Məhkəmə qərarları › İş №1(055)-4/2024

Saatlı Rayon Məhkəməsi Qərar — İş №1(055)-4/2024

12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 1(055)-4/2024 12.06.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, işsiz, Bakı şəhəri, 8 mkr, Azadlıq pr, 28/188, 68-də qeydiyyatda olmaqla Abşeron rayonunun Fatmayı kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, 23 iyul 2023-cü il tarixdə saat 23:30 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin və 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanının) tələblərinə riayət etməyərək Azrbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmə hüququna malik sürücülük vəsiqəsi olmadan 90 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində 99 km/saat sürətlə etibarnamə ilə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Corolla” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Hacıqabul-Horadiz yolunun Saatlı rayonunun Əlisoltanlı kəndinin ərazisindən keçən 64-cü kilometrliyində Hacıqabul istiqamətində hərəkət etdirərkən həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, sürücü kimi yol hərəkətinin iştirakçısı olmaqla hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda təhlükəsizlik tədbirlərini vaxtında yerinə yetirməyərək yolun sol tərəfindən sağ tərəfinə keçən velosipedçi 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ hissəsi ilə vurmuş, nəticədə onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağ qamış və incik sümüklərinin orta 1/3-nin qapalı yerdəyişmiş sınıqları xəsarətləri almaqla sağlamlığın uzun müddətə pozulmasına səbəb olan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Abşeron rayonu Fatmayı kəndində yaşayır və taksi fəaliyyəti ilə məşğul olur. “Toyota Corolla” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili X1 məxsus olmuş və həmin avtomobili etibarnamə əsasında idarə etmişdir. 23 iyul 2023-cü il tarixdə axşam vaxtı həmin avtomobillə tanışı Şahid ilə Beyləqan rayonundan Bakı şəhərinə qayıdan vaxt Hacıqabul-Horadiz yoluna daxil olub Bakı şəhərinə doğru hərəkət edərkən saat 23 radələrində Hacıqabul-Horadiz yolunun Saatlı rayonunun Əlisoltanlı kəndindən keçən hissəsinə çatmışdır. Hərəkət zamanı eyni istiqamətdə hərəkət edən yük avtomobilini 85-90 km/saat sürətlə ötüb keçmiş və öz yoluna qayıdanda velosipedçi Zərərçəkmiş şəxs yolu soldan-sağa doğru çəpinə keçdiyini görmüşdür. Dərhal siqnal verərək tormoz etmiş və velosipedçini vurmamaq üçün sükanı sağa çəkmiş, bu zaman Zərərçəkmiş şəxs onun idarə etdiyi avtomobili görüb özünü itirərək dayanmış, o da avtomobilin sağ qabaq hissəsi ilə Vüsalı vurmuşdur. Dərhal dayanmış və Zərərçəkmiş şəxs xəsarət aldığı üçün sonuncunu xəstəxanaya aparmışdır. Daha sonra isə polis əməkdaşları hadisə yerinə gəlmiş və baxış keçirilmişdir. Həmin vaxt avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, velosipedin isə işıqlandırma sistemi olmamışdır. Əlavə olaraq bildirir ki, nəqliyyat vasitəsini idarə etmək hüququnun 6 ay müddətinə məhdudlaşdırılmasından məlumatı olmamışdır. Belə ki, Abşeron Rayon Məhkəməsinin məhkəmə bildirişləri ona çatmadığından məhkəmə iclasında iştirak etməmiş, həmçinin həmin Məhkəmənin xx.xx.2021-ci il tarixli, 3(012)-802/2021 və xx.xx.2021-ci il tarixli, 3(012)-1138/2021 saylı qərarları ona təqdim edilməmişdir. Əgər o, nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılmasından məlumatlı olsaydı, avtomobil idarə etməzdi. Bu barədə ilk dəfə avtoqəza hadisəsi baş verdikdən sonra məlumatlı olmuşdur. Bundan əlavə, 23 iyul 2023-cü il tarixədək olan dövrdə dəfələrlə barəsində yol hərəkəti qaydaları əleyhinə inzibati xətalar törətməsi ilə əlaqədar həm elektron qaydada, həm də yollarda xidmət aparan yol patrul xidməti əməkdaşları tərəfindən inzibati xəta haqqında protokol tərtib olunsa da, ona nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması barədə məlumat verilməmiş, həmçinin barəsində sürücülük hüququ olmadan avtomobil idarə edilməsi barədə inzibati xəta haqqında protokol tərtib edilməmişdir. Təqsirləndirilən şəxs ərizə təqdim edərək özünü Azərbaycan Respublikası CM-nin 263.1ci maddə ilə təqsirli bildiyini, barəsində olan cinayət təqibinə bəraətverici əsas olamadan xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Saatlı rayonu Əlisoltanlı kəndində yaşayır. 23 iyul 2023-cü il tarixdə, təxminən saat 23 radələrində özünə məxsus velosipedlə Hacıqabul- Horadiz yolunun Saatlı rayonunun Əlisoltanlı kəndindən keçən hissəsi ilə çayxanadan evə qayıdan zaman yolu keçmək istəmişdir. Çayxanada olan vaxt pivə içdiyindən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olsa da, özünü idarə edə bilmək imkanını itirməmişdir. Yolun sağ kənarı ilə üzü Horadiz istiqamətinə bir qədər yol gedəndən sonra yolun boş olduğunu və eləcə də uzaq məsafədən avtomobil gəldiyini görüb adi sürüşlə yolu çəpinə keçib qurtarmağına az qalmış Təqsirləndirilən şəxs “Toyota Corolla” markalı avtomobilin sağ qabaq hissəsi ilə onu vurmuş, zərbənin təsirindən yerə yıxılmış və nəticədə xəsarət almışdır. Zərərçəkmiş şəxs ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını və təqsirləndirilən şəxsdən şikayətçi olmadığını göstərmişdir. Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşusudur. Təqsirləndirilən şəxs 23 iyul 2023-cü il tarixdə idarə etdiyi “Toyota Corolla” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə onu sifarişi əsasında Beyləqan rayonuna aparmış, həmin gün axşam axşam saatlarında Beyləqan rayonundan Bakı şəhərinə qayıdan zaman o, avtomobilin sağ qabaq sərnişin oturacağında əyləşmişdir.Hacıqabul-Horadiz yoluna daxil olub Bakı şəhərinə doğru hərəkət edərkən saat 23 radələrində Hacıqabul-Horadiz yolunun Saatlı rayonunun Əlisoltanlı kəndindən keçən hissəsinə çatmışlar. Bakı istiqamətində hərəkətdə olduqları zaman təxminən 30 metr məsafədən velosipedçi Zərərçəkmiş şəxs yolu soldan-sağa doğru keçdiyini görmüşlər. Təqsirləndirilən şəxs dərhal siqnal verərək tormoz etmiş və velosipedçini vurmamaq üçün sükanı sağa çəkmişdir. Bu zaman Zərərçəkmiş şəxs avtomobili görüb özünü itirərək dayanmış, nəticədə Ruslan avtomobilin sağ qabaq hissəsi ilə Vüsalı vurmuşdur. Dərhal dayanmışlar və Zərərçəkmiş şəxs xəsarət aldığı üçün sonuncunu xəstəxanaya aparmışlar. Daha sonra isə polis əməkdaşları hadisə yerinə gəlmiş və baxış keçirilmişdir. İşdə olan 24 iyul 2023-cü il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Hacıqabul-Horadiz yolunun Saatlı rayonunun Əlisoltanlı kəndinin ərazisindən keçən 64-cü kilometrliyində baş vermişdir. İşdə olan “sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 24 iyul 2023-ci il tarixli 125 saylı aktdan görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən an nəqliyyat vasitəsini idarə edərkən ayıq vəziyyətdə olmuşdur. İşdə olan “sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 24 iyul 2023-ci il tarixli 127 saylı aktdan görünür ki, Zərərçəkmiş şəxs hadisə baş verən an orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İşdə olan AC 093958 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2019-cu il tarixdə (xx.xx.2029-cu il tarixədək etibarlı olan) “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixdə verilmiş BA seriyalı 219832 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Toyota Corolla” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili X1 məxsusdur. İşdə olan xx.xx.2022-ci il tarixdə verilmiş nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, X3 “Toyota Corolla” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini xx.xx.2029-cu il tarixədək Təqsirləndirilən şəxs istifadə üçün vermişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının 28 avqust 2023-cü il tarixli, 287 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı aşkar edilmiş sağ qamış və incik sümüklərinin orta 1/3-nin qapalı yerdəyişmiş sınıqları küt əşyanın təsirindən əmələ gəlmişdir. Əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğundur.Dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 15 avqust 2023-cü il tarixli 8/2247 nömrəli rəyindən görünür ki, “Toyota Corolla” markalı, 77-CF121 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 90 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 99 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması”) qadağan nişanı tələblərinə uyğunsuzluq olmuşdur. İşdə olan təkrar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 05 aprel 2024-cü il tarixli 8/725 nömrəli rəyindən görünür ki, “Toyota Corolla” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi ilə velosipedçini sağ yan hissəsindən vurması hadisə mexanizmi ilə ziddiyyət təşkil etmir. Mövcud metodikanın tələblərinə əsasən velosiped yolnəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və velosipedçinin hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən onun hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətlərinə aid deyildir.Velosipedçinin hərəkət sürətinin cədvəllə müəyyən olunması üçün metodika mövcud olmadığından onun hərəkət surətinin cədvəldən götürülməsi mümkün deyildir. “Toyota Corolla” markalı, 77-CF121 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 90 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 99 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması”) qadağan nişanı tələblərinə uyğunsuzluq olmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN-in xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin komputer uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə (xx.xx.2029-cu il tarixədək etibarlı olan) AC 093958 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilib, lakin onun nəqliyyat vasitələrini idarə etmək hüququ xx.xx.2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixədək müddətinə məhdudlaşdırılsa da, sürücülük vəsiqəsi qərara əlavə edilməyib. Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin itirilməsi barədə ərizə vermədiyinə, eləcə də sürücülük vəsiqəsini aidiyyəti üzrə təqdim etmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 153.3-cü maddəsinin tələblərinə əsasən onun sürücülük hüququnun məhdudlaşdırılması müddətinin axımı dayanmış və müddətin axımı həmin sürücülük vəsiqəsi ondan alındıqdan sonra başlayacaq. İşdə olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(012)-802/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 06 ay müddətinə məhdudlaşdırılmışdır. İşdə olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(012)-1138/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 06 ay müddətinə məhdudlaşdırılmışdır. İşdə olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(012)-1138/2021 saylı məktubundan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(012)- 1138/2021 saylı qərarı sifarişli məktubla göndərildiyindən məktubun Təqsirləndirilən şəxs çatdırılıb-çatdırılmamasına dair xəbərnamə iş materiallarında yoxdur. İşdə olan Saatlı RPŞ-nin 05 iyun 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2021-ci il tarixdən 24 iyul 2023-cü il tarixədək nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati tənbeh tətbiq olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl Cinayət Məcəlləsinin 263-1.1ci maddəsilə düzgün tövsif edilməmişdir. Onun törətdiyi əməl Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilməli olduğuna dair mövqeyini məhkəmə aşağıdakılarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Bu cinayətin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Əlavə obyekt qismində insanın həyat və sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər çıxış edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası CM-nin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair 24 sentyabr 2014-cü il tarixli Qərarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Keçmiş SSRİ nümunəli müddətsiz sürücülük vəsiqəsinə malik olan şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin V hissəsinin müvafiq tələblərinə əməl etmədikdə, həmin Qanunun 33-cü maddəsinin V hissəsinə əsasən hüququ məhdudlaşdırılmış şəxs kimi nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 15 noyabr 2013-cü il tarixli Qərarının 4-cü bəndinə görə CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. İzah edilsin ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs dedikdə, həmin hüququ ümumiyyətlə əldə etməmiş və ya ondan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhrum olunmuş, habelə bu hüququ müvəqqəti məhdudlaşdırılmış şəxslərlə yanaşı, həm də müvafiq kateqoriyaya aid olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxslər başa düşülür (məsələn, yalnız “B” kateqoriyasına aid olan avtomaşınları idarə etmək hüququna malik olub avtobusları idarə edən şəxslər). Cinayət işi materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 30 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsindən həmin Məcəllənin 263-1.1-ci maddəsinə tövsif edərkən təqsirləndirilən şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnun Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(012)-1138/2021 saylı qərarına əsasən 06 ay müddətinə məhdudlaşdırılmasına əsaslanmışdır.Təqsirləndirilən şəxs isə məhkəmə istintaqı zamanı verdiyi ifadəsində nəqliyyat vasitələrini idarə etmək hüququnun Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(012)-1138/2021 saylı qərarı ilə məhdudlaşdırılmasından məlumatının olmadığını və belə olan halda onun CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinməsinin qanunsuz olduğunu göstərmişdir. Odur ki, məhkəmə təqsirləndirilən şəxsin qeyd olunan dəlilinə hüquqi qiymət verilməsi üçün, ilk növbədə, İXM-nin məhkəmə sənədlərinin çatdırılması qaydalarını tənzimləyən normalarına və “Poçt haqqında” Qanunun müddəalarına nəzər yetirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. “Poçt haqqında” Qanunun 1.0.10-cu maddəsinə görə sifarişli poçt göndərişi göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. İXM-nin 57.2-57.4-cü maddələrinə görə sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Sənədi çatdırmalı olan rabitə orqanı, yaxud sənədin çatdırılması tapşırılmış şəxs bu işi sənədi aldığı tarixdən sonrakı gündən gec olmayaraq yerinə yetirməli və sənədi çatdırdığı barədə bir gün müddətində müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verməlidir. Həmin Məcəllənin 57.5-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: 57.5.1. bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: 57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs barəsində olan və istintaq orqanının irəli sürdüyü ittihamın verilməsinə səbəb olmuş İXM-nin 529.3-cü maddəsi ilə Abşeron Rayon Məhkəməsində işə baxılmasında iştirak etməmiş, eyni zamanda inzibati xəta haqqında iş materiallarında həm işə baxılmanın vaxtı və yeri barədə məhkəmə bildirişlərinin, həm də Məhkəmənin xx.xx.2021-ci il tarixli, 3(012)-802/2021 və xx.xx.2021-ci il tarixli, 3(012)- 1138/2021 saylı qərarlarının Təqsirləndirilən şəxs təqdim edilməsi barədə təsdiqedici sübutlar aşkar edilməmişdir. Təqsirləndirilən şəxs özü də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Abşeron Rayon Məhkəməsində onun barəsində İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında işə baaxılmasından məlumatlı olmadığını, bu səbəbdən də məhkəmə iclaslarında iştirak etmədiyini, həmçinin nəqliyyat vasitələrini idarə etmək hüququnun 6 ay müdddətinə məhdudlaşdırılması barədə məhkəmə qərarını almadığını, bu barədə yalnız yol-nəqliyyat hadisəsi baş verdikdən sonra xəbər tutduğunu, 23 iyul 2023-cü il tarixədək olan dövrdə dəfələrlə barəsində yol hərəkəti qaydaları əleyhinə inzibati xətalar törətməsi ilə əlaqədar həm elektron qaydada, həm də yollarda xidmət aparan yol patrul xidməti əməkdaşları tərəfindən inzibati xəta haqqında protokol tərtib olunsa da, ona nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması barədə məlumat verilmədiyini, həmçinin barəsində sürücülük hüququ olmadan avtomobil idarə edilməsinə görə inzibati xəta haqqında protokol tərtib olunmadığını göstərmişdir. Sonuncu hal Saatlı RPŞ-nin 05 iyun 2024-cü il tarixli məktubu ilə bir daha təsdiq olunmuşdur. Belə olan halda İXM-nin 57-ci maddəsinin tələbləri baxımından sözügedən məhkəmə bildirişləri və qərarları Təqsirləndirilən şəxs rəsmi qaydada verilmiş hesab oluna bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair 17 mart 2011-ci il tarixli Qərarında qeyd olunur ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CPM-nin 139.0.1-ci maddəsində qeyd edilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. (CPM-nin 124.1-ci maddəsi.). Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. (CPM-nin 125.1-ci maddəsi). CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Cinayət-prosessual qanunvericiliyinin yuxarıda qeyd olunan normalarının tələblərindən görünür ki, cinayət prosesini həyata keçirən orqan hər hansı hadisənin baş verməsini mötəbər şəkildə sübut etməlidir, o cümlədən hadisənin baş verməsinin vaxtı, yeri, şəraiti, təqsirin forması, hadisənin baş verməsinin səbəbləri, motivi, niyyəti və sair əhəmiyyətli hallar mötəbər sübutlarla təsdiq edilməlidir. Bu məqsədlə sübutlar əldə olunmalı, yoxlanılmalı, müqayisəli şəkildə tədqiq edilməli və obyektiv şəkildə qiymətləndirilməlidir. Məhkəmə diqqətə çatdırır ki, CM-nin 263-1.1-ci maddəsi ilə cinayət tərkibi o zaman yaranır ki, şəxs nəqliyyat vasitələrini idarə etmək hüququnun olmadığını bildiyi halda yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan əməllər törədir. Lakin məhkəmə istintaqı zamanı müəyyən edilir ki, istintaq orqanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini CM-nin 263-1.1-ci maddəsi ilə tövsif edərkən məsələyə formal yanaşaraq təqsirləndirilən şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnun xx.xx.2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsi tərəfindən məhdudlaşdırılmasını əsas götürmüşdür. İstintaq orqanı bu qənaətə gələrkən Təqsirləndirilən şəxs barəsində Abşeron Rayon Məhkəməsində İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında işə baxılmasından sonuncunun məlumatlı olmadığını, bu səbəbdən məhkəmə iclaslarında iştirak etmədiyini, həmçinin təqsirləndirilən şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnun 6 ay müdddətinə məhdudlaşdırılması barədə məhkəmə qərarını almadığını, bu barədə yalnız yol-nəqliyyat hadisəsi baş verdikdən sonra məlumatlı olduğunu, 23 iyul 2023-cü il tarixədək olan dövrdə dəfələrlə barəsində yol hərəkəti qaydaları əleyhinə inzibati xətalar törətməsi ilə əlaqədar həm elektron qaydada, həm də yollarda xidmət aparan yol patrul xidməti əməkdaşları tərəfindən inzibati xəta haqqında protokol tərtib olunsa da, ona nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması barədə məlumat verilmədiyini, həmçinin barəsində sürücülük hüququ olmadan avtomobil idarə edilməsinə görə inzibati xəta haqqında protokol tərtib olunmadığını nəzərə almamışdır. Halbuki bu hallar təqsirləndirilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasından məlumatının olmaması barədə dəlillərinin mötəbərliliyinə və belə olan halda onun CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinməməsinə dəlalət edən hallardır. CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq olunan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin deyil, 263.1-ci maddəsinin tərkibi vardır və Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməlidir. Lakin hazırda təqsirləndirilən şəxsin CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmış, ona vurulmuş zərəri tamamilə ödəmişdir və bu barədə zərərçəkmiş şəxs ərizə vermişdir.Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri xitam olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut olan “Toyota Corolla” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibində saxlanılması nəzərə alınmalıdır. İş materiallarından görünür ki, ekspertiza tədqiqatının dəyəri 170 manat təşkil edir. Odur ki, həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 344-347, 356 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsindən həmin Məcəllənin 263.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan “Toyota Corolla” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibində saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 170(bir yüz yetmiş) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Təqsirləndirilən şəxs əməlində inzibati xəta olub-olmaması məsələsinin araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar