Məhkəmə qərarları › İş №1(055)-14/2025

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-14/2025

08.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-14/2025 08.01.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Babayev Samir Hakim oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1980-ci ildə Saatlı rayonunun Qarayevkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Saatlı rayonunun Qarayevkənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən təmiz çəkisi 6,18 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə etmiş, saxlamış və daşımış, həmin narkotik vasitəni 24 sentyabr 2024-cü il tarixdə saat 10:40 radələrində Saatlı rayonu Orta Muğan kəndinin çöl sahəsində piyada satış məqsədi olmadan qanunsuz olaraq üstündə daşıyarkən əməliyyat tədbiri keçirən polis əməkdaşları onu saxlayaraq, orada həmin tarixdə və vaxtda 1 ədəd sellofan torbacıqda xeyli miqdarda 6,18 qram narkotik vasitə olan qurudulmuş marixuananı onun əynindəki şalvarının sağ cibindən aşkar edərək götürmüşlər, yəni satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, boş vaxtlarında yaşadığı kəndin çöl sahəsinə gedərək oradakı kollektorlardan qarmaqla balıq tutur. O, əvvəllər iki dəfə məhkum olunmuşdur. Təxminən 1 ildir arada tapanda el arasında “nəşə” adlanan narkotik vasitə olan marixuanadan istifadə edir. 22 sentyabr 2024-cü il tarixdə səhər saatlarında balıq tutmaq üçün yaşadığı evin həyətindən qarmaq götürərək kəndin çöl sahəsinə tərəf getmişdir. Orada kənd arasında “ana kollektor” adlanan yerə gəlmiş və balıq tutmaq üçün yer axtararkən kollektorun kənarında yerdə 1 ədəd sellofan büküm olduğunu görmüşdür. Həmin sellofan bükümü yerdən götürüb açıb içinə baxdıqda içərisində narkotik vasitə olan marixuana olduğunu bilmiş və dərhal öz istifadəsi üçün həmin marixuananı əynimdəki şalvarının sağ yan cibinə qoyub yaşadığı ev istiqamətində qayıtmağa başlamışdır. Marixuana yadından çıxdığından şalvarının cibində qalmışdır. 24 sentyabr 2024-cü il tarixdə yenə də balıq tutmaq üçün qarmaq götürüb yaşadığı kəndin çöl sahəsində hərəkətdə olarkən saat 10 radələrində Saatlı RPŞ-nin əməkdaşları ona yaxınlaşıb qanunsuz olaraq narkotik saxlamağı barədə məlumatları olduğunu bildirmişlər. O da əynindəki şalvarın sağ yan cibindən 1 ədəd sellofan kəsiyi bükümündə marixuananı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Onun üstünə baxış keçirilərkən sol yan cibindən 1 ədəd “Tecno” markalı mobil telefon, 1 ədəd “West” markalı siqaret, 1 ədəd “Dirol” markalı saqqız və 56 manat məbləğində pul aşkar edilmişdir. Sonra polis əməkdaşları təqdim etdiyi sellofan bükümü onun yanında açarkən içərisindəkinin narkotik vasitə olan marixuana olduğunu görmüşlər. O da bükümdəki kütlənin marixuana olduğunu, çöl sahədən tapdığını və öz istifadəsi üçün saxladığını etiraf etmişdir. Polis əməkdaşları tərəfindən üstündən aşkar edilmiş marixuana sellofan büküm ilə birlikdə götürülmüşdür. Həmçinin üstündən aşkar edilmiş 1 ədəd “Tecno” markalı mobil telefon, 1 ədəd “West” markalı siqaret, 1 ədəd “Dirol” markalı saqqız və 56 manat məbləğində pul polis əməkdaşları tərəfindən baxış keçirildikdən sonra ona qaytarılmışdır. Bu barədə protokol tərtib edilərək imza edilmiş, video çəkiliş aparılmışdır. Daha sonra polis əməkdaşları ilə birlikdə Saatlı rayon Polis Şöbəsinə getmişdir. Saatlı rayon Polis Şöbəsinə gətirildikdən sonra orada təhqiqatçı tərəfindən üstündən aşkar edilmiş 1 ədəd sellofan bükümdəki marixuanaya baxış keçirilmişdir. O, baxış zamanı bir daha aşkar edilmiş kütlənin marixuana olduğunu və öz istifadəsi üçün saxladığını bildirmişdir. Bu barədə protokol tərtib edilərək imza edilmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qeyri-qanuni hərəkətə yol verilməmişdir. Törətdiyi əməldən peşmandır və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Sonda məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 24 sentyabr 2024-cü il tarixdə Saatlı rayonu Orta Muğan kəndində qeydiyyatda olmaqla, orada yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək saxlaması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı onun və digər polis əməkdaşlarının iştirakə ilə keçirilmiş tədbir nəticəsində Təqsirləndirilən şəxs saat 10:40 radələrində Saatlı rayonu Orta Muğan kəndinin çöl sahəsində hərəkətdə olarkən tərəflərindən müəyyən edilmiş və Təqsirləndirilən şəxs yaxınlaşaraq qanunsuz olaraq narkotik saxlamağı barədə məlumatları olduğunu bildirib üzərində qanunsuz saxlanılan əşya və ya predmet olubolmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs əynindəki şalvarın sol cibindən 1 ədəd mobil telefon, sağ yan cibindən 1 ədəd sellofan büküm, 1 ədəd “West” markalı siqaret, 1 ədəd “Dirol” markalı saqqız və 56 manat məbləğində pulu təqdim etmişdir. Təqsirləndirilən şəxs sellofan bükümün içərisində narkotik vasitə olduğunu, narkotiki 2 gün əvvəl yaşadığı kəndin çöl sahəsindən tapdığını və öz istifadəsi üçün saxladığını bildirmişdir. Həmin sellofan büküm açılıb içərisinə baxılarkən içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olduğu müəyyən edilmişdir. Həmin kütlə sellofan bükümlə birlikdə qablaşdırılıb götürülmüş, aşkar edilmiş digər əşyalar isə əhəmiyyət kəsb etmədiyindən Aqamərdənə qaytarılmışdır. Baxış zamanı videoçəkiliş aparılmış, protokol tərtib olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs Saatlı RPŞ-yə gətirilmiş və təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə verdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də, Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini də iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan 24 sentyabr 2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxslərin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokol və ona əlavə edilən videoçəkilişlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ cibində saxladığı 01 ədəd sellofan büküm ilə birlikdə çəkisi 6,37 qram narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan məhkəmə-bioloji ekspertizanın 25 sentyabr 2024-cü il tarixli 18/824 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd sellofan torbacıqda təmiz çəkisi-6,18 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir (İ siyahı). Marixuananın təmiz çəkisi 6,18 qram olub, tədqiqata istifadə olundu 0,02 qram, qalıq-6,16 qram. İşdə olan məhkəmə-narkoloji ekspertizanın 09 oktyabr 2024-cü il tarixli 6730 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Aqayev X1 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinərək 01 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Saatlı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Hazırda məhkumluğu yoxdur. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, habelə barəsində CM-nin 62, yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib peşmançılıq keçirməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, narkotik vasitənin növü və miqdarını, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəllər də eyni xarakterli cinayət əməlləri törətməsini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, hazrki iş üzrə az ciddi cəza vasitəsilə cəzanın məqsədlərinə nail olunması, eyni zamanda təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən islah olunması mümkün deyil. Təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən tam təcrid edilməsi yolu ilə mümkün olduğuna görə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını aşağı həddə təyin etməyi məhkəmə qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 24 sentyabr 2024-cü il tarixdən 26 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyinə görə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə də, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 6.16 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatların dəyəri 49 manat 74 qəpik təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində səkkiz ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 sentyabr 2024-cü il tarixdən 26 sentyabr 2024-cü il tarixədək, yəni iki gün şübhəli şəxs qismində saxlanılma müddətinin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq yeddi ay iyirmi səkkiz gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəzaçəkmə müddətinin başlanğıcı bu gündən yəni, 08 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 6.16 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə 49.74 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən 20 gün müddətinə Saatlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar