Məhkəmə qərarları › İş №1(055)-34/2025

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-34/2025

09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-34/2025 09.07.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1990-cı ildə Sabirabad rayonu Həşimxanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum olunmamış, Saatlı rayonu Azadkənd kəndində qeydiyyatda olmaqla, Sabirabad rayonu Bulqalı kəndində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 2024-cü ilin fevral ayının ortalarında saat 13 radələrində Saatlı rayonu Azadkənd kəndində yaşayan Zərərçəkmiş şəxs əmlakını tamah niyyəti ilə əvəzsiz götürməkdən sonuncuya məxsus fərdi yaşayış evinin otağının pəncərəsini əli ilə açaraq yaşayış sahəsi hesab edilən evə qanunsuz olaraq daxil olub, evin yataq otağında divardan asılmış çantanın içərisindən 750 Azərbaycan manatı, 300 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə 510 manat), 25 Türk lirəsi (Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə 1 manat 38 qəpik) pulu, evin qonaq otağında şkafdakı bankanın içərisindən 1 ədəd 12 qram çəkidə 1020 manat dəyərində qızıl qadın qolbağı və evin həyətindən 1 ədəd 25 manat dəyərində alüminium qazanı götürüb aparıb oğurlamaqla, özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs 2306 manat 38 qəpik maddi ziyan vurmuş, yəni yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid1 onun qayınanası Zenfiranın qardaşıdır, Zərərçəkmiş şəxs isə Maqsudun arvadıdır, onlarla münasibəti, həmçinin düşmənçilik və ədavəti olmamışdır. O, rəsmi olaraq heç bir yerdə işləmədiyindən yaşadığı kəndin çöl sahəsində pambıq alağına və yığımına gedərək pul qazanır. Lakin pambıq yığımından qazandığı pullarla ehtiyaclarını ödəyə bilmədiyindən, maddi cəhətdən çətinlik çəkdiyindən və borcları yarandığından oğurluq etmək qərarına gəlmişdir. Maqsud və digər ailə üzvlərinin Bakı şəhərinə işləmək üçün getdiyini bildiyindən yaşadıqları evə daxil olaraq oradan rahat oğurluq edəcəyini fikirləşmişdir. Bu səbəbdən təxminən 2024-cü ilin fevral ayının ortalarında saat 13 radələrində yaşadığı evdən çıxaraq Maqsudun evinə getmişdir. Maqsudun bağçasından həyətinə daxil olaraq evə yaxınlaşmışdır. Maqsudun yaşadığı evin giriş hissəsindəki pəncərənin qismən açıq olduğunu görüb ora yaxınlaşmışdır. Pəncərəni əli ilə itələyib açdıqdan sonra oradan evin balkonuna daxil olmuşdur. Evin içərisinə daxil olub pul və qızıl-zinət əşyalarını axtarmağa başlamışdır. Yataq otağına daxil olarkən divardan asılmış çantanın olduğunu görmüşdür. Çantanı götürüb içərisinə baxarkən 3 ədəd 100 dollarlıq pul əskinası, 5 ədəd 100 manatlıq, 5 ədəd 50 manatlıq, 1 ədəd 20 lirə, 1 ədəd 5 lirə türk pulu, 5 ədəd 100 rus rublu olduğunu görmüşdür. O, pulların hamısını götürdükdən sonra çantanı həmin yerə atmışdır. Sonra zala daxil olaraq oranı axtararkən şkafdakı bankanın içərisində 1 ədəd qızıl qolbağın olduğunu görmüşdür. Bankanın qapağını açdıqdan sonra oradakı 1 ədəd qızıl qolbağı götürüb cibinə qoymuşdur. Evə daxil olduğu pəncərəyə yaxınlaşaraq oradan həyətə düşmüşdür. Həyətdə olarkən Maqsudun evinin həyətindən 1 ədəd alüminium qazanı da özü ilə götürmüşdür. Yaşadığı evə qayıtdıqdan sonra oğurladığı pulları və 1 ədəd qızıl qolbağı gizlətmişdir. Bundan təxminən 10 gün sonra Maqsudun evindən oğurladığı 3 ədəd 100 dollarlıq pul əskinaslarını Sabirabad şəhərində yerləşən bazarın içərisində tanımadığı şəxsə verərək 510 manat pul almışdır. Həmin pullarla yaşadığı evə ərzaq məhsulları almış, qalan pulları isə borclarına vermişdir. Oğurladığı pulların hamsını xərcləyib qurtarmış, lakin 1 ədəd 20 türk lirəsi və 1 ədəd 5 türk lirəsini isə yaşadığı evdə saxlamışdır. Maqsudun evindən oğurladığı 5 ədəd 100 Rus rublunu dəyişmək məqsədilə aparsa da hazırda həmin pul əskinaslarının dövriyyədən çıxarıldığını bildirmişlər. Maqsudun evindən götürdüyü 1 ədəd qızıl qolbağı çöl sahəyə pambıq alağına gedərkən qolundan düşdüyündən orada itmişdir. Həmin qolbağı sonradan axtarsa da heç bir yerdə tapa bilməmişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, əvvəlki məhkəmə iclası zamanı əsəbi olduğundan Sevdanın yaşadığı evdən özünün deyil, oğlu İsmayılın oğurluq etdiyini bildirmiş, çünki Sevda ona məxsus evdən xeyli sayda əşyalar oğurladığını bildirdiyindən, əri Sərxanla ayrıldıqdan sonra övladlarını ondan alaraq yaşadığı evdə saxladığından yalandan o cür demiş, Zərərçəkmiş şəxs yaşadığı evdən oğurluğu oğlu İsmayıl deyil, özü etmişdir. Sonda əməlindən peşman olduğunu bildirib, ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidin ifadələri, eləcə də cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Saatlı rayonu Azadkənd kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs baldızı Zemfiranın gəlini olduğundan uzun müddətdir ki tanıyır, onunla münasibəti normal olmuş, düşmənçilik və ədavəti olmamışdır. O və digər ailə üzvləri rəsmi olaraq heç bir yerdə işləmədiyindən, mütəmadi olaraq hamısı Bakı şəhərinə gedərək orada işləyib pul qazanmışlar. Onlar Bakı şəhərində olduqları müddətdə evini qohumlarına nəzarət etməsi üçün tapşırmışlar. Təxminən 2023-cü ilin sentyabr ayında hazırda ailə üzvləri ilə birlikdə Bakı şəhərinə işləmək məqsədilə getmişdir. Bir müddət Bakı şəhərində işlədikdən sonra hazırda Türkiyə Cümhuriyyətində yaşayan qızı Əsnayi təxminən 2023-cü ilin dekabr ayında Azərbaycana gəlmişdir. Əsnayi onlarla birlikdə Bakı şəhərində qaldıqdan sonra Saatlı rayonu Şirinbəyli kəndində yaşayan anası Əntiqənin yaşadığı evə gəzmək üçün getmək istədiyini demişdir. O da heç bir problem olmadığını dedikdən sonra 06 dekabr 2024-cü il tarixdə o, qızı Elina və Əsnayi ilə birlikdə Saatlı rayonu Şirinbəyli kəndinə getmişlər. O, anası Əntiqənin yaşadığı evə gedərək orada oturub söhbət etdikdən sonra birlikdə yaşadığı evə qayıtmışlar. Yaşadığı evdə olarkən əşyalarının yerində olduğunu və heç bir şeyin oğurlanmadığını görmüşdür. 08 dekabr 2024-cü il tarixdə yaşadığım evdə işlərini bitirdikdən sonra qapını kilidləyib qızı Əsnayi və Elina ilə birlikdə tanımadığı şəxsin idarə etdiyi avtomobilinə əyləşərək Bakı şəhərinə qayıtmışdır. Həmin vaxtdan sonra o, bir daha digər ailə üzvləriylə birlikdə yaşadığı evə gəlib baxmamışdır. 16 may 2024-cü il tarixdə Bakı şəhərində olarkən Saatlı rayonu Azadkənd kəndində yerləşən evinə nəzarət etmək məqsədilə qızı Elina ailə kəndə gəlmişlər. Saat 19 radələrində yaşadığı evə çatıb qapını açaraq içəri daxil olmuşdur. Yaşadığı evə daxil olarkən oradan ev əşyalarının, qızıl-zinət əşyalarının, pulların və digər məişət əşyalarının oğurlandığını görmüşdür. Həmin vaxt o, özündə olmadığından qızı Elina özünə məxsus mobil telefonla DİN-in 102 xidmətinə zəng edib yaşadığı evdən oğurluq olması barədə məlumat vermişdir. Sonradan yaşadığı evdən oğurluq edən şəxsin baldızı Zemfiranın gəlini Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Hazırda ona dəymiş maddiz ziyan ödənilməmişdir. Lakin Zülfiyyə qadın olduğundan onun həbs olunmasını istəmir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Saatlı rayonu Azadkənd kəndində ailə üzvləri ilə birlikdə yaşayır, Zərərçəkmiş şəxs onun arvadı, Təqsirləndirilən şəxs isə onun bacısı Zemfiranın gəlinidir, onlarla münasibəti normal olmuş, düşmənçilik və ədavəti olmamışdır. Rəsmi olaraq heç bir yerdə işləmədiyindən mütəmadi olaraq digər ailə üzvləri ilə birlikdə Bakı şəhərinə gedərək orada işləyib pul qazanır. Qeyd edir ki, təxminən 2023-cü ilin axırlarında o da işləmək məqsədilə Bakı şəhərinə getmişdir. Həmin vaxt qızları Elina və Aysun Bakı şəhərində işləyərək pul qazanmışlar. Arvadı Sevda isə mütəmadi olaraq Bakı şəhərinə gəlib bir müddət orada qaldıqdan sonra yaşadığı Saatlı rayonu Azadkənd kəndinə gələrək oradakı evinə nəzarət edərək geri qayıdır. Qızıl-zinət əşyalarını, pulları və digər məişət əşyalarını arvadı Sevda yaşadığı evdə gizlətmişdir. Sonuncu dəfə arvadı Sevda, Türkiyədə yaşayan qızı Əsnayi və digər qızı Elina 06 dekabr 2023-cü il tarixdə Bakı şəhərindən yaşadığı Saatlı rayonu Azadkənd kəndinə gedərək orada nəzarət etdikdən sonra 08 dekabr 2023-cü il tarixdə yenidən Bakı şəhərinə qayıtmışlar. Həmin vaxt yaşadığı evdən oğurluq olmamışdır. 16 may 2024-cü il tarixdə arvadı Sevda ilə qızı Elina yaşadığı Saatlı rayonu Azadkənd kəndinə gedəcəklərini və daha sonra qayıdacaqlarını demişdir. O da digər qızı Aysunla birlikdə Bakı şəhərində qalmışdır. Təxminən 19 radələrində qızı Elina və arvadı Sevda mobil telefon nömrəsinə zəng edərək yaşadığı evə oğrunun daxil olduğunu, oradan 1000 manat məbləğində nağd pulun və 3000 manat dəyərində qızıl zinət əşyalarının oğurlandığını, oğurluq barədə polisə məlumat verdiyini demişdir. Sonradan yaşadığı evdən pulları, məişət əşyalarını və qızıl-zinət əşyalarını bacısının gəlini Zülfiyyənin oğurladığını bilmişdir. Məhkəmə istintaqında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə əlavə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs yaşadığı evdən oğurluq etməmişdir. İşdə olan 31 iyul 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolla müəyyən edilmişdir ki, zərərçəkmiş Sevda Abdulayevaya məxsus pullar, qızılzinət əşyaları, məişət əşyaları, ev əşyaları və digər əşyalar onun Saatlı rayonu Azadkənd kəndində yerləşən yaşadığı evdən və həyətyanı sahəsindən oğurlanmışdır. Bununla bağlı fotoşəkillər çəkilərək cinayət işinə əlavə edilmişdir. İşdə olan 01 avqust 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2024-cü il tarixdə fevral ayının ortalarında Zərərçəkmiş şəxs məxsus oğurladığı 1 ədəd alüminium qazan, 1 ədəd 20 Türk lirəsi, 1 ədəd 5 Türk lirəsi, 5 ədəd 1993-cü il istehsallı 5 ədəd 100 Rus rublu (dövriyyədən çıxarılmış) yaşadığı evdən aşkar edilərək götürülmüşdür. Bununla bağlı fotoşəkillər çəkilərək cinayət işinə əlavə edilmişdir. İşdə olan ifadəsi yerində yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protkoldan görünür ki, Təqsirləndirilən şəxs şahid qismində ifadəsi yerində yerində yoxlanılarkən o, Zərərçəkmiş şəxs məxsus Saatlı rayonu Azadkənd kəndi ərazisindəki yerləşən yaşadığı evə daxil olduğu, həmin evlərdən qızıl-zinət əşyasını, pulları və qazanı oğurladığı yeri, fərdi yaşayış evindən çıxdığı yeri və getdiyi istiqaməti əyani olaraq göstərmişdir. Bunlarla bağlı protokol tərtib edilib, fotoşəkillər çəkilərək cinayət işinə əlavə edilmişdir. İşdə olan 31 iyul 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokolla müəyyən edilərək götürülmüş Təqsirləndirilən şəxs oğurlayaraq yaşadığı evdə saxladığı 1 ədəd alüminium qazan, 1 ədəd 20 Türk lirəsi, 1 ədəd 5 Türk lirəsi, 5 ədəd 1993-cü il istehsallı 100 Rus rublunun (dövriyyədən çıxarılmış) 05 avqust 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmış və həmin tarixli baxış keçirilməsi haqqında protokolla saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs ona istinad edilən cinayəti törətməsi iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin, şahidin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunan qərarının 2-ci və 3-cü bəndlərində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Saatlı Rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 1(055)-34/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və Təqsirləndirilən şəxs 24 iyun 2025-ci il tarixdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 24 iyun 2025-ci il tarixdən 09 iyul 2025-ci il tarixədək həbsdə saxlanıldığı 15 (on beş) gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinə dəyişdirilməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan 1 ədəd alüminium qazan, 1 ədəd 20 Türk lirəsi, 1 ədəd 5 Türk lirəsi, 5 ədəd 1993-cü il istehsallı 100 Rus rublu (dövriyyədən çıxarılmış) sahibi Zərərçəkmiş şəxs saxlanılması nəzərə alınmalıdır. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 iyun 2025-ci il tarixdən 09 iyul 2025-ci il tarixədək həbsdə saxlanıldığı 15 (on beş) gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından bir ay çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut olan 1 ədəd alüminium qazan, 1 ədəd 20 Türk lirəsi, 1 ədəd 5 Türk lirəsi, 5 ədəd 1993-cü il istehsallı 100 Rus rublu (dövriyyədən çıxarılmış) sahibi Zərərçəkmiş şəxs saxlanılması nəzərə alınsın. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar