Məhkəmə qərarları › İş №1(055)-33/2023

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-33/2023

06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-33/2023 06.06.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə saat 12:20-də 09 avqust 1978-ci il tarixdə Saatlı rayonu Bəylik kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Saatlı rayonu Yeni Novruzlu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq 19,982 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, 12,917 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı öz üzərində, qalan 7,065 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı isə yaşadığı Saatlı rayonu Yeni Novruzlu kəndində yerləşən evə daşımaqla saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 17 fevral 2023-cü il tarixdə saat 14:42-də Sabirabad şəhəri, H.Əliyev prospekti 31 ünvanında saxlanılaraq Sabirabad Rayon Polis Şöbəsinə gətirilmiş və orada həmin gün saat 16:32-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 02 ədəd kibrit qutusunda tərkib əlamətlərinə görə eynilik təşkil edən ayrı-ayrılıqda çəkiləri 6,887 qram və 6,030 qram olmaqla, ümumilikdə 12,917 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 17 fevral 2023-cü il tarixdə saat 18:12-dən etibarən Təqsirləndirilən şəxs özünün razılığı və könüllü iştirakı ilə yaşadığı Saatlı rayonu Yeni Novruzlu kəndində yerləşən evinə baxış keçirilən zaman həyətyanı sahənin giriş qapısından sol tərəfdə yerləşən 01 otaqlı tikilinin içərisindəki şkafın üzərindən 01 ədəd kibrit qutusunda 7,065 qram çəkidə üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana ilə tərkib əlamətlərinə görə eynilik təşkil edən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, əvvəllər məhkum olunmamışdır. Ona qarşı olan ittihamla qismən razıdır. O, təxminən 2016-cı ildən narkotikdən istifadə edir. Təxminən 13- 14 fevral 2023-cü il tarixdə Araz çayının qırağından 3 qutu “nəşə” tapmışdır. Özü də narkotik vasitələrdən istifadə etdiyi üçün onları götürmüş və evə aparmışdır. 17 fevral tarixdə evdən çıxarkən həmin qutulardan birini evdə saxlamış, digər ikisini isə cibinə qoymuşdur. Həmin gün bir neçə günlüyə qonaq gedəcəyi üçün orada istifadə etmək məqsədi ilə götürmüşdür. Həmin narkotik vasitələrdən birinin üstündən istifadə etmişdir. Daha sonra Sabirabad rayonunda çayxanada tək əyləşib çay içən zaman ona polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmişlər. Ondan üstündə nə olduğunu soruşmuşlar və o da üstündə narkotik olduğunu bildirmişdir. Daha sonra onlar ondan başqa haradasa narkotikinin olub-olmamasını soruşmuşlar. O da onlara evdə də olduğunu bildirmişdir. Bundan sonra polis şöbəsinə getmişlər və o hadisəni olduğu kimi etiraf etmişdir. Daha sonra isə evinə getmişlər və evinə də baxış keçirmişlər və evdə əldamında saxladığı bir qutu narkotik aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıda göstərilən qaydada təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 ifadəsində göstərdi ki, Saatlı rayonu Yeni Novruzlu kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, məlumatın yoxlanılması üçün həmin gün rəhbərliyə bu barədə məruzə edilmiş, baş idarədə dörd nəfərlik əməliyyat qrupu yaradılmış, həmin qrupa özü rəhbərlik etmişdir. Həmin gün Sabirabad rayonuna getmişlər, saat 14:00 radələrində Təqsirləndirilən şəxs Sabirabad şəhəri, H.Əliyev prospekti 31 ünvanında aşkar edilmiş, onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər, onu əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edərək Sabirabad RPŞnə getməyi təklif etmişlər. Lakin narkotik vasitələrin alıcısını müəyyən etmək mümkün olmamışdır. Bundan sonra Sabirabad RPŞ-də vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, xatırladığına görə Təqsirləndirilən şəxs kurtkasının sol cibindən 02 qutu qurudulmuş marixuana aşkar edilmiş, daha sonra o, evində də 01 qutu qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələr qablaşdırılaraq götürülmüş, daha sonra onun evinə baxış keçirilmiş, evindən 01 qutu qurudulmuş marixuana aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ifadəsində göstərdi ki, 17 fevral 2023-cü il tarixdə günorta radələrində Ağayev X1 şəhəri, H.Əliyev prospekti 31 ünvanında aşkar edilmiş, onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş və onun özünü təqdim etməsini istəmişlər. Təqsirləndirilən şəxs özünü təqdim etmiş, onlar Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etmişlər və Sabirabad RPŞ-nə gedərək orada Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman üzərindən 02 qutu qurudulmuş marixuana aşkar edilmiş, Təqsirləndirilən şəxs evində də narkotik vasitə olduğunu bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə evinə baxış keçirilmiş və o, 01 qutu qurudulmuş marixuananı könüllü təqdim etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə baş idarəyə əməliyyat məlumatı daxil olmuş, bundan sonra həmin məlumat əsasında əməliyyat qurupu yaradılmış, 17 fevral 2023-cü il tarixdə günorta saat 14:00 radələrində Ağayev X1 şəhəri, H.Əliyev prospekti 31 ünvanında aşkar edilmiş, o və digər həmkarları Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş, onlar Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etmişlər və onun narkotik vasitələrin satışında şübhəli olduğu bildirilmişdir. Daha sonra onlar Sabirabad RPŞ-nə getmişlər, orada Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olub-olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs üzərində olan qış gödəkçəsinin sol yan cibindən 02 qutu qurudulmuş marixuananı çıxarıb təqdim edərək onları Saatlı rayonu ərazisində Araz çayının kənarından tapdığını, öz istifadəsi üçün saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs evində də narkotik vasitə olduğunu bildirmiş, onun evinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs evindəki otağa bitişik otaqda şkafın üzərində olan 01 qutu qurudulmuş marixuanamı onlara təqdim etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 17 fevral 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs 17 fevral 2023-cü il tarixdə saat 14:42-də Sabirabad şəhəri, H.Əliyev prospekti 31 ünvanının yaxınlığında saxlanılmış, Sabirabad RPŞ-nə gətirilmiş, orada şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən 02 ədəd kibrit qutusunu və həmin gödəkçənin sağ yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu, əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 03 ədəd açarı və əynində olan qış gödəkçəsinin sol yan cibindən 40 qəpik pulu təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd kibrit qutusuna baxış keçirilmiş, içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs həmin maddələri təxminən 3-4 gün əvvəl yaşadığı Saatlı rayonunun ərazisində olan Araz çayının kənarından tapdığını və öz istifadəsi üçün üzərində və əlavə olaraq 01 ədəd kibrit qutusunda yaşadığı ünvanda saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi 02 ədəd kibrit qutusundakı narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr zərfdə qablaşdırılaraq götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 17 fevral 2023-cü il tarixli “Baxış və götürmə aparılması barədə” protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Saatlı rayonu Novruzlu kəndindəki ünvanına baxış keçirilmiş, Təqsirləndirilən şəxs yaşadığı ünvanda saxladığı “nəşə” adlı maddənin həmin ünvanda həyətdə əlavə otaqda olmasını bildirmiş, həyətin giriş hissəsinin solunda yerləşən otağa daxil olaraq otaqda yerləşən şkafın üzərindəki 01 ədəd kibrit qutusunu təqdim etmişdir. Həmin kibrit qutusuna baxış keçirilən zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmiş, həmin kütlə zərfdə qablaşdırılaraq götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 fevral 2023-cü il tarixli 7/248 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs aşkar olunmuş...” sözləri yazılmış kağız paketdə iki ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri: 6,887 qram və 6,030 qram və üzərində “Təqsirləndirilən şəxs mənzilindən aşkar edilən...” sözləri yazılmış kağız paketdə bir ədəd kibrit qutusunda təmiz çəkisi 7,065 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi – 19,982 qramdır. Təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs aşkar olunmuş...” sözləri yazılmış kağız paketdə iki ədəd kibrit qutusunda və üzərində “Təqsirləndirilən şəxs mənzilindən aşkar edilən...” sözləri yazılmış kağız paketdə bir ədəd kibrit qutusunda olan marixuanalar tərkiblərinə görə eynidirlər. İşdə olan və məhkəmə istintaqında elan edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 07 mart 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 12 may 2023-cü il tarixli göndəriş vərəqəsindən, “Kəpəz hospital”ın 18 may 2023-cü il tarixli, Milli Onkologiya Mərkəzinin 22 may 2023-cü il tarixli, X2 12 may 2023-cü il tarixli, X4 11 may 2023-cü il tarixli sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs anası X5 ağır xəstəlikdən əziyyət çəkir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötəri ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq 19,982 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, 12,917 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı öz üzərində, qalan 7,065 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı isə yaşadığı Saatlı rayonu Yeni Novruzlu kəndində yerləşən evə daşımaqla saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 17 fevral 2023-cü il tarixdə saat 14:42-də Sabirabad şəhəri, H.Əliyev prospekti 31 ünvanında saxlanılaraq Sabirabad Rayon Polis Şöbəsinə gətirilmiş və orada həmin gün saat 16:32-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 02 ədəd kibrit qutusunda tərkib əlamətlərinə görə eynilik təşkil edən ayrı-ayrılıqda çəkiləri 6,887 qram və 6,030 qram olmaqla, ümumilikdə 12,917 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 17 fevral 2023-cü il tarixdə saat 18:12-dən etibarən Təqsirləndirilən şəxs özünün razılığı və könüllü iştirakı ilə yaşadığı Saatlı rayonu Yeni Novruzlu kəndində yerləşən evinə baxış keçirilən zaman həyətyanı sahənin giriş qapısından sol tərəfdə yerləşən 01 otaqlı tikilinin içərisindəki şkafın üzərindən 01 ədəd kibrit qutusunda 7,065 qram çəkidə üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana ilə tərkib əlamətlərinə görə eynilik təşkil edən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı isə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq 19,982 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, 12,917 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı öz üzərində, qalan 7,065 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı isə yaşadığı Saatlı rayonu Yeni Novruzlu kəndində yerləşən evə daşımaqla saxlaması, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 17 fevral 2023-cü il tarixdə saat 14:42-də Sabirabad şəhəri, H.Əliyev prospekti 31 ünvanında saxlanılaraq Sabirabad Rayon Polis Şöbəsinə gətirilməsi və orada həmin gün saat 16:32-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 02 ədəd kibrit qutusunda tərkib əlamətlərinə görə eynilik təşkil edən ayrı-ayrılıqda çəkiləri 6,887 qram və 6,030 qram olmaqla, ümumilikdə 12,917 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın aşkar edilərək götürülməsi, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 17 fevral 2023-cü il tarixdə saat 18:12-dən etibarən Təqsirləndirilən şəxs özünün razılığı və könüllü iştirakı ilə yaşadığı Saatlı rayonu Yeni Novruzlu kəndində yerləşən evinə baxış keçirilən zaman həyətyanı sahənin giriş qapısından sol tərəfdə yerləşən 01 otaqlı tikilinin içərisindəki şkafın üzərindən 01 ədəd kibrit qutusunda 7,065 qram çəkidə üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana ilə tərkib əlamətlərinə görə eynilik təşkil edən narkotik vasitə qurudulmuş marixuananın aşkar edilərək götürülməsi tam sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışını şərh edərkən məhkəmələrə izah edilmişdir ki, şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Həmin qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələrin və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin qərarının 11-ci bəndinin 6-cı hissəsində göstərilmişdir ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satış barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotik satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ümumilikdə 19,982 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması halı öz təsdiqini tapmamışdır. Belə ki, təqsirləndirilən şəxsin həmin narkotik vasitələri satış məqsədi ilə əldə etməsini, onları satmaqla mənfəət əldə etməyə yönəlmiş hərəkətlərini, yəni hər hansı şəxslə narkotik vasitəni satmaqla bağlı razılıq əldə etməsini təsdiq edən hər hansı sübut aşkar edilməmiş, habelə cinayət işi ilə bağlı şərti alıcı qismində iştirak edən şəxs olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs üzərindən külli miqdarda və çoxlu sayda müxtəlif bükümlərdə satış üçün hazırlanmış formada olan narkotik vasitə deyil, narkomaniya xəstəliyindən əziyyət çəkən bir şəxsin öz istifadəsi üçün kifayət edə biləcək miqdarda narkotik vasitə aşkar edilmişdir. Bununla belə, heç bir əsaslı sübut olmadan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürülərək onun satış məqsədi ilə narkotik vasitələri əldə etməsi, daşıması və saxlaması göstərilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsin rəyi ilə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar edilmiş və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu bildirilmişdir. Buradan da görünür ki, Təqsirləndirilən şəxs uzun müddət narkotik vasitələr qəbul etdiyindən və narkomaniya xəstəliyindən əziyyət çəkdiyindən əldə etdiyi ümumilikdə 19,982 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı öz istifadəsi üçün əldə edib saxlaması, ifadəsində qeyd etdiyi kimi bir neçə gün evdə olmayacağı üçün öz istifadəsi üçün narkotik vasitələrin müəyyən hissəsini özü ilə götürərək daşıması halı ağlabatandır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuananı əldə edib, daşıyıb, saxlamasında satış məqsədi olmaması öz təsdiqini tapmışdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ nömrəli Qanununa və həmin qanunla təsdiq edilmiş 1-ci siyahıya əsasən qurudulmuş marixuana (kannabis) şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qramdır. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın təmiz çəkisi 5 qramdan artıq olduğundan o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin (xəstə anasının) həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını yuxarı həddə təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.3-cü maddəsinə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il tarixli 4 nömrəli qərarına və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən, məhkəmə təqsirləndirilən şəxsin üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulmasını məqsədəmüvafiq hesab edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsin 27 fevral 2023-cü il tarixli 1121 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəricisi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə də Təqsirləndirilən şəxs barəsində barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş şübhəli şəxsin tutulması haqqında 17 fevral 2023-cü il tarixli protokoldan və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 fevral 2023-cü il tarixli 4(005)-213/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs 17 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 17 fevral 2023-cü il tarixdən bu günə kimi, yəni 06 iyun 2023-cü il tarixədək üç ay iyirmi gün həbsdə saxlanması ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılmalıdır. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD diskin və baxış və götürmə aparılması zamanı videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD diskin cinayət işinə əlavə edilib saxlanması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 19,832 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 18 fevral 2023-cü il tarixli 7/248 saylı ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 89 manat təşkil edir. Ona görə də, həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 fevral 2023-cü il tarixdən bu günə kimi, yəni 06 iyun 2023-cü il tarixədək üç ay iyirmi gün həbsdə saxlanmasının bir günü iki gün azadlığın məhdudlaşdırılması hesabı ilə hesablanmaqla ona təyin olunmuş iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından yeddi ay on gün çıxılaraq üzərində qəti olaraq bir il on ay iyirmi gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilsin və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 19,832 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə 89 (səksən doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Saatlı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar