Məhkəmə qərarları › İş №1(055)-22/2024

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-22/2024

30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-22/2024 30.04.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə saat 14:55-də xx xxxxxx 1988-ci il tarixdə Saatlı rayonu Qaracalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki nəfər azyaşlı uşağı olan, işləməyən, məhkum olunmamış, Saatlı rayonu Qaracalar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən təmiz çəkisi 6,24 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə etmiş və saxlamış, həmin narkotik vasitəni 16 yanvar 2024-cü il tarixdə saat 18:00 radələrində Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən 5 mərtəbəli binanın həyətindəki istirahət parkında piyada, satış məqsədi olmadan qanunsuz olaraq üstündə daşıyarkən əməliyyat tədbiri keçirən polis əməkdaşları onu Saatlı RPŞ-nə gətirib orada 16 yanvar 2024-cü il tarixdə saat 19:05 radələrində həmin 6,24 qram narkotik vasitə olan qurudulmuş marixuananı 1 ədəd kibrit qutusunda onun əynindəki boz rəngli dəri gödəkçəsinin sol cibindən aşkar edərək götürmüşlər, yəni satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 16 yanvar 2024-cü il tarixdə o, uşağına dərman almaq üçün rayon ərazisinə gəlmişdir. Aptekə gedən zaman yoldan qurudulmuş marixuana tapmış, həmin narkotik vasitəni özü istifadə etmək üçün cibinə qoymuşdur. Daha sonra rayon ərazisində olan zaman polis əməkdaşları ona yaxınlaşmışlar və onu rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olan zaman üzərinə baxış keçirmişlər və onda olan narkotik vasitəni aşkar edərək götürmüşlər. O da hadisəni könüllü olaraq etiraf etmişdir. Törətdiyi əmələ görə peşmandır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 16 yanvar 2024-cü il tarixdə Saatlı Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat tədbiri nəticəsində narkotik vasitə saxlamaqda şübhəli bilinən Təqsirləndirilən şəxs Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən 5 mərtəbəli binanın yanındakı parkda müəyyən edilmişdir. Onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq onu Saatlı RPŞ-yə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə vəkili Vüsal Abbasovun və təhqiqatçının iştirakı ilə baxış keçirilmiş və 1 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Qarabağa işləməyə gedərkən oradan tapdığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 ifadəsində göstərdi ki, 16 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Saatlı Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında onun və Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən 5 mərtəbəli binanın yanındakı parkda müəyyən edilmiş, onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq onu Saatlı RPŞ-yə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə vəkili Vüsal Abbasovun və təhqiqatçının iştirakı ilə baxış keçirilmiş və 1 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş “Şəxsi axtarış, baxış və götürmə aparılması barədə” 16 yanvar 2024-cü il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, keçirilmiş əməliyyat tədbiri nəticəsində 16 yanvar 2024-cü il tarixdə Saatlı RPŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli dəri gödəkçəsinin sol yan cibindən 1 ədəd kibrit qutusu aşkar edilmişdir. Həmin kibrit qutusu açılarkən içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olduğu müəyyən olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 1 ədəd kibrit qutusundakı kütlənin qurudulmuş marixuana olduğunu, həmin marixuananı öz istifadəsi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 1 ədəd kibrit qutusundakı narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə ekspertizaya göndərilməsindən ötrü qablaşdırılaraq götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Şirvan regional bölməsinin 17 yanvar 2024-cü il tarixli 18/66 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kibrit qutusunda təmiz çəkisi- 6,24 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Saatlı Rayon İcra Hakimiyyəti başçısının Qaracalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 23 yanvar 2024-cü il tarixli 20 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 25 noyabr 2019-cu il tarixdə anadan olmuş Əhmədli Hicran Məlik qızı və 17 iyul 2021-ci il tarixdə anadan olmuş X2 adlı iki nəfər azyaşlı uşağı vardır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 23 yanvar 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək istintaqa məlum olmayan vaxtda və mənbədən təmiz çəkisi 6,24 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə etməsi və saxlaması, həmin narkotik vasitəni 16 yanvar 2024-cü il tarixdə saat 18:00 radələrində Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən 5 mərtəbəli binanın həyətindəki istirahət parkında piyada, satış məqsədi olmadan qanunsuz olaraq üstündə daşıyarkən əməliyyat tədbiri keçirən polis əməkdaşlarının onu Saatlı RPŞ-nə gətirib orada 16 yanvar 2024-cü il tarixdə saat 19:05 radələrində həmin 6,24 qram narkotik vasitə olan qurudulmuş marixuananı 1 ədəd kibrit qutusunda onun əynindəki boz rəngli dəri gödəkçəsinin sol cibindən aşkar edərək götürmələri, yəni satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən bu maddədə nəzərdə tutulmuş məsuliyyət satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma hallarında yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ nömrəli Qanununa, həmin qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli, 961-İİQ nömrəli Qanununa və həmin qanunlarla təsdiq edilmiş 1ci siyahıya əsasən marixuananın xeyli miqdarının aşağı həddi 5 qramdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın təmiz çəkisi 5 qramdan artıq olduğundan onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.3-cü maddəsinə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il tarixli 4 nömrəli qərarına və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən, məhkəmə təqsirləndirilən şəxsin üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulmasını məqsədəmüvafiq hesab edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsin 15 fevral 2024-cü il tarixli 983 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq nakomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Ona görə də Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş şübhəli şəxsin tutulması haqqında 16 yanvar 2024-cü il tarixli protokoldan və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında 18 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 16 yanvar 2024-ci il tarixdən 18 yanvar 2024-ci il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün saxlanılmış, 18 yanvar 2024-cü il tarixdə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 6,22 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 17 yanvar 2024-cü il tarixli 18/66 saylı ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 49 manat 74 qəpik təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 yanvar 2024-cü il tarixdən 18 yanvar 2024-cü il tarixədək şübhəli şəxs kimi tutularaq iki gün saxlanılmasının bir günü iki gün azadlığın məhdudlaşdırılması hesabı ilə hesablanmaqla ona təyin olunmuş bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq bir il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 6,22 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Saatlı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar