Məhkəmə qərarları › İş №1(055)-22/2023

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-22/2023

02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-22/2023 02.05.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs iştirakı ilə saat 11:05-də xx xxx 1954-cü il tarixdə Sabirabad rayonu, Əsgərbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdən ötrü Zərərçəkmiş şəxs4 dayandırılmış əlilliyə görə əmək pensiyasının yenidən verilməsini bərpa edəcəyi barədə yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs4 qardaşı Zərərçəkmiş şəxs2 vasitəsi ilə vahid niyyətlə Saatlı Rayon İcra Hakimiyyəti binasının qarşısında 2021-ci ilin may ayının ortalarında 750 manat və 2021-ci ilin iyun ayının sonunda 1000 manat pul alaraq zərər çəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 1750 manat pulunu dələduzluq edib ələ keçirmişdir. Bundan başqa, o, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdən ötrü Zərərçəkmiş şəxs3 aldığı əlilliyə görə əmək pensiyasının kəsilməməsini təşkil edəcəyi adı ilə yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs3 vahid niyyətlə Saatlı Rayon İcra Hakimiyyəti binasının qarşısında 2021-ci ilin oktyabr ayı ərzində 4 dəfəyə, 300 manat, 600 manat, 830 manat və 470 manat pulu alaraq zərər çəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 2200 manat pulunu dələduzluq edib ələ keçirmişdir. Bundan başqa, o, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdən ötrü X2 aldığı əlilliyə görə əmək pensiyasının kəsilməməsini təşkil edəcəyi və Zərərçəkmiş şəxs2 dayandırılmış əlilliyə görə əmək pensiyasının yenidən verilməsini bərpa edəcəyi barədə yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs2 vahid niyyətlə Saatlı Rayon İcra Hakimiyyəti binasının qarşısında 2021-ci ilin sentyabr ayının ortalarında 1000 manat, 2021-ci ilin oktyabr ayının əvvəlində 1000 manat və 2021-ci ilin dekabr ayının əvvəlində 700 manat pulu alaraq zərər çəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 2700 manat pulunu dələduzluq edib ələ keçirmişdir. Bundan başqa, o, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdən ötrü X3 iş yerini Saatlı rayonu Nəsimikənd tam orta məktəbdən Saatlı rayonu Qara Nuru kənd tam orta məktəbinə keçirilməsini təşkil edəcəyi adı ilə yalan vəd verib aldadaraq X3 atası Zərərçəkmiş şəxs1 vahid niyyətlə Saatlı Rayon İcra Hakimiyyəti binasının qarşısında 2022-ci ilin mart ayının sonunda 1000 manat və Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən “Beynəlxalq Bank”ın binasının qarşısında 2022-ci ilin aprel ayının əvvəlində 1150 manat pulu alaraq zərər çəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 2150 manat pulunu dələduzluq edib ələ keçirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, zərər çəkmiş şəxslərə müxtəlif vədlər verərək onlardan pul almış, lakin mərhum arvadı xəstə olmuş və daha sonra vəfat etmiş, başı qarışıq olduğu üçün həmin şəxslərlə bağlı heç bir iş görə bilməmiş, aldığı pulları arvadının müalicəsinə və yas mərasiminə xərcləmişdir. Hal-hazırda zərər çəkmiş şəxslərə dəyən ziyanı tamamilə ödəmişdir. Hazırda etdiyi əməldən peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxslərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 onun bibisi oğludur. Təqsirləndirilən şəxs Əlinin vasitəsi ilə tanımışdır. Onun aldığı pensiya kəsilmiş, buna görə Təqsirləndirilən şəxs müraciət etmiş, Təqsirləndirilən şəxs nazirlikdə işləyən tanışları olduğunu, onun pensiyasını bərpa edəcəyini bildirmiş və ondan 2200 manat pul almışdır. Lakin pensiyası bərpa olunmamışdır. Hal-hazırda isə Təqsirləndirilən şəxs ona dəyən ziyanı tam şəkildə ödəmişdir və onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, arvadı ağır xəstədir və xəstəxanada müalicə alır. Arvadının pensiyası kəsildiyi üçün o, həmin pensiyanın bərpa olunmasını istəmiş, xəstəxanada olan zaman əvvəldən tanımadığı Təqsirləndirilən şəxs ona yaxınlaşaraq arvadının pensiyasının bərpa olunmasına kömək edə biləcəyini demiş və ondan 2700 manat pul almışdır. Həmin pulu kimə verəcəyini, ya da həmin pulla nə edəcəyini ona deməmiş, lakin o, pensiyanın bərpa olunması üçün Təqsirləndirilən şəxs ondan istədiyi məbləğdə pulu vermişdir. Lakin arvadının pensiyası Təqsirləndirilən şəxs köməkliyi ilə deyil, daha sonra xəstəliyi təsdiq olunduğu üçün bərpa olunmuşdur. Hal-hazırda isə Təqsirləndirilən şəxs ona dəyən ziyanı tam şəkildə ödəmişdir və onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, oğlu Nəsimikənd tam orta məktəbində müəllim işləyir, lakin iş yerini Nəsimikənd kəndindən Qara Nuru kəndinə keçirmək istəmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, oğluna belə bir şəxs olduğunu və onun işini düzəldə biləcəyini demişlər. O da Təqsirləndirilən şəxs oğlunun işinin düzəlməsi üçün istədiyi 2150 manat məbləğində pulu vermişdir. Təqsirləndirilən şəxs işin düzəlməsi üçün lazım olan haqqın 2150 manat olduğunu demiş, lakin həmin pulu nə edəcəyini, kimə verəcəyini deməmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ona dəyən ziyanı tam şəkildə ödəmişdir və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş edilmiş 30 sentyabr 2022-ci il tarixli ərizədən görünür ki, Əliyev X4 Rayon Polis Şöbəsində Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və polis əməkdaşlarının yanında Zərərçəkmiş şəxs2 aldığı 2700 manat, Zərərçəkmiş şəxs3 aldığı 2200 manat, Gülarə Əliyevadan aldığı 1750 manat pulu 3 oktyabr 2022-ci il tarixdə saat 7:00 radələrinə kimi ödəyəcəyinə söz vermişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş edilmiş 12 oktyabr 2022-ci il tarixli ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı Saatlı Rayon Polis Şöbəsinə ərizə verərək onlara dəymiş ziyanın tam ödənildiyini və Təqsirləndirilən şəxs heç bir şikayətləri olmadığını bildirmişlər. İşdə olan və məhkəmə istintaqında elan edilmiş edilmiş 02 may 2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 Saatlı Rayon Məhkəməsinə ərizə təqdim edərək ona dəymiş ziyanın tam ödənildiyini və Təqsirləndirilən şəxs heç bir şikayəti olmadığını bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdən ötrü Zərərçəkmiş şəxs4 dayandırılmış əlilliyə görə əmək pensiyasının yenidən verilməsini bərpa edəcəyi barədə yalan vəd verib aldadaraq sonuncunun qardaşı Zərərçəkmiş şəxs2 vasitəsi ilə vahid niyyətlə Saatlı Rayon İcra Hakimiyyəti binasının qarşısında 2021-ci ilin may ayının ortalarında 750 manat və 2021-ci ilin iyun ayının sonunda 1000 manat pul alaraq zərər çəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 1750 manat pulunu dələduzluq edib ələ keçirməsi, bundan başqa, onun təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdən ötrü Zərərçəkmiş şəxs3 aldığı əlilliyə görə əmək pensiyasının kəsilməməsini təşkil edəcəyi adı ilə yalan vəd verib aldadaraq sonuncudan vahid niyyətlə Saatlı Rayon İcra Hakimiyyəti binasının qarşısında 2021-ci ilin oktyabr ayı ərzində 4 dəfəyə, 300 manat, 600 manat, 830 manat və 470 manat pulu alaraq zərər çəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 2200 manat pulunu dələduzluq edib ələ keçirməsi, bundan başqa, onun təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdən ötrü X2 aldığı əlilliyə görə əmək pensiyasının kəsilməməsini təşkil edəcəyi və Zərərçəkmiş şəxs2 dayandırılmış əlilliyə görə əmək pensiyasının yenidən verilməsini bərpa edəcəyi barədə yalan vəd verib aldadaraq sonuncudan vahid niyyətlə Saatlı Rayon İcra Hakimiyyəti binasının qarşısında 2021-ci ilin sentyabr ayının ortalarında 1000 manat, 2021-ci ilin oktyabr ayının əvvəlində 1000 manat və 2021-ci ilin dekabr ayının əvvəlində 700 manat pulu alaraq zərər çəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 2700 manat pulunu dələduzluq edib ələ keçirməsi, bundan başqa, onun təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdən ötrü X3 iş yerini Saatlı rayonu Nəsimikənd tam orta məktəbdən Saatlı rayonu Qara Nuru kənd tam orta məktəbinə keçirilməsini təşkil edəcəyi adı ilə yalan vəd verib aldadaraq sonuncunun atası Zərərçəkmiş şəxs1 vahid niyyətlə Saatlı Rayon İcra Hakimiyyəti binasının qarşısında 2022-ci ilin mart ayının sonunda 1000 manat və Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən “Beynəlxalq Bank”ın binasının qarşısında 2022-ci ilin aprel ayının əvvəlində 1150 manat pulu alaraq zərər çəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 2150 manat pulunu dələduzluq edib ələ keçirməsi məhkəmə istintaqında tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispozisiyasında dələduzluğa görə məsuliyyət etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hallarında yaranır. Həmin Məcəllənin 178.2.2-ci maddəsinin dispozisiyasına görə məsuliyyət təkrar törədildikdə yaranır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını orta həddə təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.3-cü maddəsinə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il tarixli 4 nömrəli qərarına və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən, məhkəmə təqsirləndirilən şəxsin üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulmasını məqsədəmüvafiq hesab edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş edilmiş 04 mart 2023-cü il tarixli raportdan, həmin tarixli axtarışda olanın tutulması barədə protokoldan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan yayınaraq naməlum ünvanda gizləndiyi üçün barəsində 22 fevral 2023-cü il tarixdə 700244 saylı axtarış işi açılmış, Təqsirləndirilən şəxs 04 mart 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Saatlı rayonu ərazisində tutularaq Saatlı RPŞ-nin İstintaq bölməsinə təhvil verilmiş, həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 04 mart 2023-cü il tarixdə tutularaq bir gün saxlanılması ona təyin olunacaq cəzadan çıxılmalıdır. İşdə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 mart 2023-cü il tarixdə tutularaq bir gün saxlanılmasının bir günü iki gün azadlığın məhdudlaşdırılması hesabı ilə hesablanmaqla ona təyin olunmuş bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından iki gün çıxılaraq üzərində qəti olaraq bir il beş ay iyirmi səkkiz gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Saatlı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar