Məhkəmə qərarları › İş №1(055)-34/2023

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-34/2023

08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-34/2023 08.06.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, 08 iyun 2023-cü il, Saat:10:40 Saatlı şəhəri xx xxxx 2001-ci ildə Saatlı rayonunun Qara Nuru kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, təhsilsiz, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Saatlı rayonunun Qazanbatan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, 18 yanvar 2023-cü il tarixdə saat 15 radələrində işlə təmin olunmaq məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində X3 (DMA) X4 filialının Saatlı şəhəri, H.Əliyev prospekti 91 ünvanında yerləşən Saatlı rayon xidmət şöbəsinə müraciət etmiş, həmin vaxt ƏƏSMN-nin tabeliyində DMA-nın X4 filialının Saatlı rayon xidmət şöbəsinin müdiri vəzifəsində işləmiş hakimiyyət nümayəndəsi olan Zərərçəkmiş şəxs xidməti vəzifəsini yerinə yetirərək Azərbaycan Respublikasının ƏƏSMNnin tabeliyində X3 İdarə Heyətinin sədri tərəfindən təsdiq olunmuş vəzifə təlimatına müvafiq daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 12.2 maddəsinə əsasən, şikayəti qəbul edib, qanunla müəyyən olunmuş qaydada baxıb və cavab vermək vəzifəsinə uyğun olaraq, Saatlı rayon xidmət şöbəsində vətəndaş qəbul otağında Təqsirləndirilən şəxs qəbulunu həyata keçirib sonuncuya qanunvericiliyə müvafiq olaraq məşğulluq imkanlarının qiymətləndirilməsinə uyğun X2 Sisteminin “Əmək və Məşğulluq” altsistemindəki vakansiya bankında istəyinə uyğun münasib iş olmadığına görə iş təklif etmək mümkün olmadığını bildirən zaman, Təqsirləndirilən şəxs işlə təmin olunmadığını əsas gətirərək hiddətlənib qəsdən Rəşad Musazədənin əyləşdiyi xidməti stula tərəf yaxınlaşıb zor tətbiq edərək sol ayağı ilə təpiklə sonuncunun sağ ayağına vurmaqla sağ baldırın orta 1/3-də ön səthdə qançır, sağ əli ilə yumruqla sifət nahiyəsinə vurmaqla burun qanaxması ilə müşayiət olunan burnun əzilməsi, burnun belində, alın nahiyəsində qançırlar, alın nahiyəsində, sağ gözün tış hissəsində yaralardan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə hakimiyyət nümayəndəsinin qanuni şəkildə öz iş funksiyalarını icra etməsini mümkünsüz etməklə fəal şəkildə əngəlləmiş, xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməklə müqavimət göstərmişdir. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, hərbi xidmətdən geri döndükdən sonra maddi vəziyyəti pis olduğundan 2022-ci ilin ortalarında Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində X3 X4 filialının Saatlı rayon xidmət şöbəsinə işaxtaran kimi qeydiyyatda alınmaq məqsədi ilə müraciət etmiş və işaxtaran kimi qeydiyyata alınmış, lakin keçən müddət ərzində işlə təmin olunmamışdır. xx.xx.2023-cü il tarixdə səhər saat 11 radələrində Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində X3 X4 filialının Saatlı rayon xidmət şöbəsinə müraciət etmiş, həmin gün şöbədə bir çox vətəndaş olmuşdur. Ona da sıra nömrəsi verilmiş, 21-ci sırada olmuşdur. Növbəsi gəldikdə onu şöbənin əməkdaşı Şahid vətəndaş qəbul otağında qəbul etmiş, o, Şahid maddi imkanının olmadığını bildirib işlə təmin olunmaq istədiyini söyləmiş, Şahid də ona uyğun iş olmadığını demişdir. Nofələ DOST İş MMC tərəfindən verilən sosial işçi olmaq istədiyini dedikdə sonuncu DOST İş MMC-də Saatlı rayonu üzrə vakansiya olmadığını demiş, o da şöbə müdiri Zərərçəkmiş şəxs ilə görüşmək istədiyini bildimiş, bu zaman Nofəl Zərərçəkmiş şəxs distant iclasda olduğunu ona demiş, o isə iclasın qurtarmağını gözləmişdir. Bir müddət sonra iclas qurtarmış və Zərərçəkmiş şəxs vətəndaş qəbul otağına gələrək növbəli olaraq vətəndaşları qəbul etməyə başlamışdır. Həmin vaxt vətəndaş qəbul otağında 2 qadın vətəndaş olmuş, Rəşad qadınlardan birini, Nofəl isə digər masada əyləşib başqa bir vətəndaşı qəbul etmişdir. O, vətəndaş qəbul otağına keçib Rəşaddan nə üçün onu qəbul etmədiyini soruşmuşdur. Rəşad da ona “mən səni bu gün qəbul etməyəcəyəm” demiş, o bunu eşidib çox əsəbiləşmiş, Rəşada qışqıraraq onu nə üçün qəbul etmədiyini soruşmuşdur. Rəşad ona vaxtının olmadığını, hazırda vətəndaş qəbul etdiyini bildirmişdir. Təxminən bir dəqiqə Rəşadla sözlü mübahisə etdikdən sonra vətəndaş qəbul otağından çıxıb binanı tərk etmiş, ilk əvvəl Saatlı poçt şöbəsinə gedib Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində X3 rəhbəri Mustafa Abbasbəyliyə Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində X3 X4 filialının Saatlı xidmət şöbəsinin müdiri Zərərçəkmiş şəxs onu qəbul etməməsi ilə bağlı şikayət teleqramı göndərmiş, daha sonra isə X4 filialının mobil telefon nömrəsinə zəng vurub narazılığını bildirmişdir. Təxminən saat 14 radələrində Şahid ona zəng vurub şöbəyə dəvət etmiş və Zərərçəkmiş şəxs onu qəbul edəcəyini bildirmişdir. O da təxminən saat 15 radələrində Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində X3 X4 filialının Saatlı xidmət şöbəsinə getmiş, həmin vaxt orada vətəndaş olmamışdır. Zərərçəkmiş şəxs onu vətəndaş qəbul otağında qəbul etmiş, bu zaman Şahid də otaqda olmuşdur. O, Zərərçəkmiş şəxs maddi imkanının pis olduğunu, atasının vəfat etdiyini, anasının xəstə olduğunu bildirib ona DOST İş MMC-də sosial iş verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs də ona DOST İş MMC-də Saatlı rayonu üzrə vakansiya olmadığını, onun təhsilinin, bacarığının və hər hansı peşə hazırlığının olmadığı üçün başqa iş də təklif edə bilmədiyini qeyd etmişdir. O da Rəşaddan başqa iş yox, fəhlə kimi DOST İş MMC-də sosial iş verilməsini təkrar tələb etmişdir. Bu zaman Rəşad onun tələbindən yenidən imtina etmiş, ona “mən iş verən qurum deyiləm, məndən hara istəyirsən ora şikayət et, get özünə iş tap” söyləmişdir. O da bu sözləri eşidib çox qəzəblənmiş, Rəşadla uca səslə mübahisə etməyə başlamışdır. Dəfələrlə Rəşaddan ona iş verməsini tələb etmiş və Rəşada “səni bura niyə təyin ediblər mənə iş ver” demişdir. Rəşad da təkrarən ona “DOST İş MMC-də fəhlə işi hazırda yoxdu, mən iş verən qurum deyiləm, məndən hara istəyirsən ora şikayət et, get özünə iş tap” demişdir. Təkrarən Rəşaddan iş istəyərkən sonuncu yeni eyni cavabı verdiyi üçün əsəbiləşib qarşısında olan xidməti stola sağ ayağı ilə zərbə vurmuş, daha sonra əynində olan gödəkçənin sepini açıb Rəşada yaxınlaşmış və Rəşadın oturduğu stula sol ayağı ilə zərbə endirmiş, daha sonra sağ əli ilə Zərərçəkmiş şəxs nahiyəsinə yumruqla vurmuşdur. Onun yumruğu Zərərçəkmiş şəxs burnuna dəymişdir. Həmin vaxt Şahid onun belindən tutub ayırmaq məqsədi ilə otaqdan çölə çıxarmış, daha sonra o, inzibati binanın içərisində olarkən DİN-nin 102 xidmətinə zəng vurub Zərərçəkmiş şəxs onu təhqir etməsi və nəticədə Rəşadla dava etməsi barədə məlumat vermişdir. Hazırda törətdiyi əməldən peşmandır, hadisədən sonra Zərərçəkmiş şəxs dəfələrlə üzr istəmiş, barışmağa cəhd etmişdir. Sonda məhkəmədən ona köməklik göstərilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində X3 X4 filialının Saatlı rayon xidmət şöbəsində işləyir. Onun vəzifəsi xidmət şöbəsinə müraciət edən vətəndaşların qəbulu, daxil olan müraciətlərin icrası və s. ibarətdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə X3 X4 filialının Saatlı rayon xidmət şöbəsinə müraciət etmiş, həmin gün o və Zərərçəkmiş şəxs işdə olmuşdur. Təqsirləndirilən şəxs 1 ildir ki, işaxtaran kimi filialda qeydiyyatda olmuş, o, ilk əvvəl vəzifəsinə uyğun olaraq Təqsirləndirilən şəxs qəbul etmiş, Əli DOST İş MMC-də işlə təmin olunmasını istəmişdir. O, Əliyə bunun mümkün olmadığını, DOST İş MMC-nin vakansiya elan etmədiyini bildirmiş, lakin Əli onun verdiyi izaha qane olmamış və müdir Zərərçəkmiş şəxs ilə görüşmək istəmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində X5 rəhbərliyinin keçirdiyi “vətəndaş qəbulu” ilə bağlı distant iclasda olmuş, təxminən saat 11 radələrində iclas yekunlaşmışdır Daha sonra Zərərçəkmiş şəxs vətəndaş qəbul otağına keçib vətəndaşları növbəlik əsasında bir-bir qəbul etməyə başlamış, Təqsirləndirilən şəxs da nömrə verilmiş, Əli bir müddət sonra narazılıq etməyə başlamış, müdir Zərərçəkmiş şəxs nə üçün onu qəbul etmədiyini soruşan zaman Rəşad Əliyə növbəsi çatan zaman qəbul edəcəyini bildirmişdir. Bu vaxt Əli qışqırmağa, səs-küy salmağa başlamış, o və Rəşad Əlini sakit olmağa dəvət etmişlər. Lakin Əli sakit olmamış, səs-küy salaraq otağı tərk edib binadan çıxıb getmişdir. Təxminən saat 14 radələrində Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs dəvət etməyini tapşırmış, o da Əliyə zəng vurub idarəyə dəvət etmişdir. Təxminən saat 15 radələrində Təqsirləndirilən şəxs Saatlı xidmət şöbəsinə gəlmiş, bu zaman Rəşad vətəndaş qəbul otağında olmuş, başqa vətəndaş olmadığı üçün Təqsirləndirilən şəxs növbəsiz qəbul edilmiş, o da otaqda olmaqla qəbul masasının yanında olan digər stulda əyləşmişdir. Əli Rəşada atasının vəfat etdiyini, anasının xəstə olduğunu, maddi imkanının olmadığını bildirərək işlə təmin olunması üçün köməklik göstərilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs də uyğun iş olmadığını Əliyə bildirmiş, Əli israrla iş istədiyini deməyə davam etmişdir. Rəşad təkrarən Əliyə uyğun vakansiya olmadığını bildirmiş, bu zaman Təqsirləndirilən şəxs əsəbi şəkildə Rəşada onu vuracağını demiş, Rəşad isə Əlini sakitləşdirmək istəyərkən Təqsirləndirilən şəxs əsəbiləşərək səs-küy salmış, ilk əvvəl stola təpik vurmuş, daha sonra Rəşadın yanına gedib sonuncunun oturduğu xidməti stula təpik vurmuşdur. Rəşad bunu görüb ayağa qalxmaq istəyərkən Təqsirləndirilən şəxs sağ əli ilə Rəşadın üz nahiyyəsindən yumruq vurmuş, bu zaman o, dərhal araya girib Təqsirləndirilən şəxs belindən tutub sonuncunu çölə çıxarmışdır. Rəşadın burnundan qan axmağa başlamış, o, təcili tibbi yardım xidmətinə zəng vurmuşdur. Əlinin yumruq zərbəsindən Rəşadın gözündə olan qara rəngli eynək qırılmış və eynəyin şüşəsi Rəşadın alnını kəsmişdir. Təcili tibbi yardım avtomobili idarəyə gəlmiş və ilkin tibbi yardım göstərib Rəşadı Saatlı RMX-yə aparmışlar. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruq vuran zaman vətəndaş qəbul otağında ondan başqa heç kəs olmamışdır. İşdə olan məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 13 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinə zamanı aşkar edilmiş xəsarətləri burun qanaxması ilə müşayiət olunan burnun əzilməsi, burnun belində, alın nahiyəsində, sağ baldırın orta 1/3-də ön səthdə qançırlar, alın nahiyəsində sağ gözün tış hissəsində yaralardan ibarətdir. Xəsarətlər küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətlər ilk məlumatda göstərilən şəraitdə əmələ gələ bilərdi. İşdə olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 999 nömrəli ekspert rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin isterik cizgiləri aşkar edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs nümayişkarlıq, qıcığa qarşı həssaslıq, hövsələsizlik, konfliktə və mübahisəyə meyillilik, adaptiv olmamaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmışdır. Həmin halın yaranması fərdi-psixi xüsusiyyətləri fonunda situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. İşdə olan 18 yanvar 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində X3 X4 filialının Saatlı rayon xidmət şöbəsinin vətəndaş qəbul otağıdır. İşdə olan 27 yanvar 2023-cü il tarixli “Elektron daşıyıcıya (diskə) baxış keçirilməsi” haqqında protokoldan görünür ki, elektron daşıyıcı-DVD kompüterin DVD ROM çıxış yerinə daxil etdikdən sonra “VİD-20230306-WA0025” və “VİD-20230306-WA0026” adlı video fayllar görünür. “VİD-20230306-WA0025” adlı video fayl açılan zaman videonun 58 saniyə olduğu müşahidə edildi. Videonun yuxarı sağ küncündə “xx-xx-2023” tarixi və “12:03:36” saatı sol aşağı küncündə “CAM08” yazılmışdır. Videoda Zərərçəkmiş şəxs ilə birlikdə 2-si qadın 4-ü kişi olmaqla 6 şəxs vardır. Videoda bir şəxsin aqresiv halda Zərərçəkmiş şəxs ilə mübahisə etdiyi görünür. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, video çəkiliş aparılan yer Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində X3 X4 filialının Saatlı rayon xidmət şöbəsinin vətəndaş qəbul otağı olmuş, onunla aqresiv halda mübahisə edən şəxsin Təqsirləndirilən şəxs olmuş, sağ tərəfdə dayanan şəxs Şahid olmuş, digər şəxslər isə qəbula gələn vətəndaşlar olmuş, sonuncuları tanımadığını qeyd etmişdir. Videonun 49-cu saniyəsində Təqsirləndirilən şəxs qəbul otağını tərk etdi. Videoda hər hansı zor tətbiq etmə və müqavimət göstərmə halı aşkar olunmadı. “VİD-20230306-WA0026” adlı video fayl açılan zaman videonun 1 dəqiqə 36 saniyə olduğu müşahidə edildi. Videonun yuxarı sağ küncündə “xx-xx-2023” tarixi və “15:58:49” saatı, sol aşağı küncündə “CAM08” yazılmışdır. Videoda Şahid, Əli Qəhərəmanov və Zərərçəkmiş şəxs müşahidə edilir. Təqsirləndirilən şəxs aqresiv halda Zərərçəkmiş şəxs ilə mübahisə etdiyi görünür. Videonun 22-ci saniyəsində Əli Qəhərmanov xidməti stola sağ ayağı ilə zərbə vurur. Daha sonra Zərərçəkmiş şəxs yaxınlaşaraq sol ayağı və sağ əli ilə Zərərçəkmiş şəxs zərbə vurur.(26-28 saniyələr) Şahid Təqsirləndirilən şəxs belindən tutur və vətəndaş qəbul otağından çölə çıxarır. Video görüntüdə Zərərçəkmiş şəxs qarşısında olan xidməti stolun üzərində bir ədəd mobil telefonun olduğu müşahidə olunur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs həmin mobil telefonun xidmət şöbəsinə məxsus mobil telefon olduğunu bildirirək istifadəsində olan hadisə vaxtı zədələnən 1 ədəd “X9 9” markalı mobil telefonun şalvarının sağ cibində olduğunu və videoda görünmədiyini bildirmişdir. İşdə olan Azərbaycan Respublikasının ƏƏSMN-nin tabeliyində X3 X4 Filialından daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-17-2/2-17240/2023 nömrəli məktubdan görünür ki, Filialın Sənədlərlə iş və inzibati şöbəsinin müdiri vəzifəsində çalışan Zərərçəkmiş şəxs 09 dekabr 2022-ci il tarixdən 22 fevral 2023-cü il tarixədək Filialın Saatlı rayon xidmət şöbəsinin müdiri vəzifəsində çalışmış və vəzifə öhdəlikləri fəaliyyət göstərdiyi inzibati ərazi vahidində (bundan sonra fəaliyyət sahəsi) məşğulluq tədbirlərinin təşkili və icrasını təmin etmək; fəaliyyət sahəsi üzrə görülmüş işlərin filialın digər şöbələri ilə əlaqələndirilməsini təmin etmək; vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun həyata keçirmək; həyata keçirilmiş tədbirlər, görülmüş işlər barədə sənəd və məlumatların filiala təqdim edilməsini təmin etmək daxildir. Zərərçəkmiş şəxs işlədiyi dövr ərzində işində və işçi kollektivi arasında müsbət xarakterizə olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının ƏƏSMN-nin tabeliyində X3 İdarə Heyətinin sədri tərəfindən təsdiq olunmuş vəzifə təlimatından görünür ki, regional məşğulluq filialının, müvafiq xidmət şöbəsinin müdirinin vəzifə funksiyaları şöbənin fəaliyyətini təşkil etmək, şöbənin əməkdaşları arasında təyin edilmiş iş bölgüsünün aparılmasına nəzarət etmək, RMF-ə müraciət edən, qanunvericiliyin tələblərinə uyğun olaraq işsizlik statusu verilməli olan şəxslərə işsizlik statusunun verilməsi və onların müvafiq şəkildə qeydiyyata alınması prosesini təşkil etmək, RMF-ə müraciət edən, qeydiyyatda olan və/və ya olmayan işsiz şəxslərin, həmçinin başqa məşğulluğu olmayıb kənd təsərrüfatı təyinatlı pay torpaq mülkiyyəti olan şəxslərin məşğulluq imkanlarını müvafiq anketin doldurulması əsasında qiymətləndirilməsi prosesinə nəzarət etmək, müvafiq işsiz şəxs üçün hazırlanan FMP-də məşğulluq tədbirləri üzrə ardıcıllığa uyğun olaraq aktiv məşğulluq tədbiri təmin edilməsi prosesini təşkil etmək, müvafiq işsiz şəxs üçün digər məşğulluq tədbirinin təyin olunmasını ardıcıl prosedurlara uyğun olaraq həyata keçirilməsini izləmək və nəzarət etmək, bütün məşğulluq tədbirlərinin təyinindən sonra müvafiq işsiz şəxsin həmin məşğulluq tədbirindən faydalanması daxil olmaqla sonadək izlənilməsinə nəzarət etmək, şöbənin fəaliyyəti ilə bağlı RMF-nin müdirinə təqdimat və təkliflər təqdim etmək, filialın fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsi prosesinə nəzarət etmək, şöbənin fəaliyyəti ilə bağlı Agentliyin Aparatına müvafiq dövri hesabatlar təqdim etmək, şöbənin fəaliyyəti ilə bağlı filial müdirinin tapşırdığı digər tapşırıqları icra etməkdən ibarətdir. Şöbə müdiri əmək müqaviləsi və bu təlimat ilə üzərinə düşən vəzifə öhdəliklərinin vaxtında və vicdanla yerinə yetirilməməsinə, əmək intizamının və etik davranış qaydalarının pozulmasına, səlahiyyətlərindən sui-istifadə edilməsinə, təhkim edilmiş maddi invertarların qorunmamasına və ya şəxsi məqsədlərlə istifadəsinə, habelə Agentliyin işgüzar nüfuzuna və əmlakına qəsdən və ya ehtiyatsızlıqdan vurduğu zərərə görə, agentliyin mənafeyinin qorunmaması, xidməti fəaliyyət zamanı əldə edilmiş məxfi və fərdi məlumatların, sənədlərin (o cümlədən kommersiya sirri) üçüncü şəxslərə açılmasına görə, əməyin mühafizəsi, texniki təhlükəsizlik, sanitariya və yanğından mühafizə norma və qaydalarının pozulmasına görə məsuliyyət daşıyır. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dörd dəfə, o cümlədən sonuncu dəfə Gəncə Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1-1(095)-027/2022 saylı hökmünə əsasən 500 manat cərimə cəzasına məhkum olunmuşdır. İşdə olan Saatlı rayon İcra və probasiya şöbəsinin 30 mart 2023-cü il tarixli, 79890 saylı məktubundan görünür ki, Gəncə Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1-1(095)- 027/2022 saylı hökmünə əsasən 500 manat cərimə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs cəriməni ödədiyi üçün qeydiyyatdan çıxarılmışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 315-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs təqsirini etiraf edib səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, məhkəmə cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, hazrki iş üzrə az ciddi cəza vasitəsilə cəzanın məqsədlərinə nail olunması, eyni zamanda təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən islah olunması mümkün deyil. Təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən tam təcrid edilməsi yolu ilə mümkün olduğuna görə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını aşağı həddə təyin etməyi məhkəmə qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyinə görə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. İş materiallarından görünür ki, maddi sübut kimi tanınan “X9 9” markalı mobil telefon saxlanılması üçün əmlakın mülkiyyətçisi Zərərçəkmiş şəxs verilmişdir.Odur ki, bu hal nəzərə alınmalıdır. İşdə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəzaçəkmə müddətinin əvvəli 08 iyun 2023-cü il tarixdən hesab edilsin. Hökmdən 20 gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar