Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-14/2023 27.03.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx.xx.1982-ci ildə Saatlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkum olunmuş və məhkumluğu götürülmüş, işləməyən, Saatlı şəhəri, Nizami D-1 küçəsi ev 3-də qeydiyyada olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 18 noyabr 2022-ci il tarixdə saat 14 radələrində Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən “Kübra-Aysun” mağazasına daxil olub, orada satıcı işləyən Zərərçəkmiş şəxs özünü müştəri qismində göstərmək üçün uşaq paltarlarını qiymətini soruşub, sonuncu mağazanın digər tərəfindəki müştəriyə tərəf gedərkən tamah niyyəti ilə əvəzsiz götürməkdən ötrü saxlanc yeri hesab edilən mağazadakı stolun siyirməsinə qanunsuz olaraq girməklə 150 manat məbləğində pulu mağazada olan müştəri və satıcının gözü qarşısında götürüb, oradan qaçaraq açıq şəkildə talayıb soyğunçuluq etməklə zərərçəkmiş Zərərçəkmiş şəxs 150 manat məbləğdə maddi ziyan vurmuş, yəni saxlanc yerinə qanunsuz olaraq girməklə özgənin əmlakını açıq talayıb soyğunçuluq etmişdir. Bundan başqa, o istintaqa məlum olmayan vaxtda və mənbədən ümumi təmiz çəkisi 1,027 qram psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək üstündə saxlamış və 18 noyabr 2022-ci il tarixdə saat 22:50 radələrində Saatlı şəhəri, Nizami küçəsində yerləşən yaşadığı 26 nömrəli evin yaxınlığında qanunsuz olaraq üstündə daşıyarkən Saatlı RPŞ-nin əməkdaşları tərəfindən müəyyən edilib Saatlı RPŞ-yə gətirilib, 19 noyabr 2022-ci il tarixdə saat 00:00 radələrində üstünə şəxsi axtarış aparılarkən həmin psixotrop maddə əynindəki şalvarın cibindən aşkar edilərək götürülmüş, yəni satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.3 və 234.1-ci maddələri ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, azadlığa çıxdıqdan sonra iş tapa bilməmiş və maddi cəhətdən çox çətinlik çəkmişdir. Buna görə də 18 noyabr 2022-ci il tarixdə saat 14 radələrində Saatlı şəhəri H.Əliyev prospektində yerləşən müxtəlif paltarlar satılan “Kubra Aysun” mağazasına daxil olmuş, mağazaya daxil olduqdan sonra əvvəlcə fikri yayındrırmaq üçün orada uşaq paltarlarına baxıb və tanımadığı satıcı işləyən qadından həmin paltarların qiymətini soruşmuş, sonra həmin satıcı işləyən qadın mağazanın digər tərəfində olan müştəri bir qadın çağırdığı üçün həmin tərəfə getdiyi anda o, tez mağazanın girişində satıcının dayandığı stolun siyirməsində pul olduğunu gördüyü üçün siyirməni açıb pulu götürərkən mağazada olan müştəri və satıcı qadın bunu görüb qışqırsa da o, pulu götürüb mağazadan qaçmış, satıcı qadın arxası ilə qaçsa da, o, rayon bazarı istiqamətində qaçıb sonra oradan dalan yola daxil olmuşdur. Polisin onu axtardığını bildiyi üçün evə getməyib orada Muğan parkında gizlənmiş, sonra isə yaşadığı evə getmək istəyərkən yaşadığı küçədə polis əməkdaşları onu tutub Saatlı RPŞ-yə aparmışlar, onun üstündə şəxsi axtarış apararkən əynindəki şalvarının cibində saxladığı 1 ədəd bükümü aşkar etmişlər, həmin bükümü içərisində “şüşə” adlanan narkotik olduğunu müəyyən etmişlər. Bundan əlavə onun cibindən mağazadan götürüb qaçdığı puldan qalan 1 ədəd 20 manatlıq və 1 ədəd 5 manatlıq pul əskinası aşkar edilmiş, həmin pullar da polis əməkdaşları tərəfindən götürülmüşdür. O, şəxsi axtarış zamanı polis əməkdaşlarına üstündən aşkar edilmiş 1 ədəd bükümdəki narkotikin özünə məxsus olduğunu və öz istifadəsi üçün saxladığını, pulun isə həmin mağazadan götürüb qaçdığı puldan qalan olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı foto və video çəkiliş aparılmışdır. Sonda məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, hazırki məhkəmə iclasında iştirak etməsə də, əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Saatlı şəhəri, M.Ağayev küçəsi, ev 40-da ailə üzvləri ilə birlikdə yaşayır. Təxminən 2022-ci ilin oktyabr ayının əvvəlində Saatlı şəhəri, H.Əliyev prospektində dəqiq ünvanı bilmədiyi X3 məxsus “Kübra-Aysun” paltar satışı mağazasında satıcı işləyir. Mahiyyəti üzrə bildirir ki, həminşə olduğu kimi 18 noyabr 2022-ci il tarixdə mağazada işləmiş və ora gəlib-gedən müştəriləri yola salmışdır. Təxminən saat 14 radələrində tanımadığı bir nəfər kişi mağazaya daxil olub uşaq paltarlarına baxmışdır. Həmin tanımadığı şəxs ondan uşaq paltarlarının qiymətlərini soruşaraq paltarlara yenidən baxmağa davam etmişdir. Bu zaman o, mağazanın giriş hissəsində və digər hissəsində olan qadın müştərilər çağırdığı üçün onların yanına tərəf getmişdir. Mağazanın digər tərəfindəki qadınla birlikdə əşyalara baxarkən mağazada giriş qapısının qarşısında olan qadın müştəri qışqıraraq həmin şəxsin pulu apardığını demişdir. O, arxaya çevrilərkən həmin şəxsin əlində onun pulu yığdığı siyirməli stoldan pulu götürərək mağazadan çölə tərəf qaçdığını görmüşdür. O, həmin şəxsin ardınca Saatlı rayon mərkəzi bazarı istiqamətində qaçsa da, ona çata bilməmişdir. Həmin şəxs orada dalan yola daxil olub gözdən itmişdir. Bundan sonra o, 102 xidmətinə zəng edərək məlumat vermiş və sonra gələn polis işçilərinə ərizə yazmışdır. Polislər həmin yerə baxış keçirib protokol tərtib etmişdir. Təqsirləndirilən şəxs apardığı pulların çox hissəsi 1 manatlıq, qalanları isə 5, 10, 20 manatlıq əskinaslar olmuşdur. Ona dəymiş ziyan ödənilmiş və Təqsirləndirilən şəxs şikayətçi deyildir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, 18 noyabr 2022-ci il tarixdə vətəndaş Zərərçəkmiş şəxs satıcı işlədiyi Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən mağazadakı stolun siyirməsindən ona məxsus 150 manat pulun götürülüb aparılması barədə raporta əsasən tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən soyğunçuluq hadisəsini törətməsi ehtimal olunan Saatlı şəhər sakini Təqsirləndirilən şəxs müəyyən edilib Saatlı RPŞ-yə gətirilmiş, şəxsi axtarış və götürmə zamanı sonuncu Zərərçəkmiş şəxs satıcı kimi işlədiyi mağazadakı stolun siyirməsindən pul götürdüyünü etiraf etmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sol cibindən 1 ədəd 20 manatlıq və 1 ədəd 5 manatlıq pul əskinasları, ümumilikdə 25 manat məbləğində pulu təqdim edərək Zərərçəkmiş şəxs satıcı kimi işlədiyi mağazadakı stolun siyirməsindən götürüb qaçdığını, həmin puldan qalan pul əskinaslarının olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi pul əskinaslarından başqa üstündə hər hansı qanunla qadağan edilmiş əşya yə ya vasitənin olub-olmaması, əgər varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibində saxladığı 01 ədəd “gümüşü” rəngli kağız bükümü könüllü olaraq təqdim etmişdir. Həmin 01 ədəd kağız büküm açılarkən içərisində psixotrop maddə olan metamfetaminə oxşar kütlə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş həmin kağız bükümdəki psixotrop maddə olan metamfetaminə oxşar kütlə çəkilərək qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd kağız bükümdəki kütlənin metamfetamin olduğunu, həmin psixotrop maddənin özünə məxsus olduğunu, öz istifadəsi üçün saxladığını bildirmişdir. Sonda axtarış aparılması barədə protokol tərtib edilərək imza edilmiş, foto və videoçəkiliş aparılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 və Şahid5 Firudun oğlu şahid X2 ifadəsi ilə eyni məzmunda ifadələr verdilər. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də, şahidlər Şahid2 və Şahid3 ibtidai istintaq zamanı vermiş olduqları və məhkəmə iclasında elan edilmiş ifadələri ilə də təsdiq olunduğundan məhkəmə onların ifadələrini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan 18 noyabr 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 150 manat məbləğində pul onun satıcı işlədiyi Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən “Kübra-Aysun” mağazasındakı stolun siyirməsindən açıq talanmışdır. İşdə olan 19 noyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol, ona əlavə edilən fotoşəkillər və videoçəkilişlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üstündən Zərərçəkmiş şəxs məxsus mağazadan taladığı puldan qalmış 1 ədəd 20 manatlıq və 1 ədəd 5 manatlıq əskinazlar, ümumilikdə 25 manat məbləğində pul ilə yanaşı əynindəki qara rəngli şalvarın sağ cibindən 1 ədəd kağız bükümdə 1,31 qram çəkidə psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilib götürülmüşdür. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 19 noyabr 2022-ci il tarixli 18/1235 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-1,027 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısı”na daxildir. Metamfetaminin təmiz çəkisi 1,027 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq-0,977 qram. İşdə olan məhkəmə-narkoloji ekspertizanın 21 yanvar 2023-cü il tarixli 290 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda X1 İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 01 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 26 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “Amnistiya” qərarına əsasən cəzadan azad edilmiş, məhkumluğu götürülmüşdür. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Belə olan halda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o, həmin maddərlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə qeyd edir ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması cəzasını ağırlaşdıran hal kimi qeyd olunsa da, nəzərə almaq lazımdır ki, Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona təyin edilmiş 01 il 01 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən 8 noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli 395-VİQR saylı qərarının 2.4-cü bəndinə əsasən azad edilmiş, “Amnistiya aktının 7-ci bəndinə əsasən isə bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürüldüyündən təqsirləndirilən şəxs məhkumluğu olmayan hesab olunur və onun əməlində cinayətlərin residivi müəyyən edilmir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, ikinci dərəcə əlil olmaqla vərəm və hepatit xəstəliyindən əziyyət çəkməsini məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun əvvəllər də eyni xarakterli cinayət əməlləri törətməsini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi hər bir maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarını təyin etməyi məhkəmə qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 66.1-66.2-ci maddələrinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Saatlı Rayon Məhkəməsinin 20 noyabr 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 18 noyabr 2022-ci il tarixdən hesab edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 0.977 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, maddi sübut olan 1 ədəd 20 manatlıq və 1 ədəd 5 manatlıq pul əskinaslarının cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 31 manat 95 qəpik təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə üç il altı ay müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq dörd il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azadlıqdan məhrumetmə cəzasının çəkilməsinin əvvəli 18 noyabr 2022-ci il tarixdən hesab edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 0.977 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №1(055)-14/2023
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-14/2023
27.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver