Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-21/2025 06.02.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Salyan rayonu, Qaraçala qəsəbəsində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Qaraçala qəsəbəsində qeydiyyatda olmaqla orada faktiki yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs Saatlı şəhər sakini Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin struktur bölmələrinin birində işə qəbul olunmaq arzusunda olduğunu bilib sonuncunu aldatmaqla nağd pul vəsaitini ələ keçirməkdən ötrü həmin zaman Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X5 Xidmətinin Muğan Regional X5 İdarəsinin X5 şöbəsinin inspektoru vəzifəsində, daxili xidmət kapitanı rütbəsində işləməsindən, yəni öz qulluq mövqeyindən istifadə edərək özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə, Zərərçəkmiş şəxs onun 10.000 (on min) manat pul müqabilində Fövqəladə Hallar Nazirliyinin X2 Xidmətinin Saatlı rayon X2 Hissəsinə yanğınsöndürən vəzifəsinə işə düzəlməsinə dair yalan vədlər verərək, tutduğu vəzifə ilə əlaqədar Zərərçəkmiş şəxs qeyd olunan məsələnin həll edilməsinin onun imkanı dairəsində olması ilə bağlı inam yaradıb aldatmaqla, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Saatlı şəhəri, H.Əliyev prospekti 162 ünvanında yerləşən Saatlı bələdiyyəsinin inzibati binasının xidməti otağına gəlib, Zərərçəkmiş şəxs həmin məqsədlə ona verdiyi 5500 (beş min beş yüz) manat pulu bilavasitə almış, habelə xx.xx.2023-cü il tarixdə saat 12 radələrində eyni məqsədlə Zərərçəkmiş şəxs Saatlı bələdiyyəsinin həyətyanı sahəsində 4500 (dörd min beş yüz) manat pulu vahid niyyətlə alıb qanunsuz ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə, 10.000 (on min) manat məbləğində maddi ziyan vurmuş, yəni aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bu əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, atası və arvadının xəstəlikləri ilə əlaqədar 2023-cü ilin sentyabr-oktyabr ayları ərəfəsində kəskin pula ehtiyacı olmuş, yaxın ətrafından pul istəsə də heç kəs ona köməklik göstərə bilməmiş, necə pul əldə edə biləcəyini düşünmüş, eyni zamanda bir sıra banklara da borcu mövcud olmuşdur. Onun ağlına pul qazanmağın qanunsuz fikri, yəni kimisə FHN-ə işə düzəltmək adı ilə aldadıb pul vəsaitini ələ keçirmək gəlmiş, vəzifəsi üzrə Saatlı rayonu ərazisində yerləşən bütün dövlət, bələdiyyə və özəl mülkiyyət müəssisə, idarə və təşkilatlarında öz işinin icrası ilə bağlı olduğundan Saatlı şəhər bələdiyyəsində olarkən orada işləyən Aqil adlı şəxslə tanış olmuş, tanışlığında eyni zamanda Saatlıda işlədiyi vaxt kirayədə qaldığı Fətəlikənd kəndində yaşayan Bəxtiyar adlı bələdiyyələrə gedib gələn ictimai birlik işçisi olan şəxsin vasitəsilə sonuncu ilə görüşmüş, belə ki, 2023-cü ilin oktyabr ayının əvvəlləri Bəxtiyara FHN-də bir nəfəri işə düzəldə biləcəyini, dost-tanışdan kimsə istəsə deməsini xahiş etmişdir. O, Bəxtiyara işə adamı nəyinsə qarşılığında götürəcəyini deməmiş, sonuncu da yaxın günlərdə onu Aqillə tanış etmiş, o növbəti günlərdə Saatlı bələdiyyəsində işilə əlaqədar arayış alarkən Aqillə görüşüb, sonuncuya bu haqda söhbətə başlamış və FHNdə iş düzəldə biləcəyini, qohum və ya yaxınlarından istəyən olsa ona deməsini bildirmiş, Aqillə söhbətində sonuncunun qohumunu işə 10 min manat pul qarşılığında FHN-də işə təyin edəcəyini bildirmişdir. Aqildə ona qohumu ilə danışıb belə bir işdə işləyib-işləməmək arzusunda olub-olmayacağını yaxın günlərdə ona deyəcəyini bildirmiş, bir qədər sonra isə bir nömrə verib qohumu Qismət adlı şəxsin olduğunu, özümün ətraflı danışmasın dedi. Qismətlə artıq mobil telefonda danışmış və sonuncu ilə söhbətində X3 Nazirliyində müəyyən vəzifədə işləmək arzusunda olduğunu danışığından görüb, ətraflı şəkildə sonuncuya özü haqda məlumat verib FHN-nin DYMX-nin Saatlı rayon yanğından mühafizə hissəsinə yanğınsöndürən işinə düzəldə biləcəyini və 10 min manat pul qarşılığında bunu edəcəyini demişdir. Qismətdə onunla razılaşmış, pulu düzəltməyə möhlət istəmiş, bir neçə gün sonra təqribən oktyabr ayının 14-15-i günü Qismət ona zəng edib Saatlı bələdiyyəsində qohumu Aqilin yanında növbəti gün səhər görüşməyi, pulun bir qismini gətirəcəyini demiş, o da görüş məkanını razılaşmışdır. Növbəti günü səhər saat 11 radələrində Saatlı bələdiyyəsinə iş günü olduğu ilə əlaqədar xidməti geyimində getmiş, orada Aqillə salamlaşmış, biraz keçmiş ki, Qismət və yanında qohumları olduğunu dediyi 3 nəfər də gəlmiş, onun Zərərçəkmiş şəxsla ilk canlı tanışlığı orada olmuş, Qismət və yanındakıları ona yanğınsöndürən işinə təyin olunmaq istədiyini, işin nə zamana və necə düzələcəyinə dair soruşmuş, o da pul məsələsi həll olunduqdan sonra təxminən 5-6 ay ərzində Qisməti FHN-ə çağırılacağını, o müddət ərzində əmri çıxaraq müvafiq vəzifəyə başlayacağını və işə təyin olunmasını ümumilikdə əlaqələri vasitəsilə həll edəcəyini vəd etmişdir. Bundan sonra Qismət cibində 5500 manat məbləğində pulu ona vermiş, o götürmüş, Qismət ona pulun yerdə qalan 4500 manat hissəsini uzağı bir həftəyə verəcəyini bildirmiş, təxminən 1 həftə sonra oktyabr ayının təqribən 23-ü günü Qismətlə təkrar danışıb saat 12 radələrində Saatlı bələdiyyəsinin həyətində görüşmüş, Qismət ona qalan 4500 manat pul vəsaitini bir dəstə halında vermiş, o da Qismətə heç nədən nigaran qalmamasını, 5-6 ay ərzində işə təyin olunacağını bir daha əmin etmişdir. Bundan sonra o, pulları götürüb öz şəxsi istifadəsi üçün, atası və arvadının müalicəsi üçün xərcləmiş, onun Qisməti hansısa vəzifəyə təyin etmək kimi bir fikri olmamış, pulu bu şəkildə alıb xərclərini qarşıladıqdan sonra gələcəkdə qaytarmaq fikri olmuşdur. 2024-cü ilin yanvar ayından etibarən Qismət onunla telefonla və “Whatsapp” sosial tətbiqində yazışmalara başlamış, ondan hər səfərində işin nə yerdə olduğunu soruşanda, Qismətə müxtəlif bəhanələr gətirərək, səbrli olmasını, 3-5-10 günə bir xəbər çıxacağını, əmrin gecikdiyini, habelə pulu Nazirlikdə işi həll edəcək adama verdiyini, həmin şəxs işi yubatdığını və digər formalı bəhanələr gətirmişdir. Bu sırada özü pul tapmağa çalışmış ki, camaatın pulunu qaytarsın, lakin aldığı 800 manat maaş güclə özünə çatmış, 10 min manat aldığının bir qismini belə düzəldə bilməmişdir. Bu şəkildə Qismət və adlarını bilmədiyi bir neçə qohumu ilə cari ildə danışıqları iyul-avqust ayına kimi davam eləmiş, yay aylarında artıq Qismət və qohumları əgər iş alınmırsa deməyi, alınmadığı təqdirdə pul vəsaitini geri qaytarmağı tələb etmiş, o artıq yalan danışmağın bir yeri qalmadığını dərk edib, sonunculara işin alınmadığını bildirmiş, pulu qısa zaman ərzində qaytaracağını demişdir. Son danışıqlarda Qismət ona pulu qaytarmasa prokurorluğa ondan şikayət edəcəyini demişdir. Törətdiyi hazırki əməldən peşmandır. Hazırda zərərçəkmiş şəxslə razılaşmış, zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Ona görə də, məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ərizə təqdim edərək ifadəsində göstərdi ki, o, 2023-cü il tarixdə işsizlikdən bezib anasına dəstək olmaq üçün qohum və tanışlarına istənilən bir işə düzəlmək istədiyini, ona tövsiyə edə biləcəkləri hansısa iş olarsa demələrini xahiş etmişdir. 2023-cü ilin oktyabr ayının əvvəllərində Saatlı bələdiyyəsində işləyən və yaxın münasibətdə olduğu ata tərəf qohumu Şahid1 ona zəng edərək Fövqəladə Hallar Nazirliyinin əməkdaşı İlkin adlı tanış olduğu biri Fövqəladə Hallar Nazirliyində bir vəzifəyə iş təşkil etdiyini, onun vaxtikən FHN-də işləmək arzusunun olduğunu xatirində olduğundan belə bir işdə işləmək istəyib istəmədiyini soruşmuşdur. Əlavə olaraq qeyd edir ki, bir neçə il hadisələrdən əvvəl o Fövqəladə Hallar Nazirliyinə işə qəbul olunmaq üçün quruma müraciət etmiş, lakin qəbul olunmamış, bu səbəblə Aqil ona zəng edib belə məlumat vermişdir. O, Aqilə işsiz olduğunu, təbii ki belə bir işdə işləmək istəyəcəyini bildirmiş, Aqil ona sadəcə həmin şəxsin Nazirlikdə bir işə düzəltmək üçün 10,000 manat məbləğində pul vəsaiti tələb etdiyini demiş, o Aqillə söhbətində üzərində hazırda elə bir pulun olmadığını, hansı işə təyin edəcəyini, fikirləşmək lazım olduğun demiş, Aqil necə uyğundusa elə etməyi, geniş məlumatı olmadığını, istərsə həmin şəxsin özü ilə ətraflı danışmağını ona söyləmişdir. O isə Aqilə həmin əməkdaşın nömrəsini atmasını demiş, Aqil də ona lakin həmin FHN əməkdaşını yaxından tanımadığından araşdırıb belə bir işə girməyini, sonra problem olmamasını, FHN-də işləmək arzusu olduğundan bu iş haqda yaxını kimi ona bildirdiyini demiş, ona İlkinin mobil nömrəsin göndərmişdir. O, İlkinlə həmin günlərdə danışıb Aqilin qohumu olduğumu bildirib iş haqqında məlumat istəmiş, İlkinlə arasında ilk ünsiyyət telefonla başlamış, İlkin ona ətraflı şəkildə özünün FHN-də işlədiyini, FHN-də iş təşkil etdiyini söyləmiş, o İlkindən hara təyin edəcəyini soruşandan sonuncu onu FHN-nin DYMX-nin Saatlı rayon yanğından mühafizə hissəsinə yanğınsöndürən işinə təyin etdirə biləcəyini və 10 min manat pul qarşılığında bunu edəcəyini demiş və o, İlkindən həmin işdə işləmək arzusunun olduğunu deyib pulu düzəltmək üçün möhlət istəmiş, İlkin gözləməyə az vaxtı olduğunu demişdir. O dərhal pul axtarmağa başlamış, qohumlarından bir qədər borc alıb əlavə də mülkiyyətimdə olan traktor qoşqusunu satıb 5500 (beş min beş yüz) manat pulu 7-10 gün içərisində düzəltmış, daha sonra oktyabr ayının 15-i İlkinlə zəngləşib etibarlı görüş məkanı kimi növbəti günü səhər saat 10-11 radələri üçün Aqilin işlədiyi bələdiyyədə görüşməyi, pulun bir hissəsi ilə gələcəyin demiş, İlkin razılaşmışdır. Təxminən oktyabr ayının 16-sı o, evdən 5500 manat məbləğində pulu da götürüb özünü sığortalamaq üçün əlavə olaraq əvvəlcədən məlumatlandırdığı əmisi Şahid4, yeznəsi Oktay və ata tərəf qohumu eləcə də qonşusu Şahid2 ilə birlikdə Aqilin işlədiyi Saatlı bələdiyyəsinə getmişlər. Bələdiyyəyə çatanda səhər saat 11 radələri idi. Bələdiyyəyə gəlib qohumu Aqillə orada görüşmüş, Aqil bələdiyyənin inzibati binasında öz otağında onu digər qohumlarla birlikdə qəbul etmişdir. Onlar gələndə artıq İlkin də gəlmişdi. O, Aqilə etibar elədi deyə yanına gəldiyini, burda İlkinlə söhbətləşəcəyi bildirmiş, Aqil də ona qohum olduğun, təbii ki, rahat işini danışa biləcəyini demişdir. Təqsirləndirilən şəxs adlı həmin FHN əməkdaşı ilə canlı tanışlığı orada olmuş, İlkin kapitan rütbəsində fövqəladə hallar nazirliyinin xidməti geyimində olmuş, bu səbəblə işə onu götürəcəyindən daha da arxayın olmuş, İlkinlə artıq o və onunla gələn qohumlarla birgə söhbətə başlamışlar. İlkin söhbətində FHN-də çalışdığını Saatlı rayon yanğından mühafizə bölməsində yanğınsöndürən işinə onu özü götürülməsini təşkil edəcəyini, uzağı 3 aya Fövqəladə Hallar Nazirliyinə çağırılacağını və işə götürülərək əmri gələcəyini izah etmiş və 10 min manat pulu gətirib-gətirmədiyini soruşmuş, o, İlkinə 5500 manat pul gətirdiyini, qalan pulu da 1 həftə ərzində verəcəyini demiş, qohumları da buna təminat durmuş, İlkin razılaşıb pulu orada götürmüşdür. O, İlkinə həmin gün 5500 manat pul vəsaitini bir dəstə halında vermişdir. Yanında pulu verərkən sadaladığı qohumlar olan İlham, Aqil, Vahid və Oktay olmuşdur. Növbəti həftə yəni 23 oktyabr tarixində səhər saat 12 radələrində İlkinlə Saatlı şəhər bələdiyyəsinin həyətində təklikdə görüşüb qalan 4500 manat pulu da sonuncuya əlbəəl vermiş, İlkin tam rahat olmağı, uzağı 3 aya yanğınsöndürən işinə düzələcəyini ona söyləmişdir. Bundan sonra İlkinlə bir müddət ünsiyyətləri olmamış, xəbər gözləmiş, artıq aylar keçdikcə o narahat olmağa başlamış, belə ki, onu FHN-dən heçkəs işlə bağlı dəvət etmir, müsbət nəticə olmurdu. Artıq 3 ayın başa çatmasına az qalmış, cari ilin yanvar ayı ərəfəsində o, İlkinin istifadəsində olan mobil nömrəyə zəng edib və istifadəsində olan mobil nömrəyə “Whatsapp” sosial tətbiqində mesajlar yazıb sonuncuya işinin nə yerdə olduğun soruşmuş, Təqsirləndirilən şəxs ona işə düzəlməyə az qaldığını, 10-15 günə uzağı çağırılacağını bildirmiş, günlər həftələrə, həftələr aylara keçməyə başlamış, hər səfərinlə İlkinlə danışanda və yazışanda sonuncu ona səbrli olmasını, biraz işin düzəlməyində problemlər çıxdığını, həll olunacağımı, qısa zaman ərzində nazirliyə çağırılacağımı bildirməklə hər səfərində müxtəlif bəhanələr gətirmiş, o bu problemləri yuxarıda adların qeyd etdiyi hadisədən agah olan qohumlarına bildirəndə də, sonuncular hər biri ona haq vermiş, əsasda Vahid də İlkinlə birində danışmış, verdiyi vədi yerinə yetirməyi tələb etmiş, bu şəkildə 2024-cü ilin iyul ayına qədər söhbətlər davam etmişdir. Cari ilin iyul ayında İlkinlə təklikdə canlı görüşmüş, sonuncuya onu niyə aldatdığını, niyə işə artıq 9 aya yaxındır ki, keçmədiyini bildirəndə İlkin ona problemlərə görə onu işə götürməyin mümkün olmadığını, pulu qısa zaman ərzində ona geri qaytaracağını demiş, o İlkinə pulu qısa vaxt ərzində qaytarsa heç bir dövlət qurumuna şikayət etməyəcəyini demiş, istər telefon danışıqları, istərsə də “Whatsapp” tətbiqin mesajlaşma və səs yazılarında onu arxayın etmiş, yekun nəticə olaraq son 1 il ərzində bütün söhbətlərdə İlkin vaxtı ertələməyə, vaxt udmağa çalışmış, yekunda ona İlkinin aldatdığı pulu qaytarmaq kimi bir niyyəti olmadığını bilib rayon prokurorluğuna ərizə ilə müraciət etmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayət, tələbi və mülki iddiası yoxdur. Təqsirləndirilən şəxsə köməklik olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2014-cü il tarixdən hazıradək Saatlı bələdiyyəsində vergi agenti vəzifəsində işləyir. Saatlı bələdiyyəsində yanğın təhlükəsizliyi qaydalarına riayət olunması ilə bağlı FHN-nin rayonda inspektoru Təqsirləndirilən şəxs adlı şəxs ilə səthi tanışlığı əmələ gəlmiş, lakin yaxın münasibət olmamış, salam-sağol olmuşdur. Bundan başqa son 4-5 il idi ki, bələdiyyəyə gəlib-gedən şəhid ailələrinə dəstək edən birlik nümayəndəsi kimi tanıdığı, Fətəlikənddən olan Bəxtiyarla da qarşılıqlı yaxşı münasibətim var idi. Sonuncu da bələdiyyəyə vaxtaşırı sənədləşmə işləri üçün gəlib-getmiş, 2023-cü ilin sentyabr ayının axırı-oktyabr ayının əvvəllərində Bəxtiyar yanına gəlmişdir. Bəxtiyar ona yanğın yoxlamalarına gələn tanıdığı İlkin adlı şəxsin FHN-ə adam işə götürdüyünü, bununla bağlı sonuncunun xahiş etdiyini, yaxını kimi ona dediyini, tanış və ya qohumlardan kimsə olsa İlkinlə danışa biləcəyini bildirdi və o da İlkinlə onsuz da səthi tanışlığı olduğundan sonuncunu tanıdığını, bələdiyyədə ara-sıra gördüyünü və bir problem olmadığını demişdir. Bu zaman aralarında maddi nemət qarşılığında İlkinin işə qəbul edəcəyi haqda Bəxtiyarla söhbət olmamış, o heç bu haqda düşünməmişdir. Bəxtiyar İlkini onunla tanış etdikdən və nömrəsin ona verdikdən sonra çıxıb getmişdir. Bəxtiyarla İlkinin nə kimi münasibətləri olduğundan ətraflı məlumatı yoxdur, tək bildiyi Bəxtiyar sadəcə yaşlı, yardımsevər bir axıska türkü olduğudur. Bundan sonra İlkin onunla bələdiyyədə görüşmüş və FHN-də bir iş düzəldə biləcəyini, qohum-tanışlarından kimsə istəsə xəbər etməsini, lakin 10 min manat pul müqabilində işi həll edəcəyini ona demişdir. O da yaxın münasibətdə olduğu, tez-tez görüşdüyü qohumu Zərərçəkmiş şəxs yadına düşmüş, çünki sonuncu istər o, istərsə də digər qohumlara bir iş olsa xəbər etməyi demiş, həmçinin FHN-ə vaxtikən müraciət etmiş lakin qəbul edilməmişdi. O da İlkinə bir qohumumun iş axtardığını, sonuncu ilə danışıb deyəcəyini söyləmiş, Qismətlə həmin günlərdə əlaqə saxlayıb bir tanış olduğu FHN əmədaşının işlədiyi qurumda, yəni FHN-də iş düzəltdiyini, İlkinin dediyi hərşeyi Qismətə demiş, əlavə olaraq həmin adamla yaxın münasibəti olmadığını, gedib maraqlanıb hərəkət etməsini, qohum kimi bu xəbəri eşidib dediyini, sabah-birigün problem çıxsa onun günahı olmamasını da Qismətə demişdir. Qismət onun dedikləri ilə razılaşıb həmin işə keçmək arzusunun olduğunu bildirdikdən sonra o, İlkinin nömrəsini Qismətə, Qismətin mobil nömrəsin isə İlkinə vermişdir. Bundan sonra aralarında nə söhbət oldu onun xəbəri olmamışdır. Həmin ilin oktyabr ayının ortaları təxminən 15-17-si tarixləri arasında səhər saat 10-11 radələrində işlədiyi Saatlı bələdiyyəsində öz xidməti otağında işlərini görərkən ilk öncə Təqsirləndirilən şəxs onun otağına gəlmiş. sonuncu xidməti geyimdə olmuş, qohumu Qismətlə danışıb onun otağında görüşmək qərarına gəlindiyini bildirmiş, Qismətgilin də qısa zamanda gələcəklərini demişdir. O, Qismətin qohumu olduğunu nəzərə alıb buna etiraz etməmiş, bir neçə dəqiqə sonra Qismət, digər qohumları Şahid4 Şahid2 və Qismətin yeznəsi Şahid3 onun otağına gəlmiş, birlikdə görüşdükdən sonra İlkinlə qohumlar birgə söhbətə başlamışlar. İlkin söhbətində FHN-nin DYMX-nin Saatlı rayon X2 hissəsinə yanğınsöndürən işinə 10 min manat qarşılığında işə Qisməti təyin edəcəyini, uzağı işə 3-4 aya keçəcəyini, pulun gətirib-gətirmədiyini soruşmuş, Qismət elə deyilənlərlə razılaşıb pulun natamam olduğunu, 1 həftəyə qalanını verəcəyini bildirib cibindən müəyyən qədər pul İlkinə vermiş, qalan pulu qısa zaman ərzində İlkinə verəcəyini bildirmişdir. Bundan sonra hər biri sağollaşıb çıxıb getmiş, Onun bu işdən sonra hadisələrdən bir müddət heç bir məlumatı olmamış, ən son 2024-cü ilin may ayı ərəfəsində Qismət ona zəng edib bu günə qədər işə keçmədiyini, İlkinin yubatdığını, bəhanələr gətirdiyini bildirmiş, o isə Qismətə istərsə şikayət edə biləcəyini demiş, sonradan qohumlardan bəlli olmuş ki, İlkin Qisməti işə düzəltməmiş, pulunu alıb aldatmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qaynıdır. Qismət keçən ilin, yəni 2023-cü ilin oktyabr ayının ortalarında onunla əlaqə saxlayaraq FHN-nin bir əməkdaşı ilə tanış olduğunu, FHN-nin Saatlı rayon X2 hissəsinə yanğınsöndürən vəzifəsinə işə düzəldəcəyini, bununla bağlı səhərisi günü sonuncu ilə görüşəcəyini, müəyyən qədər pul ilə gedəcəyini, bu səbəblə yaxın kimi yanında onun da olmağını xahiş etmişdir. O, buna qədər hadisələrdən məlumatlı olmamış, Qismətin xahişi ilə razılaşmışdır. Təqribən oktyabr ayının 16-sı günü işdən icazə alıb saat 9-10 radələri ərəfəsində Qismətlə yenə əlaqə saxlamışdır. Qismət ona qohumu Aqilin işlədiyi Saatlı bələdiyyəsinə gedəcəyini, görüşün orada baş tutacağını və ora gəlməyini bildirmişdir. Bələdiyyəyə çataçatda Qisməti və yanında digər qohumları olan Şahid2 və Şahid4 ilə də görüşüb dördü birlikdə Saatlı bələdiyyəsinə daxil olmuşlar. Bələdiyyəyə daxil olub orada qohum Aqil və FHN-nin xidməti geyimində bir kapitan rütbəli şəxs ilə qarşılaşmış, görüşüb Aqilin otağında yerləşmişlər. Qismət ilə FHN-nin əməkdaşı söhbətə başlamış, FHN əməkdaşının söhbət zamanı adının İlkin olduğunu öyrənmiş, İlkin Qismətə FHN-nin DYMX-nin Saatlı rayon yanğından mühafizə hissəsinə yanğınsöndürən işinə təyin etdirəcəyini, uzağı 3 aya Fövqəladə Hallar Nazirliyinə çağırılacağını, müəyyən sənədləşmə işləri aparılacağını və işə götürülərək əmrinin gələcəyini izah etmiş, 10 min manat pulu gətirib-gətirmədiyini soruşmuş, Qismət də bu zaman İlkinə pulun bir hissəsini, yəni 5500 manat pul gətirdiyini, qalan pulu da 1 həftə ərzində verəcəyini bildirmiş, İlkin Qismətlə razılaşmış və pulu o və digər adlarını çəkdiyi qohumların yanında götürmüş və çıxıb getmişdir. Bunda sonra hər kəs öz işinin dalınca bələdiyyədən ayrılmışdır. Əlavə olaraq da qeyd edir ki, işə təyinat ilə bağlı İlkin işi özü həll edəcəyini demiş, kənar 3-cü adam adı çəkməmiş, Qismətin artıq birgə görüşdən sonra yerdə qalan 4500 manat pulu İlkinə verdiyi qohum-əqrəbadan qulağına çatmışdır.Bir müddət sonra, cari ilin yanvar ayı ərəfəsindən başlıyaraq Qismətlə canlı və telefonla əlaqələrində işinin axrı haqda soruşmuş, Qismət İlkinlə söhbətində sonuncunun Qismətə işlərin birqədər ləngidiyini dediyini, yubatdığını, lakin işin düzələcəyini deməklə arxayın elədiyin demiş, bu şəkildə bir neçə ay da uzanmış, o, artıq İlkinin Qisməti aldatdığını anlamış, təxminən cari ilin yay aylarında Qismət İlkinin aldatdığını, pul vəsaitini alaraq heç bir işə keçirtmədiyini, bu haqda aidiyyəti üzrə şikayət etmək haqda fikri olduğunu bildirmiş, o isə Qismətə şikayət etməzdən əvvəl İlkinlə onun da telefonda danışmağını, İlkinin 10 min manat pulu götürməsini sübut edəcək səs yazısı olması üçün İlkinlə danışan zaman səsi yazmağı təklif etmiş, cari ilin yay aylarında İlkinlə mobil telefonla zəng edib danışmış, Danışıq zamanı da İlkinə nə qədər pul aldığını qəsdən söz gəlişi soruşanda İlkin 10 min dediyini, pulu uzaq başı ayın 25-nə kimi qaytaracağını demişdir. Bu səs yazısını Qismət öz telefonunda istintaqa artıq təqdim etmişdir. Sonda Qismət və digər qohumlar ümumilikdə Saatlı rayon prokurorluğuna şikayət etməsinin məqbulluğu haqda fikrə gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid4 Şahid3 ifadəsi ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, kənddə futbol stadionunun salınması ilə bağlı FHN, Saatlı rayon icra hakimiyyəti, Saatlı bələdiyyəsi və yaşadığım Fətəlikənd bələdiyyəsi ilə hər qurumdan əməkdaşlarla münasibəti olmuş, torpaq sənədləri ilə bağlı FHN-nin inspektoru Təqsirləndirilən şəxs ilə də iş gəlişi bu cür işgüzar tanışlığı olmuş, İlkinlə bundan artıq yaxınlığı olmamışdır. İlkin 2023-cü ilin sentyabr ayında onunla birgə olan zaman FHN-ə işə adam götürə bildiyini, ziyalı və ictimai işlərdə fəal olduğunu bildirib bir tanışının işə qəbul olunmaq arzusunda olub-olmadığını soruşmuşdur. Bu zaman İlkin ona qanunsuz yolla, habelə hər hansı pul və ya digər maddi nemət müqabilində işə adam qəbul etdiyini bildirməmiş, buna görə o, İlkinin kiməsə yaxşılıq etmək üçün bunu dediyini düşünmüşdür. Lakin öz işləri qarışıq olduğundan kiməsə bir söz ilk olaraq deməmiş, bundan sonra İlkin bir səfərində də ona zəng edib, habelə canlı görüşəndə kiməsə bu haqda deyibdemədiyimi soruşmuş, İlkinin dəfələrlə xahiş etməsindən və buna görə inciməməsindən, öz rayonunda kiməsə bir iş tapılmasında xeyriyyəçilik olsun deyə tanışı olsa deyəcəyini İlkinə bildirmiş, Saatlı bələdiyyəsində işləyən Aqil adlı şəxslə işgüzar yaxın münasibəti olmuşdur. O, həmin ilin oktyabr ayının əvvəlləri Aqilin işlədiyi Saatlı bələdiyyəsinə getmiş və sonuncu ilə söhbətində Təqsirləndirilən şəxs ona dediyi iş məsələsin yəni, tanışı, qohumu olsa İlkin adlı FHN əməkdaşının FHN-nə işə adam düzəltdiyini danışmış və İlkinin nömrəsini Aqilə vermişdir. Aqil İlkini özü də səthi tanıdığın söyləmiş, bundan sonra onun həmin işlərlə hər hansı bir əlaqə, məlumatı olmamışdır. İstintaq zamanı ona İlkinin dələduzluq edərək Aqilin qohumunun pul vəsaitlərini ələ keçirdiyi və aldatmış olduğu bəlli olmuşdur. Onun bu hadisələrdən əlaqəsi olmamış, İlkin onunla söhbətində belə pulla adam işə götürdüyün deməmiş, İlkinin rütbəli zabit olduğundan işə götürmə səlahiyyətinin olduğunu düşənərək camaat iş tapsın deyə yardım etmək üçün Aqillə görüşüb bunu demiş, bu haqda onun maddi və ya digər şəxsi marağı olmamışdır. İşdə olan xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs iştirakı ilə tərtib olunmuş “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “X9 8” markalı mobil telefonun “Ses kaydedici” bölməsinə daxil olduqda xx.xx.2024-cü il tarixə aid 55 saniyəlik “31 Tem 10.56” adlı 01 ədəd səs yazısı olduğu müəyyən edildi. Səs yazısına baxış zamanı 2 nəfər şəxsin işlə təmin olunma və pul vəsaitinin verilməsi haqqında söhbət getdiyi görünür. İlk eşidilən insan səsi (bundan sonra Birinci şəxs) tərəfindən 15-20 günə sənədlərin hazırlanacağı, əmrin çıxacağı deyildiyi eşidilir. (Səs yazısının 01-08-ci saniyələri). Daha sonra səs yazısının 33-47-ci saniyələrində digər şəxsə məxsus səs (bundan sonra İkinci şəxs) tərəfindən nə qədər pul vəsaitinin verildiyi soruşulanda Birinci şəxs 10 min dediyi, İkinci şəxsin isə gələn həftənin 5-ci günü iş həll olunmasa pulu geri alacağı deyildiyi müəyyən edilir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs həmin səs yazısı Təqsirləndirilən şəxslə 2024-cü ilin yay aylarında qonşusu Şahid2 arasında olan səsli danışıq olduğu, Birinci səsi eşidilən şəxsin Təqsirləndirilən şəxs olduğu, İkinci şəxsin isə qonşusu Şahid2 olduğu, səs yazısından da göründüyü kimi Təqsirləndirilən şəxs özü tərəfindən 10000 (on min) manat pul vəsaitini götürdüyünün eşidildiyini qeyd etmişdir. Həmin telefonun “Whatsapp” sosial tətbiqinə daxil olduqda kontakt profillər arasında “İlkin Pajarni” adlı profil olduğu müəyyən edildi və daxil olduqda +99***-***-**-** nömrəli həmin profillə Zərərçəkmiş şəxs arasında xx.xx.2024-xx.xx.2024-cü il tarixə aid işə təyin olunma, işə çağırılmaq və iş məsələsinin nə zaman həll olunacağını özündə əks etdirən qarşılıqlı yazışma və səs yazıları olduğu müəyyənləşdirildi. Səs yazıları və yazışmalara baxış zamanı “Xəbər yoxdu”, “İş yubanır, məndən asılı olan bir şey deyil” “Cavab gələndən sonra səni çağırsalar, uzaqbaşı 20 gün ərzində mandat, bütün sənədlər biryerdə maksimum 20 gün çəkəcək, sonra əmri gözləyəcəyik, əmr də 15-20 gün çəkir, 1 ay çəkir” , “Yox, Hələki xəbər yoxdu” və sair tipli əhəmiyyət kəsb edən xx.xx.2024-xx.xx.2024-cü il tarixə aid İlkin Pajarni” adlı profil tərəfdən göndərilmiş fərqli saniyə və dəqiqələrdə olan ümumilikdə 23 səs yazısı olduğu müəyyənləşdirildi. İşdə olan Təqsirləndirilən şəxs iştirakı ilə tərtib olunmuş “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, istifadəsində olan “Xiaomi Redmi 12” markalı mobil telefonun “Whatsapp Business” sosial tətbiqinə daxil olub profillər arasında “+99***- ***-**-**” saylı adsız profil olduğu müəyyən edildi və həmin profilə daxil olduqda Təqsirləndirilən şəxs həmin profillə arasında xx.xx.2024-xx.xx.2024-cü il tarixə aid işə təyin olunma, işə çağırılmaq və iş məsələsinin nə zaman həll olunacağını özündə əks etdirən qarşılıqlı yazışma və səs yazıları olduğu müəyyənləşdirildi. Səs yazıları və yazışmalara baxış zamanı “Xəbər yoxdu”, “İş yubanır, məndən asılı olan bir şey deyil” “Cavab gələndən sonra səni çağırsalar, uzaqbaşı 20 gün ərzində mandat, bütün sənədlər biryerdə maksimum 20 gün çəkəcək, sonra əmri gözləyəcəyik, əmr də 15-20 gün çəkir, 1 ay çəkir” , “Yox, Hələki xəbər yoxdu” və sair tipli əhəmiyyət kəsb edən xx.xx.2024-xx.xx.2024-cü il tarixə aid mobil telefondaki Təqsirləndirilən şəxs məxsus profil tərəfdən göndərilmiş fərqli saniyə və dəqiqələrdə olan ümumilikdə 37 ədəd səs yazısı olduğu müəyyənləşdirildi. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin adsız profilin və “+99***-***-**-**” saylı mobil nömrənin zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus olduğu, aralarında da məhz göründüyü kimi tərəfindən Qİsmətin FHN-də müvafiq vəzifəyə nə zaman təyin olunacağına dair arasında söhbətlər olduğunu, səs yazılarında danışan şəxsin özü olduğunu, Qisməti aldatdığı, işə təyin olunacağını vəd etdiyini, hər səfərində isə yubatdığını, törətdiyi əməldən peşman olduğunu qeyd etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Saatlı şəhəri, Heydər Əliyev prospekti 162 ünvanında yerləşən Saatlı bələdiyyəsidir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs hadisə yerində Təqsirləndirilən şəxs pul vəsaitlərini verdiyi yerləri əyani şəkildə göstərdi. Baxış zamanı iş üçün əhəmiyyətə malik hər hansı əşya və ya predmet müəyyən edilmədiyindən götürülmədi. İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X5 Xidmətindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-18-5/2-12747/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən dövlət qulluğunun xüsusi növündə Fövqəladə Hallar Nazirliyinin X5 Xidmətinin Muğan Regional X5 idarəsinin X5 şöbəsinin inspektoru vəzifəsində daxili xidmət kapitanı rütbəsində xidmət keçmişdir. Sözügedən şəxs Fövqəladə Hallar Nazirliyinin xx.xx.2024-cü il tarixli, 2692/ş nömrəli əmri ilə öz arzusuna əsasən xidmətdən xaric olunmuşdur. İşdə olan FHN DYNX-nin Muğan Regional X5 İdarəsinin rəisi tərəfindən təsdiq olunmuş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xidməti işində yol verdiyi nöqsanlara görə X6 Xidmətinin xx.xx.2015-ci il tarixli, 0132/ş nömrəli əmri ilə “Xəbərdarlıq, Fövqəladə hallar orqanları işçilərinin etik davranış qaydalarının tələblərini pozduğuna görə xx.xx.2016-cı il tarixli, 0156/ş nömrəli əmri ilə “Töhmət” və xidməti işində yol verdiyi nöqsanlara görə xx.xx.2021-ci il tarixli, 0070/ş nömrəli əmri ilə “Xəbərdarlıq” elan edilmişdir. Ona elan edilmiş “Töhmət” və “Xəbərdarlıq” nəzərə alınaraq xidmət etdiyi dövr üzrə mənfi xarakterizə olunur. Xidmət etdiyi dövr ərzində hərbi qulluqçu statusuna malik olmamışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur və o, həmin maddələrlə də təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, hərəkətini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halın olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Salyan rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 04 dekabr 2024-cü il tarixədən 06 fevral 2025-ci il tarixdək ev dustaqlığında saxlanıldığı 02 ay, 02 gün müddət ona təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərcləri yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 dekabr 2024-cü il tarixədən 06 fevral 2025-ci il tarixdək ev dustaqlığında olduğu 02 (iki) ay 02 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd ay dörd gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Salyan rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Hökmün icrası Salyan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-21/2025
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-21/2025
06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver