Məhkəmə qərarları › İş №1(055)-110/2025

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-110/2025

30.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-110/2025 30.12.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1981-ci ildə Saatlı rayonu, Leninkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işsiz, Saatlı rayonu Mustafabəyli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda, ümumi təmiz çəkisi 11,33 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, daşıyaraq saxlamış, xx.xx.2025-ci il tarixdə saat 09 radələrində Saatlı rayonu, Mustafabəyli kəndində evinin yaxınlığında küçədə piyada hərəkət edib həmin narkotik vasitəni qanunsuz olaraq satış məqsədi olmadan üstündə daşıyarkən əməliyyat tədbiri keçirən Saatlı RPŞ-nin əməkdaşları tərəfindən müəyyən olunmuş və orada saat 09:21-dən 09:27-dək olan müddətdə üstü yoxlanılarkən əynindəki şalvarın sol yan cibində saxladığı həmin 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 11,33 qram olan, xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 1 ildir ki, el arasında “nəşə” kimi adlanan narkotik vasitə olan qurudulmuş marixuanadan arabir istifadə edir. 15 sentyabr 2025-ci il tarixdə saat təxminən 12 radələrində Saatlı rayonu, Mustafabəyli kəndində çöl sahədə “Araz” çayının sahilində xırdabuynuzlu heyvanlarını otararkən yerdə 1 ədəd şəffaf sellofan büküm tapmış və həmin bükümü yerdən götürüb içərisinə baxdıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. Həmin vaxt ətrafda heç kim olmamışdır. O, həmin içərisində qurudulmuş marixuna olan şəffaf sellofan bükümü özü istifadə etmək məqsədi ilə götürüb şalvarının sol yan cibinə qoymuşdur. Həmin narkotik vasitə qurudulmuş marixuanadan bir qədərini siqaretə doldurub istifadə etmiş, qalanını isə cibində saxlamışdır. 20 sentyabr 2025-ci il tarixdə saat 09:21 radələrində Saatlı rayonunu, Mustafabəyli kəndində evinin yaxınlığındakı küçədə piyada hərəkətdə olarkən mülki geyimli tanımadığı bir neçə nəfər şəxs videoçəkilişlə ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, daşımaqda və saxlamaqda şübhəli olduğunu bildirərək, həmçinin xidməti vəsiqələrini göstərərək, ondan özünü təqdim etməyini istəmişlər. O da özünü təqdim etdikdən sonra üstündə qanunla qadağan edilmiş əşya, predmet vardırsa təqdim etməyi təklif edilmişdir. O da əynində olan şalvarının arxa sağ cibindən özünə məxsus 1 ədəd “Honor” markalı mobil telefonu, həmin şalvarın sol yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Həmin 1 ədəd şəffaf selofan bükümdə narkotik vasitə qurudulmuş marixuana olduğunu və həmin bükümü yerdən tapdığını, öz istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Bundan sonra üstündən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana kütləsi həmin 1 ədəd şəffaf sellofan ilə birlikdə polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmişdir. Daha sonra üstündən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana kütləsi həmin 1 ədəd şəffaf sellofan ilə birlikdə bir ədəd ağ rəngli zərfdə qablaşdırılmış, möhürlənmiş, zərfin üzəri o da daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmışdır. Ona məxsus olan 1 ədəd “Honor” markalı mobil telefon da polis əməkdaşları tərəfindən götürülmüşdür. Üstündən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuanadan başqa qanunla saxlanması, daşınması, əldə edilməsi qadağan olunmuş hər hansı bir narkotik vasitə və sair əşya aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları videoçəkilişi dayandırmış, üstünə baxış keçirilməsi barədə protokol tərtib edilmiş, protokolun doğruluğu o da daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmışdır. Sonra polis əməkdaşları ilə polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində yerləşən xidməti otaqların birində videoçəkilişlə üstündən aşkar edilmiş içərisində narkotik vasitə qurudulmuş marixuana olan 1 ədəd şəffaf sellofan büküm açılmış, içərisinə baxış keçirilmiş, həmin vaxt da narkotik vasitə qurudulmuş marixuananı çöl sahədən qoyun otararkən yerdən tapdığını, öz istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Sonra üstündən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana kütlələri yenidən qabalaşdırılaraq götürülmüşdür. Üstündən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanadan başqa qanunla əldə edilməsi, saxlanması, daşınması qadağan edilmiş başqa əşya aşkar edilməmişdir. Bu barədə də protokol tərtib edilmiş, protokolun doğruluğu o da daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmışdır. Sonda əməlindən peşman olduğunu bildirib, ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Saatlı rayonu, Mustafabəyli kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması ilə bağlı daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar tərəfindən məruzə edilməklə Saatlı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və həmin bölmənin CAB-ın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra polis əməkdaşları tərəfindən Saatlı rayonu, Mustafabəyli kənd sakini Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş və 20 sentyabr 2025-ci il tarixdə saat 09:21-də başlanmış və videoçəkilişlə qeydə alınmış əməliyyat tədbiri ilə əlaqədar Saatlı rayonu Mustafabəyli kəndi ərazisində Təqsirləndirilən şəxs müəyyən olunduğu üçün ona daxil olmuş məlumat barədə bildirilməklə üstündə hər hansısa bir qanunsuz əşya, narkotik vasitənin olub-olmaması, olduğu təqdirdə özünün təqdim etməsini Təqsirləndirilən şəxs bildirib, hazırki vaxtdan şübhəli şəxs qismində saxlanılaraq faktiki olaraq azadlığının məhdudlaşdırıldığı, müdafiəçi ilə təmin olunmaq hüququnun olması, təhqiqat zamanı müdafiəçinin təmin olunacağıTəqsirləndirilən şəxs izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis əməkdaşlarına əynindəki şalvarının sol yan cibindən 01 ədəd sellofan kəsiyini çıxarıb təqdim edərək həmin sellofan kəsiyinin içərisində "nəşə” olduğunu, həmin "nəşəni" çöl sahədə qoyun otararkən tapdığını və özü qəbul etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin sellofan kəsiyi polis əməkdaşları tərəfindən təhlil edilərkən içərisində qurudulmuş marixuanaya oxşar kütlə olduğu müəyyən olunmuşdur. İçərisində marixuanaya oxşar kütlə olduğu sellofan kəsiyi ilə birlikdə elektron tərəzidə çəkilərkən çəkisinin 11.40 qram olduğu müəyyən olunmuş, həmin 01 ədəd sellofan kəsiyində olan marixuanaya oxşar kütlə bir ədəd zərfdə qablaşdırılıb götürülmüşdür. Bildirmişdir ki, Saatlı rayonu, Mustafabəyli kənd sakini Təqsirləndirilən şəxs təqdim etdiyi "Honor" markalı mobil telefon da orada polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra aşkar edilmiş qurudulmuş marixuanaya oxşar kütlə və Təqsirləndirilən şəxs Saatlı rayon polis şöbəsinə gətirilərək müvafiq təhqiqat orqanına təhvil verilməsi və protokolun tərtib edilməsi üçün videoçəkiliş dayandırılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Şövqi oğlu və Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə vermişlər. İşdə olan 20 sentyabr 2025-ci il tarixli “Şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Saatlı rayonu Mustafabəyli kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üstünə baxış keçirilən zaman əynindəki şalvarın sol yan cibində satış məqsədi olmadan qanunsuz olaraq saxladığı 1 ədəd bükümdə, xeyli miqdarda təmiz çəkisi-11,40 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan məhkəmə-bioloji ekspertizanın 20 sentyabr 2025-ci il tarixli 18/691 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 11.33 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşdə olan məhkəmə-narkoloji ekspertin xx.xx.2025-ci il tarixli 6214 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunan qərarının 2-ci və 3-cü bəndlərində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 20 sentyabr 2025-ci il tarixdə şübhəli şəxs qismində tutularaq 22 sentyabr 2025-ci il tarixədək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 20 sentyabr 2025-ci il tarixdən 22 sentyabr 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş materiallarından görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. Ona görə də, Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilməli və narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 11,13 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə maddi sübut olan 2 ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. İşdə olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, aparılmış tədqiqatın dəyəri 67,30 (altımış yeddi manat otuz qəpik) manat təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 sentyabr 2025-ci il tarixdən 22 sentyabr 2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq 02 (iki) gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 11,13 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut olan 2 ədəd disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə 67,30 (altımış yeddi manat otuz qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar