Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-24/2025 12.02.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1973-cü ildə Saatlı rayon Qaracalar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Saatlı rayon Qaracalar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən təmiz çəkisi 85,0 qram narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə etmiş, daşımış və Saatlı rayon Qaracalar kəndində yaşadığı evin həyətyanı sahəsində yonca bağlamalarının arasında satış məqsədi olmadan qanunsuz olaraq saxlamış, əməliyyat tədbiri keçirən Saatlı RPŞ-nin polis əməkdaşları xx.xx.2024-cü il tarixdə saat 12:25-dən saat 13:05-dək olan müddət ərzində baxış keçirən zamanı onun Saatlı rayon Qaracalar kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsində yerləşən tövlənin arxasına yığılmış yonca bağlamalarının arasında göy rəngli polietilen torbanın içərisində olan şəffaf rəngli polietilen torbanın içərisindən təmiz çəkisi 85,0 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edərək götürmüşlər, yəni satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, arabir narkotik vasitə olan “nəşə”dən istifadə etmişdir. 2024-cü ilin təxminən mart ayında narkotik tərkibli çətənə bitkisi əkmək və həmin bitkinin yarpaqlarından yığıb qurudaraq istifadə etmək qərarına gəlmiş və bu məqsədlə uzun müddətdir saxladığı 10 ədəd çətənə bitkisinin toxumlarını aparıb yaşadığı Saatlı rayon Qaracalar kəndi ərazisində təbii olan meşəlik ərazidə əkmişdir. Əkdikdən sonra narkotik tərkibli çətənə bitkisinin dörd ədədi inkişaf etməyərək yararsız hala düşüb məhv olmuş, qalan 6 ədəd narkotik tərkibli olan çətənə bitkiləri isə inkişaf etmişlər. Təxminən 2024-cü ilin sentyabr ayında həmin əraziyə gedərək həmin bitkilərin yarpaqlarından yığaraq yaşadığı evə gətirmiş və həyətyanı sahəsində yerləşən tövlənin arxasına yığmış olduğu yonca bağlamaları tayasının üzərinə sərərək qurutmuş, bir müddət sonra həmin qurumuş yarpaqları bir ədəd şəffəf rəngli sellofan torbaya yığmış, həmin torbanı da başqa bir göy rəngli torbanın içərisinə qoyaraq yonca bağlamalarının arasında gizlətmişdir. Həmin narkotik vasitədən də bir dəfə özü istifadə eləmişdir. 24 oktyabr 2024-cü il tarixdə saat təxminən 12 radələrində polis əməkdaşları həyətə gəlib yaşadığı evdə narkotik tərkibli çətənə bitkilərinin əkilib becərilməsində şübhəli olduğunu və bu səbəbdən də həyətyanı sahəsinə baxış keçiriləcəyini bildirmişlər. Bundan sonra o ərizə yazaraq evinə və həyətyanı sahəsinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və narkotik tərkibli çətənə bitkilərinin yarpaqlarını yığıb qurutduğunu və saxladığını bildirmiş, narkotik vasitəni saxladığı və qurutduğu yeri polis əməkdaşlarına təqdim eləmişdir. Həmin vaxt polis əməkdaşlarına saxladığı narkotik vasitə olan göy rəngli sellofan torbanı açmışlar, həmin torbanın da içərisində narkotik vasitəni aşkar etmişlər. Daha sonra baxış keçirilməsi barədə protokol tərtib edilmiş, videoçəkiliş aparılmışdır. Hazırda əməlinə görə peşmançılıq çəkir, gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Sonda məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübut, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə ona Saatlı rayon Qaracalar kəndində yaşayan X1 yaşadığı Saatlı rayon Qaracalar kəndində yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib becərməsi və qanunsuz olaraq saxlaması barədə barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatla əlaqədar xx.xx.2024-cü il tarixdə təxminən saat 12 radələrində Saatlı rayon Qaracalar kəndində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getmişlər. Təqsirləndirilən şəxs özlərini təqdim edərək yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərini əkib becərməkdə şübhəli olduğunu bildirərək yaşadığı evin həyətinə baxış keçirilməli olduqlarını bildirmişlər. Zabil də etiraz etməmiş və həyətyanı sahəsində olan yonca bağlamalarının arasında narkotik vasitə saxladığı yeri təqdim edərək bağlamaların arasında gizlətmiş olduğu içərisində narkotik vasitə olan sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içərisindən bir ədəd şəffaf rəngli sellofan torba, həmin torbanın da içərisindən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırılıb götürülmüşdür.Baxış zamanı videoçəkiliş aparılmış, daha sonra protokol tərtib edilmişdir. Məhkəmə istintaqı zamanı şahidvə Şahid2 Şahid1 ilə eyniməzmunlu ifadə verdi. İşdə olan xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokol, ona əlavə edilən videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs həyətinyanı sahəsində yığılmış vəziyyətdə olan yonca bağlamalarının arasından bir ədəd göy rəngli sellofan torbanın içərisində bir ədəd şəffaf rəngli polietilen torbada torba ilə birlikdə ümumi çəkisi 85,94qram narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan məhkəmə-bioloji ekspertizanın 25 oktyabr 2024-cü il tarixli 18/878 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs Ağappa oğlunun həyətyanı sahəsində...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen torbada təmiz çəkisi – 85,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələr siyahısı”na daxildir. (İ siyahı) İşdə olan məhkəmə-narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli 7216 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, naromaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, barəsində CM-nin 62 və ya 70ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini, ailənin yeganə qazanc gətirəni olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini məhkəmə onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunan qərarının 2-ci və 3-cü bəndlərində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa Şurası Nazirlər Komitəsinin üzv dövlətlərə tövsiyələrində də vurğulanır ki, cəzaçəkmə yerlərinin maliyyə məsrəflərinin cəmiyyətin üzərində ağır yük olduğunu və həbsin çox zaman mənfi nəticələr doğurduğunun və hüquq pozucularını islah etmədiyinin tədqiqatlar nəticəsində aşkar edilir. Yenə, Avropa Şurası Nazirlər Komitəsinin R (99) 22 saylı tövsiyyəsində cəza siyasətinin humanistləşdirilməsi ilə əlaqədar mühüm əhəmiyyət daşıyan bir sıra hallara toxunularaq aşağıdakıları qeyd etmişdir: Həbsxanalarda həddən artıq insan olmasının və məhbusların artmasının həbsxana müdiriyyətləri və bütövlükdə cinayət mühakimə icraatı sistemi üçün həm insan hüquqları, həm də cəzaçəkmə müəssisələrinin səmərəli idarə edilməsi baxımından mühüm problem təşkil edir. Məhbusların səmərəli idarə edilməsinin cinayətkarlığın ümumi vəziyyəti, cinayətkarlığın nəzarətdə saxlanmasında prioritetlər, qanunlar toplusunda nəzərdə tutulan müxtəlif növ cəzalar, təyin edilən cəzaların ağırlığı, ictimai sanksiyalardan və tədbirlərdən nə dərəcədə teztez istifadə edilməsi, cinayət mühakimə icraatı orqanlarının işinin səmərəliliyi və təsirliliyi, xüsusən də ictimaiyyətin cinayətə və cəzaya münasibəti kimi məsələlərdən asılıdır. Həbsxanalarda həddən artıq insanın olması ilə mübarizə aparmaq və həbsxana sakinlərinin sayını azaltmaq məqsədi daşıyan tədbirlərin cinayətkarlığın və cinayətkar davranışın qarşısının alınmasına, səmərəli hüquq mühafizə tədbirlərinə, cəmiyyətin təhlükəsizliyinə və müdafiəsinə, sanksiya və tədbirlərin fərdiləşdirilməsinə və hüquq pozucularının sosial reinteqrasiyasına yönələn ardıcıl və məqsədəuyğun cinayət siyasətinin tərkibinə daxil edilməsinin zəruridir. Belə tədbirlərin qanunun aliliyi ilə idarə olunan və insan hüquqlarının təmin edilməsindən ibarət ali məqsədə tabe olan demokratik dövlətlərin əsas prinsiplərinə, İnsan hüquqları haqqında Avropa Konvensiyasına və onun tətbiqinin həvalə olunduğu orqanların presedent hüququna uyğun gəlməlidir. Əsas prinsiplər kimi üzv dövlətlərə tövsiyədə aşağıdakılar bildirilir: - Azadlıqdan məhrum etmə ən son vasitə qismində istifadə edilən sanksiya və ya tədbir hesab edilməli və buna görə də yalnız hüquq pozuntusunun ciddiliyi hər hansı başqa sanksiyanı və ya tədbiri açıq-aydın qeyri-adekvat etdiyi təqdirdə nəzərdə tutulmalıdır. - Cəzanın nisbi ağırlığı üzrə dərəcələrə bölünən müvafiq ictimai sanksiya və tədbirlər toplusu hazırlanmalı, prokurorlar və hakimlər onlardan mümkün qədər geniş istifadəyə sövq edilməlidir. - Həbsxanalarda həddən artıq insan olmasına və məhbusların artmasına qarşı ardıcıl strategiya düşünüb tapmaq üçün buna şərait yaradan əsas amillərin ətraflı təhlili həyata keçirilməli, bu təhlildə xüsusən uzun müddətə azadlıqdan məhrum etmə cəzasına səbəb olan hüquq pozuntusu növləri, cinayətkarlığın nəzarətdə saxlanmasında prioritetlər, ictimaiyyətin mövqeyi və narahatçılıqları, habelə mövcud cəza təyin etmə praktikası kimi məsələlər nəzərdən keçirilməlidir. Bundan başqa, həmin tövsiyədə məhkəmə araşdırması mərhələsinə aid tədbirlər fəslində qeyd edilir ki, uzun müddətə azadlıqdan məhrum etməni nəzərdə tutan və bununla həbsxana sisteminin üzərinə ağır yük qoyan cəzaların tətbiqini azaltmaq və qısa müddətə azadlıqdan məhrum etmə cəzalarını ictimai sanksiya və tədbirlərlə əvəz etmək üçün səy göstərilməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Yuxarıda göstərilən prinsiplər nöqteyi-nəzərindən yanaşdıqda da aydın olur ki, heç də ağır cəzaların, o cümlədən, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi həmişə cəzanın məqsədlərinə xidmət etmir. Hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmiş şəxsin cinayət əməlini törətdikdən sonrakı davranışlarına, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, ailə vəziyyətinə, cinayət əməli törətdiyi vaxtla, cinayət əməli törətdikdən sonra cəmiyyətdə tutduğu mövqeyə, statusuna, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, narkotik vasitənin növünü,cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, hazrki iş üzrə az ciddi cəza vasitəsilə cəzanın məqsədlərinə nail olunması, eyni zamanda təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən islah olunması mümkündür. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 24 oktyabr 2024-cü il tarixdən 26 oktyabr 2024-cü il tarixədək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə də Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 84,95 qram qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə 49.74 manat ekspertiza xərci tərsirləndirilən şəxs Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində iki il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 oktyabr 2024-cü il tarixdən 26 oktyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq bir il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 84,95 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-24/2025
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-24/2025
12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver