Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-34/2024 12.06.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə Saat: 15:30 xx xxxx 2000-ci ildə Saatlı rayonu Azadkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Saatlı rayonu Azadkənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, 12 fevral 2024-cü il tarixdə saat 23:30 radələrində Saatlı rayonu Azadkənd kəndində yaşayan Zərərçəkmiş şəxs əmlakını tamah niyyəti ilə götürməkdən ötrü sonuncunun yaşadığı evin həyətindəki saxlanc yeri hesab olunan dama qapısını açaraq qanunsuz daxil olub, oradan 1 kiloqramı 0,57 manat qiymətində, ümumilkdə 17 kisədə qablaşdırılmış 850 kiloqram, 484 manat 50 qəpik dəyərində ammonium-nitrat (azot) gübrəsini oğurlayıb, özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 484 manat 50 qəpik məbləğdə maddi ziyan vurmuş, yəni saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 16 fevral 2024-cü il tarixdə saat 20 radələrində Saatlı rayonu Azadkənd kəndində yaşayan Zərərçəkmiş şəxs əmlakını tamah niyyəti ilə götürməkdən ötrü sonuncunun yaşadığı evin həyətindəki saxlanc yeri hesab olunan dama qapısını açaraq qanunsuz daxil olub, oradan 1 kiloqramı 0,57 manat qiymətində, ümumilikdə 18 kisədə qablaşdırılmış 900 kiloqram, 513 manat dəyərində ammonium-nitrat (azot) gübrəsini oğurlayıb, özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 513 manat məbləğdə maddi ziyan vurmuş, yəni təkrarən saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs həmkəndli olduğundan uzun müddətdir ki tanıyır, düşmənçilik və ədavəti olmamışdır. Pulu olmadığından və borcları yarandığından oğurluq etmək qərarına gəlmişdir. Əvvəllər Farizlə birlikdə işlədiyindən və onu tanıdığından həyətindəki damda azot gübrəsinin olduğunu bilmiş və bu səbəbdən Farizin həyətindəki damdan gübrəni oğurlayıb Pərvizə aparıb sataraq pul əldə etmək qərarına gəlmişdir. 12 fevral 2024-cü il tarixdə həmin azot gübrəsi olan kisələri daşımaq məqsədilə avtomobil lazım olduğundan dostu Elvin Ağaşovun mobil telefon nömrəsinə zəng etmişdir. Elvinə avtomobil lazım olduğunu və işini görüb bitirdikdən sonra avtomobili qaytaracağını demişdir. Elvin də ona heç bir problem olmadığını demiş və kəndin içərisindəki Pərvizə məxsus çayxananın yanında görüşüb avtomobilin açarını Elvindən almış və saat 23 radələrində Farizin yaşadığı evin yaxınlığına getmişdir. İdarə etdiyi avtomobili bir qədər kənarda saxlayıb Farizin həyətinə yaxınlaşmışdır. Farizin həyətinə kiçik qapını açaraq daxil olmuş, və damda çoxlu sayda gübrələrin olduğunu görmüş kisələrdəki gübrələri oğurlayaraq idarə etdiyi avtomobilə tərəf aparmağa başlamışdır. Ümumilikdə 17 kisə azot gübrəsini damdan oğurlayaraq idarə etdiyi avtomobilin yanına gətirmişdir. 17 kisə gübrəni avtomobilin arxa oturacağına və baqajına yükləyib Pərvizin kənd ərazisində azot gübrəsini aldığını bildiyindən ona zəng etmişdir. Pərvizlə danışarkən 17 kisə azot gübrəsi olduğunu və almaq istəsə satmaq istədiyini bildirmişdir. Pərviz ona həmin gübrəni haradan əldə etdiyini soruşarkən, tanış uşaqların küdrü adlanan yerdən gətirdiklərini və ona məxsus olduğunu demişdir. Pərviz də heç bir problem olmadığını və gübrəni onun yaşadığı evə gətirməyini istəmişdir. O da avtomobili Pərvizin yaşadığı evin həyətinə sürmüşdür. Pərvizlə 1 kisə gübrəni 20 manata satmaq barədə razılaşmış və sonuncu ona 340 manat pul verdikdən sonra 17 kisə gübrəni həyətə boşaltmışdır. Pərviz ona ümumilikdə 340 manat pul vermiş və o, avtomobilin sükanı arxasına əyləşib kəndin içərisindəki Pərvizə məxsus çayxananın yanına gəlmişdir. Elvinə zəng edərək avtomobili çayxananın yanına gətirdiyini və ora gəlməsini demişdir. Elvin çayxananın yanına gəldikdən sonra avtomobilin açarını ona vermişdir. Elvindən avtomobili götürüb sürdüyündən sonuncuya 20 manat pul vermişdir. Pərvizdən aldığı pulları borclarına verib lazımi ehtiyaclarına xərcləmişdir. Pulu qurtardığından və yenidən borcları yarandığından yenidən Farizə məxsus evin həyətindəki damdan oğurluq etmək qərarına gəlmişdir. 16 fevral 2024-cü il tarixdə saat 18 radələrində Şahid zəng edərək 18 kisə azot gübrəsinin olduğunu və istəyirsə satmaq istədiyini demişdir. Pərviz də ona heç bir problem olmadığını və gətirərsə ala biləcəyini demişdir. Həmin azot gübrəsi olan kisələri daşımaq məqsədilə avtomobil lazım olduğundan yenidən dostu Elvin Ağaşovun mobil telefon nömrəsinə zəng etmişdir. Elvinə avtomobil lazım olduğunu və işini görüb bitirdikdən sonra avtomobili qaytaracağını demişdir. Elvin də ona heç bir problem olmadığını demiş və kəndin içərisindəki Pərvizə məxsus çayxananın yanında görüşmüşdür. Avtomobilin açarını Elvindən almış və sükanı arxasına əyləşərək saat 20 radələrində Farizin yaşadığı evin yaxınlığına getmişdir. İdarə etdiyi avtomobili bir qədər kənarda saxlayıb Farizin həyətinə yaxınlaşmışdır. Yenidən Farizin həyətinə kiçik qapını açaraq daxil olub dama tərəf getmişdir. Damın qapısını açaraq bir-bir kisələrdəki gübrələri oğurlayaraq idarə etdiyi avtomobilə tərəf aparmağa başlamışdır. Şahid 18 kisə gübrə olduğunu dediyindən Farizin həyətindəki damdan ümumilikdə 18 kisə azot gübrəsini oğurlayaraq idarə etdiyi avtomobilin yanına gətirmişdir. Oğurladığı 18 kisə gübrəni avtomobilin arxa oturacağına və baqajına yükləyib Pərvizin mobil telefon nömrəsinə zəng etmişdir. Pərvizlə danışdıqdan sonra sonuncu yaşadığı evdə olduğunu və gübrələri ora gətirməyi dediyi üçün idarə etdiyi avtomobili Pərvizin yaşadığı evin həyətinə sürmüşdür. Pərvizlə görüşüb söhbət edərkən sonuncu gübrənin 1 kisəsini 20 manata alacağını və 18 kisə gübrəyə görə ümumilikdə 360 manat pul verəcəyini demişdir. O da Pərvizlə razılaşmış və ona 360 manat pul verdikdən sonra 18 kisə gübrəni həyətə boşaltmışdır. Pərviz ona ümumilikdə 360 manat pul vermiş və o, avtomobilin sükanı arxasına əyləşib kəndin içərisindəki Pərvizə məxsus çayxananın yanına gəlmişdir. Elvinə zəng edərək avtomobili çayxananın yanına gətirdiyini və ora gəlməsini demişdir. Elvin çayxananın yanına gəldikdən sonra avtomobilin açarını ona vermişdir. Elvindən avtomobili götürüb sürdüyündən Elvinə 10 manat pul vermişdir. Pərvizdən aldığı pulları borclarına verib lazımi ehtiyaclarına xərcləmişdir. Sonradan yaşadığı evdə olarkən polis əməkdaşları ona yaxınlaşaraq Zərərçəkmiş şəxs məxsus damdan azot gübrəsi olan kisələrin oğurlandığını deyib polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarına Farizə məxsus evin həyətindəki damdan oğurluq etdiyini könüllü olaraq etiraf etmişdir. Etdiyi əməldən peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmiş və zərərçəkmiş şəxslə barışıq əldə edilmişdir. Odur ki, göstərdiklərinin nəzərə alınaraq məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında Zərərçəkmiş şəxs ərizə təqdim edərək ifadəsində göstərdi ki, Saatlı rayonu Azadkənd kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onunla bir kənddə yaşadığından uzun müddətdir ki tanıyır, düşmənçilik və ədavəti olmamışdır. Torpaq sahələrinə gübrə vermək məqsədilə Saatı rayonu Şirinbəyli kəndinin ərazisində yerləşən gübrə məntəqəsinə gedərək kənd təsərrüfatı təyinatlı fermer kartı vasitəsilə subsidiya alaraq yaşadığı evin həyətindəki dama gətirmişdir. Gübrəni saxladığı dam yola yaxın yerləşir və qapısı olsa da, kilidi olmadığından qapısını bağlamır. 07 fevral 2024-cü il tarixdə özünə məxsus “Qazel” markalı yük avtomobili ilə Saatlı rayonu Şirinbəyli kəndinə getmişdir. Fermer kartı vasitəsinə 150 kisə gübrə alaraq “Qazel” markalı avtomobiliə yükləmişdir. Daha sonra yaşadığı evə gəlmiş və həyətindəki dama boşaltmışdır. Damda əlavə olaraq 50 kisə də gübrə olmuşdur. Gübrələri dama boşaltdıqdan sonra müxtəlif vaxtlarda kənddəki torpaq sahələrimə 5-10 kisə gübrəsini aparıb səpərək yaşadığı evə qayıtmışdır. Gübrəni torpaq sahəsinə səpərkən hər dəfə özündə qeydiyyat aparmışdır. 17 fevral 2024-cü il özünə məxsus dama gedib ora baxarkən gübrə olan kisələrin sayının azaldığını görmüşdür. O dərhal yaşadığı evə gedərək gübrənin qeydiyyatını apardığı siyahıya baxarkən 69 kisə gübrəni torpaq sahəsinə səpdiyini müəyyən etmişdir. Dərhal yaşadığı evin həyətindəki dama gedərək oradakı kisələri yenidən saymış və damda 35 kisə gübrənin olmadığını görmüşdür. Digər ailə üzvlərindən bu barədə soruşsa da, gübrəni heç kimin aparmadığını və bu barədə xəbərlərinin olmadığını demişlər. O, həmin vaxt gübrənin oğurlandığını müəyyən etmi və Saatlı rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonradan oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Ona dəymiş ziyan tam ödənilmişdir və Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də, şahidlər Şahid və X2 ibtidai istintaq zamanı vermiş olduqları və məhkəmə iclasında elan edilmiş ifadələri ilə də təsdiq olunduğundan məhkəmə onların ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan 09 mart 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 35 kisə ammonium-nitrat (azot) gübrəsi onun Saatlı rayonu Azadkənd kəndində yerləşən yaşadığı evin həyətindəki damdan oğurlanmışdır. İşdə olan 25 fevral 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus Saatlı rayonu Azadkənd kəndində yerləşən yaşadığı evin həyətindəki dama daxil olduğu, damdakı 35 kisə ammonium-nitrat (azot) gübrəsini oğurladığı yeri və apardığı istiqaməti, həmçinin həmkəndlisi Şahid satdığı yeri əyani olaraq göstərmişdir. Bunlarla bağlı fotoşəkillər çəkilərək cinayət işinə əlavə edilmişdir. İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 may 2024-cü il tarixli 9/2610 nömrəli rəyindən görünür ki,1 kiloqram çəkidə Ammonium-nitrat (Azot) gübrəsinin qiyməti 0,57 manat, 12 fevral 2024-cü il tarixdə oğurlanmış 17 kisə ümumilikdə 850 kiloqram çəkidə Ammonium-nitrat (Azot) gübrəsinin qiyməti 484,50 manat, 16 fevral 2024cü il tarixdə oğurlanmış 18 kisə ümumilikdə 900 kiloqram çəkidə Ammonium-nitrat (Azot) gübrəsinin qiyməti 513 manat, ekspert təyini haqqında qərarda göstərilən gübrələrin hadisə baş verən tarixə, yəni 2024-cü ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 997,50 (1750 kq x 0,57 man) manat müəyyən edilir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, barəsində CM-nin 62 və ya 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, törətdiyi cinayət əməlini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunan qərarının 2-ci və 3-cü bəndlərində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa Şurası Nazirlər Komitəsinin üzv dövlətlərə tövsiyələrində də vurğulanır ki, cəzaçəkmə yerlərinin maliyyə məsrəflərinin cəmiyyətin üzərində ağır yük olduğunu və həbsin çox zaman mənfi nəticələr doğurduğunun və hüquq pozucularını islah etmədiyinin tədqiqatlar nəticəsində aşkar edilir. Yenə, Avropa Şurası Nazirlər Komitəsinin R (99) 22 saylı tövsiyyəsində cəza siyasətinin humanistləşdirilməsi ilə əlaqədar mühüm əhəmiyyət daşıyan bir sıra hallara toxunularaq aşağıdakıları qeyd etmişdir: Həbsxanalarda həddən artıq insan olmasının və məhbusların artmasının həbsxana müdiriyyətləri və bütövlükdə cinayət mühakimə icraatı sistemi üçün həm insan hüquqları, həm də cəzaçəkmə müəssisələrinin səmərəli idarə edilməsi baxımından mühüm problem təşkil edir. Məhbusların səmərəli idarə edilməsinin cinayətkarlığın ümumi vəziyyəti, cinayətkarlığın nəzarətdə saxlanmasında prioritetlər, qanunlar toplusunda nəzərdə tutulan müxtəlif növ cəzalar, təyin edilən cəzaların ağırlığı, ictimai sanksiyalardan və tədbirlərdən nə dərəcədə teztez istifadə edilməsi, cinayət mühakimə icraatı orqanlarının işinin səmərəliliyi və təsirliliyi, xüsusən də ictimaiyyətin cinayətə və cəzaya münasibəti kimi məsələlərdən asılıdır. Həbsxanalarda həddən artıq insanın olması ilə mübarizə aparmaq və həbsxana sakinlərinin sayını azaltmaq məqsədi daşıyan tədbirlərin cinayətkarlığın və cinayətkar davranışın qarşısının alınmasına, səmərəli hüquq mühafizə tədbirlərinə, cəmiyyətin təhlükəsizliyinə və müdafiəsinə, sanksiya və tədbirlərin fərdiləşdirilməsinə və hüquq pozucularının sosial reinteqrasiyasına yönələn ardıcıl və məqsədəuyğun cinayət siyasətinin tərkibinə daxil edilməsinin zəruridir. Belə tədbirlərin qanunun aliliyi ilə idarə olunan və insan hüquqlarının təmin edilməsindən ibarət ali məqsədə tabe olan demokratik dövlətlərin əsas prinsiplərinə, İnsan hüquqları haqqında Avropa Konvensiyasına və onun tətbiqinin həvalə olunduğu orqanların presedent hüququna uyğun gəlməlidir. Əsas prinsiplər kimi üzv dövlətlərə tövsiyədə aşağıdakılar bildirilir: - Azadlıqdan məhrum etmə ən son vasitə qismində istifadə edilən sanksiya və ya tədbir hesab edilməli və buna görə də yalnız hüquq pozuntusunun ciddiliyi hər hansı başqa sanksiyanı və ya tədbiri açıq-aydın qeyri-adekvat etdiyi təqdirdə nəzərdə tutulmalıdır. - Cəzanın nisbi ağırlığı üzrə dərəcələrə bölünən müvafiq ictimai sanksiya və tədbirlər toplusu hazırlanmalı, prokurorlar və hakimlər onlardan mümkün qədər geniş istifadəyə sövq edilməlidir. - Həbsxanalarda həddən artıq insan olmasına və məhbusların artmasına qarşı ardıcıl strategiya düşünüb tapmaq üçün buna şərait yaradan əsas amillərin ətraflı təhlili həyata keçirilməli, bu təhlildə xüsusən uzun müddətə azadlıqdan məhrum etmə cəzasına səbəb olan hüquq pozuntusu növləri, cinayətkarlığın nəzarətdə saxlanmasında prioritetlər, ictimaiyyətin mövqeyi və narahatçılıqları, habelə mövcud cəza təyin etmə praktikası kimi məsələlər nəzərdən keçirilməlidir. Bundan başqa, həmin tövsiyədə məhkəmə araşdırması mərhələsinə aid tədbirlər fəslində qeyd edilir ki, uzun müddətə azadlıqdan məhrum etməni nəzərdə tutan və bununla həbsxana sisteminin üzərinə ağır yük qoyan cəzaların tətbiqini azaltmaq və qısa müddətə azadlıqdan məhrum etmə cəzalarını ictimai sanksiya və tədbirlərlə əvəz etmək üçün səy göstərilməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Yuxarıda göstərilən prinsiplər nöqteyi-nəzərindən yanaşdıqda da aydın olur ki, heç də ağır cəzaların, o cümlədən, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi həmişə cəzanın məqsədlərinə xidmət etmir. Hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmiş şəxsin cinayət əməlini törətdikdən sonrakı davranışlarına, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, ailə vəziyyətinə, cinayət əməli törətdiyi vaxtla, cinayət əməli törətdikdən sonra cəmiyyətdə tutduğu mövqeyə, statusuna, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, hazrki iş üzrə az ciddi cəza vasitəsilə cəzanın məqsədlərinə nail olunması, eyni zamanda təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən islah olunması mümkündür. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. İş üzrə 50(əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Saatlı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-34/2024
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-34/2024
12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver