Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-33/2024 10.09.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, Müdafiəçi iştirakı ilə xx xxxxxx 1996-cı ildə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Saatlı şəhəri, Ü.Hacıbəyov küçəsi ev 36-da qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair; xx xxxxxx 1966-cı ildə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Saatlı şəhəri, Dədə Qorqud küçəsi, ev 1-də qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs2 02 mart 2024-cü il tarixdə saat 13:30 radələrində Saatlı şəhəri, Dədə Qorqud küçəsindəki bir nömrəli evin yaxınlığında küçədə tanışı Təqsirləndirilən şəxs1 Əli oğluna verdiyi 15 manat pulun müqabilində sonuncudan 1 ədəd bükümdə, xeyli miqdarda 0,403 qram çəkidə satış məqsədi olmadan ilə qanunsuz olaraq kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satın alaraq əldə etmiş və əynindəki gödəkçənin sol cibinə qoyaraq qanunsuz olaraq saxlamış, Saatlı şəhəri, Dədə Qorqud küçəsində 02 mart 2024-cü il tarixdə saat 13:45 radələrində həmin psixotrop maddəni qanunsuz olaraq üstündə daşıyarkən əməliyat tədbiri keçirən Saatlı RPŞ-nin əməkdaşları tərəfindən Saatlı RPŞ-yə gətirilib, orada həmin gün saat 14:40 radələrində onun üstünə şəxsi axtarış aparılarkən 1 ədəd bükümdə, xeyli miqdarda 0,403 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynindəki gödəkçənin sol cibindən aşkar edilib götürülmüş, yəni satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 0,951 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və heroinin quru maddəsinin ayrı-ayrılıqda çəkisi 0,004qr, 0,003qr, 0,008qr, 0,007qr, 0,006qr, ümumi çəkisi 0,028 qram olan 05 ədəd həcmi 1 ml olan şprislərin içərisində ayrı-ayrılıqda həcmi 0,350 ml, 0,300 ml, 0,500 ml, 0,450 ml, 0,400ml, ümumi həcmi 2,0ml olan narkotik vasitə heroin məhlulunu əldə etmiş və saxlamış, 02 mart 2024-cü il tarixdə saat 13:30 radələrində qazanc əldə etmək məqsədilə yaşadığı Saatlı şəhəri, Dədə Qorqud küçəsindəki bir nömrəli evin yaxınlığında həmin psixotrop maddədən 1 ədəd bükümdə 0,403 qram çəkidə 15 manat pulun müqabilində tanışı Təqsirləndirilən şəxs2 qanunsuz olaraq satmış, qalan 1 ədəd bükümdə 0,548 qram çəkidə psixotrop maddə olan metamfetami 02 mart 2024-cü il tarixdə saat 15:30 radələrində Saatlı şəhəri Dədə Qorqud küçəsində üstündə qanunsuz olaraq satış məqsədilə daşıyarkən Saatlı RPŞ-nin əməkdaşları tərəfindən müəyyən edilib Saatlı RPŞ-yə gətirilmiş və orada 02 mart 2024-cü il tarixdə saat 16:15-də onun üstünə şəxsi axtarış aparılarkən həmin 0,548 qram çəkidə metamfetamin əynindəki gödəkçənin sol yan cibindən aşkar edilib götürülmüş, 02 mart 2024-cü il tarixdə saat 17:40 radələrində isə yaşadığı ünvan 1 ünvanındakı evin yataq otağında masanın üstündən satış məqsədi ilə saxladığı həmin heroinin quru maddəsinin ümumi çəkisi 0,028 qram olan 05 ədəd həcmi 1 ml olan şprislərin içərisində ümumi həcmi 2,0ml olan narkotik vasitə heroin məhlulu aşkar edilərək götürülmüş, yəni satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni və narkotik vasitəni əldə etmiş, saxlamış, daşımış və qanunsuz olaraq psixotrop maddəni satmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, bir ildən çoxdur ki, el arasında “patı” adlanan narkotikdən aradabir tapanda istifadə edir. Saatlı şəhər sakini Təqsirləndirilən şəxs1 tanıyır. Belə ki, o, 02 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 həyətində odun doğramağa kömək edərkən sonuncunun “patı” qəbul etdiyini görüb ona da verməsini istəmiş, lakin Fikrət razılaşmamışdır. Bundan sonra Fikrətdən xəbərsiz həmin “patı”dan gizlincə götürüb istifadə etmişdir. Fikrətdən təxminən 200 metr aralaşmışdır ki, bir neçə nəfər mülki geyimdə olan polislər ona yaxınlaşıb özlərini təqdim edərək Saatlı rayon polis şöbəsinin əməkdaşları olduqlarını və onlarla birlikdə polis şöbəsinə gedəcəyini bildirmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə Saatlı RPŞ-yə getmişdir. Polis şöbəsində olarkən üzərinə şəxsi axtarış keçirilmiş və Fikrətdən götürdüyü narkotikdən qalan hissə ondan aşkar olunmuşdur. Həmin vaxt polis əməkdaşlarından qorxduğu üçün aşkar edilmiş “patı”nı Fikrətin ona 15 manata satdığını demişdir. Halbuki o, narkotik almaq üçün Fikrətə 15 manat pul verməmişdir.Bundan əlavə ondan aşkar edilmiş narkotikin çəkisi daha az olmuşdur. Polis əməkdaşları tərəfindən narkotikin miqdarı artırılmışdır.Şəxsi axtarış zamanı həmçinin foto və video çəkiliş aparılmışdır. İbtidai istintaq dövründə müstəntiq tərəfindən aparılmış dindirmələr zamanı qorxduğu üçün Firkrət Ağaquliyevin əleyhinə ifadələr vermişdir. Odur ki, hazırki ifadəsinin nəzərə alınmasını xahiş edir. Etdiyi əməldən peşmandır və gələcəkdə belə hərəkətləri etməyəcəyinə söz verir. Sonda məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilmir. Özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. Çünki o, ara-sıra narkotik vasitələrdən istifadə etsə də, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təxminən 7-8 ildir ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. O, metafetamini Bakı şəhərindən tanımadığı şəxsdən almış və bunun üçün bir neçə dəfə Bakı şəhərinə getmişdir. Saatlı şəhər sakini Təqsirləndirilən şəxs2 tanıyır. Onunla düşmənçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs2 onun həyətyanı sahəsində olan qurumuş ağac budaqlarını doğramaqla hərdənbir ona kömək etmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 həyətdə ağacları doğramaq üçün köməyə çağırmışdır. Bağda olarkən ağrıları olduğundan narkotik qəbul etmişdir. Bu zaman Ruhid də ondan narkotik istəmiş, lakin həmin vaxt Ruhidə narkotik verməkdən imtina etmişdir. Daha sonra Ruhid çıxıb getmişdir. Həmin gün evdə olarkən Şahid1 və digər tanımadığı polis əməkdaşları evinə daxil olaraq onu Saatlı RPŞ-yə aparmışlar. Şöbədə olarkən metamfetmani onun üzərinə qoymuşlar. Bundan sonra üstünə şəxsi axtarış keçirilmiş və əvvəlcədən üzərinə qoyulmuş metamfetamin şəxsi axtarış zamanı aşkar edilmişdir. Şəxsi axtarış keçirilməsi ilə bağlı foto və video çəkiliş aparılmış, protokol tərtib edilərək imza edilmişdir. Daha sonra yaşadığı evə baxış keçirilmiş və baxış zamanı yataq otağında olan masanın üzərində 5 ədəd 1 ml qramlıq şpirslərdə maye halında olan narkotik vasitə aşkar olunmuşdur. Həmin şpirslər qablaşdırılıb götürülmüş, bu barədə foto və videoçəkiliş aparılmış, protokol tərtib edilərək imza edilmişdir. Bildirir ki, evindən aşkar edilmiş 5 ədəd 1 ml qramlıq şpirslərdə maye halında olan narkotik vasitə, həqiqətən də, ona məxsusdur. Lakin polis şöbəsində şəxsi axtarış zamanı aşkar edilmiş metamfetamin onun deyildir və üzərinə qoyulmuşdur. Bundan başqa, o, Ruhid Əliyevə 15 manat pul müqabilində narkotik vasitə satmamışdır. Polis əməkdaşları tərəfindən qorxudulduğu üçün etirafedici ifadələr vermişdir. Hazırki ifadəsinin əsas götürülməsini xahiş edir. Tutduğu əməllərə görə peşmançılıq çəkir və gələcəkdə belə hərəkətləri etməyəcəyinə söz verir. Sonda məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməlləri özlərinin qismən etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hazırda İmişli RPŞ-də işləyir.02 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələr əldə etməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmiş və əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 iştirakı ilə keçirilən tədbir zamanı Təqsirləndirilən şəxs2 02 mart 2024-cü il tarixdə saat Saatlı şəhəri Dədə Qorqud küçəsində tərəflərindən saxlanılaraq Saatlı RPŞ-yə gətirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılarkən sonuncunun üstündən bir ədəd bükümdə “patı” adlandırılan psixotrop maddə olan metafetamin aşkar olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üstündən aşkar edilmiş metamfetamini Fikrət adlı şəxsdən öz istifadəsi üçün 15 manat müqabilində alıb saxladığını bildirmişdir. Sonda Təqsirləndirilən şəxs2 üstündən aşkar edilmiş bir ədəd bükümdəki psixotrop maddə olan metamfetaminə oxşar kütlə qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarış zamanı foto və videoçəkiliş aparılmış, protokol tərtib edilərək imza edilmişdir. Təqsirləndirilən şəxs2 ondan aşkar edilmiş narkotik vasitəni Təqsirləndirilən şəxs1 aldığını bildirdiyi üçün sonuncu 02 mart 2024-cü il tarixdə saat 15 radələrində yaşadığı evinin yaxınlığında tərəflərindən saxlanılaraq Saatlı RPŞ-yə gətirilmişdir. Orada təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs1 üstünə şəxsi axtarış aparılarkən Fikrətin üzərindən bir ədəd büküm aşkar edilmişdir. Həmin büküm açılarkən içərisində psixotrop maddə olan metamfetaminə oxşar kütlə olduğu müəyyən edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üstündən aşkar edilmiş bir ədəd bükümdəki kütlənin metamfetamin olduğunu, həmçinin tanışı Təqsirləndirilən şəxs2 15 manata metamfetamin satdığını və evdə şpirislərdə öz istifadəsi üçün narkotik saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs1 aşkar edilmiş bir ədəd bükümdəki psixotrop maddə olan metamfetaminə oxşar kütlə qablaşdırılaraq götürülmüş, şəxsi axtarış zamanı foto və videoçəkiliş aparılmış, protokol tərtib edilərək imza edilmişdir. Təqsirləndirilən şəxs1 öz ərizəsini nəzərə alıb təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanında yerləşən evə baxış keçirilən zaman evin yataq otağında olan masanın üzərində içərisində maye olan 5 ədəd 1 ml qramlıq şpirislər aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs1 həmin şprislərdəki mayenin narkotik olduğunu və öz istifadəsi üçün hazırladığını bildirmişdir. Baxış zamanı foto və video çəkliş aparılmış, protokol tərtib edilərək imza edilmişdir. Şahid1 həmçinin ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslərə qarşı hər hansı qanunsuz hərəkətə yol verilməsi, onların qorxudulması, polis əməkdaşları tərəfindən üzərlərinə narkotik vasitə qoyulması, narkotik vasitənin miqdarının arıtılması və sair qanunsuzluğa məruz qoyulmaları barədə göstərdikləri yalandır və cinayət məsuliyyətindən yayınmaq niyyəti daşıyır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə verdilər. İşdə olan “Şəxsi axtarış, baxış və götürmə aparılması barədə” protokol, ona əlavə olan fotoşəkil və videoçəkilişlə müəyyən edilmişdir ki, əməliyyat tədbiri ilə əlaqədar polis əməkdaşları tərəfindən Saatlı RPŞ-yə gətirilmiş Təqsirləndirilən şəxs2 əynindəki gödəkcəsinin sol cibindən bir ədəd büküm aşkar edilmiş, həmin büküm açılarkən içərisində psixotrop maddə olan metamfetaminə oxşar kütlə olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs2 həmin metamfetaminə oxşar kütləni Fikrət adlı şəxsdən öz istifadəsi üçün alıb saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs2 üstündən aşkar edilmiş bir ədəd bükümdəki psixotrop maddə olan metamfetaminə oxşar kütlə ekspertizaya göndərilməsindən ötrü zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. İşdə olan 02 mart 2024-cü il tarixli “Şəxsi axtarış, baxış və götürmə aparılması barədə” protokol, ona əlavə olan fotoşəkillər və videoçəkilişlə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 Saatlı şəhər sakini Təqsirləndirilən şəxs2 psixotrop maddə olan metamfetaminə oxşar kütləni satmaqda şübhəli bilindiyindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Saatlı RPŞ-nə gətirilmiş və şəxsi axtarış aparılan zamanı Təqsirləndirilən şəxs1 əynində olan gödəkçənin sol cibindən bir ədəd büküm aşkar edilmişdir. Həmin büküm açılarkən içərisində psixotrop maddə olan metamfetaminə oxşar kütlə olduğu müəyyən edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üstündən aşkar edilmiş bir ədəd bükümdəki psixotrop maddədən başqa 1 ədəd bükümdə psixotrop maddə olan metamfetamini tanışı Təqsirləndirilən şəxs2 15 manata satdığını, yaşadığı evdə şpirislərdə narkotik olduğunu bildirmişdir. İşdə olan 02 mart 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokol, ona əlavə olan fotoşəkillər və videoçəkilişlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanındakı ona məxsus olan yataq otağındakı masanın üstündən içərisində qəhvəyi rəngli mayelər olan 5 ədəd 1 ml qramlıq şprislər aşkar edilmişdir. İşdə olan məhkəmə-kimyəvi ekspertizanın 03 mart 2024-cü il tarixli 3-16-16/2- 18/239 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 0,403 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs1 üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 0,548 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş 02 ədəd bükümdə olan psixotop maddə metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs1 məxsus yaşadığı evin...” sözləri yazılmış kağız paketdə ümumi sayı 05 ədəd həcmi 1 ml olan şprislərin içərisində ayrı-ayrılıqda həcmi – 0,350 ml, 0,300 ml, 0,500 ml, 0,450 ml, 0,400ml, ümumi həcmi – 2,0ml olan məhlul narkotik vasitə heroin məhluludur, həmin məhluldakı heroinin quru maddəsinin ayrı-ayrılıqda çəkisi – 0,004qr, 0,003qr, 0,008qr, 0,007qr, 0,006qr, ümumi çəkisi – 0,028 qramdır. İşdə olan məhkəmə-narkoloji ekspertizanın 05 aprel 2024-cü il tarixli 2194 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan məhkəmə-narkoloji ekspertizanın 18 aprel 2024-cü il tarixli 2468 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 Kannabioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkumluqları yoxdur. İşdə olan xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 15 manat pul müqabilində narkotik satmadığını, üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını, digər Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs1 narkotik müqabilində 15 manat pul vermədiyini, üzərindən aşkar edilmiş narkotik vasitənin miqdarının artırıldığını, polis əməkdaşları tərəfindən qorxudulduqları üçün etirafedici ifadələr verdiklərini göstərsələr də, təqsirləndirilən şəxslərin onun istinad edilən cinayət əməllərini törətməsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş “şəxsi axtarış və götürmə aparılması barədə” protokollar, həmin protokollara əlavə edilmiş foto şəkillərlə və həmçinin də şəxsi axtarış və götürmə aparılarkən video çəkiliş aparılaraq cinayət işinə əlavə edilmiş “CD” disklərə baxış keçirilərkən də öz təsdiqini tapmışdır. İbtidai araşdırma orqanı haqlı olaraq Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası CM-nin 234.1-ci, Təqsirləndirilən şəxs1 isə CM-nin 234.2-ci maddəsi ilə ittiham irəli sürmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar təqsirləndirilən şəxslərə qeyd olunan maddələrlə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin göstərdiyi xüsusatlar təkzibolunmaz sübutların məcmusu ilə təsdiq olunduğuna görə özünümüdafiə məqsədilə verilmiş sayılmalıdır. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlilərini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi, barələrində CMnin 62 və ya 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur və onlar həmin maddələrlə də təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət törətməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 övladının Vətən müharibəsi iştirakçısı olmaqla medallarla təltif edilməsini, ilk dəfə cinayət törətməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını, Təqsirləndirilən şəxs1 isə azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 02 mart 2024-cü il tarixdən 04 mart 2024-cü il tarixədək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 02 mart 2024-cü ildə şübhəli şəxs qismində tutulmuş, 04 mart 2024-cü il tarixdə Saatlı Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş materiallarından görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görülür. Ona görə də, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində naromaniyadan məcburi müalicə təyin edilməli və narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 0,851 qram psixotrop maddə olan metamfetamin və 5 ədəd şprisdə ümumi quru çəkisi 0,028 qram olan 1,75 ml heroin məhlulu məhv edilməlidir. İş üzrə 31(otuz bir) manat 95(doxsan beş) qəpik ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 02 mart 2024-cü il tarixdən 04 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq iki il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altna vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökmün icrası Saatlı rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 02 mart 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 0,851 qram psixotrop maddə olan metamfetamin və 5 ədəd şprisdə ümumi quru çəkisi 0,028 qram olan 1,75 ml heroin məhlulu məhv edilsin. İş üzrə 31(otuz bir) manat 95(doxsan beş) qəpik ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-33/2024
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-33/2024
10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver