Məhkəmə qərarları › İş №1(055)-16/2023

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-16/2023

27.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-16/2023 27.03.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, 27 mart 2023-cü il, Saat: 17:30 Saatlı şəhəri xx xxxxxx 1980-cı ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 3, mənzil 29-da qeydiyyatda olmaqla Saatlı şəhəri, Ş.Yusif küçəsi 3 nömrəli evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, Saatlı rayonu Ş.Yusif küçəsində 24 noyabr 2022-ci il tarixdə saat 14 radələrində yol kənarında yerdən tapdığı sellofan bükümdə iki hissəli plastik qabın içərisindəki kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 0,553 qram psixotrop maddə olan metamfetamini mənimsəyərək satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş və qanunsuz olaraq daşıyaraq Saatlı şəhəri, Ş.Yusif küçəsi 3-də yerləşən yaşadığı evə aparıb yataq otağında dolabda saxlamış, 25 noyabr 2022-ci il tarixdə saat 11:40 radələrində şəxsi istehlak üçün həmin psixotrop maddəni əynindəki qara rəngli gödəkçənin sağ cibinə qoyub yaşadığı evdən çıxıb Saatlı şəhəri, Q.Qarayev küçəsinə qanunsuz olaraq daşımış və saat 11:40 radələrində orada əməliyyat tədbiri keçirən polis əməkdaşları onu Saatlı RPŞ-nə gətirib, həmin gün saat 12:00 radələrində həmin psixotrop maddəni əynindəki qara rəngli gödəkçənin sağ cibindən iki hissəli plastik qabın yapışqan lentlə bağlanmış qapaqsız hissəsində, həmin qabın qapaqla bağlı hissəsində və qapaqla bağlı hissəsinin içərisində 1 ədəd polietilen kəsiyi bükümündə aşkar edərək götürmüşlər, yəni satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 24 noyabr 2022-ci il tarixdə saat 14 radələrində müvəqqəti yaşadığı Saatlı şəhəri, Şeyx Yusif küçəsində gəzərkən yerdə qırmızı rəngli sellofan bükülünün olduğunu görmüş, həmin bükülünü yerdən götürüb açmış, içərisində plastmas materialdan kiçik ölçülü optik linza qabı olduğu və həmin qabın biri qapaqlı, digəri isə qapaqsız olmaqla şəffaf yapışqan lentlə bağlanmış iki hissədən ibarət olduğundan həmin hissələrində “patı” olduğunu görmüşdür. O, özü “patı” kimi tanınan “metamfetamin”dən istifadə etdiyi üçün qabın içərisindəkinin “patı” olduğunu bilmiş, ətrafda heç kim olmadığı üçün içərisində “patı” olan qırmızı rəngli sellofan bükülünü cibinə qoyub evə getmişdir. Evdə olan zaman yenidən plastmas qabı açmış və bir tərəfi şəffaf yapışqan lentlə bağlandığı üçün həmin hissəni açmamış, qapaqla olan hissəni açdıqda həmin hissədə açıq vəziyyətdə bir qədər “patı” olduğunu görmüş və həmin hissədə olan “patı”-dan bir hissəsini başqa bir kiçik ölçülü sellofana büküb elə öz yerinə qoyub ağzını qapağı ilə bağlayıb saxlamış ki, gələcəkdə istifadə etsin. Daha sonra tapdığı plastmas qabdakı “patı”nı istifadə etmək üçün kiçik ölçülü işıq lampasından əvvəlcədən düzəldiyi 3 ədəd qurğu ilə birlikdə qırmızı rəngli salfetə büküb evdə öz yataq otağında gizlətmişdir. xx.xx.2022-ci il tarixdə isə onları götürüb saat 11 radələrində Saatlı şəhəri, Q.Qarayev küçəsində avto yuma sexinin yanına getmiş və orada olarkən Saatlı RPŞ-nin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və ona üstündə narkotik vasitə olması barədə məlumat olduğunu və onlarla birlikdə Saatlı RPŞ-yə getməyini demişlər. O polis əməkdaşları ilə birlikdə Saatlı RPŞ-yə getmiş, ona üstündə şəxsi axtarış aparacaqlarını qeyd etmişlər. Üzərinə şəxsi axtarış aparılarkən 1 ədəd qırmızı rəngli salfet büküm aşkar edilmiş, həmin büküm açılarkən içərisində 1 ədəd ağ rəngli kiçik ölçülü plastmas materialdan optik linza qabı və 3 ədəd “patı” istifadə etmək üçün kiçik ölçülü işıq lampası, pul və falqa kağızdan xüsusi olaraq hazırlanmış alətlər aşkar edilmişdir. Daha sonra plastmas qabın yapışqan lentlə örtülmüş və qapaqla bağlanmış hissələri açılarkən qapaqla örtülmüş hissədə 1 ədəd şəffaf sellofan büküm və toz halında narkotik, lentlə bağlı hissəsində isə açıq vəziyyətdə “patı” aşkar edilmişdir. Aşkar edilmiş narkotiklər ayrıayrılıqda elektron tərəzidə çəkilmiş, şəxsi axtarış zamanı üstündə aşkar edilmiş kütlələrin psixtrop maddə olduğunu, öz istifadəsi üçün saxladığını, aşkar edilmiş 3 ədəd alətləri isə patı istifadə etmək üçün xatırlamadığı vaxtda düzəltdiyini bildirmişdir. Aşkar edilərək götürülmüş psixotrop maddələr plastmas qabla birlikdə qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, foto və videoçəkiliş aparılmışdır. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qeyri-qanuni hərəkətə yol verilməmişdir. Törətdiyi əmələ görə peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir.Sonda məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Firudun oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 24 noyabr 2022-ci il tarixdə polis əməkdaşlarının iştirakları ilə keçirilmiş tədbir nəticəsində Saatlı şəhəri, Q.Qarayev küçəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış Komitəsinin Saatlı rayon şöbəsinin yaxınlığında tikdirdiyi avto yuma sexinin yaxınlığında onlar tərəfindən müəyyən edilmişdir. Anar Hüseyova qanunsuz olaraq narkotik saxlamağı barədə məlumatları olduğunu bildirib onu Saatlı rayon Polis Şöbəsinə dəvət etmişlər. Saatlı RPŞ-yə gətirildikdən sonra Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçəsinin sağ cibindən 01 ədəd qırmızı rəngli salfet büküm aşkar edilmiş, həmin 01 ədəd büküm açılarkən içərisində 1 ədəd ağ rəngli kiçik ölçülü plastmas materialdan olan optik linza qabı və 3 ədəd “patı” istifadə etmək üçün kiçik ölçülü işıq lampası, pul və falqa kağızdan xüsusi olaraq hazırlanmış alətlər aşkar edilmiş, daha sonra plastmas qabın yapışqan lentlə örtülmüş və qapaqla bağlanmış hissələri açılarkən qapaqla örtülmüş hissədə 1 ədəd şəffaf sellofan büküm içərisində psixotrop maddə olan metamfetaminə oxşar kütlə, lentlə bağlı hissəsində isə açıq vəziyyətdə metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş psixotrop maddələrə oxşar kütlə qablaşıdırılıb götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş psixotrop maddələrin özünə məxsus olduğunu, öz istifadəsi üçün saxladığını bildirmişdir. Sonda axtarış və götürmə aparılması ilə bağlı protokol tərtib edilmiş, foto və video çəkiliş aparılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı rayon Polis Şöbəsinin əməkdaşı Şahid3 Şahid2 Firudun oğlunun ifadəsi ilə eyni məzmunda ifadə verdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini də iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan 24 noyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol, ona əlavə edilən fotoşəkillər və videoçəkilişlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sağ cibindən 01 ədəd iki hissəli plastmas qabda və həmin hissələrin birindəki bükümdə psixotrop maddə olan metamfetaminə oxşar kütlə, 3 ədəd psixotrop maddə olan metamfetamin istifadə etmək üçün hazırlanmış alətlər və bir ədəd “Redmi” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. İşdə olan məhkəmə-kimyəvi ekspertizanın 25 noyabr 2022-ci il tarixli 18/1263 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki kağıza bükülmüş iki hissəli plastik qabın üzəri yapışqan lentlə bağlanmış qapaqsız hissəsində təmiz çəkisi 0,281 qram, həmin qabın qapaqla bağlı hissəsində təmiz çəkisi 0,063 qram və qapaqla bağlı hissəsinin içərisində 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,209 qram, ümumi çəkisi 0,553 qram olan maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdə 3 ədəd borucuqda psixotrop maddə metamfetaminin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən və bu səbəbdən də müqayisəli tədqiqatın aparılması mümkün olmadığından iz mikrohissəciklərinin miqdarını və digər maddələrlə eyniliyini müəyyən etmək mümkün deyildir. İşdə olan məhkəmə-narkoloji ekspertizanın 20 fevral 2023-cü il tarixli 983 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətində tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan 26 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ekspert tədqiqatından sonra ümumi çəkisi 0,463 qram (tədqiqata istifadə olundu 0,09 qram) qalmış plastmas qabda qablaşdırılmış metamfetamin kütləsi və içərisində psixotrop maddə metamfetaminin izləri olan 3 ədəd borucuq cinayət işi üzrə maddi sübut kimi tanınmış və Saatlı RPŞ-yə məsul saxlanışa verilmişdir İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.3, 311.2, 32.4, 312.2 və 228.1-ci maddələri ilə təqsirli bilinərək, 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması onun cəzasını ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olması, əməlini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcələnin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş son həddinin yarısından az olmamaqla azadlıqdan məhrum etmə cəzasını təyin etməyi məhkəmə qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaratdığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 25 noyabr 2022-ci il tarixdən 27 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyinə görə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 0.463 qram psixotrop maddə olan metamfetamin və içərisində psixotrop maddə metamfetamin izləri olan 3 ədəd borucuq məhv edilməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 49 manat 74 qəpik təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 noyabr 2022-ci il tarixdən 27 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 02 (iki) günün bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub hesablanmaqla ona hazırki hökmlə təyin olunmuş cəzadan 02 (iki) gün çıxılıb üzərində qəti olaraq bir il beş ay iyirmi səkkiz gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəzaçəkmə müddətinin əvvəli 27 mart 2023-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 0.463 qram psixotrop maddə olan metamfetamin və içərisində psixotrop maddə metamfetamin izləri olan 3 ədəd borucuq məhv edilsin. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən 20 gün müddətinə Saatlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar