Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-38/2023 03.07.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, 03 iyul 2023-cü il, Saat: 17:55 Saatlı şəhəri xx xxx 1984-cü ildə Saatlı rayonu Leninkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Saatlı rayonu Mustafabəyli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə edib və saxladığı 01 ədəd nömrəsi silinmiş, keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, 5,45 mm kalibrli, AK-74 modelli, Kalaşnikov konstruksiyalı, texniki cəhətdən saz və atəşə yararlı yivli odlu avtomat silahı, 2 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadə üçün yararlı daraqları, 60 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı, döyüş sursatı olan patronları bir ədəd sintetik torbada 27 fevral 2023-cü il tarixdə saat 13:30 radələrində Saatlı rayonu Qırağlı kəndinin ərazisindən keçən dəmir yolu xəttinin yaxınlığında qanunsuz olaraq gəzdirərkən əməliyyat tədbiri keçirən polis əməkdaşları onu müəyyən edib Saatlı RPŞ-yə gətirmişlər və həmin gün orada saat 14:40 radələrində həmin yivli odlu silahı, onun komplekt hissəsi olan 2 ədəd darağı və döyüş sürsatları hesab olunan 60 ədəd patronu aşkar edərək götürmüşlər, yəni qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi və döyüş sursatlarını əldə etmiş, saxlamış və gəzdirmişdir. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Saatlı rayonu Mustafabəyli kəndində ailə üzvləri ilə birlikdə yaşayır və Saatlı rayonu ərazisində dəmir əşyaları yığıb satmaqla məşğul olur, lazımsız dəmir əşyaları satıb pul qazanır. Təxminən 2023-cü ilin fevral ayının əvvəllərində Saatlı rayonu Qırağlı kəndinin ərazisindən keçən dəmir yolu relslərinin kənarı ilə dəmir əşyalar axtararkən su arxının kənarında 1 ədəd ağ rəngli kisə görmüşdür. O, maraq üçün həmin ağ rəngli kisəni yerdən götürüb açaraq içərisinə baxarkən kisədə 1 ədəd AK-74 markalı Kalaşnikov markalı avtomatı, 2 ədəd avtomatın darağı, həm darağın, həmdə ağ kisənin içərisində ümumilikdə 60 ədəd patronların olduğunu görmüşdür. O dərhal həmin kisənin ağzını bağlayıb həmin yerdə torpağa basdıraraq üstünü örtüb gizlətmişdir. Dəmir yolunun kənarından yığdığı dəmirləri götürüb aparıb sataraq yaşadığı evə qayıtmışdır. Silah həmin müddət ərzində gizlətdiyi yerdə qalmış və o həmin silahı oradan götürməmişdir. Sonradan həmin silahı etibarlı yerdə gizlətmədiyini və başqa şəxslər tərəfindən aşkar edilərək götürüləcəyini düşünərək silahı, daraqlarını və güllələrini gizlətdiyi yerdən götürüb könüllü təqdim etmək üçün Saatlı RPŞ-yə aparmaq qərarına gəlmiş və bu məqsədlə 27 fevral 2023-cü il tarixdə saat 13 radələrində yaşadığı evdən çıxaraq Saatlı rayonu Qırağlı kəndində yerləşən dəmir yolunun kənarındakı su arxının yanına gedib 1 ədəd ağ kisədə gizlətdiyi əşyaları torpağın altından çıxarıb götürərək su arxının və dəmir yolunun kənarı ilə Saatlı RPŞ-yə aparmaq məqsədilə piyada hərəkət edərkən bir neçə polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək Saatlı RPŞ-yə aparmışlar. Bundan sonra vəkilin iştiarkı ilə üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun üstündən qanunsuz saxlanılan heçnə aşkar edilməmiş, əlindəki kisəyə baxış keçirilərkən isə içərisində 1 ədəd avtomat, 2 ədəd daraq və 60 ədəd patronu polis əməkdaşları aşkar etmişlər. O da aşkar olunmuş prdmetləri Saatlı rayonu Qırağlı kəndi ərazisindən keçən dəmir yolunun kənarından tapdığını və yaşadığı evə apararaq gizlətmək istədiyini bildirmişdir. Həmin 1 ədəd Kalaşnikov avtomatı, 2 ədəd daraq və 60 ədəd patron polis əməkdaşları tərəfindən aşkar edildiyi 1 ədəd ağ rəngli kisədə qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarış və baxış keçirilərəkən foto və videoçəkiliş aparılmış, protokol tərtib edilərək imza edilmişdir. Sonda əməlindən peşman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirib məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 Firudun oğlu ifadəsində göstərdi ki, 27 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və güllələrini əldə edərək satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və keçirilmiş tədbir nəticəsində Təqsirləndirilən şəxs saat 13:30 radələrində Saatlı rayonu Qırağlı kəndinin içərisindən keçən dəmiryolu xəttinin kənarında əlində saxladığı ağ rəngli sintetik kisə ilə hərəkətdə olarkən tərəflərindən müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı və güllələrini əldə edərək saxlamağı barədə məlumatları olduğunu bildirib onu Saatlı Rayon Polis Şöbəsinə dəvət etmişlər. Saatlı RPŞ-yə gətirildikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılarkən sonuncunun üzərindən qanunsuz saxlanılan əşya və predmet aşkar edilməmiş, Cəlalın əlində saxladığı 01 ədəd ağ rəngli sintetik kisəyə baxış keçirilərkən isə içərisindən 1 ədəd “AK-74” markalı nömrəsi silinmiş Kalaşnikov avtomatı, 02 ədəd avtomat silahının darağı, daraqların içərisində və sintetik kisədə patronlar olduğu müəyyən edilmişdir. Həmin patronlar daraqlardan çıxarılıb sintetik kisədəki patronlar ilə birlikdə sayılarkən 60 ədəd olduğu məlum olmuşdur. Daha sonra isə aşkar edilmiş 1 ədəd “AK-74” markalı Kalaşnikov avtomatı, 02 ədəd avtomat silahın darağı və 60 ədəd patron qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar edilmiş 1 ədəd “AK-74” markalı Kalaşnikov avtomatı, 02 ədəd avtomat silahının darağı və 60 ədəd patronların özünə məxsus olduğunu, Saatlı rayonu Qırağlı kəndinin ərazisindən keçən dəmiryolu xəttinin kənarında dəmir toplayarkən tapdığını və orada gizlətdiyini, sonra gizlətdiyi yerdən götürüb yaşadığı ev istiqamətində apararkən polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir.Axtarış və götürmə aparılması ilə bağlı protokol tərtib edilmiş, foto və video çəkiliş aparılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları Şahid2, Şahid3 və Şahid4 da Şahid5 Firudun oğlunun ifadəsi ilə eyni məzmunda ifadə verdilər. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də, Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini də iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan 27 fevral 2023-cü il tarixli şəxsi axtarış və baxış aparılması haqqında protokol, ona əlavə edilən fotoşəkillər və videoçəkilişlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əlində saxladığı 01 ədəd ağ rəngli sintetik kisədən nömrəsi silinmiş avtomat silahı, silahın komplekt hissəsi olan 02 ədəd daraq və 60 ədəd patronlar aşkar edilərək götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş məhkəmə-ballistik ekspertin 28 fevral 2023-cü il tarixli 23/167 R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, nömrəsi silinmiş silah, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, AK-74 modelli, Kalaşnikov konstruksiyalı avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir kustar üsuli ilə dəyişikliklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş daraqlar zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidirdaraqlarıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 60 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş açmaq üçün yararlıdırlar. İşdə olan 11 mart 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd, 5,45 mm kalibrli, nömrəsi silinmiş AK-74 modelli avtomatdan eksperimental qaydada atılmış güllə-giliz nümunələri Azərbaycan Respublikası DİN-in KTİ-nin “güllə-giliz” kartotekasında “Arsenal” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. İşdə olan Saatlı RPŞ-nin İTB-nin xidmət üzrə baş inspektoru Namiz Ağayevin xx.xx.2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs ovçu kimi qeydiyyatda deyil və onun ovçuluq peşəsi ilə bağlı olaraq odlu silah və soyuq silah gəzdirmək hüququ olmasına dair qeydiyyat yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində ondan aşkar edilmiş silah və digər əşyaları Saatlı RPŞ-yə könüllü təqdim etmək məqsədilə gizlətdiyi yerdən götürüb Saatlı RPŞ istiqamətində piyada hərəkət edərkən polis əməkdaşları tərəfindən saxlanıldığını göstərsə də, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri, şahidlərin ifadələri, “şəxsi axtarış və götürmə aparılması barədə” protokola əlavə edilmiş videoçəkilişin əks olunduğu “CD” disk və digər iş materialları ilə qeyd olunan xüsusat təkzib olunur. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsində göstərdikləri özünümüdafiə müdafiə məqsədilə verilmiş sayılmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, məhkəmə cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, hazrki iş üzrə az ciddi cəza vasitəsilə cəzanın məqsədlərinə nail olunması, eyni zamanda təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən islah olunması mümkün deyil. Təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən tam təcrid edilməsi yolu ilə mümkün olduğuna görə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını orta həddə təyin etməyi məhkəmə qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 27 fevral 2023-cü il tarixdən 01 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyinə görə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan 01 ədəd 5,45 mm kalibrli, nömrəsi silinmiş AK-74 modelli avtomat, silahın komplekt hissəsi olan 02 ədəd daraq və 5,45x39 mm kalibrli 55 ədəd patron Azərbaycan Respublikası DİN-in Təchizat anbarına təhvil verilməlidir. İşdə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 fevral 2023-cü il tarixdən 01 mart 2023-cü il tarixədək, yəni iki gün şübhəli şəxs qismində saxlanılma müddətinin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq bir il beş ay iyirmi səkkiz gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəzaçəkmə müddətinin başlanğıcı 03 iyul 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd 5,45 mm kalibrli, nömrəsi silinmiş AK-74 modelli avtomat, silahın komplekt hissəsi olan 02 ədəd daraq və 5,45x39 mm kalibrli 55 ədəd patron Azərbaycan Respublikası DİN-in Təchizat anbarına təhvil verilsin. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-38/2023
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-38/2023
03.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver