Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 1(055)-24/2023 14.06.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1963-cü il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Saatlı rayonu Sarıcalar bələdiyyəsinin sədri vəzifəsində işləyən, Saatlı rayonu, Sarıcalar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 29,178.2.3, 29, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 29,178.2.3, 29, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə ittiham elan edilmişdir ona görə ki, o, Saatlı rayonu, Sarıcalar bələdiyyəsinin 18 fevral 2020-ci il tarixli, 03 nömrəli iclas protokoluna əsasən, bələdiyyə sədri vəzifəsinə seçilməklə həmin vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Saatlı rayonu, Sarıcalar kəndi ərazisində Saatlı şəhərindən Sarıcalar kəndində gedən yolun sol tərəfində yerləşən 900 m2 torpaq sahəsinin mülkiyyətinə verilməsi və həmin sahədə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün obyekt tikintisinə Saatlı rayon icra hakimiyyətinin vəzifəli şəxslərindən razılıq alınmasına köməklik göstərməsi üçün 2022-ci ilin aprel ayında Sarıcalar kənd sakini Zərərçəkmiş şəxs özünə müraciətdən sonra, sonuncunun almaq niyyətində olduğu torpaq sahəsinin sədrlik etdiyi bələdiyyənin mülkiyyətində olduğu üçün həmin sahənin satılması səlahiyyətinə malik olduğunu, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 13 saylı Şirvan ərazi idarəsində olan əlaqələrindən istifadə edərək həmin torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə və Saatlı rayon icra hakimiyyətində olan əlaqələrindən istifadə edərək həmin torpaq sahəsində tikinti aparılması üçün icazə alacağına nail olacağını qeyd edilən torpaq sahəsində və Saatlı rayonu ərazisində yerləşən “Görüş” adlanan kafedə görüşləri zamanı Zərərçəkmiş şəxs yalandan bildirərək, həmin məsələnin müsbət həlli üçün vəzifəli şəxs qismində özünə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Saatlı Rayon İcra hakimiyyəti vəzifəli şəxslərinə xidməti vəzifələrinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 13.000 (on üç min) manat pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini vəd verərək inandırmaqla Zərərçəkmiş şəxs razılığını almaqla onunla sövdələşib, həmin adla 2022-ci ilin aprel ayının əvvəllərində Saatlı rayonu ərazisində yerləşən “Görüş” kafesində 500 (beş yüz) manat, 2022-ci ilin aprel ayının sonlarında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 13 saylı Şirvan ərazi idarəsinin inzibati binasında 200 (iki yüz) manat pul vəsaitini Zərərçəkmiş şəxs şəxsən almaqla, özünə məxsus "xxxx" ASC tərəfindən verilmiş 4169 7388 4899 4830 nömrəli plastik karta 14 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, İ.Dadaşov küçəsində yerləşən “Bizim market” adlı mağazada olan 3331 nömrəli “eManat” ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs tərəfindən göndərilmiş 150 (yüz əlli) manat məbləğində pul vəsaitini həmin tarixdə Saatlı rayonu ərazisində yerləşən bankomat vasitəsilə nağdlaşdırıb ümumilikdə 850 (səkkiz yüz əlli) manat pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus cəmi 850 (səkkiz yüz əlli) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxslərə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu vahid niyyətlə təhrik etmiş, Zərərçəkmiş şəxs qalan pul vəsaitini verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, qalan pul vəsaitini Zərərçəkmiş şəxs ala bilməyib, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus 13.000 (on üç min) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamlar üzrə bütün sübutlar tam, hərtərəfli və obyektiv şəkildə araşdırıldı. Bu zaman təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 178.2.3, 29,178.2.3, 29, 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsiri sübuta yetirilsə də, Cinayət Məcəlləsinin 32.4, 312.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmadı. Belə ki, məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs özünü qismən, yəni CM-nin 178.2.3, 29,178.2.3 və 29, 178.2.4-cü maddələri ilə təqsirli bilərək və ərizə təqdim edərək ifadəsində göstərdi ki, 2015-ci ildən Saatlı rayonu, Sarıcalar kənd bələdiyyəsinin sədri vəzifəsində işləyir. Zərərçəkmiş şəxs onun həmkəndlisidir. 2022-ci ilin aprel ayında Ceyhun yaşadığı Sarıcalar kəndinə gələrək onu tapmış və tanış olmuşlar. Bu zaman Ceyhunla hətta qohumluq əlaqələrinin olması ona məlum olmuşdur. Söhbət zamanı Ceyhun Saatlı şəhərindən Sarıcalar kəndinə gedən yolun sol tərəfində, pambıq zavodu ilə üzbəüz hissədən 700-800 m2 torpaq sahəsi almaq istədiyini bildirmiş, həmin yerdə böyük mağaza tikmək istədiyini demişdir. Daha sonra Ceyhunla birlikdə həmin torpaq sahəsinə baxmağa getmişlər. Ceyhun həmin hissədən 700-800 m2 torpaq sahəsi almaq istədiyini demişdir. Daha sonra o, həmin torpaq sahəsinin hərrac yolu ilə satılması prosedurunu Ceyhuna izah etmiş və reyestr xidmətinin əməkdaşlarından torpaq sahəsi ilə bağlı maraqlanıb məlumat verəcəyini bildirmişdir. Bundan sonra Ceyhun çıxıb getmişdir. 2022-ci ilin aprel ayının sonlarında Ceyhun yenidən kəndə gəlmiş və onlar Qardaşəliabad rayonundan Saatlı rayonuna gedən yolun sağ tərəfində Saatlı rayonu ərazisində yerləşən “Görüş” kafesində görüşmüşlər. Həmin görüş zamanı Ceyhuna yenidən torpaq sahəsinin onun mülkiyyətinə keçirilməsi və orada tikinti aparılması üçün zəruri prosedurları izah etmişdir. Çünki ilk öncə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi idarəsinə müraciət edib torpaq sahəsinə dair yer quruluşu planının və rəyin hazırlatmalı, ardınca həmin torpaq sahəsinin satılmasına dair hərrac keçirilməli olduğunu Ceyhuna izah etmiş, bundan sonra həmin torpaq sahəsinə dair sonuncunun adına çıxarış veriləcəyini bildirmişdir. Həmçinin Ceyhuna bütün bu işlərin xərc tələb etdiyini demişdir. Sonuncu isə buna nə qədər xərcinin çıxacağını soruşduqda, Ceyhuna bunun üçün tikintiyə icazə alınması ilə birlikdə 12000-13000 manat pul çıxacağını, icazə məsələsi nəzərə alınmazsa, torpaq sahəsinin Ceyhunun mülkiyyətinə verilməsi üçün isə 6000-7000 manat xərc çıxacağını bildirmişdir. Həmçinin Ceyhuna hər kvadrat metrinə 5.75 manat olmaqla, 800 m2 torpaq sahəsinin hərrac vasitəsilə satılması üçün 4600 manat pul lazım olduğunu demişdir. Həmin vaxt arvadı Sevil Məhərrəmova xəstəlikdən əziyyət çəkmiş və sonuncunun müalicəsi üçün müəyyən qədər pula ehtiyacı olmuşdur. Bu səbəbdən də, Ceyhuna torpaq sahəsi satılmasından pul qazanmaq fikrinə düşmüşdür. O, Ceyhuna 6000-7000 manatdan pulun hərraca veriləcək 4600 manat pulu çıxılmaqla qalanının qeyrirəsmi xərclərə çıxacağını bildirmişdir. Həmçinin Ceyhuna həmin qeyri-rəsmi xərclərin içində ona çatacaq payın da olduğunu demişdir. Sonuncu da onunla razılaşmışdır. Həmin vaxt Ceyhun ona ilkin işlərin görülməsi üçün 500 manat pul vermişdir. Həmin pulun az olduğunu bildirsə də, Ceyhun əlavə nə qədər lazım olacaqsa onun bank kartına göndərəcəyini dedikdə sonuncu ilə razılaşmışdır. O, Ceyhunun verdiyi 500 manat pulu şəxsi ehtiyaclarına sərf etmişdir. Daha sonra Ceyhuna satılacaq torpaq sahəsi ilə bağlı məlumat əldə etmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinə getmişdir. Orada bu işlərlə məşğul olan yer quruluşu şöbəsinin müdiri Şahidlə görüşüb sonuncuya satılmasını planlaşdırdığı torpaq sahəsi barədə məlumat vermişdir. İlham da ona həmin torpaq sahəsi ilə bağlı məlumat topladıqdan sonra məlumat verəcəyini bildirmişdir. Bir neçə gündən sonra Şahidlə mobil telefon əlaqəsi saxladıqda sonuncu ona həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsini olduğunu və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün təyinatın dəyişdirilməli olduğunu, bunun da xərc tələb etdiyini bildirmişdir. O, məbləğ barədə soruşduqda İlham müəllim rəhbərliklə danışıb məlumat verəcəyini bildirmişdir. Daha sonra Şahid bildirdiklərini Ceyhuna demiş, 2022-ci ilin may ayının əvvəllərində Ceyhunla Şirvan şəhərində görüşüb birlikdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinə getmiş, orada İlham müəllimlə onun xidməti otağında görüşmüşlər. Şahid torpaq sahəsi ilə bağlı ona dediklərini Ceyhuna da bildirmiş, torpaq sahəsinin təyinatının dəyişdirilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətində olduğunu, bunun xərcinin çox olduğunu, lakin rəhbərliklə danışıb bu məsələni daha münasib qiymətə həll edə biləcəyini demişdir. Ceyhun israrla nə qədər pul lazım olduğunu soruşduqda, İlham Nazirlər Kabineti tərəfindən torpaq sahəsinin təyinatı dəyişdirildikdə, Ceyhunun 30000 manat xərcinin çıxacağını, özlərinin isə daha münasib qiymətə həll edə biləcəklərini, lakin dəqiq məbləğin növbəti həftə deyiləcəyini bildirmişdir. Ceyhun 800 manata bu məsələnin həll oluna bilmə ehtimalını soruşduqda, İlham bu məbləğin çox az olduğunu bildirmişdir. Bundan sonra oradan çıxıb getmişlər. 2022-ci ilin mayının sonlarında Ceyhun ona zəng edərək Şahidlə xidməti otağında görüşüb sonuncuya 1000 manat pul verdiyini bildirmişdir. Məsələ uzanmış, Şahid torpaq sahəsinin təyinatının dəyişdirilməsi məsələsini yubatmışdır. 2022-ci ilin oktyabr ayında nəhayət Şahid onunla mobil telefon əlaqəsi saxlayaraq artıq torpaq sahəsinin təyinatının düzəldildiyini və satış prosedurana başlamağın mümkün olduğunu deyib bu barədə 13 saylı Şirvan Ərazi İdarəsinə ərizə ilə müraciət etməyini istəmişdir. O da xx.xx.2022-ci il tarixli məktubla 13 saylı Şirvan ərazi idarəsinə müraciət etmişdir. Lakin həmin torpaq sahəsindən elektrik xətti keçdiyindən bələdiyyənin torpaq sahəsinin hərraca çıxarılamasına dair müraciətinə imtina cavabı verilmişdir. Ceyhun bu proseslərin gedişində ona ilkin verdiyi 500 manat puldan əlavə iki dəfə hər birində 100 manat olmaqla, ümumilikdə 200 manat şəxsən pul vermişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixdə Ceyhun onun "xxxx" ASC-dən verilmiş bank kartına 150 manat pul köçürmüşdür. Bununla da, Ceyhun ona ümumilikdə 850 manat pul vermişdir. O, həmin pul vəsaitini şəxsi ehtiyaclarına xərcləmişdir. O, Ceyhundan həmin pul vəsaitini torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi üçün müxtəlif işlərə xərcləyəcəyini, yəni reyestr xidmətinin əməkdaşlarına verəcəyini bildirmişdir. Eyni zamanda Ceyhun ona bütün bu işləri görməyini bildirib ona çatacaq pulu sonda ayrıca verəcəyini bildirmişdir. Lakin o, müxtəlif vəzifəli şəxslərə verəcəyini bildirib Ceyhundan aldığı pulu öz şəxsi ehityaclarına xərcləmişdir. Sonda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyini, onunla barışıq əldə etdiyini, cinayət nəticəsində vurulmuş zərərin 25 faizi, eləcə də 13 min manat pul vəsaitinin 10 faizi məbləğində dövlət büdcəsinə ödəniş etdiyini qeyd edərək barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3, 29,178.2.3 və 29, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi onun özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, hazırki məhkəmə baxışında iştirak etməsə də, əvvəlki məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ərizə təqdim edərək ifadəsində göstərdi ki, əslən Saatlı rayonundan olsa da, Bakı şəhərində yaşayır və fərdi sahibkarlıqla məşğul olur. Sahibkarlıq fəaliyyətini genişləndirmək məqsədilə Saatlı rayonu, Sarıcalılar qəsəbəsində torpaq sahəsi alaraq obyekt tikdirmək qərarına gəlmiş, bu məqsədlə bir yer bəyənib onu almaq üçün qəsəbə bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs müraciət etmişdir. 2022-ci ilin aprel ayında Təqsirləndirilən şəxs mobil telefon nömrəsini taparaq sonuncu ilə danışıb görüş təyin edərək bu məqsədlə Saatlı rayonuna getmişdir. Sonuncu ilə ilk görüşü elə Sarıcalılar qəsəbəsində almaq istədiyi 900 m2 torpaq sahəsinin yanında olmuşdur. Həmin görüş zamanı Akifə torpaq sahəsini almaq istədiyini, orada obyekt tikdirmək istədiyini bildirmiş, sonuncu bunun mümkün olduğunu bildirsə də, xərcinin olacağını demişdir. O, torpağın satılmasından tutmuş tikintiyə icazələrin alınmasına qədər bütün məsələlərin Akif tərəfindən həll olunmasını sonuncudan xahiş etmiş və Akifdən bütün bunların xərcinin nə qədər olacağını soruşmuşdur. Akif də onun tikintiyə icazə ilə birlikdə 12000-13000 xərcinin çıxacağını, təkcə torpaq sahəsi ilə bağlı isə 6000-7000 xərcinin çıxacağını bildirmişdir. O, Akifdən həmin 6000-7000 manatın nəyə xərclənəcəyini soruşduqda sonuncu ona torpağın hərracdan satılacağını, bunun üçün rəsmi ödəniş kimi 4500 manat ödəyəcəyini, qalan pulun isə özünə və digər şəxslərə qeyri-rəsmi ödəniş, rüşvət kimi çatacağını bildirmişdir. O, artıq Akifin ondan tələb etdiyi əlavə pulun qanunsuz olduğunu başa düşmüş və Akifdən hansı səbəbdən dövlət rüsumundan artıq məbləğdə pulu ondan istədiyini soruşduqda Akif həmin pulun tək özünə çatmadığını, digər orqanlara pul verilməli olduğunu bildirmişdir. O da ilkin olaraq özünü Akiflə razılaşmış kimi göstərmişdir. Lakin artıq özündə ondan tələb olunan qanunsuz pul məbləğinə görə hüquq-mühafizə orqanlarına müraciət etmək qərarına gəlmişdir. Daha sonra o, Bakı şəhərində qayıtdıqdan sonra Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət etmişdir. Daha sonra əməliyyat tədbiri qurulmuş, əməliyyatçılarla birlikdə Saatlı rayonuna getmişdir. Orada o, Akiflə əlaqə saxlamış və torpaq sahəsi ilə bağlı görüşmək istədiyini bildirmişdir. Sonuncu onu Qardaşəliabad rayonundan Saatlı rayonuna gedən yolun sağ tərəfində, Saatlı rayonunun ərazisində yerləşən “Görüş” kafesinə çağırmışdır. Daha sonra əməliyyatçılar onun üzərinə videokamera quraşdırmış və hər ehtimala qarşı Akif ondan pul istəsə, ona beh kimi vermək üçün 5 ədəd 100 manatlıq əskinas vermişlər. Daha sonra kafeyə daxil olmuşdur. Həmin gün ilkin danışıqları zamanı Akif ona kafenin 5 nömrəli kabinetində olduğunu bildirdiyindən həmin kabinetə daxil olduqda Akifin həmin kabinetdə tək olduğunu görmüşdür. Akif həmin vaxt çay içmiş, o da stulda əyləşib onunla çay içməyə başlamışdır. Onlar əvvəlcə ümumi söhbətlər, ardınca torpaq sahəsi ilə bağlı söhbətlər etməyə başlamışlar. Bu görüş zamanı da Akif ona əvvəlki görüşdə dediyi məzmunda söhbət etmiş, ona nə qədər pul lazım olduğunu bildirmişdir. Akif ilkin olaraq ondan 1000 manat pul tələb etmiş, o da üzərində 500 manat pul olduğunu bildirib əməliyyatçıların ona verdiyi həmin pulu Akifə vermişdir. Həmin vaxt aprel ayının 2-ci ongünlüyü olmuş, saat da təxminən 12:00-13:00 radələri olmuşdur. O, həmin kafedə təxminən 25-30 dəqiqə Akiflə birlikdə oturmuşdur. Akif ona 5-10 gündən sonra Şirvan şəhərinə gəlməyini, birlikdə Şirvan şəhərindən yerləşən əmlak idarəsində İlham adlı şəxslə görüşməli olduqlarını dedikdə razılaşmışdır. Bundan təxminən 5-10 gün sonra Akiflə əlaqə saxlayıb Şirvan şəhərinə getmək məsələsini razılaşdırıb oraya getmişdir. Akif də Saatlıdan Şirvan şəhərinə gəlmişdir. Lakin bu barədə o, əməliyyat idarəsinə məlumat verməmiş və ilkin olaraq özü həmin yerə gedərək İlhamla söhbət etməyə qərar vermişdir. Daha sonra o, Akiflə elə əmlak idarəsinin qarşısında görüşmüş və birlikdə idarəyə daxil olmuşlar. Görüşdən əvvəl Akif ona əmlak idarəsinin işçisi İlham adlı şəxslə görüşəcəklərini bildirmişdir. Lakin onlar idarədə olarkən İlhamın orada olmadığı məlum olmuşdur. Daha sonra o, Akiflə idarənin 4-cü mərtəbəsinə qalxmışdır. Orada Akif ondan xəritə çəkən işçilərə vermək üçün 100 manat pul istəmişdir. O da həmin pulu Akifə vermişdir. Daha sonra İllham idarədə olmadığı üçün onlar oradan çıxmışlar. Çöldə olarkən Akif ondan özü üçün torpaq sahəsinin sənədlərini düzəltmək məqsədilə 300 və ya 400 manat pul istəmiş, lakin o, ortada hələ heç bir sənədləşmə olmadığını, yalandan gəlib-getdiyini bildirib Akifə yalnız 100 manat pul vermişdir. Daha sonra o, Akiflə sağollaşıb Bakı şəhərinə qayıtmışdır. Təxminən 10 gün sonra Akif ona zəng edərək həmin İlham adlı şəxslə görüşmək üçün Şirvan şəhərinə gəlməyini istəmişdir. O da razılaşaraq növbəti gün, Şirvan şəhərinə gedib orada Akiflə Şirvan şəhərində əmlak idarəsinin qarşısında görüşmüşdür. Görüşdən qabaq görüş zamanı olacaq söhbətləri öz mobil telefonu ilə qeydə almağa qərar vermişdir. Akiflə görüşdükdən sonra onlar birlikdə İlham adlı şəxsin otağına daxil olmuşlar. İlhamın otağı inzibati binanın 3-cü mərtəbəsində yerləşmişdir. Otağa daxil olduqdan sonra torpaq məsələsi ilə bağlı Akifə verdiyi məlumatları İlhama da bildirmişdir. Orada İlham ona torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq olduğunu, obyekt tikmək üçün təyinatı dəyişdirmək lazım olduğunu, bunun əslində Nazirlər Kabinetində dəyişdirməyin mümkün olduğunu və 30000 manat xərcinin olduğunu bildirmişdir. Lakin İlham ona bəzi yollarla torpa sahəsinin təyinatının işlədiyi idarə vasitəsilə daha ucuz, yəni 2000-3000 manat dəyişdirməyin mümkün olduğunu, lakin bunun üçün rəhbərlikdən razılıq almaq lazım olduğunu və ona razılıq almaq üçün vaxt verməyini istəmişdir. O da İlhamla razılaşmışdır. Sonuncu rəhbərlikdən xəbər gözlədiyini bildirdiyi üçün həmin vaxt heç kimə pul vermədən oradan Akiflə birlikdə çıxmışdır. Təxminən 10 gün sonra o, İlhamın mobil telefonuna zəng edərək sonuncudan nəsə yenilik olub-olmaması ilə maraqlandıqda İlham onu Şirvan şəhərinə çağırmışdır. Daha sonra o, tək şəkildə Şirvan ərazi idarəsinə gedib İlhamın otağında sonuncu ilə görüşmüşdür. Sonuncu ilə elə də çox söhbət etmədən İlhama 10 ədəd 100 manatlıq əskinas şəklində 1000 manat pul vermiş və oradan idarədən çıxmışdır. O, bu prosesləri öz mobil telefonunun kamerası ilə qeydə almışdır. Bundan sonra 13 və ya 14 oktyabr 2022-ci il tarixdə Akif onunla əlaqə saxlayaraq torpaq sahəsi ilə bağlı hansısa xatırlamadığı işlərin görülməsi üçün ondan 300 manat pul istədikdə razılaşmışdır. Daha sonra Bakı şəhəri, Binəqədi rayonunda yerləşən “Bizim Market” adlı mağazada olan “eManat” ödəniş terminalı vasitəsilə 150 manat pulu Akifin "xxxx" ASC-yə məxsus bank kartına göndərmişdir. Bundan sonra onun məsələ ilə bağlı hər hansı məlumatı olmamışdır. Hazırda ona dəymiş ziyan ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışımış və təqsirləndirilən şəxsdən şikayətçi deyildir. Şahid Qardaşəli oğlu məhkəməyə teleqram ünvanlayaraq ailə vəziyyəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də, Şahid Qardaşəli oğlunın ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan xx.xx.2022-cü il tarixli “Xüsusi texnikanın təqdim edilməsi haqqında” protokoldan görünür ki, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün əməliyyat çəkilişinin aparılması məqsədilə Zərərçəkmiş şəxs üzərində gizli kamera olan xüsusi avadanlıq təqdim edilmişdir. İşdə olan 25 dekabr 2022-ci il tarixli videogörünütüyə baxış protokolundan görünür ki, həmin videogörüntülər xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Diskdə qeyd edilən tarixə aid iki videofayl vardır, bunlar biri digərinin davamı olan “2022-04-23_16-28- 51_part01” adlı və “2022-04-23_16-28-51_part02” adlı fayllardır. Hər iki videogörüntünün ümumi məzmunundan aydın olur ki, Zərərçəkmiş şəxs almaq niyyətində olan torpaq sahəsi Sarıcalar bələdiyyəsinin mülkiyyətindədir. Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin Zərərçəkmiş şəxs mülkiyyətinə verilməsi və orada tikinti aparılmasına icazələrin adlınmaslı müqabilində sonuncudan 12000 manat pul tələb edir və həmin vaxt 500 manat pulu sonuncudan alır. İşdə olan "xxxx" MMC-dən daxil olmuş, telefon məlumatlarını özündə əks etdirən 1 ədəd CD diskə baxış keçirilməsi haqqında 17 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Şahid istifadəsində olan (050)760-05-54 mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan (050)980-34-63 mobil telefon nömrəsi ilk dəfə xx.xx.2022-ci il tarixdə olmaqla ümumilikdə 3 danışıq aparılmışdır. Təqsirləndirilən şəxs istifadəsində olan (050)980-34-63 mobil telefon nömrəsi ilə Şahid istifadəsində olan (055)760-01-79 mobil telefon nömrəsi arasında ilk dəfə xx.xx.2022-ci il tarixdə olmaqla, ümumilikdə 4 danışıq aparılmışdır. Təqsirləndirilən şəxs istifadəsində olan (050)980-34-63 mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olan (050)210-53-05 mobil telefon nömrəsi hər hansı danışıq aparılmamışdır. Təqsirləndirilən şəxs istifadəsində olan (050)980-34-63 mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olan (070)722-22-01 mobil telefon nömrəsi ilk dəfə xx.xx.2022-ci il tarixdə olmaqla, ümumilikdə 66 danışıq olmuşdur. İşdə olan 07 mart 2023-cü il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olan (070)722-22-01 mobil telefon nömrəsi ilə Şahid istifadəsində olan (050)760-05-54 və Təqsirləndirilən şəxs istifadəsində olan (050)980-34-63 mobil telefon nömrəsi arasında aparılmış danışıqlara dair məlumatlar hazırki iş üzrə "xxxx" MMC tərəfindən 17 fevral 2023-cü il tarixli, 3655 nömrəli məktubla təqdim edilmiş CD-diskə 17 fevral 2023-cü il tarixli baxış protokolunda göstərilmişdir. Zərərçəkmiş şəxs istifadəsində olan (070)722-22-01 mobil telefon nömrəsi ilə Şahid istifadəsində olan (055)760-01-79 mobil telefon nömrəsi arasında xx.xx.2022-ci il tarixdə 37 və 62 saniyə davam edən iki danışıq aparılmışdır. Təqsirləndirilən şəxs istifadəsində olan (050)980-34-63 mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olan (070)722-22-01 mobil telefon nömrəsi ilk dəfə xx.xx.2022-ci il tarixdə olmaqla, ümumilikdə 66 danışıq olmuşdur. İşdə olan 28 dekabr 2022-ci il tarixli Zərərçəkmiş şəxs məxsus mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış predmeti olan mobil telefon “Samsung” markalı qara rəngli smartfon tipli mobil telefondur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs həmin mobil telefonda özünə məxsus (050)210-53-05, (070)722-22-01 mobil telefon nömrələrinin olduğunu və həmin nömrələrdən istifadə etməklə mobil telefonunun yaddaşında “X8” kimi qeyd etdiyi (050)980-34-63 mobil nömrənin Təqsirləndirilən şəxs məxsus olduğunu, lakin əvvəllər bələdiyyə sədrinin adını İlham kimi bildiyi üçün əvvəldən səhvən sonuncunun adını elə İlham kimi yazdığını, “X10” kimi qeyd etdiyi (050)760-05-54 mobil nömrənin Şahid məxsus olduğunu bildirmişdir. Daha sonra mobil telefonun “Whatsapp” sosial şəbəkəsinə baxış keçirilmiş, müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 00:26-da “X8” kimi qeyd edilmiş (050)980-34-63 mobil nömrə tərəfindən baxış predmeti olan mobil telefona "xxxx" ASC-yə məxsus 4169 7388 4899 4830 bank kartının fotoşəkli göndərilmiş, Zərərçəkmiş şəxs də həmin karta 150 manat ödəniş edilməsinə dair qəbzin fotoşəklini xx.xx.2022-ci i tarixdə, saat 15:23-də “X8” kimi qeyd edilmiş (050)980-34-63 mobil nömrəsinə göndərmişdir. Baxış predmeti olan mobil telefondan “Whatsapp” sosial şəbəkə vasitəsilə “X8” kimi qeyd edilmiş (050)980-34-63 mobil nömrə və “X10” kimi qeyd etdiyi (050)760-05-54 mobil nömrəyə, həmin mobil nömrələrdən hazırki mobil telefona müxtəlif səs yazıları göndərilsə də, həmin səs yazılarının iş üzrə əhəmiyyət kəsb etmədiyi müəyyən edilmişdir. İşdə olan "xxxx" ASC-nin bank məlumatlarından görünür ki, 14 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus 4169****4830 nömrəli plastik karta 150 manat pul mədaxil olunmuş və həmin tarixdə həmin kartın balansından 150 manat pul Saatlı şəhəri, H.Əliyev prospekti 131 ünvanında yerləşən "xxxx" ASC-nin Saatlı rayon filialında olan bankomat vasitəsilə məxaric edilmişdir. İşdə olan məhkəmə-fonoskopik ekspertizasının 18 yanvar 2023-cü il tarixli, 4/08- 4/09 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı DVD diskdə olan mübahisəli videofonoqramlardakı danışıqların məzmunu rəyin tədqiqi hissəsində verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı DVD diskdə olan mübahisəli videofonoqramlardakı danışıqların rəyin tədqiqi hissəsində verilmiş yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Zərərçəkmiş şəxs, “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi X1, “K3” kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı DVD diskdə olan mübahisəli videofonoqramlarda situasiya ilə əsaslanmayan yarımçıq söz və ifadələr, diktorun emosional-psixoloji vəziyyətinin əsaslanmamış dəyişməsi, danışıqda sözlərarası və cümlələrarası məntiqi rabitənin pozulması, yazılışın aparıldığı akustik şəraitə məxsus fonun kəskin dəyişməsi kimi montaj əlamətləri müəyyən olunmamışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin 21 fevral 2023-cü il tarixli, 3-21-3-38/2-368/2023 nömrəli məktubundan görünür ki, Saatlı rayonu Sarıcalar kəndində yerləşən bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin elektron uçot məlumatlarında “Kənd təsərrüfatı təyinatlı torpaqlar” kateqoriyasına aid torpaq sahələri kimi qeyd olunduğundan elektron uçot məlumatlarında müvafiq düzəlişlərin aparılması ilə əlaqədar olaraq Saatlı rayonu Sarıcalar bələdiyyəsinin xx.xx.2022-ci il tarixli müraciəti 13 saylı Şirvan Ərazi İdarəsinə daxil olmuşdur. Həmin müraciət üzrə qeyd edilən torpaq sahələrinə baxış keçirilmiş və GPS (X2) aləti vasitəsilə döngə nöqtələrinin koordinatları təyin olunmuşdur. Tərəflərindən müvafiq araşdırma aparılmış və çöl ölçmə işlərinin nəticəsinə uyğun olaraq kameral şəraitdə hazırlanmış elektron məlumatlar X3 X4 (TEKUİS) müvafiq düzəlişlərinin aparılması məqsədilə aidiyyəti üzrə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyində “Kadastr və X5” MMC-nə təqdim olunmuşdur. Daha sonra X3 X4 (TEKUİS) müraciətdə qeyd olunan torpaq sahəsi ilə bağlı dürüstləşmə aparılaraq “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyası kimi müvafiq düzəlişlər olunmuşdur. Saatlı rayonu Sarıcalar kəndi ərazisində yerləşən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə ayrılması nəzərdə tutulan 0,08 ha torpaq sahəsinə dair yerquruluşu planının hazırlanması ilə bağlı bələdiyyənin mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması proseduruna başlanması üçün Saatı rayonu, Sarıcalar bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 27 saylı müraciəti 13 saylı Şirvan Ərazi İdarəsinə daxil olmuşdur. Müraciət əsasında ayrılması nəzərdə tutulan torpaq sahəsinə naturada (yerdə) faktiki olaraq baxış keçirilmiş və döngə nöqtələrinin koordinatları GPS (X2) aləti vasitəsilə təyin olunmuşdur. Ayrılması nəzərdə tutulan torpaq sahəsi (0.08 ha) elektron kadastr baza məlumatlarında bələdiyyə mülkiyyətində olmaqla, “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid “sair” torpaq sahəsidir. Lakin, ayrılması nəzərdə tutulan torpaq sahəsi (0.08 ha) 10kV-luq elektrik xəttinin mühafizə zolağında yerləşdiyindən həmin torpaq sahəsinə yerquruluşu planının hazırlanması mümkün olmamışdır. Bu barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********70 saylı məktubla Saatlı rayonu Sarıcalar bələdiyyəsinə məlumat verilmişdir. İşdə olan Sarıcalar bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 03 nömrəli iclas protokolunun surətindən görünür ki, bələdiyyə üzvləri səs verməsi nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdən bələdiyyənin sədri seçilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşdə olan Saatlı rayon İcra Hakimiyyəti Başçısının Sarıcalar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsindən daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq olunan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.3, 29,178.2.3 və 29, 178.2.4-cü maddələrinin tərkibi vardır. Lakin təqsirləndirilən şəxsin həmin maddələrlə cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinə görə Bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatmadığı hallarda, şəxsin həmin maddələrdə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməsi məsələsinə baxılarkən, dövlət büdcəsinə ödəniş başa çatmayan cinayətə görə qəsdin yönəldiyi əmlakın on faizi miqdarında müəyyən olunur Həmin Məcəllənin 73-1.2-ci maddəsinə görə bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-ci il tarixli, BPM**********26 nömrəli ödəniş tapşırığından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 1512(bir min beş yüz on iki) manat 50(əlli) qəpik məbləğində pul vəsaiti dövlət büdcəsinə ödənilmişdir. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 178.2.3, 29,178.2.3, 29, 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilməlidir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.4,312.1-ci maddəsi ilə irəli sürülmüş ittihama münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Məhkəmə qeyd edir ki, nəzəriyyədə səlahiyyətli vəzifəli şəxsə çatdırmaq adı ilə rüşvət verən şəxsdən pulu və ya digər əmlakı alan və vədinə əməl etmək niyyətində olmayaraq həmin pulu (əmlakı) öz xeyrinə ələ keçirən şəxsin hərəkətləri yalançı vasitəçilik (psevdovasitəçilik) adlandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2022-ci il tarixli qərarına əsasən rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib. Qeyd olunmalıdır ki, yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Hətta yalançı vasitəçiyə qarşı rüşvət verməyə cəhdə təhrik etmə ittihamının irəli sürülməsi də burada vəziyyəti dəyişmir. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinun Plenumunun həmin tarixli qərarına əsasən yalançı vasitəçilik birbaşa olaraq dələduzluğun üsulu kimi göstərilmişdir. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında " Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 36-cı bəndində göstərilir ki, vəzifəli şəxsə rüşvət vermək barədə təşəbbüsü bu yolla özgə əmlakını ələ keçirmək məqsədini həyata keçirən şəxsin özü irəli sürdükdə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli Qərardadında (bu Qərar və Qərardad birlikdə götürülməklə, onların təsviri-əsaslandırıcı hissələrində) ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli CM-in 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-in 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-in 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Cinayət işinin materiallarına nəzər yetirdikdə də müəyyən olunur ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirmək məqsədi daşıdığından və ümumiyyətlə hər hansı bir korrupsiya razılaşmasının əldə olunmasına çalışmadığından göstərilən əməllərin korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilmədiyindən, əksinə əmlakla bağlı olan ictimai münasibətlərə zərər vurmağa yönəldiyindən və bu əməllər yekunda Azərbaycan Respublikası CM-nin 178.2.3, 29,178.2.3 və 29, 178.2.4-cü maddələri ilə tam əhatə olunduğundan, təqsirləndirilən şəxsin əlavə olaraq CM-nin 32.4, 312.1-ci maddəsi ilə təqsirli bilinməsinə zərurət yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə irəli sürülmüş ittiham ümumi ittihamdan xaric edilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri xitam olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut olan əməliyyat-axtarış tədbirləri nəticəsində qeydə alınmış videogörüntüləri əks etdirən 01 ədəd “DVD” disk, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş 2 ədəd “CD” disk, Təqsirləndirilən şəxs, Şahid və Zərərçəkmiş şəxs səs nümunələri olan 03 ədəd “CD” disk, "xxxx" ASC tərəfindən təqdim olunmuş bank çıxarışları cinayət işi materiallarında saxlanılmalıdır İş materiallarından görünür ki, ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. Odur ki, həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 321, 344-347, 356 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 29,178.2.3 və 29,178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə irəli sürülmüş ittiham ümumi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan əməliyyat-axtarış tədbirləri nəticəsində qeydə alınmış videogörüntüləri əks etdirən 01 ədəd “DVD” disk, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş 2 ədəd “CD” disk, Təqsirləndirilən şəxs, Şahid və Zərərçəkmiş şəxs səs nümunələri olan 03 ədəd “CD” disk, "xxxx" ASC tərəfindən təqdim olunmuş bank çıxarışları cinayət işi materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qərardan 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-24/2023
Saatlı Rayon Məhkəməsi Qərar — İş №1(055)-24/2023
14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver