Məhkəmə qərarları › İş №1(055)-41/2024

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-41/2024

17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-41/2024 17.07.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə Saat: 16:00 xx xxxxx 1991-ci ildə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Saatlı şəhəri, Q.Qarayev küçəsi, ev 8, mənzil 5-də qeydiyyatda olmaqla olmaqla yaşayan, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, 05 mart 2024-cü il tarixdə saat 20:30 radələrində Saatlı şəhəri, Q.Qarayev küçəsində bayram tonqalının yanına gəlib Saatlı şəhəri, H.Əliyev prospekti ev 45, mənzil 3-də yaşayan Zərərçəkmiş şəxs salam verdikdə sonuncunun ona salam verməməsi və kobud cavab verməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı yerdən götürdüyü, istintaqa məlum olmayan dəmir parçası ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə qəsdən beş dəfə vuraraq ona başın təpə və sol gicgah nahiyələrində cəmi beş ədəd yara, sol qulağın xarici seyvanının hematomasından ibarət dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, yəni sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Saatlı şəhəri, Q.Qarayev küçəsi ev 8, mənzil 5-də ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onunla qonşu olduğundan uzun müddətdir ki, tanıyır, düşmənçilik və ədavəti olmamışdır. O, 2-ci Qarabağ müharibəsi iştirakçısıdır, “Vətən müharibəsi iştirakçısı”, “Qubadlının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Zərərçəkmiş şəxs xalası Xanım barəsində nalayiq ifadələr səsləndirdiyinə görə qardaşı Zamirlə təsadüfən Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən parkda qarşılaşarkən öz iradını bildirmişdir. 05 mart 2024-cü il tarixdə saat 20 radələrində çərşənbə bayramı ilə əlaqədar yaşadığı binanın həyətində tonqal yandırmış və bir müddət sonra orada yaşayan Rəşad da onun yanına gəlmişdir. Tonqalın ətrafına binada yaşayan başqa şəxslər də toplaşmış və bir-birilərinin bayramını təbrik etmişlər. Rəşad ona siqaret almaq istədiyini bildirdiyindən birlikdə mağazaya gedib özünə siqaret almışdır. Rəşadla birlikdə yenidən binanın həyətindəki tonqalın yanına qayıtmış və orada Zərərçəkmiş şəxs görmüşdür. Zamin onunla qonşuluqda yaşadığından Rəşadla birlikdə yaxınlaşaraq salam vermişlər. O, Zaminə salam verərkən Zamin salamını almayaraq nalayiq ifadələrlə cavab vermişdir. O, Zaminlə danışaraq bu barədə söhbət etmək istəyərkən bir-biriləri ilə sözlə mübahisə etməyə başlamışlar. Zamin ona tərəf yaxınlaşmaq istəyərkən Rəşad qarşısına keçərək kənarlaşdırıb yaşadığı evə getməsini və münaqişə yaratmamasını demişdir. Zamin bir qədər kənarlaşdıqdan sonra fikrini dəyişərək yenidən ona tərəf gəlmiş və bir-birinin yaxalarından tutmuşlar. Zamin mübahisə zamanı onu tutub yerə yıxmış və yerdə dalaşmağa başlamışlar. Yerdə olan zaman əlinə keçən dəmir parçası ilə bir neçə dəfə Zaminin baş nahiyyəsinə vurmuşdur. Rəşad müdaxilə edərək onları ayırmışdır. O da Zamini vurduğu dəmir parçasını ora tullamış və Saatlı şəhərinin mərkəzinə tərəf getmişdir. Hazırda zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Əməlindən peşmandır.Sonda məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Saatlı şəhəri, H.Əliyev prospekti ev 45, mənzil 3-də ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onunla qonşu olduqlarından uzun müddətdir ki, tanıyır, düşmənçilik və ədavəti olmamışdır. Təxminən 7-8 ay əvvəl Elmirin xalası Xanımla pul üstündə mübahisəsi yaranmışdır. Həmin vaxt Elmir Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən Heydər parkında qardaşı Zamirin qarşısını kəsərək mübahisə etmişdir. Həmin vaxtdan onun Elmirlə münasibəti soyumuş və bir daha Elmirlə görüşüb söhbət etməmişdir. 05 mart 2024-cü il tarixdə saat 20 radələrində çərşənbə bayramı ilə əlaqədar yaşadığı binanın həyətində tonqal yandığını və ətrafında başqa şəxslərin olduğunu görərək ora getmişdir. Tonqalın ətrafında bir qədər dayandıqdan sonra Elmir Rəşadla birlikdə ora gəlmişdir. O, tonqalın ətrafında olarkən Rəşadla Elmir yaxınlaşaraq salam vermişlər. Elmir ona salam verərkən o, Elmirin salamını almayaraq xalası Xanımla olan mübahisəsinə qarışdığından görüşmək istəmədiyini və çıxıb getməsini istəmişdir. Elmir də ondan nə üçün salam verməməsinin səbəbini soruşmuşdur. O da Elmirə acıqlı olduğunu və bu səbəbdən onunla görüşmək istəmədiyini demişdir. Elmir onunla danışaraq bu barədə söhbət etmək istəyərkən bir-biriləri ilə sözlə mübahisə etməyə başlamışlar. Elmir ona tərəf yaxınlaşmaq istəyərkən yaşadığı evə getməsini və münaqişə yaratmamasını demişdir. Elmir yenidən ona tərəf yaxınlaşmış və bir-birilərinin yaxalarından tutmuşlar. Daha sonra Elmir əlindəki dəmir parçası ilə bir neçə dəfə onun başına vurmağa başlamış və başından qan axmağa başlamışdır. O da oradan çıxıb Saatlı rayon polis şöbəsinə gedərək bu barədə ərizə vermişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış və ondan şikayətçi deyildir. Odur ki, bu halın nəzərə alınmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də, Şahid ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan hadisə yerinə baxış keçirilməsi haqqında 06 mart 2024-cü il tarixli protokoldan görünür ki, hadisə Saatlı şəhəri, Q.Qarayev küçəsində yerləşən binaların həyətində baş vermişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının 07 mart 2024-cü il tarixli 43 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər başın təpə və sol gicgah nahiyələrində cəmi beş ədəd yara, sol qulağın xarici seyvanının hematoması küt alətin/alətlərin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən və Saatlı RPŞnin 26 oktyabr 2018-ci il tarixli, ********* saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Saatlı RPŞ-də CM-nin 128-ci maddəsi ilə toplanmış ********* saylı sadələşdirilmiş icraat materialına CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan Azərbaycan Respublikası medalının vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı”, “Qubadlının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini yuxarıda şərh olunan qaydada törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 128-ci maddəsi ilə Saatlı RPŞ-də olan məhkəməyədək sadələşdirilmiş icraat materialına 26 oktyabr 2018-ci il tarixli qərarla CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir. Odur ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etsə də, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, barəsində CM-nin 62 və ya 70-ci maddələrinin tətbiqi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Vətən müharibəsi iştirakçısı olmaqla medallarla təltif olunmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində ictimai işlər cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.2-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək gündə dörd saatdan çox olmamaqla iki yüz qırx saat müddətə ictimai işlər cəzasına məhkum edilsin Təqsirləndirilən şəxs üzərinə üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı çəkməyə başladığı vaxtdan hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsiə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar