Məhkəmə qərarları › İş №1(055)-3/2025

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-3/2025

03.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-3/2025 03.07.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Xüsusi ittihamçı X5, Təqsirləndirilən şəxs X11, Müdafiəçi - Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 13 avqust 1990-cı il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkumluğu olan, Saatlı rayonu Mollavaizli kəndində qeydiyyatda olan və yaşayan X11 X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X5 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X12, X17 barəsində xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını məhkəmədən xahiş etmişdir. Xüsusi ittihamçı X12 şikayəti onunla əsaslandırmışdır ki, o “X10” İctimai Birliyinin 2022 2023-cü illərdə sədr olduğu dövrdə onların İctimai Birlikdə Azərbaycan Respublikasının bir çox rayonlarının nümayəndələri təmsil edilmişdir. “X10” İctimai Birliyi dövlətçiliyin inkişafında və Azərbaycan Respublikasının daha da bütün dünyada tanınmasında var gücü ilə çalışır. İctimai birliyin kecmiş üzvü X1, Youtabe sosial şəbəkələrində, müxtəlif Vatsapp qruplarında onun barəsində şərəf və ləyaqətini alçaldan, böhtan dolu məlumatlar yayaraq, onun ictimaiyyət arasında olan nüfuzuna xələl gətirir. O, saxta profillər yaradaraq, həmin profillər vasitəsilə də Facebook, Youtabe sosial şəbəkələrində onun şəxsiyyətini alçaldan şər və böhtan dolu məlumatlar yayır. Həmçinin onun tərəfindən “X10” İctimai birliyinin tərkibində fəaliyyət göstərən “Dövlət TV” vasitəsilə də çıxışlar edərək, onun barəsində şəxsiyyətini alçaldan məlumatlar yerləşdirir. Bildirmək istəyir ki, o və İctimai birliyin digər üzvləri Quba rayonunda tədbirdə olarkən X17 onun və digər şəxslərin video görüntülərini çəkmiş, lakin onunla İctimai birliyin qadın üzvünün görüntülərini montaj edərək guya ki, onun həmin qadını qucaqlamağı görüntüsünü yaradaraq, həmin montaj edilmiş video görüntüləri İctimai birliyin üzvlərinin ümumi Vatsapp qrupunda yayaraq onun şərəf və ləyaqətini ləkələmişdir. Qeyd etmək istəyir ki, X17 onun YDDİB-nin qadın üzvünü guya qucaqladığə barədə görüntüləri İctimai birliyin üzvləri arasında, müxtəlif Vatsapp qruplarında paylaşmışdır. Belə ki, video görüntülər X11 özü tərəfindən onun özünə məxsus olan mobil telefon vasitəsilə çəkilmiş və montaj edilmişdir. Həmin vaxt Quba rayonunda “X10” İctimai birliyinin tədbiri var idi və həmin tədbirdə ondan başqa İctimai birliyin digər üzvləri Əsgərov Nəsimi, İsayev Oktay, Şükürova Şəlalə də iştirak etmişdilər. Qeyd etmək istəyir ki, tədbir yekunlaşandan sonra İsayev Oktay onları evinə qonaq çağırmış və həmin axşam Oktayin evində qalmışlar. Axşam vaxtı X3 Oktay, Şükürova Şəlalə spirtli içkilər qəbul etmişlər və bundan sonra X2 Şəlaləyə intim münasibətdə olmaq təklif etdiyi üçün, Şükürova Şəlalə ona qarşı qaçaraq, onu Əliyev Asimdən müdafiə etməyini xahiş edərək, bildirmişdir ki, “Əliyev Asimə deyin ki, mənə belə təkliflər etməsin”. Həmin məqamı da Əliyev Asim montaj edərək özünə sərf edən formada, həmin hadisədən 1 il sonra müxtəlif Vatsapp qruplarında, bəzi şəxslər arasında paylaşmışdır. Çox qəribədir ki, Əliyev Asim bu fotoşəklin və videonun şər-böhtan olduğunu bilərək, qərəzli şəkildə yayaraq, cəmiyyət arasında onun nüfuzuna xələl gətirmişdir. Bundan başqa bildirmək istəyir ki, X17 digər şəxslərlə birlikdə Bakı şəhəri Xətai rayon məhkəməsinə “X10” İctimai birliyinin xx.xx.2022-ci il tarixli iclas protokolunun etibarsız hesab edilməsi barəsində məhkəməyə iddia ərizəsi vermiş və məhkəmə icrası vaxtı onun barəsində şər-böhtan dolu məlumatları özündə əks etdirən CD diski məhkəməyə təqdim etmişdir. Nəzərinizə çatdırıram ki, mən həmin CD diskdə olan məlumatların X17 tərəfindən yayıldığını, onun bu diski məhkəməyə təqdim etməsi ilə bir daha təsdiq olunduğunu qeyd etmək istəyir. Belə ki, bu diskdə olan video görüntülər və səsyazıları onun şikayəti əsasında sosial şəbəkələrdən silinmişdir. Təbii ki, həmin məlumatların əsli yalnız bu məlumatları sosial şəbəkələrdə yayan şəxsdə ola bilərdi. X11 öz şəxsi imzası ilə məhkəməyə təqdim etdiyi həmin CD disk təsdiq edir ki, bu məlumatlar sosial şəbəkələrdə X17 tərəfindən yayılmışdır. Eyni zamanda bildirmək istəyir ki, X17 onun “X10” İctimai birliyinın sədri vəzifəsindən çıxarılmağı barədə xx.xx.2023-cü il tarixdə Youtabe sosial şəbəkələrində məlumatlar və fotoşəkillər yaymışdır. Çox qəribədir ki, X17 bu məlumatların yalan olduğunu bilərək, onu ictimaiyyət arasında nüfuzdan salmaq üçün belə bir məlumat yaymışdır. Eyni zamanda X17 2023-cü ilin mart ayında Youtabe sosial şəbəkəsində İctimai birliyin xanım üzvləri ilə birlikdə çıxış edərək, onun şərəf və ləyaqətimi ləkələyən məlumatlar yaymışdır. Bundan başqa qeyd etmək istəyir ki, X17 xx.xx.2023-cü il tarixdə İctimai birliyin üzvlərinə Vatsapp sosial şəbəkəsi vasitəsilə onun barəsində şər-böhtan dolu şərəf və ləyaqətini ləkələyən məlumatlar göndərmişdir. Qeyd etmək istəyir ki, həmin məlumatlar X17 tərəfindən “Ali Məclis YDDİB” Vatsapp qrupuna, İçtimai birliyin üzvlərinin gecə saat 23:37 radələrində xəbəri və razılığı olmadan əlavə olunaraq onlara göndərilmişdir. Bu da həmin üzvlərin haqlı narazılıqlarına səbəb olaraq, onlar tərəfindən AR DİN-nın 102 qaynar xətt xidmətinə şikayətləri ilə nəticələnmişdir. Eyni zamanda qeyd etmək istəyir ki, YDDİB-nin sabiq üzvləri 19 mart 2023-cü il tarixində qeyri-qanuni keçirilmiş iclasda da X17 onun İctimai birliyin təsisçilərinin imzalarını saxtalaşdırdığını və həmçinin onun şərəf və ləyaqətini ləkələyən ifadələr işlətmişdir. Çox qəribədir ki, X17 həmin bu imzaların İctimai birliyin təsisçilərinin özləri tərəfindən icra olunduğunu bildiyi halda onu əsassız olaraq saxtakarlıqla gunahlandıraraq, onun ictimaiyyət arasında olan nüfuzuna xələl gətirmişdir. Qeyd etmək istəyir ki, sabiq X6 şəxslər həm onun, həm də rəhbərlik etdiyi ictimai birliyin nüfuzuna xələl gətirir. Məhkəmə iclasında xüsusi ittihamçı X12 xüsusi ittiham qaydasında şikayət ərizəsinin dəlillərinə uyğun ifadə verərək X11 Azərbaycan Respublikası CM-nın 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini və həmin maddələrin sanksiyası həcmində cəzalanmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxs X17 bildirmişdir ki, X7 “X10” İctimai Birliyinin üzvü olarkən tanımış və birgə fəaliyyət göstərmişlər. İlham Abbasovla işləyərkən onun qanunsuz əməllərini görmüş və bu qanunsuz əməllər barədə fikir və söz azadlığından istifadə edərək çıxışlar etmiş, birliyin fəaliyyətinə və İlham Abbasovun fəaliyyətinə tənqidi münasibət bildirmiş, həmçinin üzvü olduğu birliyin bir çox əməkdaşı da İlham Abbasov barəsində çıxışlar etmişlər. Lakin o, həmin çıxışlar zamanı İlham Abbasovun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatlar yaymamış, onun barəsində təhqiramiz ifadələr işlətməmişdir. O, Azərbaycan Respublikasının Konstitusiyası ilə hər bir vətəndaşa verilmiş fikir və söz azadlığı, eləcə də müraciət etmək hüquqlarından istifadə edərək İlham Abbasovu tənqid etsə də, İlham Abbasovun şikayətində göstərdiyi fotoşəkillər, videolar və müxtəlif yazıların paylaşılması və yayılması ilə onun heç bir əlaqəsi yoxdur, onun barəsində irəli sürülmüş ittiham tamamilə yalan və böhtandır. İlham Abbasova böhtan atmamışam, onu təhqir etməmişdir. Bütün göstərilənləri nəzərə alaraq, o, şikayətin əsassız olduğundan rədd edilməsini və ona həmin maddələrlə bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə xüsusi ittihamçını və təqsirləndirlən şəxsi və onun vəkilini dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, səslənən fikir və ifadələrdə xüsusi ittihamçının şərəf və ləyaqətini ləkələyən və böhtan xarakterli məlumatlara yol verilmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 mart 2025-ci il tarixli, 4/170 saylı məhkəmə-linqvistik ekspertizasının rəyində göstərilmişdir ki, ekspertiza tedqiqatına təqdim olunmuş materiallarda xüsusi ittihamçı X5 barəsində X17 tərəfindən verilmiş məlumatlar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında onun barəsində mənfi rəy yaratdığından öz təsdiqini tapmadığı təqdirdə X5 şərəf və ləyaqətini ləkələyən söz, söz birləşməsi, ifadələr və məlumatlar hesab olunur. Həmin məlumatların böhtan olub-olmamasının araşdırılması xüsusi bilik tələb etmədiyindən məhkəmə ekspertinin səlahiyyətinə aid deyildir. Ekspertiza tədqiqatına təqdim olunmuş materiallarda işlədilmiş “reketdi bu, lotudu”, “utanıb ölmürlər”, “qudurmusuz” ifadələri mənfi dəyərləndirmə təəssüratı yaratmaqla xüsusi ittihamçı X5 şərəf və ləyaqətini ləkələyən söz və ifadələr hesab olunur. Ekspertiza tədqiqatına təqdim olunmuş 2 saylı CD-R diskdə qeydə alınmış fotoşəkillərdə və videogörüntülərdə X5 barəsində verilmis məlumatlar onun şərəf və ləyaqətini nalayiq formada ləkələyən söz və ifadələr, məlumatla hesab olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, X17 əvvəllər məhkum olunmumuşdur. Beləliklə, ekspert rəyindən də mübahisəsiz qaydada görünür ki, X17 xüsusi ittihamçı X8 qarşı onların şərəf və ləyaqətini, habelə təhqir xarakterli söz və ifadələrə yol vermişdir və ona bəraət verilməsi üçün hüquqi əsaslar yoxdur, təqsirini etiraf etməməsi onu gözləyən məsuliyyətdən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirilməlidir. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir.Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir.Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (De Haes və Gijsels, § 42 vəLingens, § 46). Azərbaycan Respubikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Hər kəsin şərəfi dedikdə, onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə, şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə, isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarına əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər (5-ci bənd). “Kütləvi informasiya vasitələri haqqında” qanunun 10-cu maddəsinə əsasən vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarına əsasən CMin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu biləbilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun (5-ci bənd). Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Belə olan halda aydın olur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 mart 2025-ci il tarixli, 4/170 saylı məhkəmə-linqvistik ekspertizasının rəyi və işin digər halları ilə məlum olur ki, təqsirləndirilən şəxs X17 yalan olduğunu bilə-bilə, şərəf və ləyaqətini ləkələyən məlumatları yayıb İlham Abbasova böhtan atmışdır və bu Azərbaycan Respublikası CM-nin 147.1-ci maddənin təsiri altına düşür. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CPM-nin 42.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda bəraət hökmü çıxarılır. Məhkəmə təqsirləndirilən şəxs X15 istinad edilən (Azərbaycan Respublikası CM-in 147.1) cinayət əməlini cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, xüsusi ittihamın əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu xüsusi ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMnin 147.1-ci və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində X11 təqsirliliyi tam sübuta yetirilir. Təqsirləndirilən şəxs X11 hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur .Odur ki, təqsiri sübuta yetirildiyinə görə o, cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu biləbilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma görə min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 148-ci maddəsinə əsasən Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmağa görə min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Buradan da görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş əməlin törədilməsi böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. İşin müəyyən edilmiş hallarından görünür ki, cinayət 2023-cü ilin 19 mart, 21 mat, 08 may tarixlərində törədilmişdir. Beləliklə, cinayət işi üzrə hazırki vaxta kimi cinayətin törədildiyi vaxtdan artıq iki ilə müddət keçmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Cinayət işi üzrə təqsirləndirilən şəxs X17 xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə özünü təqsirli bilmir və onun barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi barədə razılığı yoxdur. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, CPM-in 39.1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi və CPM-in 39.1.5-ci maddəsində nəzərdə tutulmuş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ölməsi kimi cinayət təqibini istisna edən hallar olduqda və müdafiə tərəfi bəraətverici sayılmayan həmin əsaslarla cinayət təqibinə xitam verilməsinə razı olmadıqda, məhkəmə cinayət-prosessual qanunun 44.2.1 və 44.2.1-1-ci maddələrinə müvafiq olaraq məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə (ölmüş təqsirləndirilən şəxsə və ya təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş şəxsə) cəza təyin etməməklə ittiham hökmü çıxarır. Bu halda hökmün nəticəvi hissəsində şəxsin CM-in Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirli bilinməsi haqqında qərardan sonra ona CPM-in 39.1.3-cü maddəsinə və yaxud 39.1.5-ci maddəsinə müvafiq olaraq cəzanın təyin edilməməsi haqqında qərar əksini tapmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Yuxarıda qeyd olunanları, həmçinin təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirinin işin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla tam təsdiq edildiyini və təqsirləndirilən şəxsin özünü təqsirli bilmədiyini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələləri ilə cəza təyin olunmamaqla ittiham hökmü çıxarılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 350 (üç yüz əlli) manat X9 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İşdə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası CPM-nin 39.1.3 və 44.2.1-ci maddələri tətbiq edilməklə X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cəza təyin olunmasın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 350 (üç yüz əlli) manat X9 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti verilmədiyi halda hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar