Məhkəmə qərarları › İş №1(055)-30/2023

Saatlı Rayon Məhkəməsi Qərar — İş №1(055)-30/2023

04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 1(055)-30/2023 04.05.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Barəsində şikayət verilmiş şəxs X6 iştirakı ilə, X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət təqibinin başlanması barədə X1 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyənetdi: X4 xüsusi ittiham qaydasında şikayətlə Saatlı rayon Məhkəməsinə müraciət edərək X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət təqibi başlanılaraq cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. X4 şikayətində göstərmişdir ki, X7 ondan icazəsiz şəxsi albomundan bütün şəkilləri çəkib götürərək ayrı-ayrı şəxslər arasında, sosial şəbəkələrdə paylaşmış, o, Asim Əliyevin arvadı ilə telefonla görüntülü danışarkən sonuncu onun şəkillərini çəkib sosial şəbəkələrdə çox əcaib formaya salıb yaymış, altından tərbiyəsiz sözlər yazmış, onun yaxınlarına guya Sevinclə intim əlaqəsi olmasını demişdir. Bundan başqa, Asim Əliyev onun övladlarının atalarının müxtəlif insanlar olması fikrini yaymış, onun şəkillərini “Facebook” və “Youtue” şəbəkələrində çılpaq qadın şəkilləri ilə birləşdirib yayaraq 50 manat müqabilində kişilərlə görüşməsini qeyd etmiş, ona bununla bağlı mütəmadi zənglər gəlmişdir. Odur ki, göstərdiklərinin nəzərə alınıb X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət təqibi başlanılaraq cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. X4, həmçinin məhkəməyə teleqram ünvanlayaraq Bakı şəhərində vacib işi olduğu üçün məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Barəsində şikayət verilmiş şəxs X7 ifadəsində göstərdi ki, X3 “X5” İctimai Birliyində tanımışdır. Şikayətçinin göstərdikləri yalandır. Şikayətçi haqında heç bir status və ya məlumat paylaşmamış, paylaşılan məlumatların aid olduğu istifadəçi adı və profil isə onun deyildir. Bundan başqa iddiaçının onun haqqında iddia ərizəsində göstərdikləri xüsusatlar həqiqətə uyğun deyil. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl onun barəsində müxtəlif qurumlara şikayət ünvanlamışdır, lakin bu şikayətlərin heç biri öz təsdiqini tapmamışdır. Çünki o, iddiaçının şərəf və ləyaqətini alçaldan heç bir məlumat yaymamışdır. Sonda o, xüsusi ittiham qaydasındakı şikayətin əsassız və qanunsuz olduğundan və əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin tərkibi olmadığından verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməməsi, yəni məhkəmə tərəfindən şikayətin icraata qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə təqdim olunmuş sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət təqibinin başlanması barədə X1 xüsusi ittiham qaydasında şikayəti üzrə şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmaması, xüsusi ittiham qaydasında verilmiş şikayət əsassız olduğundan və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 302.1.3 və 302.1.7-ci maddələrinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsinin dispozisiyasına görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Həmin Məcəllənin 148-ci maddəsinin dispozisiyasına görə təhqir, yəni yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarında göstərilir ki, xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Xüsusi ittihamçının şikayət ərizəsi öyrənilərkən müəyyən edildi ki, ərizə Azərbaycan Respublikası CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, şikayət ərizəsində barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin həmin hərəkətləri nə vaxt və harada törətməsi qeyd edilməmiş, cinayət hadisəsi nəticəsində ona məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği şikayətdə əks olunmamış, şikayətin verildiyi yer göstərilməmiş, şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində göstərilən əlamətlərin olması barədə məhkəməyə hər hansı təsdiqedici sübutlar təqdim olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət təqibinin başlanması barədə xüsusi ittihamçı X1 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300, 302, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət təqibinin başlanması barədə xüsusi ittihamçı X1 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar