Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-4/2023 15.05.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, 15 may 2023-cü il, Saat: 14:30 Saatlı şəhəri xx xxxxxx 1967-ci ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmuş və məhkumluğu ödənilmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, İmişli şəhəri, Lətif Hüseynov küçəsi, ev 38-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edib 10 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri- 4,78 qram, 4,46 qram, 2,19 qram, 5,10 qram, 4,85 qram, 4,39 qram, 4,48 qram, 4,79 qram, 4,61 qram, 5,27 qram, 1 ədəd jurnal vərəqi kəsiyində 7,0 qram, ümumi çəkisi 51,92 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla narkotik vasitə olan qurudulmuş marixuananı və 1 ədəd sarı rəngli polietilen torbada təmiz çəkisi 35,43 qram, 1 ədəd ağ rəngli qalın kağız bükümdə təmiz çəkisi 50,9 qram, nəm halda ümumi təmiz çəkisi 86,33 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla narkotik vasitə olan qurudulmayan marixuananı 1 ədəd göy rəngli polietilen torbanın içərisində saxlamış, Saatlı şəhəri H.B.Zərdabi küçəsində 09 sentyabr 2022-ci il tarixdə saat 23:50 radələrində satış məqsədi ilə qanunsuz olaraq daşıyarkən əməliyyat tədbiri keçirən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Saatlı RPŞ-nə gətirilib, həmin gün saat 01:50 radələrində əlindəki həmin 1 ədəd polietilen torbanın içərisindən 10 ədəd kibrit qutusunda və 1 ədəd jurnal vərəqi kəsiyində ümumi təmiz çəkisi 51,92 qram qurudulmuş marixuana, 1 ədəd sarı rəngli polietilen torbada və 1 ədəd ağ qalın kağız bükümdə ümumi təmiz çəkisi 86,33 qram qurudulmayan marixuana aşkar edilərək götürülmüş, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmiş, saxlamış və daşımışdır. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilmir, özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir, çünki ondan aşkar edilmiş narkotik vasitələri öz istifadəsi üçün saxlamış, satmaq niyyəti olmamışdır. Belə ki, arvadı Güllü atasına məxsus Saatlı şəhəri, H.B.Zərdabi küçəsində qaynı uşaqlarına baxdığına görə orada yaşayır, təxminən 3 aya yaxındır ki, o da həmin evə gedib gəlir. 2022-ci ilin may ayının ortalarında İmişli şəhərindən keçən Araz çayının sahilində piyada gəzərkən müxtəlif kolların arasında iki ədəd yabanı halda bitmiş “nəşə” bitkisini görmüş, marixuana istifadə etdiyi üçün həmin bitkiləri tanımış, qulluq etmişdir. Həmin bitkilər boy atdıqdan sonra İmişli şəhərindəki evindən çıxıb həmin yerə getmiş, bitkiləri torpaqdan kötükləri ilə birlikdə çıxarıb lazımı hissələrini qırıb elə orada kolların arasında gizlin bir yerə sərib qurutmaq istəmiş, lazımsız gövdə və kök hissəsini isə Araz çayına tullamışdır. Orada nəşə bitkisinin “qalovkası”ndan bir ədəd kağıza doldurub çəkmiş, daha sonra Saatlı şəhərində arvadının yaşadığı evə getmişdir. 07 sentyabr 2022-ci il tarixdə İmişli şəhərindəki yaşadığı evə getmiş, 08 sentyabr 2022-ci il tarixdə təxminən saat 11:30-da oradan çıxıb yenə piyada Araz çayının sahilində narkotik vasitələri qurutduğu yerə getmişdir. Nəşə bitkisinin yarpaqlarını bir ədəd özü ilə götürdüyü sarı rəngli sellofan torbaya yığmış və oradan piyada avtomobil yoluna tərəf çıxıb tanımadığı yol maşını ilə Saatlı şəhərindəki arvadının yaşadığı evə getmişdir. Həmin sellofan torbanı evə daxil olduqda sol tərəfdə yerləşən uçuq evdə, toyuq saxlanılan yerin yanında açıb özü ilə gətirdiyi narkotik vasitələri qurutmaq üçün qalın kağızın üstünə sərmişdir. 09 sentyabr 2022-ci il tarixdə səhər saatlarında narkotik vasitələri qurutduğu yerə baxmış, bəziləri qurumuş, quruyan hissələrini elə orada sarı rəngli sellofan torbaya yığıb evə daxil olduqda sol tərəfdə yerləşən onun yatdığı otaqda döşəyin altına qoymuşdur.Həmin gün təxminən 23:30 radələrində yaşadığı Saatlı şəhərindəki evin həyətində piyada gəzmiş, onunla bir həyətdə yaşayan qaynı oğlu Böyükağa və Böyükağanın evinə qonaq gələn tanışı Saatlı şəhər sakini Qulu kimi tanıdığı şəxslə birlikdə söhbət etmişlər. Təxminən 10 dəqiqə sonra Böyükağanın yaşadığı ev tərəfdən qapı açılmış, sonradan Bakı şəhərindən gələn polis işçiləri olduğunu bildiyi 5 nəfər mülki geyimdə olan tanımadığı şəxslər həyətə daxil olmuşlar və gedib Qulu və Böyükağanın əlqollarını tutmuş, eyni anda 2 nəfər şəxs də onun əl-qollarını tutmuşlar, yumruqla sinəsinə, başına, qara ciyərinə, təpiklə sağ topuğuna vurmuşlar. Həmin anda Böyükağanın anası Gülnamə bayıra çıxıb mülki geyimdə olan şəxslərə Mübarizi vurmayın demişdir. Daha sonra onu Böyükağanın yaşadığı evə aparmışlar, təxminən 10 dəqiqədən sonra həmin şəxslərdən biri onun yatdığı otaqda gizlətdiyi sarı rəngli sellofan torbada olan qurudulmuş marixuananı və evin həyətindəki əl damında qurutmaq istədiyi narkotik vasitə olan marixuananı həmin qalın kağıza bükülmüş vəziyyətdə gətirib ona göstərib bunun nə olduğunu soruşmuşlar, o da onlara nəşənin yarpağı olduğunu demişdir. Böyükağa, Qulu və evdə yaşayan Böyükağanın qardaşı Vüqarı həmin şəxslər elə orada saxlamışlar. Təxminən 10 dəqiqə sonra həmin şəxslərdən biri onun yaşadığı həyətdən ona məxsus saxladığı elektron tərəzini gətirib ona məxsus olub-olmadığı soruşmuşlar, o da özünə məxsus olduğunu, arvadı Güllünün həmin tərəzidə mixək və darçını çəkmək üçün istifadə etdiyini demişdir. Sarı rəngli sellofan torbada və qalın kağızda qurutmaq istədiyi marixuanalar və elektron tərəzinin özünə məxsus olduğunu dedikdən sonra həmin şəxslər Böyükağa, Vüqar və Qulunu buraxmışlar, onu isə özlərinin gəldiyi avtomobilə əyləşdirmişlər. Evdən və həyətindən aşkar edilmiş narkotik vasitə və tərəzini özləri ilə götürmüşlər. Avtomobildə ondan hara sakini olduğunu soruşmuşlar, qeydiyyatı və yaşadığı yerin İmişli şəhərində olduğunu demişdir. Onu özlərinin avtomobili ilə İmişli şəhərindəki yaşadığı evin qarşısına aparmışlar, ondan orada kimin yaşadığını soruşmuşlar. Lakin evə daxil olmamışlar. Oradan avtomobil ilə onu Saatlı şəhərinə aparmışlar. Mərkəzi bazarın qarşısında avtomobili saxlamışlar, kapotun üstündə yemək yemişlər. O avtomobildə olmuş, ona təklif etmişlər, lakin o yemək yeməmişdir. Yenidən avtomobilə əyləşmişlər, həmin şəxslərdən biri avtomobili idarə etmiş, biri avtomobildə qabaq oturacaqda, biri isə onun yanında əyləşmişdir. Saatlı şəhərində yaşadığı evin qarşısındakı Zərdabi küçəsinə doğru avtomobillə hərəkət etmişlər və avtomobili küçədə saxlamışlar. Bu zaman qabaq sağ oturacqda əyləşən şəxs avtomobildən düşüb avtomobilin arxa yük yerini açmış, bu zaman yük yerindən xışıltı səsi eşidilmiş, həmin şəxs təxminən 3-4 dəqiqədən sonra avtomobilə əyləşmiş və onu Saatlı polis şöbəsinə aparmışlar. Onu tutan şəxslərdən biri ona nalayiq söyüş söymüşdür. Avtomobildə qabaq sağ oturacaqda əyləşən şəxs demiş ki, “sən narahat olma”. Sonra təhqiqatçı Əlisafa müəllimin otağına getmişlər. Onu tutan şəxslərdən biri demiş ki, “sən 0-3 ilədək gedəcəksən, 48 saat saxlanılıb buraxılacaqsan. Məhkəmədən də, gedib sənin xahişini edəcəm, lakin sən belə deyəcəksən ki, sən İmişli şəhərindən gələrkən Saatlıda səni götürmüşük. Sənə torba verəcəyik, onu da, boşaldacaqsan, deyəcəksən ki, bunlar mənimdir”. O da onsuz da onun yaşadığı evdən ona məxsus narkotik vasitə aşkar edilməsi səbəbindən etiraz etməmişdir. Az sonra Saatlı rayonundan ona dövlət hesabına müdafiəçi dəvət etmişlər. Birlikdə avtomobildə gəldikləri qabaq sağ oturacaqda əyləşən mavi rəngli köynəyi olan şəxs ona demiş ki, “bazar günü gəlib səninlə oturub yeyib içəcəyik”. Təhqiqatçının otağında müdafiəçisi və onu tutan mülki geyimdə olan polis əməkdaşlarının yanında videoçəkiliş aparılmış, ondan təhqiqatçı sellofanın ona məxsus olub-olmadığını soruşduqda hamının yanında ona məxsus olduğunu demişdir. Həmin vaxt sellofanın içində onun yaşadığı evin həyətindən və yaşadığı evdən aşkar edilmiş marixuanadan və tərəzidən başqa kibrit qutuları görmüş, lakin ona əvvəlcədən demişlər ki, narahat olma, sənin maddən 3 ildədək olacaq. Buna görə də o videoçəkiliş zamanı aşkar olunanların hamısının özünə məxsus olduğunu demişdir. Şəxsi axtarış aparılması barədə protokol tərtib olunaraq imza edilmiş, foto və video çəkiliş aparılmışdır. O da arxayın olduğu üçün protokola imza etmişdir. Bir daha bildirir ki, yalnız bir ədəd sarı rəngli və bir ədəd qalın kağıza bükülmüş qurudulmayan marixuana və elektron tərəzi ona məxsusdur. Qalan narkotik vasitələr ona məxsus deyildir, o narkotik vasitələrin satışı ilə məşğul olmur. Ondan aşkar edilmiş məxsus narkotik vasitələri dost tanışa pay verməyəcəkdir, sadəcə xəstə olduğu üçün özü istifadə edəcəkdir. Polis əməkdaşları kibrit qutusundakı narkotik vasitəni özləri əlavə etmişlər. O, CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağına inandığı üçün aşkar edilmiş bütün narkotik vasitələrin ona məxsus olduğunu demişdir. Sonda məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinində əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə əldə edərək Saatlı rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədi ilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında tərəfindən qərar qəbul edilmiş, bundan sonra onun, Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı X3 və əməliyyat müvəkkili polis kapitanı Şahid3 iştirakları ilə keçirilmiş tədbir nəticəsində 09 sentyabr 2022ci il tarixdə saat 23:50 dəqiqədə Təqsirləndirilən şəxs əlində tutmuş olduğu göy rəngli sellofan torba ilə Saatlı şəhəri H.B.Zərdabi küçəsində piyada hərəkət edən zaman tərəflərindən müəyyən edilib saxlanılaraq Saatlı RPŞ-nin inzibati binasına aparılmışdır. Bundan sonra Saatlı RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs üstündə Saatlı RPŞ-də otaqların birində şəxsi axtarış aparılarkən üstündən narkotik vasitə aşkar edilməsə də, əlindəki göy rəngli polietilen torba açılarkən həmin torbanın içərisində 1 ədəd qalın kağız bükümdə və sarı rəngli polietilen torbada narkotik vasitə olan qurudulmayan marixuana, həmçinin 1 ədəd jurnal vərəqi kəsiyində və 10 ədəd kibrit qutularında narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə, 1 ədəd boş kibrit qutusu və 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs aşkar edilmiş qurudulmayan və qurudulmuş marixuanaya oxşar kütlələr onun və müdafiəçisinin yanında elektron tərəzidə çəkilmiş, qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı protokol tərtib edilərək imza edilmiş, foto və video çəkiliş aparılmışdır. Şahid1 həmçinin ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri yalandır. Aşkar edilmiş narkotik vasitə, yəni 1 ədəd qalın kağız bükümdə və sarı rəngli polietilen torbada narkotik vasitə olan qurudulmayan marixuana, həmçinin 1 ədəd jurnal vərəqi kəsiyində və 10 ədəd kibrit qutularında narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə, 1 ədəd boş kibrit qutusu və 1 ədəd elektron tərəzi Mübarizin əlindəki 1 ədəd göy rəngli polietilen torba açılarkən həmin torbanın içərisində aşkar edilmişdir.Təqsirləndirilən şəxs qarşı hər hansı qanunsuz hərəkətə yol verilməmiş, sonuncunu İmişli rayonuna aparmamışlar. Onlar bir avtomobildə olmaqla cəmi üç nəfər polis əməkdaşı olmuş, Təqsirləndirilən şəxs Zülfüqarovun döyülməsi və sair qanunsuzluğa məruz qalması barədə göstərdiklərinin də hamısı yalandır və cinayət məsuliyyətdindən yayınmaq niyyəti daşıyır. Məhkəmə istintaqı zamanı şahidlər Şahid3 və Şahid2 Şahid1 ilə eyniməzmunlu ifadə verdilər. Müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir, rəsmi nikahları var, uşaqları yoxdur. O əsasən İmişli rayonunda Mübarizin evində yaşasa da, son vaxtlar Saatlı şəhərində ata evində yaşayır, Mübariz də həmin evə gəlib gedir. Mübariz polis tərəfindən tutulduğu gün, yəni 09 sentyabr 2022-ci il tarixdə evdə olmamış, sonradan 10 sentyabr 2022-ci il tarixdə bu barədə eşitmişdir. Mübarizin necə saxlanılması, sonuncudan nə aşkar olunmasından məlumatı yoxdur. İşdə olan 10 sentyabr 2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması barədə protokol”, ona əlavə olan fotoşəkillər və videoçəkilişlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əlindəki göy rəngli polietilen torbanın içərsindən 1 ədəd qalın kağız bükümdə və 1 ədəd sarı rəngli polietilen torbada qurudulmayan marixuanaya oxşar kütlə, 1 ədəd jurnal vərəqi kəsiyində və 10 ədəd kibrit qutusunda qurudulmuş marixuanaya oxşar kütlə, 1 ədəd boş kibrit qutusu və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 10 sentyabr 2022-ci il tarixli 18/998 nömrəli rəyindən görünür ki tədqiqata təqdim olunmuş üzərində: ”...Təqsirləndirilən şəxs üstündən...” sözləri yazılmış və imzalar olan kağız paketdə 1 ədəd göy rəngli polietilen torbanın içərisində 1 ədəd jurnal vərəqi kəsiyində təmiz çəkisi – 7,0 qram, 10 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri – 4,78qram, 4,46qram, 2,19qam, 5,10qram, 4,85qram, 4,39qram, 4,48qram, 4,79qram, 4,61qram, 5,27qram, ümumi çəkisi – 51,92qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadadır.1 ədəd sarı rəngli polietilen torbada təmiz çəkisi – 35,43qram, 1 ədəd ağ qalın kağız bükümdə təmiz çəkisi – 50,9 qram, nəm halda ümumi çəkisi – 86,33 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmayan marixuanadır.1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə marixuana izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən də müqayisəli tədqiqatın aparılması mümkün olmadığından iz mikrohissəciklərinin miqdarını və eyniliyini müəyyən etmək mümkün deyildir. Marixuananın ümumi təmiz çəkisi – 138,25 qram, cəmi tədqiqata istifadə olundu – 0,65 qr (hər ob-0,05 qr), qalıq – 137,60 qr. İşdə olan məhkəmə-narkoloji ekspertizasının 03 noyabr 2022-ci il tarixli 6553 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanıTəqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan 10 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, tədqiqata sərf edildikdən sonra ümumi çəkisi 137,60 qram qalan qurudulmuş və qurudulmayan marixuana və 1 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və Saatlı RPŞ-yə məsul saxlanışa verilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Balakən rayon Xalq Məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmü ilə həmin vaxt qüvvədə olan Cinayət Məcəlləsinin 143-cü maddəsinin 4-cü hissəsi ilə 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, bundan başqa Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2005-ci il tarilxi hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 26 fevral 2013-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 4 ay 11 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Hazırda məhkumluğu yoxdur. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini, ondan aşkar edilmiş narkotik vasitənin bir qisminin ona məxsus olduğunu, kibrit qutularındakı narkotik vasitənin ona məxsus olmadığını, polis əməkdaşlarının onu Saatlı şəhəri H.B.Zərdabi küçəsində yerləşən evdən tutub döyə-döyə İmişli rayonuna apardıqlarını bunu qohumları Böyükağa, Gülnaz, Vüqar və onların evində olmuş Qulu adlı şəxslərin gördüyünü, polis əməkdaşlarının onu aldatması səbəbindən narkotik vasitənin hamısının özünə məxsus olduğunu deməsini göstərmişdir. Lakin təqsirləndirilən şəxsin göstərdiyi xüsusatlar məhkəmə istintaqı zaman öz təsdiqini tapmamış və mötəbər sübutlarla təkzib olunmuşdur. Belə ki, cinayət işi materiallarında olan məhkəmə-tibbi ekspertizanın xx.xx.2022-ci il tarixli 300 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar olunmamışdır.Həmçinin Saatlı rayon prokurorunun köməkçisi X12 tərəfindən aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərə məruz qalması barədə göstərdikləri xüsusatlar öz təsdiqini tapmadığından xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş “Azərfon MMC”-dən daxil olmuş diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinin anten dairəsinin hadisə baş verən tarixə Saatlı rayonu olduğu müəyyən edilmişdir. Bundan başqa, cinayət işi materiallarında olan 10 sentyabr 2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması barədə protokol”a əlavə edilmiş diskə baxış keçirilərkən müəyyən edilir ki, Təqsirləndirilən şəxs müdafiəçisi X4 iştirakı ilə şəxsi axtarış və götürmə aparılarkən əlindəki göy rəngli polietilen torbanın içərsindən 1 ədəd qalın kağız bükümdə və 1 ədəd sarı rəngli polietilen torbada qurudulmayan marixuanaya oxşar kütlə, 1 ədəd jurnal vərəqi kəsiyində və 10 ədəd kibrit qutusunda qurudulmuş marixuanaya oxşar kütlə, 1 ədəd boş kibrit qutusu və 1 ədəd elektron tərəzini təqdim edərək həm narkotik vasitələrin, həm də tərəzinin özünə məxsus olduğunu, tərəzi ilə narkotik vasitələri çəkdiyini bildirmiş, müdafiəçinin polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalıbqalmaması barədə verdiyi suala cavabında ona qarşı qeyri-qanuni hərəkətlərə yol verilmədiyini göstərmişdir. Bundan başqa, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X7, X2, X1 və X8 ifadələrində Təqsirləndirilən şəxs göstərdiklərini tam təkzib edərək 09 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs polis tərəfindən tutulduğunu görmədiklərini, bu barədə sonradan bildiklərini göstərmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs özü də ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrində, eləcə də xx.xx.2022-ci tarixli ifadəsində də ondan aşkar edilmiş bütün narkotik vasitələrin özünə məxsus olduğunu, elektron tərəzidən narkotik vasitəni çəkib qramlara bölmək üçün istifadə etdiyini göstərmişdir. Digər tərəfdən Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə 10 kibrit qutusunda, 1 ədəd qalın kağız bükümdə, 1 ədəd sarı rəngli polietilen torbada və 1 ədəd jurnal kəsiyi bükümündə, yəni 14 bağlama da aşkar edilib, həmçinin narkotik vasitə ilə yanaşı narkotik vasitənin aşkar edildiyi torbada elektron tərəzi də aşkar edilmiş, Təqsirləndirilən şəxs ilkin ifadələrində dost-tanışa pay narkotik verəndə çəkib vermək üçün tərəzini saxladığını qeyd etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs ona istinad edilən cinayəti törətməsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla yanaşı, cinayət işinə əlavə edilmiş “şəxsi axtarış və götürmə aparılması barədə” protokolla, həmin protokola əlavə edilmiş foto şəkillərlə və həmçinin də şəxsi axtarış və götürmə aparılarkən video çəkiliş aparılaraq cinayət işinə əlavə edilmiş “CD” diskə baxış keçirilərkən də öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 232.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi barədə ifadəsi, onun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə müəyyən olunmuş cinayəti törətməsi işdə olan təkzibolunmaz sübutların məcmusu ilə təsdiq olunduğuna görə, özünümüdafiə məqsədilə verilmiş sayılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının orta həddində cəza təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2022-ci ildə saat 01:05-də şübhəli şəxs qismində tutulmuş, 11 sentyabr 2022-ci il tarixdə Saatlı rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin Məhkəmənin 06 dekabr tarixli qərarı ilə həbsdə saxlanılma müddəti 1 ay müddətə, 10 yanvar 2023-cü il tarixədək uzadılmışdır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Odur ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 137.60 qram qalan narkotik vasitə qurudulmuş və qurudulmamış marixuana, 1 ədəd elektron tərəzi məhv edilməlidir. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 10 sentyabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 137.60 qram qalan narkotik vasitə qurudulmuş və qurudulmamış marixuana, 1 ədəd elektron tərəzi məhv edilsin. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-4/2023
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-4/2023
15.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver