Məhkəmə qərarları › İş №1(055)-33/2025

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-33/2025

02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-33/2025 02.04.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə xx xxx 1983-cü ildə Saatlı rayonu Qara Nuru kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, Saatlı rayonu Qara Nuru kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən bir ədəd soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan, ümumi təyinatlı ov bıçağını qanunsuz olaraq əldə etmiş, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları olmadan həmin bıçağı 18 sentyabr 2024-ci il tarixdə gecə saat 01 radələrində Saatlı rayonu Qara Nuru kəndi ərazisində qanunsuz olaraq üstündə gəzdirmiş, həmin vaxt orada ictimai qaydanı pozuduğuna görə Saatlı RPŞ-nin əməkdaşları tərəfindən RPŞ-nin inzibati binasına dəvət edilib, orada həmin gün saat 01:45 radələrində üstü yoxlanılarkən qeyd edilən soyuq silah hesab edilən bıçaq aşkar edilərək götürülmüş, yəni qanunsuz olaraq soyuq silahı əldə etmiş və milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla qanunsuz olaraq soyuq silahı gəzdirmişdir. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, həm meyvə doğramaq, həm də süpürgə bağlayıb həmin süpürgələrin arxa hissəsini kəsmək üçün bıçaqdan istifadə edir. Bu məqsədlə təxminən 10 il əvvəl Bakı şəhəri 8-ci mikrorayon dairəsində olan zaman orada ov mağazalarının birindən tanımadığı şəxsdən ov bıçağı almış və o vaxtdan həmin bıçağı yaşadığı evin yataq otağındakı paltar şkafının rəfində saxlamışdır. xx.xx.2024-cü il tarixində yaşadığı evdə saxladığı bıçağı özü ilə götürmüş və bağladığı süpürgələrin arxa hissələrini kəsdikdən sonra bıçağı üstündə saxlamışdır. xx.xx.2024-cü il tarixində axşam saat 19 radələrində Saatlı rayonu Qara Nuru kəndindəki ərzaq dükanının qarşısında olduğu zaman qonşusu və həmkəndlisi X4 ona zəng edərək birlikdə yeyib-içməyə getməyi təklif etmişdir. O, Vahidlə razılaşmış və birlikdə kənddə görüşüb Qara Nuru kəndində yerləşən “Sabirin kafesi” adlanan yerə getmişlər. Onlar kafedə yemək yeyib spirtli içki qəbul etdikdən sonra təxminən saat 23 radələrində kafedən çıxmışlar. Vahid ona üstündə qurudulmuş marixuana olduğunu və çəkmək istədiyini demişdir. O da Vahidə kiminsə onları görəcəyini və problem olacağını bildirmişdir. Bundan sonra onlar yaşadıqları evin yaxınlığında olan çöl sahəyə tərəf getmişlər. Bu zaman Vahid həmkəndlisi X2 zəng edərək pivə almasını bildirmişdir. Vahidlə birlikdə piyada çöl sahəyə gedərkən Vahid çox spirtli içki qəbul etdiyi üçün artıq piyan olmuş və onunla mübahisə etməyə başlamışdır. Vahid onunla sözlə mübahisə edərkən o da içkili olduğu üçün Vahidlə sözlə mübahisə etmiş və bu zaman onların mübahisə etdiyini görən Sahil onlara yaxınlaşıb sakitləşdirməyə çalışmışdır. Həmin vaxt oradan keçən digər həmkəndlisi X7 da onların yanına gəlmiş və onları sakitləşdirməyə çalışmışdır. Bu zaman səs-küy olduğu üçün polis əməkdaşları onlara yaxınlaşmış və Vahid içkili olduğu üçün polis əməkdaşları ilə də mübahisə etmişdir. Buna görə də polislər onları Saatlı RPŞ-yə dəvət etmişdir. Daha sonra onlar Saatlı RPŞ-yə gəlmiş və orada polis əməkdaşları üzərində qanunla qadağan olunan əşya və predmet olub-olmadığını soruşmuşlar. O da üstündə saxladığı ov bıçağını təqdim etmişdir. Bundan sonra təqdim etdiyi ov bıçağı götürülmüşdürr. Bu barədə protokol tərtib edilərək imza edilmişdir. Daha sontra təhqiqatçı tərəfindən təqdim olunan əşyalara baxış keçirilərək protokol tərtib edilmiş, videoçəkiliş aparılmışdır. Əməlindən peşmandır və sonda məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadəsi, ekspertiza rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 18 sentyabr 2024-cü il tarixdə gecə saat 01 radələrində Saatlı rayonu Qara Nuru kəndi ərazisində xidmətdə olduqları zaman dörd nəfər şəxsin mübahisə etdiklərini görmüşlər və həmin şəxslərə yaxınlaşaraq onları nizam-intizama dəvət etmişlər. Lakin həmin şəxslər onun qanuni tələblərinə tabe olmadıqları üçün ərazidə xidmət aparan PPXB-nin polis nəfərlərini köməyə çağırmışlar. Daha sonra həmin dörd nəfər şəxs rayon polis şöbəsinin inzibati binasına gətirilmişdir. Polis şöbəsində həmin şəxslərin şəxsiyyətləri müəyyən olunaraq rayonun Qara Nuru kənd sakinləri X4, X7, X5 və Təqsirləndirilən şəxs olduqları müəyyən edilmişdir. Həmin şəxslərlə şifahi söhbət edildikdə onlara üzərlərində qanunla qadağan olunmuş əşya, yaxud predmet olub-olmaması soruşulmuşdur. X4 üzərində 1 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. X1 üstündən 1 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuş və götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üstünə baxış keçirilmiş və Təqsirləndirilən şəxs üstündə saxladığı 1 ədəd ov bıçağını təqdim etmişdir. Bundan sonra təqdim olunan ov bıçağı da qablaşdırılıb götürülmüşdür. Bu barədə protolo tərtib edilərək imza edilmiş, videoçəkiliş aparılmışdır. Məhkəmə istintaqında Şahid2 digər Şahid1 ilə eyniməzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də, Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan 18 sentyabr 2024-cü il tarixli “Şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Saatlı rayonu Qara Nuru kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üstündən bir ədəd soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan, ümumi təyinatlı ov bıçağı aşkar edilərək götürülmüşdür. İşdə olan 18 sentyabr 2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, Saatlı rayonu Qara Nuru kənd sakini Təqsirləndirilən şəxs üstündə saxladığı və polis əməkdaşlarına təqdim etdiyi bir ədəd soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan, ümumi təyinatlı ov bıçağını Bakı şəhəri 8-ci mikrorayon ərazisində tanımadığı şəxsdən almışdır. İşdə olan məhkəmə-ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli, 18/814 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq – zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan, ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. İşdə olan Saatlı rayon Ovçular Cəmiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Saatlı rayon Ovçular Cəmiyyətində ovçu kimi qeydiyyatda deyildir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xidməti və mülki silah haqqında” Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silahlara konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istisna edilməklə xəncər, beybut, ov bıçağı, qılınc, süngü bıçaqları və s.) sair kəsici-deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyintına malik olan (nizə, döyüş baltası və s.) eləcə də zərbə-dağıdıcı təsirli əşyalar (beşbarmaqlar, nunsaklar, gürzlər, toppuzlar və s.) aid edilir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına” dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının CM-nin 228.4- cü maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdrmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəyini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etitaf edib səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 18 sentyabr 2024-cü il tarixdə saat 03:45-dən həmin gün saat 17:00-dək şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı bir gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan 01 ədəd ov bıçağı məhv edilməlidir. İş üzrə 57 manat 40 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı bir gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından iki gün çıxılaraq üzərində qəti olaraq beş ay iyirmi səkkiz gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan 01 ədəd ov bıçağı məhv edilsin. İş üzrə 57 manat 40 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Saatlı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar