Məhkəmə qərarları › İş №1(055)-37/2024

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-37/2024

03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-37/2024 03.07.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Mülki iddiaçının nümayəndəsi X3, Təqsirləndirilən şəxs iştirakı ilə Saat:16:00 xx.xx.1967-ci il tarixdə Sabirabad rayonu, Moranlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Sabirabad rayonu, Moranlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.1-ci hissəsinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq və digər su bioresurslarını tutmaq məqsədi ilə 15 mart 2024-cü il tarixdə saat 03 radələrində Saatlı rayonu, Azadkənd kəndi istiqamətində Baş Mil-Muğan Kollektoruna gələrək orada özü ilə gətirdiyi 01 ədəd uzunluğu 01 metr, eni 1,5 metr olan tora bağlanmış “ekran” adlandırılan balıqovlama vasitəsindən istifadə edərək saat 05 radələrinədək olan müddətdə 30 ədəd hər biri 33 manat olmaqla 990 manat dəyərində şamayı və 04 ədəd hər biri 11 manat olmaqla 44 manat dəyərində külmə balıqlarını qanunsuz tutmaqla balıq ehtiyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1034 (min otuz dörd) manat məbləğində maddi ziyan vurmuş və həmin tarixdə saat 05:30-da X6 İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən ekoloji cinayətləri törədənlərə qarşı keçirilmiş mübarizə xarakterli tədbirlər nəticəsində saxlanılmış və yoxlama zamanı ondan 01 ədəd uzunluğu 1 metr, eni 1,5 metr olan tora bağlanmış “ekran” adlandırılan balıqovlama vasitəsi, 30 ədəd şamayı və 04 ədəd külmə balıqları aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki,15 mart 2024-cü il tarixdə saat 03 radələrində Saatlı rayonu, Azadkənd kəndi istiqamətindən keçən Baş Mil-Muğan kollektorunun sahilinə gəlmiş, özünə məxsus olan qırma ilə kollektorun sahilində balıq tutmağa başlamışdır. Təxminən saat 05 radələrinədək çoxlu sayda balıq tutmuş, daha sonra X6 idarəsinin əməkdaşları onu saxlamışlar. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, Saatlı rayonu, Azadkənd kəndi istiqamətindən keçən Baş Mil- Muğan kollektorunda balıq tutmaq üçün rəsmi icazəsi, yəni balıqovlama bileti yoxdur. Polis əməkdaşları balıqlara video çəklişlə baxış keçirən zaman məlum olmuşdur ki, 30 ədəd şamayı və 4 ədəd külmə balıqlarını tutmuşdur. Polis əməkdaşları baxış keçirilməsi ilə bağlı protokol tərtib etmişlər, protokol tərəfindən imzalanamışdır. Tutduğu 30 ədəd şamayı və 04 ədəd külmə balıqları polis əməkdaşları tərəfindən götürülmüşdür.Əlavə olaraq bildirir ki, “ekran” adlandırılan balıqovlama vasitəsindən deyil, qırmadan istifadə etməklə balıq tutmuş, “ekran” başqa şəxsə məxsus olmuşdur. Rəsmi icazə, yəni balıqovlama bileti olmadan balıqları tutmanın qadağan olduğunu bilmiş, lakin maddi imkansızlıqdan ötrü həmin əməli törətməyə məcbur olmuşdur. Hazırda törətdiyi əmələ görə peşimançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Sonda məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı mülki iddiaçı kimi tanınmış Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 mülki iddianı müdafiə edərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq balıq ovlaması nəticəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə 1034 manat ziyan dəymişdir. Həmin maddi ziyan ödənilməmiş qalmışdır və ona görə də mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Su NPİ-nin İmişli XPM-nin polis nəfəri Şahid3 göstərdi ki, 15 mart 2024-cü il tarixdə X6 idarəsinin İmişli xətt polis məntəqəsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən həmin tarixdə saat 05 radələrində Saatlı rayonu, Azadkənd kəndindən keçən Baş Mil-Muğan kollektorunda balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs saxlanılmışdır. Bununla bağlı video çəklişlə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs 01 ədəd uzunluğu 1 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 20x20 mm. olan tora bağlanmış “ekran” adlandırılan balıqovlama vasitəsi, 30 ədəd şamayı və 04 ədəd külmə balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs 30 ədəd şamayı və 04 ədəd külmə balıqlarını 01 ədəd uzunluğu 1 metr, eni 1,5 metr olan tora bağlanmış “ekran” adlandırılan balıqovlama vasitəsi ilə Saatlı rayonu, Azadkənd kəndindən keçən Baş Mil-Muğan kollektorundan tutduğunu, Saatlı rayonu, Azadkənd kəndindən keçən Baş Mil-Muğan kollektorunda balıq tutmağa rəsmi icazəsi olmadığını bildirmişdir. Baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilərək imza edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də, Şahid2 Şərif oğlunun ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan 15 mart 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan, ona əlavə edilmiş fotocədvəllərdən və diskdən görünür ki, 15 mart 2024-cü il tarixdə X6 idarəsinin İmişli xətt polis məntəqəsinin əməkdaşları xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən həmin tarixdə saat 05 radələrində Saatlı rayonu, Azadkənd kəndindən keçən Baş Mil-Muğan kollektorunda balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs saxlanılmış və baxış zamanı Təqsirləndirilən şəxs 01 ədəd uzunluğu 1 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 20x20 mm. olan tora bağlanmış “ekran” adlandırılan balıqovlama vasitəsi, 30 ədəd şamayı və 04 ədəd külmə balıqları aşkar edilərək götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli balıq ehtiyatlarına vurulmuş ziyan barədə mütəxəssis arayışından görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs 30 ədəd şamayı və 04 ədəd külmə balıqlarını qanunsuz tutması nəticəsində balıq ehtiyatlarına 1034 manat məbləğində ziyan dəymişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-14-21/2-239/2024 nömrəli məktubundan görünür ki, Sabirabad rayonu, Moranlı kəndində yaşayan Təqsirləndirilən şəxs balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə qismən təqsirli bildiyini, “ekran” adlandırılan balıqovlama vasitəsindən deyil, qırmadan istifadə etməklə balıq tutduğunu, “ekran”ın başqa şəxsə məxsus olduğunu göstərmişdir. Lakin təqsirləndirilən şəxsin göstərdiyi xüsusatlar 15 mart 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokol, ona əlavə edilmiş fotocədvəllər və disk, eyni zamanda şahidlərin ifadələri ilə təkzib olunduğundan məhkəmə qeyd olunan dəlilləri özünümüdafiə məqsədilə verilmiş hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir.Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiqi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, hərəkətlərindən peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində ictimai işlər cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.2-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz balıq ovlaması nəticəsində ümumilikdə dövlət balıq ehtiyatlarına 1034 manat maddi ziyan dəymişdir və həmin ziyanla bağlı ibtidai istintaq zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi mülki iddiaçı kimi tanınmış və həmçinin də məhkəmə istintaqı zamanı mülki iddiaçının nümayəndəsi mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs mülki iddia ilə bağlı göstərdi ki, törətdiyi cinayət əməli nəticəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə 1034 manat ziyan vurmuşdur ki, həmin ziyanı da maddi imkanı ilə əlaqədar ödəyə bilməmişdir. Ona görə də iş üzrə mülki iddianı qəbul edir və mülki iddianın təmin olunmasına heç bir etirazı yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, mülki iddia təmin edilərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəymiş 1034 manat ziyan Təqsirləndirilən şəxs tutulmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs balıq tutan zaman istifadə etdiyi «ekran» adlandırılan balıqovlama aləti faydalı istifadəyə yararsızdır. Ona görə də iş üzrə maddi sübut olan və X6 idarəsinin İmişli xətt polis məntəqəsinin rəisi Şahid2 təhvil verilmiş bir ədəd «ekran» adlandırılan balıqovlama aləti məhv edilməlidir. İşdə olan 15 mart 2024-cü il tarixli ******* nömrəli qaimə fakturadan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 30 ədəd «şamayı» və 04 ədəd «külmə» balıqları X4 təhvil verilmişdir. Ona görə də bu hal nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan, baxış keçirilməsi zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək gündə dörd saatdan çox olmamaqla üç yüz iyirmi saat müddətə ictimai işlər cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı çəkməyə başladığı vaxtdan hesab edilsin. Hökmün icrası Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs(mülki cavabdeh) Təqsirləndirilən şəxs 1034 (bir min otuz dörd) manat alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ödənilsin. İş üzrə maddi sübut olan 30 ədəd «şamayı» və 04 ədəd «külmə» balıqlarının X4 təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan və X6 idarəsinin İmişli xətt polis məntəqəsinin rəisi Şahid2 təhvil verilmiş bir ədəd «ekran» adlandırılan balıqovlama aləti məhv edilsin. İş üzrə maddi sübut olan,xx.xx.2024-cü il tarixli baxış protokoluna əlavə edilmiş 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar