb tövlədə xırdabuynuzlu heyvanların olduğunu düşünərək tövlənin pəncərəsini əli ilə açaraq oradan içəri daxil olmuşdur. Tövləyə daxil olduqdan sonra orada xırdabuynuzlu heyvanların saxlanıldığını görmüşdür. Tövlədən 1 baş xırdabuynuzlu heyvanı tutub daxil olduğu pəncərəyə yaxınlaşmışdır. Oğurladığı xırdabuynuzlu heyvanı qucağına götürüb tövləyə daxil olduğu pəncərədən küçəyə çıxartmışdır. Mirqiyasın evinin qarşı tərəfindəki yolla oğurladığı xırdabuynuzlu heyvanı yaşadığı ev istiqamətində aparmağa başlamışdır. Həmin heyvanı gətirib özünə məxsus heyvanların içərisinə atmış və yaşadığı evə gedərək yatmışdır. 11 mart 2023cü il tarixdə maddi imkanı zəif olduğundan yenidən oğurluq etmək qərarına gəlmişdir. Bunun üçün yaşadığı evdən çıxaraq piyada Saatlı rayonu Əlisoltanlı kəndinə getmişdir. Kəndin içərisində oğurluq etmək üçün ev axtarmağa başlamışdır. 12 mart 2023-cü il tarixdə saat 00 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı evin qarşısına gəlib çatmışdır. Evin həyəti ilə hərəkət edib arxa tərəfə keçmiş və oradakı tövləyə yaxınlaşıb 1 baş boz rəngli xırdabuynuzlu heyvanı götürüb bayıra çıxartmışdır. Gilasın evinin qarşısındakı küçə ilə oğurladığı xırdabuynuzlu heyvanı özünə məxsus heyvanların içərisinə atmış və yaşadığı evə gedərək yatmışdır.14 mart 2023-cü il tarixdə yaşadığı evdən çıxaraq piyada Saatlı rayonu Əlisoltanlı kəndinə gedib Zərərçəkmiş şəxs4 yaşadığı evin qarşısına çatmış və Elmanın yaşadığı evdən bir qədər aralıda giriş hissədə heyvanlar saxlanılan tövlənin olduğunu görüb tövlənin qarşı tərəfindəki taxta qapını açıb içəri daxil olmuş, içəri daxil olduqdan sonra xırdabuynuzlu heyvanlara yaxınlaşıb 1 baş erkək xırdabuynuzlu heyvanı tutub tövlədən küçəyə çıxartmışdır. Elmanın həyətyanı sahəsindəki tövlədən oğurladığı xırdabuynuzlu heyvanı da gətirib özünə məxsus heyvanların içərisinə atmış və yaşadığı evə gedərək yatmışdır. Daha sonra əvvəllər özünə məxsus xırdabuynuzlu heyvanları satdığı qəssab Zakirin oğlu Əmraha zəng edərək xırdabuynuzlu heyvanlarının olduğunu və satmaq istədiyini demiş, Əmrah da yaşadığı evə gələrək onunla görüşmüşdür. Xırdabuynuzlu heyvanı 135 manata satmış, həmin pulla özünə siqaret və yaşadığı evə ərzaq məhsulları almışdır. Sonradan digər oğurladığı xırdabuynuzlu heyvanları satmaq üçün yaşadığı kəndin içərisindən keçən avtomobil yoluna tərəf gəlmişdir. Avtomobil yolunun kənarında tanımadığı yük avtomobilini saxlatdıraraq sürücüsünə İmişli rayonunda yerləşən heyvan bazarına getmək istədiyini, orada özünə məxsus xırdabuynuzlu heyvanlarını satmaq istədiyini demişdir. Həmin şəxs ondan zəhmət haqqı olaraq 20 manat pul alacağını demişdir. O da həmin şəxslə razlaşmış və birlikdə yaşadığı evə tərəf getmişlər. Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətindəki tövlədən oğurladığı 2 baş xırdabuynuzlu heyvanları, Zərərçəkmiş şəxs4 yaşadığı evin həyətindəki tövlədən oğurladığı 1 baş xırdabuynuzlu heyvanı, Zərərçəkmiş şəxs3 yaşadığı evin həyətindəki tövlədən oğurladığı 1 baş xırdabuynuzlu heyvanı avtomobilə yükləyərək İmişli rayonundakı heyvan bazarına aparmışdır. Bazarın içərisinə daxil olmadan qarşısında tanımadığı şəxsə Zərərçəkmiş şəxs1 oğurladığı 2 baş xırdabuynuzlu heyvanı 240 manata, Zərərçəkmiş şəxs4 oğurladığı 1 baş xırdabuynuzlu heyvanı 200 manata, Zərərçəkmiş şəxs3 oğurladığı 1 baş xırdabuynuzlu heyvanı isə 130 satmışdır. Sonra pulu götürərək gəldiyi yük avtomobilinə əyləşərək yaşadığı Saatlı rayonu Potubəyli kəndinə qayıtmışdır. O, xırdabuynuzlu heyvanları sataraq əldə etdiyi 570 manat puldan əvvəlcədən razılaşdığı kimi yük avtomobilinin sürücüsünə 20 manat zəhmət haqqı vermiş, qalan 550 manat pulla özünə siqaret və yaşadığı evə ərzaq məhsulları almışdır. Oğurladığı xırdabuynuzlu heyvanları sataraq əldə etdiyi pulları xərcləyib qurtardıqdan sonra yenidən maddi cəhətdən çətinlik çəkməyə başlamış və borcları yaranmışdır. Bu səbəbdən yenidən oğurluq etmək qərarına gəlib 23 aprel 2023-cü il tarixdə saat 01 radələrində yaşadığı evdən çıxaraq Saatlı rayonu Seyidlər kəndinə getmiş, həmin tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs5 yaşadığı evin qarşısına gəlib tövlənin qapısını açıb içəri daxil olmuş və heyvanlara yaxınlaşmışdır. 1 baş erkək və 1 baş dişi xırdabuynuzlu heyvanları tutub tövlədən küçəyə çıxartmış, tövlənin dəmir qapısını örtüb qarşısına daşı qoyaraq heç kimin şübhələnməməsi üçün bağlamışdır. İmranın həyətyanı sahəsindəki tövlədən oğurladığı xırdabuynuzlu heyvanları gətirib özünə məxsus heyvanların içərisinə atmış və yaşadığı evə gedərək yatmışdır. 28 iyul 2023cü il tarixdə saat 23 radələrində yaşadığı evin həyətindən 2 ədəd ağ kisə götürərək ev quşları oğurlamaq məqsədilə evdən çıxmış və piyada Saatlı rayonu Əlisoltanlı kəndində yaşayan əvvəldən tanıdığı Zərərçəkmiş şəxs6 yaşadığı evin qarşısına gəlib ətrafa baxaraq heç kimin olmadığına əmin olduqdan sonra qapıdan evin həyətinə daxil olmuşdur. Həyətə daxil olduqdan sonra Şahinin yaşadığı evin qarşısında yerləşən hinə tərəf yaxınlaşıb hinin dəmir qapısını əli ilə açaraq oradan 10 ədəd hinduşkanı bir-bir tutaraq ayaqlarını oradan tapdığı iplə bağlayıb bayıra çıxarmağa başlamış, sonra özü ilə gətirdiyi ağ kisələrə qoyub yaşadığı evə gətirmişdir. Oğurladığı hinduşkaları heç kimin görməməsi və şübhələnməməsi üçün ayaqlarına bağladığı ipləri açaraq həyətindəki hinə atmışdır. Yaşadığı evə gedərək yatmış və səhər saatlarında oğurladığı 10 ədəd hinduşkaları tanımadığı şəxsin avtomobilinə yüklərəyək Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən mərkəzi bazara gəlmiş və tanımadığı şəxsə ümumilikdə 200 manata satmışdır. 07 avqust 2023-cü il tarixdə saat 01 radələrində yenidən yaşadığı evin həyətindən 2 ədəd ağ kisə götürüb qonşuluqda yaşayan Gültəkinin yaşadığı evin qarşısına gəlmiş, ətrafa baxaraq heç kimin olmadığına əmin olub Gültəkinin yaşadığı evin giriş hissəsindəki dəmir darvazanı açaraq həyətə daxil olmuşdur. Həyətə daxil olduqda sağ tərəfdə yerləşən qapını açaraq hinə tərəf yaxınlaşmış, hinin taxta qapısını əli ilə açaraq içəri daxil olmuşdur. Hindən toyuqları və hinduşkaları bir-bir tutub həyətdən tapdığı iplə ayaqlarını bağlayaraq çölə çıxartmışdır. Həyətə daxil olduğu əsas dəmir qapıdan çölə çıxmış və oğurladığı toyuqları, hinduşkaları özü ilə gətirdiyi ağ kisələrə qoyub yaşadığı evə apararaq hinə atmışdır. Həmi9n gün yaşadığı evin həyətindəki hinin qapısını bağlayaraq yenidən oğurluq etmək məqsədilə onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs7 yaşadığı evin qarşısına gəlmişdir. Saat 02 radələrində Ülkərin yaşadığı evin həyətindəki dəmir “setka”dan olan qapısını açaraq həyətə daxil olmuş, yaşadığı evin həyətinə baxaraq heç kim olmadığına əmin olub evinin yan tərəfindəki hinə tərəf yaxınlaşmışdır. Hinin “setka”dan olan qapısını əli ilə açaraq içəri daxil olmuş və hində olan 20 ədəd toyuğu tutub həyətdən tapdığı iplə ayaqlarını bağlayıb çölə çıxartmışdır. Oğurladığı 20 ədəd toyuğu Ülkərin həyətinə daxil olduğu əsas dəmir qapıdan küçəyə çıxararaq özü ilə gətirdiyi 2 ədəd kisəyə qoyub yaşadığı evə aparmışdır. Həmin toyuqları həyətindəki hinə Gültəkinin yaşadığı evin həyətindəki hindən oğurladığı toyuqların və hinduşkaların yanına atmışdır. Səhər tezdən oğurladığı 52 ədəd toyuq və 2 ədəd hinduşkanı 10 manat zəhmət haqqı müqabilində taksi ilə Saatlı rayonu mərkəzi bazarına aparıb tanımadığı şəxslərə satmış, 4 ədəd toyuq satılmadığından həmin toyuqları evin həyətindəki hinə salmışdır. Əldə etdiyi pulu özünün ehtiyaclarına və borclarına vermişdir. Sonradan yaşadığı evdə olarkən polis əməkdaşları ona yaxınlaşaraq hindən quşların oğurlandığını demişlər. O da polis əməkdaşlarına oğurluq etdiyini bildirib könüllü olaraq hər şeyi olduğu kimi etiraf etmişdir. Etdiyi əməldən peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilmiş və zərərçəkmiş şəxslərlə barışıq əldə edilmişdir. Odur ki, göstərdiklərinin nəzərə alınaraq məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxlərin və şahidin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, ona məxsus təsərrüfatında 12 baş xırdabuynuzlu heyvanlar vardır, həmin xırdabuynuzlu heyvanları yaşadığı evin arxa tərəfindəki qapısı və pəncərəsi olmayan tövlədə saxlayır. 12 mart 2023-cü il tarixdə saat 07 radələrində məhrum əri Məhəbbət xırdabuynuzlu heyvanları sayarkən 1 baş dişi heyvanın olmadığını görüb bu barədə ona demişdir. Əvvəlcə xırdabuynuzlu heyvanın yaşadığı evin həyətindən getdiyi və itdiyini düşünərək axtarmağa başlamışlar, lakin tapa bilməmişlər. 05 aprel 2023-cü il tarixdə mərhum əri Məhəbbət yaşadığı evin həyətindəki tövlədən xırdabuynuzlu heyvanın oğurlanması barədə DİN-in 102 xidmətinə məlumat verib Saatlı polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonradan Saatlı rayonu Potubəyli kəndində yaşayan Təqsirləndirilən şəxs həyətindəki tövlədən 1 baş xırdabuynuzlu heyvanını oğurladığını bilmiş və Saatlı polis şöbəsinə bununla bağlı ərizə ilə müraciət etmişdir. Ona dəymiş ziyan tam ödənilmişdir və Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, ona məxsus təsərrüfatında xırdabuynuzlu heyvanlar vardır, həmin xırdabuynuzlu heyvanları yaşadığı evin giriş hissəsində yerləşən tövlədə saxlayır. 15 mart 2023-cü il tarixdə saat 08 radələrində həyətə düşüb xırdabuynuzlu heyvanlarını sayarkən 1 baş dişi heyvanının olmadığını görmüşdür. Əvvəlcə xırdabuynuzlu heyvanının yaşadığı evin həyətindən getdiklərini və itdiklərini düşünərək axtarmağa başlamışdır. O, yaşadığı evin həyətyanı sahəsinə və küçəsinə baxarkən xırdabuynuzlu heyvanlarını tapa bilməmişdir. Sonradan Saatlı rayonu Potubəyli kəndində yaşayan Təqsirləndirilən şəxs həyətindəki tövlədən 1 baş xırdabuynuzlu heyvanını oğurladığını bilmiş və Saatlı polis şöbəsinə oğurluqla bağlı ərizə ilə müraciət etmişdir. Ona dəymiş ziyan tam ödənilmişdir və Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, Saatlı rayonu Potubəyli kəndində yaşayan Təqsirləndirilən şəxs əvvəllər onunla pambıq zavodunda işlədiyi vaxtdan tanıyır, onunla münasibəti normal olmuş, düşmənçilik və ədavəti olmamışdır. 29 iyul 2023-cü il tarixdə saat 08 radələrində yuxudan qalxaraq həyətə düşmüş və ev quşlarını həyətə buraxmaq üçün həyətindəki hinə tərəf yaxınlaşmışdır. Hinin qapısını açaraq ev quşlarını həyətə buraxarkən az olduğunu görüb saymağa başlamışdır. Ev quşlarını sayarkən 10 ədəd hinduşkanın olmadığını görmüşdür. Əvvəlcə toyuqların və hinduşkaların yaşadığı evin həyətindən getdiklərini və itdiklərini düşünərək axtarmağa başlamış, lakin tapa bilməmişdir. Sonradan Saatlı rayonu Potubəyli kəndində yaşayan Təqsirləndirilən şəxs həyətindəki tövlədən 10 ədəd hinduşkanı oğurladığını bilmiş və Saatlı polis şöbəsinə oğurluqla bağlı ərizə ilə müraciət etmişdir. Ona dəymiş ziyan tam ödənilmişdir və Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 04 mart 2023-cü il tarixdə saat 08 radələrində xırdabuynuzlu heyvanlarını sayarkən 1 baş dişi və balası 1 baş erkək heyvanının olmadığını görmüşdür. Əvvəlcə xırdabuynuzlu heyvanlarının yaşadığı evin həyətindən getdiklərini və itdiklərini düşünərək axtarmağa başlamış, lakin tapa bilməmişdir. Sonradan Saatlı rayonu Potubəyli kəndində yaşayan Təqsirləndirilən şəxs həyətindəki tövlədən 2 baş xırdabuynuzlu heyvanlarını oğurladığını bilmiş və Saatlı polis şöbəsinə oğurluqla bağlı ərizə ilə müraciət etmişdir. Ona dəymiş ziyan tam ödənilmişdir və Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 23 aprel 2023-cü il tarixdə saat 06 radələrində yuxudan qalxaraq həyətə xırdabuynuzlu heyvanlarını sayarkən 2 baş heyvanın olmadığını görmüş və heyvanlarının tövlədən çıxdıqlarını düşünərək axtarmağa başlamışdır. O, yaşadığı evin həyətyanı sahəsinə və küçəsinə baxarkən xırdabuynuzlu heyvanlarını tapa bilməmişdir.Bu səbəbdən məcbur qalaraq DİN-in 102 xidmətinə oğurluq barədə məlumat vermişdir. Sonradan ona məxsus tövlədən oğurluq edən şəxsin Saatlı rayonu Potubəyli kəndində yaşayan Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Ona dəymiş ziyan tam ödənilmişdir və Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, 07 avqust 2023-cü il tarixdə saat 01 radələrində saxladığı ev quşlarının səslərini eşidərək yuxudan qalxıb həyətə düşmüşdür. Həyətdə olarkən hər hansı şübhəli bir şey görməmiş və hindəki quşların ürkərək səslər çıxardığını düşünüb yaşadığı evə gedərək yatmışdır. Saat 08 radələrində yuxudan qalxaraq həyətə düşmüş və ev quşlarını həyətə buraxmaq üçün hinə tərəf yaxınlaşmışdır. Hinin qapısını açaraq ev quşlarını həyətə buraxarkən az olduğunu görüb saymağa başlamışdır. Bu zaman 32 ədəd toyuq və 2 ədəd hinduşkanın olmadığını görmüşdür. Əvvəlcə toyuqların və hinduşkaların yaşadığı evin həyətindən getdiklərini və itdiklərini düşünərək axtarmağa başlamış, lakin tapa bilməmişdir. Bu səbəbdən toyuqlarının və hinduşkalarının naməlum şəxs tərəfindən oğurlandığı qənaətinə gələrək Saatlı polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonradan Saatlı rayonu Potubəyli kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki hindən toyuqları və hinduşkaları oğurladığını bilmişdir. Ona dəymiş ziyan tam ödənilmişdir və Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 07 avqust 2023-cü il tarixdə saat 03 radələrində saxladığı toyuqların səslərini eşidərək yuxudan qalxıb əri Əzizağa ilə birlikdə həyətə düşmüşdür. Əri Əzizağa ilə birlikdə həyətinə baxaraq hər hansı şübhəli bir şey görməmiş və yaşadığı evə gedərək yatmışdır. Saat 07 radələrində həyətə düşmüş və toyuqları həyətə buraxmaq üçün hinə tərəf yaxınlaşmışdır. Hinin qapısını açaraq toyuqları həyətə buraxarkən az olduğunu görüb saymağa başlamışdır. Ev quşlarını sayarkən 20 ədəd toyuğun olmadığını görmüşdür. Əvvəlcə toyuqların yaşadığı evin həyətindən getdiklərini və itdiklərini düşünərək axtarmağa başlamış, lakin tapa bilməmişdir. Toyuqlarının naməlum şəxs tərəfindən oğurlanması barədə Saatlı polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonradan Saatlı rayonu Potubəyli kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki hindən toyuqları oğurladığını bilmişdir. Ona dəymiş ziyan tam ödənilmişdir və Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş ziyanın tam ödənildiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, onunla münasibəti normal olmuş, düşmənçilik və ədavəti olmamışdır. O, atası Zakirin Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən qəssab mağazasında heyvanların alınıb kəsilərək satılmasında atası Zakirə köməklik göstərir. Təxminən 2023-cü ilin fevral ayında iki dəfə Rahib onun mobil telefonuna zəng edərək yaşadıqları evin həyətində xırdabuynuzlu heyvanının olduğunu və gəlib həmin heyvanlara baxmağını istəmişdir. O da Rahibin yaşadığı Saatlı rayonu Potubəyli kəndində yerləşən evə getmişdir. Rahibin yaşadığı evin həyətində olarkən xırdabuynuzlu heyvanların içərisindən arıq quzuları tutub ona göstərib satmaq istədiyini bildirmişdir. O da həmin vaxt Rahibə arıq heyvan almadığını, kök heyvan olarsa ala biləcəyini demişdir. Bu səbəbdən həmin vaxt Rahibdən xırdabuynuzlu heyvanları almaqdan imtina etmişdir. Həmin vaxtdan Rahiblə münasibəti yaranmış və mütəmadi olaraq Rahibdən xırdabuynuzlu heyvan alaraq kəsib satmışlar. 20 aprel 2023-cü il tarixdə Rahib yenidən onun mobil telefonuna zəng edərək yaşadığı evin həyətində heyvanı olduğunu, həmin xırdabuynuzlu heyvanı satmaq istədiyini demiş, o da Rahibin yaşadığı evə getmiş, sonuncu xırdabuynuzlu heyvanların içərisində saxladığı 1 baş xırdabuynuzlu heyvanı göstərib satmaq istədiyini demişdir. O da həmin heyvana baxdıqdan sonra həmin xırdabuynuzlu heyvanı 135 manata almağa razılaşmışdır. Rahibə pulu verib xırdabuynuzlu heyvanı yaşadığı evin həyətinə gətirmiş və qəssab mağazasında kəsərək satmışdır. Rahibdən heyvan alarkən onun oğurluq etməsindən xəbəri olmamış, polis şöbəsinə dəvət olunarkən Təqsirləndirilən şəxs oğurluq etməsini bilmişdir. Rahib ona xırdabuynuzlu heyvanları satarkən həyətində saxladığı xırdabuynuzlu heyvanlar olduğunu demişdir. İşdə olan 23 aprel 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs5 məxsus 2 baş xırdabuynuzlu heyvanlar onun Saatlı rayonu Seyidlər kəndində yerləşən yaşadığı evin həyətindəki mişar daşlarından ibarət tövlədən oğurlanmışdır. İşdə olan 23 aprel 2023-cü il tarixdə tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 məxsus 2 baş iribuynuzlu heyvanlar iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş və baxış keçirilərək sahibinə qaytarılmışdır. İşdə olan 12 may 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus 2 baş xırdabuynuzlu heyvanlar onun Saatlı rayonu Seyidlər kəndində yerləşən yaşadığı evin həyətindəki mişar daşlarından ibarət tövlədən oğurlanmışdır. İşdə olan 24 may 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus 1 baş xırdabuynuzlu heyvan onun Saatlı rayonu Əlisoltanlı kəndində yerləşən yaşadığı evin həyətindəki mişar daşlarından ibarət tövlədən oğurlanmışdır. İşdə olan 05 iyun 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs3 məxsus 1 baş xırdabuynuzlu heyvan onun Saatlı rayonu Əlisoltanlı kəndində yerləşən yaşadığı evin həyətindəki mişar daşlarından ibarət tövlədən oğurlanmışdır. İşdə olan 20 iyun 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs4 məxsus 1 baş xırdabuynuzlu heyvan onun Saatlı rayonu Əlisoltanlı kəndində yerləşən yaşadığı evin həyətindəki taxtadan ibarət tövlədən oğurlanmışdır. İşdə olan 07 avqust 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs8 məxsus 32 ədəd toyuqlar və 2 ədəd hinduşkalar onun Saatlı rayonu Potubəyli kəndində yerləşən yaşadığı evin həyətindəki hindən oğurlanmışdır. İşdə olan 07 avqust 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs7 məxsus 20 ədəd toyuqlar onun Saatlı rayonu Potubəyli kəndində yerləşən yaşadığı evin həyətindəki hindən oğurlanmışdır. İşdə olan 09 avqust 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs6 məxsus 10 ədəd hinduşkalar onun Saatlı rayonu Əlisoltanlı kəndində yerləşən yaşadığı evin həyətindəki hindən oğurlanmışdır. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətindən Saatlı RPŞ-yə daxil olmuş məktubdan görünür ki, 23 aprel 2023-cü il tarixinə əlamətləri qeyd edilmiş xırdabuynuzlu heyvanların orta bazar qiyməti ayrı-ayrılıqda aşağıdakı kimidir:

1. 1 baş 40 kiloqram çəkidə, 2 illik, qulaqsız, sarı rəngli, yerli cinsdən, başqa heç bir fərqləndirici əlamətləri olmayan dişi xırdabuynuzlu heyvan 250 manat və 1 baş 20 kiloqram çəkidə, 5-6 aylıq, sarı rəngli, yerli cinsdən, başqa heç bir fərqləndirici əlamətləri olmayan dişi xırdabuynuzlu heyvan 150 manat təşkil edir.

2. 1 baş 35 kiloqram çəkidə, 7 aylıq, sarı rəngli, yerli cinsdən, başqa heç bir fərqləndirici əlamətləri olmayan erkək xırdabuynuzlu heyvan 250 manat təşkil edir.

3. 1 baş 35 kiloqram çəkidə, 1 illik, boz rəngli, yerli cinsdən, başqa heç bir fərqləndirici əlamətləri olmayan dişi xırdabuynuzlu heyvan 250 manat təşkil edir.

4. 1 baş 45 kiloqram çəkidə, 6-7 aylıq, qulaqsız, qumral rəngli, yerli cinsdən, başqa heç bir fərqləndirici əlamətləri olmayan dişi xırdabuynuzlu heyvan 400 manat təşkil edir.

5. 1 baş 40 kiloqram çəkidə, 6-7 aylıq, tünd sarı rəngli, yerli cinsdən, başqa heç bir fərqləndirici əlamətləri olmayan erkək xırdabuynuzlu heyvan 300 manat və 1 baş 35 kiloqram çəkidə, 6-7 aylıq, tünd sarı rəngli, yerli cinsdən, başqa heç bir fərqləndirici əlamətləri olmayan dişi xırdabuynuzlu heyvan 250 manat təşkil edir. İşdə olan “Araz-şöhrət” şirkətindən Saatlı RPŞ-nə daxil olmuş məktubda göstərilmişdir ki, 07 avqust 2023-cü il tarixinə əlamətləri qeyd edilmiş toyuq və hinduşkanın orta bazar qiyməti ayrıayrılıqda aşağıdakı kimidir:

1. 3 kiloqram çəkidə, 1 illik, 1 ədəd hinduşka 30 manat təşkil edir.

2. 1,5 kiloqram çəkidə, 1 illik, 1 ədəd toyuq 10 manat təşkil edir.

3. 2,5 kiloqram çəkidə, 1 illik, 1 ədəd hinduşka 20 manat təşkil edir.

4. 1,2 kiloqram çəkidə, 1 illik, 1 ədəd toyuq 8 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 15 may 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, barəsində CM-nin 62 və ya 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, törətdiyi cinayət əməlini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunan qərarının 2-ci və 3-cü bəndlərində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa Şurası Nazirlər Komitəsinin üzv dövlətlərə tövsiyələrində də vurğulanır ki, cəzaçəkmə yerlərinin maliyyə məsrəflərinin cəmiyyətin üzərində ağır yük olduğunu və həbsin çox zaman mənfi nəticələr doğurduğunun və hüquq pozucularını islah etmədiyinin tədqiqatlar nəticəsində aşkar edilir. Yenə, Avropa Şurası Nazirlər Komitəsinin R (99) 22 saylı tövsiyyəsində cəza siyasətinin humanistləşdirilməsi ilə əlaqədar mühüm əhəmiyyət daşıyan bir sıra hallara toxunularaq aşağıdakıları qeyd etmişdir: Həbsxanalarda həddən artıq insan olmasının və məhbusların artmasının həbsxana müdiriyyətləri və bütövlükdə cinayət mühakimə icraatı sistemi üçün həm insan hüquqları, həm də cəzaçəkmə müəssisələrinin səmərəli idarə edilməsi baxımından mühüm problem təşkil edir. Məhbusların səmərəli idarə edilməsinin cinayətkarlığın ümumi vəziyyəti, cinayətkarlığın nəzarətdə saxlanmasında prioritetlər, qanunlar toplusunda nəzərdə tutulan müxtəlif növ cəzalar, təyin edilən cəzaların ağırlığı, ictimai sanksiyalardan və tədbirlərdən nə dərəcədə teztez istifadə edilməsi, cinayət mühakimə icraatı orqanlarının işinin səmərəliliyi və təsirliliyi, xüsusən də ictimaiyyətin cinayətə və cəzaya münasibəti kimi məsələlərdən asılıdır. Həbsxanalarda həddən artıq insanın olması ilə mübarizə aparmaq və həbsxana sakinlərinin sayını azaltmaq məqsədi daşıyan tədbirlərin cinayətkarlığın və cinayətkar davranışın qarşısının alınmasına, səmərəli hüquq mühafizə tədbirlərinə, cəmiyyətin təhlükəsizliyinə və müdafiəsinə, sanksiya və tədbirlərin fərdiləşdirilməsinə və hüquq pozucularının sosial reinteqrasiyasına yönələn ardıcıl və məqsədəuyğun cinayət siyasətinin tərkibinə daxil edilməsinin zəruridir. Belə tədbirlərin qanunun aliliyi ilə idarə olunan və insan hüquqlarının təmin edilməsindən ibarət ali məqsədə tabe olan demokratik dövlətlərin əsas prinsiplərinə, İnsan hüquqları haqqında Avropa Konvensiyasına və onun tətbiqinin həvalə olunduğu orqanların presedent hüququna uyğun gəlməlidir. Əsas prinsiplər kimi üzv dövlətlərə tövsiyədə aşağıdakılar bildirilir: - Azadlıqdan məhrum etmə ən son vasitə qismində istifadə edilən sanksiya və ya tədbir hesab edilməli və buna görə də yalnız hüquq pozuntusunun ciddiliyi hər hansı başqa sanksiyanı və ya tədbiri açıq-aydın qeyri-adekvat etdiyi təqdirdə nəzərdə tutulmalıdır. - Cəzanın nisbi ağırlığı üzrə dərəcələrə bölünən müvafiq ictimai sanksiya və tədbirlər toplusu hazırlanmalı, prokurorlar və hakimlər onlardan mümkün qədər geniş istifadəyə sövq edilməlidir. - Həbsxanalarda həddən artıq insan olmasına və məhbusların artmasına qarşı ardıcıl strategiya düşünüb tapmaq üçün buna şərait yaradan əsas amillərin ətraflı təhlili həyata keçirilməli, bu təhlildə xüsusən uzun müddətə azadlıqdan məhrum etmə cəzasına səbəb olan hüquq pozuntusu növləri, cinayətkarlığın nəzarətdə saxlanmasında prioritetlər, ictimaiyyətin mövqeyi və narahatçılıqları, habelə mövcud cəza təyin etmə praktikası kimi məsələlər nəzərdən keçirilməlidir. Bundan başqa, həmin tövsiyədə məhkəmə araşdırması mərhələsinə aid tədbirlər fəslində qeyd edilir ki, uzun müddətə azadlıqdan məhrum etməni nəzərdə tutan və bununla həbsxana sisteminin üzərinə ağır yük qoyan cəzaların tətbiqini azaltmaq və qısa müddətə azadlıqdan məhrum etmə cəzalarını ictimai sanksiya və tədbirlərlə əvəz etmək üçün səy göstərilməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Yuxarıda göstərilən prinsiplər nöqteyi-nəzərindən yanaşdıqda da aydın olur ki, heç də ağır cəzaların, o cümlədən, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi həmişə cəzanın məqsədlərinə xidmət etmir. Hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmiş şəxsin cinayət əməlini törətdikdən sonrakı davranışlarına, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, ailə vəziyyətinə, cinayət əməli törətdiyi vaxtla, cinayət əməli törətdikdən sonra cəmiyyətdə tutduğu mövqeyə, statusuna, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, hazrki iş üzrə az ciddi cəza vasitəsilə cəzanın məqsədlərinə nail olunması, eyni zamanda təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən islah olunması mümkündür. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 23 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutularaq 25 aprel 2023-cü il tarixədək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş üzrə maddi sübut olan 2 baş xırdabuynuzlu heyvanın Zərərçəkmiş şəxs5, 2 ədəd toyuğun Zərərçəkmiş şəxs8 və 2 ədəd toyuğun Zərərçəkmiş şəxs7 saxlanılması nəzərə alınmalıdır. İşdə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə,

Hökmetdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 aprel 2023-cü il tarixdən 25 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq iki il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan 2 baş xırdabuynuzlu heyvanın Zərərçəkmiş şəxs5, 2 ədəd toyuğun Zərərçəkmiş şəxs8 və 2 ədəd toyuğun Zərərçəkmiş şəxs7 saxlanılması nəzərə alınsın. Hökmün icrası Saatlı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar