Məhkəmə qərarları › İş №1(055)-30/2024

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-30/2024

04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-30/2024 04.06.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə saat 15:10-da xx xxxxxxx 1986-cı il tarixdə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən ümumi təmiz çəkisi 400 qram narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə etmiş və saxlamış, həmin narkotik vasitəni polietilen torbada 19 yanvar 2024-cü il tarixdə saat 13:50 radələrində Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən “Muğan” parkının yaxınlığında piyada satış məqsədi olmadan qanunsuz olaraq daşıyarkən əməliyyat tədbiri keçirən polis əməkdaşları onu Saatlı Rayon Polis Şöbəsinə gətirib orada 19 yanvar 2024-cü il tarixdə saat 14:45 radələrində əynindəki gödəkçənin içəri hissəsində gizlətdiyi polietilen torbada həmin 400 qram, xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı aşkar edərək götürmüşlər, yəni satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, hadisədən 2-3 gün əvvəl “Muğan” parkına girərkən orada sellofan torba görmüş, lakin kiməsə məxsus olduğunu düşünüb ona yaxınlaşmamışdır. Lakin 19 yanvar 2024-cü il tarixdə yenə parkda olarkən həmin sellofan torbanın orada olduğunu görüb yaxınlaşmış və içərisində narkotik vasitə olduğunu bilmiş, bəzən narkotik vasitədən istifadə etdiyi üçün həmin torbadakı narkotik vasitəni də öz istifadəsi üçün götürmüşdür. Parkdan bir az aralandıqdan sonra polis əməkdaşları ona yaxınlaşmışlar və onu Saatlı RPŞ-nə aparmışlar. Törətdiyi əmələ görə peşmandır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərdi ki, 19 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi və saxlanması ilə məşğul olması barədə Saatlı Rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı onun və digər polis əməkdaşları – Şahid1 və Şahid3 tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs “Muğan” parkının içində müəyyən edilmiş və Saatlı RPŞnə gətirildikdən sonra Saatlı RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı İsmayıl Hacıyev tərəfindən üstünə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynindəki gödəkçənin cibindən narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütləni çıxararaq təqdim etmişdir. Həmin kütlə ekspertizaya göndərilməsindən ötrü qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 ifadəsində göstərdi ki, 19 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi və saxlanması ilə məşğul olması barədə Saatlı Rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı onun və digər polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs “Muğan” parkında hərəkətdə olarkən müəyyən edilmiş və Saatlı RPŞ-nə gətirilmişdir. Polis şöbəsində olarkən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edildikdən sonra Saatlı RPŞnin Təhqiqat bölməsinin təhqiqatçısı İsmayıl Hacıyev tərəfindən onun üstünə şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs əynindəki gödəkçənin cibindən narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütləni çıxararaq təqdim etmişdir. Həmin kütlə ekspertizaya göndərilməsindən ötrü qablaşdırılaraq götürülmüş, bu zaman fotoşəkillər və video çəkilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş “Şəxsi axtarış, baxış və götürmə aparılması barədə” 19 yanvar 2024-cü il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, keçirilmiş əməliyyat tədbiri nəticəsində 19 yanvar 2024-cü il tarixdə Saatlı RPŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin içərisində sellofan torba aşkar edilmişdir. Həmin torba açılıb baxış keçirilən zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olduğu müəyyən olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş sellofan torbadakı kütlənin qurudulmuş marixuana olduğunu, həmin marixuananı öz istifadəsi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 1 ədəd sellofan torbadakı narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə ekspertizaya göndərilməsindən ötrü qablaşdırılaraq götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Şirvan regional bölməsinin 20 yanvar 2024-cü il tarixli 18/83 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki iki ədəd iç-içə keçirilmiş polietilen torbada təmiz çəkisi – 400 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. (İ siyahı). İşdə olan və məhkəmə istintaqında elan edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və Saatlı Rayon Məhkəməsinin 16 iyun 2016-cı il tarixli 1(055)-50/2016 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək Saatlı Rayon Məhkəməsinin 16 iyun 2016-cı il tarixli 1(055)-50/2016 saylı hökmü ilə bir il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 04 noyabr 2016-cı il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək istintaqa məlum olmayan vaxtda və mənbədən ümumi təmiz çəkisi 400 qram narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə etməsi və saxlaması, həmin narkotik vasitəni polietilen torbada 19 yanvar 2024-cü il tarixdə saat 13:50 radələrində Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən “Muğan” parkının yaxınlığında piyada satış məqsədi olmadan qanunsuz olaraq daşıyarkən əməliyyat tədbiri keçirən polis əməkdaşlarının onu Saatlı Rayon Polis Şöbəsinə gətirib orada 19 yanvar 2024-cü il tarixdə saat 14:45 radələrində əynindəki gödəkçənin içəri hissəsində gizlətdiyi polietilen torbada həmin 400 qram, xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı aşkar edərək götürmələri, yəni satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən bu maddədə nəzərdə tutulmuş məsuliyyət satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma hallarında yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ nömrəli Qanununa, həmin qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli, 961-İİQ nömrəli Qanununa və həmin qanunlarla təsdiq edilmiş 1ci siyahıya əsasən qurudulmuş marixuananın xeyli miqdarının aşağı həddi 5 qram, külli miqdarının aşağı həddi 500 qramdır. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın təmiz çəkisi 400 qram, yəni xeyli miqdarda olduğundan onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını nisbətən aşağı həddə təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 Şəxsin 18 aprel 2024-cü il tarixli 2467 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və opioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhər görülür. Ona görə də, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş şübhəli şəxsin tutulması haqqında 19 yanvar 2024-cü il tarixli protokoldan və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında 21 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 yanvar 2024-ci il tarixdən 21 yanvar 2024-ci il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün saxlanılmış, 21 yanvar 2024-cü il tarixdə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 399,95 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 20 yanvar 2024-cü il tarixli 18/83 saylı ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 49 manat 74 qəpik təşkil edir. Ona görə də, həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək on ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 yanvar 2024-cü il tarixdən 21 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub iki gün saxlanılması ona təyin olunmuş on ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq doqquz ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəzaçəkmə müddətinin əvvəli bu gündən, yəni 04 iyun 2024-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 399,95 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar