Məhkəmə qərarları › İş №1(055)-14/2024

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-14/2024

28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-14/2024 28.02.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə saat: 14:30 xx xxxxxx 1987-ci ildə Saatlı rayonunun Əliabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, Saatlı rayonunun Əliabad kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 11,57 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmiş və saxlamış, 20 oktyabr 2023-cü il tarixdə həmin narkotik vasitəni Saatlı rayon Əliabad kənd İƏD-si üzrə nümayəndəliyinin inzibati binasının yaxınlığına satış məqsədilə qanunsuz olaraq daşıyıb, orada saat 21:15 radələrində qazanc əldə etmək məqsədilə narkotik vasitənin yayılmasına yönəlmiş hərəkət edərək həmin narkotik vasitə olan qurudulmuş marixuanadan 5,99 qram çəkidə bir ədəd kibrit qutusunda əməliyyat tədbirinin iştirakçısı Şahid1 40 manata qanunsuz olaraq satmış, qalan 1 ədəd kibrit qutusunda təmiz çəkisi 2,54 qram və 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 3,04 qram, ümumilikdə 5,58 qram narkotik vasitə olan qurudulmuş marixuana isə 20 oktyabr 2023-cü il tarixdə saat 22:50 radələrində Saatlı RPŞ-də onun üstünə şəxsi axtarış aparılarkən aşkar edilərək götürülmüş, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmiş, saxlamış, daşımış və qanunsuz olaraq narkotik vasitəni satmışdır. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 5 il müddətdir ki, narkotik vasitə olan “nəşə”dən istifadə edir. İlk dəfə 5 il əvvəl yaşadığı kəndin ərazisində polis əməkdaşları çöl sahədə narkotik vasitə aşkar edib həmin narkotiki torpaqdan çıxarıb apardıqdan sonra həmin əraziyə baxan zaman yerdə toxum olduğunu görüb həmin toxumlardan toplamış və özündə saxlayıb gələcəkdə əkmək məqsədilə yaşadığı evə gətirmişdir. 2023-cü ilin avqust ayının əvvəllərində “nəşə” bitkisinin toxumlarından qalan 2 ədədini əkmiş və daimi olaraq suvarıb, qulluq etməyə başlamış, qurutduqdan sonra gündəlik istifadə etmişdir. Şahid1 təxminən 1 il müddətdir ki, tanıyır. Onunla nar bağında işləyən zaman tanış olmuş, Əliheydarın narkotikdən istifadə etdiyini bilmiş, o, özü də “nəşə”dən istifadə etdiyi üçün münasibətləri yaxşı olmuşdur. 20 oktyabr 2023-cü il tarixdə səhər radələrində Şahid1 ona zəng edərək ondan “nəşə” istəmiş, o, əvvəlcə vermək istəməsə də Əliheydar sonradan ağrıları olduğunu və bir kibrit qutusu “nəşə” üçün 40 manat pul verəcəyini demiş, o da razılaşmış və axşam radələrində yaşadığı Əliabad kəndinə gəlməsini demişdir. Təxminən saat 20 radələrində Şahid1 yenidən zəng edib “nəşə”ni götürmək üçün gəlmək istədiyini demiş, o da Əliheydara kənd icra nümayəndəliyinin binasının qarşısına gəlib ona zəng etməsini tapşırmışdır. Əliheydarın zəngindən sonra iki ədəd kibrit qutusu nəşə və bir ədəd sellofanda olan “nəşə”ni cibinə qoyub Əliheydar ilə görüşməyə getmiş, saat təxminən 21 radələrində Əliabad kənd İƏD-si üzrə nümayəndəliyin qarşısında Əliheydarla görüşüb ondan 40 manat olmaqla bir ədəd 20 manatlıq və 4 ədəd 5 manatlıq pul alıb əvəzində bir kibrit qutusu “nəşə”ni Əliheydara vermiş və həmin yerdən aralaşan zaman mülki geyimli şəxslər onlara yaxınlaşıb özlərini təqdim edib Saatlı RPŞ-yə aparmışlar. Orada otaqların birində onun və Əliheydarın üstünə şəxsi axtarış aparılacağı bildirilmişdir. Şəxsi axtarış zamanı ilk öncə Əliheydar kibrit qutusundakı “nəşə”ni polis əməkdaşlarına təqdim edib həmin narkotiki ondan polis tərəfindən əvvəlcədən ona verilmiş 40 manat pulun müqabilində aldığını demiş, daha sonra onun üstünə axtarış aparmağa başlanılmışdır. O da əynindəki pencəyin sol iç cibində saxladığı bir ədəd kibrit qutusunda və bir ədəd siqaretin şəffaf sellofanına bükülü halda narkotik vasitə olan “nəşə”ni, həmçinin Əliheydardan aldığı 40 manat pulu könüllü olaraq təqdim etmişdir. Daha sonra polis əməkdaşları özlərində olan kserosurətlər ilə onun təqdim etdiyi pul əskinaslarını eyniləşdirərkən onların eyni nömrəli olduğu bilinmişdir. Həm aşkar olunmuş narkotik vasitələr, həm də ondan aşkar olunmuş pul əskinasları qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı foto və video çəkiliş aparılmış, protokol tərtib edilərək imza edilmişdir. Sonda məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs nar bağında birlikdə işləyərkən tanımış, münasibətləri yaranmışdır. O, əvvəllər narkotik vasitə olan “nəşə”-dən istifadə etmiş, narkotik onda alüdəçiliyə çevrildiyindən narkomaniya xəstəliyindən əziyyət çəkmişdir. Hazırda narkotikdən istifadə etmədiyindən Rüstəmin narkotik satdığını bildiyi üçün onun ifşa olunmasında polis əməkdaşlarına könüllü kömək qərarına gəlmiş və 20 oktyabr 2023-cü il tarixdə səhər radələrində Rüstəmin istifadəsində olan mobil telefonuna zəng edib ona “nəşə” lazım olduğunu demiş, əvvəlcə Rüstəm narkotik olmadığını ona bildirmiş, daha sonra ona 40 manat pul verəcəyini dediyi üçün Rüstəm razılaşmış, ona bir kibrit qutusu “nəşə” verəcəyini bildirmiş və axşam radələrində gəlib aparmağını demişdir. Bundan sonra Saatlı RPŞ-yə gedib Rüstəmin Saatlı rayonu ərazisində narkotik vasitələrin satışı ilə məşğul olduğunu, onun ifşa olunmasında könüllü olaraq köməklik etmək istədiyini bildirərək bu barədə Saatlı RPŞ-yə ərizə ilə müraciət etmişdir. Daha sonra keçirilən tədbirlə bağlı Rüstəmdən narkotik vasitə almaq üçün ona 40 manat pul verilməsini istəmiş, polis əməkdaşları tərəfindən ona 1 ədəd 20 manatlıq və 4 ədəd 5 manatlıq pul əskinasları ümumilikdə 40 manat pul verilmiş, bununla bağlı protokol tərtib edilmiş, foto və videoçəkiliş aparılmışdır. Daha sonra Rüstəmlə danışıb “nəşə”-ni götürmək istədiyini ona bildirmiş, həmin vaxt Rüstəm Saatlı rayonu, Əliabad kənd icra nümayəndəliyinin binasının qarşına gəlib ona zəng etməyini istəmişdir. Polis əməkdaşları ilə birlikdə Əliabad kənd icra nümayəndəliyinin binasının yaxınlığına getmiş, polis əməkdaşları kənara çəkilib onu gözləməyə başlamış, həmin yerdə Rüstəmlə danışıb ona dediyi yerdə olduğunu bildirmişdir. Təxminən 20 dəqiqə sonra Rüstəm kənd icra nümayəndəliyinin binasının yaxınlığına gəlmiş, onunla görüşüb tədbirin keçirilməsi üçün ona verilmiş ümumilikdə 40 manat pulu Təqsirləndirilən şəxs vermiş, Rüstəm ondan pulu alıb bir ədəd kibrit qutusundakı nəşəni ona vermişdir. Bu zaman polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra hər ikisini Saatlı RPŞ-yə gətirmişlər. Saatlı RPŞ-də olan zaman onun və Rüstəmin üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı ilk öncə o, bir kibrit qutusundakı “nəşə”-ni əynindəki gödəkçənin cibindən çıxararaq polis əməkdaşlarına təqdim edib həmin narkotiki Rüstəmdən polis tərəfindən əvvəlcədən kserosurətləri çıxarılaraq ona verilmiş ümumilikdə 40 manat pulun müqabilində aldığını demişdir. Həmin qutu şəxsi axtarış zamanı açılarkən içərisində narkotik vasitə olan “nəşə” olduğu aşkar edilmiş, Rüstəm də onun dediklərini təsdiq etmişdir. Təqsirləndirilən şəxs üstünə axtarış aparılarkən sonuncu üzərində saxladığı bir ədəd kibrit qutusunda və bir ədəd sellofana bükülü halda narkotik vasitə olan “nəşə”, həmçinin ona satdığı “nəşə”yə görə aldığı 40 manat pulu təqdim etmiş, həmin pul əskinasları kserosurətləri çıxarılaraq Rüstəmdən narkotik vasitə almaq üçün ona əvvəlcədən verilmiş kserosurətlər ilə eyniləşdirilərkən eyni olduğu müəyyən edilmiş, həm narkotik vasitələr, həm də pul əskinasları qablaşdırılıb götürülmüşdür.Şəxsi axtarış aparılması ilə protokol tərtib edilərək imza edilmiş, foto və video çəkiliş aparılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 11 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, üzərində saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmçinin Şahid1 ərizə ilə Saatlı RPŞ-yə müraciət edərək Saatlı rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxladığını, satışı ilə məşğul olduğunu və onun ifşa olunmasında könüllü olaraq polis əməkdaşlarına köməklik etmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və 1 ədəd 20 manatlıq, 4 ədəd 5 manatlıq pul əskinasları, ümumilikdə 40 manat məbləğində pul Şahid1 verilmiş, bununla bağlı protokol tərtib edilmiş, foto və videoçəkiliş aparılmışdır. Tədbirin davamı olaraq havanın qaralmağını gözləmişlər. Daha sonra saat 20 radələrində Əliheydar Rüstəmin mobil telefonu ilə danışıb narkotik vasitə olan “nəşə”ni götürmək istədiyini ona bildirdiyi zaman X2 rayonu, Əliabad kənd icra nümayəndəliyinin binasının qarşısına gəlib ona zəng etməyini istəmiş, onlar Rüstəmin dediyi kimi birlikdə Əliabad kənd icra nümayəndəliyinin binasının yaxınlığına getmişlər, o və digər polis əməkdaşları kənara çəkilib gizlənmişlər. Həmin yerdə Əliheydar Rüstəmlə danışmış və təxminən 20 dəqiqə sonra Rüstəm kənd icra nümayəndəliyinin binasının yaxınlığına gəlmiş, Əliheydarla görüşüb ümumilikdə 40 manat pulu aldıqdan sonra sonuncuya narkotik vasitə vermiş və Əliheydar narkotik vasitəni cibinə qoyan zaman dərhal tədbirdə iştirak edən polis əməkdaşları ilə birlikdə onlara yaxınlaşıb özlərini təqdim edərək hər ikisini avtomobilə əyləşdirib Saatlı RPŞ-yə gətirmişlər. Bundan sonra Saatlı RPŞ-də şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ilk öncə Əliheydar kibrit qutusundakı “nəşə”ni təqdim edib həmin narkotiki Rüstəmdən əvvəlcədən ona verilmiş 40 manat pulun müqabilində aldığını demiş, daha sonra Rüstəmin üstünə axtarış aparmağa başlanılmışdır. Həmin vaxt Rüstəm bir ədəd kibrit qutusunda və bir ədəd siqaretin şəffaf sellofanına bükülü halda narkotik vasitə olan “nəşə”ni, həmçinin Əliheydardan alınmış 40 manat pulu təqdim etmişdir. Həmin pul əskinasları kserosurətləri çıxarılaraq Rüstəmdən narkotik vasitə almaq üçün Əliheydara əvvəlcədən verilmiş kserosurətlər ilə eyniləşdirilərkən eyni olduğu müəyyən edilmişdir. Həm aşkar olunmuş narkotik vasitələr, həm də pul əskinasları qablaşdırılaraq götürülmüşdür.Şəxsi axtarış zamanı foto və video çəkiliş aparılmış, protokol tərtib edilərək imza edilmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də, şahidlər X4 və Şahid4 ibtidai istintaq zamanı vermiş olduqları və məhkəmə iclasında elan edilmiş ifadələri ilə də təsdiq olunduğundan məhkəmə onların ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan 20 oktyabr 2023-cü il tarixli “Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə şərti alıcı qismində iştirak etmək üçün müraciət etmiş Şahid1 üstünə baxış keçirilməsi və əməliyyat tədbirində istifadə ediləcək pul əskinaslarının ona verilməsi barədə protokol”, ona əlavə olan fotoşəkillər və videoçəkilişdən görünür ki, narkotik vasitələrin satışı ilə məşğul olduğu ehtimal olunan Saatlı rayonu Əliabad kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə almaq məqsədi ilə əməliyyat tədbirinin həyata keçirilməsindən ötrü şərti alıcı Şahid1 əvvəlcədən nömrələri qeyd edilməklə 1 ədəd 20 manatlıq A70498081 nömrəli və 4 ədəd 5 manatlıq A64126984, A69899696, A96013722 və A24816570 nömrəli pul əskinasları verilmişdir. İşdə olan 20 oktyabr 2023-cü il tarixli “Şəxsi axtarış, baxış və götürmə aparılması barədə protokol”, ona əlavə olan fotoşəkillər və videoçəkilişdən görünür ki, polis əməkdaşları əməliyyat tədbiri həyata keçirdikdən sonra şərti alıcı Şahid1 və Təqsirləndirilən şəxs Saatlı RPŞ-yə gətirilmiş, orada şərti alıcı Şahid1 əynindəki gödəkçəsinin sol yan cibindən içərisində qurudulmuş vəziyyətdə narkotik vasitə marixuanaya oxşar kütlə olan 1 ədəd kibrit qutusunu çıxarıb təqdim edərək, həmin kütləni ona verilmiş 40 manat miqdarda pulun müqabilində Təqsirləndirilən şəxs aldığını, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılarkən onun üstündən 1 ədəd kibrit qutusunda və 1 ədəd sellofan kəsiyi bükümündə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs da şalvarının sol yan cibindən 1ədəd 20 manatlıq və 4 ədəd 5 manatlıq pul əskinaslarını çıxararaq həmin pulun Şahid1 satdığı narkotik vasitəyə görə onun verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi pul əskinasları kserosurətlər ilə eyniləşdirilərkən əskinasların əməliyyat keçirilməzdən əvvəl şərti alıcı Şahid1 verilən 1 ədəd 20 manatlıq A70498081 nömrəli və 4 ədəd 5 manatlıq A64126984, A69899696, A96013722 və A24816570 nömrəli pul əskinasları olduğu, şərti alıcı Şahid1 könüllü təqdim etdiyi 1 ədəd kibrit qutusundakı marixuanaya oxşar kütlənin çəkisinin 8,42 qram, Təqsirləndirilən şəxs üstündə aşkar edilmiş 1 ədəd kibrit qutusundakı marixuanaya oxşar kütlənin çəkisinin 4,92 qram və 1 ədəd sellofan kəsiyi bükümündəki marixuanaya oxşar kütlənin çəkisinin 3,26 qram olduğu məlum olmuşdur. Şahid1 könüllü təqdim etdiyi 1 ədəd kibrit qutusundakı marixuanaya oxşar kütlə bir ədəd zərfdə, Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 1 ədəd kibrit qutusundakı marixuanaya oxşar kütlə və 1 ədəd sellofan kəsiyi bükümündəki marixuanaya oxşar kütlə isə bir ədəd zərfdə və 1 ədəd 20 manatlıq və 4 ədəd 5 manatlıq pul əskinasları isə başqa bir ədəd zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. İşdə olan məhkəmə-bioloji ekspertizanın 21 oktyabr 2023-cü il tarixli 18/1002 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şahid1 təqdim etdiyi...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,99 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kibrit qutusunda təmiz çəkisi 2,54 qram, 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 3,04 qram, ümumi çəkisi 5,58 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş Şahid1 təqdim etdiyi marixuana ilə Təqsirləndirilən şəxs üzərindən götürülmüş marixuanalar orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eynidir. Marixuananın ümumi çəkisi 11,57 qram, cəmi tədqiqata sərf edildi 0,06 qram, (hər ob-0,02 qr) qalıq 11,51 qram. İşdə olan məhkəmə-narkoloji ekspertizasının 13 dekabr 2023-cü il tarixli 8185 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, barəsində CM-nin 62 və ya 70ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını, təqsirini etiraf edib səmimi peşmançılıq keçirməsini, ilk dəfə cinayət törətməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, narkotik vasitənin növünü, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20 oktyabr 2023-cü il tarixdən 22 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Ona görə də, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 11.51 qram qalan narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək üç il üç ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 oktyabr 2023-cü il tarixdən 22 oktyabr 2023-cü il tarixədək, yəni iki gün şübhəli şəxs qismində saxlanılma müddətinin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq üç il iki ay iyirmi səkkiz gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 28 fevral 2024-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 11.51 qram qalan narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar