Məhkəmə qərarları › İş №1(055)-12/2024

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-12/2024

20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-12/2024 20.02.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə saat 15:40-da xx xxxx 1982-ci il tarixdə Saatlı rayonunun Leninkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Saatlı rayonu Mustafabəyli kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 26 iyun 2023-cü il tarixdə saat 23:30 radələrində Saatlı rayonu Qırağlı kəndində Zərərçəkmiş şəxs1 əmlakını tamah niyyəti ilə əvəzsiz götürməkdən ötrü Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin birinci mərtəbəsinin istifadə olunmayan otağının pəncərəsini əli ilə açaraq yaşayış sahəsi hesab edilən evə qanunsuz olaraq daxil olub oradakı yataq otağında olan şkafdan 355 manat məbləğində pulu oğurlamaqla özgə əmlakını gizli olaraq talayaraq zərər çəkmiş Zərərçəkmiş şəxs1 355 manat məbləğdə maddi ziyan vurmuşdur, yəni yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən 19 iyul 2023-cü il tarixdə saat 23:30 radələrində Saatlı rayonu Qırağlı kəndində yaşayan Zərərçəkmiş şəxs2 əmlakını tamah niyyəti ilə götürməkdən ötrü Zərərçəkmiş şəxs2 yaşadığı kənddə yerləşən və ona məxsus olan “Avto ehtiyyat hissələri” mağazasının giriş qapısının dəmir jalüzünü qıfıl bağlanan hissədən ayırıb bir qədər yuxarı qaldırdıqdan sonra giriş qapısının şüşəsini sındırıb qanunsuz olaraq mağaza binasına daxil olaraq oradan 158 Azərbaycan manatı, 10 avro (Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2023-cü il tarixə olan məzənnəsi ilə 19,08 manat), 5450 Rus rublu (Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2023-cü il tarixə olan məzənnəsi ilə 101,91 manat) pulu oğurlamaqla özgə əmlakını gizli olaraq talayaraq zərər çəkmiş Zərərçəkmiş şəxs2 cəmi 278 manat 99 qəpik məbləğində maddi ziyan vurmuşdur, yəni binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən 18 avqust 2023-cü il tarixdə saat 22:30 radələrində Saatlı rayonu Qırağlı kəndində Zərərçəkmiş şəxs1 əmlakını tamah niyyəti ilə əvəzsiz götürməkdən ötrü ona məxsus fərdi yaşayış evinin birinci mərtəbəsinin istifadə olunmayan otağının pəncərəsini əli ilə açaraq yaşayış sahəsi hesab edilən evə qanunsuz olaraq daxil olub oradakı yataq otağında olan şkafdan 5700 manat məbləğində pul və 174,25 manat dəyərində 1 cüt qızıl sırğanı oğurlamaqla özgə əmlakını xeyli miqdarda gizli olaraq talayaraq zərər çəkmiş Zərərçəkmiş şəxs1 cəmi 5874,25 manat məbləğdə maddi ziyan vurmuş, yəni yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını xeyli miqdarda gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 450 qram təmiz çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə etmiş və yaşadığı Saatlı rayonu Mustafabəyli kəndində evinin yataq otağındakı çarpayının altında bir ədəd polietilen torbada qanunsuz olaraq saxlamış, 20 avqust 2023-cü il tarixdə saat 18:40 radələrində axtarış aparılarkən həmin 450 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana onun yaşadığı Saatlı rayonu Mustafabəyli kəndindəki evin yataq otağında çarpayının altında bir ədəd polietilen torbada aşkar edilib götürülmüş, yəni satış məqsədi olmadan qanusnuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmiş və saxlamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ittiham üzrə özünü tam şəkildə təqsirli bilir. Dövlət ittihamçısının elan etdiyi bütün əməlləri törətmişdir. Bundan əlavə deyəcək bir sözü yoxdur. Oğurluqları özü tək etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, dövlət ittihamçısının qeyd etdiyi kimi Təqsirləndirilən şəxs onun evindən oğurluq etmişdir. Daha sonradan Təqsirləndirilən şəxs oğurladığı əşyaları qaytarmış və ona dəymiş bütün ziyanı ödəmişdir. Onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsi bağışlayır. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs mağazasına girərək oradan oğurluq etmişdir. Lakin daha sonra təqsirləndirilən şəxs oğurladıqlarını geri qaytarmışdır və ona vurduğu ziyanı tam şəkildə ödəmişdir. Onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsi bağışlayır. Məhkəmə istintaqı zamanı şahid X1 ifadəsində göstərmişdir ki, üzərindən çox vaxt keçdiyi üçün hadisənin tarixi yadında deyildir. Lakin bir gün Asim onun evinə gələrək ona bir ədəd qızıl sırğa göstərmişdir. Sonra ona həmin sırğanın ailəsinə məxsus olduğunu və satmaq istədiyini bildirmişdir. Bir qədər sonra Asim onların evindən çıxıb getmişdir. Ancaq Asim evdən gedərkən gətirdiyi qızıl sırğanı pəncərənin qabağında unutmuşdur. Daha sonra isə polis əməkdaşları evinə gəlmişlər. Onlar Asimin oğurluq etdiyini və ona hər hansı bir əşya verib-verməməsini soruşmuşlar. Həmin zaman o, Asimin evində unutduğu qızıl sırğanı polis əməkdaşlarına təqdim etmişdir və Saatlı Rayon Polis Şöbəsinə gələrək orada da hadisəni olduğu kimi danışmışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, oğurluq epizodları onların kəndində olmadığı üçün məlumatı yoxdur. Lakin narkotik epizodu ilə bağlı bildiklərini danışacaqdır. Hadisənin baş verdiyi tarix üzərindən çox müddət keçdiyi üçün dəqiq yadında deyildir. Lakin bir gün polis əməkdaşları Təqsirləndirilən şəxs evinə baxış keçirəcəklərini ona bildirmişlər və onu da hal şahidi qismində oraya dəvət etmişlər. O da hal şahidi qismində oraya getmişdir. Baxış zamanı Asimin evindən narkotik vasitə çıxmış və Asim həmin narkotik vasitənin özünə məxsus olduğunu etiraf etmişdir. Məhkəmə istintaqı zamanı şahid Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs polis şöbəsinə oğurluq hadisəsi ilə bağlı şübhəli şəxs kimi gətirilmişdir. İfadəsi alınan zaman Təqsirləndirilən şəxs evində narkotik vasitə olmasını etiraf etmişdir. Daha sonra baxış keçirilməsi üçün təqsirləndirilən şəxsin evinə getmişlər. Təqsirləndirilən şəxs evində döşəyin altından narkotik vasitə çıxmışdır. Təqsirləndirilən şəxs həmin zaman narkotik vasitənin özünə məxsus olduğunu etiraf etmişdir. Məhkəmə istintaqı zamanı şahid Saatlı Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri işləyən, polis serjantı Şahid8 ifadəsində göstərmişdir ki, o, hadisə yerinə baxış keçirilən zaman post patrul xidmətinin polis nəfəri kimi ərazinin mühafizə edilməsi məqsədi ilə hadisə yerinə cəlb olunmuşdur. Təqsirləndirilən şəxsin evinə baxış keçirilən zaman evindən çarpayının altından narkotik vasitə aşkar olunmuşdur. Daha sonra təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs həmin narkotik vasitənin özünə məxsus olduğunu etiraf etmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərdi ki, polis əməkdaşları Təqsirləndirilən şəxs evinə baxış keçirəcəklərini ona bildirmişlər və onu da hal şahidi qismində oraya dəvət etmişlər. O da hal şahidi qismində Təqsirləndirilən şəxs evinə getmişdir. Baxış zamanı Asimin evindən bir ədəd polietilen torbada narkotik vasitə aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs polis şöbəsinə oğurluq hadisəsi ilə bağlı şübhəli şəxs kimi gətirilmişdir. İfadəsi alınan zaman Təqsirləndirilən şəxs evində narkotik vasitə olmasını etiraf etmişdir. Daha sonra təqsirləndirilən şəxsin evinə gedərək baxış keçirmişlər. Təqsirləndirilən şəxs evində yataq otağında çarpayının altında polietilen torbada narkotik vasitə aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı şahid Saatlı Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün manqa komandiri işləyən, polis baş serjantı Şahid7 Təvəkkül oğlu ifadəsində göstərdi ki, Saatlı rayonu Qırağlı kəndindən olan vətəndaşlar Saatlı RPŞ-nə məlumat verərək həmin kənddə yerləşən mağazadan oğurluq edən bir nəfər şəxsi tutduqlarını bildirmişlər. Bundan sonra onlar Qırağlı kəndinə gedərək həmin mağazadan oğurluq edən Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmişlər. Narkotik hadisəsi ilə bağlı isə onun məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid Saatlı Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid6 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs Saatlı rayonu Mustafabəyli kənd sakini Təqsirləndirilən şəxs polis şöbəsinə oğurluq hadisəsi ilə bağlı şübhəli şəxs kimi gətirilmişdir. İfadəsi alınan zaman Təqsirləndirilən şəxs evində narkotik vasitə olmasını etiraf etmiş, daha sonra təqsirləndirilən şəxsin evinə gedərək baxış keçirmişlər. Təqsirləndirilən şəxs evində narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 19 avqust 2023-cü il tarixli raportdan görünür ki, 19 avqust 2023-cü il tarixdə saat 16:54-də Zərərçəkmiş şəxs1 oğlu Saatlı rayonu Qırağlı kənd sakini X2 mobil telefonla Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng edərək pəncərədən daxil olma yolu ilə evə daxil olan naməlum şəxs tərəfindən 5700 manat pul və 1 ədəd qızıl zinət əşyası (sırğa) oğurlanması barədə məlumat vermişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 19 avqust 2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 Saatlı RPŞ-nə ərizə ilə müraciət edərək 18 avqust 2023-cü il tarixdə saat 23 radələrində yaşadığı evin yataq otağındakı şkafdan 5700 manat pul və 300 manat dəyərində bir cüt qızıl sırğanın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını bildirmiş və həmin şəxs və ya şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş baxış keçirilməsi haqqında 19 avqust 2023-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Saatlı rayonu Qırağlı kənd sakini Zərərçəkmiş şəxs1 Saatlı RPŞ-nə müraciət edərək yaşadığı evin həyətinə daxil olan şəxs və ya şəxslər tərəfindən pul və qızıl zinət əşyası oğurlandığını bildirmişdir. Zərərçəkmiş şəxs1 evinin 1-ci mərtəbəsini göstərib oradan naməlum şəxsin evə daxil olduğunu, evinin otağını göstərib oradan qızıl zinət əşyası və pul oğurlandığını bildirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş baxış keçirilməsi haqqında 20 avqust 2023-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Saatlı rayonu Mustafabəyli kənd sakini Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 evindən oğurluq etdiyini, oğurladığı qızıl sırğaları Saatlı rayonu Mustafabəyli kənd sakini Müqəddəs İsgəndərova verdiyini bildirmiş, X1 müəyyən edilərək Saatlı RPŞ-nə gətirilmiş, Müqəddəs İsgəndərov qızıl sırğanın onda olduğunu bildirmiş və həmin sırğanı təqdim etmiş, həmin sırğalara baxış keçirilərkən aşağısı yarpaq şəklində, 1 cüt 583 əyarlı təxminən 2 qram qızıl olduğu müəyyən edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş baxış keçirilməsi haqqında 20 avqust 2023-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Saatlı rayonu Mustafabəyli kənd sakini X6 RPŞ-nə gələrək həmkəndlisi Təqsirləndirilən şəxs ona verdiyi bir cüt qızıl sırğanı təqdim etmiş, həmin sırğalar Zərərçəkmiş şəxs1 təqdim edilərkən Zərərçəkmiş şəxs1 onların özünə məxsus olmasını və evindən oğurlanan sırğalar olmasını bildirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 20 avqust 2023-cü il tarixli axtarış və götürmə aparılması barədə protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs evində axtarış aparılmasına etirazı olmadığını, saxladığı narkotik vasitənin yerini göstərə biləcəyini bildirmiş, axtarış zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evinin yataq otağına daxil olub həmin otaqdakı çarpayının altındakı 1 ədəd mavi rəngli polietilen torbanı çıxarıb içərisində narkotik vasitə olduğunu bildirmiş, həmin torba açılarkən içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin qurudulmuş marixuananı özü istifadəsi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin digər otaqları da axtarılsa da, qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş şübhəl işəxsin ifadəsinin yerində yoxlanılması haqqında 21 avqust 2023-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs konvoy xidmətinin müşayiəti ilə Saatlı RPŞ-nin əməkdaşlarının iştirakı ilə Saatlı RPŞ-nin inzibati binasından çıxaraq Saatlı rayonu Qırağlı kəndinə gedərək Zərərçəkmiş şəxs1 məxsus yaşayış evinin qarşısını göstərərək oradan dəmir qapını açaraq həyətə daxil olduğunu bildirmiş, Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətyanı sahəsinin daş hasardan ibarət olduğu və giriş qapısının dəmirdən olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs həyətə daxil olub evin yan tərəfindəki qapını göstərib oradan evin arxa tərəfinə keçdiyini, evin arxa tərəfindəki pəncərəni isə əli ilə açdığını və evə daxil olduğunu bildirmiş, evə daxil olaraq ikinci mərtəbədəki yataq otağını göstərib oradakı şkafdan pul və qızıl sırğanı oğurladığını və yaşadığı evə apardığını bildirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 bölməsinin 21 avqust 2023-cü il tarixli, 18/829 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda “...Təqsirləndirilən şəxs yaşadığı evdən...” sözləri yazılmış və imzalar olan 1 ədəd polietilen torbadakı təmiz çəkisi - 450,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən anrkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). İşdə olan və məhkəmə istintaqında elan edilmiş 22 avqust 2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 istintaq zamanı Saatlı Rayon Polis Şöbəsinə ərizə təqdim edərək yaşadığı evdən Təqsirləndirilən şəxs pul və qızıl oğurladığını, hazırda ona dəymiş maddi zərərin ödənildiyini, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmiş və ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş tələbnamədən, Sabirabad Rayon Məhkəməsinin 02 may 2018-ci il tarixli hökmünün və Şirvan Şəhər Məhkəməsinin 02 avqust 2018-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin 30 iyun 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 05 ay islah işləri cəzasına məhkum edilmiş, Sabirabad Rayon Məhkəməsinin 02 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şirvan Şəhər Məhkəməsinin 02 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli qərarı ilə Şirvan Şəhər Məhkəməsinin 02 avqust 2018-ci il tarixli hökmü ilə təyin olunmuş 02 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 07 ay 06 gün hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 10 oktyabr 2023-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi eyni şəxsin barəsində ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 20 iyul 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs Saatlı RPŞ-də olarkən izahatında həmkəndlisi Zərərçəkmiş şəxs2 məxsus olan “Avto ehtiyyat hissələri” mağazasından oğurluq etməkdən ötrü yaşadığı evdən bir ədəd burğac (atvyorka) və bi cüt əlcək götürüb mağazanın qarşısına getmiş, həmin vaxt mağazanın giriş qapısının dəmir jalüzünün birinci qıfıl qalan hissədən sonrakı hissəsini ayırıb bir qədər yuxarı qaldırdıqdan sonra qapının şüşəsini sındırıb içəri daxil olmuş, mağazanın qapısız olan digər otağına daxil olmuş, qutunun içərisində olan pulları götürüb cibinə qoyub çölə çıxan zaman polis əməkdaşları onu saxlayıb Saatlı RPŞ-nə gətirdiyindən üstündə olan oğurladığı pulları, bir ədəd burğacı və bir cüt əlcəyi təqdim etdiyi üçün həmin əşyalara baxış keçirilmiş və onların 158 ədəd 1 manatlıq pul əskinasları, 5 ədəd 1000 rubl pul əskinası, 1 ədəd 200 rubl pul əskinası, 2 ədəd 100 rubl pul əskinası, 1 ədəd 50 rubl pul əskinası, 1 ədəd 10 avro pul əskinası, dəstəyi sarı və göy rəngli olan 1 ədəd burğac və narıncı rəng olan 1 cüt əlcək olduğu müəyyən edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 20 iyul 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus olan “Avto ehtiyyat hissələri” mağazasının öndən dörd ədəd jalüzlə təchiz olunduğu, jalüzlərdən dördüncüsünün ümumiyyətlə açıq vəziyyətdə olduğu, birinci jalüzün isə qıfıl bağlanan hissəsinin yerində qalmaqla ikinci hissədən çıxarılıb yarımaçıq vəziyyətdə olduğu, həmin hissədən jalüz qaldırıldıqda mağazaya giriş qapısının şüşəsinin sındırıldığı müəyyən olunmuşdur. Mağazanın daxilindəki qapısı olmayan digər otaqda olan qutudan pulların oğurlandığı yerə baxış keçirilmiş, baxış zamanı mağazada olan pullardan başqa hər hansı dəyərli əşya oğurlanması müəyyən edilməmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 20 iyul 2023-cü il tarixli ərizədən görünür ki, Ağayev X5 RPŞ-nə ərizə ilə müraciət edərək 19 iyul 2023-cü il tarixdə saat 23:30 radələrində yaşadığı Saatlı rayonu Qırağlı kəndində yerləşən avtomobil ehtiyyat hissələri satdığı mağazadan qapını sındırma yolu ilə daxil olan şəxsin 158 manat, 10 avro, 5450 rubl pul oğurladığını bildirmiş və oğurluq etmiş şəxsin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 21 iyul 2023-cü il tarixli qəbzdən görünür ki, Ağayev X5 RPŞ-nə qəbz təqdim edərək ona məxsus olan “Avto ehtiyyat hissələri” mağazasından oğurlanmış 158 manat, 5450 rubl və 10 avro məbləğdə pul əskinaslarının maddi sübut kimi tanındıqdan sonra qablaşdırılmış formada saxlanması üçün ona verildiyini və təhvil aldığını bildirmiş, cinayət işi üzrə istintaq yekunlaşanadək həmin pulları xərcləməyəcəyinə dair söz vermişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 21 iyul 2023-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Saatlı RPŞ-nin əməkdaşlarının müşayiəti ilə Saatlı RPŞ-nin inzibati binasından çıxaraq xidməti avtomobillə Saatlı rayonu Qırağlı kəndi istiqmətində hərəkət edib kəndin mərkəzindən keçən asfalt yolun sağ kənarında yerləşən “Avto ehtiyyat hissələri” mağazasının qarşısında avtomobili dayandırıb mağazanın jalüzünü açdığı yeri, daxil olduğu yeri, daxil olduqdan sonra mağazanın daxilindəki qapısı olmayan otağa daxil olduğu yeri və pulları oğurladığı yeri göstərmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 sentyabr 2023-cü il tarixli, 6/4935-9/7094 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd sarı rəngli metaldan sırğa cütü – üzərində “583” əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, 2,05 qramdır. Ekspertiza tədqiqatına təqdim edilmiş sırğa cütünün 2023-cü ilin avqust ayına olan orta bazar qiyməti təxminən 89 manat müəyyən edilir. İş materiallarında olan 22 oktyabr 2023-cü il tarixli şahidin dindirilməsi protokolundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin baş eksperti X12 ibtidai istintaq zamanı verdiyi ifadəsində 6/4935- 9/7094 saylı ekspert rəyinin təsviri və nəticə hissəsində göstərilən sırğa cütünün 2023-cü ilin avqust ayına olan orta bazar qiymətinin təxminən 89 manat müəyyən edilməsinin ekspert rəyinin kompüterdə tərtib olunması zamanı texniki səhv olmasını, əslində 1 qram 583/585 əyarlı qızılın qiymətinin 85 manat olmasını və ekspertizaya əqdim edilən qızıl sırğa cütünün 583 əyarlı və 2,05 qram olduğuna görə həmin sırğa cütünün 2023-cü ilin avqust ayına olan orta bazar qiymətinin 174,25 manat olmasını bildirmiş və həmin sırğa cütünün 2023-cü ilin avqust ayına olan orta bazar qiymətinin 174,25 manat olduğunun nəzərə alınmasını xahiş etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 maddi sübut kimi tanınaraq ona qaytarılmış 1 cüt qızıl sırğanı özündə saxlayacağına və məhkəmə prosesindəki heç kimə satmayacağına, verməyəcəyinə və bağışlamayacağına söz vermişdir. Beləliklə, Təqsirləndirilən şəxs 26 iyun 2023-cü il tarixdə saat 23:30 radələrində Saatlı rayonu Qırağlı kəndində Zərərçəkmiş şəxs1 əmlakını tamah niyyəti ilə əvəzsiz götürməkdən ötrü Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin birinci mərtəbəsinin istifadə olunmayan otağının pəncərəsini əli ilə açaraq yaşayış sahəsi hesab edilən evə qanunsuz olaraq daxil olub oradakı yataq otağında olan şkafdan 355 manat məbləğində pulu oğurlamaqla özgə əmlakını gizli olaraq talayaraq zərər çəkmiş Zərərçəkmiş şəxs1 355 manat məbləğdə maddi ziyan vurması, yəni yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməsi, bundan başqa, onun təkrarən 19 iyul 2023-cü il tarixdə saat 23:30 radələrində Saatlı rayonu Qırağlı kəndində yaşayan Zərərçəkmiş şəxs2 əmlakını tamah niyyəti ilə götürməkdən ötrü Zərərçəkmiş şəxs2 yaşadığı kənddə yerləşən və ona məxsus olan “Avto ehtiyyat hissələri” mağazasının giriş qapısının dəmir jalüzünü qıfıl bağlanan hissədən ayırıb bir qədər yuxarı qaldırdıqdan sonra giriş qapısının şüşəsini sındırıb qanunsuz olaraq mağaza binasına daxil olaraq oradan 158 Azərbaycan manatı, 10 avro (Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2023-cü il tarixə olan məzənnəsi ilə 19,08 manat), 5450 Rus rublu (Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2023-cü il tarixə olan məzənnəsi ilə 101,91 manat) pulu oğurlamaqla özgə əmlakını gizli olaraq talayaraq zərər çəkmiş Zərərçəkmiş şəxs2 cəmi 278 manat 99 qəpik məbləğində maddi ziyan vurması, yəni binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etməsi, bundan başqa, onun təkrarən 18 avqust 2023-cü il tarixdə saat 22:30 radələrində Saatlı rayonu Qırağlı kəndində Zərərçəkmiş şəxs1 əmlakını tamah niyyəti ilə əvəzsiz götürməkdən ötrü ona məxsus fərdi yaşayış evinin birinci mərtəbəsinin istifadə olunmayan otağının pəncərəsini əli ilə açaraq yaşayış sahəsi hesab edilən evə qanunsuz olaraq daxil olub oradakı yataq otağında olan şkafdan 5700 manat məbləğində pul və 174,25 manat dəyərində 1 cüt qızıl sırğanı oğurlamaqla özgə əmlakını xeyli miqdarda gizli olaraq talayaraq zərər çəkmiş Zərərçəkmiş şəxs1 cəmi 5874,25 manat məbləğdə maddi ziyan vurması, yəni yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını xeyli miqdarda gizli olaraq talamaqla təkrarən oğurluq etməsi, bundan başqa, onun istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 450 qram təmiz çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə etməsi və yaşadığı Saatlı rayonu Mustafabəyli kəndində evinin yataq otağındakı çarpayının altında bir ədəd polietilen torbada qanunsuz olaraq saxlaması, 20 avqust 2023-cü il tarixdə saat 18:40 radələrində axtarış aparılarkən həmin 450 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananın onun yaşadığı Saatlı rayonu Mustafabəyli kəndindəki evin yataq otağında çarpayının altında bir ədəd polietilen torbada aşkar edilib götürülməsi, yəni satış məqsədi olmadan qanusnuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etməsi və saxlaması məhkəmə istintaqında tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin dispozisiyasında oğurluğa görə məsuliyyət özgənin əmlakını gizli olaraq talandığı hallarda yaranır. Həmin Məcəllənin 177.2.2, 177.2.3, 177.2.4-ci maddələrinin dispozisiyasına görə məsuliyyət oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla törədildikdə yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasına görə məsuliyyət satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma hallarda yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ nömrəli Qanununa, həmin qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli, 961-İİQ nömrəli Qanununa və həmin qanunlarla təsdiq edilmiş 1ci siyahıya əsasən qurudulmuş marixuananın xeyli miqdarının aşağı həddi 5 qram, külli miqdarının aşağı həddi 500 qramdır. Təqsirləndirilən şəxs evindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın təmiz çəkisi 450 qram, yəni xeyli miqdarda olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci madələri ilə düzgün tövsif olunmuşdur və o, həmin maddələrlə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində zərər çəkmiş şəxslərə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə və hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.2-ci maddələrinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını aşağı həddə təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Göstərilən maddənin tələbinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş cinayət törətməkdə şübhə yarandıqda şəxsin tutulması haqqında 20 avqust 2023-cü il tarixli və 20 iyul 2023-cü il tarixli protokoldan və iş materiallarında olan polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında 21 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 iyul 2023-cü il tarixdən 21 iyul 2023-cü il tarixədək və 20 avqust 2023-cü il tarixdən 22 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq dörd gün saxlanılmış, 21 iyul 2023-cü il tarixdə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 20 iyul 2023-cü il tarixdən 21 iyul 2023-cü il tarixədək və 20 avqust 2023-cü il tarixdən 22 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq dörd gün saxlanılması ona təyin olunacaq cəzadan çıxılmalıdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsin 12 sentyabr 2023-ci il tarixli 5835 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə də Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan 158 ədəd 1 manatlıq, 5 ədəd 1000 Rus rublu, 1 ədəd 200 Rus rublu, 2 ədəd 100 Rus rublu, 1 ədəd 50 Rus rublu, 1 ədəd 10 avro pul əskinaslarının sahibi Zərərçəkmiş şəxs2, 1 cüt qızıl sırğanın sahibi Zərərçəkmiş şəxs1 saxlanılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 449,90 qram narkotik vasitə olan qurudulmuş marixuana, 1 ədəd burğac və 1 cüt əlcək məhv edilməlidir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 21 avqust 2023-cü il tarixli, 18/829 saylı və 22 sentyabr 2023-cü il tarixli, 6/4935-9/7094 saylı ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, aparılmış tədqiqatın ümumi dəyəri 149 manat 74 qəpik təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4cü maddələri ilə iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bir il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təyin olunmuş iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona təyin olunmuş bir il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə üzərində qəti olaraq bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 iyul 2023-cü il tarixdən 21 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün saxlanılması və 20 avqust 2023-cü il tarixdən 22 avqust 2023cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün saxlanılması ona təyin olunmuş bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq bir il beş ay iyirmi altı gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli bu gündən, yəni 20 fevral 2024-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 449,90 qram narkotik vasitə olan qurudulmuş marixuana, 1 cüt əlcək və 1 ədəd burğac məhv edilsin. İş üzrə 149 (bir yüz qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar