Məhkəmə qərarları › İş №1(055)-30/2025

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-30/2025

02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-30/2025 02.04.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1980-ci ildə Saatlı rayonu Oktyabrabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işsiz, Saatlı rayonu Şirinbəy kəndində qeydiyyatda olan və yaşayan, barəsində Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(055)-14/2025 sayı qərarı ilə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 14 oktyabr 2024-cü il tarixdə saat 23 radələrində Saatlı rayonu Şirinbəyli kənd qəbiristanlığının yaxınlığında açıq sahədən Saatlı rayonu Şirinbəyli kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus 3000 manat dəyərində 1 baş erkək dana və 2500 manat dəyərində 1 baş inəyi gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 5500 manat məbləğində, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmiş, yəni xeyli miqdarda özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 29 oktyabr 2024-cü il tarixdə saat 23 radələrində Saatlı rayonu Şirinbəyli kəndi ərazisində kənd məscidinin yaxınlığında açıq sahədən Saatlı rayonu Şirinbəyli kəndində yaşayan Zərərçəkmiş şəxs2 məxsus 4000 manat dəyərində 6 baş xırdabuynuzlu heyvanları gizli olaraq talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 4000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş, yəni özgə əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsilə məhkum olunmuşdur. O, Zərərçəkmiş şəxs1 tanıyır. Qədir onun qohumudur və aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. O, 14 oktyabr 2024-cü il tarixdə saat 23 radələrində rayonun Şirinbəy kəndində piyada hərəkət edərkən, kəndin içərisindəki qəbiristanlığın yaxınlığında 1 baş inək və 1 baş dananın ipinin yulğun ağaclarına ilişib qaldığını görmüşdür. O, həmin vaxt ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra heyvanlara yaxınlaşmış və heyvanları oğurlamağa qərar vermişdir. Bu məqsədlə heyvanların ipini ağacdan açmış və hər iki heyvanı Şirinbəy kəndində yerləşən yaşadığı evə gətirib həyətə salmışdır. Daha sonra heyvanları həyətdəki tövləyə salıb qapısını bağlamışdır. Həmin vaxt heyvanların kimə məxsus olduğunu bilməmişdir. Sonra isə heyvanların Qədirə məxsus olduğunu öyrənmişdir. Bundan sonra heyvanları satmağa qərar vermiş və heyvanları oğurladığı günün səhəri günü 1 baş iribuynuzlu heyvanı özünə məxsus avtomobilə yükləyərək Salyan rayonuna bazara aparmışdır. Bazarda heyvanı tanımadığı alverçiyə 1500 manata satmışdır. Bundan sonra yaşadığı evə qayıdaraq digər iribuynuzlu heyvanı Şirinbəy kəndində çöl sahədə yerləşən özünə məxsus fermaya aparmış və orada özünə məxsus iribuynuzlu heyvanların içərisinə qatmışdır. Zərərçəkmiş şəxs2 Firuddin oğlunu da həmkəndlisi kimi tanıyır. Aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. O, 29 oktyabr 2024-cü il tarixdə saat 23 radələrində Şirinbəy kəndində piyada hərəkət edərkən, kənddə yerləşən məscidin yaxınlığında 6 baş qoyun görmüşdür. O, əvvəlcə ətrafa nəzər salmış və heç kəsin olmadığından tam əmin olduqdan sonra qoyunlara yaxınlaşmışdır. Qoyunlara yaxınlaşıb onları qabağında hərəkət etməyə məcbur etmiş və həmin qoyunları yaşadığı evin həyətinə gətirərək həyətdəki tövləyə salmış və qapısını bağlamışdır. Həmin vaxt heyvanların kimə məxsus olduğunu bilməmişdir. Sonra isə heyvanların Faiqə məxsus olduğunu öyrənmişdir. Bundan sonra heyvanları satmağa qərar vermiş və heyvanları oğurladığı gündən təxminən 1 həftə sonra 5 baş qoyunu özünə məxsus avtomobilə yükləyərək Salyan rayonuna bazara aparmışdır. Bazarda heyvanı tanımadığı alverçiyə 1 baş yanı balalı qoyunu 300 manata, digər 4 baş qoyunu isə hər biri 220 manat olmaqla, ümumilikdə 880 manata satmışdır. Bundan sonra yaşadığı evə qayıdaraq digər 1 baş qoyunu yaşadığı evin həyətindəki tövlədə saxlamış və xırdabuynuzlu heyvanların içərisinə qatmışdır. O, həmin 1 baş qoyunu gələcəkdə öz istifadə məqsədi ilə saxlamış və həmin heyvanları oğurlamağı barədə Faiqə heç nə deməmişdir. O, Zərərçəkmiş şəxs2 məxsus bir baş xırdabuynuzlu və Zərərçəkmiş şəxs1 məxsus bir baş iribuynuzlu heyvanı zərərçəkmiş şəxslərə qaytarmışdır. Hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyan tam ödənilmiş və zərərçəkmişlər ondan şikayətçi deyildir.Əməlindən peşmandır.Odur ki, göstərdiklərinin nəzərə alınaraq məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, özünə məxsus həyətyanı sahəsində təsərrüfatı var və orada dörd baş iribuynuzlu heyvan saxlamışdır. 14 oktyabr 2024-cü il tarixdə axşam saatlarında heyvanlarını yaşadığı evdən bir qədər kənarda özünə məxsus sahəyə aparıb orada heyvanların ipini yerə torpağa mıxlamışdır. Daha sonra gecəni ailə üzvləri ilə birlikdə evdə yatmışdır. 15 oktyabr 2024-cü il tarixdə saat 07 radələrində yuxudan oyanıb həyətə düşdükdən sonra heyvanlarını sayarkən 1 baş erkək dana və 1 baş boğaz inəyin olmadığını görmüşdür. O, həmin heyvanları nə qədər axtarsa da, tapa bilməmiş və oğurlandıqlarını anlamışdır. Sonra hadisə barədə polis şöbəsinə müraciət etmişdir. Polis əməkdaşları hadisə yerinə gəlib baxış keçirmiş və foto şəkillər çəkmişlər. Ümumilikdə 5500 manat maddi ziyan dəymişdir. 1 baş erkək dana qırmızı rəngli olmaqla, başı və ayaqları ağ olmaqla qaşqa, smental cinsli, diri halda çəkisi 350 kq olmaqla, orta ölçülü buynuzu olmuşdur. 1 baş inək isə boğaz, boz rəngli olmaqla, ağqulaq cinsli olmuş, diri halda çəkisi 370 kq olmaqla, orta ölçülü buynuzu olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxsdən şikayətçi deyil. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, yaşadığı evin həyətindəki tövlədə mal-qara saxlayaraq ailəsini dolandırır. O, hər gün özünə məxsus altı baş qoyunu otlamaları üçün yaşadığı evin yaxınlığından keçən asfalt yolun kənarına buraxmışdır. xx.xx.2024-cü il tarixdə səhər saat 09 radələrində həmişəki kimi altı baş qoyununu otlamaları üçün asfalt yolun kənarına buraxmışdır. Həmin gün axşam saatlarında qoyunların gəlmədiyini görüb heyvanları axtarmağa başlamışdır. Qoyunları axtararkən həmkəndlisi X4 ilə rastlaşmış, Rahibə qoyunların gəlmədiyini və axtardığını bildirib, qoyunları görüb-görmədiyini soruşmuş, Rahib də ona günorta saat 13 radələrində qoyunlarını kəndin mərkəzindəki çayxananın yaxınlığında, asfalt yolun kənarında otlayaotlaya kəndin başqa istiqamətinə getdiklərini gördüyünü demişdir. Bundan sonra o, qoyunların gedə biləcəyi ehtimal olunan istiqamətdə axtarıb kənd camaatından soraqlaşmış, lakin tapmamışdır. O, qoyunlarını tapa bilmədiyi üçün Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib altı baş qoyununun itməsi barədə məlumat vermişdir. 102 xidmətinə zəng etdikdən sonra Saatlı RPŞ-nin əməkdaşları gəlib ərizəsini alaraq qoyunları buraxdığı yerə baxış keçirib fotoşəkillər çəkmişlər. Sonradan ona məlum olmuşdur ki, onun qoyunları itməyib, həmin qoyunları həmkəndlisi Təqsirləndirilən şəxs oğurlamışdır. Daha sonra polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən Elşad oğurladığı heyvanlardan birini ona təqdim etmiş və o da özünə məxsus qoyunu tanımışdır. Oğurlanmış qoyunlardan 2-si erkək, 3-ü ana, 1 isə qoyunlardan birinin balasıdır. Qoyunlardan 4-ü qala cinsindən olmaqla qara-qırmızı rəngli, 2-si isə beyləqan cinsindən ana-bala olmaqla ağ rəngli olmuşdur.Ona məxsus xırdabuynuzlu heyvanların oğurlanması nəticəsində ona ümumilikdə 4000 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxsdən şikayətçi deyil. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Saatlı RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Zamin Cavadovun verdiyi əməliyyat tapşırığının icrası ilə əlaqədar olaraq, Saatlı rayonu Şirinbəy kənd sakini Zərərçəkmiş şəxs2 6 baş xırdabuynuzlu heyvanlarının oğurlanıb-oğurlanmaması məsələsini araşdırmaq üçün əməliyyat tədbirləri həyata keçirmişdir. Həmin əməliyyat nəticəsində müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs2 məxsus heyvanları Saatlı rayonu Şirinbəy kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs oğurlamışdır. Təqsirləndirilən şəxs RPŞ-nin İstintaq Bölməsinə təhvil verilmişdir. Daha sonra Təqsirləndirilən şəxs araşdırma zamanı əməlini etiraf etmiş və 13 noyabr 2024-cü il tarixdə RPŞ-nin əməkdaşları, həmçinin zərərçəkmiş Zərərçəkmiş şəxs2la birlikdə rayonun Şirinbəy kəndinə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs könüllü şəkildə yaşadığı evin arxa hissəsində ayaqları bağlanmış halda saxladığı Zərərçəkmiş şəxs2 məxsus xırdabuynuzlu heyvanı göstərmiş və Zərərçəkmiş şəxs2 özünə məxsus heyvanı tanımışdır. Müstəntiq tərəfindən heyvana baxış keçirilmiş və heyvan götürülmüşdür. Təqsirləndirilən şəxs həmçinin Zərərçəkmiş şəxs2 məxsus digər 5 baş xırdabuynuzlu heyvanı tanımadığı şəxsə satdığını etiraf etmişdir. Bu barədə fotoçəkiliş aparılmış və protokol tərtib olunmuşdur.Sonrakı mərhələdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 başqa Zərərçəkmiş şəxs1 da iki baş iri buynuzlu heyvanını oğurladığını, həmin heyvanlardan birini satdığını və birinin isə hazırda özünə məxsus fermanın ərazisində olduğunu qeyd etmişdir. Həmin xüsusat üzrə 14 noyabr 2024cü il tarixdə Təqsirləndirilən şəxs iri buynuzlu heyvanlar saxladığı fermer təsərrüfatına getmiş və ora baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq fermada olan tikilinin qarşısında dəmir tordan ibarət hasarın içərisindəki bir baş dişi iribuynuzlu heyvanı göstərmişdir. Həmin heyvanın Zərərçəkmiş şəxs1 məxsus oğurlanmış heyvan olduğunu, heyvanı oğurladıqdan sonra buynuzlarını kəsdiyini, heyvanın yanındakı balasının isə oğurluq hadisəsindən sonra doğmuş heyvan olduğunu qeyd etmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs1 da həmin heyvana baxıb əlamətlərinə görə ona məxsus heyvan olduğunu təsdiq etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də, Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan 29 oktyabr 2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, oğurluq hadisəsi Zərərçəkmiş şəxs2 yaşadığı kəndin ərazisindən keçən asfalt yolun kənarındakı otlaq sahədən baş vermişdir. Zərərçəkmiş şəxs2 özünə məxsus heyvanları otlamaları üçün həmişə kənd ərazisinə buraxmış, heyvanlar kəndin içərisindəki asfalt yolun kənarındakı otlaq sahədə otladıqdan sonra sonuncunun yaşadığı evə gəlmişlər. Lakin sonuncu dəfə heyvanlar geri qayıtmamış və Zərərçəkmiş şəxs2 özünə məxsus heyvanların talandığını bildirmişdir. İşdə olan 13 noyabr 2024-cü il tarixli “Baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, baxış keçirilən yer Saatlı rayonu Şirinbəy kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus yaşayış evinin həyətyanı sahəsidir. Baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus oğurladığı heyvanlardan bir başını hazırda yaşadığı evin arxa hissəsində olduğunu qeyd etmiş, sonra könüllü olaraq yaşadığı evin arxa hissəsində Zərərçəkmiş şəxs2 məxsus oğurladığı heyvanlardan bir baş qoyunu yaşadığı evin arxa hissəsində ayaqları bağlı şəkildə göstərib, həmin heyvanın Zərərçəkmiş şəxs2 məxsus oğurladığı heyvan olduğunu, heyvanı oğurladıqdan sonra ayaqlarını bağladığını bildirmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs2 da həmin heyvana baxıb və əlamətlərinə görə ona məxsus heyvan olduğunu təsdiq etmişdir. Bu barədə fotoçəkiliş aparılaraq protokola əlavə edilmişdir. İşdə olan 14 noyabr 2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən yer Saatlı rayonu Şirinbəy kəndində dövlət ehtiyyat torpaq fondu ərazisində yerləşən Təqsirləndirilən şəxs məxsus iribuynuzlu heyvanların saxladığı fermadır. Baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 başqa Zərərçəkmiş şəxs1 da iki baş iribuynuzlu heyvanını oğurladığını, həmin heyvanlardan bir başını satdığını, bir başının isə hazırda fermanın ərazisində olduğunu qeyd etmiş, sonra Təqsirləndirilən şəxs könüllü olaraq fermada olan tikilinin qarşısında dəmir tordan ibarət hasarın içərsisindəki bir baş dişi iri buynuzlu heyvanı göstərib, həmin heyvanın Zərərçəkmiş şəxs1 məxsus oğurladığı heyvan olduğunu, heyvanı oğurladıqdan sonra buynuzlarını kəsdiyini, heyvanın yanındakı balasının isə heyvanı oğurladıqdan sonra doğduğu bala olduğunu bildirmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs1 da həmin heyvana baxıb əlamətlərinə görə ona məxsus heyvan olduğunu təsdiq etmişdir. Baxış zamanı videoçəkiliş aparılaraq protokola əlavə edilmişdir. İşdə olan 14 noyabr 2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən yer Saatlı rayonu Şirinbəy kəndində dövlət ehtiyyat torpaq fondu ərazisində yerləşən Təqsirləndirilən şəxs məxsus iribuynuzlu heyvanların saxladığı fermadır. Baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 başqa Zərərçəkmiş şəxs1 da iki baş iri buynuzlu heyvanını oğurladığını, həmin heyvanlardan bir başını satdığını, bir başının isə hazırda fermanın ərazisində olduğunu qeyd etmiş, sonra Təqsirləndirilən şəxs könüllü olaraq Zərərçəkmiş şəxs1 məxsus oğurladığı bir baş iri buynuzlu heyvanı balası ilə birlikdə, həmçinin oğurlayıb satdığına görə sonuncuya dəymiş ziyanın müqabilində özünə məxsus bir baş iribuynuzlu heyvanı Zərərçəkmiş şəxs1 qaytarmış, Zərərçəkmiş şəxs1 baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən ona oğurlanmış heyvanın əvəzinə verdiyi heyvanın qiymətinin öz heyvanının qiyməti ilə eyni olduğunu və ona dəymiş ziyanın tam ödənildiyini bildirmişdir. Baxış zamanı videoçəkiliş aparılaraq protokola əlavə edilmişdir. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən Saatlı RPŞ-yə daxil olmuş məktubdan görünür ki, 1 (bir) baş 350 kiloqram çəkidə, qırmızı rəngli, başı və ayaqları ağ olmaqla qaşqa, smental erkək cinsli, orta ölçülü buynuzlu, iribuynuzlu heyvan olan dananın və 1 (bir) baş 370 kiloqram çəkidə, boz rəngli, ağqulaq olmaqla erkək cinsli iribuynuzlu heyvan olan inəyin 14 oktyabr 2024-cü il tarixə olan orta bazar qiyməti müvafiq olaraq 2500 və 3000 manat təşkil edir. 6 (altı) baş olmaqla, hər biri diri halda 25-30 kiloqram çəkidə, 2-si erkək, 3-ü dişi, 1 ədəd bala qoyun olmaqla, 4 ədədi qala cinsli olmaqla qırmızı rəngli, 2 baş beyləqan cinsindən ana-bala olmaqla ağ rəngli xırdabuynuzlu heyvanların 29 oktyabr 2024-cü il tarixə olan orta bazar qiyməti 4000 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Abbasov X1 Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və hazırda məhkumluğu ödənilmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, barəsində CM-nin 62 və ya 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəyib barışıq əldə etməsini, törətdiyi cinayət əməlini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunan qərarının 2-ci və 3-cü bəndlərində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, hazrki iş üzrə az ciddi cəza vasitəsilə cəzanın məqsədlərinə nail olunması, eyni zamanda təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən islah olunması mümkün deyil. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasını aşağı həddə təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 14 noyabr 2024-cü il tarixdən 16 noyabr 2024-cü il tarixədək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə tərəfindənqətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin edildiyindən onun barəsində həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Saatlı rayon prokurorluğundan istintaq olunan cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 120.2.1 və 120.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(055)-14/2025 sayı qərarı ilə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılır. Odur ki, təqsirləndirilən şəxsin Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs2 məxsus bir baş xırdabuynuzlu və Zərərçəkmiş şəxs1 məxsus bir baş iribuynuzlu heyvanların zərərçəkmiş şəxslərə təhvil verilməsi nəzərə alınmalıdır. İşdə mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində iki il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 noyabr 2024-cü il tarixdən 16 noyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmasının bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş iki il müddətə azadlıqdan məhrumetmə cəzasından iki gün çıxılaraq üzərində qəti olaraq bir il on bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və barəsində Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(055)-14/2025 sayı qərarı ilə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı bu gündən, yəni 02 aprel 2025-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs2 məxsus bir baş xırdabuynuzlu və Zərərçəkmiş şəxs1 məxsus bir baş iribuynuzlu heyvanların zərərçəkmiş şəxslərə təhvil verilməsi nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar