Məhkəmə qərarları › İş №1(055)-17/2025

Saatlı Rayon Məhkəməsi Qərar — İş №1(055)-17/2025

22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 1(055)-17/2025 22.01.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 08 dekabr 2023-cü il tarixdən 16 may 2024-cü il tarix aralığında Saatlı rayonu Azadkənd kəndində yaşayan Zərərçəkmiş şəxs əmlakını tamah niyyəti ilə əvəzsiz götürməkdən ötrü vahid niyyətlə bir neçə dəfə sonuncuya məxsus fərdi yaşayış evinin otağının pəncərəsini əli ilə açaraq yaşayış sahəsi hesab edilən evə qanunsuz olaraq daxil olub, oradan 22000 Rusiya rublu (Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2024-cü il tarixə olan məzənnəsi ilə 435,6 manat), 2000 Azərbaycan manatı, 300 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2024-cü il tarixə olan məzənnəsi ilə 510 manat), 10000 Türk lirəsi (Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2024-cü il tarixə olan məzənnəsi ilə 512 manat) pulu, 1 ədəd 12 qram çəkidə 1020 manat dəyərində qızıl qadın saatı, 1 ədəd 22 qram çəkidə 1870 manat dəyərində qızıl zəncir formalı qadın boyunbağısı, 1 ədəd 10 qram çəkidə 850 manat dəyərində qızıl qadın boyunbağısı, 1 ədəd 25 qram çəkidə 2125 manat dəyərində qızıl komplekt qadın üzüyü və sırğası, 1 ədəd 12 qram çəkidə 1020 manat dəyərində qızıl qadın üzüyü, 1 ədəd 9 qram çəkidə 765 manat dəyərində briliant qaşlı qızıl qadın üzüyü, 1 ədəd 12 qram çəkidə 1020 manat dəyərində qadın qolbağı, 1 ədəd 15 manat dəyərində dəmir qolbaq, 1 ədəd 55 manat dəyərində gümüş dəst boyunbağı və bilərzik, 1 dəst 70 manat dəyərində sırğa, boyunbağı, qolbaq və baş sancağı, 1 ədəd 8 manat dəyərində oğlan üçün dəmir qolbağı, 1 ədəd 15 manat dəyərində oğlan üçün dəmir qolbağı, 1 ədədi 30 manat olan 8 ədəd ümumilikdə 240 manat dəyərində gümüş qolbaq, 1 ədəd 150 manat dəyərində gümüş qol saatı, 1 cütü 15 manat olan 6 cüt ümumilikdə 90 manat dəyərində halqa formalı dəmir sırğa, 1 dəsti 18 manat olan 4 dəst ümumilikdə 72 manat dəyərində gümüş qolbağılar, 1 cütü 20 manat olan 7 cüt ümumilikdə 140 manat dəyərində dəmir sırğalar, 1 dəsti 850 manat olan 2 dəst ümumilikdə 1700 manat dəyərində boşqab dəsti, 1 dəsti 300 manat olan 2 dəst ümumilikdə 600 manat dəyərində fincan dəsti, 1 ədədi 5 manat olan 12 ədəd ümumilikdə 60 manat dəyərində bulud boşqablar, 1 ədədi 6 manat olan 64 ədəd ümumilikdə 384 manat dəyərində boşqablar, 1 dəsti 12 manat olan 8 dəst 96 manat dəyərində sadə stəkan dəsti, 1 dəsti 100 manat olan 3 dəst ümumilikdə 300 manat dəyərində xrustal stəkanlar, 1 ədədi 20 manat olan 12 ədəd 240 manat dəyərində bakallar, 1 ədədi 2 manat olan 12 ədəd ümumilikdə 24 manat dəyərində əl-üz dəsmalları, 1 ədədi 2 manat olan 5 ədəd 10 manat dəyərində bədən dəsmalları, 1 ədədi 8 manat olan 12 ədəd ümumilikdə 96 manat dəyərində stəkan silmək üçün dəsmallar, 1 ədədi 22 manat olan 12 ədəd ümumilikdə 264 manat dəyərində mələfə dəsti, 1 ədədi 30 manat 6 ədəd ümumilikdə 180 manat dəyərində yorğan üzlüklərini, 1 ədəd 500 manat dəyərində içərisində 500 ədəd çəngəl olan dəsti, 1 ədəd 180 manat dəyərində bıçaq dəsti, 1 dəsti 100 manat olan 3 dəst ümumilikdə 300 manat dəyərində çömçə və kəfkir dəsti, 1 dəsti 35 manat olan 2 dəst 70 manat dəyərində yastıq üzləri, 1 kiloqramı 4 manat olan 25 kiloqram çəkidə ümumilikdə 100 manat dəyərində təmizlənmiş qoyun yunu, 1 ədəd 25 manat dəyərində armudu stəkan dəsti, 1 dəsti 15 manat olan 5 dəst ümumilikdə 75 manat dəyərində nəlbəkilər, 1 ədədi 7 manat olan 7 ədəd ümumilikdə 49 manat dəyərində fincanları, 1 ədədi 30 manat olan 7 ədəd ümumilikdə 210 manat dəyərində çay, 1 ədədi 70 manat olan 4 ədəd ümumilikdə 280 manat dəyərində yastıqlar, 1 ədədi 80 manat olan 2 ədəd ümumilikdə 160 manat dəyərində döşəklər, 1 dəsti 360 manat olan 2 dəst ümumilikdə 720 manat dəyərində madonna servis qab dəsti, 1 dəsti 430 manat olan 2 dəst ümumilikdə 860 manat dəyərində bagema servis qab dəsti, 1 ədəd 95 manat dəyərində avtomobil akkumulyatoru, 1 ədəd 65 manat dəyərində açar dəsti, 1 metri 2 manat olan 46 metr uzunluğunda ümumilikdə 82 manat dəyərində elektrik naqili, 1 ədədi 5 manat olan 3 ədəd ümumilikdə 15 manat dəyərində çəkiclər, 1 ədəd 25 manat dəyərində alüminium qazan, 1 ədəd 350 manat dəyərində pioner markalı maqnitafon, 1 ədədi 12 manat olan 2 ədəd ümumilikdə 24 manat dəyərində mıxçıxaran, 1 ədəd 55 manat dəyərində laqonda, 1 ədədi 6 manat olan 2 ədəd ümumilikdə 12 manat dəyərində mişarlar, 1 ədədi 7 manat olan 3 ədəd ümumilikdə 21 manat dəyərində burğac, 1 ədəd 10 manat dəyərində dəmir mişar, 1 ədəd 27 manat dəyərində dəmir kvalt, 1 ədəd 17 manat dəyərində dəmir daş baltası, 1 ədəd 12 manat dəyərində dəmir kəsən qayçı, 1 ədəd 47 manat dəyərində boru əritmək üçün ütü, 1 kiloqramı 8 manat olan 5 kiloqram ümumilikdə 40 manat dəyərində düyü, 1 kiloqramı 2,68 manat olan 15 kiloqram ümumilikdə 40,20 manat dəyərində makaron, 1 kiloqramı 8 manat olan 5 kiloqram ümumilikdə 40 manat dəyərində düyü, 1 kiloqramı 15 manat olan 15 kiloqram ümumilikdə 225 manat dəyərində kərə yağı, 1 ədədi 5 manat olan 8 ədəd ümumilikdə 40 manat dəyərində külqabılar, 1 ədədi 8 manat olan 12 ədəd ümumilikdə 96 manat dəyərində saç boyası, 1 kiloqramı 50 qəpik olan 1150 kiloqram çəkidə ümumilikdə 750 manat dəyərində buğda, 1 ədədi 5 manat olan 5 ədəd ümumilikdə 25 manat dəyərində ariel markalı yuyucu toz, 1 ədədi 2 manat olan 2 ədəd ümumilikdə 4 manat dəyərində qab yumaq üçün fairy markalı maye, 1 ədəd 5 manat dəyərində ipək şampunu və 1 ədəd 0,85 manat dəyərində 72%-lik sabunu götürüb aparıb oğurlamaqla, özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs 22588 manat 65 qəpik xeyli miqdarda maddi ziyan vurmuş, yəni yaşayış sahəsinə qanunsuz daxil olmaqla xeyli miqdarda özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət işinin məhkəmə hazırlıq iclasında dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən yol verilmiş pozuntuların kobud pozuntular olmamasını göstərərək işin məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən o deyil, azyaşlı övladının oğurluq etdiyini, ibtidai istintaq zamanı polis əməkdaşlarının təklifinə əsasən cinayətin özü tərəfindən edilməsini bildirdiyini, hazırda cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına etiraz etmədiyini göstərdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı bir sıra kobud qanun pozuntularına yol verildiyindən məhkəmə tərəfindən cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 289.1-ci maddəsinə əsasən bu Məcəllənin 284—288-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra müstəntiq ittiham aktı tərtib edir. Həmin Məcəllənin 289.3 və 289.3.1-ci maddələrinə əsasən ittiham aktının təsviriəsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar gəstərilməlidir. Həmin Məcəllənin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Göründüyü kimi, qanunvericilik müstəntiq tərəfindən ittiham aktının tərtib edilməsi zamanı həmin aktın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm halların göstərilməli və ittiham aktının nəticəvi hissəsində cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsvirinin əks etdirilməli olmasını imperativ norma kimi müəyyən etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsə elan edilmiş ittiham təhlil edilərkən kobud pozuntu və ziddiyyətli hallar aşkar edilmişdir. İlk növbədə qeyd edilməlidir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittiham üzrə sonuncunun oğurladığı əşyaların dəyərinin hesablanması zamanı ibtidai istintaq orqanı tərəfindən səhvə yol verilmişdir. Belə ki, təqsirləndirilən şəxsə oğurladığı əmlakla bağlı “1 kiloqramı 50 qəpik olan 1150 kiloqram çəkidə ümumilikdə 750 manat dəyərində buğda” göstərilmiş, qiymət 575 manat ollmalı olduğu halda 750 manat qeyd edilmiş, həmçinin, “1 metri 2 manat olan 46 metr uzunluğunda ümumilikdə 82 manat dəyərində elektrik naqili” göstərilsə də, qiymət 92 manat olmalı idi. Beləliklə, ümumi oğurlanmış əmlakın qiyməti 22423 manat 65 qəpik olmalı olduğu halda, 22588 manat 65 qəpik göstərilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsə elan edilmiş ittiham üzrə oğurlanmış əmlakın dəyəri düzgün hesablanmamışdır. Bundan başqa, iş materialları təhlil edilərkən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs məxsus evə 2023-cü ilin fevral ayının ortalarında daxil olaraq oğurluq etdiyini göstərsə də, verilmiş ittihamda oğurluq hadisəsinin qeyri-müəyyən vaxtda, yəni 08 dekabr 2023-cü il-16 may 2024-cü il tarixi aralığında olması göstərilmişdir. Göründüyü kimi, İbtidai istintaq orqanı, cinayətin törədilmə vaxtını dəqiq müəyyən etməmiş, eyni zamanda belə qeyri-müəyyən vaxt aralığını da araşdırmalara əsasən deyil, yaınız zərərçəkmiş şəxsin sonuncu dəfə 08 dekabr 2023-cü il tarixdə evdən çıxıb bir daha 16 may 2024-cü il tarixdə evə qayıtmasına əsasən, yəni absurd bir yanaşma ilə müəyyən etmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə verilmiş ittihamdan görünür ki, o, Zərərçəkmiş şəxs məxsus evdən 22000 Rusiya rublu, 300 ABŞ dolları və 10000 Türk lirəsi oğurlamışdır. Nə qədər qəribə olsa da, ibtidai istintaq orqanı həmin xarici valyutada olan pul vəsaitlərinin Azərbaycan manatının məzənnəsinə uyğunluğunu cinayətin törədilmə vaxtına uyğun deyil, cinayət işinin başlanma tarixinə əsasən hesablamışdır. Halbuki qeyd olunan xarici valyutaların Azərbaycan manatının məzənnəsinə uyğun dəyəri cinayətin baş vermə tarixində fərqli olmuşdur. Bundan başqa, təqsirləndirilən şəxs ifadəsində 1 ədəd alüminium qazanı zərərçəkmişin həyətindən götürdüyünü, zərərçəkmiş şəxs də ifadəsində oğurlanan əşyaların yaşadığı evdən və həyətyanı sahədən aparıldığını göstərsə də, həmçinin cinayət işində olan 31 iyul 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolda zərərçəkmiş Sevda Abdulayevaya məxsus pullar, qızıl-zinət əşyaları, məişət əşyaları, ev əşyaları və digər əşyaların onun Saatlı rayonu Azadkənd kəndində yerləşən yaşadığı evdən və həyətyanı sahəsindən oğurlanması qeyd edilsə də, verilmiş ittihamda təqsirləndirilən şəxsin bütün əşyaları fərdi yaşayış evindən oğurlaması göstərilmişdir. Bundan başqa, təqsirləndirilən şəxs ifadəsində oğurladığı əşyaları fərdi yaşayış evinin konkret hansı otağından oğurladığını (təqsirləndirilən şəxs ifadəsində bildirir ki, yataq otağına daxil olarkən divardan asılmış Çantanı götürüb içərisinə baxarkən 3 ədəd 100 dollarlıq pul əskinası, 5 ədəd 100 manatlıq, 5 ədəd 50 manatlıq, 1 ədəd 20 lirə, 1 ədəd 5 lirə türk pulu, 5 ədəd 100 rus rublu götürmüş, sonra zala daxil olaraq oranı axtararkən şkafdakı bankanın içərisində 1 ədəd qızıl qolbağı götürüb cibinə qoymuşdur) göstərsə də, verilmiş ittihamda oğurlanan əşyaların konkret olaraq evin hansı otaqlarından, hansı şəraitdə, hansı üsulla oğurlanması dəqiq göstərilməmiş, ittiham ümumi şəkildə verilmişdir. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi), ittiham elan edildikdə, habelə həbsə alındıqdan və ya barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduqdan dərhal sonra müvafiq qərarın surətini almaq təqsirləndirilən şəxsin hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən, “cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı ona qarşı irəli sürülmüş ittihamın “xarakteri və əsasları” haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir”. İbtidai istintaq orqanı tərəfindən yuxarıda qeyd edilən pozuntulara yol verilməsi həm də təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamın mahiyyətinin ona düzgün izah edilməməsi, təqsirləndirilən şəxsin dəlillərini təkzib etmək və öz müdafiəsini səmərəli qurmaq imkanından tam məhrum edilməsinə səbəb olmuş, cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına gətirib çıxarımışdır. Halbuki “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Qanunvericilikdə müdafiə hüquqlarının təmin edilməsi cinayət prosesini həyata keçirən orqanın əsas vəzifələrindən biri kimi müəyyən edilmişdir Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. Cinayət-prosssual qanunvericiliyin yuxarıda sadalanan normalarının mahiyyətindən görünür ki, kobud prosessual pozuntular elə pozuntular hesab olunur ki, məhkəməyədək icraat zamanı yol verilmiş həmin pozuntuların başqa cür aradan qaldırılması və həmin pozuntular aradan qaldırılmadan təqsirləndirilən şəxsin məhkəməyə verilməklə müvafiq olaraq cinayət işinin məhkəmə baxışına təyin edilməsi barədə qərarın qəbul olunması qeyri-mümkündür. Göründüyü kimi, məhkəmə hazırlıq iclasında cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verilməsi müəyyən olunmuşdur ki, həmin pozuntular məhkəmənin hazırlıq iclasının nəticələrinə dair iş üzrə məhkəmə baxışının təyin olunmasını, cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsimi mümkünsüz edir. CPM-nin 303.3-ci maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar kobud pozuntulara yol verildikdə çıxarılır. Həmin Məcəllənin 303.3.1 və 303.3.6-cı maddələrinə görə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması(bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) və cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Saatlı rayon prokuroruna qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.5-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində hazırkı qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməsi nəzərdə tutulmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, CPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsinə dair qərar çıxarır. Cinayət işi materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299, 300, 303 və 306-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qərarverdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Saatlı rayon prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılsın. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar