Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-13/2023 28.03.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə saat 12:00-da xx xxx 1984-cü il tarixdə Saatlı rayonu Xanlarkənd (indiki Nabatkənd) kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkum olunmamış, Saatlı rayonu Çolpı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 29 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində Saatlı rayonu Çolpı kəndində yaşayan Zərərçəkmiş şəxs əmlakını tamah niyyəti ilə və əvəzsiz götürməkdən ötrü sonuncuya məxsus fərdi yaşayış evinin qonaq otağının pəncərəsini açıb oradan yaşayış sahəsi hesab edilən evə qanunsuz olaraq daxil olub, yataq otağındakı çarpayıların arasında olan dolabın üstündəki əl çantasının içərisindən 270 manat məbləğində pulu götürüb oğurlamaqla, özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmuş, yəni yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, 29 sentyabr 2022-ci il tarixdə içkili vəziyyətdə Zərərçəkmiş şəxs evinə girərək orada olan çantanın içindən 270 manat pul oğurlamışdır. Zərərçəkmiş şəxsə dəymiş 270 manat məbləğində maddi ziyanın 100 manatını ödəmişdir. Əməlindən peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Məhkəmə istintaqında iştirak etməyən iş üzrə Zərərçəkmiş şəxs cinayət işinin 28 fevral 2023-cü il tarixdə keçirilən məhkəmə iclası zamanı məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs onun evindən oğurladığı 270 manatdan 100 manatını ödədiyini, lakin qalan 170 manat maddi ziyanın ödənilmədiyini və həmin ziyanın ödənilməsini təqsirləndirilən şəxsdən tələb etdiyini bildirmişdir, xəstə olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları Zərərçəkmiş şəxs evinə baxış keçirilməsi zamanı hal şahidi qismində iştirak etmək üçün ona müraciət etmişlər. O, polis əməkdaşları ilə birlikdə baxış keçirilməsində iştirak etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evindən oğurluq etdiyini etiraf etmişdir. Oğurlanan pulun məbləği onun yadında 250 manat kimi qalmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Saatlı RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərdi ki, 02 oktyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs evindən 270 manat pulun oğurlanması və həmin pulun oğurlanmasında Təqsirləndirilən şəxs şübhələndiyi barədə 102 xidmətinə məlumat vermişdir. Daha sonra Zərərçəkmiş şəxs evinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evindən 270 manat pulu oğurladığını etiraf etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş edilmiş 02 oktyabr 2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Saatlı Rayon Polis Şöbəsinə ərizə ilə müracət edərək evindən 270 manat pulun oğurlandığını aşkar etdiyini, həmin pulu qonşusu Təqsirləndirilən şəxs oğurlamasından şübhələndiyini bildirmiş, ona dəymiş ziyanın ödənilməsini və Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş baxış keçirilməsi haqqında 02 oktyabr 2022-ci il tarixli və 03 oktyabr 2022-ci il tarixli protokollardan və həmin protokollara əlavə edilmiş fotocədvəllərdən görünür ki, Zərərçəkmiş şəxs Saatlı rayonu Çolpı kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman o, 270 manat pulun oğurlandığı yeri polis əməkdaşlarına göstərmiş, daha sonra təqsirləndirilən şəxsin iştirakı ilə həmin evə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Saatlı rayonu Çolpı kəndində yerləşən fərdi yaşayış evinə pəncərədən keçib, ağ rəngli pərdəni çəkib daxil olduğunu, evdə sol tərəfdə olan ikinci yataq otağına daxil olduğunu, sağ tərəfdə yerləşən iki çarpayının arasında olan dörd siyirməli dolabın üstündəki əl çantasının içərisindən Zərərçəkmiş şəxs məxsus 270 manat pulu oğurladığını, həmin pulları cibinə qoyub daxil olduğu pəncərədən çıxıb getdiyini bildirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 13 oktyabr 2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Saatlı Rayon Polis Şöbəsinə ünvanlanmış ərizəsində ona dəymiş 270 manat ziyanın 100 manatının qaytarıldığını, lakin 170 manat pulun qaytarılmadığını, buna görə də Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 13 oktyabr 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs 29 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində Saatlı rayonu Çolpı kəndində yaşayan Zərərçəkmiş şəxs əmlakını tamah niyyəti ilə və əvəzsiz götürməkdən ötrü sonuncuya məxsus fərdi yaşayış evinin qonaq otağının pəncərəsini açıb oradan yaşayış sahəsi hesab edilən evə qanunsuz olaraq daxil olub, yataq otağındakı çarpayıların arasında olan dolabın üstündəki əl çantasının içərisindən 270 manat məbləğində pulu götürüb oğurlamaqla, özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurması, yəni yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etməsi məhkəmə istintaqında tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin dispozisiyasında oğurluğa görə məsuliyyət özgənin əmlakını gizli olaraq talandığı hallarda yaranır. Həmin Məcəllənin 177.2.3-cü maddəsinin dispozisiyasına görə məsuliyyət yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə yaranır. Həmin Məcəllənin 177-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Belə olan halda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.3-cü maddəsinə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il tarixli 4 nömrəli qərarına və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən, məhkəmə təqsirləndirilən şəxsin üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulmasını məqsədəmüvafiq hesab edir. İşdə olan Saatlı Rayon Polis Şöbəsinin 13 mart 2023-cü il tarixli 102/2-4878 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 11 mart 2023-cü il tarixdən bu günədək həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 11 mart 2023-cü il tarixdən 28 mart 2023-cü il tarixədək on səkkiz gün həbsdə saxlanılması ona təyin olunacaq cəzadan çıxılmalıdır. İşdə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 mart 2023-cü il tarixdən 28 mart 2023-cü il tarixədək tutularaq on səkkiz gün saxlanılmasının bir günü iki gün azadlığın məhdudlaşdırılması hesabı ilə hesablanmaqla ona təyin olunmuş iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasından otuz altı gün çıxılaraq üzərində qəti olaraq bir il on ay iyirmi dörd gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Saatlı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-13/2023
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-13/2023
28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver