Məhkəmə qərarları › İş №1(055)-111/2025

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-111/2025

21.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-111/2025 21.01.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.2002-ci ildə Saatlı rayon Qara Nuru kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Saatlı rayon Qara Nuru kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan 04 ədəd bükümdə xeyli miqdarda 7,19 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə etmiş, xx.xx.2025-ci il tarixdə saat 00 radələrində Saatlı rayonu, Qara Nuru kəndində yerləşən “Mehman petrol” yanacağ doldurma məntəqəsinin yaxınlığında həmin narkotik vasitəni əynindəki şalvarın sağ yan cibində qanunsuz olaraq satış məqsədi olmadan saxlayıb və daşıyarkən Saatlı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, orada həmin tarixdə saat 00:03-dən 00:12-dək olan müddətdə üstünə baxış keçirilərkən əynindəki şalvarın sağ yan cibində 04 ədəd bükümdə xeyli miqdarda ayrı-ayrılıqda 1,14 qram, 2,40 qram, 1,17 qram və 2,38 qram olmaqla ümumilikdə 7,19 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 1 ildir ki, narkotik vasitə olan el arasında nəşə kimi tanınan çətənə bitkisindən istifadə edir. Belə ki, o, həmin bitkidən tapanda istifadə edir. Təxminən 2025-ci ilin oktyabr ayının 9-da saat 11 radələrində Saatlı rayonu Qara Nuru kəndində çöl sahəsində ana kollektorun kənarı ilə gedərkən yerdə çətənə bitkisinin budağının olduğunu görmüşdür. Həmin budağı götürmüş və yarpağını təmizləmişdir. Yarpaqlar quru vəziyyətdə olmuşdur. Bundan sonra o, üzərində olan siqaretin gümüşü kağızını çıxarıb 4 yerə bölmüş və yarpaqları həmin 4 ədəd gümüşü rəngli kağızlara büküb əynində olan şalvarın sağ yan cibinə qoymuşdur. O, əvvəllər arabir narkotik vasitə olan marixuana istifadə etdiyi üçün görən kimi tanımış və ətrafa baxmışdır. Ətrafda heç kim olmamışdır. O, həmin içərisində marixuana olan 4 ədəd bükülünü şalvarının sağ yan cibində saxlamışdır. Həmin narkotik vasitəni özünün istifadəsi üçün cibində saxlamışdır. Bundan sonra 10 oktyabr 2025-ci il tarixdə təxminən saat 00:03 radələrində o, yaşadığı Qara Nuru kəndində olan “Mehman petrol” yanacaqdoldurma məntəqəsinin yanında tək dayanmışdır. Həmin vaxt Saatlı RPŞ-nin əməkdaşlarının ona yaxınlaşdığını görmüşdür. Həmin polis əməkdaşları videoçəkilişlə ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitə əldə etməkdə və saxlamaqda şübhəli olduğunu bildirərək, həmçinin xidməti vəsiqələrini göstərərək, özünü təqdim etməyini istəmişlər. O da, özünü təqdim etdikdən sonra üstündə qanunla qadağan edilmiş əşya, predmet vardırsa təqdim etmək təklif olunmuşdur. O, əynində olan şalvarının sol yan cibindən 01 qutu siqareti, şalvarın arxa sağ cibindən “İnfinix” markalı mobil telefonu, 01 ədəd 5 manatlıq pul əskinazını, şalvarın arxa sol cibindən 10 manatlıq pul əskinazını və şalvarın sağ yan cibindən saxladığı içərisində 04 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Həmin 04 ədəd bükümdəki kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana kütləsi həmin 04 ədəd büküm ilə ayrı-ayrılıqda elektron tərəzidə çəkilmişdir. Daha sonra üstündən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana kütləsi həmin 04 ədəd büküm ilə birlikdə bir ədəd ağ rəngli zərfdə qablaşdırılmış, möhürlənmiş, zərfin üzəri o da daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmış, müvafiq ekspertizaya göndərilməsindən ötrü götürülmüşdür. Ona məxsus olan “İnfinix” markalı mobil telefonda iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, lakin siqaret qutusu və 01 ədəd 5 manatlıq və 01 ədəd 10 manatlıq pul əskinazı özünə qaytarılmışdır. Üstündən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuanadan başqa qanunla saxlanması, daşınması, əldə edilməsi qadağan olunmuş hər hansı bir narkotik vasitə və sair əşya aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları videoçəkilişi dayandırmış, üstünə baxış keçirilməsi barədə protokol tərtib edilmiş, protokolun doğruluğu o da daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmışdır. Sonra polis əməkdaşları ilə polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində yerləşən xidməti otaqların birində videoçəkilişlə üstündən aşkar edilmiş içərisində narkotik vasitə qurudulmuş marixuana olan 04 ədəd büküm açılmış, içərisinə baxış keçirilmişdir. Daha sonra üstündən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana yenidən qabalaşdırılaraq götürülmüşdür. Üstündən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanadan başqa qanunla əldə edilməsi, saxlanması, daşınması qadağan edilmiş başqa əşya aşkar edilməmişdir. Bu barədə də protokol tərtib edilmiş, protokolun doğruluğu o da daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmışdır. Sonda əməlindən peşman olduğunu bildirib, ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Şövqi oğlu ifadəsində göstərmişdir ki, Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kiçik leytenantı xüsusi rütbəsi daşıyır. İşin mahiyyəti üzrə bildirmişdir ki, 09 oktyabr 2025-ci il tarixdə Saatlı rayon Qara Nuru kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq o, raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Bundan sonra raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuşdur. Onun tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bundan sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Əməliyyat tədbirində iştirak edəcək şəxslərin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Saatlı RPŞ-nin PPXB-nin manqa komandiri, polis baş serjantı Şahid3 və ondan ibarət olması təsdiqlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Saatlı rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. 10 oktyabr 2025-ci il tarixdə saat 00:03 radələrində Saatlı rayon Qara Nuru kəndi ərazisində “Mehman petrol” yanacaq doldurma məntəqəsinin yaxınlıqında piyada hərəkətdə olarkən Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq ona həmin vaxtdan şübhəli şəxs qismində saxlanılaraq faktiki olaraq azadlıqlarının məhdudlaşdırıldığı, müdafiəçi ilə təmin olunmaq hüquqlarının olması, ilkin araşdırma zamanı müdafiəçinin təmin olunacağını izah etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi barədə şübhəli olduğunu izah edərək üzərində qanunla qadağan olunmuş əşya, yaxud predmet olub-olmadığını soruşmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən 01 qutu siqareti, şalvarın arxa sağ cibindən 01 ədəd “infinix” markalı mobil telefonu, 01 ədəd 5 manatlıq pul əskinazını və 01 ədəd siqareti, şalvarın arxa sol cibindən 01 ədəd 10 manatlıq pul əskinazını, şalvarın sağ yan cibindən 04 ədəd gümüşü rəngli kağız bükümlərini çıxarıb təqdim etmişdir. Bundan sonra həmin bükümün içərisində “narkotik” olduğunu, həmin “narkotiki” yaşadığı Qara Nuru kəndinin çöl sahəsindən tapdığını bildirmişdir. Həmin bükümlər açılıb içərisinə baxılarkən içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olduğu müəyyən olunmuşdur. Həmin kütlə olduğu 04 ədəd bükümlərlə birlikdə elektron tərəzidə çəkilərkən çəkisinin ümumilikdə 9,39 qram olduğu müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd “İnfinix” markalı mobil telefon və 04 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə bir ədəd zərfdə qablaşdırılıb götürülmüşdür. 01 ədəd 5 manatlıq, 01 ədəd 10 manatlıq pul əskinazları və siqaret, qutusu ilə birlikdə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Baxış zamanı videoçəkiliş aparılmışdır. Bundan sonra aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə, 01 ədəd “İnfinix” markalı mobil telefon və Təqsirləndirilən şəxs müvafiq təhqiqat orqanına təhvil verilməsi və protokolun tərtib edilməsi üçün videoçəkiliş dayandırılmışdır. Bununla bağlı tərəfindən protokol tərtib olunmuşdur. Protokol oxunmuş, protokolun yekununda şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs müdafiə hüququnun olması, müvafiq araşdırma zamanı öz vəsaiti hesabına və ya dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ bir daha izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, həmin kütlə və 1 ədəd “İnfinix” markalı mobil telefonla birlikdə tərəflərindən Təhqiqat bölməsinə təqdim edilmişdir. Daha sonra onların iştirakı ilə Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman götürülmüş həmin kütləyə Saatlı RPŞ-nin inzibati binasında Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Qərib İsmayılov tərəfindən baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üstündə saxladığı və polis əməkdaşlarına təqdim etdiyi 04 ədəd bükümdə olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olmasını və həmin kütləni istifadə etmək məqsədi ilə üstündə saxlamasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündə başqa əşya varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üstündə başqa əşya və predmet olmadığını bildirmişdir. Daha sonra təqdim edilmiş kütlə 1 ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və tərəflərindən imzalanmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 1 ədəd “İnfinix” markalı mobil telefon da iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Bütün bunlar barədə videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, o da digər iştirakçılar kimi protokola imza etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 Şövqi oğlunun ifadəsi ilə eyni məzmunda ifadə vermişlər. İşdə olan 10 oktyabr 2025-ci il tarixli “Şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibində saxladığı 04 ədəd sellofan büküm ilə birlikdə 8,39 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan 10 oktyabr 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, Saatlı rayon Qara Nuru kəndində yaşayan Təqsirləndirilən şəxs üstündən aşkar olunaraq götürülmüş 04 ədəd büküm ilə birlikdə 8,39 qram narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütləyə baxış keçirilmişdir. İşdə olan məhkəmə-bioloji ekspertizanın 10 oktyabr 2025-ci il tarixli 18/725 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi– 1,24qr, 2,40qr, 1,17qr, 2,38qr, ümumi çəkisi – 7,19 qram olan bitki mənşəlli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşdə olan məhkəmə-narkoloji ekspertin 04 noyabr 2025-ci il tarixli 6932 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunan qərarının 2-ci və 3-cü bəndlərində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 10 oktyabr 2025-ci il tarixdə şübhəli şəxs qismində tutularaq 11 oktyabr 2025-ci il tarixədək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 10 oktyabr 2025-ci il tarixdən 11 oktyabr 2025ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş materiallarından görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. Ona görə də, Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilməli və narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 7,11 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə maddi sübut olan 2 ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. İşdə olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, aparılmış tədqiqatın dəyəri 67,30 (altımış yeddi manat otuz qəpik) manat təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 oktyabr 2025-ci il tarixdən 11 oktyabr 2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq 02 (iki) gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 7,11 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut olan 2 ədəd disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə 67,30 (altımış yeddi manat otuz qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar