Məhkəmə qərarları › İş №1(055)-38/2024

Saatlı Rayon Məhkəməsi Qərar — İş №1(055)-38/2024

10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 1(055)-38/2024 10.07.2024 SAATLI RAYON MƏHKƏMƏSİ (İş üzrə icraata xitam verilməsi barədə) Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1984-cü il tarixdə Saatlı rayonunun Əlisoltanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Saatlı rayonunun Bəylər kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 28 may 2024-cü il tarixdə saat 17 radələrində yaşadığı Saatlı rayonu Bəylər kəndindəki evində şəxsi münasibətlər zəminində arvadı Zərərçəkmiş şəxs ona qışqırması səbəbindən baş vermiş mübahisə zamanı ona yumruqla bədənin müxtəlif nahiyyələrinə qəsdən vurub və əlləri ilə boğaz nahiyyəsindən tutub qəsdən yerə yıxması nəticəsində sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid olan sol kürək sümüyünün qapalı sınığı ilə müşayiət olunan, boynun sağ və sol yan səthində, sol ciyin qurşağı proyeksiyasında, sol bazu oynağının bayır səthində, sağ budun aşağı 1/3-də bayır səthdə, sol baldırın orta 3/1-də ön səthdə qançırlar xəsarətləri yetirməklə, sağlamlığının uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Bu əməlinə görə təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək göstərdi ki, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilir, etdiyi əməldən peşmandır. Hal-hazırda Zərərçəkmiş şəxs onunla barışmış, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Ona görə də onun cinayət məsuliyyətindən azad edilərək iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək göstərdi ki, Təqsirləndirilən şəxs ilə barışmış, onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Ona görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İşdə olan məhkəmə-tibbi ekspertizanın 06 iyun 2024-cü il tarixli 113 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sol kürək sümüyünün qapalı sınığı ilə müşayiət olunan, boynun sağ və sol yan səthində, sol ciyin qurşağı proyeksiyasında, sol bazu oynağının bayır səthində, sağ budun aşağı 1/3-də bayır səthdə, sol baldırın orta 3/1-də ön səthdə qançırlar küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən CM-nin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə, təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, məhkəmə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs barışmasını, zərərçəkmiş şəxsin şikayətinin olmamasını nəzərə alıb belə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu gündən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar