Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-28/2024 15.05.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 və qanuni nümayəndəsi Şahid2, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakı ilə Saat: 16:00 xx xxxxxxx 1995-ci ildə Saatlı rayonunun Əlisoltanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Saatlı rayonunun Əlisoltanlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2,177.2.3-1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, tamah niyyəti ilə xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 Əliguşad oğlunun adına GTKR5352689A299 nömrəli müqavilə ilə (2092482 müştəri kodu) 3050 manat krediti sonuncunun plastik kart və şəxsiyyət vəsiqəsinin məlumatlarını ələ keçirib özgənin əmlakın gizli olaraq talama məqsədilə onlayn şəkildə “BirBank” mobil tətbiqi vasitəsi ilə rəsmiləşdirmiş və rəsmiləşdirdiyi kredit məbləğini elektron məlumat daşıyıcılarından istifadə edərək sonuncunun Kapital Banka aid 416974****7888 nömrəli əmək haqqı kartından gizli yolla talayıb, 20 may 2022-ci il tarixdə Saatlı rayonu ərazisində öz kart hesabına köçürməklə və müxtəlif ödənişlər etməklə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 Əliguşad oğlunun 3050 manat məbləğdə pulunu informasiya texnologiyalarından istifadə edilməklə oğurlamışdır. Bundan basqa, o, təkrarən tamah niyyəti ilə 2023-cü ilin yanvar ayında Bakı şəhəri Yasamal rayonu Respublika Kliniki Xəstəxanasında özgənin əmlakın gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs3 onlayn qaydada kredit pul götürməsini təşkil etmək bəhanəsi ilə sonuncunun Kapital Bank ASC tərəfindən verilmiş **********124072 nömrəli əmək haqqı kartının və şəxsiyyət vəsiqəsinin məlumatlarını ələ keçirib elektron məlumat daşıyıcılarını tətbiq edərək mobil telefonunda informasiya texnologiyalarından istifadə edib mobil tətbiq vasitəsilə zərər çəkmiş Zərərçəkmiş şəxs3 həmin kart hesabından 31 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində 4825 manat pulunu öz bank kart hesabına köçürməklə gizli olaraq talayıb təkrarən informasiya texnologiyalarından istifadə edilməklə oğurlamışdır. Bundan basqa, o, təkrarən tamah niyyəti ilə 2023-cü ilin aprel ayında Bakı şəhəri Yasamal rayonu Respublika Kliniki Xəstəxanasında özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs4 onlayn qaydada kredit pul götürməsini təşkil etmək bəhanəsi ilə sonuncunun Kapital Bank ASC tərəfindən verilmiş 416974******7147 nömrəli əmək haqqı kartının və şəxsiyyət vəsiqəsinin məlumatların ələ keçirib həmin kartın elektron məlumat daşıyıcılarını və Cəvahir Abasovanın şəxsiyyət vəsiqəsinin məlumatlarını tətbiq edərək mobil telefonunda informasiya texnologiyalarından istifadə edib mobil tətbiq vasitəsilə həmin əmək haqqı kartından 26 aprel 2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində 619 manat pulunu öz bank kartı hesabına köçürməklə gizli olaraq talayıb təkrarən informasiya texnologiyalarından istifadə edilməklə oğurlamışdır. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə 2023-cü ilin may ayında özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs4 Kapital Bank ASC tərəfindən verilmiş **********539868 nömrəli Bir Bank kartının elektron məlumat daşıyıcılarını və Cəvahir Abasovanın şəxsiyyət vəsiqəsinin məlumatlarını ələ keçirib Bakı şəhəri Yasamal rayonu ərazisində mobil telefonunda informasiya texnologiyalarından istifadə edib mobil tətbiq vasitəsilə həmin kartından 11 may 2023-cü il tarixdə 206 manat pulunu öz kart hesabına köçürməklə gizli olaraq talayıb təkrarən informasiya texnologiyalarından istifadə edilməklə oğurlamışdır. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə 2023-cü ilin may ayında özgənin əmlakını gizli olaraq talama məqsədilə X1 Kapital Bank ASC tərəfindən verilmiş 416974******7147 nömrəli əmək haqqı kartının və şəxsiyyət vəsiqəsinin məlumatların ələ keçirib, Bakı şəhəri Yasamal rayonu ərazisində mobil telefonunda informasiya texnologiyalarından istifadə edib mobil tətbiq vasitəsilə həmin kartından 31 may 2023-cü il tarixdə 400 manat pulu öz bank kartına köçürməklə və müxtəlif ödənişlər etməklə gizli olaraq talayıb təkrarən informasiya texnologiyalarından istifadə edilməklə oğurlamışdır. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 adına 1690 manat krediti sonuncunun plastik kart və şəxsiyyət vəsiqəsinin məlumatlarını ələ keçirib onlayn şəkildə “BirBank” mobil tətbiqi vasitəsi ilə rəsmiləşdirmiş və rəsmiləşdirdiyi kredit məbləğini elektron məlumat daşıyıcılarından istifadə edərək sonuncunun 416973******9818 nömrəli Bir Bank kartından 16 iyun 2023-cü il tarixdə Saatlı rayonu ərazisində gizli yolla talayıb öz kart hesabına köçürməklə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 1690 manat məbləğdə pulunu təkrarən informasiya texnologiyalarından istifadə edilməklə oğurlamışdır. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 adına GTZK1989616B299 nömrəli müqavilə ilə (9912715 müştəri kodu) 6268 manat krediti sonuncunun plastik kart və şəxsiyyət vəsiqəsinin məlumatlarını ələ keçirib onlayn şəkildə “BirBank” mobil tətbiqi vasitəsi ilə rəsmiləşdirmiş və rəsmiləşdirdiyi kredit məbləğini elektron məlumat daşıyıcılarından istifadə edərək sonuncunun 416973******9818 nömrəli Bir Bank kartından gizli yolla talayıb 19 iyun 2023-cü il tarixdə Saatlı rayonu ərazisində öz kart hesabına köçürməklə və müxtəlif ödənişlər etməklə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 xeyli miqarda 6268 manat məbləğdə pulunu təkrarən informasiya texnologiyalarından istifadə edilməklə oğurlamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2017-ci il tarixdən bəzi banklardan götürdüyü kreditlər və mülki şəxslərdən aldığı borcları maddi vəziyyəti aşağı olduğundan qaytara bilmədiyi üçün sıxıntıları yaranmış, bu səbəbdən də borclu olduğu şəxsləri hər dəfə müxtəlif bəhanələr ilə aldatmış, sonradan 2021-ci ildən mobil telefonda "xxxx"-a aid olan “BirBank” tətbiqini yaxşı öyrəndiyi üçün həmin tətbiq vasitəsi ilə bəzi kənd sakinlərinə banka getmədən onlayn, yəni mobil telefonda “Bir Bank” tətbiqi vasitəsi ilə və “kapitalbank.az” saytı vasitəsi ilə kredit rəsmiləşdirmiş, krediti aldıqdan sonra ona həmin şəxslər 50-100 manat aralığında hörmət etmiş, əldə etdiyi pullar ilə həm dolanışıq edib, həmçinin də borclarını ödəməyə çalışmışdır. Onun bu bacarığı kənd içində yayılmış və qeydiyyatda olduğu, həmçinin qonşu kənd sakinləri, hətta Bakı şəhərində olan tanışları ona kreditlə bağlı müraciət etmiş, o da onların adına krediti onlayn şəkildə rəsmiləşdirmişdir. 2022-ci il tarixdə atası Xanhüseynin xəstəliyi ilə əlaqədar olaraq ona pul lazım olmuş, pul əldə etmək üçün müxtəlif bəhanələr axtarmış, bu səbəbdən 2022-ci ilin may ayında qərarlaşdırmışdır ki, həmkəndlisi Zərərçəkmiş şəxs1 şəxsi məlumatları onda oduğu üçün adına onlayn şəkildə kredit rəsmiləşdirib ayrılmış pulu isə öz hesabına köçürüb borclarını qaytarsın və atasının müalicəsinə xərcləsin. 19 may 2022-ci il tarixdə telefonunda “kapitalbank.az” saytı vasitəsi ilə Zərərçəkmiş şəxs1 şəxsiyyət vəsiqəsindəki FİN kod məlumatlarını yazmış və yoxladıqdan sonra sistem Yaşar üçün 6000 manat kredit ayrıla biləcəyini göstərmiş, daha sonra o, Yaşarın atası Əligüşada zəng vurub Yaşarın adına götürdükləri əvvəlki kredit üzrə onlardan tutulmuş sığorta və komissiya pulunu geri qaytarmaq kimi şərait olduğunu deyərək aldatmış və görüşmək istəmişdir. Həmin ərəfələrdə Yaşar işlədiyi üçün saat təxminən 17 radələrində Əligüşad ona zəng edib oğlu Yaşar ilə birlikdə olduqlarını demiş və o, onların yanına getmiş, həmin vaxt yenə də onları aldadıb, əvvəlki kredit üzrə sığorta və komissiya pulunu geri alınmasında köməklik edəcəyini bildirmiş, daha sonra onların xəbəri olmadan Yaşarın adına onlayn şəkildə 3050 manat kredit yazıb 24 ay müddətində rəsmiləşdirmə etmiş, daha sonra bankın sistemi tərəfindən videoformatda çəkiliş aparılmış və qeyd etdiyi kredit rəsmiləşmiş, o, Əligüşada bildirmiş ki, “gözləyin, pul hesaba düşən vaxt deyəcəm gedib çıxararsız”. Onlar bu fikirlə razılaşmış və çıxıb getmiş, o, Yaşarın adına kredit düşdüyü üçün öz telefonunda Zərərçəkmiş şəxs1 adına “Bir Bank” tətbiqi açmış və həmin tətbiq vasitəsi ilə Zərərçəkmiş şəxs1 adına olan pensiya kartı və əməkhaqqı kartını görə bilmiş, krediti rəsmiləşdirdikdən sonra bank xərcləri çıxıldıqdan sonra 2958,50 manat pul Zərərçəkmiş şəxs1 əməkhaqqı kartına köçmüş, həmin pulu 20 may 2023-cü il tarixdə 500, 500, 1000, 500 manat olmaqla, ümumilikdə 2500 manat pulu öz adına olan karta köçürmüş, köçürmə etdiyinə görə 12,50 manat komissiya tutulmuşdur. Həmin tarixdə Yaşarın öz kartından 164 manat pulu “Araz” supermarketə quraşdırılmış bankomatdan çıxarıb komissiya pulu adı ilə onun özünə vermiş, daha sonra Yaşarın hesabından 200 manat “Azəriqaz”-a olan borcunu ödəmiş, bundan başqa həmin hesabdan 50 manat və 32 manat mobil nömrələrə köçürmə etmişdir. O, Yaşarın xəbəri olmadan hər ay ödəniş cədvəlinə uyğun olaraq 2022-ci ilin iyun ayından 2023-cü ilin iyun ayı da daxil olmaqla hər ay üçün ödəniş etmiş, lakin 2023-cü ilinin iyul ayı da daxil olmaqla hazırkı vaxta kimi ödəniş edə bilməmişdir. Bundan başqa, atası Xanhüseyn Hüseynov onkoloji xəstə olduğuna görə Respublika Kliniki Xəstəxanasında müalicə almış, orada işləyən Zərərçəkmiş şəxs3 ilə münasibətləri yaranmış, o, hətta onun ərini də tanıyıb evlərinə gedib-gəlmişdir. 2023-cü ilin yanvar ayında Bahar ona bankdan kredit pul götürmək istədiyini, lakin adında gecikmə olduğunu, buna görə də, ona kredit verilmədiyini bildirmiş, o, Bahardan ona nə qədər pul lazım olduğunu soruşduqda, sonuncu ona 1500 manat pul lazım olduğunu demişdir. O, Bahar üçün onlayn kredit sifariş verərkən, onun adına özü üçün də kredit pul götürməyi düşünmüş, Bahara 1500 manat verməyi, qalan pulu isə özünə götürüb üzərinə düşən kredit ödənişini ödəməyi planlamışdır. Bahardan əmək haqqı kartının və şəxsiyyət vəsiqəsinin məlumatlarını götürmüş, müvafiq prosedur qaydalarını həll edib kredit sifarişini etmişdir. Kredit sifarişinin məbləği 4975 manat olmuş, lakin 27 yanvar 2023cü il tarixdə Baharın əmək haqqı kartına komissiya çıxılmaqla 4825 manat pul mədaxil edilmiş, o, bunu mobil tətbiq vasitəsilə bilmiş və 4825 manat pulun Baharın əmək haqqı kartına mədaxil edildiyini bilən kimi həmin məbləği yenə də “BirBank” mobil tətbiqi vasitəsi ilə 31 yanvar 2024-cü il tarixdə özünə məxsus olan karta köçürmüşdür. Bahar ona zəng edib kartına pul mədaxil edilməsi barədə və həmin məbləğin yenidən hesabdan silinməsi barədə sms gəldiyini dedikdə sistemdə belə şeyler çox olur deyib Baharı aldatmış, daha sonra Bahara pul lazım olduğu üçün onun əmək haqqı kartından oğurladığı puldan 01 fevral 2023-cü il tarixdə Bahara məxsus əmək haqqı kartına 1500 manat pul göndərmiş ki, Bahar elə bilsin kredit məbləği hesabına oturub. Sonra Bahara evində ödəniş qrafiki verib, aylıq 70 manat kredit ödənişini 24 ay ödəməli olduğunu demiş, həmin ödəniş qrafikini özü tərtib etmiş, onda nüsxəsi olmuşdur. 4 aya yaxın müddətdə Baharın adına götürdüyü kreditin ödənişini etsə də, sonradan maddi imkanı buna yol verməmişdir. Bundan başqa atasının xəstəliyi ilə əlaqədar olaraq Respublika Kliniki Xəstəxanasında çox olduğu üçün orada işləyən şəxslər onu banka getmədən kredit sənədləşdirmə mütəxəssisi kimi tanımış, 2023-cü ilin aprel ayında Respublika Kliniki Xəstəxanasında tibb bacısı işləyən Zərərçəkmiş şəxs4 ilə tanış olmuş, onun istəyi ilə əri Məhərrəm üçün əvvəlki qaydalarla 5000 manat kredit düzəltmiş, onun işini gördüyü üçün onlarda ona qarşı etibar yaranmışdır. Bir neçə gün sonra Cavahir özü də ondan kredit kartı (taksit) istəmiş və o, ondan xidmət haqqı olaraq 250 manat pul almış və Cavahir sənədləşmə aparılması üçün əmək haqqı kartının və şəxsiyyət vəsiqəsinin fotoşəklini ona göndərmişdir. O, Cavahirin anket məlumatlarından istifadə edib onlayn formada kredit sifarişi vermiş, Cavahirin əvvəlki kredit ödənişlərində problem olduğu üçün sonuncunun adına yalnız 619 manat kredit limiti ayrılmış və 25 aprel 2023-cü il tarixdə əmək haqqı kartına köçmüşdür. Bunu bildikdən sonra 26 aprel 2023-cü il tarixdə Cavahirin anket məlumatlarını mobil tətbiqə yerləşdirməklə onun kartından kredit kimi ayrılmış 619 manat pulu özünə məxsus olan karta köçürmüş və bu barədə Cavahirə heç nə deməmiş, Cavahir ondan taksit kartı istədiyi üçün onu aldadıb adına kredit düşmədiyini demiş və ona bir ədəd debet kart açıldığını bildirmişdir. Daha sonra Cavahir ona zəng edərək, 12 may 2023-cü il tarixdə ərinin aylıq kredit ödənişinin vaxtı olduğunu və onun adına sənədləşdirdiyi debet kart hesabına 210 manat pul köçürdüyünü, həmin pulu ərinin kreditinə köçürməyini xahiş etmiş, həmin vaxt onun özünün də pula ehtiyacı olduğu üçün 11 may 2023-cü il tarixdə Cavahirə məxsus olan "xxxx"-a aid olan debet kartdan 206 manatı özünə məxsus olan karta köçürmüş, bu barədə yenə də Cavahirə nəsə deməmişdir. 2023-cü ilin may ayında ona təcili pul lazım olduğundan mobil telefonunun mobil tətbiqi vasitəsilə Cavahirin kart hesablarına baxan zaman sonuncunun əmək haqqı kartında pul olduğunu bilmiş və 30 may 2023-cü il və 31 may 2023-cü il tarixlərində hissə-hissə olmaqla ümumilikdə 400 manat pulun bir hissəsini öz kart hesabına köçürmə etmiş, bir hissəsini isə oynadığı onlayn mərc oyunlarına yükləmiş və yenə də bu barədə Cavahirə məlumat verməmişdir. Sonradan Cavahir banka getdikdən sonra hər şeyi bilmiş, bütün bunlar barədə Cəvahir xəbər tutduqda ona söz vermiş ki, yaxın günlərdə pulunu geri qaytaracaqdır. Bundan başqa, müxtəlif şəxslərə verəcəkləri çoxaldığı üçün həmin şəxslər ondan pullarını tələb etmiş, yenə də pul əldə etmək üçün yollar fikirləşmişdir. 16 iyun 2023cü il tarixdə əvvəllərdən tanıdığı Şahid1 onun istifadəsində olan mobil nömrəyə zəng edib kredit rəsmiləşdirilməsi məqsədi ilə onu evlərinə dəvət etmiş, onun da borcları çox olduğu üçün dərhal Nemətin yaşadığı Saatlı rayonu Qaracalar kəndinə getmişdir. Evdə olan zaman Nemət ona bildirmiş ki, kredit götürmək üçün valideyinləri və onlara köməklik etmək məqsədi ilə kredit götürüb vermək istəyən əmisi arvadı Zərərçəkmiş şəxs2 "xxxx" ASC-nin Saatlı rayon filialına getmiş, valideyinlərinin yaşı çox olduğundan, eyni zamanda əmisi arvadı Sevda xəstəliklə bağlı pensiyaya çıxdığından filial tərəfindən onlara kredit ayrılmasından imtina edilmişdir. Nemət ilə danışdıqdan sonra bilmiş ki, onun ata və anasının yaşı çoxdur və onlayn formada sistem kredit ayırmayacaq. Bu səbəbdən Nemətin əmisi arvadı Zərərçəkmiş şəxs2 adına kredit rəsmiləşdirmək mümkün olduğunu demiş və onun pensiya kartı və şəxsiyyət vəsiqəsi ilə gəlməsini bildirmiş, bir qədər sonra Zərərçəkmiş şəxs2 Nemətgilə gəlmiş və onun şəxsiyyətini təsdiq edən FİN kodunu “kapitalbank.az” saytı vasitəsi ilə kredit bölməsində yazıb sifariş vermişdir. Bir qədər sonra Zərərçəkmiş şəxs2 adına ümumilikdə 1690 manat kredit rəsmiləşmiş və Zərərçəkmiş şəxs2 adı ilə öz mobil telefonunda “Bir Bank” mobil tətbiqində qeydiyyatdan keçib adında olan plastik kart hesablarını və kreditin ayrıldığı hesabı görə bilmiş, sonradan bank daxili qaydalar dəyişdiyi üçün ona məlum olmuş ki, kredit xətti üzrə ayrılmış pul pensiya kartına köçmür və ayrıca hesabda qalır. 16 iyun 2023-cü il tarixdə bankda qeyri iş günü olduğu üçün Neməti aldadaraq bildirmiş ki, bankda iş başlasın gedib pulları alın. “Bir Bank” tətbiqi vasitəsi ilə cari hesabda olan pulu "xxxx"-a aid kart hesablarına köçürməyin mümkün olduğunu bilmiş, özünə məxsus olan "xxxx" kartında borcla bağlı hesabı mənfi göstərildiyi üçün, Sevdanın adına rəsmiləşdirdiyi krediti öz kart hesabına köçürsə mənfi olduğundan tutulacağını bilmiş, Şahid1 "xxxx"a aid olan plastik kart olduğundan onu yenidən aldadıb, dostlarının ona pul göndərdiyini və həmin pulu Nemətin kartına atacaqlarını demişdir. Nemət onunla razılaşmış və Zərərçəkmiş şəxs2 hesabında olan 1690 manat kredit pulunu hissəvi olaraq Nemətin kartına köçürüb, daha sonra Şahid1 kartından özünə məxsus olan karta köçürmüş və çıxıb getmişdir. Daha sonra 19 iyun 2023-cü il tarixdə yenidən Zərərçəkmiş şəxs2 adına “kapitalbank.az” saytı vasitəsi kredit sifariş vermiş və həmin vaxt yenidən təsdiq gələrək Zərərçəkmiş şəxs2 adına 6268 manat kredit rəsmiləşə biləcəyini sistem yazmış və daha sonra dərhal Şahid1 zəng edib onu aldadaraq, bank krediti ilə bağlı problemlər olduğunu və yenidən videofarmatda təsdiq istədiyini bildirmişdir. Daha sonra Şahid1 yaşadığı evə getmiş, evdə Zərərçəkmiş şəxs2 adına 6268 manat krediti yenidən rəsmiləşdirmiş, bir neçə dəqiqədən sonra bank tərəfindən bildirilmiş ki, 6268 manat kredit ayrılsa da müəyyən xərclər ilə bağlı tutulmalar və birinci kreditə görə verilmiş pul bağlandıqdan sonra Zərərçəkmiş şəxs2 kart hesabına ümumilikdə 4469,76 manat pul köçmüşdür. Şahid1 yenidən aldadıb, əmisi arvadı Zərərçəkmiş şəxs2 adına olan kredit müqaviləsinin bank tərəfindən ləğv edildiyini demiş və alınmadığını deyib Zərərçəkmiş şəxs2 hesabına köçmüş pulları, tətbiq vasitəsi ilə gizli yolla talamağa başlamışdır. Belə ki, həmin pulun 2959,90 manatını özünə məxsus olan “Leobank”-a məxsus olan kart hesabına köçürmüş, 1509,86 manat pulu isə borclu olduğu müxtəlif hesablara, kommunal ödənişlərinə və virtual oyunlara köçürüb uduzmuşdur. Etdiyi əməldən peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Zərərçəkmiş şəxslərdən təkcə Zərərçəkmiş şəxs1 dəymiş ziyandan ümumilikdə 650 manat ödəmişdir. Dəymiş ziyanın qalan hissəsini isə imkan daxilində ödəyəcəkdir. Odur ki, göstərdiklərinin nəzərə alınaraq məhkəmədən ona köməklik olunmasını xahiş etdi Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir, münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs kənd içində kredit mütəxəssisi kimi tanınmış, bir neçə dəfə ailə üzvlərinə də kreditlə və ya bankla yaranmış məsələlərdə köməklik etdiyi üçün onların ona etibarı yaranmışdır. 2022-ci ilin may ayında Təqsirləndirilən şəxs atası Əligüşada zəng edib onun adına götürdükləri ilkin kredit üzrə tutulmuş sığorta pulunu geri qaytarmaq kimi imkan olduğunu və görüşməli olduqlarını bildirmiş, həmin ərəfələrdə o, işlədiyi üçün saat 17 radələrində atası Əligüşad ilə birlikdə Təqsirləndirilən şəxsla görüşmüş, həmin vaxt onlara, ilkin kredit üzrə komissiya pulunun geri alınmasında köməklik edəcəyini bildirmişdir. O da özünə məxsus olan təqaüd kartını və şəxsiyyət vəsiqəsini Kamrana vermiş, həmin vaxt Kamran öz telefonu vasitəsi ilə bəzi əməliyyatlar edib, telefon vasitəsi ilə onun şəkilini çəkib sənədləşmə apardığını demiş, bir neçə dəqiqə orada gözlədikdən sonra sığorta pulu olaraq hesabına 164 manat pul köçdüyünü bildirmiş və onlar bilikdə “Araz” supermarketə quraşdırılmış bankomata getmiş, 164 manat pulu komissiya pulu adı ilə çıxarıb onlara vermişdir. Daha sonra 2023-cü ilin may ayında təqaüdünü almaq üçün gedən zaman, ona kartında pul olmadığı məlum olmuş, daha sonra "xxxx"-a gedib nə baş verdiyini öyrənən zaman bankın əməkdaşı ona bildirmiş ki, 2023-cü ilin may ayının 19-da onun adına 3050 manat pul krediti sənədləşib və həmin kredit ödənilmədiyi üçün may ayının təqaüdü kreditə silinmişdir. Daha sonra bu barədə Təqsirləndirilən şəxs nə baş verdiyi, ona qarşı hansı səbəbdən belə etdiyini sual etdikdə sonuncu pulu ödəyəcəyi barədə söz vermiş, polisə şikayət etməməyini bildirmiş və həmin ayın pulunu onlara vermişdir. Daha sonra 2023-cü ilin iyun ayınında kreditini özü ödəmiş, lakin iyul ayında yenidən gecikməyə görə onun təqaüdü tutulduğu üçün Kamran ilə əlaqə saxlayıb ödəməsini desə də Kamran ödəyəcəyini söz versə də pulu ödəməmişdir. Təqsirləndirilən şəxs onun xəbəri olmadan müəyyən aylar olmaqla krediti özü ödədiyindən bu barədə onların xəbəri olmamış, sonradan kart hesablarındakı çıxarışları və kredit cədvəlini əldə etdikdən sonra hesablamış ki, hazırkı vaxtdək Təqsirləndirilən şəxs onun adına rəsmiləşdirdiyi kreditdən 1222,43 manat ödəniş etmişdir. Təqsirləndirilən şəxs onu aldadaraq onlayn vasitəsi ilə onun adına 3050 manat kredit rəsmiləşdirmiş və həmin pulu da telefonundakı proqram vasitəsi ilə öz hesabına köçürmüş, ona 3050 manat maddi ziyan vurmuşdur. Ona dəymiş ziyandan 650 manat ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 2023-cü ilin yanvar ayında əməliyyat üçün ona vacib pul lazım olmuş, işlədiyi xəstəxanadakı rəfiqələri ona "xxxx"-ın əməkdaşı kimi tanıdıqları Təqsirləndirilən şəxs mobil telefon nömrəsini vermiş, o, Kamrana zəng edib bankdan kredit pul əldə etmək istədiyini bildirmiş, həmin şəxs ondan nə qədər pul lazım olduğunu soruşduqda Kamran cəmi 1500 manat pul lazım olduğunu demişdir. Kamran kredit sənədləşməsinin onlayn qaydada olduğunu demiş, o, Kamrana istədiyi sənədləri vermiş, Kamran özü onlayn qaydada kredit pul götürmə əməliyyatını icra etmişdir. xx.xx.2023-cü il tarixdə onun istifadəsində olan mobil telefon nömrəsinə "xxxx" ASC-dən sms daxil olmuş və həmin smsdə göstərilmiş ki, onun "xxxx" ASC tərəfindən verilmiş əmək haqqı kartına 4825 manat pul gəlmiş, 6 dəqiqə sonra 2-ci sms gəlmiş və həmin sms-də pulun kartından geri çəkilməsi göstərilmişdir. O, həmin vaxt Kamrana zəng edərək bu barədə ona demiş, Kamran da, problemli məsələ olmadığını, texniki sehv olduğunu, bu cür smslərə fikir verməməyi bildirmişdir. xx.xx.2023-cü il tarixdə onun əmək haqqı kartına 1500 manat pul köçürülmüş, Kamran ona, 24 ay aylıq 70 manat kredit ödənişi etməli olduğunu demiş və ona xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əlavə Ödəniş qrafiki təqdim etmiş, həmin ödəniş qrafikində Bank yazısının altında "X5" yazılmış və göy mürəkkəblə imza çəkilmişdir. Növbəti ay onun maaş kartından avtomatik olaraq 70 manat pul çıxmış, sonraki 3 ay maaş kartından ümumiyyətlə pul kredit ödənişi çıxmamışdır. O, bu barədə Kamrana dedikdə sonuncu aylıq kredit ödənişini müvəqqəti olaraq dondurduğunu demiş, 2023-cü ilin iyun ayının 2-si "xxxx"-ın Problemli Kreditlər Şöbəsindən ona zəng gəlmiş və borcun olduğunu bildirib, aylıq 142 manat olmaqla 2 aylıq kredit ödənişi borcunun olduğunu demişlər. O, bununla bağlı Kamrana zəng etmiş və bu barədə soruşduqda Kamran müxtəlif bəhanələr gətirmiş, həmin vaxt ona məlum olmuş ki, Kamran onun adına 1500 manat deyil, 5000 manata yaxın kredit pul sənədləşdirib, bank xərcləri çıxdıqdan sonra kart hesabına köçürülmüş 4825,75 manat pulu ondan xəbərsiz kart hesabından öz kart hesabına köçürüb, ona isə cəmi 1500 manat pul vermişdir. Bundan başqa təxminən 2023-cü ilin aprel-may ayında Kamran ona məxsus kart hesabından onun xəbəri olmadan 125, 274 va 67 manat, ümumilikdə 466 manat pulunu öz kartına köçürmüş, o, bunu məlum edib dedikdə Kamran narahat olmamasını, pulun karta geri qayıdacağını bildirmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, 2023-cü ilin aprel ayında X3 işlədiyi xəstəxanaya gəlmiş və özünü bank əməkdaşı kimi təqdim etməklə onlayn kredit rəsmiləşdirə bildiyini demiş, o, Kamran vasitəsilə ərinin adına onlayn kredit rəsmiləşdirmişdir. Kamran onlayn qaydada əri Məhərrəm üçün 5000 manat kredit götürmüş, həmin kredit qısa müddət ərzində ərinin bank kartına köçmüş, bundan bir neçə gün sonra öz adına da kredit götürmək istədiyini bildirmişdir. Kamran buna görə ondan 250 manat pul alsa da, müxtəlif bəhanələr gətirərək kreditin rəsmiləşdirilməsini uzatmış, o, Kamrana “Birkart” istədiyini demiş, Kamran onun adına Kapital Bankdan “Birkart” düzəldib gətirmiş və həmin kartın debet kartı olduğunu demişdir. Sonradan ona məlum olmuş ki, həmin kartda 650 manat kredit limiti olub və Kamran həmin kartın məlumatlarını, o cümlədən şəxsiyyət vəsiqəsinin məlumatlarını öz mobil telefonuna yükləyərək mobil tətbiq vasitəsilə “Birkart” kartından 619 manatını öz kartına köçürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs ona bir ədəd "xxxx" ASC-yə aid olan boş kart təqdim etdiyindən həmin hesaba müəyyən aylarda əmək haqqı kartından köçürmələr edib özü üçün saxlamış, ərinin adına rəsmiləşdirilmiş kreditin ödənişi hər ayın 12-də ödənildiyi üçün qeyd etdiyi kart hesabında 11 may 2023-cü il tarixdə 206 manat pul olduğunu Kamrana demiş və həmin pulu ərinin kredit ödənişini etməyi xahiş etmiş, sonradan, həmin tarixdə Təqsirləndirilən şəxs qeyd etdiyi pulu da kart hesabından oğurladığını bilmiş, bundan sonra onun əmək haqqı kartına 30 may 2023-cü il tarixdə 1400 manat pul köçmüş, həmin tarixdə pulun 1000 manatını o, özü bankomat vasitəsi ilə məxaric etmiş, 400 manatın kart hesabında qaldığını hesab etmiş, 08 iyun 2023-cü il tarixdə əmək haqqını çıxarmaq üçün banka gedən zaman hesabında 400 manatın olmadığını bilmiş, əmək haqqı kartına aid olan çıxarış ilə, Təqsirləndirilən şəxs 31 may 2024-cü il tarixdə hissə-hissə olmaqla ümumilikdə 400 manatını müxtəlif yollarla hesabından oğurlayıb özü üçün sərf etdiyini öyrənmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, qaynı X2 arvadının xəstəliyi ilə əlaqədar olaraq onlara 1000 manat pul lazım olduğu üçün məcbur qalıb pulu "xxxx"-dan kredit yolu ilə götürməyi qərara almışlar. Bu səbəbdən onlar birlikdə "xxxx" ASC-nin Saatlı rayon filialına getmiş, həmin vaxt kredit mütəxəssisi qohumlarının yaşının çox olduğunu, onun isə təqaüd aldığı xəstəliyi bildirib onlara kredit ayırmamış, sonradan Rüstəmin oğlu Nemət bildirmiş ki, Saatlı rayonu Əlisoltanlı kəndində yaşayan Təqsirləndirilən şəxs banka getmədən, onlayn yol ilə kredit rəsmiləşdirə bilir. Onun da səhhətində olan problemlərlə bağlı qərarlaşdırmış ki, həmin şəxsi evə çağırsın və onlara görə kredit sənədləşdirsin. Bu səbəbdən də 16 iyun 2023-cü il tarixdə Kamran onların həyətinə gəlib onun şəxsiyyət vəsiqəsi və pensiya kartı ilə öz telefonu vasitəsi ilə bəzi əməliyyatlar etmiş, telefon vasitəsi ilə şəkilini çəkib və yekunda sistemdə problemlər olduğunu deyib kreditin sənədləşməsini gözləməklərini bildirmişdir. Həmin vaxt pensiya kartı və şəxsiyyət vəsiqəsi özündə qalmış, onun ilkin əməliyyatlarından sonra o, təxminən 18 iyun 2023-cü il tarixdə aylıq pensiyasını almış, daha sonra 19 iyun 2023-cü il tarixdə Kamran yenidən Nemət ilə birlikdə həyətə gəlib bank daxili problem olduğunu, yenidən sənədləşmə aparılacağını deyib yenidən onun şəkilini çəkmiş və bir qədər gözlədikdən sonra bank tərəfindən ona kredit ayrılmasında imtina verildiyini demişdir. Daha sonra 15 iyul 2023-cü il tarixdə təqaüdünü alan zaman ona məlum olmuş ki, pensiya kartında problem var və kart blok olunub. Bu səbəbdən də 21 iyul 2023-cü il tarixdə "xxxx"a getmiş, həmin vaxt ona bank işçisi, adında iyun ayında rəsmiləşdirilmiş 6268 manat kredit olduğunu və hazırda gecikmədə olduğunu bildirmişdir. Həmin vaxt ona bank tərəfindən ödəniş cədvəli və bank çıxarışı təqdim edilmiş və məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onları aldadaraq onun adına 16 iyun 2023-cü il tarixdə 1690 manat, 19 iyun 2023-cü il tarixdə isə 6268 manat kredit götürmüş, lakin ona pul verməmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, onunla düşmənçilik və ədavəti olmamışdır. Anasının xəstəliyi ilə əlaqədar olaraq onlara 1000 manat pul lazım olduğu üçün məcbur qalıb həmin pulu "xxxx"-dan kredit yolu ilə götürməyi qərara almış, bu səbəbdən atası Rüstəm və pensiya alan qohumu Zərərçəkmiş şəxs2 ilə birlikdə "xxxx" ASC-nin Saatlı rayon filialına getmişlər. Həmin vaxt kredit mütəxəssisi atasının yaşının çox olduğunu, Sevdanın isə pensiya aldığı xəstəliyi bildirib onlara kredit ayırmamışdır. Sonradan eşitmiş ki, Saatlı rayonu Əlisoltanlı kəndində yaşayan Təqsirləndirilən şəxs banka getmədən, onlayn yolu ilə kredit rəsmiləşdirə bilir. Məcbur qalıb evlərində onlara kredit sənədləşdirsin deyə Kamranı çağırmış, bu səbəbdən də 16 iyun 2023cü il tarixdə Kamran onların həyətinə gəlib əmisinin həyat yoldaşı Zərərçəkmiş şəxs2 şəxsiyyət vəsiqəsini və pensiya kartı ilə öz telefonu vasitəsi ilə bəzi əməliyyatlar etmiş, telefon vasitəsi ilə şəkilini çəkmiş və yekunda sistemdə problemlər olduğunu deyib kreditin sənədləşməsini gözləməklərini demişdir. Daha sonra Təqsirləndirilən şəxs "xxxx"-a aid olan plastik kartını həmin karta dostlarının pul göndərəcəyini deyib istəmiş, o da razılaşmışdır. Daha sonra 19 iyun 2023-cü il tarixdə Kamran yenidən bank daxili problem olduğunu, yenidən sənədləşmə aparılacağını deyib yenidən Zərərçəkmiş şəxs2 ilə mobil telefon vasitəsi ilə əmliyyatlar aparıb bir qədər gözlədikdən sonra bank tərəfindən kredit ayrılmasından imtina verildiyini demiş, daha sonra 21 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 “KapitalBanka” getmiş, həmin vaxt ona bank işçisi, onun adında iyun ayında rəsmiləşdirilmiş 6268 manat kredit olduğunu və hazırda gecikmədə olduğunu demişdir. Həmin vaxt, Təqsirləndirilən şəxs onun qohumu Zərərçəkmiş şəxs2 adına onları aldadaraq kredit rəsmiləşdirib, onun kartından istifadə etməklə həmin pulu oğurladığını bilmişdir. İşdə olan "xxxx" ASC tərəfindən təqdim edilmiş 12 iyul 2023-cü il tarixli Zərərçəkmiş şəxs4 məxsus olan 476974******7147 nömrəli əmək haqqı kartından xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək dövrü ərzində çıxarış sənədinin 1ci səhifəsindən görünür ki, Zərərçəkmiş şəxs4 məxsus həmin kart hesabına 25 aprel 2023-cü il tarixdə 619,94 manat pul mədaxil olub və 26 aprel 2023-cü il tarixdə isə 619 manat pul həmin hesabdan çıxarılmış, həmin çıxarışın 2-ci səhifəsindədə qeyd etdikləri kimi 30 may 2023-cü il tarixdə 1400 manat pul karta mədaxil edilib, zərərçəkmiş şəxs tərəfindən 1000 manatı məxaric edilsədə, qalan 400 manat isə hissə-hissə olmaqla 31 may 2023-cü il tarixdə həmin hesabdan çıxarılmışdır. İşdə olan "xxxx" ASC tərəfindən təqdim edilmiş 12 iyul 2023-cü il tarixli Zərərçəkmiş şəxs4 məxsus olan 476973******9868 nömrəli “birbank cashback plus” kartından xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək dövrü ərzində çıxarış sənədinin 2-ci səhifəsindən görünür ki, Zərərçəkmiş şəxs4 məxsus həmin kart hesabında özünün ifadəsində qeyd etdiyi kimi 11 may 2023-cü il tarixdə 209 manat pul olduğu və həmin puldan 206 manatını Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi kimi həmin tarixdə hesabdan çıxarılmışdır. İşdə olan "xxxx" ASC tərəfindən təqdim edilmiş 16 iyun 2023-cü il tarixli Zərərçəkmiş şəxs3 məxsus olan 476974******4072 nömrəli əmək haqqı kartından xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək dövrü ərzində çıxarış sənədinin 2ci səhifəsindən görünür ki, Zərərçəkmiş şəxs3 məxsus həmin kart hesabına özünün və Təqsirləndirilən şəxs ifadələrində qeyd etdikləri kimi 27 yanvar 2023-cü il tarixdə 4825,75 manat pul mədaxil olub və 31 yanvar 2023-cü il tarixdə isə pul olduğu kimi həmin hesabdan çıxarılmışdır. İşdə olan "xxxx" ASC tərəfindən təqdim edilmiş Zərərçəkmiş şəxs1 aid olan xx.xx.2022-ci il tarixli GTKR5352689A299 nömrəli kredit müqaviləsi üzrə ödəniş qrafiki və xx.xx.2023-cü il tarixli Zərərçəkmiş şəxs1 məxsus olan 476974******7888 nömrəli əmək haqqı kartından xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dövrü ərzində çıxarış sənədinin 1-ci və 2-ci səhifəsindən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus həmin kart hesabına özünün və Təqsirləndirilən şəxs ifadələrində qeyd etdikləri kimi 19 may 2022-ci il tarixdə ayrılmış 3050 manat kredit üzrə 2958,50 manat pul mədaxil olub və 20 yanvar 2022-ci il tarixdə isə həmin hesabdan 500, 500, 1000, 164, 500, 200, 50 və 32 manat olmaqla çıxarılmışdır. İşdə olan "xxxx" ASC tərəfindən təqdim edilmiş Zərərçəkmiş şəxs2 aid olan xx.xx.2023-cü il tarixli GTZK1989616B299 nömrəli kredit müqaviləsi üzrə ödəniş qrafiki və xx.xx.2023-cü il tarixli Zərərçəkmiş şəxs2 məxsus olan 476973******9818 nömrəli əmək haqqı kartından xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək dövrü ərzində çıxarış sənədinin 1-ci səhifəsindən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus həmin kart hesabına özünün və Təqsirləndirilən şəxs ifadələrində qeyd etdikləri kimi 16 iyun 2023-cü il tarixdə ayrılmış 90, 300, 300 və 1000 manat olmaqla ümumilikdə kredit üzrə 1690 manat pul mədaxil olub və həmin tarixdə isə həmin hesabdan 10, 80, 100, 200, 300, 220, 750 və 30 manat olmaqla çıxarılmışdır. İşdə olan "xxxx" ASC tərəfindən təqdim edilmiş 18 mart 2024-cü il tarixli 2024/111/7316 nömrəli məktub və həmin məktuba əlavə edilmiş çıxarış məlumatlarından görünür ki, Zərərçəkmiş şəxs2 ilə GTZK1989616B299 №li müqaviləsi əsasında 19 iyun 2023-cü il tarixdə ona 6268 manat kredit ayrılmış və ayrılmış pullar həmin tarixdə hissə-hissə olmaqla kart hesablarına və müxtəlif ödənişlərə tətbiq vasitəsi ilə köçürülmüşdür. Həmin sənəddə Zərərçəkmiş şəxs1 ilə GTK5352689A299 №li kredit müqaviləsi əsasında 19 may 2022-ci il tarixdə 3050 manat kredit ayrılmış və ayrılmış pullar 20 may 2022-ci tarixdə hissə-hissə olmaqla kart hesablarına və müxtəlif ödənişlərə tətbiq vasitəsi ilə köçürülmüşdür. İşdə olan 26 oktyabr 2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə məxsus bank hesablarından pulları özünə məxsus olan “Samsung Galaxy A03” markalı mobil telefonunda olan “BirBank”, “Leobank” və digər tətbiqlər ilə icra etmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2,177.2.3-1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, barəsində CM-nin 62 və ya 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2,177.2.3-1 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, cinayət nəticəsində dəymiş ziyandan ödəniş etməsini, törətdiyi cinayət əməlini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunan qərarının 2-ci və 3-cü bəndlərində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, hazrki iş üzrə az ciddi cəza vasitəsilə cəzanın məqsədlərinə nail olunması, eyni zamanda təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən islah olunması qeyri-mümkündür. Təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən tam təcrid edilməsi yolu ilə mümkün olduğuna görə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 26 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutularaq 28 oktyabr 2023-cü il tarixədək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 30 oktyabr 2023-cü ildə şübhəli şəxs qismində tutulmuş, 01 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 30 oktyabr 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut olan və cinayət işi materiallarında saxlanılan Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A03” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılmalıdır. İşdə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2,177.2.3-1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 oktyabr 2023-cü il tarixdən 28 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmasının bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş iki il altı ay müddətə azadlıqdan məhrumetmə cəzasından iki gün çıxılaraq üzərində qəti olaraq iki il beş ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 30 oktyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan və cinayət işi materiallarında saxlanılan Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A03” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-28/2024
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-28/2024
15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver