Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-39/2024 11.07.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1993-cü ildə Saatlı rayonu Şirinbəy kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Saatlı rayonu Şirinbəyli kəndində qeydiyyatda olmaqla, orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi 12 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını, 15 mart 2024-cü il tarixdə yaşadığı Saatlı rayonu Şirinbəyli kəndindəki evinin sol tərəfində xüsusi hazırladığı torpağa qanunsuz olaraq əkmiş, 01 aprel 2024-cü il tarixədək müddət ərzində həmin torpaq sahəsində bitmiş ümumilikdə 12 ədəd xeyli miqdarda çətənə (kannabis) bitkilərini suvarıb qulluq göstərərək, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri yetişdirməklə xeyli miqdarda kultivasiya etmiş, həmin ünvanda 01 aprel 2024-cü il tarixdə saat 12:40 radələrində əməliyyat tədbiri həyata keçirən Saatlı RPŞ-nin əməkdaşları 12 ədəd xeyli miqdarda çətənə (kannabis) bitkisini aşkar edib götürmüşlər, yəni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib-yetişdirərək kultivasiya etmişdir. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Buna görə də məhkum olunmuşdur. O, təxminən 2022-ci ilin avqust ayında yaşadığı evin yaxınlığından keçən su kollektorunun kənarında gəzərkən orada yabanı halda yetişmiş və qurumuş 1 ədəd çətənə bitkisinin olduğunu görmüşdür. O, özü marixuanadan istifadə etdiyi üçün həmin bitkinin çətənə bitkisi olduğunu tanımışdır. Çətənə bitkisinə yaxınlaşaraq kökündən çıxarıb 12 ədəd toxum əldə etmiş və çətənə bitkisini su kollektoruna atmışdır. Əldə etdiyi toxumları oradan sellofan büküm taparaq içərisinə qoyub yaşadığı evə gətirərək toxumları nə vaxtsa öz istifadəsi üçün həyətimdə əkməyi üçün yaxınlıqdan keçən su kollektorunun kənarında gizlətmişdir. 15 mart 2024-cü il tarixdə həmin toxumları əkmək qərarına gəlmiş və xüsusi yer hazırlayaraq yaşadığı evin sol tərəfinə 12 ədəd çətənə bitkisinin toxumunu əkmişdir. Əkdiyi toxumların hamısı cücərmiş və cücərtilərə su verərək qulluq göstərmişdir. Cücərtilər çıxdıqdan sonra polis əməkdaşları aşkar edənədək onlar 1-3 sm hündürlükdə boy atmışlar. 01 aprel 2024-cü il tarixdə təxminən saat 12 radələrində yaşadığı evin həyətində olarkən evin qarşısına gələn polis əməkdaşları onu küçəyə səsləyərək çağırıb, həyətində narkotik tərkibli bitkiləri əkməyi barədə məlumatlarının olduğunu, bununla bağlı həyətyanı sahəyə baxış keçirəcəklərini bildirdikdə o, polis əməkdaşlarının onun çətənə bitkisi əkməyi barədə məlumatları olduğunu başa düşüb, etiraz etməyin lüzumsuz olduğunu anlayıb, buna etiraz etməmiş və bu barədə ərizə vermişdir. Bundan sonra polis əməkdaşları aqronomun iştirakı ilə yaşadığı evin həyətinə baxış keçirərkən evin sol tərəfindəki torpaqda əkib-yetişdirdiyi ümumi 12 ədəd çətənə bitkilərini aşkar etmişlər. O, səmimi olaraq baxışda iştirak edən bütün şəxslərin yanında 12 ədəd bitkinin narkotik tərkibli çətənə bitkisi olduğunu və öz istifadəsi üçün özünün əkib-yetişdirdiyini etiraf etmişdir. Həmin 12 ədəd çətənə bitkisi polis əməkdaşları tərəfindən torpaqdan çıxarılaraq 1 ədəd kağız zərfdə qablaşdırılıb götürülmüşdür. Həyətinə baxış keçirilərkən protokol tərtib edilmiş və o, da protokolu imzalamışdır. O, həmçinin ifadəsində göstərmişdir ki, özüm narkotik vasitələrdən istifadə etdiyi üçün həmin 12 ədəd bitkini əkib-yetişdirmişdir. O, heç vaxt narkotik satmamışdır. O arada tapanda narkotik vasitə istifadə etmişdir. Narkotik vasitə olan çətənə bitkisini əkməkdə məqsədi də, öz istifadəsi üçün olmuşdur. Hazırda əməlinə görə peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Sonda məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadəsi, maddi sübut, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 01 aprel 2024-cü il tarixdə Saatlı rayonu Şirinbəyli kəndində qeydiyyatda olmaqla, orada yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkilərin əkibbecərməsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar raportla Saatlı RPŞ-nin rəisinə məruzə etdikdən sonra, həmin tarixdə tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar rəis tərəfindən təsdiq olunmuşdur. Bundan sonra həmin qərarın icrası ilə əlaqədar keçirilən tədbirlə bağlı o, Saatlı RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid2, Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3, Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid4 və əvvəlcədən dəvət edilərək hüquq və vəzifələri izah edilmiş mütəxəssis-aqronom Tural İbrəhimlinin iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getmişlər. Evin həyətində olan Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-yetişdirməsi barədə məlumat daxil olduğunu, bununla əlaqədar həyətyanı sahəyə baxış keçiriləcəyini bildirərkən Təqsirləndirilən şəxs baxışın keçirilməsinə etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özünün də iştirakı ilə baxış keçirilməyə başlanılmış və baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin sol tərəfindəki torpaq sahəsində orta hesabla 1-3 santimetr boy atmış, ümumilikdə 12 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinə oxşar bitkilər aşkar etmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs həmin bitkilərin çətənə bitkisi olduğunu, öz istifadəsi üçün özünün əkib-yetişdirdiyini bildirmişdir. Baxışda iştirak edən aqronom Tural İbrəhimli tərəfindən həmin 12 ədəd bitkiyə baxış keçirilmiş və Tural İbrəhimli bildirmişdir ki, həmin bitkilərə aqrotexniki qaydada becərilmə və qulluq işləri aparılmışdır. Bununla bağlı Tural İbrəhimli tərəfindən rəy tərtib edilərək təqdim olunmuşdur. Həmin 12 ədəd bitkilər tərəflərindən əkildikləri yerdən çıxarılaraq bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Tədbirdə iştirak edən polis əməkdaşları və Tural İbrəhimli həmin qablaşdırmanın üzərində imza etmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin sol tərəfindəki torpaq sahəsindən aşkar edilmiş həmin 12 ədəd çətənə bitkilərinə oxşar bitkilərdən başqa narkotik vasitə və ya narkotik tərkibli bitkilərinə oxşar bitkilər aşkar edilməmişdir. Sonda baxışın keçirilməsi barədə Saatlı RPŞ-nin TB-nin təhqiqatçısı Rasim Əliyev tərəfindən tərtib edilmiş protokol ucadan oxunmuş, doğru yazıldığı üçün o, baxışda iştirak edən digər şəxslər kimi imzası ilə protokolun doğruluğunu təsdiq etmişdir. Baxış zamanı foto və videoçəkiliş aparılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid4 Firudun oğlu Şahid3 ifadəsi ilə eyni məzmunda ifadə verdi. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahidlər Şahid1 və Şahid2 ibtidai istintaq zamanı Şahid3 ifadəsi ilə eyni məzmunda ifadə vermişlər. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Saatlı DAİM-də Bitkiçilik sektorunun müdiri vəzifəsində işləyir, ixtisasca aqronomdur. 01 aprel 2024-cü il tarixdə Saatlı RPŞ-nin əməkdaşlarının iştirakı ilə Saatlı rayonu Şirinbəyli kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin sol tərəfində ümumilikdə 12 ədəd, orta hesabla 1-3 santimetr metr boy atmış narkotik tərkibli çətənə bitkilərinə tərəfimdən baxış keçirilərkən həmin bitkilərə aqrotexniki qaydada becərilmə və qulluq işləri aparıldığını müəyyən etmişdir. Baxış zamani Təqsirləndirilən şəxs səmimi olaraq həmin 12 ədəd bitkilərin narkotik tərkibli çətənə bitkisi olduğunu, öz istifadəsi üçün özünün əkib yetişdirdiyini bildirmişdir. İşdə olan “baxış keçirilməsi haqqında” 01 aprel 2024-cü il tarixli protokoldan, ona əlavə olan fotoşəkillərdən və videoçəkilişdən görünür ki, Saatlı rayonu Şirinbəyli kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin sol tərəfindəki torpaq sahəsində əkib-yetişdirdiyi 12 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. İşdə olan məhkəmə-bioloji ekspertizanın 02 aprel 2024-cü il tarixli 3-16-16/2-18/364 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...X2 həyətində...12 ədəd...” sözləri və imzalar olan kağız paketdə ümumi sayı 12 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi-2,12 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş eyni tərkibə malik narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Çətənə (kannabis) bitkilərinin ümumi təmiz çəkisi-2,12 qram, cəmi tədqiqata sərf edildi-0,24 qram (hər obyektdən-0,02 qram götürüldü), qalıq-1,88 qram. İşdə olan məhkəmə-narkoloji ekspertin 18 aprel 2024-cü il tarixli 2470 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan 01 aprel 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin sol tərəfində olan torpaq sahəsindən aşkar edilmiş 12 ədəd narkotik tərkibli çətənə bitkilərinə becərilmə və aqrotexniki qaydada qulluq işləri aparılmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(055)-63/2018 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 1 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Hazırda məhkumluğu yoxdur. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini yuxarıda şərh olunan qaydada törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunan qərarının 2-ci və 3-cü bəndlərində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 01 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutularaq 03 aprel 2024-ci il tarixədək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 01 aprel 2024-cü il tarixdən 03 aprel 2024-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə də Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan 12 ədəd çətənə (kannabis) bitkisi məhv edilməlidir. İş üzrə 31 manat 95 qəpik ekspertiza xərci tərsirləndirilən şəxs Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 aprel 2024-cü il tarixdən 03 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq 02 (iki) gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan 12 ədəd çətənə (kannabis) bitkisi məhv edilsin. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-39/2024
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-39/2024
11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver