Məhkəmə qərarları › İş №1(055)-20/2025

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-20/2025

12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-20/2025 12.02.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1996-cı ildə Saatlı rayonu Məmmədabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmayan, işsiz, Bakı şəhəri Xətai rayonu Qvardiya küçəsi ev 51-də qeydiyyatda olmaqla Saatlı rayonu Məmmədabad kəndində yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx.xx.2024-cü il tarixdə saat 22:24 dəqiqədə Saatlı şəhəri H.Əliyev prospekti 300 ünvanında yerləşən Saatlı RMX-nin Acil şöbəsinə gələrək, RMX-nın növbətçi həkimi terapevt-həkim Zərərçəkmiş şəxs1 bədənində olan ağrıların sakitləşməsi üçün həmin vaxt tibbi göstərişlərə əsasən ona verilməsi nəzərdə tutulmayan 2 ədəd narkotik tərkibli “Morfin” ağrıkəsicisinin bədəninə vurulmasını tələb etmiş, Zərərçəkmiş şəxs1 ona RMX-nin Acil şöbəsində 1 ədəd “Morfin” ağrıkəsicisinin qaldığını bildirdikdə, əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsində, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıqda ifadə olunan, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib ucadan nalayiq söyüşlər söyüb xəstəxananın iş fəaliyyətini və müalicə olunan şəxslərin dincliyini 45-50 dəqiqə müddətə qərəzli hərəkətlərlə pozmuş, xəstəxana əməkdaşlarının və xəstələrin gözləri qarşısında əlində olan mobil telefonundan silah qismində istifadə edərək Zərərçəkmiş şəxs1 sifətinə qəsdən vurub sonuncuya sağ yanaq proyeksiyasında hematoma və selikli qişada qansızma ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər, alt dodaqda qansızmadan ibarət isə sağlamlığına zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə, qəsdən silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq etmişdir. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, İkinci Qarabağ müharibəsində iştirak etmiş və müharibədə yaralanmışdır. Hazırda müharibə qazisidir. O, orden və medallarla təltif edilmiş və 1-ci dərəcəli əlildir. Müharibədə iştirak edib yaralandığı üçün hər iki ayağı dizdən amputasiya olunmuş və dizlərinə protez taxaraq hərəkət edir. O, yaralandığı üçün bədənində ağrılar olur və buna görə də mütəmadi olaraq müalicə alır. Bədənində ağrılar olan zaman Saatlı RMX-yə gedir və orada həkim müayinəsindən keçir. Həmin zaman ona ağrıkəsicilər vurulur. xx.xx.2024-cü il tarixdə axşam saat 22 radələrində bədənində kəskin ağrılar olduğu üçün qardaşı Şahid3lə birlikdə Saatlı RMX-yə getmişdir. Xəstəxananın təcili tibbi yardım şöbəsinin inzibati binasına daxil olduqdan sonra orada olan həkim və tibb bacılarına bədənində ağrıların olduğunu və təcili ona ağrıkəsici Morfin dərmanını vurmalarını tələb etmişdir. Həmin zaman xəstəxanada növbətçi həkim olan Zərərçəkmiş şəxs1 ona səbrli olmağı və 1 ədəd Morfin dərmanının iynəsini vuracağını bildirmişdir. Bu zaman o, həkimə bildirmişdir ki, ona 1 yox, 2 ədəd Morfin iynəsi vurulmalıdır. Ərkinaz da xəstəxanada hazırda 1 ədəd morfin olduğunu və həmin morfindən istifadə edərək iynəni ona vuracağını bildirmişdir. O, bunu eşitdikdən sonra əsəbiləşmiş və Ərkinazın üstünə qışqıraraq bədənində kəskin ağrıların olduğunu demişdir. Həkim ona cavab verməmiş və o daha da əsəbləşmişdir. Həmin vaxt özünü idarə edə bilməmiş və təhqiramiz ifadələr işlətmişdir.Bu zaman qardaşı Şahid3 Ərkinaza yaxınlaşaraq onun qazi olduğunu, əsəblərinin gərgin olduğunu bildirərək mütləq 2 ədəd morfin vurmağı Ərkinazdan tələb etmişdir. Sonra Ərkinaz digər otağa keçmiş və bir müddət sonra geri qayıdaraq 2-ci morfin dərmanının hazırda olmadığını, lakin sifariş etdiyini və tez zamanda gələcəyini demişdir. O, bunu eşitdikdə daha da əsəbiləşmiş və Ərkinaza bədənindəki ağrılara dözə bilmədiyini və morfinin təcili gətirilməsini tələb etmişdir. Ərkinaz ona gözləmək lazım olduğunu demiş, o da əsəblərini cilovlaya bilməmiş və əlində olan mobil telefonu Ərkinazın sifətinə çırpmışdır. Ərkinaz da onu özündən uzaqlaşdırmaq məqsədilə əlindəki su stəkanını ona tərəf tullamışdır. Bu zaman onun qardaşı Elgül Ərkinazı itələmiş, daha sonra ətrafda olan şəxslər onu və qardaşı Elgülü oradan uzaqlaşdırmişlar. Mübahisə təxminən 45- 50 dəqiqə davam etmiş və həmin vaxt xəstəxananın iş fəaliyyəti pozulmuş, ətrafda isə təxminən 10-15 nəfərə yaxın vətəndaş toplaşmışdır. Təqsirləndirilən şəxs sonda əməlindən peşimançılıq hissi keçirdiyini, Vətən müharibəsi iştirakçısı olmaqla medallarla təltif edilməsini, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar birinci dərəcəli müddətsiz əlil olmaqla kənar şəxslərin daimi qulluğuna ehtiyacı olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, ekspertiza rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, Zərərçəkmiş şəxs1 ifadəsində ifadəsində göstərmişdir ki, o, 2024-cü ilin aprel ayından etibarən Saatlı RMX-nin Acil şöbəsində təcili yardım bölməsində həkim-terapevt kimi işləyir. xx.xx.2024-cü il tarixdə axşam saat 21:00-da növbəyə daxil olan zaman Acil şöbəsinin həkimi olan Baxay həkimə yaxınlaşıb narkotik tərkibli dərman preparatlarının təhvil-təslimini etmişdir. Bu zaman narkotik tərkibli Morfin dərmanından 1 ədəd qaldığını görmüşdür. O, növbədə olan zaman həmin Morfin dərmanından infakt keçirən xəstələrə, ağır ürək astması diaqnozu ilə RMX-ya daxil olan xəstələrə vuraraq istifadə edir. xx.xx.2024cü il tarixdə saat 22 radələrində X3 RMX-nın Acil şöbəsinə daxil olmuş və ona yaxınlaşaraq bədənində ağrılarının olduğunu və mütləq ona Morfin dərmanını vurmağı tələb etmişdir. O da Həsənə səbrli olmasını bildirmiş və hazırda Morfin dərmanının olduğunu və ona 1 ədəd iynə vuracağını bildirmişdir. Bu zaman Həsən ondan 2 ədəd Morfin iynəsini vurmağını tələb etmişdir. O da Həsənə xəstəxanada hazırda 1 ədəd morfin olduğunu və həmin morfindən istifadə edərək ona vuracağını bildirmişdir. Həsən bunu eşitdikdən sonra aqressiv şəkildə onun üstünə qışqırmış və onu söyüb təhqir edərək həkim kimi işləyə bilmədiyini bildirmişdir. O, yenə də Həsənə səbrli olmağı, söyüş söyməməyi bildirmişdir. Çünki ətrafda həm xəstələr, həm də şöbənin işçiləri olmuşdur. Həmin vaxt Həsənin qardaşı olan Şahid3 ona yaxınlaşaraq qardaşı Həsənin qazi olduğunu, əsəblərinin gərgin olduğunu bildirmiş və mütləq 2 ədəd morfin vurmağını ondan tələb etmişdir. O, bundan sonra iş otağından kənara çəkilmiş və baş həkim X5 zəng edərək vəziyyəti bildirmiş, morfin dərmanını təmin etməsini xahiş etmişdir. Araz həkim də bunu eşitdikdən sonra yenidən ona zəng edədərk morfin dərmanının təmin olunacağını bildirmişdir. O da Həsənə bu barədə bildirmişdir. Lakin Həsən onun dediklərinə məhəl qoymamış və onu təhqir edərə, üstünə tərəf gəlmişdir. Bu vaxt o, xidməti otaqda stulda əyləşmiş və təzyiqi qalxdığı üçün təzyiq dərmanını və 1 stəkan su götürmüşdür. O, təzyiq dərmanı qəbul edən zaman Həsən ona yaxınlaşmış və onu təhqir etmişdir. O da həmin zaman Həsənə söyüş söyməməsini bildirdiyi üçün Həsən əlində olan mobil telefonu ona tərəf ataraq telefonu onun üzünə çırpmışdır. Həmin vaxt o, Həsəni özündən uzaqlaşdırmaq üçün əlində olan su stəkanını Həsənə tərəf tullamışdır. Bu zaman Həsənin qardaşı Elgül onu itələmiş, o, müvazinətini itirmiş və divardan tutaraq özünü güclə saxlamışdır. Daha sonra ətrafda olan şəxslər Həsəni və qardaşı Elgülü oradan uzaqlaşdırmışlar. Bundan sonra o, dərhal polisə məlumat vermişdir. Həmin vaxt orada RMXnin işçiləri Şahid7, Şahid6, Şahid8 İsgəndər qızı və mühafizə işçiləri olan Şahid1 və Şahid2 olmuşdur. Həsənin qərəzli hərəkətlərinə görə xəstəxananın iş fəaliyyəti təxminən 45-50 dəqiqə pozulmuş, həmin müddət ərzində o və xəstəxananın işçiləri vətəndaşlara xidmət göstərə bilməmiş, həmçinin o xəsarət almışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmamış və ondan şikayətçidir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma qardaşı olmaqla İkinci Qarabağ müharibəsində iştirak etmiş və müharibədə yaralanmışdır.1-ci dərəcəli əlildir.Həsən müharibədə iştirak edib yaralandığı üçün hər iki ayağı dizdən amputasiya olunmuş və dizlərinə protez taxaraq hərəkət edir. Həsən bədənində ağrılar olan zaman Saatlı RMX-yə gedir və orada həkim müayinəsindən keçir. xx.xx.2024-cü il tarixdə axşam saat 22 radələrində Həsənin bədənində kəskin ağrılar olduğu üçün onu Saatlı RMX-yə aparmışdır. Xəstəxananın təcili tibbi yardım şöbəsinin inzibati binasına daxil olduqdan sonra Həsən orada olan həkim və tibb bacılarına bədənində ağrıların olduğunu və təcili ona ağrıkəsici Morfin dərmanını vurmalarını tələb etmişdir. Həmin zaman xəstəxanada növbətçi həkim olan Zərərçəkmiş şəxs1 da Həsənə səbrli olmağı və 1 ədəd Morfin dərmanının iynəsini vuracağını bildirmişdir. Bu zaman Həsən Ərkinaz həkimə bildirmişdir ki, ona 1 yox, 2 ədəd Morfin iynəsi vurulmalıdır. Ərkinaz da xəstəxanada hazırda 1 ədəd morfin olduğunu və həmin morfindən istifadə edərək iynəni ona vuracağını bildirmişdir. Bu zaman Həsən əsəbiləşmiş və kəskin ağrılar səbəbindən özünü idarə edə bilmədiyinə görə təhqiramiz ifadələr işlətmişdir. O da Ərkinaz həkimə yaxınlaşaraq Həsənin qazi olduğunu, əsəblərinin gərgin olduğunu bildirərək mütləq 2 ədəd morfin vurmağı Ərkinazdan tələb etmişdir. Sonra Ərkinaz həkim 2-ci morfin dərmanının hazırda olmadığını, lakin sifariş etdiyini və tez zamanda gələcəyini demişdir. Bundan sonra Həsən daha da əsəbiləşmiş və kəskin ağrı səbəbindən qəfildən əlində olan mobil telefonu Ərkinazın sifətinə çırpmışdır. Ərkinaz da Həsəni özündən uzaqlaşdırmaq məqsədilə əlindəki su stəkanını Həsənə tərəf tullamışdır. Həmin vaxt səs-küyə digər şəxlər də gəlmiş, onu və Həsəni oradan uzaqlaşdırmişlar. Mübahisə təxminən 45-50 dəqiqə davam etmiş və həmin vaxt xəstəxananın iş fəaliyyəti pozulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma övladı olmaqla İkinci Qarabağ müharibəsində iştirak etmiş və müharibədə yaralanmışdır. Həsən 1-ci dərəcəli əlildir.Həsən müharibədə iştirak edib yaralandığı üçün hər iki ayağı dizdən amputasiya olunmuş və dizlərinə protez taxaraq hərəkət edir. Həsən bədənində ağrılar olan zaman Saatlı RMX-yə gedir və orada həkim müayinəsindən keçir. xx.xx.2024-cü il tarixdə axşam saat 22 radələrində oğlu Elgül ona zəng edib Həsənin bədənində kəskin ağrılar olduğu üçün onu Saatlı RMX-yə apardığını, orada Həsənin Ərkinaz həkimlə mübahisə etdiyini bildirmiş, o da dərhal xəstəxanaya getmişdir. Xəstəxanaya çatanda məlum olmuşdur ki, Həsən ağrıları olduğundan morfin verilmədiyinə görə Ərkinaz həkimlə mübahisə edib əlindəki mobil telefonu sonuncunun sifətinə vurmuş, səs-küy və qarşılıqlıq yaranmış, nəticdə xəstəxananın iş fəaliyyəti pozulmuşdur. Dərhal xəstəxanada Ərkinaz həkimdən üzr istəmiş və Həsənin xəstə olmasına görə əsəblərini cilovlaya bilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin əvvəlindən etibarən Saatlı RMX-nin Acil şöbəsində tibb bacısı işləyir. xx.xx.2024cü il tarixdə saat 22 radələrində növbədə olarkən rayon sakini kimi tanıdığı və 44 günlük vətən müharibəsinin iştirakçısı olmaqla qazi olan Təqsirləndirilən şəxs RMX-nin Acil şöbəsinə daxil olmuş və həkimlərə yaxınlaşaraq bədənində ağrılarının olduğunu və Morfin dərmanını vurmalarını tələb etmişdir. Həmin zaman Acil şöbəsində növbətçi terapevt-həkim Zərərçəkmiş şəxs1 olmuşdur. Ərkinaz Həsənə səbrli olmasını bildirmiş və Morfin dərmanının hazırda olduğunu və ona 1 ədəd iynə vuracağını demişdir. Həmin vaxt digər xəstələrlə məşğul olarkən səs-küy olmuş və qarışlıq yaranmışdır. Məlum olmuşdur ki, Həsən Ərkinaz həkimlə mübahisə zamanı əlində olan mobil telefonu sonuncunun sifətinə vurmuşdur. Lakin o, həmin anı şəxsən görməmişdir. Çünki həmin vaxt digər xəstələrlə məşğul olmuşdur. Sonra Ərkinaz hadisə barədə polisə məlumat vermişdir. Yaranmış vəziyyətə görə xəstəxananın iş fəaliyyəti pozulmuş, həmin müddət ərzində həkimlər və tibb bacıları vətəndaşlara və xəstələrə xidmət göstərə bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 Şahid6 ilə eyniməzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də, şahidlər Şahid5, Şahid1, Şahid2 və Şahid7 ibtidai istintaq zamanı vermiş olduğu ifadələri ilə də təsdiq olunduğundan məhkəmə onların ifadələrini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan xx.xx.2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Saatlı şəhəri H.Əliyev prospekti 300 ünvanında yerləşən Saatlı RMX-nin Acil şöbəsinin inzibati binasıdır. Hadisə yeri Zərərçəkmiş şəxs1 tərəfindən göstərilmişdir. Şifahi sorğu əsasında Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ona 2 ədəd morfin ağrıkəsici dərmanının iynəsini vurmasını tələb etməsi, həmin zaman isə xəstəxanada 1 ədəd morfin dərmanı olmasını, bunu Təqsirləndirilən şəxs bildirdikdə isə sonuncu əsəbləşərək Zərərçəkmiş şəxs1 söyüb təhqir etməsini və əlində olan mobil telefonu Zərərçəkmiş şəxs1 sifətinə çırparaq ona xəsarət yetirdiyi bildirməklə, hadisənin baş verdiyi yerləri göstərmişdir. Bununla bağlı fotoşəkillər çəkilmiş, protokola əlavə edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli “Diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin CD disk kompyuterin oxuyucusuna taxdıqdan sonra dərhal ekranda 2 ədəd fayl peyda oldu. “Video - 1” adlı fayl 2 dəqiqə 23 saniyə; “Video - 2” adlı fayl isə 2 dəqiqə 34 saniyə müddətindədir. “Video - 1” adlı fayldakı videogörüntüyə baxış keçirilən zaman müəyyən olundu ki, xx.xx.2024-cü il tarixdə saat 22:20 dəqiqədən etibarən Təqsirləndirilən şəxs Saatlı RMX-nin Acil şöbəsinin inzibati binasının içərisində Zərərçəkmiş şəxs1 ilə əvvəlcə sözlə mübahisə edir. Videonun 1-ci dəqiqə 3-cü saniyəsində görünür ki, Təqsirləndirilən şəxs aqressiv şəkildə həkim Zərərçəkmiş şəxs1 öz iradlarını bildirir. Həmin zaman orada olan mühafizəçilər və xəstəxananın işçiləri Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışırlar. Videonun irəliləyən dəqiqələrindən görünür ki, Təqsirləndirilən şəxs səs tonunu qaldırdığı və söyüş söydüyü üçün ətrafda olan xəstələr narahat olur. Hətta videonun 1 dəqiqə 21-ci saniyəsində orada olan xəstə Şahid5 Təqsirləndirilən şəxs söyüş söyməsi səbəbindən əsəblərini cilovlaya bilməyərək uzandığı çarpayıdan duraraq Təqsirləndirilən şəxs tərəf getmək istəyir. Lakin həmin zaman orada olan mühafiçəzilər Şahid5 sakitləşdirirlər. Bütün bunlara rəğmən Təqsirləndirilən şəxs əməlini davam etdirərək həkim Zərərçəkmiş şəxs1 ilə aqressiv şəkildə mübahisəsini davam etdirir və videonun 1-ci dəqiqə 30-cu saniyəsində görünür ki, Təqsirləndirilən şəxs əlində olan mobil telefonu Zərərçəkmiş şəxs1 üzünə çırpır. Bu zaman Ərkinaz Mehdiyev stolun üstündə olan su stəkanını Təqsirləndirilən şəxs üstünə atır və həmin vaxt mühafiçəzilər Təqsirləndirilən şəxs oradan uzaqlaşdırır. Videonun 1-ci dəqiqə, 35-ci saniyəsində görünür ki, Təqsirləndirilən şəxs qardaşı Elgün Mehdiyev əli ilə həkim Zərərçəkmiş şəxs1 itələyir və bu zaman sonuncu müvazinətini itirir. Videonun 2-ci dəqiqə 8ci saniyəsində görünür ki, orada olan xəstə Şahid5 Təqsirləndirilən şəxs hərəkətlərindən narahat olur və şöbənin işçilərini çağırıb sistemi çıxarmalarını tələb edir. Daha sonra isə çarpayıdan duraraq xəstəxananı tərk edir. Bundan başqa, CD diskdə olan “Video - 2” adlı fayldakı videogörüntüyə baxış keçirilən zaman videogörüntünün 25-ci saniyəsində görünür ki, mühafizə işçiləri Təqsirləndirilən şəxs oradan uzaqlaşdıran zaman sonuncu yenidən həkim Zərərçəkmiş şəxs1 üzərinə gəlməyə cəhd edir və əməlini davam etdirir. Bu zaman xəstəxananın işçiləri və mühafizəçilər Təqsirləndirilən şəxs yenidən uzaqlaşdırırlar. Videodan da göründünü kimi orada olan digər xəstələr Təqsirləndirilən şəxs bu hərəkətlərinə görə narahat olurlar. Daha sonra Zərərçəkmiş şəxs1 DİN-in 102 zəng xidmətinə zəng edir və xəstəxananın mühafizəçiləri ilə işçiləri Təqsirləndirilən şəxs inzibati binadan çölə çıxarırlar. İşdə olan məhkəmə-tibbi ekspertizanın xx.xx.2024-cü il tarixli 198 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sifətin sağ yanaq proyeksiyasında hematoma, selikli qişada yara, alt dodaqda qansızma, başın təpə və ənsə nahiyələrində qançırlar küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gəlir. Ayrı-ayrılıqda sağ yanaq nahiyəsində hematoma, selikli qişada qansızma dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Digər xəsarətlər – alt dodaqda qansızma, başın təpə və ənsə nahiyələrində qançırlar isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İşdə olan Azərbaycan Respublikası Medalının vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs “Cəbrayılın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. İşdə olan vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif edilmişdir. İşdə olan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 1-ci dərəcəli müddətsiz əlildir. Kənar şəxslərin daimi qulluğuna ehtiyacı var. Xüsusi yaradılmış şəraitdə oturaq işlərdə işləyə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə görə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər hesab olunur. Həmin Məcəllənin 221.3-cü maddəsinə görə bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, xuliqanlıq obyektiv cəhətdən CM-nin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi - ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zor tətbiq edilməsi hədəsi; habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Həmin Qərarda qeyd edilir ki, silahdan fərqli olaraq, silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən məhv etmə təyinatlı deyil və qeyd edilən tətbiq üsulu onların təyinatına və mahiyyətinə ziddir. Həmin əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat, təsərrüfat-məişət məqsədilə və yaxud da ümumiyyətlə hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhv etmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhv etmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndinə görə Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə tədqiq edilən sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi etirafedici ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası CPM-nın 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin, cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8ci maddəsinə görə cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinəəsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində iki azyaşlı övladının olmasını, təqsirini etiraf etməklə əməlindən peşimançılıq hissi keçirməsini, Vətən müharibəsi iştirakçısı olmaqla medallarla təltif edilməsini, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar birinci dərəcəli müddətsiz əlil olmaqla kənar şəxslərin daimi qulluğuna ehtiyacı olmasını, ilk dəfə cinayət törətməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə qeyd olunanlara əsaslanaraq Təqsirləndirilən şəxs oğluna cəza təyini məsələsini müzakirə edib təqsirləndirilən şəxsin təqsirini etiraf etməklə əməlindən peşimançılıq hissi keçirməsini, himayəsində iki azyaşlı övladının olmasını, Vətən müharibəsi iştirakçısı olmaqla medallarla təltif edilməsini, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar birinci dərəcəli müddətsiz əlil olmaqla kənar şəxslərin daimi qulluğuna ehtiyacı olmasını, ilk dəfə cinayət törətməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını, eyni zamanda təyin ediləcək cəzanın ağırlaşdıran hallarının müəyyən edilməməsini müstəsna hallar kimi qiymətləndirərək, CMnın istinad edilən 221.3-cü maddəsinin sanksiyasında yalnız azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğuna görə və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən də islah olunması mümkündür və ona təyin ediləcək cəza şərti olaraq tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nın 70-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Qeyd edilənlərlə bərabər, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq hazırkı hökmün qanuni qüvvəsini alanadək Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin dəyişdirilmədən saxlanmasını məqsədə uyğun hesab edir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 357.0.4 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində iki il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nın 70-ci maddəsinə əsasən təyin edilmiş iki il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilərək, ona bir il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini aldığı gündən hesablansın. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində yeni cinayət törətməzsə hökm icra edilməsin. Təqsirləndirilən şəxs üzərinə, onun davranışına nəzarəti həyata keçirən müvafiq icra və probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası və Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Saatlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Saatlı Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar